Paşinyan bayrağımızı yandıranları təxribatçı adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb. Sozcu.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. “Baş nazir Paşinyan bunu məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qəbul edilə bilməz. Bu təxribatçı və təhrikedici bir təcrübədir”, - o bildirib.

Əvəz Zeynallı və Ələsgər Məmmədli azad ediləcək?

Bu gün jurnalist Əvəz Zeynallı və media eksperti Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün məhkəməyə edilmiş müraciətlərə baxılacaq. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki media nümayəndəsinin xəstəliyi ilə bağlı həbsdən azad edilməsi istənilir. İlk proses Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10:30-a təyin edilib. Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti “Toplum Tv” işi üzrə ittiham olunan Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması vəsatəti üzrə qərarını açıqlayacaq. Vəsatətə əsas kimi təqsirləndirilən şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi göstərilib. Saat 15:30-da isə Nizami Rayon Məhkəməsində Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi məsələsi müzakirə ediləcək. Burada qərarı hakim Nigar Qədirli qəbul edəcək. Bu yaxınlarda Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkar edilib. Ərizənin təmin edilməsi üçün də əsas olaraq bu göstərilib. Qanuna görə, məhkum ağır xəstəliyə tutularsa, cəzaçəkmədən azad edilə bilər. Qeyd edək ki, Ələsgər Məmmədli ötən il həbs edilib. Onun cinayət işi üzrə məhkəmə araşdırması indi başlayıb. Əvəz Zeynallı isə ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Zavodda bədbəxt hadisə – Qadının barmaqları amputasiya olundu

Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Norm Sement” zavodunda bədbəxt hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub. Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

Mikroavtobus aşdı: 1 ölü, 4 yaralı

Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib. Belə ki, ilkin məlumata görə "Ford" markalı mikroavtobusu yoldan çıxaraq aşıb. Nəticədə bir nəfər Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza Yardımlı rayonuna daha yaxın ərazidə olduğu üçün yaralıların Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.

Şamaxıda kişi dağdan yıxılaraq öldü

Şamaxıda kişi dağdan yıxılaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Abşeron rayon sakini, 1953-cü il təvəllüdlü Sabir Səfər oğlu Xəlilov dağda çaşır yığan zaman yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Zəlzələ İstanbulu təşvişə saldı - Məktəblər və universitetlər bağlandı

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra məktəblərdə və universitetlərdə tədrisə ara verilib. Sozcu.az xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin İstanbulda zəlzələ ilə əlaqədar məktəblərin və universitetlərin 2 gün müddətinə bağlandığını açıqlayıb. Həmçinin bildirilib ki, dövlət müəssisələrində işləyən əlil, hamilə, əlil veteran və 10 yaşınadək uşağı olan analar da inzibati məzuniyyətə çıxacaqlar.  Xatırladaq ki, İstanbulda güclü zəlzələ baş verib. Saat 12.49-da Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyinin 6,92 kilometr olduğu açıqlanıb və şiddətli təkan İstanbulun bütün rayonları ilə yanaşı ətraf vilayətlərdə də hiss olunub. Zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb. 

Şəhid atası vəfat etdi - FOTO

2021-ci ildə Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində həlak olmuş şəhid Elçin Əliyevin atası vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin atası Əliqardaş Əliyev yaşadığı Şirvan şəhərində dünyasını dəyişib. Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elçin Əliyev dövlət sərhədi istiqamətində törədilən təxribat zamanı həlak olub və ölümündən sonra bir neçə medalla təltif edilib.

Türkiyədə mobil operatorlar “çökdü”

Xəbər verdiyimiz kimi, İstanbulda ardıcıl 8 zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, zəlzələdən sonra mobil operatorların işində çətinlik yaranıb. Məlumata görə, “Türk Telekom”, “Vodafone”, “Turkcell” operatorlarının normal fəaliyyəti pozulub.

İstanbulda 6,2 bal gücündə zəlzələ: ardıcıl 9-cu dəfə...

