Azərbaycanda son 57 ilin ən güclü daşqınları...

Çoxillik statistik məlumatlara görə, Azərbaycanda son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb. Sozcu.az xəbər verir ki, bunu açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. O bildirib ki, son zamanlar hava şəraiti ilə bağlı narahatedici xəbərlər əhalidə suallar yaradır, səbəblər müzakirə olunur “İqlim sistemini hərəkətə gətirən müxtəlif amillər arasında El-Nunyo və La-Ninya hadisələrinin xüsusi rolu mövcuddur. Baş verən təbii proseslər iqlim dəyişmələri fonunda keçir, buna görə də qlobal temperatur artdıqca yağıntıların fəsillik rejiminə təsir göstərir, hava şəraitinin ekstremallığı artır. Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına istinadən deyə bilərik ki, təbiət hadisəsi olan El-Ninyo bu yay geri dönməyə hazırlaşır. Bu, ekvatorial Sakit okeanda okean səthinin temperaturunun, onun üzərindəki atmosfer sirkulyasiyasının dəyişməsi ilə əlaqələndirilir ki, bu da dünyanın bir sıra regionlarında hava və iqlim rejimlərinə əhəmiyyətli təsir göstərir. Bu hadisə Cənubi Amerika sahillərindən Avstraliyaya qədər Sakit Okeanın tropik hissəsində yerüstü su qatının temperaturunun qısamüddətli artması deməkdir. Bu ilin iyun ayını Azərbaycanda dəyişən iqlimlə bağlı fəsadların artması modeli kimi qiymətləndirmək olar. Bunun üçün əsas var. Çoxillik statistik məlumatlara görə, son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb. Belə ki, bu il artıq 45 sel hadisəsi baş verib, bu da keçən ilin rekordunu üstələyib (2022-ci ildə 43 hadisə müşahidə olunub). Son 10 ildə isə iyun ayında orta hesabda 3-9 arası del-daşqın hadisəsi qeydə alınırdısa, keçən il 18, bu ilin iyun ayının 15 günü ərzində 26 belə hadisə olub”. Nazir müavini bildirib ki, bu cür mənzərə həm də qonşu ölkələrdə, o cümlədən, Türkiyədə, Rusiyanın cənubunda müşahidə olunur: “Ərazimizdən keçən soyuq atmosfer cəbhələri kəskinləşərək yağıntıların qeyri-bərabər paylanması ilə müşayiət olunur, hətta Qax rayonunda olduğu kimi, bir gündə aylıq normanın 120%-i qədər yağıntı düşür. Ümumilikdə isə yarım ay ərzində Böyük Qafqazın bəzi ərazilərində qeydə alınan yağıntının miqdarı aylıq norma göstəricilərini 2,4 dəfə aşıb. Daşkəsən-Gədəbəy zonasında 110 mm miqdarında olub. Hətta Mərkəzi Aran zonasında Sabirabadda aylıq normanın 122%-i, Tərtərdə 65%-i, Yevlaxda isə 75%-i müşahidə edilib. Dolu prosesi bu ilin iyun ayında keçən illə müqayisədə daha çox təkrarlanmış, belə ki, 01-15 iyun tarixlərində 31 dəfə dolu hadisəsi qeydə alınıb, ötən il isə 18 belə hadisə olub. Qəbələ və Yardımlıda dolu dənələrinin diametri 25-30 mm qeydə alınıb. Burada qeyd etmək istərdim ki, gözlənilən əlverişsiz hava şəraiti haqqında xəbərdarlıqlar qabaqcadan müvafiq plan-sxemlər əsasında təqdim edilir, "meteo.az" saytında hava şəraiti ilə bağlı proqnoz və xəbərdarlıqlar daim yenilənir". Təhlükəli atmosfer hadisələrinin artmasını biz gündəlik həyatımızda son zamanlar daha çox hiss edirik. U.Tağıyeva deyib ki, iqlim dəyişikliyi artıq Yer kürəsinin hər bir bölgəsinə təsir edir: “Ekstremal hava, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə təsir göstərir”. Onun sözlərinə görə, ölkədə hidrometeoroloji xidmətin potensialının artırılmasına, müasir yanaşmaların tətbiqinə xüsusi önəm verilir, dövlət investisiya layihələri çərçivəsində yeni texnoloji həllər tətbiq olunur. Bütün bunlar iqlim dəyişmələri fəsadlarına uyğunlaşma strategiyasının əsaslarını təşkil edir.

