Qaçaq Dəli Alı
Müəllif: Nağı Şeyxzamanlı (Keykurun)
Dəli Alı ilə necə tanış oldum
Dəli Alı 10 il davam edən qaçaqlıq və qoçaqlığı ilə özünü hər kəsə sevdirdiyi kimi məni də heyran etmişdi. 1904-cü il, tələbəyəm. Dəli Alının fotosunu görmək imkanım yoxdur. Onu necə görüm deyə gecə-gündüz düşünürdüm. Dəli Alının kəndlərdə gizli gəzdiyini öyrəndim. O yalnız toylarda xalq arasına çıxırdı. Bir neçə kənd toyuna getdim, fəqət nəsib olmadı, sağa-sola baş vurdum, evimizə gələn ağalara yalvarırdım, istəyimi bilməyən qalmadı. Bir gün dayımın oğlu Rza: “Sənə bir sirr verəcəm, heç kəsə söyləmə”, dedi. Söz verdim, bax dedi ki, atam səni məndən daha çox istəyir, sən atama de, o daima qaçaqlarla görüşür, bəlkə səni də görüşdürər. Çox sevindim, Rzaya təşəkkür etdim. O axşam dayımgilə getdim, yeməkdən sonra: “Dayı, siz arada 3-4 gün şəhərdən yoxa çıxırsınız, hara gedirsiniz?”, soruşdum. Cavab verdi: kəndlərdə işim olur. Nə üçün soruşduğumu öyrənmək istədi. Mən də “dayı sizdən bir ricam vardır, mən gecə-gündüz Dəli Alını necə görə bilərəm deyə düşünürəm, nə olar məni onun yanına apar”, dedim. Qəbul etdi.
Sən artıq uşaq deyilsən, qocaman dəliqanlı oldun, narahat olma bir gün yazda səni yaylağa götürərəm, orada görərsən – dedi. Sevinərək evimizə döndüm. Artıq aprel ayının sonu gəlmişdi, bir gün axşamüstü dayım bizə gəldi. “Bacıoğlu, dedi, İmam türbəsini ziyarət etmək istəyirəm, hərəmiz bir at minib gedək”. Mən uşaqlara iki at hazırlanmasını dedim. Hazırlandıq. Gəncə şəhərindən 3 kilometr məsafədə olan türbəyə getdik, ordan-burdan danışırdıq, birdə nə görsəm yaxşıdı, çöl qapıdan içəriyə 20-yə yaxın silahlı süvarilər girdilər, dayım ilə görüşdülər, dayım məni göstərərək, “sizi görmək istəyən bacımoğlu Nağı”, dedi.
Görüşdük, bunlardan yarısı mənim yanımda qaldılar, digər yarısı türbəyə girdilər, sandığı ziyarət etdilər, qayıtdıqdan sonra digər yarısı türbəyə girdilər.
Dəli Alı mənimlə danışdı, suallar verdi, hamısına diqqətlə cavab verirdim, sonra “Alı dayı, nə qədər rus öldürmüsünüz!”, dedim. “Haradan bildin?”, soruşdu. Rus məzarlığına getmişdim, sıra ilə yüzlərlə rus məzarı, hamısında “Razboynik Dəli Alı tərəfindən qətlə yetirilmişdi yazılmışdır. Aralarında polkovnikdən nəfərlərə qədər var idi. Mən ruslara çox sinirlənirəm, sizə “Razboynik” deyirlər. Razboynik çapıb talayan, soyğunçu deməkdir, siz isə halbuki qaçaqsınız, rusların qanunlarından qaçmısınız, onları rədd etmisiniz, qaçaq demək şərəfli insan deməkdir”, – cavabı verdim. Dəli Alı məni çox sevdi, əl sıxdıq, məni yaylağa dəvət etdi və bir tapança hədiyyə etdi. “Bu tapança sizə lazım olmazmı?”, dedim. “Xeyr, ruslar bizə tapança mənzili qədər yaxınlaşmazlar!”, dedi. Ayrıldıq. Sevinc içində idim. Dəli Alı ilə görüşdüyüm gün məsud günlərimdəndir. Bu görüşümüzdən ayyarım keçmişdi, məktəblərdə yaz tətili başlamışdı və mən sərbəst idim, dayımdan nə zaman yaylağa, Dəli Alıya qonaq gedəcəyimizi soruşdum. Dayım dedi ki, bir neçə gün sonra Alının bacısı Zeynəb xanımın oğlu Zeynalabdinin toyuna bərabər gedəcəyik, Dəli Alını orada görərsən.
