Azərbaycana qəti şəkildə qarantiya lazımdır - Əliyev

Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun”.

Saakaşvili Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili  Ermənistanın baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib. Sozcu.az xəbər verir ki, bu barədə eks prezident Facebook səhifəsində paylaşım edib. “Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Yaxşı, Kreml rəhbərliyində erməni konyakını sevənlər özlərini necə məhdudlaşdıracaqlar. Amma bu qadağa Paşinyana siqnal olmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır, – deyə Saakaşvili qeyd edib. O, həmçinin Paşinyana Rusiyadan üz döndərməyi və Avropaya tərəf baxmağı məsləhət bilib. “Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol – qaç, daha sürətli qaç, canını qurtar, KTMT-dən, Avrasiya İqtisadi  Birliyindən arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə tərəf get. Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin bulldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün uzaqlaşın. Əminəm ki, hələ də gec deyil. Və tərəddüd etməyi və yırğalanmağı dayandırın. Gecikmə ölüm kimidir!” – deyə Saakaşvili yazıb.

ABŞ Dövlət katibinin köməkçisi O’Braynın Bakıda nəyi müzakirə edəcəyi məlum olub

Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn “X” platformasında bildirib. O, Azərbaycana səfəri çərçivəsində Cənubi Qafqazda sülhün irəliləməsi ilə bağlı rəsmi şəxslərlə görüşəcəyini vurğulayıb. Ceyms O’Brayn Rumıniyada isə taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə müzakirələr aparacağını qeyd edib. Qeyd edək ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms K. O’Brayn dekabrın 6-8-də Bakı və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək.

Türkiyə səfiri: “İkinci "Qızıl alma” Azərbaycan səmasında uçacaq”

"İkinci “Qızıl alma” Azərbaycan səmasında uçacaq”. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Aselsan” şirkətinin Azərbaycanda “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə yol mühəndəsliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: “Bizdə Bayraktar var. O, bu gün Azərbaycan səmasında Azərbaycanın təhlükəsizliyi üçün uçur. Bizdə “Qızıl alma” var. “Qızıl alma”nın ikincisi Azərbaycan səmasında uçacaq. Türkiyə “Şuşa Bəyannaməsi” əsasında Azərbaycanla əməkdaşlığı genişləndirir”. Səfir söyləyib ki, Türkiyə müxtəlif sahələrdə Azərbaycanın inkişafına töhfə verir. Qeyd edək ki, “Qızıl Alma” pilotsuz uçuş aparatının (PUA) istehsalına 2020-ci ildən başlanılıb. PUA-nın ilk uçuşu 2022-ci ildə həyata keçirilib. “Qızıl alma”nın istehsalçısı “Baykar” şirkətidir. Xatırladaq ki, Azərbaycanda Türkiyənin ASELSAN şirkətinin “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılışı olub. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, şirkətin Bakıdakı nümayəndəsi Özgür Kurum, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov və digər rəsmilər iştirak ediblər. ASELSAN Türkiyənin müdafiə sənayəsi şirkətidir və 1975-ci ildə yaradılıb.

Daha bir məktəbdə qızılca: 9 şagird, 1 müəllim...

Bakıda 20 nömrəli məktəb-liseydə şagirdlərin kütləvi şəkildə qızılcaya yoluxması ilə bağlı iddialar yayılıb.  Sozcu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.  Məktəbdən bildirilib ki, 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub. Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil: "Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".

ABŞ-dan sonra Ukraynaya ən çox mərmi göndərən ölkə

ABŞ-dan sonra Ukraynaya ən çox mərmi tədarük edən ölkə Cənubi Koreyadır. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Məlumata görə, Cənubi Koreya 41 gün ərzində hava və dəniz yolu ilə Ukraynaya 300 mindən artıq 155 mm-lik mərmi göndərib. Bu, bütün Avropa Birliyinin göndərdiyindən daha çoxdur. Qeyd olunub ki, Cənubi Koreya hazırda dünyada ən çox 155 mm-lik mərmilərə sahib olan ölkələrdən biridir.

