"Mənim özümün nə qədər problemim var, onu deyərdim. Oğlum işsizdir, iş tapa bilmirəm" - Rasim Balayev

"Mən deputat, nazir deyiləm. Mənim özümün nə qədər problemim var, onu deyərdim. Oğlum işsizdir, iş tapa bilmirəm. Bunu deyərdim, həllini də tapardı. Ayıbdır, deyə bilməzdim". Sozcu.az xəbər verir ki,  bu sözləri Xalq artisti Rasim Balayev "Bizim müsahibimiz" layihəsində deyib.  "Nəvəm neçə vaxt işsiz qaldı, iş tapa bilmirdi. Axırda özü baş vurdu və işə götürüldü. Mən ona görə kiməsə ağız açmadım. Kino problemlərini danışdım, kino dərdini dedim".

Rusiyanın “Mi-8” helikopterinin heyəti Ukraynaya təslim oldu - FOTO

Rusiyanın ordusunun “Mi-8” döyüş helikopteri Ukraynaya uçub və burada helikopterin heyəti Ukrayna Silahlı Qüvvələrinə təslim olub. Bu barədə jurnalist Yuri Butusov xəbər verir. Onun sözlərinə görə, “naviqasiya xətaları” ilə bağlı xəbərlər Rusiyanın növbəti yalanıdır, çünki helikopter Poltava aerodromuna uçubsa, deməli, o, cəbhə xəttindən təxminən 300 km aralıdan qalxıb və yalnız bilərəkdən yerə enə bilərdi. Bundan başqa, aşağı hündürlükdə və aşağı sürətlə uçan heyət yerdəki bütün oriyentirləri yaxşı görüb, ona görə də 300 km “səhv etmək” mümkün deyil. Daha sonra jurnalist Ukrayna ordusunun rəhbərliyindəki mənbələrə istinadən vurğulayıb ki, helikopter zədələnməyib və həqiqətən də, onun avadanlığının ətraflı öyrənilməsi üçün aviabazalardan birinə uçub. “Hazırda heyətlə iş aparılır. Hər şey yaxşıdır. Əlavə xəbərlər veriləcək”, - Ukraynanın Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya helikopterinin Ukraynaya enməsi ilə bağlı məlumatı təsdiqləyib.         Həmçinin bildirilib ki, bu, BKİ-nin altı aydan çox davam edən xüsusi əməliyyatı idi. “Mi-8” Xarkov vilayətinə eniş edib. Təyyarədə pilotla birlikdə helikopterin, əslində, haraya uçduğunu bilməyən iki heyət üzvü olub.

“Bir qrup etnik erməniyə görə Azərbaycan öz dövlət quruluşunu dəyişdirə bilməz...”

“Sadəcə olaraq burada yaşayan ermənilərdən Azərbaycan qanunlarına tabe olmaq tələb olunur. Tabe olmayanlara da seçənək tanınır: onlar çıxıb gedə  bilərlər. Bütün dünyada belədir...” “İndiyədək Qarabağ iqtisadi rayonununun bir hissəsində yaşayan ermənilərlə bağlı Azərbaycanın atdığı addımlar beynəlxalq normalar çərçivəsində olub. Erməniləri Rusiya “sülhməramlı”larının kontrolu altında olan ərazilərdən kimsə qovub çıxarmaq istəmir”. Bunu Moderator.az-a açıqlamasında Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı aşağıdakı sualımıza cavabında söyləyib: “Qərbi Azərbaycanda doğulub boya-başa çatmış bir Azərbaycan türkü, həm də ermənişünas alim olaraq ermənilərin dili ilə yanaşı,  haykların etnopsixoloji xarakterinə, sosial, ictimai-siyasi dilinə də yaxşı bələdsiniz. Sizcə, ictimai-siyasi, sosial baxımdan haylarla necə dil tapmaq lazımdır?  44 günlük savaşdan keçən son 3 ilə yaxın dövrdə həm Qarabağdakı, həm də Qərbi Azərbaycandakı haylarla doğru dil tapmaq üçün Azərbaycan dövləti olaraq atdığımız addımlar arasında yanlışı olan varmı?”  “Sadəcə olaraq burada yaşayan ermənilərdən Azərbaycan qanunlarına tabe olmaq tələb olunur. Tabe olmayanlara da seçənək tanınır: onlar çıxıb gedə  bilərlər. Bütün dünyada belədir. Hansısa etnik qrupa müəyyən haqlar vermək də həmin ölkənin haqqıdır. Bir qrup etnik erməniyə görə Azərbaycan öz dövlət quruluşunu dəyişdirə bilməz. Ermənilər ya Azərbaycana inteqrasiya etməli, ya da çıxıb getməlidirlər. Bu qədər sadə bir həqiqəti ermənilər çox yaxşı başa düşürlər, amma nəyəsə nail olmaq üçün diplomatik manipulyasiya edirlər. Lakin düşünürəm ki, bu durum belə davam edə bilməz”,- açıqlamasının davamında ermənişünas alim belə deyib.