13:56 İstanbulda Silivri sahillərində ard-arda zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. İlk olaraq 3,9 bal gücündə zəlzələ meydana gəlib. Daha sonra yerli vaxtla saat 12:49-da 6,2 bal gücündə zəlzələ olub. Yerin 6,92 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub. *** Mərmərə dənizində yerli vaxtla saat 13:02-də ard-arda - 4,5 və 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. *** İstanbulda yerli vaxtla saat 12:19-da baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha 7 təkan baş verib. Bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələlərin ən zəifi İstanbulun Böyükçəkməcə rayonu sahillərində - 3,4 bal gücündə, ən güclüsü isə Silivri sahillərində - 6,2 bal gücündə olub. - 6,2 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 12:49, - 5,9 və 4,4 bal gücündə olan zəlzələlər saat 12:51, - 4,8 bal gücündə olan zəlzələ saat 13:01, - 4,5 və 4,9 bal gücündə olan zəlzələlər saat 13:02, - 3,4 bal gücündə yeraltı təkanlar isə saat 13:07-də ​​qeydə alınıb. *** İstanbulda daha bir zəlzələ baş verib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli vaxtla saat 15:12-də baş verən zəlzələ 4,9 bal gücündə olub. Yeraltı təkanlar hiss edilib.

Qubada qəza: Sürücünün oğlu öldü

Qubada avtomobil qəzası olub. Sozcu.az xəbər verir ki, rayon sakini Bayaz Ədilov Susay kəndi ərazisində idarə etdiyi “VAZ-21010” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən Nahid Ədilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Daha bir ana doğuş zamanı ÖLDÜ

Masallıda doğuş zamanı ana ölümü baş verib. Sozcu.az-ın xəbərinə görə, Masallı sakini 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı ölüb. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

AQTA -da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib. Sozcu.az Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib. Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib. Onun vəzifəsi Qida Təhlükəsizlik Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib. Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil. Qeyd edək ki, Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.

İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var. Bu barədə onun anası Maisa Katibova məlumat verib. O bildirib ki, övladı Asu ağır xəstəlikdən əziyyət çəkir. "2024-cü ilin iyul ayında qızım Asu Əsgərovanın ayaqlarında zəifləmə müşahidə edilməyə başladı. İlk olaraq Gəncədəki xəstəxanalara müraciət etdik və həkimlər uşağımın vəziyyətini ciddi hesab etməyərək, əzələ dartılmasından bəhs etdilər. Lakin vəziyyət pisləşərək, şişin onurğa bölgəsinə yayıldığı aşkarlandı. Şişin müalicə edilməməsi ciddi nəticələrə səbəb oldu. Təcili olaraq Ankaradakı "Memorial" xəstəxanasına müraciət etdik və burada həyata keçirilən müayinələr nəticəsində qızımda nadir və irəliləmiş onurğa xərçəngi olduğu müəyyən edildi. Müalicə olaraq kimyaterapiya başlanıldı, bu müddət ərzində xərclərimiz 150 min manat oldu. Həkimlər şişin böyüməsinin qarşısını almaq üçün radioterapiya və əlavə kimyaterapiya təyin etdilər. Ankaradakı müalicə xərcləri çox yüksək olduğu üçün mən maddi cəhətdən çətinlik yaşayıram və qızımın müalicəsinin davam etməsi üçün yardımsevər şəxslərdən dəstək istəyirəm. Hər hansı bir yardım, dəstək bizim üçün çox önəmlidir. Müalicənin davamı üçün 1 aylıq radioterapiya üçün 12 min manat, 2 seans kimyaterapiya üçün 50 min manat, əməliyyat üçün 40 min manat, cəmi 102 min manat vəsaitə ehtiyacımız var". Ailə ilə əlaqə: +90 543-678-33-20 (WhatsApp) Bank Respublika: 4628 1671 4100 6685.

Şərurda dəhşətli qətl: 75 yaşlı qadının meyiti 35 metrlik quyudan tapıldı

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılması üçün müraciət daxil olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlərlə meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Teleqraf.az-ın məlumatına görə, quyudan meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub. Belə ki, ölən şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır. Onun qətlində şübhəli bilinən həmkəndlisi, 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərova saxlanılıb. Bildirilib ki, qətl hadisəsi aprelin 20-si baş verib. 75 yaşlı qadın qətlə yetirilib və cinayət izini itirmək məqsədilə meyit quyuya atılıb. Hadisənin pul üstündə törədildiyi iddia olunur.

