Azad edilən ermənilər arasında o da var...

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Sozcu.az xəbər verir ki, Azərbaycanın azad edəcəyi erməni hərbçilər arasında bu gün məhkəməsi keçirilən Voskanyan Qagik Aşoti də var. Qeyd edək ki, bu gün Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilibmişdi.

Mirzoyan Vaşinqtonda Bayramovla görüşə HƏ dedi

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə ifadə edib. "Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, - deyə məlumatda qeyd olunur.

Növbədənkənar prezident seçkiləri elan edildi

Prezident İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. 2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Zəlzələ qorxusu nədir və ona necə qalib gəlmək olar? - Psixoloqdan AÇIQLAMA

Şiddətindən və yerindən asılı olmayaraq zəlzələ hər kəsi qorxuya salır. Əksər insanlar zəlzələdən sonra təkcə özünün deyil, ailəsinin, yaxın çevrəsinin və bütün dünyanın zərər görəcəyindən narahatlıq keçirir. Bəs, zəlzələ qorxusu ilə necə mübarizə aparmaq lazımdır? Sozcu.az zəlzələ qorxusundan xilas olmağın yollarını təqdim edir: Zəlzələdən sonra keçirilən narahatlıqlar: Yuxu pozğunluqları, kiçik bir hərəkətdən belə qorxmaq, ağlamaq istəyi, sıx narahatlıq hissi, depressiya, davamlı olaraq zəlzələ olacağını düşünmək və zəlzələdə baş verənlərlə bağlı böyük ağrıdan gündəlik həyata davam edə bilməmək. Biz dünyaya təbii fəlakətlərdən əvvəl təhlükəsiz yer kimi baxırıq. Amma hər təbii fəlakətdən sonra dünya ilə yenidən tanış olur və anlayırıq ki, əslində dünya təhlükəsiz yer deyil. Zaman keçdikcə dünya yenidən təhlükəsiz yer kimi hiss olunur. Türkiyəli psixoloq İsmail Aykut Öztürk bu məsələni belə izah edir və zəlzələdən sonra yaşanan qorxulara qarşı alınması lazım olan tədbirləri sadalayıb. Belə anlarda ağlınız pis bir şeyin ola biləcəyinə inanır, ona görə də zəlzələnin baş verməməsi ehtimalı barədə düşünə bilməzsiniz. Çünki narahatlıq və qorxu var. Ancaq dərindən nəfəs alıb həmin anda zəlzələ olmaya biləcəyini düşünmək sizi rahatlaşdıracaq. Bunu yaşadıqdan sonra ertəsi gün yenidən zəlzələ yaşayacağınızdan qorxursunuz və bu proses davam etdikcə əslində qorxmaqdan qorxacaqsınız. Sonra ertəsi gün yenidən zəlzələ qorxusunu yaşayacağınızdan qorxursunuz. Bu proses davam etdikcə əslində zəlzələdən yox, həm də qorxmaqdan qorxacaqsınız. Bütün digər qorxular kimi zəlzələ qorxusu da qəbul olunduqca azalır.  Zəlzələdən sonra insanları ən çox narahat edən qorxu və təşviş kimi görünsə də, əslində bu narahatçılığın yaranmasında “mənfi düşüncələr” ciddi əhəmiyyət kəsb edir. “Yenə zəlzələ olacaq, evdən çıxa bilməyəcəm.”, “Sağ qalsam da, sevdiklərim bacarmasa, həyatıma necə davam edəcəyəm?”, “Dağıntılar altında qalsam, kim məni xilas etməyin neçə saat çəkəcəyini bilir?", "Mən orada ac-susuz necə qala bilərəm?" Bu kimi fikirlər ağlınıza gəldikdə, onları rədd etmək əvəzinə bu düşüncələrdən qaçmamaq və onlarla üzləşmək lazımdır. Onları yenidən şərh etmək sizi zehni və fiziki cəhətdən rahatlaşdıracaq. Mənfi düşüncələri rədd etmədən, onlar haqqında düşünməyə davam etmək lazımdır. “Zəlzələ olanda ev yıxılmaya bilər.”, “Zəlzələ olsa belə, yaxınlarıma və mənə ziyan dəyə bilməz.”, “Eşitdiyim bu səslər zəlzələdən yaranmaya bilər.”, “ Zəlzələ olduğu üçün yata bilmirəm, amma nə qədər ki, tədbir görməmişəm, yatıb yatmaq arasında heç bir fərq olmayacaq”. kimi cümlələr qurmağı da bacarmaq lazımdır. Bu, təkcə neqativlərə deyil, həm də müsbətə diqqət yetirmək üçün yol açır. Ehtiyat tədbirləri görmək həmişə qorxunu azaldır. Buna görə də riskli binada yaşasanız, zəlzələ çantası hazırlamasanız, zəlzələ zamanı necə davranacağınızı düşünməsəniz və s. qorxu və narahatlıq səviyyəniz artacaq.BAKU.WS)