“Azərpoçt” bələdiyyə hesabları ilə bağlı məsələyə münasibət bildirdi

Sozcu.az saytında yayımlanan: Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL - başlıqlı xəbərə,  “Azərpoçt” MMC münasibət bildirib.  Həmin münasibəti olduğu kimi təqdim edirik:  Astara Poçt Filialının bağlanması və həmin regionda yerləşən bələdiyyələrin hesablarının statusu ilə bağlı bildirək ki, sözügedən filialın ləğv edilməsinə baxmayaraq, həmin filialda olan heç bir bələdiyyənin hesabı bağlanmayıb, hamısı aktiv saxlanılıb. Həmin hesablar hazırda Lənkəran Regional Poçt Filialına köçürülür. Bununla yanaşı, köhnə hesablar da aktiv saxlanılır ki, bələdiyyələrin ödəniş prosesində hansısa problem yaranmasın. Bu hesabların aktiv olduğunu, hətta əməliyyatların aparıldığını da “Azərpoçt”un daxili izləmə sistemində görmək mümkündür. Həmçinin yeni əməkhaqqı kartlarının ödənişli olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və onlar tamamilə ödənişsiz şəkildə təqdim olunub Bir daha xatırladırıq ki, “Azərpoçt”un regionlaşma və optimallaşma prosesləri ilə əlaqədar bütün addımlar müvafiq qaydalar və tələblər əsasında aparılır. Media nümayəndələrini “Azərpoçt” MMC-nin nüfuzunu əsassız şəkildə zədələyə biləcək məlumatları yaymamağa dəvət edirik.

Erməniəsilli şəxs Azərbaycan dilində danışdı: "Hər şey qəşəngdir"

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən daha bir erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını bildirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, o, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib. Erməniəsilli şəxs azərbaycanlı jurnalistlərin “Necə idi? Sizə hər hansı bir maneə yaradıldımı?” sualına Azərbaycan dilində “qəşəng” deyərək cavab verib.

Bakı-Quba yolunda AĞIR QƏZA: Türkiyə vətəndaşı öldü

Bakı-Quba yolunda ağır qəza baş verib.  Lent.az-ın məlumatına görə, hadisə Bakı-Quba, ödənişli magistral yolunun 82 km-də baş verib.  Belə ki, 1965-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Maliki Ejder Yıldırım idarə etdiyi “Mitsubishi L200” minik markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və sürücü hadisə yerində ölüb.  Faktla bağlı Siyəzən RPŞ-da cinayət işi başlanılıb. 

Ukrayna ikinci müdafiə xəttinə yaxınlaşır

Ukrayna Silahlı Qüvvələri Novoprokopovka və Novodanilovka istiqamətində irəliləyib. Sozcu.az xəbər verir ki, bununla bağlı Ukrayna Baş Qərargahı məlumat yayıb. Hazırda mövqelərdə möhkəmlənmə işləri aparılır. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu isə Ukrayna Silahlı Qüvvələrinin tədricən Rusiyanın ikinci müdafiə xəttinə yaxınlaşdığını bildirib.