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxundu: 16 il

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İvan Svetliçnı 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycanın dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.Report.az

“Bir gündə iki oğlumu itirdim” - Vardanyanın məhkəməsindən

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib. Onların əksəriyyəti bədən əzalarının bir hissəsi amputasiya edilmiş mina qurbanları olub. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəlib. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Zərərçəkmiş şəxs Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində yerləşən sahədə mal-qara otararkən Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını bildirərək deyib: “Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”. Digər zərərçəkmiş Elnur Əsgərov isə 2023-cü il aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndində mal-qara otaran zaman Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını deyib. Zərərçəkmiş Akif Hüseynov ifadəsində bildirib ki, yaşadıqları Ağdam rayonunun Yusifcanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Əfətli kəndində məskunlaşıb. O, oğlanları Anar, Razi və Bayram, nəvəsi Hüseynin işğaldan azad edilmiş ərazilərdə olan əkin sahəsinə baxmağa gedərkən minaya düşdüklərini bildirib. Hadisə barədə xəbər tutan A.Hüseynov özü də əraziyə gedib. Yaralı vəziyyətdə olan şəxslər ərazidən çıxmaq istəyərkən daha bir mina partlayıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq A.Hüseynov deyib ki, mina partlayışları nəticəsində oğlanları Razi və Bayram həlak olub, özü, digər oğlu Anar ağır xəsarətlər alıb, nəvəsi Hüseyn yüngül yaralanıb və güclü psixoloji travma alıb. “Bir gündə iki oğlumu itirdim”, - deyə o qeyd edib. Hadisə zamanı onlarla birlikdə olan qonşusu Bəhruz Abdulov da yaralanıb. Zərərçəkmiş şəxs qismində ifadə verən A.Hüseynovun oğlu Anar Hüseynov və qonşusu Bəhruz Abdulov da ifadə verərək hadisənin necə baş verdiyini danışıblar. Zərərçəkmiş şəxslər Nicat Cabbarov və qohumu Rafael Bayramov isə ifadələrində Tərtər rayonunun işğaldan azad olunmuş hissəsində eyni vaxtda minaya düşdüklərini, ayaqlarının bir hissəsinin amputasiya edildiyini bildiriblər. Alışan Səfərov və Faiq Səfərov isə yol istismarı idarəsinin işçiləri olublar. Onlar Tərtərdə yola basdırılmış minaya düşərək yaralandıqlarını deyiblər. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Hikmət Abdullayev isə hərbi xidmətini yerinə yetirərkən yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq deyib ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə mütəmadi olaraq müxtəlif tipli iriçaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Ordusu isə təxribatların qarşısını alaraq düşmənin planlarını darmadağın edib. ANAMA-nın əməkdaşları Yadigar Şükürov, Qəhrəman Rzayev, Nəcməddin Hüseynov, Mahir Mustafayev, Samir Gözəlov, Əli Şükürov, Fərid Cəbrayıllı, Telman Zeynalov, Bəhruz Nəsirov, Ələsgər Quliyev minatəmizləmə işləri zamanı minaya düşdüklərini, müxtəlif bədən xəsarətləri aldıqlarını deyiblər. Ə.Quliyev dövlət ittihamçısının suallarını cavablandırarkən minatəmizləmə zamanı PMN minalarına və tank əleyhinə minalara, habelə “sürpriz mina”lara çox rast gəldiyini deyib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib: “Bu minaların ən qorxulusu tank əleyhinə və qəlpəli minalardır. OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəli minalardandır”. Zərərçəkmiş İlham Salmanov da Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və ayağının amputasiya olunduğunu qeyd edib. İlknur Əliyev hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman üzərinə atılan əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib. Natiq Mamedov, Elnur Abbaszadə, Vüsal Quliyev, Ramin Babayev və digərləri mina partlaması nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar. Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb. Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Kaya Kallas Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib. Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Jozep Borreli əvəz edib.

ABŞ İranın 12 şirkətinə sanksiya tətbiq etdi

ABŞ İrana qarşı növbəti sanksiyalar siyahısını elan edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Qeyd olunub ki, İranın iki vətəndaşı və 12 şirkət, o cümlədən qaz və gəmiçiliklə bağlı şirkətlərə sanksiyalar tərbiq edilib.

Rusiyada güclü partlayış: əhali təxliyə edilir

18:55 Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib, həmin ərazidə fövqəladə vəziyyət elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə çevik reaksiya qüvvələri cəlb edilib, müvafiq qurumlar işləyir. Ətraf ərazilərdən sakinlərin təxliyəsi həyata keçirilir. Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, açıqlanmır. *** Hərbi hissənin ərazisində baş verən yanğın anbarda saxlanılan döyüş sursatlarının partlaması ilə nəticələnib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. Yanğına səbəb kimi partlayıcı materiallarla iş zamanı təhlükəsizlik tələblərinin pozulması göstərilib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Samir həmin aparıcıları "bayağı" adlandırdı

Müğənni Samir Cavadzadə verilişlərə getməməyinin səbəbini açıqlayıb.  Sozcu.az xəbər verir ki, "Afaqla 10lar" verilişinə açıqlama verən sənətçi aparıcıları "bayağı" adlandırıb: "Birdəfəlik yox olmamışam, mahnım olanda efirə çıxıram. Bəzi verilişlər var ki, ora ayaq atmaq istəmirəm. Səbəb isə onun aparıcısından tutmuş qonağına qədər, hamısı bayağıdır". 

