Dünya Bankı iqlim üçün 150 ​​milyard ayıracaq

Dünya Bankı yaxın 10 il ərzində iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları resurs ayırmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib. O bildirib ki, inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazır olmaq üçün 2030-cu ilə qədər ildə 2,4 trilyon ABŞ dollara ehtiyacı olacaq: "Ölkələr, insanlar, iqtisadiyyatlar, şirkətlər çətin günlər yaşayır. Ona görə də hərəkətə keçməliyik. Bu, Dünya Bankını adından mənim mesajım ola bilər. Keçən il biz inkişaf etməkdə olan ölkələrə 43 milyard ABŞ dolları maliyyə ayırdıq. Bu, iqlimin maliyyələşdirilməsi baxımından digər fondlarla müqayisədə inkişaf etməkdə olan ölkələr üçün ən böyük dəstəklərdən biridir". Vitse-prezident qeyd edib ki, Dünya Bankı iqlimə davamlı borc müddəaları kimi yeni alətlər təqdim edib: "Ölkələr, xüsusən də kiçik ada dövlətləri fəlakətlərlə üzləşdikdə həqiqətən köməyə ehtiyac duyurlar. Hazırda 14 ölkə ilə müqavilələrimiz var. Bu ölkələr fəlakətlə üzləşdikdə borc ödəmələrini təxirə sala və ya azalda biləcəklər. Bu, çox böyük kömək edir".

Sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq - Paşinyan

Ermənistan Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə artıq cavab verib. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Biz bazar ertəsi sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində daha konstruktiv şəraitdə işləyirlər və bu məsələyə dair nikbindir.  “Sülh müqaviləsi layihəsində hələ də bir-iki ifadə, maddə var ki, onun ətrafında iş əvvəlki dövrlə müqayisədə intensiv şəkildə, hətta deyərdim ki, daha konstruktiv atmosferdə davam edir. Biz həqiqətən də, sülh müqaviləsinin nəhayət razılaşdırılmış mətninə çox yaxınıq”, - deyə Ararat Mirzoyan bildirib.

Tramp Putinə “başkəsən” deyən senatoru dövlət katibi edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Trampın keçid komandası məlumat yayıb. “Marko xalqımızın güclü müdafiəçisi, tərəfdaşlarımıza sadiq müttəfiq və heç vaxt düşmənlərimizə boyun əyməyən cəsur döyüşçü olacaq”, - bəyanatda deyilir. Rubio özü də göstərilən etimada görə minnətdarlığını bildirərək təyinatını təsdiqləyib. Qeyd edək ki, Rubio 2014 və 2022-ci illərdə Rusiyanı SWİFT sistemindən ayırmaqda israrlı olan senatorlar arasında olub. O, həmçinin Vladimir Putini “başkəsən” və “quldur” adlandırıb. Rubio Kiyevə apreldə qəbul edilmiş 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçıdan biridir. Sentyabrda Ukraynadakı müharibənin gedişatını şərh edərkən qeyd edib ki, o, Rusiyanı dəstəkləmir, lakin hərbi əməliyyatların danışıqlarla yekunlaşacağını güman edir. Rubio HƏMAS-ı terrorçu kimi tanıyır və İsrailin onları sonadək məhv etməsinin, İran, Şimali Koreya və Suriyaya sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır. O, erməni diasporu ilə “yaxşı əlaqələri” olan senator sayılır.

İlham Əliyev Monteneqronun prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanda AES tikilə bilər - MAQATE

Azərbaycan öz gələcəyi üçün enerji həlləri sırasına bir seçim kimi nüvə enerjisini də əlavə etməyi düşünür. Sozcu.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib. O bildirib ki, beynəlxalq təşkilat olaraq məqsəd nüvə enerjisinə üz tutmağı hədəfləyən ölkələrin bu prosesi təhlükəsiz və problemsiz şəkildə həyata keçirməsini təmin etməkdir: "Bu məsələ bizdən maliyyələşməni müzakirə etməyi tələb edir. Bütün sahələrdə olduğu kimi, burada da maliyyə çox vacibdir. Keçmişdə nüvə sahəsində bir sıra maneələr və məhdudiyyətlər olub, ancaq bunu müzakirə etmək istəmirəm. Qeyd etməliyəm ki, dünya miqyasında nüvə enerjisinə maraq artır. Bəzi ölkələrdə yeni layihələr var və COP zamanı “Yeni nüvə” dediyimiz məsələlər, xüsusilə də kiçik modul reaktorlar haqqında çoxlu maraqlı görüşlər keçirildi. Bu reaktorlar bu günlərdə hər kəsin diqqətini çəkən innovativ inkişafdır". MAQATE direktoru diqqətə çatdırıb ki, xüsusilə karbonsuzlaşmaya və böyük miqdarda enerjiyə ehtiyacı olan sənaye sektorları indi nüvə sənayesindən bu tələbləri qarşılamaq üçün həll yolları gözləyir: “Bu müzakirədə vurğulamaq istədiyimiz məqam bazar reallıqlarına uyğunlaşan strukturların maliyyələşdirilməsinin vacibliyidir. Beynəlxalq maliyyə qurumları bazarın tələblərinə cavab verməkdə bir çox cəhətdən geri qalırlar və bu məsələnin həlli barədə imkanlar təqdim edilməlidir".

