BDU-nun 4-cü kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev vəfat edib. Bu barədə Bakupost.az -a universitetdən məlumat verilib. Qeyd olunub ki, 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricilərinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Azərbaycanda 7-ci sinif şagirdi qızılcadan öldü

Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin qızılcadan vəfat etməsi ilə bağlı məlumat yayılıb.  Sozcu.az xəbər verir ki, “Qafqazinfo” Aysel adlı şagirdin ölümü ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb.  Təhsil ocağından bildirildi ki, şagird bir neçə gün öncə vəfat edib: “Bizdə olan məlumata əsasən, şagirdin ölümünə səbəb ona vurulan iynədən komaya düşməsidir”.  Sözügedən məktəbdə qızılcanın sürətlə yayıldığı iddiasına gəlincə, məktəb bunu təkzib edib: “Qızılcanın sürətlə yayılması ilə bağlı iddialar isə doğru deyil. Dərslərimiz öz qaydasında davam edir. Hər gün bununla bağlı məlumat idarəyə ötürülür”.  Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, 2010-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) 29.01.2024-cü il tarixində təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Daxil olarkən vəziyyəti son dərəcə ağır olub, huşu qaranlıq, dərin intoksikasiya əlamətləri qeyd olunub.  Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 00:40-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunur.

Alternativ hərbi xidmət modeli: Bu şəxslər əsgərliyə getməyəcək

Uzun müddətdir ki, ölkədə alternativ hərbi xidmətlə bağlı yeniliklərin tətbiqi müzakirə olunur. Son olaraq bu gün Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib. Deputat bu kimi addımın gənclərin təhsilinə əlavə təkan olacağını bildirib.  Bəs görəsən alternativ hərbi xidmət modeli özündə hansı dəyişiklikləri ehtiva etməlidir?  Mövzu ilə bağlı ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov Yenisabah.az-a danışıb. Ekspert belə bir modelə çoxdan ehtiyac olduğunu qeyd edib:   “Əvvəla, Azərbaycanda bu günə qədər qəbul olunmamış əsas hərbi qanunlardan biri alternativ hərbi xidmət haqqında qanundur. Bu qanun qəbul olunmalı və daha sonra buna uyğun olaraq bəzi işlər həyata keçirilməlidir. Biz 2025-ci ilə qədər ordumuzu NATO və qardaş Türkiyə standartlarına gətirib çıxarmalıyıq. Türkiyədə ordu sahəsində hansı qanunvericilik varsa, onun Azərbaycan reallıqlarına uyğun hazırlamalıyıq. Azərbaycanda artıq bir övladını şəhid vermiş, yaxınlarını müharibədə itirmiş ailələrin digər üzvlərinin heç olmasa arxa cəbhədə xidmət etməsi və yaxud müəyyən güzəştlərin verilməsi ilə bağlı addımlar atılmalıdır. Mən 25 ilə yaxın hərbi xidmət keçmiş və ali hərbi-siyasi jurnalist təhsili almış şəxs kimi deyirəm ki, Azərbaycanda hərbi sahə ilə bağlı fikir bildirənlərin 90 faizi bu sahədən anlayışı olmayanlardır. Deputatların səsləndirdiyi fikirlər prinsip etibarı ilə kənardan cəlbedici görünə bilər. Amma onun nə dərəcədə real olub-olmaması barədə düşünmək lazımdır”.  Ekspert mövzu ilə bağlı öz təkliflərini də bildirib:  “Mən təklif edirəm ki, xidmət yaşına çatmış hər kəsi hərbi xidmətə aparmaq lazım deyil. Hər bir şəxsin müəyyən maraq dairəsi, istedadlı olduğu sahə var. Gəlin, millətin gələcəyi naminə fikirləşək, əgər hansısa gənc təhsil, elmi yaradıcılıq və bu kimi fəaliyyət sahələrinə maraqlıdırsa, onun 1 il və ya 1 il 6 ay hərbi sistemdə xidmətə cəlb etmək düzgün olmaz. Vətənə xidmət təkcə hərbi sferada deyil, müxtəlif sahələrlə bağlı da yerinə yetirilə bilər. Ümumiyyətlə, Azərbaycanda Qarabağ məsələsi həll olunduqdan sonra hərbi qanunvericilik demək olar ki, təzədən format edilib yenidən hazırlanmalıdır. 21-ci əsrin tələblərinə cavab verən müddəalar yeni qanunvericilikdə öz əksini tapmalıdır. Biz neçə vaxtdır deyirik ki, alternativ xidmət haqqında qanun mütləq qəbul olunmalıdır”. 

