Şəmkirdə maşın aşdı, 16 yaşlı oğlan öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Hakan Fidan Ermənistanla normallaşma prosesindən DANIŞDI

Cənubi Qafqazda normallaşma prosesi sürətlənib. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində deyib. “Cənubi Qafqazda sabitlik, rifah və təhlükəsizliyin təminatı üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılma prosesinin paralel olaraq irəliləməsi vacibdir”, - nazir bildirib. Onun sözlərinə görə, regionda sabitliyin təmin olunmasında koordinasiyalı fəaliyyət önəmlidir.  “Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq” - XİN başçısı əlavə edib.

Axtarışda olan şəxs oğurluğa görə TUTULDU

Sumqayıtda axtarışda olan şəxs oğurluğa görə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən bazarda bir anbardan 7 ədəd elektrik mühərriki, kompressor, qaz balonu, mühərrik qaldıran açar dəsti və 4 ədəd balans mühərriki, bir avtomobil təmiri sexinin həyətindən isə avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri Elvin Allahverdiyev və əvvəllər məhkum olunmuş Xəqani Əhmədov saxlanılıblar. Araşdırmalarla E.Allahverdiyevin borclu qismində axtarışda olması müəyyən olunub.

Separatçılar çıxılmaz vəziyyətdədir - Arayikdən etiraf

“Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb”. Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Qarabağdakı erməni separatçılarının başçısı Arayik Arutyunyan acınacaqlı vəziyyətə düşüb. “Erməni separatçılarının lideri Arayik Arutyunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsindən hazırkı reallıqları anladığı bəlli olur. Bəli, onun da dediyi kimi, Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etməkdir. Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək. Separatçıların ümid etdikləri 10 noyabr bəyanatı Azərbaycanı dayandırmaq gücdə deyil. Arutyunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb. Bu, Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir”, - deyə politoloq vurğulayıb.

Şoltsun partiyası ilk dəfə “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya verməyə çağırdı

Almaniyada hakim Sosial Demokrat Partiyasının deputatı Andreas Şvarts ilk dəfə olaraq rəsmi Berlini Ukrayna Silahlı Qüvvələrini uzaqmənzilli qanadlı raketlərlə təmin etməyə çağırıb. Xüsusilə, o, Ukraynanın əks-hücumuna kömək etmək üçün Almaniyanın Kiyevə 500 km mənzilli "Taurus” qanadlı raketləri verməli olduğu fikrini ifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə "Welt” yazır.  "Əks-hücum dayanır, Ukraynanın onu dəstəkləyəcək əhəmiyyətli hərbi hava qüvvəsi yoxdur (...) Yalnız "Taurus” qanadlı raketləri kimi idarə olunan silahlar qalıb ki, onların köməyi ilə Ukrayna ordusu ruslar tərəfindən salınmış mina sahələrini dəf edə və ərazilərini geri qaytara bilər”, - siyasətçi fikrini izah edib. O, Ukraynanın Rusiyaya bu silahlarla zərbə endirməyəcəyinə əminliyini ifadə edib, çünki o, "Mars” və "Himar”lar xidmətində ola-ola hələ də bunu etmir. "Ukraynalılar Rusiya ərazisinə daxil ola bilərlər, lakin indiyədək bundan yayınıblar", - o vurğulayıb. Şvarts vaxt itkisi ilə bağlı da xəbərdarlıq edib: "Mən dejavunun gələcəyini görürəm. Tank məsələsində olduğu kimi, biz indi də çox güman ki, sonda onsuz da çatdırılacaq mühüm avadanlıqları təhvil verməkdən imtina edirik". Maraqlıdır ki, hazırda Ukrayna Silahlı Qüvvələri Britaniya, eləcə də fransalı həmkarı - SCALP tərəfindən təmin edilmiş uzaqmənzilli "Storm Shadow" raketlərindən istifadə edir. Bununla yanaşı, ABŞ Ukraynaya özünün ATACMS kimi tanınan uzaqmənzilli raketlərini verməkdən çəkinir, çünki onlar Kiyevin Rusiya Federasiyası ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyindən ehtiyat edirlər.

İntihara cəhd edən həkim müdirindən yenidən şikayətçidir

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-laborantı Aynur Əsədlinin institutun kliniki-diaqnostika laboratoriyasının müdiri Nuriyyə Səlimova barəsindəki xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə çəkişməsi davam edir.  A.Əsədli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 8-nə təyin edilib. Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə A.Əsədli laboratoriya müdirinin Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, laboratoriya müdiri mətbuatda çıxış edərək onu dələduz adlandırıb. N.Səlimova isə ittihamları rədd edib. O, özü barəsində böhtan xarakterli məlumatların yayıldığını deyib. Məhkəmə Aynur Əsədlinin xüsusi ittiham qaydasındakı şikayətini təmin etməyib. Nuriyyə Səlimovaya Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə bəraət verilib. Xatırladaq ki, bir müddət əvvəl Aynur Əsədli işlədiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qayçı ilə özünə xəsarətlər yetirərək intihara cəhd etmişdi.

