Joze Mourinyo "Fənərbağça"dan ayrılır?

Türkiyə nəhənglərindən olan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının "Everton" klubu ilə danışıqlara başlayıb. Sozcu.az xəbər verir ki, portuqaliyalı ilə "Everton" maraqlanır. Liverpul təmsilçisinin yeni prezidenti Dan Fridkin Mourinyonu komandasında görmək istəyir. Klub rəhbərliyi hazırkı məşqçi Şon Daysı bu vəzifəyə layiq bilmir. Bu səbəbdən də mütəxəssislə mövsümün sonunda müqavilə yenilənməyəcək. /oxu.az/

Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək- Ekspert açıqladı

Sənədsiz evlər problemi illərdir qalmaqdadır. Dövlətə məxsus torpaqların sənədləşdiriləcəyi ilə bağlı xəbərlər tez-tez yayılır. Şirkətlərə məxsus torpaqlarda olan tikililərin taleyi ilə bağlı isə hansısa məlumat verilmir. Mövzu ilə bağlı Modern.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, neft kontraktına aid olan ərazilərdə tikilən evlərə birmənalı olaraq sənəd verilməyəcək: “Çünki o torpaqların çoxu radiasiyalı və insan orqanizminə ciddi ziyan gətirə biləcək ərazilərdə yerləşir. Bu səbəbdən neft müqaviləsinə aid olan torpaqlarda tikilən evlərin sənədləşdirilməsi mümkün olmayacaq. Gələcəkdə həmin torpaqların təmizlənməsi və həmin neft şirkətlərinin balansından çıxarılması həyata keçirildiyi və yaşayış fondu torpaqlarına aid edildiyi təqdirdə bu məsələyə baxıla bilər. Amma neft kontraktına aid olan torpaqlarda fərdi yaşayış evlərinin sənədləşdirilməsi nəzərdə tutulmur”. Ekspert vurğulayıb ki, bu evlərin gələcəkdə köçürülməsi həyata keçirilə bilər: “Bu ərazilərdə yaşamaq özü belə insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu səbəbdən həmin yerlərdə yaşayan sakinlər köçürülə bilər. Bu birbaşa insanların özünün sağlamlığı ilə bağlı məsələlərdir və hökumət bu məsələdə heç də güzəşt etmək niyyətində deyil. Harada insan sağlamlığına ziyan gətirən hallar varsa, buna yol verilməyəcək”.

Masallıda müəllim intihar etdi

Masallı rayonu Dəmirçi kənd sakini Asif Abbaszadə intihar edib. Sozcu.az Asiya.az-a istinadla xəbər verir ki, Asif Abbaszadə uzun müddət Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyib. İki ildir yaşı ilə əlaqədar təqaüddə olan Asif müəllimin hansı səbəbdən intihar etməsi məlum deyil. Allah rəhmət etsin.

Estetik əməliyyatın QURBANI - "Yasamal Hospital"ın baş həkimi qadını ölümcül hala salıb