Yenidən zəlzələ olacaq? - Qurban Yetirmişlidən AÇIQLAMA

"Zəlzələdən sonra afterşoklar olacaq. Ancaq ola bilsin ki, hiss olunmasın". Sozcu.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb: "Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı".

“Məktəbdən valideynlərə zəng edirlər ki, uşaqları aparın...”

“Dəlixanadı, Allaha and olsun! Məktəblər valideynləri çağırıb uşaqları göndərib evə, idarə də, nazirlik də açıqlama verir ki, bütün məktəblərdə tədris davam edir, bəzi valideynlər könüllü olaraq götürüblər uşaqlarını. 146, 297, 58, 311, 192 saylı məktəblərdə şagirdlər evə buraxılıb, özü də məktəbdən müəllimlər zəng edib valideynlərə ki, gəlin uşaqları aparın, idarədən təlimat var”.  Sozcu.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Həbibə Abdulla şəxsi Feysbuk hesabında yazıb. Jurnalist iddia edib ki, sonradan qərar dəyişib, ikinci növbədə oxuyanlara deyilib ki, dərsə gəlin.  Həbibə Abdulla təhsilə rəhbərlik edən qurumları qeyri-səmimilikdə suçlayıb: "On minlərlə valideynə bu yalanı demək kimə və nəyə lazımdır axı?!” 

Zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA: “Qaçılmazdır, 2024-cü ildə...”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda güclü zəlzələ baş verib. Təkanlar Bakı ilə yanaşı, bəzi rayonlarda da qeydə alınıb.  Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ Azərbaycan ərazisəndə hiss olunub.  İlkin məlumata görə, zəlzələnin episentri Xəzər dənizində olub və 5,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Zəlzələ insanlar arasında təşvişə səbəb olub, insanlar yaşadıqları binadan çıxıblar.  Zəlzələ yenidən baş verə bilərmi?  Məsələ ilə bağlı Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev 2024-cü il ərzində də belə hiss olunan zəlzələlərin baş verəcəyini söyləyib:  “Hiss olunan zəlzələlər qaçılmazdır. 2024-cü ildə də bu davamlı şəkildə olacaq. Hazırda tektonik blok aktivləşib.  Yanındakı qonşu bloklar da aktivləşəcək. Mərkəzi Xəzər və cənubi Xəzər blokları oyana bilər. Aktivləşmə davamlı surətdə gözləniləcək. Lakin dağıdıcı zəlzələlər gözlənilmir", - Q.Babayev vurğulayıb. 

Ağcabədidə dönərxanada partlayış: xəsarət alanlar var

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı və Abşeronda bu evlər dövlət tərəfindən təmir olunacaq

Azərbaycanın bir sıra ərazilərində salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzillər təmir olunacaq. Sozcu.az xəbər verir ki, təmir işləri ilə əlaqədar sifarişçi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. Belə ki, təmir işləri Bakı şəhəri, Abşeron, Saatlı, Füzuli, Biləsuvar, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzilləri əhatə edəcək.(İqtisadiyyat.az)