Azərbaycanın bu əraziləri zəlzələyə həssasdır! - Açıqlama

Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub. Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib. Maraqlıdır, Azərbaycanda hansı istiqamətlər zəlzələ ilə bağlı risk zonası hesab edilə bilər? Yeni zəlzələnin ehtimalı varmı? Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev Azərbaycanda zəlzələlərin olmasını normal hal kimi dəyərləndirib. Ekspert risk zonası hesab edilən ərzilərin adlarını da çəkib: “Cavan dağəmələgəlmə zonalarında, Talış dağlarında zəlzələlərin olması labüddür. Azərbaycanın ərazisi başdan-ayağa zəlzələ zonasında yerləşir. Orta və aşağı ballı zəlzələlər Azərbaycan ərazisində olub, olur və olacaq. 4 baldan aşağı olan zəlzələlər seysmoloji cihazlarla qeydə alına bilər. Belə zəlzələrdə isə dağıntılar olmur, ümumiyyətlə dağıntı olmadığı halda zəlzələnin qorxusu yoxdur. Azərbaycanda Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintilərə mövcud seysmoloji xəritə əsasında icazə verməlidir. Yaponiyada 9 ballıq zəlzələdə heç bir dağıntı olmur, insanlar narahatlıq keçirmir. Nə üçün 5 ballıq zəlzələdən qorxmalıyıq? Əksər hallarda keyfiyyətsiz, ucuz tikinti məhsullarından istifadə edib ev, obyekt və s. tikirlər, sonra həmin tikili başlarına uçanda zəlzələni səbəbkar çıxarırlar. Bizdəki məsuliyyətsizlik problemlər yarada bilər, zəlzələlər yox. Biz dünyanın 3 ən aktiv dağəmələgəlmə prosesi olan zonada yaşayırıq. Burada zəlzələnin olması planetin qanunauyğuluğudur. Baş verə biləcək zəlzələnin zamanı, gücü haqqında isə dəqiq, elmi fikir demək olmaz, bu, mümkün deyil”. Mütəxəssisin sözlərinə görə, tikinti qaydalarına düzgün əməl edilsə, zəlzələ qorxusu da aradan qalxmış olar: “Azərbaycanda cavan dağlıq ərazilərdə zəlzələlərin olması normaldır və gözləniləndir. Yaxşı haldır ki, son zəlzələ 5 bal gücündə olub. Bu, yerin daxilindəki gərginliyinin hissə-hissə üzə çıxma faktıdır. Böyük maqnitudalı, yüksək ballı zəlzələnin olacağı ilə bağlı qorxuya düşmək lazım deyil. Sadəcə olaraq, tikinti sənayesində 8-9 ballıq zəlzələyə davamlı tikililər ərsəyə gətirmək lazımdır, çünki Azərbaycan risk zonasındadır”.

Hindistanda körpü uçdu: 17 nəfər öldü

Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib. “İndiyədək 17 nəfərin meyiti tapılıb, itkin düşənlər var”, - polis əməkdaşı bildirib. İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub. Hazırda xilasetmə işləri aparılır.

Krım körpüləri dağılıb, Rusiya bu yola... - Britaniya

Çonqar və Geniçeskdəki körpülərə güclü zərbələrdən sonra ruslar Krımda öz logistikaları üçün yalnız bir uzun marşruta bel bağlamaq məcburiyyətində qalıblar. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. Bildirilib ki, indi ruslar Ukraynanın cənubunun Krımla sərhədində ponton keçidlər inşa edir: “Avqustun ortalarında Ukraynanın Çonqar və Geniçesk körpülərinə endirdiyi ağır zərbələrdən sonra, çətin ki, bu infrastruktur Rusiyanın ağır texnika və sursatlarının böyük yükünə tab gətirə bilsin. Krımda dar yerlər yaranıb. Bu o deməkdir ki, Rusiya Armyanskdan keçən uzun yola arxalanır. Bu da Rusiyanın cənubdakı logistika şəbəkəsinə əlavə çətinliklər yaradır”.

De Brüyne komanda yoldaşlarına platin "iPhone" hədiyyə etdi

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne bütün komanda yoldaşlarına hədiyyələr alıb. Sozcu.az xəbər verir ki, bu barədə ESPN- məlumat yayıb. Belçikalı futbolçu "Mançester Siti"nin oyunçularına platin "iPhone" markalı telefonları hədiyyə edib. Qeyd olunur ki, De Brüyne bu yolla komandanı ötən mövsüm İngiltərə Kubokunu, Premyer Liqanı və Çempionlar Liqası titulunu qazanmaqları münasibəti ilə təbrik edib. İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə Kevin De Brüyne 32 oyuna çıxıb, 7 qol vurub və 16 qolun ötürməsini verib. Onun "Mançester Siti" ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var. "Transfermarkt" portalı oyunçunun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

İnfarkt və insult keçirən insanlar üçün FAYDALI İÇKİLƏR

Adətən həkimlər ürək problemi olan insanlara yalnız yaşıl çaydan istifadə etməyi tövsiyə edirlər. Sozcu.az lent.az-a istinadən bildirir ki, bununla belə, kardioloq Vitali Toropovun sözlərinə görə, yapon alimlərinin araşdırması göstərib ki, digər kofeinli içkilər insult və ya infarkt keçirmiş insanların ölüm riskini xeyli azaldır. Tədqiqatçılar 40-79 yaş arası, demək olar ki, 46 min insanın sağlamlığı ilə bağlı məlumatları təhlil ediblər. Qeyd olunur ki, subyektlərin 60%-i qadınlardır. Ekspertlər iştirakçıları üç qrupa bölmək qərarına gəliblər: "insult keçirənlər", "infarkt keçirənlər" və "nə infarkt keçirməyənlər, nə də insult keçirənlər". Toropovun sözlərinə görə, alimlər insanların yaşıl çay və kofe istehlakı ilə bağlı vərdişlərini araşdırıb və belə nəticəyə gəliblər ki, bu içkilər yuxarıda qeyd olunan damar patologiyalarından əziyyət çəkən xəstələr üçün faydalı ola bilər. Onları içmək insult və ya infarkt keçirmiş insanların daha uzun ömür sürmə şansını artırdı. Ürək böhranı keçirmiş hər kəs, müntəzəm olaraq qəhvə içməyən insanlarla müqayisədə gündə bir fincan qəhvə içməklə ölüm riskini təxminən 22% azaltmaq şansına malikdir. Tədqiqatçılar həmçinin aşkar ediblər ki, əvvəllər heç vaxt infarkt və ya insult keçirməyən üçüncü qrup iştirakçıları həftədə bir fincandan çox qəhvə içsələr, ölüm riskini 14% azalda bilər.