Sosial şəbəkələrdə son dönəmlər bədən şəkilləndirmə əməliyyatları ilə bağlı xəbərlər xüsusilə çox yayılıb. Bu cür əməliyyatların qorxusuz, ağrısız, risksiz olduğunu deyən həkimlər insanları şirnikləndirir. Təəssüflər olsun ki, bədən şəkilləndirmə əməliyyatları arasında uğursuz nəticələnənləri də çoxdur. Fidan İsmayılqızı da uğursuz nəticələnən estetik əməliyyatın qurbanıdır. O, Bizim.Media-ya qarın gərmə əməliyyatı nəticəsində necə ölümlə üz-üzə gəldiyini danışıb. "Əməliyyatdan sonra qanaxma başladı" O, komplekslərindən qurtulmaq üçün aprelin 16-sı "Yasamal Hospital"a üz tutub. Fidan İsmayılqızı deyir ki, klinikanın estetik cərrahı, baş həkim Elvin Əliyev və komandası ona abdominoplastika, yəni qarın gərmə əməliyyatı ediblər. Əməliyyatdan 1 saat sonra isə Fidan xanımın halı pisləşib. "Təzyiqim düşdü, gözüm qaraldı, məni bumbuz tər basdı, ürəkbulanma, qusma başladı. Bunlar daxili qanaxma əlamətləridir. Məni yenidən əməliyyat stoluna qaytardılar. 2-ci əməliyyatım çox uzun çəkdi. Bir gün içində iki dəfə əməliyyat olundum. Sağ çıxanda sevindim. Sən demə, 1 həftə sonra daha ağır günlərim başlayacaqdı..." "Klinika məni qəbul etmədi" Fidan İsmayılqızı ikinci əməliyyatla sadəcə canını qurtara bildiyini, amma 6 ay ərzində hər gün əziyyət çəkdiyini deyir: "Çoxlu qan itirmə, eyni nahiyənin 2 dəfə açılıb, tikilməsindən sonra yaramda dərin nekroz (toxuma ve hüceyrələrin qidalanmasının pozulması) başladı. Bir müddət sonra isə yaralarım tamam açıldı, yaradan çoxlu miqdarda seroz maye axdı, bədənim bir yandan qan, bir yandan da maye itirdi. Ağır vəziyyətdə "Yasamal Hospital"a getdim, amma məni qəbul etmədilər. Dərhal başqa özəl xəstəxanaya getdim. 1 həftə orada müalicə aldım". Qeyri-estetik əməliyyat... Fidan İsmayılqızının sözlərinə görə bu qədər əziyyətin nəticəsində bədənində dərin yara izləri, arzuolunmaz görüntü yaranıb: "Bədənim vizual olaraq çox pis vəziyyətdədir, hələ daha nə qədər əməliyyat olmalıyam. Artıq tükənmişəm. Bu 5 ayı evdən çölə çıxmadım, ancaq yaralarıma sarğı qoymaqla məşğul idim. Təsəvvür edin ki, bitişməyən yara, yarada axıntı, sarğı qoy, üstündən bu istidə korset bağla, bütün psixologiyam çöküb". Məhkəmə prosesi Fidan İsmayılqızı həkim səhlənkarlığı iddiası ilə Elvin Əliyev barəsində Baş Prokurorluğa şikayət etdiyini bildirib. Prokurorluq isə işi məhkəməyə göndərib. Yasamal Rayon Məhkəməsi cinayət işi başlatmasa da, prokurorluq bu qərarı əsassız sayıb və işin yenidən araşdırılmasını istəyib. Məsələ ilə bağlı "Yasamal Hospital"ın baş həkimi Elvin Əliyev Bizim.Media-ya açıqlamasında deyib ki, əməliyyatı o etməyib, iddiaları isə əsassız hesab edir. Onun sözlərinə görə, əməliyyatı vaxtilə "Yasamal Hospital"da onun rezidenti olmuş Mehdi Həsənzadə edib. Hazırda isə Mehdi Həsənzadə həmin klinikada çalışmır. Amma əməliyyat edən vaxt rezident vəzifəsində olub. Rezidentin isə əməliyyatı tək etməsi qadağandır. Həkim nəzarəti mütləq olmalıdır. Fidan İsmayılqızı deyir ki, kameraların prokurorluğa təhvil verilməsi gecikdirilir, əməliyyatı kimin etdiyi də sual altındadır. Məhkəmə sənədlərində nə yazılıb? "Fidan İsmayılqızı "Abdominoplastika" əməliyyatı üçün 07.04.2024-cü il tarixində "Yasamal Hospital"da rezident Mehdi Həsənzadənin qəbulunda olub. Mehdi Həsənzadə ona Sabunçu xəstəxanasında ümumi cərrahiyyə üzrə 4-cü kursda rezident olduğunu bildirib. Fidan İsmayılqızı rezident olduğu üçün ondan müstəqil olaraq əməliyyatı necə icra etdiyini soruşub. Mehdi Həsənzadə isə əməliyyatların müstəqil deyil, "Yasamal Hospital"ın baş həkimi Elvin Əliyevin nəzarəti altında icra edildiyini və əməliyyatlara birlikdə girdiyini deyib. Daha sonra Mehdi ona ümumi qan analizindən keçməyi təklif edib və əməliyyat günü təyin olunub. Bütün bu analizləri verərkən və müayinələrdən keçərkən onu Elvin Əliyevin xəstəsi kimi qeydə alıblar". Bu, Elvin Əliyevin karyerasındakı ilk qalmaqal deyil 2018-ci ildə onun etdiyi abdominoplastika əməliyyatından sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. Zərərçəkən mediaya verdiyi açıqlamalarında deyib ki, Elvin Əliyevin etdiyi əməliyyat onun həyatını cəhənnəmə çevirib. Həmin dövrdə Elvin Əliyev "İnternational-2" adlı özəl klinikada baş həkim olub. "Əməliyyat zamanı mənim orqanizmimə infeksiya düşüb. İnfeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi… Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir. Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin Əliyev isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin". Elvin Əliyevin qeyri-peşəkar işi və səhvi ucbatından bu halda düşdüyünü vurğulayan Fidan İsmayılqızı qarşı tərəfin ona təzminat ödənməsini və sağlamlığını itirməsinə səbəb olan şəxslərin cəzalandırılmasını istəyir.

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

İsrailin Azərbaycandakı səfirliyi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.  Globalinfo.az-a daxil olan məlumata görə, səfirliyin yerləşdiyi binada ofisi olan bütün şirkətlərə işçilərin bir müddət məsafədən işləməsi tövsiyə edilib.  Hazırda binanın ətrafında təhlükəsizlik çəmbəri yaradılıb. Ofislərə göndərilən mesajlarda Yaxın Şərqdə müşahidə olunan gərginlik fonunda bu addımların atıldığı bildirilib. Mesajda sözügedən tədbirlərin məhz İsrail səfirliyinin təhlükəsizliyinin qorunması ilə bağlı olduğu qeyd edilməsə də, əsas məqsədin bu olduğu bəllidir.  vakansiya Xatırladaq ki, ötən il İsrailin Bakıdakı səfirliyinə iran əsilli şəxsin hücumunun qarşısı alınıb. Son 15 ildə İsrailin Bakıdakı səfirliyində İrana bağlı qüvvələr dəfələrlə terror həyata keçirmək istəyiblər. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları hər dəfə bu cəhdləri önləyib. 