Şəhid atası vəfat etdi - FOTO

Bu gün Neftçalada şəhid atası vəfat edib.  Oxu.Az-ın məlumatına görə, şəhid Elşən Xankişiyevin atası Elşad Xankişiyev dünyasını dəyişib.  Qeyd edək ki, şəhid Elşən Xankişiyev 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. E.Xankişiyev 21 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

"Bakıda saxlanılan şəxslərin ölkəmizə qaytarılması üçün isə mümkün olan hər şey edilir”

Artıq əmin oluram ki, bəzi qüvvələr uzun müddət Qarabağ məsələsindən Ermənistanda dövlətin qurulması və formalaşmasına mane olmaq üçün istifadə ediblər. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deputat Seyran Ohanyanın sualına cavab olaraq deyib. Paşinyan Ohanyanın Bakıda saxlanılan erməni terrorçuların (Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan) qaytarılması ilə bağlı müəyyən işlərin görüldüyünü bildirib: “Bizim strategiyamız Ermənistan dövlətçiliyi və suverenliyinin gücləndirilməsidir. Bu yolla davam edəcəyik. Məni narahat edən və maraqlandıran da Ermənistan Respublikasının gələcəyidir. O ki qaldı İrəvanı Qarabağı tək buraxmaqda ittiham edənlərə, onların etdiyini sadəcə bir şəkildə adlandırmaq olar: minnət. Bakıda saxlanılan şəxslərin ölkəmizə qaytarılması üçün isə mümkün olan hər şey edilir”.

Rusiyadan Azərbaycana soyuq hava axını gəlir: Bu qış donacağıq!

Qış fəsli başlamasa da, Rusiyada havalar çox soyuq keçir. Hazırda Moskva son 145 ilin ən dəhşətli qışını yaşayır. Qonşu ölkədə hava şəraitinin bu dərəcədə kəskinləşməsi bizi də narahat edir. Hər kəsin ağlında bir sual var: Şimalda hökm sürən hava şəraitinin bizə hansı təsirləri olacaq? Sozcu.az xəbər verir ki, AMEA-nın Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bununla bağlı “Yeni Sabah”a danışıb: Tanınmış alim məsələ ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib: “Şimal buzlu okeanından həm rütubətli, həm də quru-kontinental hava kütlələri bizim regiona daxil olub. Düşünürəm ki, cənub küləyinin hakim olduğu isti havalardan sonra hava şəraitinin dəyişməsi qeyri-adi hal deyil. Ona görə də havanın soyuması insanları narahat etməməlidir. Bunlar labüddür. Bakı şəhəri iqlim cəhətdən dünyanın ən oynaq şəhəridir. Cənubdan, şimaldan qərbdən, şərqdən gələn bütün hava axınlarının məskəni Bakıdır. Bütün amilləri nəzərə alaraq bildirmək istəyirəm ki, Bakı şəhərində havanın necə olması ilə bağlı öncədən məlumat vermək doğru olmaz. Qədim zamanlarda insanlar göy üzünə baxanda deyirdilər ki, sabah yağış yağacaq, ya da bir neçə gün sonra hava qarlı olacaq. Ancaq indi bu o qədər də real görünmür. Hətta bu il üçün ən sərt qış olacağı ilə bağlı xəbərlər də yayılmağa başlayıb. Mən bu haqda proqnoz verə bilmərəm. Ancaq bu haqda deyilənlərin çoxu yalandır. Rusiyada hakim olan soyuq hava axınlarının Azərbaycana təsiri gözləniləndir. Lakin daha dəqiq məlumatı sinoptiklər araşdırmalardan sonra bildirəcəklər. Çünki həmin axınların bizə hansı sürətlə gəldiyi, ölkə ərazisinə nə vaxt çatacağı hələ bilinmir”.