"Qarabağ ətrafında yaranmış situasiyanı düşmənin fürsətinə çevirmək olmaz...”

“Qlobal güclərin bölgə uğrunda mübarizəsinin bizə qarşı təzyiqlər siyasətinə keçməsinə imkan vermək olmaz...”                  Rəsmi maaşını İrəvandan alan  Ermənistanın Xankəndindəki baş məmuru Araik Arutunyan dünən yerli televiziya ilə çıxış edib. Bir həftə əvvəldən bu çıxış üçün elə anonslar verilmişdi ki, guya Arutunyanın çox taleyüklü bir çıxışı olacaq və bu çıxışdan sonra Qarabağ ermənilərinin gələcək taleyi müəyyənləşəcək. Açığı, verilən anonslara və real vəziyyətə əsaslanıb, məntiqlə Arutunyanın çıxış yolu barədə praqmatik təkliflər irəli sürəcəyi ehtimal olunurdu. Araik çıxış elədi və.., indiyədək bütün ermənilərin dediklərini təkrar etdi. Yenə “genosid”, “etnik təmizləmə”, “humanitar fəlakət”, “2000 hamilə qadın” ( nə oldu, bunlardan heç doğub qurtaran olmadı ki, say dəyişmir) və bu qəbildən olan terminlər işlətməklə “məzlum, əzabkeş xalq” obrazı təsvir etməyə çalışıb, üstəlik, Vaqif Xaçaturyanı da unutmayıb. Çıxış yolunu isə dirənişi davam etdirməkdə gördüyünü elan edən Arutunyan əlavə şərt də irəli sürüb: “Bizə ünvanlanan istənilən təklif, ilk növbədə, ləyaqətimiz çərçivəsində olmalı, beynəlxalq humanitar norma və qaydalara uyğun olmalıdır. İstənilən həyati vacib təklif və ya qərar üçün xalqımızın hisslərini əks etdirən konsensusa malik olmalıyıq”. İrəvanın Xankəndindəki baş məmuru da, bu fikri tez-tez təkrar edən başqa erməni siyasilər və onlara havadarlıq edən Qərb və Rusiya rəsmiləri də bilməlidir ki,  ləyaqət prinsipi yalnız bir qrup separatçıya aid deyil. Azərbaycan öz milli ləyaqət və dövlət qürurunu qorumaq üçün beynəlxalq hüquqla və tarixən ona aid olan torpaqlarını son qarışınadək heç kəsə güzəşt edəsi deyil. Bizim ləyaqətimiz başqalarının alçaldılmasına hesablanmayıb. Azərbaycanda yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyi necə qorunursa, sayı Azərbaycanda yaşayan digər etnik azlıqlardan qat-qat az olan ermənilərin də hüquqları beynəlxalq hüquq və normalar çərçivəsində qorunacaq. Baxmayaraq ki, 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqı qarşısında elə cinayətlər törədiblər ki, bəlkə də dünyanın heç bir xalqı bu cinayətləri törətmiş bir millətə qarşı bizim kimi humanist mövqedən yanaşmazdı. Bu da bizim xalqımızın “hisslərini əks etdirən konsensusdur”... Ermənilər açıq etiraf edirlər ki, indiki vəziyyətə səbəb Laçın yolunun bağlanması deyil, Azərbaycanın birgəyaşayış təkliflərini qəbul etməməkdir. Xankəndindəki məmurcuqlar da, bütün ermənilər də Azərbaycanla bərabərhüquqlu subyekt kimi danışıqlar aparmaq istəyirlər. Baxmayaraq ki, 44 günlük müharibədən sonra havadarları da ermənilərə çatdırdılar ki, “plankanı aşağı salın”. Salmırlar...  