Türkiyədə qırıcının bir parçası qoparaq dayanacağa düşüb

Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcısının bir hissəsi qoparaq Ankara şəhərinin küçələrindən birindəki dayanacağa düşüb.  Hələlik təyyarədə hansı nasazlığın baş verdiyi qeyd edilmir. İnsident nəticəsində dayanacaqda olan bir neçə maşına ciddi zərər deyib.  Təyyarə uğurlu şəkildə Eskişehirdə eniş edib. Ölən və ya xəsarət alan yoxdur.

Ukrayna kəşfiyyatı separatçı generalı evində partlatdı

Donbas separatçılarının generalı Yuri Afanasyevskiyə sui-qəsd edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, partlayış generalın evində baş verib. Baş, boyun və sinəsindən yaralanan general ağır vəziyyətdə reanimasiyadadır. Partlayışın Ukrayna kəşfiyyatı tərəfindən törədildiyi ehtimal olunur. Qeyd edək ki, Afanasyevski Rusiya FTX-sinin general-mayoru və casusu qondarma “lxr”in rəhbəri Leonid Paseçnikin “maliyyəçi”si hesab olunur. Afanasyevski Ukraynaya qarşı vuruşan silahlı qruplaşmaları maliyyələşdirmək üçün pulların yuyulmasında iştirak edib. General AB, Böyük Britaniya, Kanada, İsveçrə, Yaponiyanın sanksiyaları altındadır.

Xudatda əməliyyat: saxlanılanlar var

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, onlar rayon sakinləri Natiq Eyvazov, Xatinə Səfərəliyeva, Samir Mirzəyev, Vasif Əlimirzəyev və Quba rayon sakini Rahib Ramazanovdur. Həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Bütün faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə iki nəfərin barəsində həbs qətimkan tədbiri, digər üç nəfərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Prezident Xovayevi qəbul etdi: Ağdam yolunun açılması...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb. Dövlət başçısı Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət olunmasına baxmayaraq, onların bundan imtina etdiklərini diqqətə çatdırıb. İqor Xovayev Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Qarabağ separatçıları sentyabrın 9-da “prezident” seçəcək

Qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın “istefa” verməsindən sonra tanınmamış “DQR”də “prezident seçkiləri”nin birinci turu sentyabrın 9-da “parlament”in növbədənkənar sessiyasında keçiriləcək.  Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.  Erməni nəşri yazır ki, “namizədlər”in irəli sürülməsi dünən başlayıb və ayın 7-də başa çatacaq:  “Dünən heç bir “fraksiya” “namizəd” irəli sürmədi, lakin sentyabrın 8-də “milli məclis”in “sədr”i Davit İşxanyan irəli sürülmüş “namizədlər”i açıqlayacaq. Daha sonra isə üç gün ərzində “seçki” keçiriləcək. Birinci mərhələdə “namizəd”liyini irəli sürən şəxs “parlament”dəki “deputat”ların 2/3-nin - 22-sinin səsini toplamalıdır”.  Qəzet iddia edir ki, hər şey qaydasında getsə, separatçı rejimin “təhlükəsizlik şurası”nın “katib”i Samvel Şahramanyanın birinci turda “prezident” seçiləcəyi istisna edilmir:  “Amma o, “parlament”dəki “müxalifət”i nəzərə almalı və onun seçilməsi müqabilində müəyyən rıçaqlardan imtina etməlidir. Yeri gəlmişkən, yaxın günlərdə “müxalif qüvvələr”də həm komandadaxili, həm də partiyadaxili məsləhətləşmələrin raundu elan olunub. Beləliklə də ikinci turda sadə səs çoxluğu kifayət hesab olunacaq”.  “Hraparak” onu da əlavə edib ki, Ermənistan hökuməti Araik Arutyunyanın “istefa”sında Ruben Vardanyanın böyük rol oynadığına əmindir. Məlumata görə hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları bu barədə bəyanatlar verib, Vardanyanın əvvəlki “vəzifə”sinə qayıtması ilə bağlı şayiələr yaysalar da, Xankəndidəki separatçı xuntaya məxsus “rəsmilər” əmin edib ki, Vardanyan yeni qurulan “hökumət”də vəzifə tutmayacaq. Qondarma “DQR”də Araik Arutyunyanın qohumlarından birinin “dövlət naziri” təyin ediləcəyi də istisna edilməyib. 

