Xətai rayonunun Neapol dairəsi yaxınlığında, Telnov küçəsində yerləşən yeni tikilinin 14 sakini aldıqları mənzillərə köçə bilmir. İllərdir məhkəmələrə ayaq döyən, süründürməçiliklə haqqını ala bilməyən sakinlər bu dəfə Müstəqil Həmkarlar Birliyinə (MHB) müraciət edərək, hüquqlarının qorunmasını xahiş ediblər. Şikayətçilər ya aldıqları mənzilləri, ya da pullarının onlara verilməsini istəyirlər. Onlar sözügedən ərazidə yerləşən binanın bütün sakinlərinin aldadıldığını deyiblər.
Binanın sakinləri Telnov küçəsindəki sözügedən binadan hələ 2014-cü ildə mənzil alıb. Amma sən demə həmin mənzillər başqasına da satılıbmış. Zərərçəkmişlər məsələ ilə bağlı məhkəməyə müraciət ediblər. Vətəndaşların şirkətə ödədiyi pullarının qaytarılması ilə bağlı məhkəmə qərarı olsa da, şirkət tərəfindən icra edilmir. Evsiz qalan “bina sakinləri” illərdir nə pullarını ala bilir, nə də evlərini…
MHB-nin sədr müavini Xəzər Teyyublu Versus.az-a bildirib ki, tikinti şirkətləri tərəfindən sakinlərin bu cür aldadılması az qala adi hal alıb. Onun sözlərinə görə, problem ondan başlayır ki, bir buna bir neçə podratçı şirkətlər tərəfindən tikilir və hər şirkət də öz istədiyi kimi mənziləri satır. Beləliklə də bir mənzil bir neçə dəfə satılır və mənzilə sahib olmaq istəyən vətəndaşların pulları alınır, özləri isə çöldə qalırlar. Zərərçəkənlər məhkəmələrə üz tutur, məhkəmə dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar verir, yenə də podratçı şirkətlərin “ötür-ötür oyunu”, icraasız qalan məhkəmə prosesləri ilə ortada qalırlar.
X.Teyyublu qeyd edib ki, Xətai rayonunun Neapol dairəsi yaxınlığında, Telnov küçəsində yerləşən yeni tikilinin 14 sakini Şərur İnşaat MTK-nın nəzdində formalaşan AzərTikinti İnşaat şırkətinin oyunlarına gəlib:
“Məhkəmə qapılarına ayaq döyməkdən yorulan, bir az da yaşlanan bu “evsiz sakinlər” illərdir özünə, övladına aldığı mənzilə köçmək arzusunu gerçəkləşdirə bilmir, haqlarını ala bilmədikləri üçün dövlətdən narazı qalırlar. Çünki vətəndaş həm pulunu itirir, həm aldadılır, bundan qazanan isə dələduz iş adamları olur”.
X.Teyyublu bildirib ki, MHB-nə daxil olan şikayətlər, qarşılaşdığımız faktlar cəmiyyətdə həllini gözləyən həddən artıq sosial, hüquqi problemlərin olduğunu göstərir. Onun sözlərinə görə, Müstəqil Həmkarlar Birliyinə hər gün belə 10-larla şikayətlər daxil olur:
“İnsanlar hüquqlarını, haqlarını qoruyan, onları doğru ünvana yönəldən, sözlərinin aidiyyatı orqanlara çatdırılacağına əmin olduqları, etibar etdikləri bir təşkilata – Mütəqil Həmkarlar Biriyinə müraciət edirlər. MHB bütün şikayətləri təhlil edir, araşdırır və məsələni birbaşa aid olduğu dövlət idarəsi qarşısında qaldırır, həllinə çalışır”.
X.Teyyublu MHB-nə daxil olan müraciətlər içərisində özləri ayrı-ayrı ölkə vətəndaşları olub, övladlarına vətəndaşlıq ala bilməyən insanların da çoxluq təşkil etdiyini qeyd edib. Bildirib ki, artıq valideynlərdən biri Rusiya, digəri Azərbaycan vətəndaşlığı olan şəxslərin uşaqlarının vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya xidməti ilə işlər aparırlar.
X.Teyyublu eləcə də, mülkiyyət məsələləri, sosial hüquqların bərpası ilə bağlı MHB-ə edilən müraciətlərlə bağlı işlərin üzərində çalışdıqlarını deyib. O, bildirib ki, mülkiyyət hüququ ilə bağlı bələdiyyələrdə qanun pozuntuları həddən artıqdır:
“Müstəqil Həmkarlar Birliyinə daxil olan şikayət dovluğunda Binəqədi Bələdiyyəsinin mülkiyyətçinin torpağını zəbt edib başqasına satması ilə bağı müraciət var. Biz bu məsələlərlə bağlı Ədliyyə Nazirliyində Bələdiyyələrlə iş üzrə şöbənin rəhbəri Emin Həsənovla görüşüb müzakirələr aparmışıq.
Başqa bir şikayət ərizəsində 80 yaşı qadının mənzilində ailə üzvü olmayan bir şəxsin qeydiyyata alınması və həmin şəxsi qeydiyyatdan çıxara bilməməsi göstərilib. Məsələ ilə bağlı polisə, Daxili İşlər Nazirliyinə müraciət edilib. Polis qadını evinə gətirib yerləşdirir, polis gedən kimi qeydiyyatda olan şəxs yaşlı qadına fiziki, maddi-mənəvi güc tətbiq edərək, incidir. MHB-i olaraq bu problemin həllinə yönəlik işlər aparırıq”.
X.Teyyublu MHB-nə müraciət olunan qeyd edilən problemlərin illərlə üst-stə yığılıb qalmış məsələlər olduğunu deyib:
“Müstəqil Həmkarlar Birliyi bir qeyri hökumət təşkilatı olaraq çalışır ki, şikayətçiləri dinləyib real vəziyyətə uyğun olaraq onlara düzgün yol göstərsin. Bir çox məsələlərlə bağlı Azərbaycan qanunları çərçivəsində aidiyyatı strukturlara müraciət ünvanlayıb, yaxud birbaşa rəhbərliklə görüşərək həllinə nail ola bilirik”.