Qəzzada ölənlərin sayı 43 mini keçdi

İsrailin Qəzzaya 404 gündür davam edən hücumlar nəticəsində ölənlərin sayı 43 min 712-ə çatıb. Sozcu.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində həyata keçirilən 7 hücumda 47 fələstinli həyatını itirib, 182 fələstinli isə yaralanıb. 7 oktyabr 2023-cü ildə İsrailin Qəzza zolağına hücumlara başladığı gündən etibarən isə ümumilikdə 43 712 nəfər həlak olub, 103 258nəfər yaralanıb.

Bölgələrdə yağış yağır - FAKTİKİ HAVA

Noyabrın 13-ü saat 16:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur. Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Göyçay, Neftçala, Yardımlı, Lənkəran, Astarada arabir yağış yağır. Şərur, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qobustan, Lerikdə duman müşhidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 12, Aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcə isti qeydə alınıb.

Türkiyədə 1 polis həlak oldu

Türkiyənin Tunceli vilayətində polis əməkdaşlarının atəş poliqonunda təlim zamanı 1 polis əməkdaşı həlak olub. Hadisə atış prosesində baş verən səhlənkarlıq uzbatından meydana gəlib. Sozcu.az xəbər verir ki, ölən polis Can Yiğit torpağa tapşırılıb. Faktla bağlı araşdırma başlanıb. Hadisəyə tapança silahında baş verən tutulmanın səbəb olduğu deyilir. Polis əməkdaşı nasazlığı aradan qaldırarkən yanlışlıqla özünü vurub.

Həkimdən vacib xəbərdarlıq: Bunu etməyənlərin xəstəlikləri çoxalacaq

Dərman vasitələrini həkim məsləhəti olmadan, özbaşına qəbul etmək insan həyatı üçün bir sıra fəsadlar yaradır. Ancaq vitamin və qida əlavələrini insanlar reseptsiz alıb istifadə edə bilirlər. Həm də dozasız və müddətsiz bir formada. Bəs sözügedən maddələrin orqanizmə hər hansı əks təsiri ola bilər? Məsələni “Yeni Sabah”a şərh edən professor, həkim Adil Qeybulla bir sıra məqamlara aydınlıq gətirib: “Biz vitaminləri, müxtəlif mineral maddələri, yağları, karbohidratları imkan daxilində qida vasitələri ilə qəbul etməyə önəm verməliyik. Çünki bu həm də mədə-bağırsaq traktının normal işini təmin edir. Amma bununla yanaşı, mədə-bağırsaq xəstəliyi olan, müxtəlif əməliyyat keçirənlər və orqanizmdə xəstəlik ucbatından yaranan defsitlər olan şəxslər mütləq dərman maddələri ilə təmin edilməlidir. Son olaraq, əgər qana, bədənə həmin mineral və vitaminlər lazımı miqdarda çatmırsa, kənardan sözügedən maddələri qəbul etmək olar. Vitaminlərin defsiti orqanizmdə həyati vacib, mühüm proseslərin ləngiməsinə, müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər. Buna görə də həmin maddələrin orqanizmdə normal konsenterasiyasına nəzarət edilməlidir. Bu olsa, yetərlidir”. Həkim həmçinin qeyd edib ki, deyilənlərlə yanaşı, fiziki aktivliyi də artırmaq lazımdır: “Hazırda bütün dünyada vitamin D əskikliyi geniş yayılıb. Xeyli vitaminlərin defisiti geniş yayılıb. Bundan əlavə, bədəndə əvəz olunmayan amin turşular var ki, onlar da mütləq kənardan qəbul edilməlidir. Bu baxımdan normal və sağlam qidalanma vacibdir. Hər hansı bir xəstəlik ucbatından orqanizmdə yaranan defisitin bərpası onun normal çalışması üçün lazımdır. Ona görə hər bir şəxsdə bu məsələlər fərdi həll olunmalıdır”.