Məşhur seysmoloq ağlayaraq AD ÇƏKDİ - Bu şəhərlərdə 7 baldan yuxarı ZƏLZƏLƏ OLACAQ

Seysmoloq, professor Naci Görür Türkiyədə seysmoloji vəziyyətlə bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib. Sozcu.az xəbər verir ki, o, dünən İstanbul da daxil olmaqla bir neçə rayon və şəhərlərdə hiss edilən 5.1 ballıq zəlzələ ilə bağlı açıqlamalar verib. Candaş Tolqa Işığın verilişində qonaq olan Naci Görür, Kahramanmaraş zəlzələsindən əvvəl də xəbərdarlıqlar etdiyini xatırladıb. O, bildirib ki, tədbir görülməsə, 18 vilayətin taleyi Kahramanmaraş və Hatay kimi olacaq: "18 vilayət və bir çox rayon fay xətləri üzərində yerləşir. Bunlardan biri Maraş və Hatay idi. İndi onlar getdi. Fay xəttində yaşayan vilayətlərin taleyi Maraş və Hatay kimi olacaq". Naci Görürün 7 və ya daha çox bal gücündə zəlzələ gözlədiyi 18 rayon və şəhər bunlardır: "Eskişehir, Dənizli, Muğla, Ərzincan, Kayseri, Şile, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkesir, Burdur, Manisa, Hakkari". "Bu fay Şimali Anadolu fayının cənub qolunun bir hissəsidir. Cənub qolu yavaş-yavaş hərəkət edən ancaq gərginlik toplayan faydır. 1999-cu il zəlzələləri zamanı enerji itirdi. İndi şimal qolunda zəlzələni gözləyirik. Hazırda heç bir problem görmürəm, amma Gəmlikdə tədbir görülməlidir və bu yaşayış sahəsi zəlzələyə davamlı olmalıdır. Bu şəhərin yerləşdiyi yer çox təhlükəlidir və birbaşa Gəmlik qırağındadır”, - professor əlavə edib.

Ermənistan parlamenti Qarabağla bağlı layihəni rədd etdi

Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib. Hakim “Mülki müqavilə” fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, layihə “Ayakve” vətəndaş təşəbbüsünə məxsusdur. Ötən gün Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Daimi Komissiyası Cinayət Məcəlləsinə Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik dəyişikliyinə mənfi rəy vermişdi. Buna baxmayaraq, layihənin plenar iclasın gündəliyinə salınması nəzərdə tutulurdu.

Türkiyədən İsrail kəşfiyyatına xəbərdarlıq: Bunun nəticələri ağır olacaq

Türkiyə İsrail kəşfiyyatına xəbərdarlıq edib.  Sozcu.az xəbər verir ki, Amerikanın Wall Street Journal qəzeti İsrailin Fələstindən kənarda yaşayan Həmas üzvlərinə qarşı sui-qəsd planları hazırladığını yazıb.  Xəbərdə İsrail kəşfiyyat bölmələrinin Livan, Türkiyə və Qətərdəki Həmas üzvlərini hədəf alacağı iddia edilib.  İsrailin daxili kəşfiyyat agentliyinin Şin-Bet (Şabak) direktoru Ronen Bar, İsrail dövlət televiziyası KAN-da yayımlanan səsyazmasında bildirib ki, onlar illər keçsə belə, Qətər, Türkiyə və Livan da daxil olmaqla bütün dünyada HƏMAS liderlərini öldürməkdə qərarlıdırlar.  İsrailin Türkiyə də daxil olmaqla Fələstindən kənarda yaşayan HƏMAS üzvlərini hədəf alacağı xəbərindən sonra Anadolu agentliyi İsrail kəşfiyyat orqanlarına onların Türkiyədəki qeyri-qanuni fəaliyyətlərinin ciddi nəticələr verəcəyi barədə məlumat verildiyini açıqlayıb. 

Faktlarımız var, hücumu İran təşkil edib – ABŞ

Husilərin Qırmızı dənizdə 3 gəmiyə hücumunda İranın əlinin olduğu barədə inkaredilməz faktlarımız var. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. “Husilərin gəmilərə hücumda istifadə etdikləri silah-sursatı İran təmin edib”, - Sallivan bildirib. Qeyd edək ki, dekabrın 3-də Qırmızı dənizdə bir neçə kommersiya gəmisinə PUA-larla hücum edilmişdi. Husilər gəmilərin İsrailə aid olduğunu bildirərək, hücumda məsuliyyəti öz üzərlərinə götürmüşdülər.

