Ölkədə yeni tikililərin kommunal xidmət şəbəkələrinə qoşulması qaydalarına dəyişiklik edilib. Belə ki, yeni qaydalara əsasən, bu ilin oktyabr ayının 1-dən sonra tikilən tikintiyə icazə sənədi olmayan fərdi və ya qeyri-yaşayış evləri elektrik, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Bu proses Nazirlər Kabinetinin yeni sərəncamından əvvəl tikilmiş evlərin sənədləşməsi prosesini də sürətləndirə bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Referans.az-a açıqlamasında bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsinə ehtiyac var.
“Sənədsiz evlər məsələsi problemli məsələdir və uzun zamandır ki, müzakirə olunur. Biz bu məsələni hər dəfə Milli Məclisdə müzakirəyə qaldırırıq. Dövlət başçısı İlham Əliyev bir neçə il əvvəl tədbirdə göstəriş verdi ki, bu məsələ öz həllini tapsın. Bundan sonra İqtisadi İnkişaf naziri, Bakı Şəhər İcra Hakimiyyəti müəyyən işlər gördülər, hətta məndə olan məlumata görə 50 mindən çox sənədsiz evlərə sənəd də verib və bu məsələ üzərində iş gedir. Lakin bu proses 6-7 ildir davam edir və çox uzanıb”.
Deputat fikirlərinə bunları da əlavə edib:
“Vətəndaşlar bütün kommunal xidmətləri ödəyirlər, həmin evlərdə yaşayırlar. Bu tikililər faktiki olaraq, onların evləridir. Artıq bu evlərin qanuni və ya qanunsuz tikilməsinin bir əhəmiyyəti yoxdur. Onlara mütləq sənəd, çıxarışlar verilməlidir. Bu məsələ ilə bağlı əsas problem yaradan nüans təhlükəli ərazilərdə tikilən evlərdir ki, bununla bağlı da xüsusi komissiya da yaradılıb və müəyyən işlər görür”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, bu istiqamətdə görülən işlər, əsasən, qanunsuz evlərin sayının azalmasında effektiv yol olacaq.
“Hesab edirəm ki, bu, gələcəkdə qanunsuz ev anlayışının olmaması üçün atılmış bir addımdır. Eyni zamanda bu sərəncam oktyabrın birindən əvvəl tikilmiş sənədsiz evlərin sənədləşməsinə də müsbət təsir edəcək. Məndə olan məlumata görə artıq bu evlərin invertarlaşdırılması prosesi də aparılıb. Hansı rayonda nə qədər ev sənədinin olmaması ilə bağlı məlumatlar tam şəkildə toplanılıb. Bununla bağlı rayon icra hakimiyyəti, bələdiyyələr, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları, demək olar ki, bütün evlərdə olublar və həmin evlərin qeydiyyatı həyata keçirilib. Yəni bu məsələ ilə bağlı işlər yekunlaşmaq üzrədir”.
Ekspert qeyd edib ki, evlərin sənədləşdirilməsini prosesini uzadan və müəyyən qədər bu prosesə mane olan məsələ kommunikasiya təhlükəli ərazilərdə tikilmiş evlərdir.
“Burada əsas problemlərdən biri kommunikasiya xətləri üzərində yerləşən və qeydiyyatı hökumət üçün də çətinlik yaradan evlərlə bağlıdır. Məlum olduğu kimi, yüksək gərginlikli elektrik xəttlərinin altında, qaz kəmərləri və dəmir yolu xətlərinin yaxınlığında, eyni zamanda neftlə çirklənən torpaq sahələrinin, neft müqaviləsinə aid olan torpaq sahələrində tikilən evlər bu qrupa daxildir. Ümumiyyətlə, belə ərazilərdə yaşayış qurmaq vətəndaşların özü üçün təhlükəlidir. Bu, sosial məsələ olduğuna görə Nazirlər Kabineti və hökumət buna daha ehtiyatla yanaşır. Əgər bu cür evlərdə yaşayışın mümkün olmadığı müşahidə edilərsə, təbii ki, kompensasiya verilmək şərti ilə həmin insanlar ərazidən köçürülə bilər”.
Ramil Qasımzadə vurğulayıb ki, hazırda sənədsiz evlərlə çıxarışla satılan evlərin qiymətləri arasında təxminən iki dəfəyə qədər fərq müşahidə olunur.