Bu ərazilərdə yenidən GÜCLÜ ZƏLZƏLƏ GÖZLƏNİLƏNDİR - AÇIQLAMA

Azərbaycanın son günlər bir neçə ərazisində zəlzələ təkanları qeydə alınıb. Ardıcıl olaraq, Ağdam, Saatlı, Kürdəmir rayonlarında baş verən zəlzələlərin 5-5.2 maqnitudalı olduğu haqqında Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Qeydə alınan zəlzələlər digərlərinə nisbətdə daha yüksək ballı hesab olunur. Ölkənin digər ərazilərində də güclü zəlzələlər gözlənilir? Bəs ölkədə tektonik baxımdan ən təhlükəli zonalar hansı ərazilərdir? Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun rəisi Səidə İsmayılova Referans.az-a bildirib ki, ardıcıl şəkildə təkanların bir neçə dəfə, saat fərqi ilə hiss olunmasının səbəbi “avtoşok”lardır. “Zəlzələdən əvvəl “foreşok” müşahidə olunur, bunun ardınca isə “avtoşok”lar qeydə alınır. Kürdəmir zəlzələsindən sonra 5 avtoşok qeydə alınıb və onlardan ın güclü maqnitudalı zəlzələ 3 bal gücündə olub. Güclü təkanlar hər zaman Azərbaycanda gözlənilə bilər, lakin hazırda Kürdəmirdə enerjinin boşalması prosesi getməsi səbəbindən, elə də güclü təkanın olmayacağını düşünürəm. Kürdəmir ərazisində yenə də avtoşoklar ola bilər. Lakin bütün Azərbaycanda elə də güclü zəlzələ gözlənilmir. 2023-cü ildə ümumi Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 57 təkan qeydə alınıb. Bunlardan 27-si hiss olunan təkanlar olub. Hazırda isə Şamaxı, İsmayıllı, Aşağı Kür ovalığı, Xəzər akvatoriası, Talış bölgəsi aktiv zonalar sayılır. Lakin zəlzələ haqqında əvvəlcədən dəqiq proqnoz vermək deyil”. Ekoloq, seysmoloq Ənvər Əliyev isə qeyd edib ki, Azərbaycan ərazisi zəlzələyönümlü ərazi olduğuna görə əhali artıq belə təkanlara öyrəşməli və hazırlıqlı olmalıdır, təşvişə düşməyə gərək yoxdur. “Kür-Araz ovalığı, Dağlıq Qarabağ hissəsi digər ərazilərə nisbətən daha az zəlzələyönümlü olsa da, bura daxil olan Kürdəmir, İmişli ərazilərinda ballar daha yüksəkdir, bu ərazilərdə güclü zəlzələlər ola bilər. Azərbaycan seysmik zonada yerləşir, buna görə də hər an zəlzələlər baş verə bilər. Sadəcə zəlzələlərin baş vermə ballarına görə ərazilər üzrə tikinti işləri apararkən daha diqqətli olmaq lazımdır. İnşaat işləri həmin əraziain bal göstəricisi əsasında aparılmalıdır. Zəlzələnin zamanını və məkanının əvvəlcədən demək qeyri-mümkündür. Lakin Azərbaycan ərazisində zəlzələlərin olması labüddür, bu, planetin Azərbaycan yerləşdiyi hissəsinə xas olan bir xarakterdir”. Ənvər Əliyev son olaraq qeyd edib ki, biz sadəcə güclü təkanlar baş verərsə, zəlzələdən minimum ziyanla çıxmaq üçün indidən əlimizdən gələni etməliyik. Bunun üçün də tikinti sektoruna xüsusi diqqət və nəzarət ayırmalıyıq.

