Sənədlər imzalandı: Fransa Ermənistana bu sistemləri verəcək – SİYAHI / YENİLƏNİB

Fransa və Ermənistan müdafiə nazirlərinin imzaladığı hərbi sazişin detalları məlum olub.

Sozcu.az Axar.az-a istinadən xəbər verir ki, Fransa Ermənistana hərbi texnika, o cümlədən radar sistemləri və hava hücumundan müdafiə sistemləri satdığını elan edib. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, bu texnika “müdafiə xarakteri daşıyır” və yalnız “Ermənistan ərazisinə təcavüzə” cavab olaraq istifadə edilə bilər.

“Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi alacaq. Artıq Ukraynada istifadə olunan bu sistem yaxşı aşkarlama imkanları ilə tanınır”, – Lekornu Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazirlər, həmçinin, “Thales” və Avropanın raket istehsalçısı MBDA şirkətlərinin iştirakı ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri almasına dair niyyət protokolu imzalayıblar.

***

Ermənistanın müdafiə naziri Suren Papikyanla fransalı həmkarı Sebastyan Lekornu görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər Ermənistana silah tədarükü məsələsini müzakirə ediblər.

Həmin silahlarla Ermənistanın “dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi” nəzərdə tutulur.

Lekornu və Papikyan arasında keçirilən görüşdən sonra Fransa və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalayıb.

Ermənistan müdafiə naziri Suren Papikyan “X” hesabında da bu barədə paylaşım edib.

O qeyd edib ki, görüşdə müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Fransa əməkdaşlığı müzakirə edildi:

“Eyni zamanda yeni imkanlar, müdafiə sistemlərinin əldə edilməsi, hərbi, təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələrdən bəhs olundu, həmçinin ikitərəfli əməkdaşlığa dair sənədlər imzalandı”.

Share on Facebook