Yaranmış situasiya ermənilərin arzuladıqları mənzərədir. Azərbaycanı qəddar obrazda təqdim edib, beynəlxalq ictimaiyyəti üzərimizə qaldırmaq... BMT-nin, NATO-nun və digər beynəlxalq qurumların hələlik “narahatlıqlarını” ifadə edən çağırışları perspektivdə maraqlarımıza uyğun olmayan duruma çevrilməməlidir. Qlobal güclərin bölgə uğrunda mübarizəsinin bizə qarşı təzyiqlər siyasətinə keçməsinə imkan vermək olmaz. “Humanitar böhran” adı altında siyasi konyukturanın böyüməsi problemin yenidən dondurulmasına gətirib çıxara bilər və bu ilk növbədə bölgəni tərk etmək istəməyən Rusiyanın maraqlarına uyğundur. Qərb isə nə qədər sülhdə maraqlı olsa belə, bu konyukturanı inkişaf etdirib ölmüş “status” məsələsini müzakirə predmetinə çevirməyə cəhd edə bilər. Hər iki xətt Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil...  Laçın yolunda tətbiq edilən məhdudiyyətlər istisna olmaqla düşmənin bu cür təxribat xarakterli təbliğatına qarşı hansı addımlar atılmalıdır ki, situativ mənzərə dəyişmiş olsun? Bəri başdan qeyd edək ki, Laçın yolu “Spayka” üçün qeyd-şərtsiz açılarsa, ermənilər bunu qələbə kimi vurğulayıb, mübarizə ilə çox hədəflərə nail olmağın mümkünlüyünü təbliğ edə bilərlər.  Ağdam yolundan istifadə etmək, Ermənistandan gələn hər hansı bir yükə, o cümlədən humanitar yükə aid deyil. O yoldan istifadə şəraitini biz yaratmalıyıq. Azərbaycan Qarabağın erməni icması üçün humanitar malları real şəkildə nümayiş etdirməli və dünyaya informasiya çatdırmalıdır ki, heç kəsə humanitar fəlakət yaşatmaq niyyətində deyil. Yola beton plitələri də ermənilər özü düzüb. Bura Azərbaycanın ərazisidir və buradakı problemləri özümüz həll edə bilirik. Qarşı tərəf qəbul etmir və bunu “ləyaqət” prinsipi adı altında edirsə, deməli “ləyaqət” bəhanədir, onlar sülh istəmir və bunu heç də gizlətmirlər. Bir vacib tərəfi də qeyd etmək xüsusilə lazımdır ki, Xankəndi ermənilərinin böyük hissəsi Azərbaycanın tərkibində yaşamaq istəmir, eyni zamanda Qarabağı da tərk etmək fikrində deyillər. Separatçılar daha çox qisas və revanşist hisslərlə yaşadıqlarını gizlətmirlər. Ona görə də, “sadə ermənilər bizi gözləyir” rəyinin indiki situasiyada əsası yoxdur. Siyasətimiz reallığa hesablanmalıdır. Reallığın bir tərəfi də indiki həssas dönəmdə Qarabağın erməni icması üçün perspektiv humanitar layihələr, proqramlar barədə rəsmi çıxışlara yer verməkdir. Dünənə qədər bir-birinə güllə atan tərəflərdə inam, etibar tezliklə yaranmır və adətən məğlub tərəfin buna psixoloji ehtiyacı olur. Azərbaycan həm də böyüklüyünü, qalibliyini nümayiş etdirməlidir... Ardınca tələblərimizi irəli sürməliyik, hər zaman təkrar etdiyimiz tələblərimizi. Amma, bu dəfə vaxt verib xəbərdar etmək şərtilə. Erməni silahlı qüvvələri çıxarılır, təhlükəsizlik şərtlərinə əməl etməklə qaçqınlarımız doğma evlərinə qayıdırlar. Amnistiya təklifi də hələlik qüvvədə qalır. Əks halda axtarışda olanları Vaqif Xaçaturyanın aqibəti gözləyir... moderator   İlham İsmayıl

