Ermənistanın elektrik şəbəkəsi Türkiyəyə verilir?

Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin Türkiyə şirkətinin idarəetməsinə veriləcəyi barədə yayılan məlumatları təkzib edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onun sözlərinə görə, rusiyalı iş adamı Samvel Karapetyana məxsus olan “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsindən sonra Türkiyə şirkətinə ötürülməsi məsələsi gündəmdə deyil və belə bir variant hətta nəzəri müstəvidə də müzakirə olunmur.

Mesropyan mətbuat konfransında bildirib ki, müxalif dairələr tərəfindən səsləndirilən bu iddiaların heç bir obyektiv əsası yoxdur. O, həmçinin 2025-ci ildə Komissiyanın üç nümayəndəsinin guya Türkiyəyə səfər edərək “Elektrik Şəbəkələri”nin satışı ilə bağlı danışıqlar apardığı barədə yayılan məlumatları da əsassız adlandırıb.

“Bu, gülməli olmasaydı, kədərli olardı. Belə məsələ gündəmdə yoxdur və hazırda şirkətin hansısa Türkiyə şirkətinə satılması üçün heç bir real zəmin görmürəm”, – deyə Komissiya sədri vurğulayıb.

Share on Facebook