Ukraynada alman əsgəri yoxdur - Şolts

Ukraynada alman əsgəri yoxdur və olmayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib. “Mən bundan qaçmağa çalışıram. Ona görə, misal üçün Ukraynada alman əsgəri yoxdur və olmayacaq”, - deyə o bildirib.

ABŞ NATO-nun bənzərini yaradır?

ABŞ NATO şəklində Yaponiya və Cənubi Koreya ilə rəsmi hərbi ittifaq yaratmaq niyyətində deyil. Sozcu.az xəbər verir ki, bu sözləri Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. “Biz üçtərəfli ittifaqın yaradılmasını yekun hədəf olaraq qarşımıza qoymuruq”, - Sallivan bildirib.

"Niderland və Danimarka F-16-ların Ukraynaya çatdırılmasına yaşıl işıq yandırdılar" - Reznikov

Niderland və Danimarka ukraynalı pilotların təlimlərini başa vurmasından sonra F-16 qırıcılarının tədarükü üçün yaşıl işıq yandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib. "ABŞ-dakı dostlarımızdan gözəl xəbər! Pilotlarımız təlimlərini başa vurduqdan sonra Niderland və Danimarka Ukraynaya F-16 qırıcılarını tədarük etmək üçün yaşıl işıq yandırdılar. Ukrayna mümkünsüzün mümkün olduğunu sübut etdi. Ordumuz sübut etdi ki, onlar sürətli öyrənə bilirlər", - deyə Reznikov bildirib. Müdafiə naziri deyib ki, tezliklə Ukraynanın qələbəsinin qaçılmaz olduğu sübut olunacaq. "ABŞ, Niderland və Danimarkadakı bütün tərəfdaşlarımıza və dostlarımıza təşəkkür edirik", - deyə nazir qeyd edib.

“Görmüşük də xalqın sevgisini... Bəsdirin!” - Nura əsəbləşdi

"Görmüşük də xalqın sədaqətini, sevgisini... Cavanlığında sevib bəyəndikləri məşhurların qocalıb acından öləndə, xəstələnəndə qapısını döyüb, qayğısını çəkiblər axı".  Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk hesabında yazıb. Nura Suri müğənniləri tənqid edən adamlara sərt cavab verib:  "Bəsdirin, pafoslu sözlərlə danışdınız. Bahar Lətifqızı, ya Hiss uşaq evində olanda xalq gedib yəqin onlara dəstək olub, müğənni edib. Özləri min əziyyətlə uğur qazandıqdan sonra sevmisiniz də onları da. Ay Allah, bu insanlara bir az ağıl, özümə 10-15 milyon dollar istəyirəm". 

Gilanda repressiyalar: Fəallar həbs edilir…

Son iki gün ərzində Gilan əyalətinin Rəşt, Fumən, Tonekabon və Ənzəli şəhərlərində 13 nəfər təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Sozcu.az xəbər verir ki, saxlanılanlardan 11-i qadın, ikisi isə kişidir. ETTELAAT-ın yerli bölməsi bəyanat yayaraq məlumatı təsdiqləyib. İddia olunub ki, saxlanılanlar 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarının ildönümü ilə bağlı yeni nümayişlər təşkil etməyə hazırlıqla məşğul olublar.

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu - Foto

Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Rafiq Hacıqulu oğlu Əliyev Zaporojye istiqamətində həlak olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb. Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir. R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.

Araikin hələ istefa vermək niyyəti yoxdur...-Xankəndindən “rəsmi” cavab gəldi...