10 yaşa qədər uşaqlar tez bir zamanda… – Səhiyyə Nazirliyi

2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin, qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur. Səhiyyə Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. “Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir. Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədi ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar. Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur”, – qeyd olunub.

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1030 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 333 840 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 15 zirehli döyüş maşını, 26 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Qəzzada girovlarla bağlı danışıqlar bərpa oluna bilər?

Humanitar atəşkəsin bərpası və Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovların qaytarılması ilə bağlı rəsmi danışıqların tezliklə bərpa olunacağı ehtimalı yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, danışıqlar dalana dirənib, rəsmilərin sözlərinə görə, yaxın gələcəkdə müzakirələrin bərpası perspektivi yoxdur. ABŞ prezidenti Co Bayden administrasiyasının da amerikalıların azad edilməsi ilə bağlı ayrıca danışıqlar apara bilməsi çətin prosesdir. Telekanalın sözlərinə görə, HƏMAS-ın Vaşinqtona hər hansı xüsusi xidmət göstərəcəyinə inanmaq üçün heç bir əsas yoxdur.

İysiz və rəngsizdir, 7 dəqiqədə adamı öldürür - EVİMİZDƏKİ TƏHLÜKƏ

Dəm qazı günümüzün acı bəlasına çevrilib. Hər gün analoji hadisədən zəhərlənmə və ölüm halları yaşanır. Bu hal xüsusilə soyuq havalarda özünü büruzə verir. Maraqlıdır, evimizdəki gizli düşməndən özümüzü necə qoruya bilərik? Hansı məqamlara diqqət etmək bizi bu bəladan sığortalayar? Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bir sıra önəmli məqamlara toxunub: “Payız-qış aylarında havaların soyuq keçməsi istiliyə olan təlabatı və qızdırıcı qurğulardan istifadəni artırır. Belə cihazları istifadə edərkən bir sıra vacib məqamlara diqqət etməliyik. İlk növbədə, standartlara cavab verən, sertifikasiyası olan məhsullardan istifadəni seçmək lazımdır. Sexdə kustar üsulla istehsal edilən qızdırıcılardan istifadə insan həyatını təhlükə qarşısında qoyur. Lakin iş bununla bitmir. Həmin qızdırıcının quraşdırılma məqamı da önəmlidir. Bu qurğuların quraşdırılması yalnız peşəkar şəxslər tərəfindən həyata keçirilməlidir. Peşəkar şəxslər deyəndə, bu işlə məşğul olan və rəsmi akreditasiyadan keçən müəssisənin əməkdaşları nəzərdə tutulur. Bu kimi cihazların dost-tanış ya da qonşuda olan şəxslər tərəfindən quraşdırılması tövsiyə edilmir. Çünki həmin proses zamanı müəyyən təhlükəsizlik qaydalarına əməl edilməlidir”. Ekspert hansı hallarda məkandaxilinə yerləşdirilən qızdırıcıların təhlükəli olduğundan da danışıb: “Açıq oddan istifadə edilən qızdırıcıların quraşdırılması zamanı otağın həcminə diqqət etmək ən vacib qaydadır. Hündürlüyü 2-3 kvadrat metrdən az olan, plastik qapılı hamamlarda bu kimi qurğuların yerləşdirilməsi təhlükəlidir. Əgər bu qurğu daxildə quraşdırılırsa, bu zaman otaqda havalandırma sistemi, nəfəslik və qapının aşağı hissəsində xırda dəliklər olmalıdır. Digər önəmli bir məsələ, tüstü bacalarının təmizlənməsidir. Bəzən insanlar bu məqamı nəzərə almırlar. Lakin illərlə təmizlənməyən tüstü bacalarında olan zəhərli maddələr küləkli havalarda məkanın içinə toplanır. Bu zaman yanma prosesi pozulur. Nəticədə iysiz və rəngsiz olan dəm qazı içəri dolur və 7 dəqiqədə insan həyatına son qoyur”. Mütəxəssis bildirir ki, qızdırıcı qurğuların ən təhlükəsizi kombilərdir: “Hər gün dəm qazından ölüm hallarının baş verməsi xəbərləri ilə qarşılaşırıq. Bunun səbəbi qızdırıcılarla bağlı təhlükəsizlik məsələlərinə düzgün riayət etməməkdir. Əksər ölüm hadisələri açıq oddan istifadə olunan qızdırıcıların quraşdırıldığı məkanlarda yaşanır. Ola bilməz ki, evində yaxud hamam otağında kombi quraşdıran şəxsin başına belə bir hadisə gəlsin. Buna görə, kombilər daha təhlükəsizdir”.