Azərbaycan Ordusu Zəngilan istiqamətində adsız yüksəkliklərə nəzarəti ələ keçirdi xəbəri çıxsa, təəccüblənməyin…

Dünən sərhəd-buraxılış məntəqəsində və Zəngilan istiqamətində gərginliyin olmasından hər kəs xəbərdardır. Gələk məsələnin təfərrüatına. Dünən Azərbaycan sərhədçiləri Laçındakı sərhəd-buraxılış məntəqəsində, daha dəqiq körpünün girişində Dövlət bayrağını qaldırarkən erməni snayperi atəş açıb və Sərhəd Qoşunlarının giziri yaralanıb. Erməni mediası hadisəni Azərbaycanın Ermənistan ərazisinə müdaxilısi kimi təqdim edir və Rusiya sülhməramlılarını qınayırdı. Yeri gəlmişkən, Azərbaycanda bir çoxları da erməni mediasının təsiri altına düşmüşdü və səbəb axtarışında idi. Dünən hadisənin baş vermə səbəbini açıqladım, ardınca erməni mediası da real səbəb barədə informasiya yaymağa başladı. Çünki bunu gizlətmək mümkün deyildi. Azərbaycan bayrağı həmin yerdə dünən ucaldılmırdı, yenisi ilə əvəz olunurdu. Bayrağımız sərhəd-buraxılış məntəqəsi açılandan orada olub. Hadisədən bir gün əvvəl erməni snayperləri Azərbaycan bayrağını və bayrağın ucaldıldığı dirəyi hədəf almışdılar. Videokadrlardan da görünürdü ki, Azərbaycan sərhədçiləri bayrağı yox, bayraq dirəyini də dəyişirlər. Çünki həmin dirək artıq bir gün əvvəldən vurulmuşdu. Hadisə baş verən gün Azərbaycan sərhədçiləri Rusiya sülhməramlılarının müşayəti ilə bayraq dirəyini yeniləmək və bayrağımızı yenidən ucaltmaq üçün orada idilər. Erməni snayperi bayrağı yenidən bərpa etmək istəyən Azərbaycan sərhədçisinə atəş açır və nəticədə gizir yaralanır. Yaralı gizir xəstəxanaya yerləşdirilib və onun vəziyyəti qənaətbəxşdir. Hadisədən dərhal sonra Rusiya sülhməramlılarının komandanı Lentsov da hadisə yerinə gəlib. Gərginliyin pik həddə çatmasının qarşısını alıb. Bu təxribat niyə baş verdi? Qarabağdakı ermənilər Rusiya sülhməramlılarının müşayəti ilə Ermənistana gedib-gələ bilirlər. Sərhəd-buraxılış məntəqəsində onlara heç bir maneçilik törədilmir. Azərbaycan sərhədçiləri hətta ermənilərə təklif edir ki, sülhməramlıların müşayətinə ehtiyac yoxdur, özünüz də sərbəst şəkildə gəlib-gedə bilərsiniz. Kimin nə deməsindən aslı olmayaraq təmas artıq başlayıb. Onların sərbəst şəkildə gəlib-getməsi həm Ermənistanı, həm də Rusiyanı narahat etməyə bilməzdi. Çünki istər-stəməz təmaslar yaranır, problem yaşamayanlar digərlərinə də bu barədə informasiya ötürür. Beləcə bu hal kütləviləşə bilərdi. Bu vəziyyət separatçı rejimi də narahat etməyə bilməzdi. Sərhəd-buraxılış məntəqəsi artıq problemin bitməsini istəməyənlərin baş arısına çevrilib. Dünən erməni mediası bütün dünyaya car çəkməyə başladı ki, Azərbaycan tərəfi sərhəd-buraxılış məntəqəsini bağlayıb, gediş-gəlişi dayandırıb. Bəli, məhz belə də olub. Başqa necə olar bilərdi ki? Güllə atılan yerdə, təhlükəsizliklə bağlı problem yaşanan ərazidə hər şey normal şəkildə gedə bilər? Təsəvvür edin, Qarabağda yaşayan ermənilər sərhəddən keçmək istəyərkən yenidən insident yaşanır, ya zəlzələdən, ya da vəlvələdən birinin başına bir iş gəlir, ona cavabdeh kim olacaqdı? Laçında Azərbaycan hərbçisi yaralanandan dərhal sonra Zəngilan istiqamətində tərəflər arasında ciddi qarşıdurma yarandı. Artilleriya qurğuları, dronlardan da istifadə etməklə sözün əsl mənasında döyüş baş verdi. Adətən, kiminsə kimləsə sözü çəpləşəndə deyir, tinə gedək, meşəyə gedək. Zəngilan istiqamətindəki döyüşü də bu səpkidən anlayın. Sərhəd-buraxılış məntəqəsi göz önüdür, orda cavab vermək bir qədər problemli olardı. Beləcə Zəngilan istiqamətində Azərbaycan Ordusu yaralanmış hərbçinin qisasını artıqlaması ilə çıxıb. Azərbaycan mediasında belə informasiya yayıldı ki, ermənilər dronlardan istifadə edir. Bunu yayanlarda da, bunu oxuyanlarda da bir təlaş hiss olunur. Məsələ ondadır ki, Azərbaycan Ordusu qarşı tərəfin üzbəüz təxribat törədən bütün mövqelərini minaatanlar və dornlar vasitəsi ilə sıradan çıxarıb. Döyüş zamanı Ermənistan tərəfinin xeyli sayda mövqeləri, hərbi texinakaları dəqiq zərbələrlə məhv edilib. Yeri gəlmişkən döyüşlərin baş verdiyi istiqamətdə mübahisəli ərazilər mövcuddur. Bir gün Azərbaycan Ordusu Zəngilan istiqamətində adsız yüksəkliklərə nəzarəti ələ keçirdi xəbəri çıxsa, təəccüblənməyin… Səxavət Məmməd