Cəlilabadda zəlzələ nəticəsində dağıntı olub?

Bu gün Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Bildirilib ki, hələlik komissiyaya hər hansı bir dağıntı və xəsarət barədə müraciət olunmayıb. Həmçinin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından da bildirilib ki, tibb müəssisəsinə zəlzələ ilə bağlı müraciət daxil olmayıb. Qeyd edək ki, bu gün yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.

Ukrayna Donetksi vurur: Ard-arda partlayışlar

Hazırda Ukrayna ordusu Donetskin mərkəzini atəşə tutur. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, şəhərin mərkəzində 3 güclü partlayış eşidilib. Bildirilib ki, partlayışlar rasında cəmi 1 dəqiqə fərq var. Donetskin “meri” Aleksey Kulemzin şəhərin kütləvi şəkildə atəşə tutulduğunu təsdiq edib.

Mirziyayev Füzuliyə getdi, Prezident qarşıladı

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev avqustun 23-də Füzuli rayonuna gedib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti Şövkət Mirziyayevi və xanımı Ziraatxan Mirziyayevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Bakıda temperatur iqlim normasından yuxarı olub

Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, yağıntının miqdarı Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub. Havanın temperaturu avqustun 22-də Bakıda iqlim normasından 3,3 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub.

İsmayıllıda idman zalı yandı

İsmayıllıda idman zalında yanğın olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsmayıllı rayonunun Çayqovuşan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli tikilinin (idman zalı kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Narkotikə görə daha 31 nəfər tutuldu

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən, borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Ağsuda dağlıq ərazidəki yanğın söndürüldü

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Arutyunyan elan etdi: Ağdam-Xankəndi yolu açılır

Qarabağ separatçılarının lideri Araik Arutyunyan dünən “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolunun açıldığını bəyan edib. İclasda keçmiş “tş katibi” Samvel Babayan da iştirak edib. Sozcu.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, separatçıbaşı bu məsələni müzakirəyə çıxarmayıb, fakt kimi təqdim edib: “Araik bildirib ki, bu yolla ticarət qismən olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar oradan gələcək, ərzaq məhsulları isə Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizilə gətiriləcək. Lakin bu o demək deyil ki, Laçın yolu tam işlək qalacaq. Yol Qarabağ sakinləri üçün məhdud olacaq”. Qeyd olunub ki, Arutyunyan növbəti mərhələdə Azərbaycan tərəfdən gələcək qaz və elektrik enerjisinin tədarükü məsələsinin müzakirə edilməsinin nəzərdə tutulduğunu bildirib.

Azərbaycanlı gənc Ukraynada nazir müavini oldu

Azərbaycanlı gənc Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Ukrayna strateji sənayelər nazirinin müavini təyin olunub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Nazirlər Kabineti qərar qəbul edib. Teymur Tkaçenko (Məmmədov) bu vəzifəyə qədər Kiyev vilayəti administrasiyasında departament rəhbəri olub, Ukraynada humanitar missiyada aktiv iştirak edir. Qeyd edək ki, o, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 546-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 258 820 hərbçi, 4373 ədəd tank, 8488 ədəd zirehli döyüş maşını, 5318 ədəd artilleriya sistemi, 722 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 491 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7745 ədəd avtomobil texnikası, 4324 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 800 xüsusi avadanlıq itirib.

Bakıda evdə partlayış: xəsarət alanlar var - Video

Bakıda evdə partlayış olub, xəsarət alanlar var. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1942-ci il təvəllüdlü İmanqulu Əbdül oğlu Quliyevə məxsus ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh İmanqulu qızı Quliyeva və 1997-ci təvəllüdlü Toğrul İmanqulu oğlu Quliyev təcili yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 125 m² sahədə yanıb, otaqlarının pəncərə çərçivələri və dəmir barmaqlıqlar yerindən çıxıb. FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ordumuz atəşə tutuldu

Avqustun 23-ü saat 02:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.