Siqaret çəkənlərin NƏZƏRİNƏ! - Bu cərimələr KƏSKİN ARTIRILIR

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır.  Sozcu.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.  Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. 

Ani ölümdən xilas olmaq istəyirsinizsə, bunu edin! - VACİB MƏSLƏHƏT

Tibbdə miokard infarktı kimi tanınan infarkt, ürək əzələsinin kifayət qədər qan axını və oksigen ala bilməməsi və ürəyi qanla təmin edən damarlarda yağ və xolesterin yığılması nəticəsində yaranan tıxanma nəticəsində ölməyə başlamasıdır.  Yenisabah.az xəbər verir ki, miokard infarktı olaraq da bilinən infarkt, koronar damarların tıxanması nəticəsində ürək əzələsinə oksigenlə qan axınının azalması və ya tamamilə dayandırılması şəklində toxuma ölümü olaraq təyin edilə bilər. Xüsusilə infarkt zamanı bir neçə dəqiqəlik sinə ağrısı və ya sıxılma hissi kimi simptomlar ürək əzələsinin oksigendən məhrum olmasından qaynaqlanır.  Ürək-damar sisteminin qəfil tıxanması nəticəsində meydana gələn infarktda ən vacib məqam, ürək ağrısı kimi əlamətlər görünən kimi insanın tam təchiz olunmuş xəstəxanaya müraciət etməli və sağlamlıq xidməti almasıdır. Çünki orta hesabla infarktdan ölənlərin yarısı infarkt başlayandan sonrakı ilk saat ərzində baş verir. Əslində, infarkt zamanı ilk yardıma mümkün qədər tez başlansa, tıxanmış damarı açan müalicə üsulları ən qısa zamanda tətbiq oluna və ürəyin zədələnməsinin qarşısı alına bilər. Xəstənin xəstəxanada müalicəsində vacib olan, tez diaqnoz qoyulması və lazımi müdaxilədir.  vakansiya İnfarkt zamanı insan tək olarsa; Ürək böhranı zamanı tıxanmış damarı açmaq üçün insanın edə biləcəyi heç bir manevr yoxdur.  İlk növbədə, ağrılar başlayan kimi xəstə yaxınlarına zəng edərək vəziyyəti onlara bildirməlidir.  Yerin qapısı açıq qalmalıdır. Bu yolla köməyə gələcək adamın işi asanlaşar.  Güclü öskürək müvəqqəti olaraq qan axını artıra bilər. Başlanğıc laxtanın yerindən çıxma ehtimalı çox aşağı olsa da, insan burun dəliklərini bağlamalı və güclə öskürməlidir.  Əgər evdə aspirin varsa, onu bir stəkan su ilə qəbul etmək lazımdır.  Bundan əlavə, heç vaxt bir şey yeməməli və içməməlisiniz.  Oksigenin otağa daxil olması üçün pəncərə açılmalıdır.  Uzanaraq və ya oturaraq kömək gözləməlisiniz. Ayaqda dayanmamalısınız. Çünki xəstəxanaya ürək tutması ilə gələn xəstənin travma problemi olmamalıdır. Bir şəxs yıxılıb başı harasa dəysə, başdan vurulan zərbə səbəbiylə infarktın müalicəsi mümkün olmaya bilər.  Ağrıları azaltmaq üçün məşq edilməməlidir. Heç vaxt soyuq və ya isti suyun altına girməməlisiniz. Xüsusilə soyuq su belə vəziyyətlərdə çox təhlükəlidir. Çünki ürək damarlarını daraldır və tıxanmayan damarların daralmasına səbəb olur.  Yanınızda kimsə infarkt keçirirsə; Əgər sağlamlıq təcrübəniz yoxdursa, infarkt keçirən birinə müdaxilə etməyin, heç bir dərman vasitəsi verməyin. Dərhal təcili yardıma müraciət edin və xəstəni ən yaxında yerləşən tam təchiz olunmuş xəstəxanaya çatdırın.  Bu vaxt infarkt keçirən şəxsi uyğun yerə yatırın.  Ayaqları ürək səviyyəsindən yuxarı qaldıraraq ürəyə qan axını artırmağa çalışın. Dar paltarları açmaq və ya qalstuku açmaq kimi köməkliklər edin. Əsas odur ki, xəstəni müayinə və müalicələrin yerində və lazımi qaydada həyata keçirilə biləcəyi xəstəxanaya çatdırasınız. 

Bakıda yük avtomobili iki bacını vurdu, biri öldü

Bakıda yük avtomobili iki bacını vurub. Sozcu.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Aqil Səmədov idarə etdiyi "Mersedes Benz Axor" markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub. Nəticədə bacılardan Cəmilə Eyvazova aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 954-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 657 940 hərbçi, 8 908 ədəd tank, 17 627 ədəd zirehli döyüş maşını, 18 965 ədəd artilleriya sistemi, 1 212 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 965 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 820 ədəd avtomobil texnikası, 16 494 ədəd PUA, 2 613 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 333 xüsusi avadanlıq itirib.