Rusların iki zenit-raket sistemi məhv edildi

Ukrayna müdafiə qüvvələri Rusiya qoşunlarına atəş zərbələri endirməkdə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda qeyd olunur ki, gün ərzində müdafiə aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 10 zərbə endirib. Rusiya tərəfinin iki zenit-raket kompleksi və 7 artilleriya vasitəsi məhv edilib.

Əməliyyat zamanı dava: Həkimlər bir-birinə alətlər atdı

Tatarıstanda Buqulma Mərkəzi Rayon Xəstəxanasında əməliyyat zamanı cərrahla şöbə müdiri arasında dava düşüb. BAKU.WS-in xəbərinə görə, bu barədə teleqram kanalı məlumat yayıb. Məlumata görə, Buqulma xəstəxanasında iki həkim - cərrah və şöbə müdiri arasında mübahisə bir neçə ildir ki, davam edir. İki il əvvəl mədəsi partlayan xəstə əməliyyat masasında uzanan zaman həkimlər birbaşa cərrahiyyə şöbəsində dava salıblar. Cərrahın dediyinə görə, o, xəstəni əməliyyat edərkən şöbə müdürü əməliyyat otağına girib tibb bacısının alətlərini götürüb və başqa cərrah çağırılmasını tələb edib. Həkim imtina edərək işini davam etdirib, daha sonra müdir onu vurub. Həkimlər bir-birinə alətlər atarkən xəstə əməliyyat masasında gözləyib. Üç ay əvvəl başqa bir xəstənin qeydiyyatı zamanı yaranan fikir ayrılıqlarına görə həkimlər yenidən xəstəxanada dava salıblar. Müdir ona arxadan hücum edib, cərrah isə onun üzünə iki dəfə zərbə endirib.

90 qəpikdən, 4 manata... – Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

10 gün əvvəl kiloqramı 70-90 qəpiyə təklif olunan xiyar ötən şənbə və bazar günlərində 3-4 manata satılıb. Qısa zamanda rekrord səviyyədə qiymət artımı təbii ki, müəyyən suallar doğurur. Kəskin qiymət artımının səbəbləri? Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, kəskin qiymət artımının bir sıra səbəbləri var: “Əsas səbəb odur ki, mövsümlə əlaqədar olaraq açıq havada məhsul yetişdirilməsi başa çatıb. Bunun nəticəsində, bazara daha az məhsul çıxarılıb. Tələb təklifi üstələdiyinə görə də qiymətlər artıb. Digər bir səbəb isə Yeni ilin yaxınlaşmasıdır. Bildiyimiz kimi, hər bayram yaxınlaşanda istehlak bazarında qiymət artımları baş verir. Bu dəfə işbazlar bir qədər tələsib. Başqa bir səbəbsə Yeni ilə görə xaricə məhsul ixracının artmasıdır. Bu səbəblərə görə bazarda məhsul qıtlığı yaranıb”.

“Vosmoy bazarı”nı bu qüvvələr ələ keçirir – VİDEO

Artıq bir neçə gündür ki, “8-ci km bazarı” ilə bağlı müzakirələr başlayıb. Sözügedən bazarın ya bağlanacağı, ya da digər əraziyə köçürüləcəyi bildirilir. Bazar rəhbərliyi yayılan məlumatların yalan olduğunu söyləyib, buna baxmayaraq, orada çalışan satıcılar, alış-veriş edən vətəndaşlar narahatdırlar. Çünki indiyə qədər bu cür söz-söhbət yaranan ticarət mərkəzləri sonda bağlanıb və ya başqa əraziyə köçürülüb. Globalinfo.az məsələ ilə bağlı “8-ci km bazarı”nda çalışan satıcı və sahibkarlarla danışıb. Onlar bildiriblər ki, hələlik konkret bir məsələ olmasa da, çox narahatdırlar. Ətraflı videoda:

