“Qarabağ”ın sabiq kapitanı: “Hakimin “Bayer 04”lə oyunun nəticəsinə təsiri olmadı”

“Hakimin “Bayer 04”lə oyunun nəticəsinə təsiri olmadı”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimov Azərbaycan çempionunun Almaniya klubu “Bayer 04”ə 2:3 hesabı ilə məğlub olduğu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib. 51 yaşlı mütəxəssis Leverkuzendəki qarşılaşmanın 62-ci dəqiqəsində ağdamlıların müdafiəçisi Elvin Cəfərquliyevin qırmızı vərəqə aldığı epizodu dəyərləndirib. Keçmiş kapitanın fikrincə, matçın ingiltərəli baş hakim Entoni Teylor qərarına haqlı idi: “Qırmızı vərəqə epizodu elə idi ki, bu cür situasiyalarda qərarı baş hakimin öhdəliyinə buraxırlar. Yəni qırmızı vərəqə vermək də olar, verməmək də. Düzdür, rəqib hücumçu qapıçımızla təkbətək çıxa bilərdi. Çünki digər müdafiəçimizin ona çatıb-çatmayacağını demək çətindir. Məncə, hakimi bu qərarına görə tənqid etmək olmaz. Düşünmürəm ki, referi qərəzli idi. Çünki qırmızı vərəqədən əvvəl bir epizodda “Qarabağ”ın cərimə meydanı daxilində Elvin Cəfərquliyevin rəqibin oyunçusunun ayağına toxunuşu var idi və yerli komanda penalti tələb etdi. Ancaq hakim əks qərar verməklə qərəzli olmadığını göstərdi”. 1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”ın formasını geyinmiş Aslan Kərimov “BayArena”dakı matçda meydan sahiblərinin bəxtinin gətirmədiyini hesab edir: “Bayer 04”dən bu cür oyun gözlənilən idi. İlk 20 dəqiqədə həddən artıq böyük təzyiq etdilər, komandamıza cəhənnəm yaşatdılar. Bu dönəmdə də 5-6 qol imkanı yaratdılar. “Qarabağ” isə ötürmə qrafikini düzəldə bilmirdi. Bundan başqa, “Bayer 04” həm heyətdə, həm də sistemdə dəyişiklik etmişdi. Bəlkə də, “Qarabağ” bunu gözləmirdi. Bütün bunlara baxmayaraq, birinci hissəni qolsuz bərabərliklə bitirə bildik. İkinci hissədə də ssenari dəyişmirdi. Ancaq “Qarabağ” ilk təhlükəli hücumda hesabı açdı. Almanlar şokda idilər. Həmin dəqiqələrdə topa sahib olub hücuma keçmək istəyirdik ki, arxa xətdə yaranan boşluq qırmızı vərəqəyə yol açdı”. Mütəxəssis “Bayer 04”ün son dəqiqələrdə qollar vurmasına da münasibət bildirib: “Etiraf edək ki, oyunboyu “Bayer 04” üstün çıxış etdi, qat-qat yaxşı oynadı. “Qarabağ”ın üç qol imkanı oldu, onun ikisində fərqləndi. Buraxdığımız hər üç qol cinah asmasından sonra vuruldu. Buna görə kimisə günahlandıra bilmərəm. Təbii ki, xırda səhvlər var idi. Ancaq buna görə oyunçuları tənqid etməyin yeri yoxdur. Çünki “Bayer 04” yüksək təzyiqlə oynayırdı və nə vaxtsa qol vuracaqdı. Bu komanda tam başqa səviyyədədir. Oyundan əvvəl belə bir nəticə olacağına heç kim inanmazdı. Buna görə də məyus olmaq lazım deyil”. Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” Avropa Liqasının 1/4 finalına yüksəlib.

Bakıda tozlu hava nə vaxta kimi davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən dünən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Sozcu.az-a bildirib ki, havada tozun miqdarı 1.7- 1.9 dəfə normadan artıqdır. "Tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir”, - o əlavə edib.

