“Biz nəzərə almalıyıq ki, əgər erməni icması yenidən Azərbaycanın daxilində mövcud olacaqsa, mütləq onlardan istifadə zamanı gələcək...”
“Heç kəs məni inandıra bilməz ki, bu gün reallıqla hesablaşıb geri qayıdan Azərbaycan vətəndaşlığını qəbul edən, Azərbaycan qanunlarına hörmət edəcəyini, onlara əməl edəcəyini deyən ermənilər 10-20-30 ildən sonra yenidən 1905, 1918, 1920 və nəhayət, 1988-1994-cü illərdə törətdiklərini törətməyəcəklər...”
“Azərbaycan müəyyən dövrdə ermənilərin mülkiyyətə görə tələblərini Azərbaycan əmlak bazarının qiymətlərinə görə ödəyə bilər. Çünki bu daha az ziyandır, nəinki gələcəkdə hansısa yeni bir erməni separatizmi dalğasının Azərbaycan üçün törədəcəyi fəsadlar...”
“Ermənilərin Qarabağa qayıtmasıyla bağlı məsələ, düşündüyümüz qədər də sadə deyil. Azərbaycan cəmiyyətində, təəssüf ki, hər zaman biz sadə və çox birmənalı yanaşmaların şahidi oluruq”.
Bunu Moderator.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu son günlər ictimaiyyətdə geniş müzakirə olunan “Qarabağdan köçmüş ermənilər geri qayıtsın, yoxsa qayıtmasın?” mövzusunu təhlil edərkən söyləyib.
“Deməli, bir tərəf deyir ki, gediblər, vəssəlam, mövzu bağlandı, qurtardı. Amma bir şeyi nəzərə almırlar ki, bu məsələnin bizim üçün çıxarları da var. Şübhəsiz, ermənilər bütün güclərini yönəldəcəklər ki, indi Azərbaycanı soyqırımında, deportasiyada, etnik təmizləmədə, erməni əhalinin mülkiyyətini mənimsəməkdə, onları yaşayış hüququndan mərhum etməkdə və s. ittiham etsinlər. Üstəlik də ki, bilirsiz, qondarma “soyqırımı”nı tanıdandan sonra erməni diasporunun bu dəqiqə ətrafında birləşəcəyi bir mövzu yoxdur və bu mövzunu onlar bir narrativə- gündəm mövzuya, özlərinin bir ideoloji platformasına çevirəcəklər. Və ən azı, mülkiyyət mövzusunu qaldıracaq, Qarabağdan köçmüş neçə minsə erməninin mülkiyyət davasını açacaqlar. Və həmin proses on illərlə davam edə bilər ki, bundan da Azərbaycan başağrısı çəkəcək. Bu, məsələnin bir tərəfi... “Ermənilər Qarabağa qayıtmasın” deyənlər bunları nəzərə alırlarmı – bilmirəm. Hələ dediyim başqa ittihamları(etnik təmizləmə, deportasiya və s.) nəzərdə tutmuram. Gördünüz ki, Avropa Parlamenti özünün o riyakar qətnaməsində hətta “soyqırımı” ifadəsini də işlətdi. Ermənilər yalanı bacarırlar, işləməyi bacarırlar- bunu etiraf etməliyik və rəqibi, düşməni güclü qiymətləndirməliyik”,- deyə davamında analitik bildirib.
“İndi gələk “ermənilər Qarabağa qayıdıb gəlsinlər” yanaşmasına... Məsələ burasındadır ki, Azərbaycanda artıq 120-yə yaxın təcrübəmiz var. Bu təcrübə göstərir ki, Azərbaycanda yaşayan digər bütün xalqlardan fərqli olaraq ermənilər hər zaman separatçılıqla məşğul olublar, hər zaman Azərbaycan mədəniyyətinə, tarixinə, tarixi mədəni irsinə iddialı çıxıblar. Və heç kəs məni inandıra bilməz ki, bu gün reallıqla hesablaşıb geri qayıdan Azərbaycan vətəndaşlığını qəbul edən, Azərbaycan qanunlarına hörmət edəcəyini, onlara əməl edəcəyini deyən ermənilər 10-20-30 ildən sonra yenidən 1905, 1918, 1920 və nəhayət, 1988-1994-cü illərdə törətdiklərini törətməyəcəklər. Sizə adi bir misal gətirəcəm. Bu yaxınlarda erməni kanallarından birində bir erməni tarixçi çıxış edir və adam deyir ki, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və s. rayonlarındakı xarabazar vəziyyət Azərbaycan ordusunun 2020-ci ilin payızında etdiyi hücumdan sonra yaranıb. Yəni dünyada belə bir yalanı heç bir dövlətdən, heç bir tarixçidən, heç bir digər xalqın nümayəndəsindən eşidə bilməzsiniz. Ona görə də biz nəzərə almalıyıq ki, əgər erməni icması yenidən Azərbaycanın daxilində mövcud olacaqsa, mütləq onlardan istifadə zamanı gələcək. Mən hələlik yalnız erməni ideoloqlarını deyirəm, onlardan istifadə etmək istəyən böyük