"Ben bu cihana sığmazam"dan sonra bu layihədə yer aldı

"Ben bu cihana sığmazam" serialından ayrılan aktrisa Işıl Yücesoy çox özəl bir proyektdə kamera qarşısına keçib. Sozcu.az xəbər verir ki, Işıl “Hadi, Tut Elimi” uşaq filmində rol alıb. Rejissorluğunu Tuğçe Soysopun etdiyi filmdə Gürol Beşer, Alp Kırşan, Sevinç Erbulak, Erhan Yazıcıoğlu, Coşkun Demir, Doğan Akdoğan, Ezo Sunal, Tuğçe Karabayır da çəkilib. Keçən il nəvəsi Ozanı qucağına alan Işıl Yücesoy filmin setinin son kadrlarını çəkərək, “Yaxşı, bu qədər əyləncə var. Digər uşaqlarım da məni gözləyir” sözlərini söyləyib. 

Araiki kim danışdırır? - “Bu, Kremlin təlimatlarıdır”

“Qarabağda mövcud olan xunta rejimi özünün daim tərəf göstərməyə çalışır. Lakin bu rejimi saxlayan qüvvə Rusiyadır və onun fikirlər məhz Moskvadan verilən təlimatlar əsasındadır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O, Araik Arutyunyanın son müsahibəsini şərh edib. Xatırladaq ki, Arutyunyan rəsmi Bakını ittiham etməkdən çəkinməyib. “Bu fikirlərə çox da əhəmiyyət verməyin tərəfdarı deyiləm. Çünki o, Xankəndi və Bakını bərabərhüquqlu tərəflər sayır. Üstəlik, hansısa beynəlxalq platforma və mexanizmlər çərçivəsində üçüncü ölkədə danışılar aparılması ilə bağlı həddini aşan təkliflərlə çıxış edib. Bu, Kremlin təlimatlarıdır. Özləri də dəqiq bilirlər ki, Bakı bu cür avantürist və Azərbaycanın suverenliyini şübhə altına alacaq heç bir addıma getməyəcək”, - deyə O. Qasımov qeyd edib. Siyasi təhlilçinin sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalıdır: “Qarabağ məsələsi Azərbaycanın daxili işidir, orada yaşadan insanlar Azərbaycan vətəndaşıdır. Əgər kimlərsə Azərbaycan qanunları və Konstitusiyasını qəbul edərək burada yaşamaq qərarı verəcəksə, onların bütün hüquqi təminatı ödəniləcək. Azərbaycan vətəndaşlığını qəbul etməyənlər üçün də seçim bəllidir”. O. Qasımovun fikrincə, Arutyunyanın fikirlərində yeni təşəbbüs yoxdur: “Separatçılar hesab edir ki, bu məsələni beynəlxalq gündəmdə daha çox saxlamaqla həm Azərbaycan-Ermənistan normallaşma prosesinə ciddi şəkildə əngəl törədə bilərlər, – bu, Rusiya və Ermənistanın maraqlarına uyğundur, – həm də beynəlxalq təzyiqlərin artırılması yolu ilə Qarabağdakı ermənilərə hansısa status və yaxud digər imtiyazlar verilə bilər. 8 aydır “humanitar fəlakət”dən danışılır. Qarabağ elə bir coğrafi bölgədədir ki, qida və ərzağı yetəcək qədərdir. 30-35 min nəfərlik əhalinin heç bir sıxıntısı yoxdur. Belə bir problem olarsa, bununla bağlı çıxış yolu göstərilib: Ağdam-Xankəndi yolu”. Müsahibimiz xatırladıb ki, əslində, “humanitar yardım” şousu 9 il öncə Rusiya tərəfindən Donbasa göndərilən “humanitar yardım”la eynidir: “O zaman da Rusiya Ukrayna ərazilərinə “humanitar yardım” adı ilə 2 məqsədə nail olmaq istəyirdi: Birincisi. Ukraynanın ərazi bütövlüyünü şübhə altına almaq. İkincisi, “humanitar yardım” adı altında Donbas separatçılarına hansısa əlavə hərbi ləvazimatların çatdırılması. İndi Kreml eyni ssenarini Qarabağda həyata keçirmək istəyir. Araikin səsləndiridyi bəyanatlar sülh prosesinə ciddi əngəl törətməyəcək. Atalar demiş, milçək özü bir şey deyil, amma könül bulandırır.