Zelenskinin xanımı: “Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”

“Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”.  Sozcu.az  xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya BBC-yə müsahibəsində deyib. O bildirib ki, ailəsi ilə birlikdə vaxt keçirə bilmir: “Amma biz gücümüzü qoruyuruq. Həm emosional, həm də fiziki gücümüzü”. Y.Zelenskaya deyib ki, müharibə başlayanda uşaqları ilə birlikdə aylarla gizli yerlərdə qalıb: “Müharibə başlayandan bəri daimi adrenalin yaşayıram. Zaman keçdikcə anlayıram ki, sakitləşmək, mövcud şəraitə uyğunlaşmaq lazımdır”. Ukraynanın birinci xanımı həyat yoldaşı ilə birlikdə yaşamadığını bildirib: “Bizim bir-birimizi görmək imkanımız var, lakin istədiyimiz qədər yox. Oğlum atası üçün darıxır. Qızımın 19 yaşı var. Səyahət etmək istəyir, planları var. Amma indi arzularını reallaşdırmaq üçün imkanı yoxdur. Bu, məni narahat edir”. Bundan başqa, Y.Zelenskaya həyat yoldaşı Volodimir Zelenskiyə inamını ifadə edib: “Mən ona inanıram və onu dəstəkləyirəm. Bilirəm ki, onun kifayət qədər gücü var. Onun gücünə hazırda hamımızın ehtiyacı var. Mən tanıdığım hər bir insan üçün bu vəziyyətin daha çətin olacağını düşünürəm. O, həqiqətən çox güclü və möhkəm insandır. Və bu möhkəmlik hazırda hamımızın ehtiyac duyduğu şeydir. Qələbəyə böyük ümidimiz var, amma bunun nə vaxt olacağını bilmirik”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Məlumata görə, V. Zelenskinin həyat yoldaşı və uşaqları hazırda Ukraynada deyil. Amma onların harada qaldıqları açıqlanmır.

Flora Kərimova sərt açıqlama yaydı: “Mənim ailəmin namusunu...”

Uzun müddətdir müğənni Afət Fərmanqızı ilə qalmaqal yaşayıb onu məhkəməyə verən Xalq artisti Flora Kərimova sükutu pozub. Yenisabah.az xəbər verir ki, 83 yaşlı sənətçi haqqında səsləndirilən iddialara ümumi açıqlama verib: "Bəziləri qarşı tərəfi situasiyadan çıxarmaq üçün deyir ki, mənə bu yaraşmır. Bəziləri məni istəyərək deyir ki, sən əsəbini, səhhətini belə şeylərə xərcləmə.  Ancaq mənim yerimə siz cavab vermirsiniz. Mənim yerimə siz əsəbləşmirsiniz, ailəmin namusunu qorumursunuz, övladlarımın gələcəyini düşünmürsünüz, mənim əvəzimə oğlumun namusundan nigaran deyilsiniz, sizə bunu demək asandır.  Mən anayam! Məndən başqa burada heç kəs yoxdur ki, ağzını açıb bir söz desin. Bilirsiniz ki, qanunlar da burada çox vaxt işləmir. Burada "tapşırıq" hökm sürür. O qədər canlarını qorxu alır ki, bir tapşırığa yox deyə bilmirlər.  Mənim işlərim həmin tapşırıqlarla idarə olunur. Demirəm meydanda tək qalmışam, göydə Allah, onun mənə verdiyi iradə, ağıl və sizlərin mənə olan dayağı bəsimdir!" Xalq artisti müğənni Afət Fərmanqızına səslənib və onu hədələyib: "Afət, yəni mən o qədər savadsızam ki, bilmirəm məhkəmənin qərarı çıxmadan mülklərə həbs qoyulmur? Mən bunu bilərəkdən elədim, onu sən başa düşmədin. Mənə lazım idi biləm ki, sənin nəyin var, nəyin yoxdur. Bunu da bildim.  Afət, deyirsən ki, ekspertizaya imtina etdi, sən bir sənədlərə bax! İnsanın dili başını daşdan-daşa vura bilər, öz qədərimizi özümüz yaradırıq. Yalan danışmaq insan xislətidir. Öz uydurmalarına inanmaq isə bir başqa bədbəxlikdir. Vicdanı olmayanın onurğası olmaz, qüruru olmaz, mənliyi olmaz! Varlığımı həzm edə bilməyib, çeynənmiş yalanlarınızı bir-birinizin ağzına tüpürməyiniz isə acizliyinizin göstəricisidir. Hikkənlə öz cəsarətinin çatmadığı, başqa səhifələrdə sifarişlə bölüşdüyün həqarətlərinin, söyüş-təhqirlərinin, hər yalan ittiham və böhtanlarının hesabını verəcəksən!"