40 faizlə kredit, yoxa çıxan qızıllar: Lombard və BOKT-lara "dur" deyiləcək?

Vətəndaşlar maddi ehtiyacı ilə bağlı vəsait əldə etmək üçün adətən müxtəlif təşkilatlara müraciət etməli olurlar. Lakin bu zamana bank vasitəsilə kredit əldə etmək xeyli zaman tələb etdiyindən vətəndaşlar bunun üçün qeyri-bank kredit təşkilatı və lombardlara üz tuturlar. Bank olmayan kredit təşkilatı (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. Azərbaycanda qısamüddətli lombard krediti verən şirkətlər çoxdur ki, bu şirkətlər lombard adlanır. Lakin bu gün ölkədəki bank olmayan kredit təşkilatları və lombard şirkətlərinin heç də hamısının fəaliyyəti qənaətbəxş deyil. Bəzi vətəndaşlar var ki, yüksək faizlə həmin təşkilatlardan girov müqabilində kredit götürürlər, ancaq həm kreditlərini ödəməkdə, həm də girovlarını geri almaqda çətinliklərlə üzləşirlər. Hətta vətəndaşların girovlarını dələduzluqla ələ keçirən lombard şirkətləri də var. Bu sahədə mövcud problemlərin həlli üçün lombard və bank olmayan kredit təşkilatları ilə bağlı yeni qaydaların tətbiqə nə dərəcədə ehtiyac var? Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov  bildirib ki, ölkənin maliyyə sektorunda lobard və bank olmayan kredit təşkilatlarının fəaliyyəti qənaətbəxş sayıla bilməz: “Son illər həm lombardlar, həm də bank olmayan kredit təşkilatları tərəfindən çox yüksək faizlərlə, ehiyacı olan adamların iqtisadi savadının olmamasından istifadə edərək onlara 30-40 faiz dərəcə ilə kredit vermək, onların əmlakını girov götürmək, sonradan əmlaklarını əllərindən almaq kimi neqativ hallar mövcudur. Nəticə etibarı ilə bütün bunlar bank və maliyyə sektorunun işinə mənfi təsir göstərir. Məhz bu sahədə onların fəaliyyətinə yenidən baxmaq, onu daha təkmil etmək lazımdır. Yəni haradasa bir məhdudiyyətlər, ölçülər olmalıdır. Doğrudur, onların fəaliyyəti müəyyən normativ aktlarla tənzimlənir. Görünən odur ki, bu aktlara yenidən baxılmasına ehtiyac var. Bu gün xarici ölkələrdə həmin qurumlar fəaliyyət göstərmirlər. Bildirim ki, bank olmayan kredit təşkilatları insanları iqtisadi, maliyyə savadının olmamasından, eyni zamanda ehtiyacının daha çox olmasından istifadə edib, müəyyən tələyə salıb və onlara yüksək faizlə kredit verib, əmlaklarını girov götürüb sonrada da əmlaklarını əllərindən alırlar. Lombardlarla bağlı da onlarla belə faktlar var ki, insanların qızıl-zinət əşyalarını ucuz qiymətə girov götürüb, müəyyən vəsait verirlər. Dəyərindən bir neçə dəfə aşağı girov götürürlər. Sonra qızıl-zinət əşyalarının götürüb qaçırlar”. Onun sözlərinə görə, bütün bunların qarşısını alacaq yeni qaydalar işləyib hazırlamaq lazımdır: “Müəyyən ölçülər, kriteriyalar olmalıdır ki, ondan kənara çıxa bilməsinlər. Tam sərbəstlik verəndə, insanların ehtiyacının yaranmasından, məlumatsızlığından məhz bu sferalarda fəaliyyət göstərən “işbazlar” məharətlə istifadə edirlər. Təbii ki, cəmiyyətdə bu istiqamətdə maarifçiliyi artırmaq lazımdır. Məsələn, mən adam tanıyıram ki, gedib 37-38 faizlə bank olmayan kredit təşkilatından kredit götürüb. Bu insanın iqtisadi biliyi yoxdur. Faktlar var ki, bank olmayan kredit təşkilatı iş adamına 40 faizlə kredit verib. Həmin insan təxminən 10 ildir ki, həmin krediti ödəyib bitirə bilmir. Hər dəfə də gecikmələr, cərimələr, yenidən müqavilə bağlayırlar, ödənilməmiş məbləğləri onun üzərinə gəlirlər. Fakt var ki, vətəndaş aldığı kreditdən 3 dəfə artıq ödəniş edib, yenə də ondan əl çəkmirlər. Çünki evini, yaxud digər əmlakını girov qoyub. Bütün bunlar hamısı dələduzluq hallarıdır. Bir insan bank olmayan kredit təşkilatından, məsələn, 1000 manat kredit götürürsə, onun yerinə 3 min ödəyirsə, onun əmlakını da əlindən almaq istəyirsə, bu artıq nə deməkdir? Hazırda onların fəaliyyəti müəyyən normativ aktlarla tənzimlənir. Ancaq elə korrektələr edilməlidir ki, bu kredit təşkilatları, lombardlar qeyd edilən hallara yol verə bilməsinlər. Bunun üçün qanunda hədd müəyyən edilməlidir. Yəni sərbəst şəkildə insanları aldatmaq üçün onların bu qədər imkanları olmamalıdır”./“Cebheinfo.az”