Azərbaycan torpağında Kremlin himayəsi altında baş separatçılıq edən və Azərbaycan dövlətinin  3 ilə yaxındır ki, İnterpolla beynəlxalq axtarışa verdiyi Araik Arutyunyanın Xankəndindəki qondarma “prezident” kürsüsündən istefaya getmək niyyəti yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Tert.am-a baş separatçının mətbuat katibi Lusine Avanesyan dünəndən internetdə A. Arutyunyanın istefaya getməsi ilə bağlı yayılan informasiyaları şərh edərkən danışıb. “Dünən prezidentin tam iş günü var idi. Bir sıra görüşlər keçirildi, görüşlərdə istər yaranmış hərbi-siyasi vəziyyətlə bağlı, istərsə də Azərbaycanın blokadaya alınması ilə əlaqədar ölkənin gündən-günə artan daxili problemlərinin həlli yolları ilə bağlı aktual məsələlər müzakirə olundu. Azərbaycan”, - deyə mətbuat katibi izah edib. Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Arayik Arutyunyanın gündəlik iş saatlarından sonra tutduğu vəzifədən istefa verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Azərbaycanın HHM bölmələrində döyüş atışları icra edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. "Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir", - məlumatda qeyd olunub.

Daşnak “spiker” separatçıların "müdafiə naziri" ilə terrorçu Montenin şəkli altında görüşdü...

"Təbii ki, söhbət separatçı rejimin  Rusiya və digər güclərin dəstəyi ilə Azərbaycan dövlətinə və ordusuna qarşı hazırladığı tədbirlərdən gedib..." Azərbaycan Respublikası ərazisində 32-ci ildir ki,  Kremlin dəstəyi ilə qondarılmış və hazırda birbaşa Rusiyanın "sülhməramlı" hərbi qüvvələrinin himayəsi altında bəslənən separatçı-terrorçu rejimin bu günlərdə təyin olunmuş qanunsuz “qanunverici orqanı”nın rəhbəri, terrorçu “Daşnaksütyun” partiyasının Xankəndindəki nümayəndəsi David İşxanyan xuntanın “müdafiə naziri”, “müdafiə ordusu”nun komandanı Kamo Vardanyanı qəbul edib.  Moderator.az xəbər verir ki, bu barədə erməni mediası qondarma “parlament”in mətbuat xidmətinə istinadla məlumat yayıb. Daşnak “spiker” “qeyd edib ki, qanunvericilik təşəbbüsləri ilə yanaşı, ilk növbədə, o, artsax xalqının təhlükəsizliyinin əsas qarantı olan və olacaq müdafiə ordusu tərəfindən təmsil olunan artsaxın təhlükəsizlik və müdafiə sisteminə əhəmiyyət verir. Kamo Vardanyan David İşxanyanı təbrik edib və təhlükələrə birlikdə müqavimət göstərməyə hazır olduğunu bildirib. Komandan hazırkı vəziyyətdə müdafiə ordusunun qarşısında duran vəzifələrə və onların həlli yollarına toxunub” -xəbərdə belə deyilir. Xəbərə əlavə olunan fotoda daşnak "spiker"in qəbul otağında əli türk diplomatlarının  və I Qarabağ savaşında yüzlərlə Azərbaycan vətəndaşının qanına  batmış beynəlxalq terrorçu Monte Melkonyanın portreti görünür... P.S. Təbii ki, söhbət separatçı rejimin  Rusiya və digər güclərin dəstəyi ilə Azərbaycan dövlətinə və ordusuna qarşı hazırladığı tədbirlərdən gedib...

“Nikosayağı”nın həyat yoldaşından ürəkdağlayan sözlər

Bu həyatda ən acı günləri yaşayırıq.  Sozcu.az xəbər verir ki, bu sözləri ağır qəza törədən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin həyat yoldaşı İnstaqram hesabında yazıb.  “Tək Allah bilir ki, biz dost yox, Ruslanı bir qardaş kimi, əmi kimi ailəmizdən biri olaraq itirdik. Mən əminəm ki, iki qardaş belə vidalaşmaq istəməzdi. Allah sənə rəhmət eləsin, qardaşım. Ailənə və bizə səbir versin”, - deyə o qeyd edib. 

Daha 3 terrorçu Türkiyəyə təslim oldu

Daha 3 terrorçu Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib. Onun sözlərinə görə, son 2 ayda təslim olan terrorçuların sayı 32-yə çatıb: “Təslim olan terrorçular Suriya və İraqda fəaliyyət göstərirdi. Terrorla mübarizədə xidmət göstərən qəhrəmanlarımızı təbrik edirəm”. Nazir qeyd edib ki, Türkiyənin terrorizmə qarşı mübarizəsi davam edir.