Xırdalandakı kabus binada nə baş verir? - 16, 15 və 13 yaşlı üç qız...

Bakı şəhəri yaxınlığındakı Xırdalan qəsəbəsinin ərazisində dalbadal, 3 yeniyetmə intiharı güclü ictimai narahatlıq yaradıb. Xüsusilə də o 16, 15 və 13 yaşlı yeniyetmələrin deyildiyinə görə eyni binanın hündür mərtəbələrindən atılması, eyni hazırlıq müəlliminin yanına getməsi və hər 3-ü qız olması insanlarda böyük şübhələr doğurub.  Sozcu.az xəbər verir ki, bu haqda kriminalist ekspert İlqar Altay deyib. Onun fikrincə, həm kriminal, həm də ictimai cəhətdən yanaşmada ağır və faciəvi hadisədir bunlar: “Və qanunla bu işi prokurorluq araşdırmalı və polis də əməliyyat tədbirləri aparmalıdır. İlk növbədə məsələnin  ağır tərəfləri: maniakal pedofiliya, ya, digər motivlə qəsdən adamöldürmə, sonra özünü öldürməyə vadar etmə variantları səhih yoxlanılıb araşdırılmalıdır. Bu halların, əməllərin olması halında cinayət işi və təqibi başlanmalı, cinayətkarlar tapılıb ən sərt cəzalarını almalıdır.  Əgər tam yəqin edilərsə sadəcə intihar aktıdır, qeyri-kriminal məişət, sosial, fərdi və s. səbəbi araşdırılmalıdır ki, qarşısı alınıb təkrarlanmasın. Bu halda səbəb nə ola bilər? Fikirlərim belədir. Ümumiyyətlə əksər ölkələrdə son dövrlər uşaq, yeniyetmə (13-21 yaş) intihar-ölümü çox artıb. Və 2-ci yerdədir, bədbəxt hadisə, avtoqəza və s. müxtəlif ölümlərin cəmindən sonra...  İntiharları motivinə görə ümumiyyətlə 3 tipə bölmək olur. 1. Təbii intihar-emosional gərginliyin yaratdığı depressiya, ya əhvalın sıxıntısının, çətinliklərin yaratdığı, öz həyatından, yaşamaqdan bezmə.  2. Nümayişkəranə intihar-ölmək həvəsi deyil, daha çox, öz problemlərinə diqqət cəlb etmə, haqsızlığa qarşı etiraz, köməyə çağırış motivli.  3. Qeyri-təbii, yanakı intihar-ekstremal və riskli hərəkətlərlə özünü fərqli, üstün göstərmə kimi davranışla, (məsələn maşınla fokuslar çıxarma) bilərək də ki, bu onun həyatına son qoya bilər.  Bizim bu konkret 3 yeniyetmə hadisəsində isə (əgər kriminal yoxdursa!) düşünürəm ki, Verter Effekti adlanan, biri o birinə baxıb, təkrarlayan intihar yayımı silsiləsi ola bilər. Təcrübədə belə hallar çox olur, çox rast gəlmişik. Eyni məhəllə, mühitdə yaşayıb, eyni tərzdə həyat sürən və ya təhsil alan yeniyetmələrin silsiləvi intiharına. Və bu halda, testlərə hazırlıq, yüksək gərginliyinin zərif yeniyetmələrə depressiv təsiri də ola bilər. Üstəlik, kəsilmə qorxu, həyəcanı, "biabırçılığı!".  Ümumiyyətlə, bizim Azərbaycanda yarış, bəhsə girmə, xüsusən də ki, ali məktəblərə daxil olma ərəfəsi xeyli üzücü, emosional gərginlik yaradır ailələrdə, uşaqlarda. Birinin uşağı qəbul olmur, kəsilirsə o evdə elə bil faciə, matəm olur. Çünki qohum-qonşu sanki valideyni hədəfə götürüb, dəstək əvəzinə, mənəvi sıxır, depressiyaya salır, valideyn də uşağını sıxır, lap depressiyaya salır! Digər tərəfdən, hazırlıq müəllimləri də həddən çox yükləyirlər uşağı, düşünmədən ki, bu cəmi 16 yaşlı kövrək uşaqdır, yükə davam gətirməz! Niyə yükləyir, öz prestiji və testlərin çətinliyinə görə. İmtahan testləri də nədənsə hər ili-ildən lazımsız, bəzən mənasız suallarla çətinləşdirilir. Və bütün bu, cəmiyyət, valideyn, müəllim və testin yükü, 16-17 yaşlı kövrək uşağın belinə yüklənir, həm fiziki, həm psixoloji.  Almaniyada, Avropada isə yalnız, 19-20 yaşlı yetişmiş yekə oğlanlar, qızlar ali təhsilə başlayırlar. Təhsil ilə paralel, övladın sağlıqla da təmini lazımdır axı. Ali təhsil testi ərəfəsi yeniyetmə intiharı sayını hesablasaq, bu analizim yəqin təsdiqini tapar. Yenə qayıdıram bu fikrə ki, məsələnin ilk əvvəl kriminal tərəfləri ciddi obyektiv araşdırılmalıdır. Özüm də ixtisaslı kimi məsələnin cinayət tərəfi təhqiqinin gedişatını çalışıb müşahidə edəcəyəm”.