Maşın almaq istəyənlərə XƏBƏRDARLIQ – Qiymətlər bu tarixdən YÜKSƏLƏCƏK

2024-cü ilin əvvəllərindən etibarən, 2014-cü il istehsalı olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılacaq. Belə ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir. Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Bu, 10 il müddətini əhatə etdiyinə görə növbəti illərdə də qərarın icrası həyata keçiriləcək. Ona görə də biz praktiki olaraq növbəti illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağını müşahidə edəcəyik. Görəsən, köhnə maşınların ölkəyə gətirilməsinə qoyulan qadağa avtomobil bazarına necə təsir edəcək? Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qərar daxildə realizə olunan köhnə avtomobillərin qiymətində bahalaşmaya gətirib çıxaracaq. Onun fikrincə, bu birtərəfli qərardır: “Bu həmin istiqamətdə əvvəlki illərdə qəbul olunan qərarın davamıdır. 10 illik məhdudiyyət hər il yenilənəcək. Qadağa gələn il 2015-ci ildən əvvəlki avtomobillərə tətbiq olunacaq. Bu qəbul olunmuş qərarın implementasiyasıdır. Keçən il bu addımın atılması fonunda bazarda köhnə avtomobillərin qiymətində bahalaşmanı müşahidə etdik. İli köhnə olan avtomobillərin ölkəyə buraxılmaması, öz növbəsində daxildə dövriyyədə olan həmin avtomobillərin qiymətinə təsir göstərir. Çünki ili yeni olan avtomobillər baha qiymətə gətirilir. Əhalinin alıcılıq qabiliyyətini nəzərə alsaq, onların qiymətinin yüksək olması ilə insanların yeni avtomobil almaq imkanları da azalır. Belə olan halda, ölkə daxilindəki köhnə maşınların daha ucuz olduğunu nəzərə alsaq, qadağanın doğurduğu təsirlərdən onların da qiyməti bahalaşır”. “Məqsəd avtomobil parkının yenilənməsidir” Həmsöhbətimizə görə, belə bir qərar verilərkən, bəzi gömrük və aksiz vergiləri də azaldılmalı, proses müəyyən güzəştlərlə paralel aparılmalıdır: “Qərarın verilməsində məqsəd ölkənin avtomobil parkının yenilənməsi, ekoloji standartlara cavab verən maşınların gətirilməsinə stimul yaratmaqdır. Burada müqayisəli məqam yoxdur. Amma bu fonda bəzi gömrük və aksiz vergiləri də azaldılmalıdır”.

Bakıda qızılca panikası: Şagirdlər arasında davamiyyət aşağı düşüb

Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, təhsil müəssisələrində mövsümi xəstəliklərə, viruslara yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qabaqlayıcı tədbirlər intensivləşdirilib. Qeyd olunur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır. Bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib: "Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərin temperaturu ölçülür. Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Xəstəliklə bağlı vəziyyət müvafiq səlahiyyətli qurumlar tərəfindən mütəmadi izlənilir. Yoluxma sayına uyğun olaraq əyani tədris formasının dəyişdirilməsini zərurətə çevirən qərar Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilə bilər. Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslərin 14 gün müddətinə distant formada keçirilməsi ilə bağlı qərar verilib. Anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir".

"Azpetrol" Vətən müharibəsi qazisinin maaşını vermir - Məhkəmə çəkişməsi

"Azpetrol" şirkəti ilə Təhlükəsizlik Xidməti Nəzarət İdarəsinin (TXNİ) keçmiş inspektoru Ruslan Nadirov arasında qalmaqal yaranıb.  Sozcu.az xəbər verir ki, qalmaqalın kökündə Ruslan Nadirovun işdən çıxarılması dayanır.  Bəzi iddialara görə, Ruslan Nadirov işdən çıxarıldıqdan sonra ona faktiki işlədiyi günlərə görə ödənməli olan əmək haqqını ala bilməyib.  Keçmiş inspektor bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib. O, əmək haqqının ödənilməsi tələbi ilə iddia qaldırıb.  Birinci instansiya və apellyasiya məhkəmlərindən bir nəticə hasil olmadığına görə Ruslan Nadirov Ali Məhkəməyə üz tutub. İş hakim Əhliman Xıdırovun icraatındadır. Məhkəmənin vaxtı barədə məlumat yoxdur.  Araşdırmalarımız zamanı məlum olub ki, Ruslan Nadirov Qarabağ veteranıdır. O, II Qarabağ savaşında iştirak edib.  O, ölkə başçısı İlham Əliyevin 25 dekabr 2020-ci il tarxiliu sərəncamı ilə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilb.qaynarnfo)