“Check-up” müayinəsi pulsuz olacaq? - “Mütləq şəkildə...”

Gərgin iş rejimi, həyat qayğıları, ümumən vaxt qıtlığı kimi müxtəlif səbəblərə görə sağlamlıqla bağlı məsələlər bir çox hallarda ikinci planda qalır. Lakin unutmaq olmaz ki, məhsuldar işləmək, böyük uğurlara imza atmaq üçün sağlam olmaq ilk şərtdir. Bunun üçün isə ən azı ildə bir dəfə ümumi tibbi müayinədən keçmək olduqca vacibdir. Lakin azərbaycanlıların çox az hissəsi “check-up” müayinələrə müaricə edir. Bunun başlıca səbəbi yoxlanış qiymətlərinin yüksək olmasıdır. Yaxın gələcəkdə “check-up” müayinənin tam pulsuz olması və ya güzəştlərin nəzərdə tutulması gözlənilirmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev bildirib ki, hər bir şəxsin ildə azı 1 dəfə mtləq şəkildə müayinə olunmalıdır: “Check-up” müayinə hansısa xəstəliklə bağlı heç bir ciddi şikayəti olmadan belə şəxsin özünü müayinə etdirməsidir. Yəni profilaktik nöqteyi-nəzərdən “chek-up”ların olması mütləqdir. Həkimlər də hər zaman deyir ki, insanlar ildə ən az bir neçə dəfə özünü yoxlatmalıdır. Bu profilaktik tədbirlər görüləndə xəstəliklərinin qarşısı vaxtında alınır. Bu barədə öz yanaşmam var. İllik 4 resept var və bu reseptlər illərin fəsilləridir. Həmin fəsillərə də uyğun qidalanmaq və geyinmək lazımdır. Nəticədə insan özünü xəstəliklərdən qoruya bilir”.  A. Əliyev qeyd edib ki, yaxın zamanlar “check-up”la bağlı məsələlər həll ediləcək: “Ancaq “check-up” müayinənin ödənişsiz olub-olmaması dövlətin qərarından asılıdır. Əlbəttə, hamı istəyər ki, “check-up” müayinə pulsuz olsun”.

Bu şəxslər aliment ödəməyə bilərlər

Fiziki və əqli qüsurlu şəxslərin aliment məsələsi hüquqi baxımdan xüsusi yanaşma tələb edir, çünki onların fəaliyyət qabiliyyəti və gəlir əldə etmə imkanları məhdud ola bilər. Belə hallarda aliment ödənişləri ilə bağlı xüsusi qaydalar mövcuddur ki, bunlar şəxsin sosial vəziyyətinə və tibbi durumuna əsaslanır. Bəs əqli və fiziki qüsurlu şəxslərin aliment ödənişləri necə həyata keçirilir? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a vəkil Emil Aslanov açıqlama verib. O bildirib ki, əgər ata fiziki əlilliyi olan şəxsdirsə və yalnız əlillik üçün pensiya alırsa, bu, onun əmək qabiliyyətini və dolanışığını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Aliment ödənilməsi ilə bağlı olan vəziyyətlərdə, məhkəmə ata tərəfindən verilən pensiyanın məbləğini və onun gündəlik ehtiyaclarını nəzərə alır. “Belə bir halda, məhkəmə alimentin məbləğini təyin edərkən, atasının gəlirini, sağlamlıq vəziyyətini və dolanışıq şəraitini diqqətə alır. Əgər ata yalnız əlillik pensiyası ilə dolanırsa, məhkəmə alimentin miqdarını onun real iqtisadi imkanlarına uyğun olaraq müəyyənləşdirə bilər. Əgər ata aliment ödəməyi çətinləşdirən vəziyyətdədirsə (məsələn, yalnız pensiya alır və əlavə gəliri yoxdur), alimentin miqdarı minimum səviyyədə təyin edilə bilər və ya onun aliment ödənişindən tam olaraq azad olunması mümkün ola bilər. Lakin həmin şəxsə qəyyum təyin olunanda ödənişi o həyata keçirilir. Qeyyum şəxsə xüsusən də məhdud fəaliyyət qabiliyyəti olan bir şəxsə onun həyatını idarə etmək və hüquqlarını qorumaq məqsədilə təyin olunur. Psixoloji sağlamlıq problemi olan bir ataya gəlincə, əgər o, işləmir, dispanserdə müalicə alır və fəaliyyət qabiliyyəti yoxdursa, aliment ödənişi məsələsi daha da mürəkkəbləşir. Əgər məhkəmə bu şəxsin fəaliyyət qabiliyyəti olmadığını təsdiq edərsə, alimentin ödənilməsi məsələsi təxirə salına bilər və ya  alimentin icraatı dayandırıla bilər.  Bu halda, qəyyum şəxsin hüquqlarını müdafiə edir və lazım gələrsə, aliment ödənişlərini təşkil edir”.