Elman Məmmədyarov öz ampluasında, Ağsunun "Difai"-si və Lənkəran futboluna bitməyən qərəz...

Məlumunuz,bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirildi və bu iclasda  növbəti mövsüm Azərbaycan çempionatlarında iştirak edəcək komandaların sayı və adı məlum olub. Bu iclasa sabiq "xarici nazir işləri", İcraiyyə Komitəsinin üzvü olan Elman Məmmədyarov bilmirəm hardan çıxarıb deyib ki,"Növbəti çempionatda Azərbaycan Premyer -Liqasında 12 komanda iştirak edəcək,"Şamaxı" aşağı liqaya düşməyəcək və "Zaqatala " yüksək diviziona yüksəldiləcək". Amma az sonra məlum olub ki, heç də belə deyil,növbəti çempionatda PL-da 10 komanda çıxış edəcək və "Şamaxı" reqlamentə uyğun olaraq alt liqada mübarizə aparacaq.(Amma deyirəm,bəlkə də elə ilk söhbət belə olube,sonradan qərarı dəyişiblər. Azərbaycandır da,nə desən olar.) Əslində,qəbul edilən qərarları ictimaiyyətə açıqlamaq üçün mətbuat konfransı təşkil edilməməsi ayrı bir dərddir,amma nəysə...  Hə,Komitə iclasında a023-2024-cü illər mövsümündə I Divizionda 10 komanda iştirak edəcək komandalar da məlum olub. Bunların arasında Ağsunun komandası da var. Komandamız "Difai" adı altında çıxış edəcək ,çox əla! Komandamıza uğurlar! 1. “Şamaxı” 2. “Qaradağ Lökbatan” 3. MOİK 4. “Mingəçevir” 5. “Zaqatala” 6. “İrəvan” 7. “İmişli” 8. “Difai Ağsu” 9. “Araz Saatlı” 10. “Karvan” Hə, öz möhtəşəm azarkeşləri, infrastrukturu ilə ölkədə öncüllərdən olan  Lənkəranın nə 1-ci ,nə də yeni təsis edilən 2-ci liqada təmsil olunmaması təəccüblüdür. Məlum, Mübariz Mənsimovun AFFA rəhbərliyi, konkret olaraq prezident Rövnəq Abdullayev ilə münasibətlərinin yaxşı deyil. Amma bunun cəzasını bütünlükdə Lənkəran futbolu ödəməməlidir axı. Cabir Turan Cəfərbəyli

Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurovun büstü ucaldılıb

22 iyun saat 10:00-da Şəmkir rayonu Kür qəsəbəsində yerləşən 1 saylı orta məktəbin qarşısında yeni ucaldılmış şəhid Milli Qəhrəman Isgəndər Aznaurovun büstünün açılış tədbiri keçiriləcəkdir.  İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib. Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir. Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdurBaşkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir. 1993-cü il 18 apreldə Gədəbəydə "Hörükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə — döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Sözcü.az