Şəkər xəstələrinin xilaskarı: zərdəçal ola bilər...

"Plos One" jurnalında nəşr olunan son elmi araşdırma metabolik sindrom, II tp diabet və prediabetli xəstələrdə zərdəçal əlavəsinin qlükoza metabolizminə təsirini tədqiq edib. Sozcu.az Medicina.az-a istinadən xəbər verir ki, diabet 2019-cu ildə 437.9 milyondan çox insana təsir edərək qlobal sağlamlıq problemi halına gəlib. Bu xəstəliyə tutulma halları inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinir. Bu tip diabetin idarə edilməsi çətin olsa da, müalicə üçün xəstəliyə nəzarət çox önəmlidir. Az inkişaf etmiş ölkələrdə qabaqcıl müalicə üsulları əlçatan olmadığı üçün yerli bitkilərin dərman məqsədli istifadəsinə rast gəlinir. Qida və tibbdə istifadə olunan zərdəçal (sarıkök) diabet xəstəliyi üçün tədqiq olunub. Bu araşdırmada tədqiqatçılar zərdəçalın metabolik sindrom, diabet və prediabetli xəstələrin metabolik və qlisemik parametrlərinə təsiri ilə bağlı mövcud sübutları nəzərdən keçiriblər. Prediabet, metabolik sindrom və ya diabetə tutulan yetkin şəxslərdə də standart terapiyaya nisbətən zərdəçal əlavəsinin təsiri qiymətləndirilmiş və qlisemik parametrləri müqayisə edilib. Zərdəçal əlavəsinə bütün növ "curcuminoid" ekstraktları, aşağı dozada piperin və ya orqanizmə daxil olduqda dövriyyəyə daxil olan preparatlar daxildir.

Şenol Güneş: "İlk hədəfimiz "Neftçi"ni məğlub etməkdir"

“Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçlar haqqında danışıb. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis Bakı təmsilçisinə qalib gələrək mərhələ adlamaq istədiklərini deyib: “Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Tempi artırmaq zamanıdır. Heç kimin əsas heyətdə oyayacağına dair zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. İlk hədəf “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Superliqa matçına hazırlaşacağıq. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”. Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Bakcell Arena”da olacaq. İstanbul təmsilçisi Superliqanın 1-ci turunda avqustun 14-də “Fatih Karagümrük”lə qarşılaşacaq.

Türkiyədə bir ailənin 3 üzvü qəzada öldü

Türkiyənin Bursa əyalətində minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində bir ailənin 3 üzvü olmaqla 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı “TRTHaber” yayıb. Bildirilib ki, Bursanın Karacabey rayonunda yol kənarında dayanan yük maşınına minik avtomobili çarpılıb. Nəticədə minik avtomobilinin sürücüsü, həyat yoldaşı, qızı və daha bir nəfər ölüb, 2 nəfər isə yaralanıb. Məlumata görə, yol kənarında dayanan TIR-ın sürücüsü yatıbmış. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları cəlb edilib. Qəzanın səbəbi araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

“Barbi”nin satışı bir milyard dolları keçdi

“Barbi” filmi dünya üzrə satışının 17-ci günündə bir milyard dollardan çox gəlir əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Varner Bros” kinostudiyası məlumat verib. Məlumata görə, film dünya üzrə 1,03 milyard dollar bilet satıb. Qeyd edək ki, filmin rejissoru Qreta Qerviq kino tarixində ən çox gəlir gətirən qadın rejissor kimi tarixə düşüb.