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatdı

Bu gün saat 09:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olub. Milli Hidrometrologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Astarada 42 mm, Lənkəranda 29 mm, Beyləqanda 20 mm, İmişlidə 12 mm, Qəbələdə 11 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Neftçalada 8 mm, Biləsuvar, Cəfərxan, Küdəmir, Sabirabad, Zərdab, Şahbuz, Mingəçevir, Qobustan, Naxçıvan, Şərur, Culfa, Ordubad, Şəki, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Bərdə, Yardımlı, Ağdamda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şimal küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb. Bakı, Şərur, Şahbuz, Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6 dərəcə isti, Aran rayonlarında 9, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta qeydə alınıb.

Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Sumqayıtda biri azyaşlı olmaqla üç nəfər dəm qazından zəhərlənib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Ermənistan COP29-da iştirak edəcək? - XİN rəsmisi

COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Ermənistan nümayəndələrinin tədbirdə iştirakı hələlik məlum deyil. A.Hacızadə Ermənistanın bu tədbirdə iştirak etməyəcəyi təqdirdə nələr itirəcəyinə də münasibət bildirib: "İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparılır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın COP29-da iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir".

Bu məktəblər qazla isinəcək - RƏSMİ

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 17 təhsil müəssisəsi bu ildən qazla qızdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə idarədən bildirilib. Belə ki, Beyləqan rayonunda 4 məktəbdə, İmişli rayonunda 4 məktəbdə, 1 bağçada, Saatlı rayonunda 3 məktəbdə, 3 bağçada, Sabirabad rayonunda 1 məktəbdə və 1 bağçada qazla təminat işləri aparılır.

Qaxda "Nissan" ağaca çırpıldı: iki aylıq körpə ÖLDÜ

Bu gün 17 radələrində Qax-Qorağan avtomobil yolunda qəza baş verib. Sozcu.az xəbər verir ki, Qax rayonunun Əmircan kəndi ərazisində Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə (sürücünün baldızı oğlu) aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. G. Hüseynova və iki yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb. "Report"un məlumatına görə, hadisə rayonun Qaraçinar kəndində qeydə alınıb. 1974-cü il təvəllüdlü Manaf Məhəmməd oğlu Zeynalovu avtomobil vurub. O, ağır halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyev Polşa prezidenti ilə görüşdü

17:14 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Andjey Dudaya minnətdarlığını bildirdi. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Andjey Dudanın ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dedi. Andjey Duda COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı təbriklərini çatdırdı. Söhbət zamanı qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu. Polşa ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edildi. Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olundu.

Avropa təhlükədədir, ABŞ-dan asılı ola bilmərik - Borrell

Avropa ölkələri müdafiəni təmin etmək üçün məsuliyyəti öz üzərinə götürməli və ABŞ seçkilərinin nəticələrindən asılı olmamalıdır. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell deyib. “Avropa təhlükədədir və avropalılar məsuliyyəti öz üzərinə götürməlidirlər. Biz dörd ildən bir ABŞ seçkilərinin əhval-ruhiyyəsindən asılı ola bilmərik”, - Borrell bildirib.

