Gürcüstanın iki ən böyük bankı – “Bank of Georgia” və “TBC Bank”, telekommunikasiya operatorları “Magticom” və “Silknet”, developer “ORBI Group”, eləcə də ölkənin ən böyük avtomobil dileri şirkəti “Tegeta” hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarına qarşı çıxıb və etirazçıları dəstəkləyib.
Sozcu.az xəbər verir ki, bu haqda məlumatı “The Bell” nəşri yayıb.
“Gürcüstanın Avropa və Avroalantik gələcəyi xalqımızın mütləq əksəriyyətinin tarixi seçimidir və bu, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində təsbit olunub. Biz qəti şəkildə əminik ki, Avropaya inteqrasiyanın müvəqqəti dayandırılması gürcü xalqının iradəsinə və Gürcüstan Konstitusiyasına ziddir. TBC həmişə Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasının qeyd-şərtsiz tərəfdarı olub və belə də qalır”, - “TBC Bank”ın bəyanatında deyilir.
“Magticom” telekommunikasiya operatoru isə təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün su şırnaqları, gözyaradıcı qaz və gücdən istifadə etməsini pisləyib.
“Tegeta” şirkəti qeyd edib ki, mövcud böhran vəziyyəti ölkənin gələcəyi üçün zərərlidir, inkişaf və ümumi məqsədləri təhdid edir.
Məlumatlara görə, Gürcüstanın müxtəlif ölkələrdəki səfirləri hakimiyyətin hərəkətləri və etirazçılaa güc tətbiqi səbəbindən kütləvi şəkildə istefaya gedirlər. Gürcüstanın ABŞ, Niderland, Bolqarıstan, İtaliya və Litvadakı diplomatlar öz vəzifələrini tərk ediblər. İlk istefa verənlərdən biri Gürcüstanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Otar Berdzenişvili olub.
“Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, - səfir David Solomonia deyib.
“Newsgeorgia”nın məlumatına görə, Gürcüstanın Müdafiə Nazirliyinin onlarla əməkdaşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının ardınca Aİ və NATO-ya üzvlük kursuna sadiq olduqlarını bildiriblər.
Gürcüstan Konstitusiya Məhkəməsinin bəzi əməkdaşları da hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dondurulması qərarına yenidən baxmağa çağırıblar. Onlar hesab edirlər ki, hökumətin bu qərarı “Gürcüstan vətəndaşlarının konstitusiya iradəsinə məhəl qoymur” və əsas qanunun maddəsinə ziddir, ona görə konstitusiya orqanları Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidir.
Bundan əvvəl ABŞ Dövlət Departamenti hakim “Gürcü arzusu” partiyasının Avropa İttifaqına üzvlüyünü dayandırmaq qərarına görə Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlamışdı.
Dövlət Departamenti öz hakimiyyətinin hərəkətlərinə etiraz edən nümayişçiləri dağıtmaq üçün polisin gücdən həddən artıq istifadə etməsini pisləyib. Vaşinqton həmçinin bütün tərəfləri etirazların dinc xarakter daşımasını təmin etməyə çağırıb. Departament qeyd edib ki, Gürcüstan hökuməti parlament seçkilərində baş verən pozuntularla bağlı şəffaf araşdırma aparmalı və antidemokratik qanunları ləğv etməlidir.