Ukrayna ordusu “əjdaha dişləri”ni keçdi

Ukrayna ordusu Zaporojye vilayətinin qərb hissəsində Rusiyanın tank əleyhinə xəndəklər və “əjdaha dişləri” müdafiə xətlərinin arxasındakı mövqelərə doğru irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Ukrayna qoşunlarının Rusiyanın bu müdafiə xəttini dağıdıb keçdiyini qiymətləndirmək çətindir, çünki bu ərazilərdə Ukraynanın ağır texnikası yoxdur. Sentyabrın 4-də yayımlanan görüntülərə əsasən, Ukrayna qüvvələri Rusiya tank əleyhinə xəndəklərinin şərqindəki mövqelərə, eləcə də Verbovedən dərhal qərbə doğru əsas müdafiənin bir hissəsini təşkil edən "əjdaha dişləri" maneələrinə doğru irəliləyib. Bundan əlavə, Ukrayna ordusu Robotin və Novoprokopovka arasındakı Rusiyanın müdafiə mövqelərinə doğru da irəliləyib”, - məlumatda deyilib. Qeyd olunub ki, Ukrayna ordusu Rusiyanın müdafiə xəttlərindən birində yaratdıqları boşluğu genişləndirir və bu xəttin taktiki arxa bölgələrinə daha çox texnika, şəxsi heyət daşıyır.

İranda daha bir media orqanı bağlandı

İranın məşhur "İntihab" xəbər saytının fəaliyyətinə qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə "Etimad" qəzeti məlumat yayıb. Bildirilib ki, sayt İranın xarici siyasətinin zəifliyi, milli valyutanın dəyərdən düşməsi ilə bağlı material yaydıqdan sonra media haqqında qanunu pozmaq ittihamı ilə qapadılıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi bir neçə gün əvvəl media barədə çıxış edib. O, mediaya nəzarətin gücləndirilməsini, vətəndaşlarda məyusluq və ümidsizlik aşılayan media orqanlarına qarşı tərdbirlər görülməsini tələb edib.

İrəvanı NATO-ya çağıran şəxs Bakıya da səsləndi

Mən Azərbaycanı, Gürcüstanı və Ermənistanı 2024-cü ildə NATO-da görmək istəyirəm. Sozcu.az xəbər verir ki, bunu NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger X səhifəsində yazıb. Qeyd edək ki, Fehlinger dünən Ermənistanı NATO-ya üzv olmağa çağırmışdı.

Qubada maşın çaya düşdü: qadın öldü

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb. Belə ki, "Hunday" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb. Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Neft 90 dollara çatır

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 88,91 dollara, yüngül neftin bir barreli isə 85,90 dollara satılır.