Yamal bu mükafata layiq görüldü

“Barselona”nın vingeri Lamin Yamal mükafata layiq görülüb. Sozcu.az xəbər verir ki, ispaniyalı futbolçuya “ilin kəşfi” nominasiyasında “Laurens” mükafatı təqdim edilib. Mükafatlandırma mərasimi Madriddə keçirilib. Qeyd edək ki, 17 yaşlı futbolçu bu mövsüm “Barselona"da 29 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib. Yamal “Barselona” akademiyasının yetirməsidir. Onun klubla müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Epilepsiya xəstəsi qadın əməliyyatdan sonra öldü

Tovuz rayonunun Yoğunbulaq kənd sakini, 1966-cı il təvəllüdlü Bəsdi Vəliyeva əməliyyatdan sonra vəfat edib. Sozcu.az Teleqraf-a istiandən xəbər verir ki, bağırsaq keçməzliyi diaqnozu ilə iki gün əvvəl Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən qadın uğurlu əməliyyat olunub. Lakin əməliyyat zamanı Bəsdi Vəliyevanın epilepsiya xəstəsi olduğu barədə həkim heyətinə məlumat verilməyib. Məlumata görə, əməliyyatın ardından qadının vəziyyəti sabit olub, amma bu gecə halı pisləşərək, epilepsiya keçirməyə başlayıb. Təəssüf ki, qadın bu səbəbdən vəfat edib. Hazırda faktla bağlı araşdırma başlanılıb və müvafiq qurumlar hadisənin bütün detalları ilə bağlı araşdırmalarını davam etdirirlər.

Trampın reytinqi ən aşağı səviyyəyə düşdü

ABŞ Prezidenti Donald Trampın reytinqi 42%-ə düşüb, bu onun prezidentliyə qayıtmasından bəri ən aşağı göstəricidir. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” “İpsos” tədqiqat şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb. Məlumata görə, Trampın reytinqi cəmi bir neçə ay ərzində beş faiz aşağı düşüb: “Hazırda respondentlərin təxminən 42%-i Trampın prezident kimi fəaliyyətini təqdir edir, halbuki üç həftə əvvəl oxşar sorğu 43% göstərmişdi. Yanvarda Trampın andiçmə mərasimindən dərhal sonra Trampın reytinqi 47% idi”.

İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?

Azərbaycanın müstəqillik əldə etməsindən sonra İrandan qadağan olunmuş məhsulların ölkəmizə daşınmasına az qala hər gün cəhdlər edilib və edilir. Son vaxtlar isə qanun pozucuları PUA-lardan istifadə etməyə başlayıblar. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov İrandan PUA-larla ölkəmizə narkotik daşınmasına cəhdlə bağlı xəbərləri şərh edərkən deyib. Ekspertin sözlərinə görə, DSX İran tərəfi ilə bir neçə dəfə həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə bu məsələni gündəmə gətirib: “Bilirik ki, narkotik qaçaqmalçılığı böyük bir şəbəkə tərəfindən həyata keçirilir. Onlar müxtəlif texnologiyalardan istifadə edirlər. Lakin DSX ən müasir avadanlıqlara sahibdir. Sərhəd zastavalarında bu texnologiyalar quraşdırılıb və bütün proseslər nəzarət altındadır. Bu səbəbdən də narahatlığa əsas yoxdur”. Ekspert vurğulayıb ki, İran öz tərəfindən bu hallara qarşı mübarizəni gücləndirməlidir: “PUA-lardan istifadə hər bir ölkənin öz daxili qərarları ilə tənzimlənir. Bildiyim qədəri ilə İranda bu məsələlərlə bağlı qanun mövcuddur və mülki məqsədlərlə PUA-ların istifadəsinə icazə verilir. Onlar əsasən kənd təsərrüfatı, meşə və əkin sahələrinə nəzarət məqsədilə tətbiq edilir. Bəzilərinin müəyyən yükgötürmə qabiliyyəti də var. Görünür, İran sərhəd ərazilərdə yükgötürmə qabiliyyəti olan PUA-ların alınması və istifadəsinə yenidən nəzər salmalıdır”.