Ömürlük həbs olunan hərbçimizin anası danışdı

Ermənistanda əsir saxlanılan və bu gün ömürlük azadlıqdan məhrum edilən Azərbaycan əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova danışıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, sonuncu dəfə noyabrın 23-də oğlu ilə telefonla əlaqə saxlayıb, 3 gün sonra isə məktubu və videosu gəlib. "Hamıdan hallalıq istəməyinə görə şübhələndik ki, nə isə var. Bu gün səhər eşitdim ki, oğluma ömürlük həbs cəzası veriblər. İnanmadım. Sonradan sosial şəbəkələrdə də xəbərlər oxudum”, - deyə Ş.Axundova bildirib Hüseyn Axundovun anası hər zaman Azərbaycan dövlətinə arxalandığını bildirib: "Hələ də ümidimiz üzülməyib. Dövlətimizə inanırıq”. Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb. Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib. Bu gün isə Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Hüseyn Axundova ömürlük həbs verildi

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib. Sozcu.az xəbər verir ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.

“Sədərəy”in qarşısında qadını maşın vurub öldürdü

Ötən gün “Sədərək” ticarət mərkəzinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Bakı-Qazax yolunun 10-cu kilometrliyində Kamran Qəhrəmanov “DAF” markalı yük maşını ilə yolu keçən qadını vurub. Hadisə nəticəsində zərərçəkmiş yerindəcə həyatını itirib. Vəfat edən şəxsin kimliyi hələlik məlum deyil. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyirlər

Ermənistanla İran Araz çayı üzərində yeni körpü layihəsi üzərində işləyirlər. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan məlumat verib. O qeyd edib ki, hazırda mütəxəssislər yeni körpünün inşası ilə bağlı texniki-iqtisadi araşdırmalar aparırlar. “Layihələndirmə zamanı hazırda işləyən körpünün parametrləri, xüsusilə onun tutumu nəzərə alınacaq”, - deyə Kristina Qaleçyan əlavə edib.//oxu.az