Rusiyada eyni vaxtda iki neft anbarı od tutub yandı...-FOTO

Rusiyada iki neft bazasında eyni vaxtda yanğın baş verib.  Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, Voronej vilayətində pilotsuz təyyarə “Annanefteprodukt” MMC-nin neft bazasının ərazisinə düşüb, nəticədə yanacaq çəni yanıb. Bu haqda vilayət qubernatoru Aleksandr Qusev danışıb. “Voronej vilayətinin Anninski rayonunda elektron döyüş texnikası Ukraynaya məxsus PUA-ları söndürüb, onlardan biri neft anbarının ərazisinə düşüb, ilkin məlumata görə, itki yoxdur", - deyə qubernator bildirib. Bundan əlavə, Perm diyarında Osentsı kəndinin sənaye zonasındakı özəl neft anbarında güclü yanğın baş verib. "Shot" telegram-kanalının yazdığına görə, yanğın 10 min kvadratmetr ərazini əhatə edir. Bildirilir ki, yanacaq çənlərini alov bürüyüb. Hadisə yerində 60-dan çox yanğınsöndürən və 19 texnika çalışır. Lakin baş verənlərin səbəbləri göstərilmir. Rusiyaya hücumlar haqda son xəbərlər.. Gecə Rusiyaya Ukrayna pilotsuz uçan aparatları tərəfindən hücum edilib - ölkənin Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin dörd regionda 113 pilotsuz uçan aparatını “ələ keçirib və məhv etdiyini” bildirib. Daha sonra Ukrayna Təhlükəsizlik Xidmətindən Rusiya Federasiyasının Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromunda "KAB" bombaları olan anbarlara, "SU-35" və "SU-34" təyyarələrinin dayanacaqlarına, habelə aviasiya yanacağı anbarlarına hücum edildiyi haqda məlumat verilib. Bir neçə gün əvvəl  isə Ukrayna Silahlı Qüvvələri Volqoqrad vilayətində raket anbar arsenalına hücum edib.

Nazir müavini 500 manatlıq kitabı pulsuz apardı - Şahbaz Xuduoğlu

"Beynəlxalq Kitab Sərgisi başlayıb. Hardadı nazirliklərimiz? Hardadı böyük şirkətlərimiz? Bağça uşaqlarını kitab sərgisinə gətirməklə hesab edirsiniz ki, işinizi bitirdiniz? Bir nazir müavini gəlmişdi, dedi ki, "ən böyük hədiyyə kitab hədiyyəsidir." 500 manatlıq kitab yığdı, heç bir ödəniş etmədi". "Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu X Bakı Beynəlxalq Kitab sərgisinə marağın az olmasından şikayət edib. O, bu barədə sosial media hesabında payaşım edib. Şahbaz Xuduoğlu sərgiyə gələnlərin əksəriyyətinin məktəb və bağça uşaqları olduğunu deyib. O, böyük şirkətləri, nazirləri, deputatları və diplomatları sərgidə iştirak etməyə dəvət edib.

Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....