Kişi gözəllik salonunda işləmək istəyən 47 yaşlı sevgilisini öldürdü - MƏHKƏMƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Atəş Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə bu il yanvarın 26-sı saat 14 radələrində Goranboy rayonunun Baxçakürd kəndi ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Atəş Ələkbərov 2000-ci ildən etibarən rəsmi nikah münasibətinə girmədən, lakin ər-arvad kimi birgə yaşadığı 1976-cı il təvəllüdlü Sevinc Məmmədova ilə idarə etdiyi “LADA-21214” markalı avtomobillə Goranboy rayonunun Baxçakürd kəndinin ərazisindən keçən torpaq yolla Samux şəhəri istiqamətində hərəkətdə olub. Bu zaman Sevinc Məmmədova gözəllik salonunda işləmək istəməsi, yaxud rəsmi nikah münasibətinə girib birlikdə Bakı şəhərinə köçüb orada yaşamaq istəməsi barədə tələblər irəli sürüb. Daha sonra onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Atəş həmin gün evdən çıxarkən yolda alacaqları meyvəni soymaq məqsədilə Sevinc Məmmədovanın evinin mətbəxindən götürüb avtomobilin sürətlər qutusunun yanına qoyduğu mətbəx bıçağı ilə qadının döş qəfəsinin sol yarısının ön səthindən qəsdən bir bıçaq zərbəsi endirib. Sevinc Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. Atəş Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.pravda.az

“Hərbçilərimizin belə problemləri olmamalıdır”

“Bu gün Azərbaycanın sərhəd bölgələrində Ermənistanın işğalçı bölmələri və onları dəstəkləyən Avropa İttifaqı və digər himayədarları tərəfindən Azərbaycanın suveren hüquqları pozulur”. Sozcu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.  Deputat qeyd edib ki, buna baxmayaraq, Azərbaycan hər bir təxribatın qarşısını alır: “Orada mübarizə aparan əsgərlərimizin problemlərini, təhlükəsizliyini burada da düşünməli və həll etməliyik. Hərbçilərimiz pensiya hüququnun artılması məsələsini gündəmə gətirirlər. Onların belə problemləri olmamalıdır, kiçik problem olsa belə həll etməliyik. Prezident maaşları artırır, gündən-günə irəliləyiş üçün addımlar atılır. Amma hələ də hərbçilərimizin problemləri həll olunmur. Müvafiq qurumlar bununla bağlı addımlar atmalıdır”. 

Zəngilanda İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 16-da saat 01:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayı sahilində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 215 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Ermənilər Arazdəyəndə zavod tikməyə davam edir - Video

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq Azərbaycana çox yaxın ərazidə, Arazdəyəndə metallurgiya zavodu inşa edir. Həmçinin bunlarla yanaşı, Ermənistan ordusunun bu mövqedəki hissələri son bir neçə gündə təxribata əl ataraq ordumuzun mövqelərini intensiv atəşə tutublar. Sozcu.az xəbər verir ki, Naxçıvan televiziyası sərhəddən birbaşa bağlantı edib. Qeyd edilib ki, Ermənistan hazırda zavodun tikintisini davam etdirir.

Paşinyan: “Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək”

“Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək”. Sozcu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.

Bəzi çaylardan sel keçib - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı belə olub: Sarıbaşda 120.4 mm (aylıq normanın 67%-i), Şahdağda 55.2 mm (aylıq normanın 116%-i), Qusarda 51 mm (aylıq normanın 107%-i), Şəkidə 38 mm (aylıq normanın 38%-i), Yevlaxda 28 mm (aylıq normanın 57%-i), Tərtər, Bərdədə 27 mm (aylıq normanın 54%-i), Oğuzda 26 mm (aylıq normanın 22%-i), Qəbələdə 21 mm (aylıq normanın 19%-i), Mingəçevirdə 14.2 mm (aylıq normanın 32%-i), Yardımlı 12.4 mm (aylıq normanın 27%-i), Göyçayda 12 mm (aylıq normanın 26%-i), Naftalanda 9 mm, Qrız, Ordubadda 8 mm, Goranboy, Lənkəran, Ağdam, Zərdab, Gədəbəy, Zaqatala, Balakən, Xaltan, Daşkəsən, Tovuz, Gəncə, Sabirabad, Göygöl, Ceyrançöl, Quba, Naxçıvan, Şahbuzda 1-7 mm-dək olub. Bundan başqa, 08:00 radələrində Quba rayonu ərazisindən keçən Qudiyalçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Qax rayonu ərazisindən keçən Kürmükçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan və Qusar rayonu ərazisindən keçən Qusarçaydan qısamüddətli sel keçib.