Sumqayıtda yanğın - 3 nəfər tüstüdən zəhərləndi

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qadınlar Baydeni, kişilər Trampı DƏSTƏKLƏYİR

Qadınların demokrat namizədə səs vermək istəyinin artması nəticəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları ilə hazırkı dövlət başçısı Co Bayden arasında gender fərqi getdikcə genişlənir. Sozcu.az xəbər verir ki, “Politico”nun məlumatına görə, bunu Quinnipiac Universitetinin keçirdiyi sorğunun nəticələri sübut edir. Sorğuda iştirak edən qadınların yalnız 36%-i Trampı dəstəklədiyini, 58%-i isə Baydenə səs vermək istədiyini bildirib. Öz növbəsində kişilərin təxminən 53%-i Trampı dəstəkləyir, yalnız 42%-i Baydenə səs vermək niyyətindədir.

Evlənmək və boşanmaq istəyənlərin DİQQƏTİNƏ: Qaydalar dəyişdi

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib. Sozcu.az-ın xəbərinə görə, qərara əsasən, nikaha daxil olmaq haqqında ərizə təqdim edildikdə qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə əldə ediləcək. Bu mümkün olmadıqda həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə ediləcək. Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınacaq. Nikah qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılacaq. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstəriləcək. Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının dövlət qeydiyyatı “Elektron məhkəmə” informasiya sistemindən ı Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş nikahın pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparılacaq.

Ermənistan üçün Putinin həbsi qərarının icrası məcburiləşdi

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Ermənistan üçün fevralın 1-dən - bu gündən qüvvəyə minir.  Sozcu.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.  Bununla İrəvan BCM-in tam hüquqlu üzvü olub. Artıq Ermənistan üçün Məhkəmənin Rusiya prezidenti Vladimir Putinin həbsi barədə qərarının icrası məcburidir.  Qeyd edək ki, bununla bağlı uzun müddət gərgin müzakirələr aparılıb. 

Azərbaycanda sürət qatarları niyə sürünür?

Azərbaycanda son günlər sürət qatarlarının hərəkət sürəti tənqid hədəfinə çevirilib. Bu günlərdə tanınmış vəkil Elçin Sadıqov Bakı-Gəncə qatarının videosunu paylaşaraq “Bakı-Gəncə sürət qatarı çox yüksək sürətlə hərəkət edir” – deyə sarkazmla qeyd əlavə edib. Bundan əvvəl də bir neçə oxşar videolar yayılmışdı. Bütün dünyada sürət qatarları yüksək sürətlə hərəkət etdiyi halda, bu ad Azərbaycanda özünü niyə doğrultmur? Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, ölkəmizdə dəmiryolu relsləri müasir infrastruktura cavab vermir: “Sürət qatarlarının ölkəmizdə tətbiqi prinsip etibarı ilə yaxşıdır. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində bu nəqliyyat növündən istifadə olunur.  Amma digər tərəfdən bizdə sürət qatarlarının lazımi yol infrastruktur sistemi demək olar ki, yoxdur. Sürət qatarlarının istifadəyə verilməsindən öncə tələb olunan infrastruktur hazırlanmalı idi. Xüsusən, dəmiryolu relsləri Avropa ölkələrinin texnologiyasına əsaslanmalıydı.  Eyni zamanda tələb olunan sürəti yığa biləcək müasir qatarlar təəssüf ki, bizdə yoxdur. Dünyada artıq tam elektronlaşmış sürət qatarları var ki, onlar saatda 500-600 kilometr sürət həddinə qədər qalxa bilir.  Bu məsələlər bizdə təəssüflər olsun ki, nəzərə alınmayıb. Dəmiryolu xətləri, relslər hamısı demək olar ki, sovet dövründən qalmadır, çox köhnədir. Bu mövzuda çatışmazlıqlar olduqca çoxdur”. Ekspert bu məsələdə dünya təcrübəsindən istifadə olunmalı olduğunu qeyd edib. “Hazırda sürət qatarlarının digər nəqliyyat vasitələrindən fərqli tək üstünlüyü təhlükəsiz olmasıdır. Bu nəqliyyat növündə qəza riski çox aşağı olur.  Amma əgər hansısa bir avtobus, taksi sürət qatarından daha tez lazımi ünvana çatırsa, sərnişinlər vaxt amilinə görə bunlara üz tutur. Yaxın gələcəkdə sürət qatarları üçün lazımi infrastrukturun yaradılması üçün çalışmaq lazımdır.  İstər Bakı-Gəncə, istərsə də Bakı-Qax-Zaqatala istiqamətində tətbiq olunan sürət qatarları yaxşı təşəbbüsdür. Amma hər şeydən öncə biz bu infrastrukturu müasirləşdirməliyik. Çində, Yaponiyada elə sürət qatarları var ki, hətta binaların içərisindən hərəkət edir. Gəlin unutmayaq ki, dəmiryolu nəqliyyatı ən ucuz nəqliyyat növüdür”.

Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ - Bu maşınlar dəyərini 50 % itirir / SİYAHI

Təcrübəli sürücülər, bir avtomobili almadan əvvəl, onun köhnəlmə sürəti ilə maraqlanırlar. Sozcu.az verir ki, mütəxəssislər yenidən satmaq üçün sərfəli olmayan 10 avtomobilin adını açıqlayıb. Lider üç illik istifadədən sonra ilkin dəyərinin 55,8%-ni itirən “Acura RLX” sedanı olub. İkinci yerdə üç illik istismardan sonra qiymətinin 55,6%-ni itirən “Lincoln MKZ” sedanı qərarlaşıb. Üçüncü yeri eyni dövr ərzində dəyərini 55,4% itirən “Mercedes-Benz E-Class” biznes sinif avtomobili tutub. Dördüncü yerdə 54,8% ucuzlaşma ilə lüks sedan “Jaguar XF” qərarlaşıb. İlk altılığa həmçinin “Cadillac XTS” və “Lincoln MKZ” Hybrid daxildir ki, onların hər biri üç il ərzində öz dəyərinin 54,5%-ni itirir. İlk 10-luq siyahısına həmçinin “Kia K900” (54,4%), “BMW 5 Series” (53,8%), “Cadillac CTS” (53,8%) və “Audi A6” (53,3%) kimi modellər daxildir.konkrert)

Çaqayevin 1000 manatlıq məşqinə həkimdən reaksiya: “Ölüm riski var!”

“TikTok”un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir. Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür. Görəsən, ağır çəkili insanların rəqs və yüksək templi məşqlər etməsinin sağlamlığa hər hansı zərəri varmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu cür məşqlər ürək üçün risklidir: “Bu cür yüksək templi məşqlər infarktdan tutmuş, qəfil ölümə qədər apara bilər. Həmçinin, bu cür məşq qan təzyiqinin qalxmasına da səbəb olur. Xüsusilə, yaşlı adamlar üçün bu təhlükə daha böyükdür. Belə məşqlər ağır fiziki məşqlərdir. Bu gün qəfləti ölümlərin sayı artıb, adicə toyda içib tullanıb-düşəndə bir də görürsən şəxs ürəktutmadan vəfat edir. Ümumiyyətlə, hər şeyin əndazəsi var. Məşqçi bununla nə etmək istəyir? Bu məşq deyil, sanki idmana gələnləri qamçılayıb döyür, belə məşqin orqanizmə nə faydası var?! Hər məşqin özünün qaydası var, orqanizm buna öyrəşməlidir. Birdən-birə belə məşqlə, tullanıb-düşməklə orqanizmə xeyirdən çox zərər dəyir”. Kardioloq qeyd edib ki, piylənmədən əziyyət çəkənlər əvvəlcə həkimə müraciət etməlidir: “Piylənmədən əziyyət çəkənlər məşqə yazılmamışdan öncə həkimə müraciət etməlidir. Aydınlaşdırmaq lazımdır ki, şəxsin piylənməsi genetikdirmi, yoxsa qida ilə bağlıdır? Ola bilər ki, kökələn adamın hər hansı endokrin xəstəliyi olsun. Bunları yoxlamaq lazımdır. Xəstənin heç olmasa kardeoqrammı, exo-kardeoqrammı olmalıdır, məşqlər mütləq pəhrizlə birgə aparılmalıdır. Pəhriz olmasa, bu cür məşqi gündə 10 saat da etsən istədiyin nəticəni ala bilməyəcəksən. Yavaş-yavaş pəhrizlə istədiyin çəkiyə çatandan sonra məşqləri edə bilərsən, amma birdən-birə o cür ağır məşqlər təhlükəlidir. Bunun xoşagəlməz nəticələri ola bilər. O cür artıq çəkili adamların bədənindəki qədər daxildə - ürəyinin ətrafında piy olur. Piy ürəyi sanki torbanın içinə alır və sıxır, ürəyi normal açılıb-yığılmağa qoymur. Buna görə də daxili piyləri yavaş-yavaş, mülayim formada əritmək lazımdır. Bunun üçün zaman lazımdır. Birdən-birə ürəyi piy basmış adamı ağır məşqlərə saldıqda qəfləti ölüm riski artır”.