Ruslar böyük itkilər verir: İki yük maşını dolu meyit...

Çaplinkadakı morqa Xerson istiqamətindən iki yük maşını dolu rus hərbçilərin meyitləri gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Düşmən ağır itkilər verməkdə davam edir və onu hər vasitə ilə gizlətməyə çalışır. Belə ki, Çaplinka yaşayış məntəqəsindəki morqun ərazisinə Xerson istiqamətindən Rusiya ordusunun hərbçilərinin cəsədləri ilə dolu iki yük maşını gəlib”, - məlumatda qeyd olunub.

SEPAH milli təhlükəsizliyə ən böyük təhdiddir - London

İran İnqilab Keşikçiləri Korpusu Britaniyanın milli təhlükəsizliyinə ən böyük təhdiddir. Sozcu.az xəbər verir ki, bunu Britaniya daxili işlər naziri Suella Braverman deyib. O, həmçinin, SEPAH-ın Böyük Britaniyada fəaliyyətinin mümkün artımından, ölkədə İran hökumətinə müxalifləri hədəfə almaq üçün iranlı casuslar tərəfindən mütəşəkkil cinayətkar dəstələrin cəlb edilməsi ilə bağlı kəşfiyyat hesabatlarından narahat olduğunu bildirib.

Afrikada genişmiqyaslı müharibə olacaq - Stavridis

Nigerdəki vəziyyət Afrika qitəsində genişmiqyaslı müharibəyə çevrilə bilər. Sozcu.az xəbər verir ki, bunu NATO-nun Avropadakı keçmiş komandanı, admiral Ceyms Stavridis deyib. “Nigerdəki vəziyyət Avrikada genişmiqyaslı müharibəyə gətirib çıxaracaq? Sözsüz, bunun üçün potensial var. Bu, dağıdıcı bir hadisə olardı”, - Stavridis bildirib.

Rusiyanın itkiləri 250 MİNİ ötdü

Ukrayna müharibənin 530-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 250 240 hərbçi, 4244 ədəd tank, 8270 ədəd zirehli döyüş maşını, 4977 ədəd artilleriya sistemi, 709 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 467 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7451 ədəd avtomobil texnikası, 4154 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 735 xüsusi avadanlıq itirib.

Qızılağac Milli Parkındakı yanğın tam söndürüldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazinin çətin keçilən bataqlıq və küləkli hava şəraitinə baxmayaraq tam söndürülüb. Bu barədə Sozcu.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində təxminən 200 hektar sahədə kol-kos və qamışlıq yanıb. Milli Parkın böyük hissəsi yanğından mühafizə olunub. "Xatırladaq ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və yerli icra hakimiyyətinin müvafiq qüvvələri iştirak edib", - məlumatda qeyd olunub.

Ərəb əsilli general Türk Ordusunun Qərərgah rəisi oldu: Soylu da vurulur

Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi Mətin Gürak keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun bacanağıdır.  Ötən il müdafiə naziri Hulusi Akarın təşəbbüsü ilə qəbul olunan qanun dəyişikliyi ilə Baş Qərargah rəislərinin təqaüd yaşı 67-dən 72-yə qaldırılıb. Bu dəyişikliklə o vaxtkı Baş Qərargah rəisi Yaşar Gülərin, yaxud Gülər təqaüdə göndəriləcəyi təqdirdə, qaydalara görə onun yerinə təyin olunacaq Quru Qüvvələri komandanı Musa Aysevərin səlahiyyət müddətini 2027-ci ilə qədər uzatmaq mümkün olacaqdı. Bu halda Mətin Gürak 2025-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndəriləcəkdi. Hulusi Akarın bu qanun dəyişikliyi ilə məhz Gürakın Baş Qərargah rəisliyini əngəlləmək niyyəti güddüyü kulislərdə danışılırdı.  Lakin prezident Ərdoğan gözlənilmədən Hulusi Akarla yollarını ayırdı və onun yerinə Yaşar Gülər təyin olundu. Güləri Baş Qərargahda müvəqqəti əvəz edən Quru Qüvvələri komandanı Aysevər isə yaş həddi ilə əlaqədar Yüksək Əsgəri Şura tərəfindən təqaüdə göndərildi və Baş Qərargah rəisi vəzifəsinə 2-ci ordunun komandanı Mətin Gürak gətirildi. M.Gürak Mardində doğulub və ərəb əsillidir.    Bir sözlə, hərbi sistemdəki intriqalarda uduzan Hulusi Akar oldu. O, indi heç bir gücü olmayan adi bir millət vəkilidir.  Bunu Süleyman Soyluya da aid etmək olar. O da özünü çox güclü hiss etdiyi bir dönəmdə birdən-birə yüksəklikdən yerə düşdü. (Ərdoğan tipli liderlər bu cür “şişmiş” adamları sevmir.) Yeni daxili işlər naziri Əli Yerlikaya hazırda Soylunun adamlarını sistemdən təmizləməyə başlayıb. Vəzifədən azad olunanlar arasında Soylunun sağ və sol əli kimi tanınan paytaxtın polis rəisi (əmniyyət müdiri) Sərvət Yılmaz və Sedat Pekerin ifşaedici çıxışlarında adı tez-tez hallanan Əmniyyət genel müdir yardımçısı Rəsul Holoğlu da var. Yılmaz və Holoğlu MHP-yə yaxın idi.  2021-ci ildə Ankara əmniyyət müdiri S.Yılmaz nazir Soylu ilə arası soyuq olan İstanbul valisi, indiki nazir Əli Yerlikaya haqqında FETÖ dosyesi hazırlayaraq onu “vurmağa” çalışmış, lakin bu plan baş tutmamışdı. Şahin Cəfərli, politoloq 

Azərbaycanda bütün siqaretlər bahalaşdı

Bu gündən etibarən Azərbaycanda bütün siqaretlərin qiyməti artıb. Sozcu.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a satıcılar xəbər veriblər. Bildirilib ki, siqaretlər firmalar tərəfindən bahalaşdırılıb. Firmalar bütün siqaretlərin qiymətinə 10 qəpik əlavə ediblər.

Başkənd uğrunda savaş(1992-ci il avqust) - Dilqəm Əliyev yazır(2-hissə)

Mən indi sizi 1992-ci il 07--08 avqust tarixində Başkənd - Mutudərə əməliyyatında iştirak edən, Başkəndə hücum edən qüvvələrlə və eyni zamanda həmin zaman hərbi hissədə olan peşəkar zabitlərlə tanış edirəm:  -- 861 saylı HH-nin komandiri-- Polkovnik leytenant Rüstəmov Cahangir - Ukraynada Vasilkovo Hərbi Aviasiya Məktəbində təhsil alıb. Sovet ordusunda Qırmızı Ulduz ordeninə layiq görülüb.  -- 861 saylı hh-nin QR - kapitan Nadir Qasımov. Ukraynada Donetsk Hərbi Siyasi məktəbdə təhsil alıb.  -- 861 saylı HH komandirinin silahlanma üzrə müavini (MTO) Baş leytenant Dilqəm Əliyev. 1982--1986-cı illərdə Bakı Ali Ümumqoşun Komandirləri məktəbində təhsil alıb. 1986--1992-ci illərdə Ukraynadfa məşhur Dəmir Diviziyada xidmət edib. Zabit Məharət dərəcəsi--USTA.  -- Mayor Süleyman Yusifov. 861 saylı hh-nin Arxa cəbhə üzrə müavini. Ukraynada Vasilkovo Aviasiya məktəbini bitirib.  -- 2-ci batalyonun komandiri polkovnik leytenant Malbaxov Vyaçeslav. Rusiya Federasiyasının Kabardino Nalçik şəhərində Alı Ümumqoşun məktəbində təhsil alıb. Əfqanıstan döyüş məktəbini keçib,200-dən çox uğurlu əməliyyatları həyata keçirib. Sovet Ordusunda Qırmızı ulduz ordeninə layiq görülüb.  -- 4-cü batalyonun komandiri kapitan Rizvan Pirnəzərov. Rusiya Federasiyasında Ali Siyasi məktəbi bitirib,Əfqanıstan döyüş məktəbini keçib.  -- 1-ci batalyonun QR Kapitan İlham Əliyev. 1982--1986-cı illərdə Bakı Ali Ümumqoşun məktəbində təhsil alıb. Ukraynada 1986--1992-ci illərdə məşhur Dəmir Diviziyada xidmət edib. Zabit Məharət dərəcəsi-- 1-ci dərəcə.  -- Artilleriya Divizionunun taqım komandiri Leytenant Məmmədov Dəmir. Rusiya Federasiyasında Ali Artilleriya məktəbini bitirib.  -- 4-cü batalyonun rabitə rəisi leytenant Musayev Hafiz. Rusiya Federasiyasında Ali Rabitə məktəbini bitirib.  Bəli Başkəndə hücumdan əvvəl hərbi hissədə olan peşəkar zabitlər yuxarıda adlarını sadaladığım adamlar idilər. Onu da qeyd edirəm ki,hərbi hissəmizdə peşəkar olmasa da ümumi işə ürəkdən can yandıran, bütün bacarığını ortaya qoyan hərbçilər də var idilər. Onlardan da bəzilərini sizə təqdim edirəm:  -- Baş leytenant İmanov Eldar -- 861saylı HH-nin Rabitə rəisi.  -- Gizir Pünhan Əliyev -- 2-ci batalyonun Kəşfiyyat taqım komandiri.  --Gizir Sahib Rüstəmov -- Artilleriyaçı, 2-ci batalyonda minomyot taqıminin komandiri.  -- Baş leytenant Ayaz Gözəlov -- 861 saylı HH-nin Avtomobil Xidmət rəisi.   -- Gizir Məmişov Əli-- 861 aylı HH-nin RAS xidmət rəisi.  --Leytenant Həsənov Telman -- 861 saylı HH-nin Kəşfiyyat rotasının komandiri.  -- Leytenant Aznaurov İsgəndər -- Artilleriya Divizionunda taqım komandiri.  -- Baş leytenant Bədirbəyli Səbuhi Artilleriya Divizionunda batareya komandiri.  --Gizir Həsən Abdullayev -- Kəşfiyyat rotasının Starşinası... Mən bu siyahını çox uzada bilərəm...  Əlavə olaraq onu da qeyd edirəm ki, hərbi hissəmizdə çoxlu sayda peşəkar gizirlər var idilər ki, onlar Sovet Ordusundan bizim hərbi hissəmizə gəlmişdilər. Üstəlik Komandirləri Kapitan Heydərov Sərdar olan Dəli Kür Praporşiklər rotası da yaradılmışdı. Bu onu göstərir ki,861 saylı alay həmin dövr üçün respublikada olan bütün digər hərbi hissələrdən öz tərkibinə görə çox seçilirdi. Yəni bizim HH-mizdə öz işini dəqiq bilən hərbçilər çoxluq təşkil edirdilər. Bu adamların hamısı silah və taxnikadan yaxşı istifadə edirdilər.     Əməliyyatda iştirak edən Qüvvələr:  -- 1-ci batalyon.  -- Təmir rotası.   -- Maddi texniki təminat rotası.  -- Daşkəsəndən (3-cü batalyon) gələn 1 (bir) rota.  -- 4-cü batalyon.  -- Mühafizə rotası.  -- SPQ-9 rotası.  -- Artilleriya batareyası.  -- ZRAB.  -- Kəşfiyyat rotası.  -- Qazaxdan göndərilən D-30 taqımı.(3 ədəd) (komandirləri baş leytenant Hacıyev Ərəstun)  -- Qazaxdan göndərilən T-72 (tank) taqımı və 2(iki)ədəd PDM-2.(komandirləri baş leytenant Salmanov Eldar)  -- Aqstafadan göndərilən BM-21 QRAD qurğusu-2(iki)ədəd.(komandirləri leytenant Aşurov Maqsud.)  -- Bakıdan gələn 40 nəfərlik xüsusi təyinatlılar.  -- 2-ci batalyon dağlarda mövqelənib düşmənin hücumunun qarşısını almalı idi... Əməliyyatın rəhbəri Polkovnik leytenant Cahangir Rüstəmov...    ARDI VAR... Dilqəm Əliyev 