Əliyevin Kobaxidze ilə təkbətək görüşü başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ukrayna Rusiyanın daha iki zavoduna zərbələr endirdi

Ukrayna ordusu Rusiyanın enerji obyektlərinə zərbələr endirməyə davam edir.  Sozcu.az xəbər verir ki, Rusiyanın Samara vilayətinin qubernatoru Dmitri Azarov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının "Rosneft" dövlət şirkətinə aid iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb. O, teleqram kanalında yazıb ki, Volqa çayı bölgəsindəki Sızran neft emalı zavodunda yanğın olub, Novokubışev neft emalı zavoduna hücumun qarşısı alınıb.  Azarov hər iki zavodun işçilərinin təxliyə edildiyini və tələfatın olmadığını bildirib.  Hər iki müəssisədə il ərzində 8,8-8,9 milyon ton (65 milyon barel) neft emal edilir.  Sosial mediada Sizran neft emalı zavodunda baş vermiş böyük yanğının görüntüləri yayılıb.  Ukrayna son həftələrdə Rusiyanın neft infrastrukturunu ciddi şəkildə hədəfə alıb və Rusiyasının Avropa hissəsindəki neftayırma zavodlarını vurub. 

Pensiyaçılara MÜHÜM XƏBƏR - Əlavə pul alacaqlar

Pensiyaçılara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinətin verilməsi təklif edilir. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.  Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçılarin sosial müdafiəsini daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinət verilməsi yaxşı olar. Bəs görəsən bu təklifin praktiki olaraq tətbiqi mümkündürmü? Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, Azərbaycanda pensiya dərəcələri MDB ölkələrinə nisbətən xeyli yüksəkdir: “MDB ölkələri ilə müqayisədə, Azərbaycan pensiyaların dərəcələrinə görə kifayət qədər yüksək yerdə qərarlaşıb. Hər il ölkə başçısının sərəncamı ilə sosial təzminatlar indeksasiya edilir və buna müvafiq olaraq verilir. Əsas olan pensiyaçılara yüksək pensiyanın verilməsidir. Amma özlüyündə sosial təzminat büdcə üçün kiçik bir rəqəm deyil. Maliyyə Nazirliyi bununla bağlı optimal bir dərəcə təyin edir. Biz fikir versək, hər il büdcədə neft sektorunun payı azalmağa doğru gedir, bunun müqabilində isə sosial təzminatlar azalmır”.  Ekspert qeyd dib ki, əsas məsələ müavinətin hansı qaydada veriləcəyi ilə bağlıdır:  “Əgər indeksiyasiya ilə illik artım bayramlarda birdəfəlik veriləcəksə, burada qeyri-mümkün heç nə yoxdur. Amma bununla bağlı büdcədən əlavə pul ayrılacaqsa, bu artıq başqa istiqamətdir. Digər tərəfdən, onsuz da, pensiyaların məbləği yığılan pensiya kapitalından asılı olaraq müəyyən edilir. Ona görə də pensiyalarla bağlı əlavə müavinətin prinsipial olduğunu düşünmürəm”. 

60 nəfər soyuqdan donaraq öldü

Əfqanıstanda 3 həftədən çox davam edən şaxtalar nəticəsində azı 60 nəfər soyuqdan donaraq həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Əfqanıstanın Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Canan Saiq bildirib Onun sözlərinə görə, güclü qar yağması səbəbindən dağlıq ərazilərdə davam edən şaxtalı hava nəticəsində daha 34 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb: “Bu müddətdə qar çovğunu və tufan nəticəsində kənd yerlərində 1600-dən çox ev dağılıb, yollar bağlanıb”.