Zeynalabdinin toyu
Dayım ilə bərabər uzun yaylaq səfərinə çıxdıq, iki gün yol getdikdən sonra Qoşqar dağının quşuçmaz, karvankeçməz, rus ayağı dəyməyən bir yerinə çatdıq. Toyun ikinci günü idi. Aşıqlar saz çalır, zurna var qüvvəsi ilə ötür, qonaqları qarşılayırdılar. Bizi Zeynəb xanım ilə oğlu qarşıladı. Sağ əlimiz ilə salam verir, sol əlimiz ilə zurnaçılara pul dağıdırdıq. El aşıqları saz ilə oyun havaları çalır, digər tərəfdən qonaqlarla salamlaşırdıq. Dəli Alı bizlə salamlaşır, oradakı qaçaq dəstələrini bizə təqdim edirdi: Mingəçevir qaçağı Meydanalının dəstəsi, Qarabağ qaçağı Muxtarın dəstəsi, Gəncədən gənc Nağının dəstəsi, Xuluflu Məşədi Yolçunun dəstəsi, Qabaqtəpəli Xəlilmehralının dəstəsi, Tovuzlu Qarabirçəkoğlu Tanrıverdinin dəstəsi, Eldardan Əmirəhmədin dəstəsi, İrəvandan Hevilin dəstəsi, Qaryagindən Süleymanın dəstəsi, Qazaxdan Alaybəyin dəstəsi, Şəkidən Cavadın dəstəsi. Hamısı ilə ayaqda görüşür, tanış olduq. Dəli Alı məni qaçaqlara “qaçaqlar aşiqi Nağı” deyə təqdim etdi. Mənə də, “bacıoğlu, görürsənmi xalqımızdan nə qədər qaçaq vardır, sən ancaq məni bilirdin”. Təxminimə görə orada dörd yüzə yaxın qaçaq var idi.
Bir tərəfdə iyirmiyə qədər qadın sacda fətir bişirir, bir tərəfdə bir neçə kişi qoyunları kəsib, soyub, ətlərini parçalayıb qazanlara doldurub yemək hazırlayırdılar. Bu qədər qaçağın bir yerdə yemək yeməsi bir aləm idi.
Hər kəsə bir boşqab və bir fətir vermişdilər, qonaqlar sıraya düzülmüşdü. Bir-bir qazanlara yaxınlaşır, aşçılar boşqabları doldururdu. Qaçaqlar yeməklərini nəşə və zövqlə yeyirdilər, yemək bitdikdən sonra əllərini çeşmədə yudular, bu arada oyun başladı, oyunda hər kəs iştirak etdi, axşama ayrıca yemək süfrəsi quruldu. Yüzlərcə qaçaq qonaq gecə toy evində qaldılar. Toy evi iki dəyədən ibarət idi. Qadınlar üçün də ayrıca bir dəyə var idi, bir də qonaq dəyəsi qurulmuşdu. Ensiz, uzun, içərisinə çox qonağı yerləşdirə bilən yer idi. Xalılar döşənmişdi. Bu dəyələr gecələr lampalarla işıqlandırılır, çölü isə ay işığı ilə gündüz kimi aydın idi. Hər tərəf yaşıllıq olduğundan toz deyilən bir şey yox idi, ulduzlar da parıldayırdı. Salon vəzifəsini görən uzun dəyədə iki sıra halında qonaqların irəli gələnləri otururdu və mən də dayımla orada idik. Ortadakı açıq yerdə iki el aşığı bir başdan bir başa yan-yana əllərində sazlar Koroğlundan, Əsli Kərəmdən dastanlar anladır və sıra gəldikcə “sazı əlinə aldı Kərəm görək nə dedi”, deyərək, şeirlər oxuyurdu.