“8-ci km bazarı”nın ərazisi neçəyədir? - Şok qiymət

Son günlər satılması və ya köçürülməsi xəbəri ilə gündəm mövzusuna çevrilən “8-ci km bazarı” barədə müxtəlif versiyalar səsləndirilir. Əsasən deyilir ki, bazar tamamilə söküləcək, ya da yerində yaşayış massivi tikiləcək. Sozcu.az xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Globalinfo.az-a açıqlamasında həmin ərazidə qiymətlərin ucuz olmadığını bildirib: “Həmin ərazidə torpaq sahələrinin qiyməti fərqli olur. Qara Qarayev prospektinə yaxın hissələrdə torpağın 1 sotunun qiyməti təxmini 120-130 min manat civarındadır. Arxaya doğru getdikcə isə qiymət azalır. Digər hissələrdə olan qiymət 60-80 min manat təşkil edir. Bir sözlə, minimum 60, maksimum 130 min manatdır”. R.Osmanlı bazarın ləğvi məsələsinə də toxunub: “Orada söhbət bazarın deyil, MMC-nin ləğv olunmasından gedir. Amma istisnalar da ola bilər”. İlkin hesablama aparsaq, belə məlum olur ki, bazarın yerləşdiyi torpaq sahəsinin qiyməti 25 milyon manatdan çox edir.

Mətləb Məhəmmədoğlu vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mətləb Məhəmmədoğlu vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkədə məlumat yayıblar.  Məlumata görə, əslən Ağsu rayonundan olan şair son günlərədək dostlarına səhhətindən şikayət etməyib.  Bu gün yatıb ayılmayan mərhumun qəfil ürəktutmasından öldüyü ehtimal olunur.  Allah rəhmət eləsin. 

“Hədəfimiz Qarabağı geri qaytarmaqdır”

Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi komissiyasının növbədənkənar iclasında hazırda “Ayakve” mülki qanunvericilik təşəbbüsünün irəli sürdüyü qanun layihəsi müzakirə edilir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, təşəbbüs üzvləri və buna dəstək verən ermənilər parlament binası yaxınlığında toplaşıblar. Həmin qanun təşəbbüsünə görə, Qarabağın Azərbaycanın tərkibində sayılması cinayət sayılır. “Ayakave” təşəbbüsünün koordinatoru Avetik Çalabyan adıçəkilən komissiyanın 12 üzvündən 8-nin hakim “Vətəndaş sazişi” partiyasının üzvü olduğunu xatırladıb. “Onlar öz mövqelərini müxtəlif yollarla ifadə ediblər və bu da hüquqi baxımdan zəif, absurd və əsassız cavabdır. Əgər Qarabağı yenidən geri qaytarmaq istəyiriksə, öncə onun öz müqəddəratını təyinetmə hüququnu bərpa etməliyik”, - deyə Çalabyan bildirib.

Səfər Mehdiyevlə bağlı sensasiya: külli miqdarda vəsaitlə...

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə bağlı sensasiya sayıla biləcək məlumat yayılıb. Axar.az-a daxil olan məlumatda bildirilir ki, S.Mehdiyev tez-tez xaricə səfər etməyə başlayıb və hər gedişində külli miqdarda vəsait çıxarır. Onun hər dəfə külli miqdarda vəsaiti “xərcləmək üçün” apardığı ildirilsə də, səfərlər arasında intervalın çox sıx olması general-polkovnikin ölkədən vəsait daşıdığı təəssüratını yaradıb. S.Mehdiyevin külli miqdarda vəsaiti ölkədən necə çıxara bilməsi də maraqlıdır. Xatırladaq ki, 1973-cü il təvəllüdlü Səfər Mehdiyev 2018-2022-ci illərdə Gömrük Komitəsinə sədrlik edib.

Bakıda daha bir məktəbdə qızılca aşkarlandı: Sinif bağlandı

Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb. Sozcu.az bakupost.az-a istinadən xəbər verir ki, liseyin 5-ci sinfində yoluxma aşkarlanıb. Bu səbəbdən həmin sinifdə dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib. Qeyd edək ki, son günlər şagirdlər və tələbələr arasında qızılcaya yoluxma artıb. Bir neçə gün əvvəl şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib. Həmçinin, ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat edib.

Minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar cəlb olundu

"Azərbaycanda minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar da cəlb edilib". Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, minatəmizləmə əməliyyatlarına digər xüsusi texnikalar da cəlb olunub: “Bundan əlavə, Azərbaycan istehsalı olan texnikalar da bu prosesə töhfəsini verirlər”.