Hacıqabulda TIR piyadanı vuraraq öldürüb

Hacıqabulda yük maşını piyadanı vurub. Sozcu.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Padar kəndindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşının idarə etdiyi beynəlxalq yükdaşımaları həyata keçirən (TIR) yük avtomobili yolu keçən piyadanı vuraraq öldürüb. Ölən şəxsin kimliyi məlum deyil. Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirlib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.apa

Aeroport yolunda zəncirvari qəza olub, xəsarət alan var

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, üç avtomobilin toqquşması ilə nəticələnən qəza aeroport yolunda qeydə alınıb. Hadisə BMW və iki “Mercedes” markalı minik avtomobillərinin iştirakı ilə olub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Qəzada bir nəfər yüngül xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisə səbəbindən yolda sıxlıq yaranıb. Fakt araşdırılır.apa

ABŞ Rusiya-İran hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə bağlı sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir. Sozcu.az-ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib. "Biz tez və koordinasiyalı şəkildə, o cümlədən İrana qarşı yeni və əhəmiyyətli tədbirlərlə cavab verməyə hazırıq. Bir sıra variantları nəzərdən keçiririk, onlar arasında əlavə sanksiyalar da olacaq", - o, deyib. Kirbi əvvəllər İranın ballistik raketləri və əlaqəli texnologiyaları Rusiyaya ötürməyi nəzərdən keçirməsindən hədsiz narahatlığını ifadə edib.

Britaniya Yəmən sahillərində gəmisinə yeni hücum barədə məlumat verib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının Koordinasiya Mərkəzi (“United Kingdom Maritime Trade Operations”, UKMTO) Yəmən sahillərindəki gəmiyə naməlum şəxslərin yeni hücumunu elan edib. Sozcu.az bu barədə TASS-a istinadən xəbər verir. "UKMTO, Yəmənin Hudeydə şəhərindən 65 dəniz mili qərbində, Qırmızı dənizdə baş vermiş insidentlə bağlı məlumatlandırılıb. Səlahiyyətlilər hadisənin şərtlərini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - rəsmi sənəddə deyilir. UKMTO-nun hücum kimi təsnif etdiyi hadisə ilə bağlı məlumat Bakı vaxtı ilə saat 23:45-də gəminin kapitanından daxil olub. Hələlik əlavə məlumat verilmir.

Gəncədə mənzildə yanğın olub, xəsarət alan var

Gəncə şəhərində mənzildə yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Sozcu.az-ın məlumatına görə, hadisə Çarıqçılar küçəsində qeydə alınıb. Küçədəki evlərin birində divan naməlum səbəbdən yanıb. Bu zaman divanda yatan 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb. O, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən əməkdaşları tərəfindən evdən çıxarılaraq xəstəxanaya çatdırılıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.report

15 manatlıq dərmanı necə 5 manata alaq? – TÖVSİYƏLƏR

Aptekdə sadə bir dərman üçün getdikdə,ş eyni dərmanın müxtəlif versiyalarına rast gəlirik: istehsal ölkəsi, markası, firması, qiyməti və s. Həkim və əczaçı çox zaman 10-15-20 manatlıq dərmanı tövsiyə edir. Məsələn, adi aspirinin 2 manatlıq versiyası da var, 7 manatlıq da. Bir təzyiq dərmanını eyni molekul ilə 3-5 şirkət istehsal edirı. Hətta birində 5 manat, digərində 10 manat ola bilər. “Medicina” müalicə üçün dərman preparatının analoqlarını daha sərfəli qiymətə necə əldə etməyin sirlərini açır. Bütün dərmanları 2 qrupa bölülər: orijinal və ceneriklər. Orijinal preparatın hazırlanmasına milyonlarla dollar vəsait, elmi araşdırmalar sərf olunub. Ona görə bu dərmanlar baha olur. Çünki əsas ilk şirkət bütün bu xərcləri gəlirlə birgə geri almalıdır. Bu dərman kütləvi satışa çıxandan sonra digər şirkətlər o tərkibdə dərmanları istehsal edir, lakin adı və istehsal zavodu fərqli olur. Təbii ki, belə dərmanların qiyməti daha ucuz olur. “Kopya preparatlar” sıfırdan hazırlanmır, elmi araşdırma xərcləri olmur, sadəcə hazırı götürüb istehsal edirlər. Sadəcə ona fərqli ad, marka adı və s qoyulur. Amma cenerik preparatlarda da orijinal molekul istifadə olunur. Sadəcə, cenerik şirkətlər öz preparatının orijinalla eyni və keyfiyyətli olmasını sübut etməlidir, bu isə kifayət qədər asan və ucuz başa gəlir. Ona görə də siz normal ölkə, zavod istehsalı olan cenerik dərmanları da ala bilərsiz. Sadəcə dərmanın qutusunda yazılan iri hərflərlə ada yox, daha kiçik hərflərlə yazılan tərkib, molekul adına baxın. Ya da əzcaçıdan xahiş edin ki, bu dərmanın ekvivalenti olan daha ucuz vasitəni təklif etsin. Əmin olun ki, 18 manatlıq dərmanın 3 manatlıq alternativi var. Necə ki, 25 manata da D vitamini var, 4 manata da.

Bakı Bəyannaməsinin mətni açıqlandı

Azərbaycan Respublikasının, Gürcüstan Respublikasını və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlanıb. Sozcu.az xəbər verir ki, Bakı Bəyannaməsində deyilir: "Azərbaycan Respublikasının xarici işlər naziri, zati-aliləri Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri, zati-aliləri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri, zati-aliləri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü 15 mart 2024-cü il tarixində Bakıda keçirildi. Nazirlər, Ölkələri arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq; Qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq; Regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq; Yalnız bütün forma və təzahürlərdəki terrorizm təhdidləri, kiber hücumlar və müharibənin hibrid formaları ilə məhdudlaşmayaraq, ölkələrinin qarşılaşdığı çağırışların və yaranan təhdidlərin fərqinə vararaq; Regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk edərək; Regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl daşı kimi regional bağlantının əhəmiyyətini qeyd edərək; Münaqişədən zərər çəkmiş ərazilərinin yenidənqurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edərək; Sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan və daha minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə edərək; Aşağıdakıları bəyan etdilər: Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təkrarladılar; Dövlət sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və Azərbaycan Respublikası hökumətinin post-münaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqlədilər; Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildirdilər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd etdilər; Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə tətbiqinin əhəmiyyətini bir daha qeyd etdilər; Hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təxirəsalınmaz atəşkəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi sülhün bərqərar olmasına yönəlmiş həqiqi sülh prosesinin bərpasının vacibliyi vurğulandı. Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha qeyd etdilər; Terrorizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, miqrant qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq beynəlxalq və regional sənədlərə uyğun olaraq əməkdaşlığı gücləndirmək əzmlərini bir daha yenilədilər; Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini vurğuladılar; Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu vurğuladılar; BTQ-nin “Marabda-Kartsaxi” hissəsində bərpa, yenidənqurma və genişləndirmə işlərinin erkən başa çatdırılmasının və dəmir yolu xəttinin 2024-cü ildə yenidən tam istismara verilməsinin vacibliyini vurğuladılar; Nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının vacibliyini vurğuladılar; Hava, dəmir yolu, yol əlaqələri və regional bağlantıların təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də olmaqla, nəqliyyat, ticarət, yaşıl enerji və aşağı karbon texnologiyaları da daxil, enerji və eləcə də insanlar arasında təmaslar, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini qərara aldılar; Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinə (CQD), eləcə də təbii qazın həcminin artırılmasına yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq etdilər; Bərpa olunan enerjidən səmərəli istifadə də daxil olmaqla, dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını dəstəklədilər; Təchizat təhlükəsizliyi, enerji sektorunun liberallaşdırılması, bazarların yaradılması və/və ya idarə edilməsinə dair əməkdaşlığı və bilik və təcrübə mübadiləsini təşviq etdilər; Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə ümumi maraq kəsb edən iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığı təsdiq etdilər; Qarşılıqlı maraq doğuran sahələrə investisiyaları daha da təşviq etməyə, habelə ixrac-idxal imkanlarının və iqtisadi əməkdaşlığın təşviqi üçün yeni metodların araşdırılması daxil olmaqla, üç dövlətin biznes dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin davam etdirilməsinə hazır olduqlarını bildirdilər; Dövlətlərin, mümkün olduğu təqdirdə beynəlxalq təşkilatlarda müvafiq namizədliklərini dəstəkləmək vasitəsilə də daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər; Üçtərəfli tədbirlər və layihələr vasitəsilə ölkələrin gəncləri və idmançıları arasında dostluq, qardaşlıq və qohumluq bağlarını möhkəmləndirmək istəklərini bəyan etdilər; Azərbaycan Respublikasının 11-22 noyabr 2024-cü il tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına (COP29) ev sahibliyinə seçilməsini alqışladılar. Nazirlər görüşün uğurlu təşkilinə görə Azərbaycan Respublikasının Xarici İşlər Naziri zati-aliləri Ceyhun Bayramova dərin minnətdarlıqlarını ifadə etdilər. Üçtərəfli görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar və Onuncu Üçtərəfli Görüşün 2025-ci ildə qarşılıqlı razılaşdırılacaq tarixlərdə Türkiyədə keçirilməsinə qərar verdilər. 15 mart 2024-cü il tarixində, Bakıda, ingilis dilində imzalandı. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Zati-aliləri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Naziri Zati-aliləri İlya Darçiaşvili Türkiyə Respublikasının Xarici İşlər Naziri Zati-aliləri Hakan Fidan".