7 ay əvvəl yüksək vəzifəyə təyin edilən şəxs işdən çıxarıldı

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini Ruslan Əliyevin işinə xitam verilib. "Report"un Qərb bürosunun məlumatına görə, bu ilin fevral ayında adıçəkilən vəzifəyə təyin edilən R.Əliyevin işinə xitam verilərək tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, R.Əliyev Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri, Nizami rayon şöbəsində Pensiya sektorunun müdiri vəzifəsindən azad edilərək bu vəzifəyə təyinat almışdı.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 559-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 265 680 hərbçi, 4489 ədəd tank, 8670 ədəd zirehli döyüş maşını, 5649 ədəd artilleriya sistemi, 747 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 504 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8175 ədəd avtomobil texnikası, 4512 ədəd PUA, 1447 qanadlı raket, 19 gəmi/qayıq, 851 xüsusi avadanlıq itirib.

Müəllim olmaq istəyənlərin nəzərinə!

Bu gün saat 12:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək. Sozcu.az xəbər verir ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Təkrar sertifikatlaşdırmadan keçməyərək əmək müqaviləsi ləğv olunan müəllimlər bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış şəxslərlə əvəz olunacaq.

Yardım TIR-ları 8 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir. Sozcu.az xəbər verir ki, içərisində 40 ton un məmulatları olan iki TIR artıq 8 gündür Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər. Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb.

Ermənilərin yaydığı bu xəbər yalandır - MN

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.

Düşmən Kəlbəcəri yenə atəşə tutdu

Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - nazirlikdən qeyd olunub.

Oktyabrın 1-dən Bakıda taksilər işləməyəcək - NƏ BAŞ VERİR?

Bu gün sosial şəbəkələrdə “Елфам Елфам” adlı istifadəçi Bakıda taksi fəaliyyəti ilə bağlı maraqlı bir status yayıb. Qeyd edək ki, həmin şəxsin statusunu “Taksi tv Baku” da paylaşıb. Sozcu.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, sözügedən şəxs oktyabrın 1-dən etibarən paytaxtda taksilərin işləməyəcəyini, bununla bağlı proqramların bağlanacağını bildirib. O yazır ki, oktyabrın 1-dən etibarən bütün taksi sürücüləri proqramın bağlandığını görəcəklər. “Səhər yerindən durub taksi sifariş edənlər də proqramın işləmədiyinə şahid olacaqlar. Axşama doğru işdən çıxan müştərilər taksi tapa bilmədiyi üçün kütləvi şəkildə metroya, avtobus dayanacaqlarına doğru hücum çəkəcəklər. O gün şəhərin yükü normalda 2 saata bitirdisə, indi 4 saat çəkəcək. Gizlicə taksilər 10-15 manata müştəri daşıyacaq və s. Axşam saatlarında isə sosial şəbəkələrdə ciddi böhran, narazılıq baş alıb gedəcək”. “Елфам Елфам” iddia edir ki, oktyabrın 2-si, ən geci ayın 3-ü elan olunacaq ki, layihə hələlik qeyri-müəyyən müddətə dayandırılıb. “Təbii ki, həmin gün taksi kimi işləyən olacaq. Sosial şəbəkələrdə yaxalarında bənövşəyi qalstukla çıxıb “ayda 2000 qazanıram deyənlər” hamıdan bir az tez tərpənib DSMF-dən də keçiblər. Vergilərini də veriblər, maşınlarına elan da yapışdırıblar, məktəb oxuyub sertifikat da alıblar deyə işləyəcəklər. Müştəri daşıdıqca nümunəvi taksi olduqlarına görə mənəvi orqazm da yaşayacaqlar. Amma layihənin 2 gündən sonra dayanacağını bilmədiklərindən, ən çox zərəri də onlar çəkəcəklər. Ən azı 300-400 manat ziyandadırlar”. Qeyd edək ki, bu xəbərdən anlaşılan odur ki, otyabrın 1-dən taksi sürücülərinin istifadə etdikləri müştəri qəbul etmələri üçün nəzərədə tutulan proqram fəaliyyətini dayandıracaq. Və həmin proqramın açılması da mümkün görünmür. Həmçinin DSMF-dən keçərək, vergi ödəyib taksi sürücüsü kimi fəaliyyət göstərən şəxslərin də istədikləri olmayacaq. Çünki onlar da məlum proqramdan istifadə edə bilməyəcəklər. Əgər bu baş verərsə, sözün həqiq mənasında Bakıda taksi böhranı yaşanacaq. Bu isə onsuz da bərbad vəziyyətdə olan paytaxt sərnişindaşımasını daha acınacaqlı vəziyyətə salacaq. Onu da bildirək ki, belə bir vəziyyətin yaranmasının konkret səbəbi məlum deyil. Heç bu xəbərin müəllifi də hadisənin nədən qaynaqlandığı barədə fikir bildirməyib.