Ərdəbildə Urmu gölü ilə bağlı yazılı vərəqlər paylanıb

Ərdəbildən olan ətraf mühit və mədəni fəallar Urmu gölü ilə bağlı çox sayda yazılı vərəqlər yayıblar. Şəhərin bir çpx məhəllələrində və ictimai yerlərdə paylanılan və divarlara yapışdırılan vərəqələrdə gölün acınacaqlı durumu əks olunub.  Azərbaycanlılardan ekoloji fəlakətə biganə qalmamalrı və gölün qurudulmasına qarşı etiraz aksiyalarına qoşulmaları istənilib. "Torpağımı, vətənimi məhv edib, iqtisadiyyatımı talayırsınız. İndi də Urmu gölünü məhv etməklə bütün Azərbaycanın məhv olmasını bayram etmək istəyirsiniz. Azərbaycan buna səssiz qalmayacaq!",- yazılı vərəqlərdə qeyd edilib.

Yeni serialı bəlli oldu

Türkiyəli aktyor Barış Arduç yeni serialı bəlli olub. Sozcu.az axşam.az-a istinadən bildirir ki, aktyor "Star TV" yayımlanacaq "Saplantı" serialında rol alacaq.  Qeyd edək ki, Barış sonuncu dəfə "Alparslan Büyük Selçuklu" serialında rol alıb. 

Səhər acqarına içilən qəhvə və arıqlamaq: Doğru bilinən yanlış

Qəhvənin faydaları barədə dəfələrlə deyilib və yazılıb. Lakin onu düzgün istifadə etmədikdə əks effekt verir. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə elm adamları xəbərdarlıq ediblər. Belə ki, bir çoxları səhərlər ayılmaq, yaxud səbəbsiz yerə acqarına qəhvə içməyi vərdiş ediblər. Elələri də var ki, bunu arıqlamaq məqsədiylə edir. Həkimlər acqarına qəhvə içməyin orqanizmdə ödem əmələ gətirdiyini bildiriblər. Onların sözlərinə görə, bu da öz növbəsində bir sıra xəstəliklərlə nəticələnir, həmçinin artıq çəkidən qurtulmağa deyil, kökəlməyə səbəb olur. Buna görə, tibb işçiləri səhərlər qəhvə içməzdən əvvəl ən azı bir meyvə yeməyin  daha sağlam üsul olduğunu deyiblər.

Messi "İnter Mayami"yə niyə keçib?

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ABŞ klubuna transferindən danışıb. Qol.az tennessean.com-a istinadən xəbər verir ki, 36 yaşlı forvard MLS təmsilçisinə keçidinə uşaqları və həyat yoldaşı ilə birlikdə qərar verdiyini deyib:  “Komandaya böyük həvəslə və yaxşı nəticələr əldə etmək istəyi ilə gəlmişəm. Mən bütün karyeram boyunca bunu etmişəm. Finala çıxmaq bizim üçün sürpriz olsa da, buna hazırlaşırdıq. ABŞ liqasına keçmək üçün bir neçə səbəbim var idi. Həyat yoldaşım və uşaqlarımla birlikdə qərar verdik. Mən buraya futboldan həzz almaq üçün gəlmişəm. Və qərarımdan çox məmnunam. "Barselona"dan PSJ-yə keçid çətin oldu. “İnter Mayami”yə transfer isə tamam başqa məsələdir”. Xatırladaq ki, Messi bu yay transfer pəncərəsində "İnter Mayami"yə keçmişdi. Argentinalı futbolçu bu mövsüm 6 matçda iştirak edib, 9 qol vurub və 1 qolun ötürməsini edib.

Ucarda qadın boğularaq öldürüldü

Ucarda qadın boğularaq öldürülüb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd edilib ki, avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Baydendən Kim Çen İnə təklif: Görüşək...

ABŞ Prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen İnlə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün ilkin şərt olmadan görüşməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Bu təklifə müsbət cavab vermədilər, amma hələ də qüvvədədir. Biz ilkin şərt olmadan oturub danışıqlar aparmağa hazırıq”, - Kirbi bildirib.

