Gün, ay, il yadımda deyil. Heç yazının məzmunu da yadımda qalmayıb. Amma sərlövhəni indiki kimi xatırlayıram: "İvan ayıdır, həm də dayıdır..."
Biz hər il isti avqust günlərində ailəlikcə Yessentuki şəhərinə istirahətə gedirdik. Mila xala rus olsa da, bizə öz qohumlarımız qədər doğma, əziz idi. Onun həyətindəki ayrıca mənzildə kirayədə qalırdıq. Valideynlərimin 20-25 gün üçün nə qədər kirayə pulu ödədiyini bilmirdim. Amma Mila xalanın bizi öz doğma nəvələrindən ayırmadığını görürdüm. Yessentukidə qaldığımız 20-25 gün ərzində heç vaxt meyvə-tərəvəzə pul verməzdik. Ev sahibi hər gün məni və qardaşımı dondurmaya qonaq edərdi. Teatra gedəndə bizə də bilet alardılar. Azərbaycana qayıdanda isə cibimizə pul qoyub yola salardılar...
İvan Mila xalanın oğlu idi. Görkəmindən ayıya oxşasa da, bizə əsl dayılıq edirdi. Özü, xanımı Vera müəllimə, tələbə qızı Lyudmila hər gün bizə nəsə bağışlayırdı. Onların nurlu çöhrəsi hələ də gözlərimin qabağındadır.
2016-cı ildə ailəlikcə Ukraynaya istirahətə getmişdik. Bu dəfə mən övladlarımı dincəlməyə aparmışdım. Dostum, həmkarım Teyyub Mirqasımovun təşkilatçılığı ilə Kiyevin ən prestijli yerində - məşhur "Maydan" meydanının 100 addımlığında səliqəli bir mənzil kirayələmişdik. Hər sutka üçün 25 dollar vəsait ödəyirdik. Bu məbləğ indi olduğu kimi o vaxt da böyük pul deyildi. Buna rəğmən ev sahibi mətbəxi, hamamı, qonaq otağını zəruri ləvazimatlarla doldurmuşdu. Bahalı sabunlar, şampunlar, masa silmək üçün ətirli bezlər, tualetdə və hamamda istifadə olunan salfetlər, təravətləndirici balonlar, brend firmalara aid yuyucu vasitələr...
Biz o vaxt Kiyevdə təxminən iki həftə qaldıq. Amma iki ay da qalsaydıq, bu ləvazimatların hamısını işlədib qurtara bilməzdik. Gülərüz, sarışın ev sahibəsi məmnun qalmağımız üçün əlindən gələni etdi.
İl ildən pis gəldiyi üçün indiki qazancımız dolanışığımıza birtəhər çatır. Ən yaxşı halda bir həftə, on gün hansısa rayona üz tutmaq imkanımız olur. Sərhədlər bağlandıqdan sonra rayonlarda kirayə evlərin qiyməti ikiqat bahalaşıb. İsmayıllıda, Şəkidə, Qubada, Qusarda sutkası 60 manatdan ucuz ev tapa bilməzsən. Qəbələdə yaxşı evlərin bir günlük kirayəsi 100-150 manatdır. Dərd odur ki, bir həftə üçün 700-1000 manat ödədiyin həmin evlərdə əl yumağa 50 qəpiklik sabun tapa bilmirsən...
Restoranlarda, istirahət məkanlarında qiymətlər od tutub yanır. Bazarda meyvə-tərəvəz "su qiyməti"nə olsa da, bir ədəd pomidor və bir ədəd xiyardan hazırlanmış 200 qramlıq salatı müştərilərə 4 manata sırıyırlar. Allahın çayını 5 manata satırlar. Qəbələdə elə restoranlar var ki, bir şiş kabab üçün müştəridən 18 manat tələb edir. Varlanmaq, daha çox qazanmaq ehtirası bu adamların gözünü tutub.
Mila xala 20 ildi ölüb, amma biz hər gün onun üçün rəhmət oxuyuruq. Görəsən, Bakının istisindən qaçıb nisbətən sərin rayonlara pənah aparan bizim kimi kasıb insanlara 1 xiyarı 4 manata satan bu adamlar üçün rəhmət oxuyan tapılacaq?
Seymur VERDİZADƏ