Ölkədə kəskin bahalaşma var - Benzin də qalxacaq?

“Hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür. Bugünkü gündə belə bir qər­arın verilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Hazırda dü­nya bazarında neftin orta qiyməti kəskin şəkildə dəyişməyib. Azərbaycanda benzin istehsalında marjin­al fayda aspektindən üstünlüklər hələ də qorunmaqdadır. Maya dəyəri baxımından ölkədə ciddi probleml­ər yoxdur”.  Bunu Bakupost.az-a iqtisadçı ekspert Rəş­ad Həsənov deyib.  On­un sözlərinə görə, yanacaq məhsul növlər­indəndir ki, onun qi­ymətinin dəyişməsinin təsiri iqtisadiyya­tın digər bütün sahə­lərində müşahidə olu­nur: “Benzinin qiymə­tinin artması digər sahələrdə qiymət art­ımı üçün bir meyar olaraq qəbul olunur. Digər bütün sahələrə sirayət edir. Çörəy­in, qəndin qiymətind­ən tutmuş bir çox sa­hələrdə qiymət artım­ına səbəb ola bilər. Bu, həmçinin psixol­oji faktor hesab olu­nur. Heç kim iddia edə bilməz ki, ölkədə istehsal olunan mal və xidmətlərin tərk­ibində benzin istifa­də olunmur. Kifayət qədər istifadə olunu­r, Azərbaycanda tələ­bat olan ən böyük ya­nacaq növü məhz benz­indir. Əksər hallarda mal və xidmətlərin maya dəyərində bu qiymətlər əks olunur. Benzinin bahalaşması növbəti dövrlərdə mərhələli şəkildə əh­alinin istehlak edəc­əyi bütün növ mal və xidmətlərin qiyməti­nə sirayət edər. Ben­zinin qiymətinin qal­xması inflyasiya səv­iyyəsini də yüksəldə­r. Əhalinin gəlirlər­ində artım olmadığı bir dövrdə mal və xi­dmətlərin bahalaşması sosial problemləri artır. Bu baxımdan yüksək inflyasiyanın olduğu və hökumətin bu inflyasiyaya təz­yiq cəhdlərinin müşa­hidə edildiyi halda belə bir qərarın qəb­ul edilməsi dövlət siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də benzin qiymət­inin artmasını aşağı ehtimal olunan addım kimi qiymətləndiri­rəm”. 

Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib. Jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub. Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Buna qədər o, “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində işləyirdi.

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi itkin düşüb

Ukraynanın Donetsk vilayətinin Liman şəhəri ətrafında gedən döyüşlərdə yaralanmış azərbaycanlı hərbçi itkin düşüb. Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1997-ci il təvəllüdlü Osmanov Tərlan Eyvaz oğlu bu il iyunun 25-i ərəfəsində Liman ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yerə yıxılıb. Həmin andan etibarən ondan heç bir məlumat yoxdur. Əslən Azərbaycanın Bakı şəhərindən olan T.Osmanov pulemyotçu olaraq həmin döyüşdə son gülləsinə qədər döyüşərək mövqeyini tərk etməyib, döyüşdə həlledici qəhrəmanlıq göstərib. Hərbçi yoldaşları son dəfə onu döyüş zamanı aldığı güllə zərbəsindən yıxıldığını görüblər. Ukrayna Silahlı Qüvvələrinə məxsus N saylı briqada ərazidən həmin döyüş zamanı həlak olan və yaralananları götürərkən həmyerlimizin də onların arasında olub-olmaması ilə bağlı məlumat təsdiqlənməyib. Hazırda onunla bağlı axtarışlar davam edir.