“Kim bunu edirsə, şəxsiyyəti...” - Psixoloqdan qalmaqallı 14 fevral açıqlaması

Sevgililər Günü sevginin və romantikanın bayramı kimi təqdim olunsa da, bu gün hər kəs üçün xoş emosiyalar doğurmur. Sosial mediada nümayiş olunan ideal sevgi münasibətləri, bahalı hədiyyələr və xüsusi jestlər bəzi insanlarda yalnızlıq hissini daha da gücləndirir. Tək olanlar özlərini kənarda qalmış kimi hiss edə, münasibətdə olanlar isə yüksək gözləntilər səbəbindən təzyiq və stress yaşayırlar. Sevginin simvoluna çevrilmiş bu gün, əslində, bir çox insan üçün emosional gərginliyin və sosial müqayisənin qaynağına çevrilə bilər.

Psixoloq Vüsalə Rüstəm bununla bağlı “Yeni Sabah”a açıqlama verib. O, işbazların bu günü bir növ alətə çevirdiyini vurğulayıb:

“Bu, müqəddəs valentin günü kimi Roma imperiyası dövrünə təsadüf edən, katolik xristianların inancına görə bayram edilən tarixi bir gündür. Qlobal dünyada insanlar çox asanlıqla səyahətə gedə bilir və müxtəlif sivilizasiyalardakı bayramları və tarixi günlərini öz ölkələrinə gətirə bilirlər. Bu gün xristianlara aid olan bir gündür. Milli sevgililər günü isə iyun ayının 26-sı qanlı yanvar şəhidlərimizdən olan İlham və Fərizənin evlilik günü hesab edilir. Sevginin günü, saatı, dəqiqəsi, ili olmur, sevgi insanı həyata bağlayan bir duyğudur. Keçmiş dövrlərdə olan bayramları müasir dövrdə kommersiya alətinə çeviriblər. Gül və hədiyyə satışı ilə məşğul olanlar o günü sosial şəbəkələrdə qabardaraq insanları hədiyyə almağa təşviq edir”.

Psixoloq onu da qeyd edib ki, keçmiş dövrlərdə həmin günləri diqqət üçün ayırıb insanları duyğulara köklənməyə, daha mərhəmətli sevgi dolu olmağa çağırırdılarsa, bu gün elə günlər başqalarında həsəd yaratmaq, mağazalardakı hədiyyələri daha baha qiymətə satmaq məqsədi güdür:

“Heç bir əsl sevgili, ya həyat yoldaşı, ya da nişanlı öz sevdiyinə aldığı hədiyyəni və öz sevgisini kiməsə nümayiş etdirmək ehtiyacı duymaz. Kim bunu edirsə, şəxsiyyəti tam formalaşmayıb, həyatını ona-buna göstərməklə yaşayır və reallıqla heç bir əlaqəsi olmur. Çox zaman ayrılır, ya da boşanır. Əsl olan ailə, sevgi münasibətləri sosial şəbəkələrdə paylaşılmağa ehtiyac duyulmayanıdır. Çox insan bunu anlamır, başqalarının sevgililər günü hədiyyələrini baxaraq tənhalaşır, depressiya düşür. Anlamır ki, sosial şəbəkə çox zaman yalançı göstəriş üzərində qurulur, real həyat tam başqadır. Sevdiyin insanı sevmək üçün nə sənə xüsusi gün, nə də hədiyyə lazım deyil. Onun verdiyi quru bir çiçək sənə ruh verir, dünyaya bağlayır, həyatın rənglənir. Hədiyyə, pul  üzərində qurulan heç bir münasibət real deyil, buna inanmayın. Gec ya tez həqiqət üzə çıxır.

Sevgilisi olmayan insanlar belə günlərdə sosial şəbəkələrdə göstərilən böyük ayı oyuncaqlarına, üzük taxılmış "aşkımın hədiyyəsi" üzüklərini baxıb öz həyatları barədə neqativ düşünməsinlər. Belə insanların çoxu paylaşımları ilə kimlərəsə acıq verir, ya da mağaza, hədiyyə reklamları olur. Xoşbəxtlik gizliliyi və sakitliyi sevir. Bir çiçək alan real insanları sevin, maddiyyat üzərində qurulan münasibətlər sınıq körpüdür, gec ya tez uçacaq”.

Share on Facebook