Bir neçə gün öncə Xaçmaz şəhərində 10-cu sinif şagirdinin həmyaşıdına xəsarət yetirməsi barədə məlumat yayılıb. Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Bakıda isə məktəblərinin birində bıçaqlanma hadisəsi ilə bağlı xəbər yayılıb. Bu hallar məktəblərdə şagidlər arasında xoşagəlməz hadisələrin səbəblərinin araşdırılması, aradan qaldırlması üçün ciddi siqnaldır. Şagirdlərin məktəbə kəsici-deşici alətlərlə daxil olmasını önləmək üçün hansı tədbirlər görülür? Son günlər məktəblilər arasında bıçaqlanma hallarının artması cəmiyyət üçün ciddi narahatlıqdır: "Bu cür halların artması yalnız fərdi hadisə kimi qəbul edilməməli, geniş miqyasda analiz olunmalı və ciddi tədbirlər görülməlidir. Ən əsas sual isə budur ki, şagirdlər soyuq silahla məktəbə niyə gedir? Valideyn, məktəb və cəmiyyət bu prosesdə hansı rol oynayır? Problemin kökündə nə dayanır və onu necə həll edə bilərik? İlk növbədə, şagirdlərin soyuq silahla məktəbə getməsi ailə nəzarətinin zəifliyi ilə əlaqədar ola bilər. Valideynlərin bir çoxu, xüsusən də işlə məşğul olanlar uşaqlarına lazımi diqqəti yetirmirlər. Evdə valideynin daimi nəzarətinin olmaması, şagirdlərin davranışını izləməmək, onların həyat tərzi və maraqları barədə məlumatlı olmamaq bu cür aqressiv davranışlara yol açır. Əgər valideyn uşağının məktəb çantasını və ya cibində nə daşıdığını bilmirsə, bu, onların uşaq üzərindəki nəzarətinin yetərsiz olduğunu göstərir. Məktəblərin də məsuliyyəti danılmazdır. Təhlükəsizlik tədbirlərinin artırılması, məktəbdaxili nəzarət mexanizmlərinin gücləndirilməsi mütləqdir". Onun sözlərinə görə, bu gün bir çox məktəbdə təhlükəsizlik qaydalarına yetərincə əməl olunmur: "Məktəb ərazisinə kənar şəxslərin girişinə nəzarət zəifdir. Bu səbəbdən şagirdlərin özləri ilə bıçaq kimi təhlükəli əşyalar gətirməsi daha asan olur. Məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması, dərs müddətində şagirdlərin məktəbə daxil olma və çıxma hərəkətlərinin daha sıx izlənməsi zəruridir. Aqressiyanın artmasının digər səbəbləri sosial və psixoloji amillərlə bağlıdır. Şagirdlərin ailədə və cəmiyyətdə qarşılaşdıqları gərginlik, sosial təzyiqlər və zorakılıq hallarının təsiri aqressiv davranışlara yol aça bilər. Sosial şəbəkələr və media vasitəsilə zorakılığın təbliği, aqressiv davranışların “qəhrəmanlıq” kimi göstərilməsi şagirdlərin təsir altına düşməsinə səbəb olur. Bundan başqa, ailədaxili zorakılıq, valideynlərin arasındakı gərginlik, uşaqlara yetərincə diqqət və qayğının göstərilməməsi onların özünə inamsızlığını artırır, öz problemlərini zorakılıqla həll etməyə meyilləndirir". K.Əsədov bu kimi halların qarşısını almaq üçün birincisi, psixoloji dəstək sisteminin gücləndirilməli olduğunu deyib: "Məktəblərdə psixoloqların rolu artırılmalı, şagirdlərə müntəzəm psixoloji dəstək verilməli, aqressiv davranışların kökündə duran səbəblər araşdırılmalıdır. Bu, həm məktəbdə, həm də ailədə psixoloji maarifləndirmə proqramları vasitəsilə həyata keçirilməlidir. İkincisi, valideynlərin məsuliyyətinin artırılması və maarifləndirilməsi vacibdir. Valideynlər uşaqların gündəlik həyatına daha çox maraq göstərməli, onların duyğusal vəziyyətinə diqqət yetirməlidirlər. Uşaqlarla düzgün ünsiyyətin qurulması, onları anlamaq və onlara dəstək olmaq, uşaqların mənəvi və psixoloji ehtiyaclarını qarşılamaq üçün vacib addımlardır. Üçüncüsü, məktəblərdə zorakılığa qarşı ciddi qaydalar və tədbirlər görülməlidir. Şagirdlər arasında zorakılıqla bağlı halların baş verməsinə qarşı “sıfır tolerantlıq” siyasəti tətbiq olunmalı, belə halların qarşısı məktəb rəhbərliyi tərəfindən ciddi şəkildə alınmalıdır. Məktəblərdə nizam-intizam qaydaları yenidən nəzərdən keçirilməli və şagirdlərin davranışlarına xüsusi diqqət yetirilməlidir". Ekspert deyir ki, nəticə olaraq, məktəblərdə və cəmiyyətdə aqressiyanın artması kompleks bir problemdir: "Onun həlli üçün həm valideynlər, həm məktəb rəhbərliyi, həm də cəmiyyət üzərinə düşən məsuliyyəti anlamalı və ona uyğun tədbirlər görməlidirlər. Təhsil sistemində və cəmiyyətdə bu məsələyə diqqət artırılmalı, hər bir şagirdin təhlükəsiz və sağlam mühitdə böyüməsinə təminat verilməlidir. Aqressiyanın qarşısını almaq üçün həm təhsil, həm də psixoloji dəstək tədbirləri birgə aparılmalıdır"./"Cebheinfo.az"

Bakı metrosunda FACİƏ - Sərnişin öldü

Metronun “28 May” stansiyasında kişi sərnişin stansiya yoluna düşüb.  Bu barədə Sozcu.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.  Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin vəfat edib.  Metroda qatarların hərəkətində 17 dəqiqə yubanma olub, sonradan hərəkət bərpa edilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 

Tərtərdə xəstəxanada ÖLÜM - Cinayət işi başlanıldı

Tərtər sakininin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 2-də Tərtər rayonu ərazisində 1974-cü il təvəllüdlü Yaşar Abdullayevin almış olduğu xəsarət səbəbindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1994-cü il təvəllüdlü İnqilab Qayıbovun sentyabrın 27-də aralarında yaranmış mübahisə zamanı Yaşar Abdullayevə üz nahiyəsindən yumruqla xəsarət yetirməsi, sonuncunun zərbənin təsirindən yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. İnqilab Qayıbov iş üzrə şübhəli şəxs qismində tutulub.

Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK

Psixoterapevtdən xəbərdarlıq: “Təxirəsalınmaz addımlar atılmasa...” Azərbaycanda ard-arda iki gün ərzində 3 məktəbli adam bıçaqlayıb. Oktyabrın 2-də Şəmkir və Xaçmaz rayonlarında 10-cu sinif şagirdlərinin arasında yaranan hər iki mübahisə bıçaqlanma ilə nəticələnib. Bir nəfər ölüb. Sözügedən olayların üstündən bir gün keçmədən səhər saatlarında Bakının Ramana qəsəbəsində 2008-cü il təvəllüdlü yeniyetmə özündən 4 yaş böyük şəxsə bıçaqla xəsarət yetirib. Bu gün isə Bakıda daha bir məktəbdə bıçaqlanma hadisəsi baş verib. Hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü A.S (şərtidir) həmyaşıdı D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxs məktəbin 10-cu sinif şagirdidir. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb. Bu hadisələr onu göstərir ki, ölkəmizdə kriminalın yaşı getdikcə aşağı düşür və ən acınacaqlısı odur ki, məktəblilərin belə hadisələrdə iştirakı artır. Məktəblilər arasında bu cür aqressivləşmənin səbəbi nədir? Uşaqların kriminal aləmin elementinə çevrilməsində günahkar kimdir? Tanınmış klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Cinayət insan düşüncəsinin dəyərsizliyidir. Cinayətə heç bir halda haqq qazandırmaq olmaz. Cinayəti nümunə göstərmək və təbliğ etmək qadağan edilməlidir. Şagirdlərin məktəblərdə cinayət törətməklərinin səbəblərini axtarası olsaq, hər kəsin payı olduğunu ifadə etməyə cəsarət etməliyik. Həyəcan təbili çalınmalıdır və risklərin minimuma endirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Statistik olaraq bir cinayət belə çoxdur. Aidiyyəti qurumlar şagirdlərin cinayətləri ilə bağlı birlikdə preventiv və profilaktik fəaliyyətləri genişləndirməlidirlər. Məktəb şəxsiyyət yetişdirməlidir. Məktəblərdə sağlam psixoloji mühitin formalaşmasını hüquqi düşüncə tənzimləyir. Ailədə valideynlər arasında davamlı münaqişələrin olması, uşaqların başqaları ilə müqayisəsi və şiddət kimi davranışlar uşaqlarda cinayət düşüncələri yaradır. Ailədə tərbiyə nümunə yaratmalıdır. Qadağalar uşaqları tərbiyə etmir, cinayətə təhrik edir. Uşaqlara tərbiyə üsulunda izahlara ehtiyac var. Məhrumiyyətlər əvəzlənməlidir ki, məhdudiyyətlər yarana bilsin. Ailədə sağlam mühit üçün valideynlərin nitq və davranışları sağlam olmalıdır. Ailənin yaratdığı stereotiplər uşaqlarda davranış pozuntularını aşkarlayır. Valideynlərin evdə davranışları uşaqların çöldə xarakterini göstərir. Ailədə və məktəbdə uşaqlara fərdi yanaşılmalıdır. Uşaqlara yaşlarına uyğun şəxsiyyət kimi yanaşılmalıdır”. Psixoterapevt onu da əlavə edib ki, insanın düşüncə və davranışlarını formalaşmasında, insan psixologiyasının sağlam inkişafında mühit əsas amildir: “Uşaqların iştirakçı olduğu ünvanlarda sağlam mühitin formalaşmasına dəstək olmaq lazımdır. Cinayət düşüncələrinin təsir imkanlarını azaltmaq üçün maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Məktəblərdə uşaqlara hüquqi və psixoloji biliklər verilməlidir. Hüquqi düşüncə formalaşdırmaq lazımdır. Əks halda kriminal hər zaman uşaqların diqqətini çəkəcək. Cinayət anlayışı insan düşüncəsində həyəcan yaradır. Sonra həyəcan peşmançılıqla əvəzlənir. Uşaqları kriminal təfəkkürdən uzaq tutmaq üçün nizam-intizama diqqət edilməlidir. Valideynlər və məktəb arasında sağlam körpü olmalıdır. Məktəbdə rüblük və illik psixoloji iqlimin diaqnostikası aparılmalıdır. Uşaqlara tək olmadığını və başqaları ilə yaşamalı olduğu izah edilməlidir. Uşaqlara nifrət yox, sevgi verilməlidir, sevgi öyrədilməlidir”.

Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Oktyabrın 4 və 5-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sözügedən tarixlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı, çaylarda sululuğun artacağı ehtimalı var.

Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır" - AÇIQLAMA

"Qatar və avtobusların sərnişindaşımada istifadəsi məqsədilə marşrutların açılması üçün əvvəlcədən təhlillər aparılmalıdır. Bu təhlillər əsasında hansı istiqamətdə iqtisadi səmərəlilik varsa, həmin istiqamətdə reyslərin açılması, yaxud avtobus sayının artırılması barədə qərar qəbul edilir. Bakı-Balakən istiqamətində qatarların fəaliyyətinin niyə dayanması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə müzakirə olunmalıdır. Hesab edirəm, Balakən uzaq rayondur və bu istiqamətdə sərnişindaşımalar kifayət qədər baha həyata keçirilir. Yəni xüsusi maşınlar, özəl şirkət avtobusları ilə daşımalar xeyli bahadır. Yerli əhali də bu istiqamətdə aktiv olmalıdır. Bu gün Balakənə kiçik avtomobillərlə, yaxud mikroavtobuslarla 25-30 manata gedirlərsə, qatarla 15 manata gedib-gələ bilərlər. Qazaxa açılan sürət qatarının biri də Balakənə açıla və ucuz qiymətə sərnişinləri daşıya bilər. "Azərbaycan Dəmir Yolları" QSC dövlətin şirkəti olduğuna görə bütün məsələləri iqtisadi səmərəlilik baxımından qiymətləndirməməlidir. ADY-nin monopoliyasına son qoyulmalıdır". Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. O bildirib ki, digər dəmir yol şirkətləri də Azərbaycana dəvət edilməli, ən azı onların maraqları təmin olunmalıdır: "Azərbaycana gəlsinlər və ölkəmizdə dəmir yol sərnişindaşımaları ilə məşğul olsunlar. Yaxud monopoliyanı saxlayırlarsa, əhalinin sosial vəziyyətini də nəzərə almalıdırlar ki, burada alternativ yoxdur. Əhalinin də xərci digər daşımalarda çox çıxır. Onda istiqamətlər üzrə qatarların işləməsi təmin edilməlidir. İndi əslində əksər bölgələrə reyslər dayanıb. Məsələn, əvvəllər Beyləqan-Füzuli, Bakı-Qafan, Bakı-Mincivan, Bakı-Naxçıvan qatarları işləyirdisə, indi onlar da işləmir. Bakı-Qafan qatarı Horadiz şəhərinə qədər işləyirdi. Son zamanlar onu da dayandırıblar. Bu məsələni əhali daha çox qaldırmalı, maraqlanmalıdır. Vətəndaşlar AYNA-nın qaynar xəttinə zəng edib tələb etməlidirlər ki, nəyə görə bu istiqamətlərdə qatar açılmır. Tələb olmalıdır ki, AYNA da bu barədə düşünsün. Əhali tələb etmədiyinə görə düşüncə də yoxdur. AYNA-nın rəqibi də yoxdur. Əksər hallda rəqib şirkəti daha məhsuldar, effektiv, səmərəli işləməyə məcbur edir. Rəqib olmadığına görə tənbəllik yaşanır. İstənilən halda əhalinin tələbi onlara çatmalıdır".

Bakı və Abşeronda küləkli hava şəraiti müşahidə olunur

Hazırda Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Küləyin maksimal sürəti 20 m/s təşkil edir.

Yevlaxda qadın dəm qazından öldü

Yevlaxda qadın evində dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qaramanlı kəndində qeydə alınıb. Kənd sakini Sevgül Orucova yaşadığı evdə dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Qazi məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, daşıma) maddəsi ilə təqsirli bilinən Əziz Eldar oğlu Səfixanovun sonuncu məhkəmə prosesi keçirilib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, ötən prosesdə dövlət ittihamçısı Ə. Səfixanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Səfixanovun vəkili çıxış edərək müvəkkilinin 44 günlük Vətən Müharibəsi iştirakçısı olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını bildirib. Sonra son sözlə çıxış edən Əziz Səfixanov müharibədən qayıtdıqdan sonra cərrahiyə əməliyyatı olduğunu, bu səbəbdən də ağrılarına görə narkotik vasitə istifadə etdiyini qeyd etdi. Xatırladaq ki, külli miqdarda narkotik maddə ittihamı ilə təqsirləndirilən Əziz Səfixanov barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hakim müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Əziz Səfixanov barəsində həbs-qətimkan tədbiri dəyişdirilməklə onun barəsində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Qeyd edək ki, Əziz Səfixanov 44 günlük Vətən müharibəsində 2 dəfə yaralanıb.

Əvvəlcə arvadını, sonra özünü bıçaqladı - Bərdə bazarında dəhşət

Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb. Sozcu.az report-a istinadla xəər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Qasımova Gülnar Ərşad qızı, həyat yoldaşı Qasımov Ayaz İmamqulu oğlu tərəfindən bıçaqlanıb. Kişi daha sonra özünə xəsarət yetirib. Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.

İsa Qəmbər və Arif Hacılı Lossabona dəvət olundu

Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq tədbirə dəvət edilib. Müsavat başqanı İsa Qəmbər ALDE konqresinin toplanyısında Avropanın 30 dan artıq ölkəsini təmsil edən siyasi partiya liderlərinin görüşündə iştirak edəcək. Arif Hacılı konqres günlərində Cənubi Qafqaz Respublikaları siyasi partiya liderləri və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə təşkil olunan Cənubi Qafqaz regionunun problemlərinə dair Dəyirmi Masada Azərbaycanı təmsil edəcək.

Prezident onu general-mayor rütbəsindən məhrum etdi

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi general-mayor rütbəsindən məhrum edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilib. Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilib.