Ruslar bu bölgədə 2400 əsgər itirdi

Ruslar Donetsk vilayətinin Avdeyevka bölgəsinə hücum taktikasını dəyişiblər. Sozcu.az Axar.az-a istinadən verir ki, bu barədə Tavriya Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri Aleksandr Ştupun bildirib. O qeyd edib ki, ruslar artıq hücumların sayını azaldıblar. Eyni zamanda, rus hərbçilər ora onlarla hava bombası atmağa başlayıblar. “Cəmi iki gecədə düşmən Avdeyevka ərazisinə 40 idarə olunan bomba atıb. Amma hazırda hücumların sayı bir qədər azalıb. Oktyabrın 22-si ilə müqayisə etsək, hətta hücum sayı iki dəfə azalıb”, – Ştupun söyləyib. Onun sözlərinə görə, Rusiyanın taktikası qəribə bir şey deyil, çünki son beş gün ərzində rus ordusu Tavriya əməliyyat zonasında 2400-ə yaxın itki verib. Eyni zamanda, Ukrayna əsgərləri rusların 150 zirehli texnikasını, o cümlədən 54 tankını məhv edib.

Paşinyan Qarabağla bağlı tapşırıq verdi: “Əsas silahı işə salın!”

“Artsax” itirilsə də, Ermənistan yeni müharibənin astanasında olsa da, Paşinyan üçün əsas məsələ hakimiyyətin saxlanılmasıdır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın “Joxovurd” qəzeti yazıb. “Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının kollegiya iclasında komanda yoldaşlarına deyib ki, indi ruslar hakimiyyəti ondan almaq istəyir, ona görə də hakimiyyəti qorumaq üçün sərt və aydın addımlar atmaq lazımdır. Beləliklə, Paşinyan komanda yoldaşlarına əsas silahı işə salmağı tapşırıb; yəni erməni ictimaiyyətini parçalamaq və nifaq salmaq. O, nəyin bahasına olursa-olsun, “artsax” rəhbərliyinin nüfuzdan düşməsinə nail olmaq istəyir. Əsas hədəf “artsax” lideri Samvel Şahramanyandır. Hər şey edilməlidir ki, narazılıq oxları Şahramanyana tərəf yönəlsin. Lakin Paşinyan bununla da məhdudlaşmaq istəmir. O, erməni cəmiyyətində anti-Rusiya əhvali-ruhiyyəsini dərinləşdirməyi tapşırıb”, – “Joxovurd” qeyd edib.

Kəşfiyyat məlumatı sızdı: İran yaxın saatlarda hücum edəcək - DƏHŞƏTLİ müharibə başlayır

İran yaxın saatlarda ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə hücum edəcək. Bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb. Məlumata görə, İranın dəstəklədiyi proksi qüvvələrin ABŞ qüvvələrinə qarşı hücumu artırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatları mövcuddur. “Bu qruplar artıq İraq və Suriyada ABŞ qüvvələrinə qarşı bir neçə pilotsuz təyyarə hücumu həyata keçirib. Lakin indi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində məlumat var ki, İsrail və HƏMAS arasında müharibənin getdiyi vaxt belə hücumlar arta bilər”, - CNN yazır. Adının açıqlanmadığı ABŞ rəsmisi bildirir ki, İran bölgədəki silahlı qruplarına ABŞ və İsrail hədəflərinə hücum etmək təlimatı verib. Bu hücumun yaxın saatlarda baş verə biləcəyi gözlənilir. Vaşinqton müxtəlif səviyyələrdə İrana xəbərdarlıqlar edib. Dövlət katibi Entoni Blinken də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, İranla hərbi qarşıdurmanın baş verməsini istəmirlər, lakin ABŞ qüvvələrinə hücum edilərsə, cavab veriləcək. Beynəlxalq mütəxəssislər hesab edirlər ki, mövcud situasiyada Yaxın Şərqdə ABŞ qüvvələrinə hücum olarsa, bu, genişmiqyaslı hərbi toqquşmaya səbəb olacaq və bu halda İsrail-HƏMAS müharibəsinin yaxın perspektivdə regional müstəviyə keçə biləcəyi istisna edilmir. (Publika.az)

Nəvələrini küçəyə atan nənə DANIŞDI: Anası tüfeyli həyat tərzi keçirir...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyulan uşaqlarla bağlı məlumat yayıb.  Sozcu.az xəbər verir ki, Komitə azyaşlılarla bağlı araşdırmalara başladığını bildirib.  Məlumatda bildirilir ki, aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürüb və uşaqları küçəyə atan nənə ilə əlaqə saxlanılıb.  "Nənənin sözlərinə görə, onların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi keçirir. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyub və oranı tərk edib. Hazırda uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin alt sisteminə yerləşdirilib.  Əməkdaşlar tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib, uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanada müayinədən keçib müvafiq müalicə alırlar, komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilir. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək", - məlumatda bildirilir. 

Rusiyanın itkiləri 297 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 609-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 296 310 hərbçi, 5112 ədəd tank, 9697 ədəd zirehli döyüş maşını, 7125 ədəd artilleriya sistemi, 833 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 554 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9474 ədəd avtomobil texnikası, 5372 ədəd PUA, 1538 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1007 xüsusi avadanlıq itirib.

Bakıda dönərdən halı pisləşən 20 məktəbli xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 20 şagird hospitalizasiya olunur. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən uşaqların müalicələri davam etdirilir. Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir. *** Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. APA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, həmin təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Qeyd edək ki, Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.

Saakaşvilidən şok: Rusiyanın Zəngəzur planı...

Moskva Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişənin qızışdırılmasında, regiona öz ordusunun daha çox hissəsini yerləşdirməkdə maraqlıdır. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “X” sosial şəbəkəsində qeyd edib. Saakaşvili Zəngəzur dəhlizi məsələsinin fərqli şəkildə icra edilə biləcəyini deyib: “Rusiya Azərbaycanın beynəlxalq mövqelərinə xələl gətirmək, Ermənistanda hakimiyyət çevrilişi etmək, müzakirə edilən dəhlizə öz sərhədçilərini yerləşdirmək istəyir. Əslində, dünyada bənzər məsələnin həlli ilə bağlı daha ağrısız və müsbət nümunələr var. Onlardan biri də Moldova ilə Ukrayna arasındakı yol icrası müqaviləsidir. Mən Odessa qubernatoru olanda buradan Dunay bölgəsinə gedirdim. Magistralın qalan hissəsini əsaslı şəkildə yeniləmişəm. Moldova bu yolu icarəyə götürməklə böyük iqtisadi gəlir əldə edirdi. Sözügedən yolla bağlı razılaşma əldə olunarsa, Azərbaycan və Ermənistan da eynisini edə bilər. Ermənistan burada çox qazanmış olar. Həmçinin əsas beynəlxalq marşrutlara çıxış, mühüm nəqliyyat və logistika məsələləri də həllini tapacaq. Beləliklə hər iki tərəf ehtimal münaqişədən qaçmış olacaq”.

Fransa sistemləri ilə bunu edə bilərik - Babayan

Fransadan alınan silahların köməyi ilə biz tam şəkildə səmanı bağlaya bilərik. Sozcu.az xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş separatçıların İrəvana qaça bilmiş keçmiş nümayəndəsi Samvel Babayan deyib. O bildirib ki, Ermənistanın hansı nəsil silahlar almasından xəbəri yoxdur: “2021-ci ildə mən baş nazirə bu şirkətlə (Fransanın “Thales” şirkəti nəzərdə tutulur – red.) əməkdaşlıq haqqında yazdım. Bu fransız şirkəti çox yaxşı inkişaf etmiş elektronikaya malikdir: o silahlar PUA-ları sıxışdıra və onların əraziyə daxil olmasına mane ola bilər. Sevinirəm ki, Ermənistan nəhayət bu silahları almaq imkanına malikdir. Raket sistemi həm məhv etmək, həm də müdafiə üçün nəzərdə tutulub”. O iddia edib ki, 2020-ci il müharibəsindən sonra Rusiyadan heç bir yardım, silah alınmayıb: “Ona görə də Ermənistan hava hücumundan müdafiə qüvvələrini təkmilləşdirmək və özünə uyğun silah seçmək qərarına gəlib. Onlar (Rusiya - red.) Ukraynada o qədər məşğuldurlar ki, silah tədarük edə bilmirlər və biz də gözləyə bilmərik”. O, Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin Fransa, artilleriya sistemlərinin, məsələn, Hindistan istehsalı olmasında problem görmədiyini də vurğulayıb. Qeyd edək ki, Fransa Ermənistana “Thales” şirkətinin istehsalı olan 3 ədəd GM-200 HHM sistemi, həmçinin “Mistral” verəcək.

Göyçayda örüş sahəsində insan qalıqları tapıldı

Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklər, həmçinin paltar qalıqları aşkar edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakla bağlı araşdırma aparılır.

Əsgərov ekstrasensə külli miqdarda pulu niyə verib?

Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens barəsində məhkəmə qərar verib. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1977-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş "Katya" ləqəbli Yekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Aparılan araşdırma zamanı məlum olub ki, Yekaterina Aleksandrovna Cəlal Əsgərovla yanaşı, onun həyat yoldaşı Anastasiya Georgiyevnanı da ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandıraraq, ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək "şər qüvvələr"dən təmizləyəcəyinə dair vəd verib və etibarından sui-istifadə edib. Cəlal Əsgərov evlilik həyatı davam edərkən işləri yaxşı getmədiyinə görə dostu Fəridin vasitəsi ilə ekstrasens Yekaterina Aleksandrovna ilə tanış olub. Eyni vaxtda Fəridin həyat yoldaşı Bilqeyis də Cəlalın xanımı Anastasiya Georgiyevnanı ekstrasenslə tanış edib. "Katya” kimi də tanınan ekstrasens əvvəlcə Cəlala qurban kəsilməsi üçün 8 qoyun lazım olduğunu deyərək, hər bir heyvan üçün 120 manat olmaqla ümumilikdə 960 manat pul alıb. Ekstrasensin ifadəsinə görə, Cəlal ondan əmisi Cahangir Əsgərovla münasibətlərinin yaxşılaşması, sabiq AZAL prezidentinin yalnız ona dəstək olması, həmçinin qeyri-leqal işlərindən əmisinin xəbər tutmaması üçün rituallar icra etməyini xahiş edib. Həmçinin həyat yoldaşı Anastasiyanın bəd nəzərdən təmizlənməsini istəyib. Xanım ekstrasens müxtəlif vaxtlarda Cəlaldan 4 min dollar, 1300 manat və digər məbləğlərdə pul alıb. Həmin vaxt Yekaterina Cəlala duz verməklə uşağının başını onunla yudurtmağı bildirib. Həmçinin 100 manatlıq şirniyyat alaraq uşaqlara paylamaq lazım olduğunu qeyd edib. Ən maraqlısı isə 2020-ci ilin iyul ayından başlayaraq Ekaterina mütəmadi olaraq telefonda Cəlala yazaraq "20.000 dollar ver, həmin pulu 200.000 dollara çevirib, qaytaracam" deməsi olub. Cəlal ona inanaraq 4 sentyabr 2020-ci il tarixdə 20.000 dollar məbləğində pulunu Yekaterinanın mənzilində ona verib. Bundan sonra o, yanvar ayını gözləyib, lakin Yekaterina pulunu qaytarmayıb. Cəlal artıq anlayıb ki, Yekaterina onu aldadırmış və söhbətlərin birində bu barədə həyat yoldaşı Anastasiyaya deyib. Anastasiya da "Katya”nın onu aldatdığını Cəlala etiraf edib. Məlum olub ki, Yekaterina Aleksandrovna Cəlalın həyat yoldaşının qiyməti 10.519 avro olan bir karat birilliantdan ibarət tək qaş ağ qızıldan hazırlanmış nişan üzüyünü və xeyli miqdarda pulunu ələ keçirib. Cəlal və həyat yoldaşı, onların ailə dostu Fərid və onun xanımı ekstrasens barəsində polisə şikayət ediblər. Qeyd edək ki, ekstrasens fəaliyyəti ilə məşğul olaraq digər şəxslərə də maddi ziyan vuran Yekaterina Aleksandrovna Özbəkistan Respublikasının vətəndaşı olsa da, 2013-cü ildən Azərbaycanda yaşayır. O əvvəlcə Bakı şəhəri ərazisində yerləşən kafelərin birində qab yuyan işləyib, sonradan isə yaşadığı ünvanda salatlar düzəltməklə onlayn satışı ilə məşğul olub. Daha sonra təlabat çox olduğundan ekstrasens fəaliyyəti ilə məşğul olmağa başlayıb.

BQXK Ermənistanda saxlanılan əsirlərimizə baş çəkdi

Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər. Bu barədə Sozcu.az-a BQXK-ın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Qəzzada ölənlərin sayı artdı

İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı 5700-ü ötüb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. “Qəzzada münaqişə başlayandan bəri qurbanların ümumi sayı 5791 nəfərə çatıb. Onlardan 2360-ı uşaq, 1292-i qadındır. Daha 16 297 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.

Separatçıların başçıları ailələri ilə DANIŞDILAR

Oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə baş çəkib. Sozcu.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. "Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - İlahə Hüseynova qeyd edib. Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Terrorçubaşı Zori Balayan ölüm yatağında - Təcili

Xocalı soyqırımının, erməni terrorunun, "Qarabağın Ermənistana birləşdirilməsi" kimi avantürist, separatçı hərəkatın və "artsaxın" ideoloji banisi, "yazıçı" Zori Balayanın ağır xəstə olduğu barədə məlumat yayılıb. Sozcu.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə onun oğlu  Hayk Balayan deyib. “Atam İrəvandadır, ağır xəstədir, yaddaşında problem var”.

Xaçatryan şəhid qardaşımı yandırdı, külünü çaynikə yığdıq

Vaqif Xaçatryan və dəstəsi şəhid qardaşımı yandırıblar. Sozcu.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Camal Allahverdiyev deyib. Onun sözlərinə görə, Meşəliyə hücum zamanı qardaşı Allahverdi Allahverdiyev şəhid olub: “Hətta şəhid olan qardaşımı da yandırıblar. Qardaşımın külünü atam çaynikdə yığaraq aparıb basdırıb. Bacım və özüm yaralanmışdım. Vaqif və onun dəstəsi kəndimizə hücum edib. Ola bilməz ki, sən kəndə hücumda olmamısan. Görənlər də olub. Sən də orada olmusan. Ona görə də Vaqif Xaçatryana ömürlük həbs cəzasının verilməsini istəyirəm”. Vaqif Xaçatryan isə Camal Allahverdiyevin atasını tanıdığını etiraf edib: “Allahverdiyev, mən sənin atanı da tanıyıram”.

Zərərçəkmiş Vaqif Xaçatryana: "Bu camaatı incitmə, boynuna al etdiklərini, kişiliyin olsun!"

“Yolumuzu kəsdilər, xəstə apardığımız maşını güllələdilər”. Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Alış Alışov deyib. Onun sözlərinə görə, Vaqif Xaçatryan və onun dəstəsi rəhmətlik Qəniməti baltayla vurublar: “Baltayla başından vurandan sonra bir neçə güllə vurdular. Vaqifin qardaşı da, özü də orada iştirak edirdilər”. Məhkəmədə zərərçəkmişlə Vaqif Xaçatryan arasında dialoq olub. A.Alışov Vaqif Xaçatryana onu tanıdığını deyib. Vaqif Xaçatryan isə onu tanımadığını bildirib. Zərərəçəkmiş: Sən orada deyildin? Vaqif: Mən orada deyildim. Zərərçəkmiş: Bu necə adamdır ə? Vaqif: Sən məni orada heç görməmisən. Mən silah götürüb vurmaram. Zərərçəkmiş: Siz günahsız, əliyalın camaatı qırdınız. Bu camaatı incitmə, boynuna al etdiklərini, kişiliyin olsun! Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub. 12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib. 29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Paşinyan özü Şahramanyana Azərbaycanın bütün tələblərini dərhal icra etməyi tapşırıb...

Ermənistan hakimiyyəti  fəaliyyətini İrəvanda davam etdirməyə çalışan, Rusiyanın himayəsi və dəstəyi altında Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında 32 ildən çox separatizm və işğalçılıqla məşğul olmuş separatçı-terrorçu rejimin sonuncu üzdəniraq “prezidenti” Samvel Şahramanyanı həmin rejimin “təslim olması və ləğvi haqqında fərmanı imzalamaqda ittiham etsə də, ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsi olmadığına, hətta onun bundan xəbərsiz olduğuna inandırmağa çalışır”.  Sozcu.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” nəşri yazır. “Lakin rəsmi mənbələr Nikol Paşinyanın bundan şəxsən xəbərdar olması haqda başqa təfərrüatları bildirir. O, həmin fərmanın mətni ilə tanış olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”,- deyə davamında Ermənistan qəzeti bildirir. Erməni nəşri onu da əlavə edir ki, Azərbaycan tərəfi separatçı-terrorçu rejimin  buraxılması, yəni qondarma “dövlət” qurumlarının, ordunun ləğvi, silahların təhvil verilməsi tələblərini Xankəndindəki “rəhbərliyə” çatdırandan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə əlaqə saxlayıb.  “MTX direktoru Armen Abazyanın vasitəçiliyi ilə  Şahramanyanın Paşinyanla telefon danışığı olub və baş nazir  ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”,- erməni nəşri belə yazır.

Qəzzada ölən uşaqların sayı 2 mini ötdü

Qəzzada və İordan çayının qərb sahilində 17 gün ərzində şiddətlənən Fələstin-İsrail qarşıdurması nəticəsində iki mindən çox uşaq ölüb. Sozcu.az xəbər verir ki, bu barədə “Save the Children” beynəlxalq xeyriyyə təşkilatı məlumat yayıb. “Son 17 gündə Qəzzada ən azı 2 min, İordan çayının qərb sahilində isə 27 uşaq ölüb. Davamlı hava hücumları Qəzza zolağında minlərlə binanı tüstü dağıntılarına çevirib”, - məlumatda deyilib. 4600 uşağın isə yaralandığı bildirilib, onların bəzilərinə yanıq, bəzilərinə mərmi partlayışları nəticəsində əzalarının itirilməsi diaqnozu qoyulub.

Vaqifin məhkəməsində mühüm detal: Milli Qəhrəmanın oğlu…

10:27 Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezoviç bu gün növbəti dəfə məhkəmə qarşısına çaxarılıb. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir. Proses Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur. Bu gün keçirilən prosesdə zərərçəkmişlər, zərərçəkmişlərin hüquqi varisləri və şahidlər dindirilir. Qeyd edək ki, ittihamı Baş prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sulaynov və Dövlət İttihamı İdarəsinin prokuroru Cövdət Mehrəliyev müdafiə edir. Təqsirləndirilən Vaqif Xaçatryan erməni əsilli olduğu üçün ona erməni dilini sərbəst bilən mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub. O, proses boyu baş verənləri erməni dilindən tərcümə edir. Təqsirləndirilən şəxsi Vəkillər Kollegiyasının üzvü Radmina Abdulova müdafiə edir. Zərərçəkmiş Xocalı rayon İcra Hakimiyyətini isə hüquq şöbəsinin müdiri Murad Hüseynov təmsil edir. Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır. Murad Hüseynov Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Xankəndiyə qayıdışla bağlı bu xəbər yalandır - Rəsmi

Son vaxtlar bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə doğru olmayan məlumatlar yayılıb. Bu barədə Sozcu.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. "Bununla əlaqədar olaraq bildiririk, Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur və Böyük Qayıdış Proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır. Bir daha qeyd edirik ki, Dövlət Komitəsi adından sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir", - Dövlət Komitəsindən qeyd olunub.

Prezident bu ölkənin səfirini qəbul etdi

Prezident İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ağ Evdə fövqəladə vəziyyət! Bayden Çıxışını dayandırdı! - Təcili

ABŞ prezidenti Co Bayden mətbuat konfransındakı çıxışını qəfil dayandıraraq böhran otağına gedib. ABŞ prezidenti Co Bayden Bidenomics adlı proqramda çıxış edərkən, “Bağışlayın, amma vəziyyət otağına getməliyəm. “Bir məsələ ortaya çıxdı, onu həll etməliyəm” dedi. İddiaya görə, ABŞ-ın Yaxın Şərqdəki üç bazasına pilotsuz təyyarələrlə hücum edilib. Bir müddətdir ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına pilotsuz təyyarələrlə hücumlar edilir. Bu gün Əl-Tanf bazasına hücum edilib.