Qadının atraksiondan yıxılması ilə bağlı cinayət işi açıldı

Abşeronda qadının atraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 8-də rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq tədbirləri davam edir.

Milli Məclisin iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. Sozcu.az xəbər verir ki, Sahibə Qafarovanın sədrli ilə keçirilən iclasın gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 4. “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin 2022-ci il 9 dekabr tarixli 688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi 5. “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanun layihəsi 6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 7. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 8. “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 10. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 11. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 12. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 13. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Sutkada nə qədər çay içməliyik?

Həddindən artıq çay içmək sağlamlığa zərərlidir. Xüsusilə çay təzyiqi, maddələr mübadiləsini, mədə-bağırsaq traktını normallaşdırmağa kömək edir, baş ağrılarını, əzələ ağrılarını azaldır. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, diyetoloq Oksana Dmitrievanın sözlərinə görə, çayı digər içki növləri- kompotlar, meyvə içkiləri, qəhvə və ya adi su ilə əvəz etmək olar. "Gündə içə biləcəyiniz optimal çay miqdarı 4-5 stəkandan çox olmamalıdır. Üstəlik, burada bir prinsip var: nə qədər az, bir o qədər yaxşıdır. Orta dozada (2-3 stəkan) çay sağlamlıq üçün çox faydalıdır. Bu, əsasən güclü antioksidantlar olan taninlərlə bağlıdır. Problemlər 5-ci stəkandan sonra başlayır. Məsələn, taninlərin çoxluğu dəmirin udulmasına çox mane olur. Çayın zərərli təsirlərini neytrallaşdırmaq üçün onu böyük həcmdə içməmək daha yaxşıdır. Əgər siz artıq 3 stəkan içmisinizsə, o zaman su, mineral su və ya kompota keçin. Çayın bədənə başqa bir zərərli təsiri yuxusuzluğun və əsəb həyəcanının artmasıdır. Çay həvəskarları, yeri gəlmişkən, təmkinsiz və aqressiv olurlar. Kofein insanın aqressiyasını artırır".

Pulu evdən çıxmadan qazanır

Türkiyədə ən çox qazanan xanım məşhurlardan olan model Burcu Esmersoy evdən çıxmadan sosial şəbəkə vasitəsi ilə pul qazana bildiyini açıqlayıb. Bir çox markalar ilə müqaviləsi olan model əvvəl çox çalışdığını indi isə sistemin dəyişdiyini bildirib: "Artıq evdən çıxmadan da bu işləri edə bilirəm". Qeyd edək ki, B.Esmersoy sosial şəbəkədə bir paylaşım üçün 200 min lirə məvacib alır.

"Elə düşünürsünüz ki, əbəs yerə yaradılmısız və Allahın hüzuruna qaytarılmayacaqsız?.."