Azərbaycanda güclü zəlzələ oldu

Xəzər dənizində 4.2 maqnitalı zəlzələ olub. Sozcu.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ Bakı vaxtı ilə saat 18:35-də 62 km dərinlikdə qeydə alınıb.

Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var. ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub. Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq. ETX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində müzakirə aparılmır. Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.

Ukraynaya silahları bu yolla alacağıq - Şoltsa

Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəlirlər Ukrayna üçün silahların alınmasına sərf olunacaq. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Fransa və Polşa liderləri ilə birgə mətbuat konfransında deyib. “Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəliri Ukraynaya silahların alınmasına maliyyə dəstəyi üçün istifadə edəcəyik”, - kansler vurğulayıb. Şolts bildirib ki, NATO və müttəfiq ölkələrin müdafiə nazirləri bu addımın konkret icrasını müzakirə etmək üçün bazar ertəsi Ramşteyndə görüşəcəklər.

Bütöv Azərbaycan xəritəsinə görə həbslər davam edir

Martın 13-ü axşam saatlarında Təbrizdə “Traktor” və Tehranın “Havadar” komandalarının qarşılaşmasından sonra həbs edilənlərin sayı 5-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Siyamək Seyfi, Milad Zeynəlabdini, Səməd Heydəri, Əmin Tağızadə və Əmir Tağızadənin təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirilib. Onların hara aparıldığı və ittihamları barədə məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, qarşılaşma zamanı “Traktor” azarkeşləri şüarlar səsləndirib, plakatlar açıblar. Plakatlarda Azərbaycan Respublikası və Güney Azərbaycanın xəritələri təsvir olunub.

Ukraynanın raket atəşi Belqorodda Putinin seçkilərini dayandırdı...