"Pensiyaları vaxtında ödəmək əhalinin ziyanına olar" - Sahil Babayev

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya ödənişlərinin gecikdirilməsi ilə bağlı iddialara cavab verib. Sozcu.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı dəfələrlə açıqlama verilib. “Biz bütün pensiyaları avansla ödəyirik. Həmin ayın pensiyası ayın sonunda ödənilməlidir. Sadəcə Azərbaycan Hökumətinin növbəti humanist addımı ondan ibarətdir ki, biz pensiyaları ayın sonunu gözləmədən ödəyirik. Ümumiyyətlə, pensiyalar sosial sığorta haqlarının hesabına ödənilən vəsaitdir. Sosial sığorta haqlarının toplanmasına uyğun olaraq, ayın bəlli dövrlərində pensiya fondu tərəfindən elan verilir və müvafiq ərazilər üzrə ödənişlər həyata keçirilir. Bir daha deyirəm ki, ödənişlər ayın sonunda ödənilməli olduğu halda ayın 10-15-i arasında bir qisim ərazilərimiz, 15-20-si arasında bir qisim ərazilərimizdə həyata keçirilir. Vaxtında ödəsək, bu o deməkdir ki, ayın sonunda ödəməliyik, bu da əhalimizin ziyanına olacaq”.

50 yaşlı sakini maşın vurub öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, rayonun Qaraçinar kəndində 1974-cü il təvəllüdlü Zeynalov Manaf Məhəmməd oğlunu avtomobil vurub. O, ağır halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Trampın komandasında kimlər olacaq? - Gözlənilməz ADLAR

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb. Nəşr yazır ki, Tramp son anda fikrini dəyişə bilər. Qeyd edək ki, hazırda bu vəzifəni Entoni Blinken tutur. Marko Rubio 2010-cu ildə Senata (ABŞ Konqresinin yuxarı palatası) seçilib, Çin və İrana qarşı sərt mövqeyi ilə diqqət çəkib. Donald Trampın Florida ştatından olan konqresmen Mayk Uolsu milli təhlükəsizlik üzrə köməkçisi təyin edəcəyi gözlənilir. ABŞ-ın yeni seçilmiş prezidenti, həmçinin keçmiş baş müşaviri Stiven Milleri Ağ Evin siyasət məsələləri üzrə müavini təyin etmək qərarına gəlib. O, miqrasiya siyasətində sərtliyi ilə seçilir. Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi ilə bağlı da qərar verib və bu vəzifəyə Nümayəndələr Palatasının üzvü Eliza Stefanikə təklif edib. "ABC News" kanalı bildirib ki, milyarder Elon Musk Donald Tramp administrasiyası üçün komandanın formalaşdırılmasında mühüm rol oynayır. Telekanalın məlumatına görə, iş adamı demək olar ki, hər gün Respublikaçıların Mar-a-Laqo (Florida) malikanəsində olur. Mənbələr bildiriblər ki, Mask Trump və xarici liderlər arasında ən azı iki telefon danışığında iştirak edib. İddia olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı Tramp telefonu milyarderə verib. Biznesmen Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında da iştirak edib. Amerika tarixində ilk dəfə olaraq Ağ Evin aparat rəhbəri qadın olacaq. Bu vəzifəni Donald Trampın seçki qərargahının rəhbərlərindən biri, onunla birlikdə hər üç prezident kampaniyasından iştirak edən Syuzan Uayls tutacaq. İlon Mask və prezidentliyə keçmiş müstəqil namizəd Robert Kennedinin komandada iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, noyabrın 13-də Tramp hakimiyyətin keçid prosesini müzakirə etmək üçün Co Baydenin dəvəti ilə Ağ Evə səfər edəcək.

Əgər Tramp Putinə həqiqətən zəng edibsə... - Britaniya

Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə mümkün telefon danışığı Ukrayna üçün yaxşı əlamətdir. Belə bir çağırış Vaşinqtonun ukraynalılara dəstəyini davam etdirəcəyini göstərə bilər. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib. “Əgər Trampın Putinlə söhbəti barədə şayiələr doğrudursa, bu, Tramp administrasiyasının Ukraynanı dəstəkləyəcəyinə dair çox yaxşı ilk addım və erkən işarədir”, - nazir bildirib. Hilki qeyd edib ki, Rusiya kimi ölkələr beynəlxalq sərhədləri güc yolu ilə yenidən çəkə bilsələr, bu, bütün ölkələrin təhlükəsizliyinə xələl gətirən bir siqnaldır. Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri peskov 7 noyabrda Trampın Putinə zəng etdiyi barədə "Vaşinqton Postun" yaydığı məlumatı təkzib edib.

"Veteran pulu" artırılır? - Nazir açıqladı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bununla bağlı sosial paketin müzakirədə olduğunu bildirib. “Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə məlumat veriləcək”, - nazir qeyd edib.