"Sizi dünyaya göndərən, maddi olan vücudunuzun bütün arzularını, ehtiyaclarını təmin edən, ucsuz-bucaqsız kainatda ən kiçik varlığın ən kiçik arzusunu yerinə yetirən Allah (c.c.) sizin “əbədiyyət” kimi ən böyük diləyinizi gözünüzdə qoymayacaq və bir gün əbədi aləmin qapılarını üzünüzə açacaqdır..." Kainatdakı ümumi hikmət... Kainatda hər şeyin hikmətlə əhatə olunduğunu müşahidə edirik. Belə ki, hər şey faydalı olsun deyə və bir qayə üçün yaradılmışdır. Materialistlər məqsəd, səmərə və nəticəni, yəni hikməti inkar edərək Cənabi-Haqqın icraatının məqul (ağlabatan) olmadığını irəli sürürlər. Halbuki O, nəyəsə görə nəyisə eləməyə məcbur deyildir... Quranda da buyrulur: “Aləmlərin Rəbbi Allah istəmədikcə siz bir şey istəyə bilməzsiniz”[1]. Üstəlik, insan Onun dilədiyindən başqa bir şeyi də diləyə bilməz. Çünki O, mütləq hakimdir. Eyni zamanda hər şeyi bir hikmətlə yaratmışdır. İnsan bir anlıq özünə nəzər salsa, vücudunu meydana gətirən ünsürləri ayrı-ayrılıqda gözdən keçirsə, bir sıra hikmət və faydaların təbəssüm etdiyini, bircə atomun da, bircə zərrənin də lüzumsuz və əbəs yerə yaradılmadığını görər... Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir. Bəli, makro aləmdən normo aləmə, oradan da mikro aləmədək bütün kainatda ümumi hikmət və məsləhət (faydalılıq, səmərəlilik) müşahidə edilir. İnsan yaradılış etibarilə bu üç aləmdə ən möhtərəm, ən seçilmiş varlıq olmağa layiqdir. Hələ təkcə maddi və fiziki (vücud) baxımından saysız-hesabsız hikmətlərlə sərəfraz olan insanın üç-beş günlük ömür yaşadıqdan sonra ölümlə yoxluğa məhkum edilməsi, yəni ikinci dirilişdən məhrum olması heç də ağlabatan görünmür... Bəşər övladının maddi ehtiyaclarını belə tam təmin edə bilməyən fani bir dünyanın onun xəyal və əbədiyyət arzusu kimi kainata sığmayan istedad və qabiliyyətlərinə cavab verməsi qeyri-mümkündür. İnsanın heç bir duyğusu boş və əbəs yerə yaradılmamışdır. Demək ki, bu dünyada əbədi həyat arzusuna çata bilməyən insan övladı ona müəyyən bir hikmətlə verilən sonsuzluq duyğularının başqa bir aləmdə gerçəkləşdiyinə şahid olacaq...  “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman etdiniz? Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir”[2]. Yəni; Siz elə zənn edirsiniz ki, əbəs yerə yaradılmısınız və Allahın hüzuruna qaytarılmayacaqsınız? Uca Allah belə ədalətsizlikdən xali və pakdır. Sizi dünyaya göndərən, maddi olan vücudunuzun bütün arzularını, ehtiyaclarını təmin edən, ucsuz-bucaqsız kainatda ən kiçik varlığın ən kiçik arzusunu yerinə yetirən Allah (c.c.) sizin “əbədiyyət” kimi ən böyük diləyinizi gözünüzdə qoymayacaq və bir gün əbədi aləmin qapılarını üzünüzə açacaqdır. Bir gün Nəbilər Nəbisi səadət məskəni olan məscidində oturmuşdu. Bu vaxt məscidə bir dəstə əsir gətirdilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir qadının təşviş içində nəsə axtardığını gördü. Qadın rastına çıxan hər uşağı bağrına basır, qoxulayır, sonra buraxırdı. Nəhayət, öz körpəsini tapdı, sinəsinə sıxdı, öpüb qoxuladı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu mənzərə qarşısında doluxsundu və hıçqıra-hıçqıra ağlayaraq barmağı ilə yanındakılara qadını göstərib: – O qadını görürsünüz? – deyə soruşdu. Səhabələr cavab verdilər: – Bəli, ya Rəsulullah! Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yenə üzünü onlara tutub: – O qadın qucağındakı körpəsini Cəhənnəmə atarmı? – sual verdi. Səhabələr: – Xeyr, ya Rəsulullah! – dedilər. İki Cahan Sərvəri bu hikmət dolu sözləri dedi: – Allah o qadından daha şəfqətlidir, qullarını Cəhənnəmə atmaz[3]. Bu hədislə izah etmək istəyirəm ki, bu qədər şəfqətli olan Allahın ədalət, rəhmaniyyət, rəhimiyyət, şəfqət və mərhəməti qulunu bir daha dirilməmək üzrə yoxluğun qaranlıq qoynuna atmağa imkan verərmi? Bəli, yoxluqla müqayisədə əbədi Cəhənnəm belə, insanın ruhunda Cənnət qədər dəyərlidir. Yoxluq Cəhənnəmdən də betər olub insanın əbədiyyət istəyən ruhuna iztirab çəkdirən dəhşətli bir əzabdır... Dünyadakı maddi nemətlər üçün mizan və ölçü yaradılmışdır. Ancaq ağıl, ruh, hiss, beyin və bunların nəticələri üçün hər hansı bir ölçü qoyulmamışdır. Ağılın səmərəsinə, fikirlərə, düşüncələrə aid ölçü vahidi yoxdur. Ancaq yediyimiz, içdiyimiz qidaların ölçü vahidi və müəyyən qiyməti vardır. Bunlar həm ölkədə və ya xaricdə valyuta məzənnəsinə görə müəyyən bir dəyər ifadə edir. İdxalat və ixracat bu əsasda həyata keçirilir. Kiçik bir torpaq parçasını da qiymətləndirmək mümkündür... Lakin dərin ağılı, güclü müqayisə qabiliyyətini və iti zəkanı qiymətləndirmək üçün əlimizdə bir ölçü vahidi yoxdur. Məsələn, Şekspir və Hüqo kimi böyük şəxsiyyətlər əqli fəaliyyətlərinin səmərəsini bu dünyada görə bilməmişlər. Bu, məsələnin səthi tərəfidir... Digər tərəfdən, məsələyə ciddi planda yanaşıb bir peyğəmbərin fətanətini[4] düşünək. Məsələn, Peyğəmbərimizin ağlının, nəhayətsiz qəlbinin və hislərinin səmərələrini təsəvvür edək. Bir də bütün peyğəmbərlərin qəlbi duyğularını bir yerə toplayaq və nəzərə alaq ki, bunlar üçün heç bir mizan və tərəzi yaradılmamışdır, o zaman bu nəticə hasil olacaq: qəlbə aid bu mənəvi duyğular üçün də bir mizan və tərəzi yaradılacaq. Əgər bu mizan bu fani dünyada yoxdursa, demək, mütləq başqa bir aləmdə olacaq. “Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik”[5]. Ayədən də göründüyü kimi, bu dünyada, insanın lədüniyyatını[6] ölçəcək bir mizan, bir tərəzi yoxdur. İnsan mənən kamilləşdikcə tərəqqi edən bir duyğunun səmərəsini ölçə bilmirik. İnsanın sirr, xafi kimi duyğularının, eyni zamanda ona dünyadan və dünyadakı hər şeydən üz çevirtdirən və onu Allahdan başqa heç kimə və heç nəyə əl açdırmayan bu ülvi hislərin ölçü vahidi yoxdur. Hətta qəlbi bu duyğularla dolub-daşan insanlar belə çox vaxt onların mahiyyətini bilmirlər. Elə isə bütün bu ülvi duyğuları da ölçmək üçün axirət adlanan bir günün olması və gəlməsi bir zərurətdir. Çünki yer üzündə insanın maddi varlığı, orqanları üçün bir ölçü yaradılmışdır. Ancaq onun maddi vücudundan daha parlaq, daha ülvi olan lədüniyyatı üçün heç bir mizan və ölçü gözə dəymir. Bu ölçü dünya həyatında yoxdursa, demək, axirətdə yaradılacaqdır... “And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə pıçıldadığını bilirik, (çünki) Biz ona şah damarından daha yaxınıq”[7]. Yəni: İnsanı Biz yaratdıq, içində nə cür vəsvəsələrin var-gəl etdiyini bilirik. Əks aspektdən: “İnsanı Biz yaratdıq və qəlbində necə ülvi duyğuların olduğunu da bilirik.” (Davamı var) Mənbələr: 1] “İnsan” surəsi, 76/30. [2] “Muminun” surəsi, 23/115,116. [3] Buxari, “Ədəb”, 18. Müslim, “Tövbə”, 22. [4] Fətanət – Peyğəmbərin üstün ağlı. [5] “Ənbiya” surəsi, 21/47. [6] Lədüniyyat – Allahu-Təalanın insanın qəlbinə ilham etdiyi ülvi hislər, feyzlər. [7] “Kaf” surəsi, 50/16. Meneviyyat.az