Prezident üç ölkənin səfirini qəbul etdi

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın, Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun və Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Rusiyanın müdafiə xətti dağılır - Hesabat

Ruslar Robotino və Urojaynoenin saxlanması üçün xeyli səylər, resurslar və şəxsi heyət sərf edib, ona görə də Ukraynanın bu ərazilərdə əldə etdiyi son uğurlar Rusiya müdafiəsinin deqradasiyasının göstəricisidir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Heabatda bildirilib ki, rusların əhəmiyyətli əməliyyat ehtiyatları yoxdur və Rusiyanın öz qüvvələrini çıxarmaq əvəzinə bu məntəqələri saxlamaq üçün intensiv səyləri o deməkdir ki, Ukrayna ordusu hücumdan əvvəl rus bölmələrini tamamilə zəiflədiblər: “Bundan başqa, digər ərazilərdən də rus hərbi qüvvələrinin buraya gətirilməsi onu göstərir ki, Ukraynanın son hücumları əks-hücum başlayandan bəri rotasiya olmadan Zaporojye vilayətinin qərbini müdafiə edən Rusiya qüvvələrinin mövqelərini xeyli zəiflədib. Rusiyanın əməliyyat ehtiyatlarının olmaması o deməkdir ki, rus qoşunları cəbhənin bəzi sektorlarını digərlərinin hesabına gücləndirməli olacaq. Bu da ümumilikdə Rusiyanın müdafiə xətlərini zəiflədəcək və Ukrayna qüvvələrinə bundan istifadə etmək imkanı verəcək”.

Şamaxıda dağlıq ərazidəki yanğın söndürüldü

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri iştirak edib.

Vardanyan Xankəndidə erməni gəncləri silahlandırır

Qarabağda separatçı rejimin Azərbaycan Ordusuna qarşı təxribat planlarına əhalinin hazırlanması da daxil edilib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu prosesi Ruben Vardanyan üzərinə götürüb. Ermənistan mediasının məlumatına görə, Vardanyanın rəhbərlik etdiyi qondarma “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclərə təlim keçməyə başlayıb. Təlimlər “ekstremal şəraitdə yaşamaq bacarıqları” adı altında həyata keçirilir. Məlumatda qeyd olunur ki, “gənclərə bu və ya digər sirlər çatdırılacaq”. Misal üçün, onlar dağlıq ərazilərdə düşərgələrin təşkili, yolların açılmasını öyrənəcəklər. Reallıqda isə “ekstremal şəraitdə yaşamaq” adı altında erməni gənclər Azərbaycan ordusuna qarşı təxribat hücumlarına hazırlaşdırılır. Onlara “dağlarda fəaliyyətin” öyrədilməsi də buna hesablanıb.

Rusiyanın itkiləri 257 minə yaxınlaşır

Ukrayna müharibənin 541-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 256 510 hərbçi, 4332 ədəd tank, 8410 ədəd zirehli döyüş maşını, 5193 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 486 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7658 ədəd avtomobil texnikası, 4276 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 773 xüsusi avadanlıq itirib.

Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Ağcabədidə oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Ṣöbəsinə şəhər ərazisindəki qəbiristanlıqdan oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elnur Xanlarov saxlanılıb. Onun məzarların ətrafındakı alüminiumdan olan bəzək əşyalarını oğurladığı müəyyən edilib. Qeyd edilən əşyalar maddi sübut kimi aşkarlanaraq götürülüb. Bundan əlavə, digər bir tədbirlə ötən aylardan qeydə alınan oğurluq əməlinin açılması da təmin edilib. Belə ki, rayonun Yuxarı Avşar kəndindəki otlaq sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Davam etdirilən əməliyyatla qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də məhkumluq həyatı yaşayan Davud İbrahimov saxlanılıb. Onun iribuynuzlu heyvan oğurlamaqla vətəndaşa 2000 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Moskvaya yenə PUA hücumu edildi

Bu gün gecə saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, PUA-lardan biri “Moskva-Siti” yaxınlığındakı “Eksposentr”ə çırpılıb. Hazırda Moskvadakı “Vnukovo” hava limanı da uçuşlara bağlanıb.