Bu xəstələrə əlillik statusu verilir – ŞƏRTLƏR

Cərrahi əməliyyat zamanı orqanlarından birindən məhrum olan və ya öz funksiyalarını böyük ölçüdə itirən şəxslər əlillik hüququnu necə alır?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan vəkil Turan Abdullazadə bildirib ki, bu məsələ əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna əsasən tənzimlənir:

“Qanuna əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətini müvafiq orqan (qurum) müəyyən edir. Qanun Azərbaycan vətəndaşlarına, habelə ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil olunur. Əlilliyin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında status müəyyənləşdirilir. 

"Əmək pensiyaları haqqında" qanunun 11-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə ümumən sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlillik pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir”. 

Hüquqşünas qeyd edib ki, əlilliyə görə əmək pensiyası almaq istəyən vətəndaşlar bunu etməlidir:

“Dövlət Sosial Müdafiə Fondun regional filialına və ya DOST mərkəzlərinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron qaydada müraciət. Qanunların məzmununundan göründüyü kimi, əlilliyə görə pensiya sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.

Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir.

Əgər əməliyyat zamanı vətəndaş daxili orqanlarından hər hansı birini itirirsə və onun real vəziyyəti yuxarıda qeyd olunan qanunların müddəalarına da uyğun gəlirsə əlbəttə ki, ona da əlillik təyin edilə bilər. Əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilə bilər”.

Share on Facebook