Martın 15-də səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində RM-70 “Vampire” reaktiv yaylım atəş sistemindən buraxılmış yeddi raketi vurub. Atışma zamanı Belqorod və Belqorod vilayətində hava hücumu xəbərdarlığı elan edilib.  Sozcu.az xəbər verir ki, “Meduza” nəşrinin rəsmi kanallara istinadla yaydığı məlumata görə, raket təhlükəsi səbəbindən Rusiyada prezident seçkilərində səs verməyə gələn insanlar seçki məntəqəsini tərk edərək gizləniblər. 15 dəqiqədən sonra raket xəbərdarlığı ləğv edilib və səsvermə davam etdirilib. Eyni zamanda, yerli sakinlərin fotoşəkilləri və videolarına əsasən, Belqorodun özündə bir neçə avtomobil və evə ziyan dəyib. Ən azı bir avtomobil yanıb. Yerli hakimiyyət orqanları atəşin nəticələri barədə hələlik məlumat verməyib.

Onkoloji xəstələr icbari tibbi sığorta ilə təmin olunmalıdır - Komitə sədri

İcbari tibbi sığorta fondunun maliyyə vəsaiti hesabat ilində 2 milyard manata yaxınlaşıb. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Deputat bildirib ki, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir: “154 özəl xəstəxana sığortaya cəlb edilənlər sırasına əlavə edilib. Əhalinin sığortadan məmnunluğunun artması ilə yanaşı 5 milyondan çox insan 22 milyondan çox müraciət edib. Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”. Komitə sədri xatırladıb ki, hesabat ilində “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər bu sahədə problemlərin aradan qaldırılmasına şərait yaradacaq.

Sülh müqaviləsinin mətni üzərində danışıqlar aparılır - İlham Əliyev

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olunub. Dövlət başçısı vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarı ilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.

Ələsgər Məmmədli həbsdə qaldı

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb.  Sozcu.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib.  Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.  Qeyd edək ki, Ə. Məmmədli qaçaqmalçılıqda ittiham edilir. 

Hava dəyişəcək: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.  Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 763 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq. 

Türkiyədəki zəlzələni proqnozlaşdıran alim: “Seysmik qiyamət qopacaq, Yer titrəyəcək”

Niderlandlı seysmoloq Frenk Huqerbits Günəş sistemində güclü seysmik aktivliyə səbəb ola biləcək unikal hadisə barədə xəbərdarlıq edib. Türkiyə və Suriyada zəlzələ ilə bağlı proqnozu ilə tanınan elm adamı martın 13-dən başlayan və 17-dək davam edəcək planetar yaxınlaşmanı əsas gətirib. O qeyd edib ki, bu hadisə təxminən hər 14 ildən bir baş verən Günəş, Yupiter və Uranın düzülməsidir. Bu dəfə Merkuri və Venera da onlara qoşulacaq. Alimin sözlərinə görə, bu düzülüş maqnitudası səkkiz bala qədər olan güclü zəlzələlərə şərait yarada bilər. Huqerbits sözlərinə görə, xüsusi dəhşətli zəlzələlər 15-16 martda gözlənilir.oxu)

Amerikalılar prezident seçkilərində kimə səs verəcəklər? – SORĞU

ABŞ-ın hazırkı prezidenti Co Bayden rəqibi Donald Trampdan cüzi faiz nisbəti ilə irəlidədir.  Sozcu.az xəbər verir ki, ABŞ-da keçirilən sorğunun nəticələri belə deməyə əsas verir. Sorğuda iştirak edən seçicilərin təxminən 39 faizi bu gün seçkilər keçiriləcəyi təqdirdə Demokrat Co Baydenə səs verəcəklərini bildirib. Respondentlərin 38 faizi isə Respublikaçı Trampı dəstəkləyəcəyini açıqlayıb. Sorğuda iştirak edənlərin 11 faizi digər namizədlərə səs verəcəyini, 5 faizi ümumiyyətlə seçkiyə getməyəcəyini deyib. Respondentlərin 7 faizi isə cavab verməkdən imtina edib. Sorğuda 4,094 seçici iştirak edib. Sorğunun səhv olma ehtimalı 1,7 faiz təşkil edir.