Bəlucların din xadimi: Edamlar illahi təlimlərə ziddir

İranın Sistan və Bəlucistan əyalətinin nüfuzlu sünni din xadimi Moləvi Əbdülhəmid ölkədə edam hökmlərinin sayının artmasına etiraz edib. O, bu barədə "X" hesabında paylaşım edib. Din xadimi ölkədə edam hökmlərinin daha çox etnik xalqların nümayndələrinə qarşı çıxarıldığını deyib. "Bu ilahi təlimlərə, bəşəri qanunlara uyğun gəlmir, bu, peyğəmbərin, onun səhabələrinin və davamçılarının da inanclarına ziddir",- Moləvi Əbdülhəmid bildirib. Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və 2-si yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

“Mançester Siti”nin sabiq futbolçusu “Əl-İttifaq”a keçdi

"Əl Nəsr" futbolçusu Seko Fofananı icarəyə verib. Sozcu.az xəbər verir ki, afrikalı yarımmüdafiəçi mövsümün sonuna kimi "Əl İttifaq"da çıxış edəcək. Bu barədə "Əl-Nəsr"in mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Fofana bu mövsüm 19 oyunda meydana çıxıb və 2 qol vurub. Onun "Əl Nəsr"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Fil Dişi Sahili millisinin üzvü “Mançester Siti”, “Fulhem”, “Bastiya”, “Udineze”, “Lans” klublarında da oynayıb.

"Onları ancaq bu qədər aldada bildim"

Xəbər verdiyimiz kimi, "Maska" şousunda "Nar" obrazı ilə çıxış edən tanınmışın aşıq Samirə Əliyeva olduğu ortaya çıxıb.  Axşam.az-ın məlumatına görə, sənətçi şoudakı iştirakı ilə bağlı təəssüratlarını bölüşüb. "Bu da son. Çox çalışdım ki, məni aparıcı, aktrisa hesab etsinlər. Ancaq dedektivləri bu qədər aldada bildim, yarımfinalda yaxalandım. Aşıq sənətinin nümayəndəsi olaraq bu böyük şouda fərqliliyimi inqilab hesab edirəm. Sayənizdə çox həyəcanlı səhnə həyatı yaşadım" deyə, Samirə paylaşımında bildirib.  Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.

Azərbaycanda 44 hərbçi cəzalandırılıb

Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 hərbi qulluqçusu mükafatlandırılıb, 15 hərbi qulluqçu Prezidentin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb, 24 hərbi qulluqçu Türkiyəyə müxtəlif sahələr üzrə kurslara göndərilib. Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. Ötən il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib.

Sabirabadda tibb məntəqəsi yandı

Sabirabad rayonunun Bala Həşimxanlı kəndində tibb məntəqəsi yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb. Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu qurumda maaşlar azaldıldı: ixtisarlar başladı

Su İdmanı Sarayında işçilərin maaşları azaldılıb. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, işçilərin əmək haqları 25-30% endirilib. Qurumun bəzi əməkdaşları maaşlarının azaldılmasına etiraz olaraq işdən ayrılacaqlarını bildiriblər. Faktı Su İdmanı Sarayının ictimaiyyətlə əlaqələr şöbəsindən təsdiq ediblər.

Fevralın havası: Bakıda 4 dərəcə şaxta olacaq

Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm). Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, dağlarda 6-11 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 8ğ mm).

Prezident bu ASC-ni ləğv etdi

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və Azərsığorta ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Sozcu.az xəbər verir ki, fərmana əsasən, "Azərsığorta" ləğv edilib. Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.

707-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 707-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 385 230 hərbçi, 6 310 ədəd tank, 11 757 ədəd zirehli döyüş maşını, 9195 ədəd artilleriya sistemi, 974 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 663 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 231 ədəd avtomobil texnikası, 7100 ədəd PUA, 1 846 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1452 xüsusi avadanlıq itirib.

Bacısını döyüb öldürən şəxsə hökm oxundu

Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevə hökm oxunub. Sozcu.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, A.Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham aktında qeyd edilib ki, hadisə ötən il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib. Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı - 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılıb, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb. A.Əfəndiyevə qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

NATO Bakı-İrəvan münasibətləri barədə açıqlama yaydı

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib. “Danışıqların ikitərəfli formatını da dəstəkləyirik. Sonunda iki ölkə necə irəliləyəcəyinə qərar verməlidir, buna görə də biz sülhə aparan hər şeyi dəstəkləyəcəyik. Hesab edirik ki, prosesin əsasını təşkil edən prinsiplər - suverenliyə və ərazi bütövlüyünə hörmət əsasdır”, - o bildirib. Kolomina qeyd edib ki, BMT Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmazsa, NATO tərəflər arasında mövqe tutmur.

İran geri çəkildi, hücumlar dayandırıldı - Təcili

İrana bağlı silahlı qruplaşmanın ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumundan sonra Vaşinqtonun cavabından ehtiyat edən Tehran geri çəkilir. Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” Suriya İnsan Haqları Monitorinq Qrupuna istinadən məlumat yayıb. Bildirilib ki, SEPAH Suriyadakı silahlı qruplaşmalardan ABŞ hədəflərinə hücumları dayandırmalarını istəyib. Bununla yanaşı, İrana bağlı Kataib Hizbullah da bəyanat yayaraq, İraq və Suriyada ABŞ hədəflərinə hücumları dayandırdıqlarını açıqlayıb. Bu qərarın SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaaninin tələbi ilə qəbul edildiyi bildirilir.

Bakıda sənədsiz evlərə çıxarış veriləcək - Bu ərazilər istisna olmaqla...

İllərdir həllini tapmayan sənədsiz ev problemi yenidən gündəmdədir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev açıqlama verib. O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir. Mətin Eynullayev bu məsələ ilə bağlı qanun layihəsinin hazırlandığını bildirib.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, tikinti qadağası olan xüsusi ərazilərdə tikilənlər istisna olmaqla, digər sənədsiz evlərə mərhələli formada çıxarış veriləcək: “Bu prosesə 2019-cu ildən başlanılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidməti hələ o vaxt komissiya yaratmışdı və həmin komissiya öz profilinə uyğun olaraq hər bir rayonun ərazisində olan sənədsiz-qeydiyyatsız evlərin qeydiyyat uçotunu aparmağa başlamışdı. Lakin 2020-ci ildə pandemiya başlandığı üçün bu proses yarımçıq qaldı. Təcrübə göstərdi ki, bu qeydiyyataalma prosesi icra hakimiyyətləri tərəfindən özünəməxsus formada aparılıb. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, təyin olunmuş xüsusi zonalar istisna olmaqla, digər yaşayış evlərinə çıxarışların verilməsinə mərhələli formada amnistiya veriləcək”.  Ekspert amnisitiyaya düşməyəcək əraziləri də qeyd edib. “Xüsusi zonalar dedikdə, elektrik xətlərin keçdiyi, neft əraziləri və kənd təsərrüfatı təyinatlı torpaqlar nəzərdə tutulur ki, bunların sənədləşdirilməsi qanunvericiliyə ziddir. Sənədləşdirmə ilə bağlı müvafiq dövlət qurumlarının rəyi hazırlanır. Bu proses mərhələli formada həyata keçiriləcək. Çünki hazırda sənədsiz evlərin sayı olduqca çoxdur və bunlar müxtəlif təyinatlı torpaqlarda tikilib”. 

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür. Sozcu.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib. 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb. 29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət İli" elan edilib. Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.