Balakəndə 21 yaşlı gənc bıçaqlanıb

Balakəndə 21 yaşlı gənc bıçaqlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon sakini, 2002-ci il təvəllüdlü Seyidov Gəncəliyevin bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub. İlkin araşdırma zamanı S.Gəncəliyevə bıçaqla xəsarət yetirən şəxsin Pərviz Abdullayev olduğu müəyyən edilib . Keçirilən tədbir zamanı o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Lionel Messi öz rekordunu yeniləyib

Argentina millisinin futbolçusu Lionel Messi öz rekordunu yeniləyib. 36 yaşlı hücumçu Avstraliya ilə yoldaşlıq görüşündə fərqlənməklə buna nail olub. O, yığmanın heyətində ardıcıl 7-ci görüşdə qol vuraraq, yeni rekord müəyyənləşdirib. Messinin seriyası ötən ilin dekabrında DÇ-2022-nin 1/8 final mərhələsində məhz Avstraliya ilə qarşılaşmada başlayıb. Ulduz futbolçu buna qədər millidə iki dəfə ardıcıl 6 oyunda qol vurmağa müvəffəq olmuşdu. Messi, həmçinin, karyerasında 699-cu qələbəsini qeyd edib. O, bunu 1028-ci görüşündə bacarıb. Komanda iyunun 19-da İndoneziya ilə yoldaşlıq görüşündə də qalib gələrsə, bu, Leonun 700-cü qələbəsi olacaq. Qeyd edək ki, Argentina yığması Avstraliya üzərində 2:0 hesablı qələbə qazanıb.

Ermənistanın təxribata başladığı post belə darmadağın edildi - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün dövlət sərhəddinin Zəngilan istiqamətində Ermənistan tərəfindən təxribat törədilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin cavab tədbirləri nəticəsində Ermənistanın təxribata başladığı post darmadağın edilib. Sözügedən görüntüləri "Caliber" yayıb. 

İsfahan həbsxanasına hücum edildi

İyunun 15-i gecə saatlarında İsfahan həbsxanasının qarşısında yerləşən nəzarət postuna naməlum silahlı şəxslər hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, “Kalaşnikov” və “Vinçester” silahlarından atəş açan şəxslər motosikletlə hadisə yerindən qaçıblar. İtkilər barədə açıqlama verilməyib. Hücum edənlərin saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri aparılır.

Güclü külək ağacları yollara aşırdı: çətinliklər yarandı

Azərbaycanda ötən gün axşam saatlarında Yevlax, Göyçay, Ağdaş və Goranboy rayonları ərazisində yağıntı ilə müşahidə olunan güclü külək ağacların bir neçə avtomobil yolunda aşması nəticəsində hərəkətdə yaranmış məhdudiyyətlər aradan qaldıırlıb. Bu barədə Sozcu.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilir ki, görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Bundan başqa, güclü külək M2 Bakı-Ələt- Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol kənarında yerləşən tikilinin dam örtüyünü uçuraraq Gəncə şəhəri istiqamətində yolun hərəkət hissəsinə salıb. Nəticədə sözügedən istiqamət üzrə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Agentliyə məxsus 3 N-li Magistral Yolların İstismarı MMC-nin əraziyə cəlb olunmuş xüsusi texnikaları və canlı qüvvəsi qısa müddətdə dam örtüyünü yolun hərəkət hissəsindən təmizləyərək hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edib.

Düşmən Naxçıvana atəş açdı, Ordumuz tədbir görür

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd olunub.

Ukraynadan Budanovun vəziyyəti ilə bağlı açıqlama: “Əla vəziyyəti, əla sağlamlığı, yaxşı iştahı var”

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovla bağlı hər şey qaydasındadır. Sozcu.az xəbər verir ki, bunu Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib. “Əla vəziyyəti, əla sağlamlığı, yaxşı iştahı var”, - o bildirib. Yusov əlavə edib ki, Budanovla təxminən 10 dəqiqə əvvəl danışıb: “Onun planları çoxdur, işə hazırdır”. Qeyd edək ki, Kirill Budanovun Rusiya ordusunun Ukrayna Baş Kəşfiyyat İdarəsinin qərargahına raket zərbəsi endirməsi zamanı yaralandığı barədə məlumat yayılmışdı.

Laçında yük maşınları toqquşdu: ölən var

Laçın-Zabux yolunun 2-ci km-də qəza baş verib. Sozcu.az xəbər verir ki, qəza zamanı MAN markalı nəqliyyat vasitəsinin sürücüsü Fərman Hüseynov idarəetməni itirərək qarşıdan gələn Elman Qarayevin idarə etdiyi MAN markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hər iki nəqliyyat vasitəsinin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılarkən Fərman Hüseynov yolda ölüb. Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

Rusiyanın itkiləri 219 minə yaxınlaşır

Ukrayna müharibənin 478-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 218 500 hərbçi, 3965 ədəd tank, 7683 ədəd zirehli döyüş maşını, 3812 ədəd artilleriya sistemi, 606 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 364 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 301 ədəd helikopter, 6519 ədəd avtomobil texnikası, 3357 ədəd PUA, 1199 qanadlı raket, 18 gəmi/qayıq, 519 xüsusi avadanlıq itirib.