Salon-dəyənin kənarında qalanlar, dəyənin yan keçələrini qaldırıb içərisini seyr edər və aşıqlara qulaq asardılar. Mahnılar gecəyə qədər davam edərdi. Qaçaqların dəstə başçıları və şəhərli qonaqlar salon-dəyədə yatırdılar. Dayım, Dəli Alı və mənə ayrı bir balaca dəyə hazırlanmışdı. Dayıma – “bu qədər qonaq hara sığacaq?”, deyə soruşdum, güldü, çıx bir az ətrafı seyr et dedi, çölə çıxdım, ay işığı ətrafı gündüz kimi işıqlandırmışdı. Ətrafa baxdım, yabı atlar quzu kimi səssiz idilər, iki uzun ağac arasına iki uzun ip çəkilmişdir. Hər qaçaq çərkəz yəhərini başının altına qoymuş, yapıncılarını yarısını altına, yarısını üstlərinə örtmüş, hamısı şirin yuxuda, salon-dəyədəkilər də elə. Yalnız ayaqüstə bir qoruyucu var, o isə tüfəngi əlində gəzir. Əsl qoruyucular itlərdi, ancaq onların hürüşməsi boş olar deyə qoruyucu gəzməkdə idi.
Yatan qaçaqlar yalnız qoruyucunun işarəsi ilə yerlərindən qalxarlar. Səhər tezdən hər kəs yuyunmaq üçün çeşmə başına qaçır, bunun ardınca bir boşqab motal pendiri və fətir qonaqlara təqdim edilir. Səhər yeməyindən sonra sevinc ilə otuza qədər dəliqanlı atlarına mindi, önümüzdəki təpəyə dırmandılar və təpənin başından eniş aşağı atlarını sürətlə aşağı buraxdılar. Olduqca təhlükəli hərəkət idi bu. Özlərinə dedim ki, nə üçün eniş aşağı atları aşağı buraxırsınız? “Atın ön ayaqlarının sağlam olub-olmadığını yoxlayırıq”, deyə cavab verdilər və bunu əlavə etdilər: “ Bax orda bir at başı aşağı gələrkən yıxıldı, onda bu atdan qaçaq atı olmaz, dəyişdirməlidir. Qaçağın atı sağlam olmalıdır”. Dönürük toy evinə. Bir az keçdikdən sonra bir süvari gəlir – təlaşla, “jandarma alayı buradan 3 kilometrə qədər məsafədədir”, deyir. Tez qaçaqlar bir neçə dəqiqədə hazır vəziyyətə gəlirlər. Hamısı Dəli Alının fikrini öyrənmək istəyirlər. İçlərindən biri tez – “Dəli Alı əmr versin, alayı məhv edək və bu ruslara böyük dərs olar!”, deyir. Dəli Alı deyilənləri eşidir. Mənim kimi, hər kəs atının üstündə, məndə fikrimi söyləyirəm, “əgər alayı məhv etməyə gedirsinizsə, məndə iştirak etmək istəyirəm”. Bu məqamda Dəli Alı atının üstündə qaçaqlara xitab edərək: “Dostlar, alayın dayandığı yeri yaxşı tanıyıram, onları dörd bir tərəfdən mühasirəyə alıb məhv edə bilərik”, deyir. Bu məqamda qaçaqlardan biri – “Daha nəyi gözləyirik?!”
Alı davam edir: “Ancaq düyün sahibi qardaşımı rahat buraxmazlar. Qardaşım Zeynəbin yoxluğu yalnız məni deyil, evimizi, yuvamızı yıxar. Biz buradan uzaqlaşağın”, deyir. Bir də baxdıq ki, Zeynəb xanım ata minmiş, tüfəngi əlində, kişi səsi ilə: “Qaçaqlar, silahlı qonaqlar toydan uzaqlaşsınlar, görükən bu dağın arxasına keçsinlər, qalan qonaqlar narahat olmasınlar, mən gedib alayı çevirərəm”, deyir. Zeynəb xanım gedib alaya yaxınlaşır, alay komandanına və kaymakama: “Siz Dəli Alı ilə qarşılaşmağa başqa yer tapmadınızmı ki, mənim toyumu matəmə çevirmək istəyirsiniz, Dəli Alı və dostları gəlişinizi öyrəndilər və tez Qoşqar dağını aşaraq İrəvan vilayətinə keçdilər, toyda olanlar şəhərli və kəndli qonaqlardı. Alayınız burada qalsın, qonaq olaraq buyurun toya”. Kaymakam və alay komandanı Dəli Alının uzaqlaşmasına inanırlar və vaxtlarını zay etməmək üçün Gəncə şəhərinə dönürlər. Zeynəb xanım atını qan-tər içində sürərək gəlir və bizə: “Kefinizə baxın, alay uzaqlaşdı!”, dedi. Axşam yenə aşıqlarla xoş vaxt keçirdik, Zeynəb xanım dayım və mənə gələn toy hədiyyələrindən bir-bir göstərdi.