Fransanın Ermənistana verdiyi GM200 nəyə qadirdir?

Xəbər verdiyimiz kimi, bu gün Fransa müdafiə naziri Sebastyan Lekornu ilə ermənistanlı həmkarı Suren Papikyan arasında imzalanan hərbi sazişə əsasən, Ermənistana GM200 sistemi veriləcək. Həmçinin “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı da anlaşma memorandumu imzalanıb. Sozcu.az hər iki qurğunun imkanlarını təqdim edir: “Ground Master 200” (GM200) “Thales” şirkəti tərəfindən istehsal olunan orta mənzilli AESA 3D radarıdır. GM200 hava nəzarəti boşluqlarını dolduran və ya hava hücumundan müdafiə sistemi üçün sensor kimi fəaliyyət göstərir. GM200 həmçinin raket, artilleriya, minaaatana qarşı xəbərdarlıq qabiliyyətinə malikdir. Sistem 20 fut ISO sığınacağına uyğun gəlir və on tondan az çəkiyə malikdir. Buraya enerji generatoru bloku, mast və radio səs və məlumat rabitəsi dəsti olan 2 iş stansiyası üçün otaq daxildir. GM200 avtomobil, dəmir yolu, taktiki təyyarə (C-130 tipli) və ya helikopterlə daşına bilər. GM200 15 dəqiqə ərzində qurula və uzaqdan və ya birbaşa idarə oluna bilər. Bu radar təkmilləşdirilmiş variantları (GM200 MM/A və MM/C), eləcə də yaxın mənzilli GM60 və uzun mənzilli GM400 və onların müvafiq variantları ilə yanaşı “Ground Master” ailəsinin bir hissəsidir. Xatırladaq ki, Fransanın Ermənistana 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyorları, eyni zamanda “Mistral” verəcəyi haqda daha əvvəl informasiya yayılmışdı. Bu transpartyor və “Mistral”ın xüsusiyyətləri haqda bu məqalədə tanış ola bilərsiniz.axar)

Sənədlər imzalandı: Fransa Ermənistana bu sistemləri verəcək – SİYAHI / YENİLƏNİB

Fransa və Ermənistan müdafiə nazirlərinin imzaladığı hərbi sazişin detalları məlum olub. Sozcu.az Axar.az-a istinadən xəbər verir ki, Fransa Ermənistana hərbi texnika, o cümlədən radar sistemləri və hava hücumundan müdafiə sistemləri satdığını elan edib. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, bu texnika “müdafiə xarakteri daşıyır” və yalnız “Ermənistan ərazisinə təcavüzə” cavab olaraq istifadə edilə bilər. “Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi alacaq. Artıq Ukraynada istifadə olunan bu sistem yaxşı aşkarlama imkanları ilə tanınır”, – Lekornu Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında deyib. Nazirlər, həmçinin, “Thales” və Avropanın raket istehsalçısı MBDA şirkətlərinin iştirakı ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri almasına dair niyyət protokolu imzalayıblar. *** Ermənistanın müdafiə naziri Suren Papikyanla fransalı həmkarı Sebastyan Lekornu görüşüb. Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyindən bildirilib. Tərəflər Ermənistana silah tədarükü məsələsini müzakirə ediblər. Həmin silahlarla Ermənistanın “dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi” nəzərdə tutulur. Lekornu və Papikyan arasında keçirilən görüşdən sonra Fransa və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalayıb. Ermənistan müdafiə naziri Suren Papikyan “X” hesabında da bu barədə paylaşım edib. O qeyd edib ki, görüşdə müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Fransa əməkdaşlığı müzakirə edildi: “Eyni zamanda yeni imkanlar, müdafiə sistemlərinin əldə edilməsi, hərbi, təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələrdən bəhs olundu, həmçinin ikitərəfli əməkdaşlığa dair sənədlər imzalandı”.