dövlətlərin hansısa planlarının, niyyətlərinin ola biləcəyini demirəm. Bütün bu deyilənlər baxımından bu mövzuda birmənalı fikir söyləmək olduqca çətindir. Bununla belə, mən hesab edirəm ki, Azərbaycan erməniləri deportasiya etməyib, zorla köçürməyibdi; özləri çıxıb gediblər -getsinlər. Azərbaycan müəyyən dövrdə ermənilərin mülkiyyətə görə tələblərini Azərbaycan əmlak bazarının qiymətlərinə görə ödəyə bilər. Çünki bu daha az ziyandır, nəinki gələcəkdə hansısa yeni bir erməni separatizmi dalğasının Azərbaycan üçün törədəcəyi fəsadlar... Fəsadlar isə budur: Azərbaycan dövlətinə 100 milyard dollardan artıq ziyan dəyibdir. Həmin o separatçıların son 30-35 il ərzində Azərbaycan şəhərlərini xaraba qoyması sayəsində. Ona görə də elə o ziyanla bəri başdan hesablaşıb məsələni bağlamaq lazımdır. Şəxsən mən başqa çıxış yolu görmürəm. Bir daha deyirəm ki, biz böyüklük etməyə, dünyaya xoş gəlməyə çalışırıq. Təəssüf edirəm... Çünki biz dünyaya göründüyümüz kimi görünməyəcəyik heç zaman, dünya bizi görmək istədiyi kimi görəcək... Görmək istədikləri də nədir - artıq bəllidir. Ona görə də “dünya nə deyəcək, beynəlxalq ictimaiyyət nə deyəcək” kimi məsələləri xüsusən də geo-siyasətin indiki qaynar dönəmində arxa plana atmaq lazımdır. Həm də ona görə ki, biz nə “HƏMAS”-ın İsraildə, nə də əksinə, İsrailin Qəzzada, Fələstində törətdiyi vəhşilikləri törətmişik. Odur ki, bizim dilimiz uzundur. Və bu halda biz bütün gücümüzü dövlətimizin inkişafına yönəltməliyik. Onun hüquqi, iqtisadi, sosal inkişafına, ölkədə qanunçuluun bərpasına... Biz güclü olanda deyilən ittihamlar da olmayacaqdır. Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, bizə hər zaman ehtiyac olacaq. Ancaq nəzərə almaq lazımdır ki, biz zəif olduqca həmin ehtiyacı ödəmək üçün bizə təzyiq edəcəklər, biz güclənəndə isə oturub bizimlə danışmağa məcbur olacaqlar. Onda erməni söhbəti, separatçılıq da, nə bilim, etnik təmizləmə söhbətləri də arxa plana keçəcək. Çünki önə maraqlar çıxacaq və hər zaman da öndə maraqlar olubdur. Bu baxımdan hesab edirəm ki, problem hansı istiqamətdə çözülməyə başlayıbsa, həmin istiqamətdə də onu çözmək gərəkdir. Nə qədər çətin olsa da, bundan keçməliyik”- ekspert bu cür düşünür.
“Məhz bütün bunlara görə mən hər zaman deyirdim ki, Qarabağda antiterror əməliyyatı, oradakı separatçıların zərərsizləşdirilməsindən öncə sülh müqaviləsini imzalamaq lazımdır. Sülh müqaviləsini imzalamaq və dünyanı, o cümlədən də Ermənistanın özünü fakt qarşısında qoymaq gərək idi ki, artıq bu ölkənin Azərbaycana qarşı heç bir ərazi iddiaları yoxdur. Qaldı ermənilərin Qarabağdan, yəni Azərbaycan torpaqlarından çıxıb getməsinə, biz onları qovmamışıq, BMT də təsdiq edib bunu. Bizim əlimizdə BMT-nin müşahidə missiyasının rəyi var. Həmin rəydə açıq-aydın bildirilir ki, Azərbaycan erməni əhalini zorla deportasiya etməyibdir. Nöqtə... Bu artıq bir, belə deyək, tam təsirli hüquqi sənəd olmasa da, nüfuzlu beynəlxalq təşkilatın rəyidir. Və biz bunu əlimizdə əsas tutaraq bu gün də, gələcəkdə də öz müdafiəmiz üçün istifadə etməliyik...
Bütün hallarda, bir daha deyirəm, bu gün çalışıb Ermənistanla sülh müqaviləsi imzalamaq lazımdır. Onu mütləq imzalamaq lazımdır. Və mütləq buna nail olmaq lazımdrı ki, Ermənistan bizim, biz də onun ərazi bütövlüyümüzü tanıyırıq. Nəticədə sülh müqaviləsi imzalanandan sonra, sizi əmin edirəm ki, bütün bu ittihamlar, sərsəm uydurma-filanlar üçün hüquqi baza zəifləyəcək. Yəni bundan sonra erməni dövləti istəsə belə, həmin Qarabağdan köçüb gedənlərin maksimum hüquqlarını müdafiə edə bilər. Azərbaycana qarşı iddialar irəli sürə bilməz. Bu və digər səbəblərdən də dediyim kimi, sülh müqaviləsi mütləq imzalanmalıdır”- deyə Ərəstun Oruclu vurğulayıb.