Başkənd uğrunda savaş( 1992-ci ilin avqustu) - Dilqəm Əliyev yazır

Artıq məşhur BAŞKƏND əməliyyatının üstündən 31 il keçir. Son illərdə bir çoxları həmin əməliyyatı, orada gedən döyüşlərə rəhbərliyi öz adı ilə bağlama çalışır və bununla da başqalarının haqqına girirlər. BAŞKƏND son 200 ildən də çox vaxt ərzində rəsmi olaraq yeganə erməni ərazisidir ki, Azərbaycan Ordusu onu 08.08.1992-ci ildə düşməndən təmizləyib və kənd indi də nəzarətimizdədir...   Başkənd haqqında qısa məlumat:  -- Ərazisi: 4600 Ha+400Ha zəbt= 5000Ha.  -- Əhalisi: +- 10.000 nəfər.  -- Sahə müvəkkili: Kapitan Mujikyan.  -- Sovet Sədri (İcra Nümayəndəsi) Xaçikyan Mamiko Sərxan oğlu.  -- Başkənddə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdular. Yığılan məhsul o qədər çox olurdu ki,İrəvanın bazarlarını da doldururdular.  -- Kənndə 2(iki) ədəd vertolyot(helikopter) meydançası,kabel televiziyası,tikiş və ayaqqabı fabrikaları,nəhəng kinoteatr və demək olar ki,hər şey var idi.  Hadisələrin xronikası:    -- 03.08.1992-ci il--Şəmkirdə yerləşən 861 saylı alay (Komandiri Polkovnik Leytenant Rüstəmov Cahangir İsgəndər oğlu) tam heyətlə Gədəbəyi qorumaq üçün Gədəbəyə qalxdı.  -- 03-04 avqust 1992-ci il--861 saylı H.H-nin bölükləri kəndin ətraflarına yerləşdirilməyə başlandı. 4-cü batalyonun hərbçiləri kapitan Rizvan Pirnəzərov, leytenant Hafiz Musayev, çavuş Azər Cəfərov İvanovka kəndi istiqamətindən Aşırım mövqeyinə hərəkət edərək Başkəndə köməyə gedən düşmən T-72 tankına atəş açaraq ələ keçirtdilər. Sonra isə yolu təmizləməyə gələn Komatsu markalı traktoru ələ keçirtdilər.   -- 04.08.1992-ci il PDM-1dən Saratovka kəndi təpəliklərindən Başkənddəki fermaya atəş açaraq düşmənin 10-12 nəfər canlı (hərbçi) qüvvəsini məhv etdim.  -- 05.08.1992-ci il--erməni və rus hərbçiləri hücum edərək Başkənd Krasnoselsk yolunun üstündə duran MUTUDƏRƏ kəndinin zastavasının zəif və güclü yerlərini dəqiqləşdirdilər.   -- 06.08.1992-ci il-- erməni və rus hərbçiləri hücum edərək MUTUDƏRƏ zastavasını ələ keçirdərək Başkənd-Krasnoselsk yolunu tam nəzarətə götürdülər və bununla da BAŞKƏND faktiki olaraq Ermənistana birləşdirildi. Bu zaman düşmənin qəfil hücumunun qarşını ala bilməyən zastavanın döyüşçüləri geri çəkilməyə məcbur oldular. Düşmən 2-ci Batalyonun 1-ci rotasının Zam.Politi leytenant Məzahir Rüstəmovu əsir götürərək böyük işgəncələrdən sonra başını kəsdilər.  --06.08.1992-ci il Özünü Boz Qurd adlandıran dəstənin komandiri Etibar Əmiraslanov öz dəstəsi ilə gələrək 2-ci Batalyonun komandiri, Əfqanıstan döyüş məktəbini keçmiş, 200-dən çox əməliyatın hamısını qələbə ilə başa vurmuş, polkovnik leytenant Malbaxov Vyaçeslavı və həmin batalyonun 1-ci rotasının komandiri leytenant Hacıyev Bayramın əllərini tikanlı məftillərlə bağlayıb özləri ilə naməlum istiqamətə apardılar. Bununla da Mutudərənin müdafiəsi rəhbərsiz və başsız qaldı, Şınıxın içərisinə doğru yollar düşmən üçün açıldı, ümumilikdə Gədəbəy rayonu olduqca təhlükəli duruma düşdü. Ermənilər bundan istifadə edərək Mutudərə və Qasımağalı kəndlərini tam işğal etdilər.  -- 06.08.1992-ci il--Tovuz rayonunun Göyəbaxan kəndi istiqamətindən BAŞKƏNDdəki erməni mövqelərinə PDM-1 dən atəş açaraq düşmənin 12-15 nəfər canlı qüvvəsini,1(bir)ədəd D-44 markalı topunu (döyüş sursatı ilə birgə), 1(bir)ədəd PDM-1-ni sıradan çıxartdım.  --Mutudərə və Qasımağalı kəndlərinə düşmən hücumu başlayanda həmin ərazini qorumalı olan Gədəbəy rayonunun OMON ları sadəcə olaraq aradan çıxdılar...  Nəticə: 06.08.1992-ci ildə -- Başkənd Ermənistanla tam birləşdi...      DAVAMI VAR... Dilqəm Əliyev

Rusiya Ukraynadakı desant qoşunlarının azı yarısını itirib - Britaniya kəşfiyyatı

Rusiya 2022-ci ildə Ukraynaya qarşı müharibəyə göndərilən desantların azı yarısını itirib. Söhbət minimum 15 min hərbçidən gedir. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi eksdə (keçmiş tviter) paylaşıb. Britaniya kəşfiyyatı xatırladıb ki, avqustun 2-də Rusiyanın Hava-Desant Qüvvələri Gününün qeyd olunması zamanı istəmədən ölkənin müharibədəki itkiləri açıqlanıb. Belə ki, Rusiya Hava-Desant Qoşunlarının baş komandanı general-polkovnik Mixail Teplinski müraciətində 8 500 desantın yaralandığını və sonradan xidmətə qayıtdığını və ya ümumiyyətlə cəbhə xəttini tərk etməkdən imtina etdiyini bildirib. Bu video tez bir zamanda Rusiya Müdafiə Nazirliyinin rəsmi kanallarından silinib. Bununla belə, Teplinski Ukraynada nə qədər rusiyalı desantçının öldürüldüyünü və ya ağır yaralandığını açıqlamayıb. “Lakin Teplinskinin məlumatlarının ekstrapolyasiyası 2022-ci ildə Ukraynaya göndərilən 30 min desantçının azı 50 %-nin öldürüldüyü və ya yaralandığı təxminini təsdiqləyir”, - məlumatda qeyd olunub.

Səudiyyədə Ukrayna üzrə sülh sammiti başa çatdı: Razılıq

Səudiyyə Ərəbistanında keçirilən sammitin iştirakçıları Ukraynanın ərazi bütövlüyünə hörmətlə bağlı razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə “Corriere della Sera” AB-dəki mənbəyə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, Ciddədə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətin istənilən sülh sazişinin, eləcə də BMT Nizamnaməsinin aliliyinin əsası olmalıdır anlayışı mövcud olub. “Kiyevin təklif etdiyi sülh formulunun 10 bəndinin əsas mövzuları üzrə işçi qrupların formalaşdırılması qərara alınıb”, - məlumatda qeyd olunub.