Ertəsi gün bir dəliqanlı gəlir, Zeynəb xanıma yaxınlaşır, nəsə söyləyir. Zeynəb xanım, dəliqanlıya olmaz deyir və mənə yaxınlaşaraq Dəli Alı səni istəmiş, mən getmənə razı deyiləm, hər halda dayın da razı olmaz. Sevinc içərisində tez qərarımı verdim, “mənim atımı gətirsinlər, mən gedəcəyəm”, dedim. Atıma mindim, Zeynəb xanım və oğlu ilə sağollaşdım, dayıma dönərək – “salamat qal dayı, artıq mən qaçaq oldum”, dedim. Dayım mənə, “oğlum mən 10 gün burdayam, bir neçə gün qal dön”, dedi. Dəliqanlı kənd uşağı ilə axşama qədər yol aldıq, nəhayət yüksək bir dağın ətəyində bir kəndə vardıq. Dəli Alının dəstəsi oturan evə qonaq olduq. Dəli Alı mənə - “bacıoğlu, biz həmişə dağlarda, daşlarda, meşədə, çöldə həyat keçiririk”, dedi. Dünyadan xəbərimiz yox, şəhərdə olan hadisələrdən danış. Mən onlara Qafqazdan danışmağa başladım.
Əvvəla gürcülərdən bəhs açdım: Gürcülər mədəni bir millətdir. Ruslardan daha çox oxumuşları var, onlardan qaçaq çıxmaz. Ruslar gürcüləri aldadıb, gürcü idarəsini sıradan çıxarıb yerinə rus idarəsi qurublar. Bundan dolayı ruslara gürcülər də bizim kimi nifrət edirlər. Rus dövlətinin çökməsi üçün əl altından işləyirlər. Qafqazda bir də erməni milləti var. Onlar bizə o qədər düşməndirlər ki, əleyhimizə həmişə ruslarla birləşirlər. Şimali Qafqazlılar bizlər kimi türk və müsəlmandırlar. Onların da qaçaqları vardır. Ən məşhuru Zəlimxandır. İllərlə rus idarəsini arxasınca oynatmışdır. Böyük qəhrəmanlıqlar göstərmişdir. Bu qəhrəmanlıqlar haqqında bir neçə kitab oxudum.
İslam dünyasından, türk aləmindən, xüsusi olaraq Türkiyədən, müharibələrindən uzun bəhs etdim. Dağıstan mücahidi eşsiz qəhrəman Şeyx Şamildən bildiyim qədər danışdım. Şeyx Şamilin 25 il durmadan ruslarla müharibə etdiyini, sonradan ruslara əsir düşdüyünü söylədim. “İkinci eşsiz qəhrəman Gəncə xanı Cavad xandır. Oda ruslarla amansız sürətdə müharibə etmiş ən sonunda ruslar böyük bir hücuma keçib Gəncə şəhərini almışlar. Cavad xanı və oğlunu top üzərində şəhid edib, Gəncə əhalisini və xüsusi olaraq əli-ayağı tutmayan, xəstə, yaşlı, qadın və uşaqları bir neçə saat içərisində rus komandanının əmri ilə qılıncdan keçirmişlər”, dedim. Baxdım ki, söylədiklərimdən çox üzüldülər və tez onlara ümid verməyə başladım. “Xalqımız hadisələrdən dərs almış, sırası gəldikcə çox şeylər edəcək”, dedim. Bir kərə Rusiyada rus millətindən fazla artıq qeyri-rus var. Hamısı da ruslara bizim kimi düşməndirlər. Hamısının təşkilatları, gizli və ya açıq olsun, çox qüvvətlidir. Rusiyanı devirəcəklər. Bunlardan başqa sayları milyonları aşan sosialistlər vardır. Bunlar hər il bir neçə rus böyüklərini, vəkillərini, generallarını, valilərini, polis müdirlərini qətlə yetirirlər. Çar Aleksandrın necə öldürüldüyünü təfsilatı ilə anlatdım. Sevindilər, bax dedilər, bunlardan bizim xəbərimiz yox idi, bunlar çox mühümdür.
“Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 118-119-120-ci sayları, səh. 19-22
Təqdim etdi: Ceyhun Nəbi