Elm və Təhsil Nazirliyində yeyintilər AŞKARLANDI

Hesablama Palatası 2023-cü il üçün İş Planı əsasında Elm və Təhsil Nazirliyinin, eləcə də qurumun təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin (İdarə) 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi üzrə auditini aparıb, nöqsanlar aşkar edib. Bu barədə Sozcu.az - -a Palatadan bildirilib. Məlumata görə, auditin əhatə etdiyi dövrdə 666,3 milyon manat dəyərində 494 müqavilə bağlanılıb, həmin müqavilələr üzrə icra məbləği 526 milyon manat təşkil edib. Satınalma müqavilələri əsasında 461,1 milyon manat dəyərində mal, iş və xidmətlər alınıb, hər iki qurumda keçirilmiş satınalmaların əsas hissəsi funksional fəaliyyətlə bağlı funksiyaların yerinə yetirilməsi məqsədini daşıyıb. Auditlə ümumilikdə 411 müqavilə çərçivəsində 468,8 milyon manatı əhatə edilib. Hesablama Palatası eyni mövzu üzrə əvvəlki dövrdə də kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib, iki auditin nəticələrinin müqayisəsi bir sıra istiqamətlərdə müsbət meyillərin olduğunu göstərsə də, cari auditlə hər iki qurum tərəfindən dövlət satınalmalarının müxtəlif mərhələləri üzrə fəaliyyətin təşkilində oxşar və fərqli bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. Əvvəlki dövrdən fərqli olaraq, cari auditin əhatə etdiyi dövrdə dövlət satınalmalarının hüquqi aktların tələbləri ilə müəyyən olunmuş müddətlərdə hazırlanması təmin edilsə də, planlaşdırmanın əsaslı şəkildə təşkil olunmaması səbəbindən bir sıra hallarda plandan kənarlaşmalara yol verilib. Satınalma planlarının tərtibi zamanı bəzi hallarda satın alınacaq malların adı, həcmi, miqdarı və ölçüsü haqqında məlumatlar hər bir mal üzrə ayrı-ayrılıqda göstərilməyib, bəzi hallarda isə faktiki satınalma sayı planlaşdırılmış saya uyğun olmayıb. Əsas şərtlər toplusunda satın alınan mallara dair texniki və ya keyfiyyət göstəriciləri üzrə tələblərin dəqiq və aydın şəkildə əks etdirilməməsi bir sıra hallarda nəzərdə tutulmuş və satın alınmış malların fərqlənməsinə səbəb olmaqla ümumilikdə tenderin şərtlər toplusunda göstərilən xüsusiyyətlərə cavab verməyən malların satın alınmasına şərait yaratmışdır. Bu, eyni zamanda, həmin malların alış və bazar qiymətlərinin uyğunluğunun ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmışdır. İcra edilmiş satınalmaların rüblər üzrə bölgüsü dövlət vəsaitlərinin icrasında ahəngdarlığın təmin edilməsinin tam olaraq gözlənilmədiyini, dövlət ehtiyaclarının ödənilməsi istiqamətində satınalmaların əsas hissənin, o cümlədən bir mənbədən satınalma metodunun tətbiq edildiyi halların 40,1%-nin ilin dördüncü rübünə təsadüf etdiyini göstərir. Ümumilikdə bir sıra fəaliyyətin təkrarlanan və amillərin proqnozlaşdırıla bilinən olması fonunda satınalmaların bir mənbədən keçirilməsi halları davam etmiş, başqa sözlə bəzi istiqamətlərdə əhatənin məlum olması satınalmaların proqnozlaşdırılmasını asanlaşdırsa da, həmin işlərin və xidmətlərin bir mənbədən satınalmalar tətbiq edilməklə alınması metodun əsaslı şəkildə seçilmədiyini vurğulamaq imkanı vermişdir. Bəzi hallarda hüquqi aktlarla müəyyən olunmuş funksiyaların icrasını təmin edən xidmətlərin kənar təşkilatlardan satın alınmasına və ya nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsinə yol verilmiş, satınalmaların, eləcə də müqavilənin qüvvədə olma müddətinin funksional fəaliyyətə uyğun şəkildə planlaşdırılmaması poliqrafiya məhsullarının bir hissəsinin təhsil ilinə uyğun təmin olunmaması ilə nəticələnmişdir. Satın alınacaq malların, işlərin və xidmətlərin xüsusiyyətlərinin tam nəzərə alınmaması fərqli xüsusiyyətlərə malik tələbatlar üzrə bərabər ehtimal qiymətlərinin müəyyənləşdirilməsi ilə nəticələnməklə dəyər və qiymət arasında uyğunluğun təmin olunması imkanlarını məhdudlaşdırmış, bir sıra hallarda isə müvafiq hesablamaların aparılmaması dövlət ehtiyaclarının baha qiymətlərlə ödənilməsinə şərait yaratmışdır. Bir sıra hallarda satınalma metodlarının tətbiq edilməməsi, bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsi, həmçinin əsas şərtlər toplusunun iddiaçıların iştirakını məhdudlaşdıran şərtlərlə tərtib olunması, eləcə də tələb olunan texniki şərtlərə cavab verməyən iddiaçıların qalib elan olunması sahibkarların bu satınalmalarda rəqabətli iştirak payının tam təmin edilməsi imkanlarını da məhdudlaşdırmışdır. Audit prosesində ehtiyacların mövcud resursların real dəyərləndirilməsi aparılmadan qiymətləndirildiyi müəyyən olunmuşdur ki, bu da bir tərəfdən dövlət vəsaitlərinin əlavə istifadəsinə, digər bir tərəfdən isə 2,0 mln. manatdan çox dəyərə malik aktivlərin ildən-ilə istifadəsiz saxlanılmasına şərait yaratmışdır. Yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsinə yol verildiyi, əvvəlki auditdən fərqli olaraq yeməklərin kalori tutarının saxlanılması fonunda dəyişdirilmə zamanı daha baha menyulara üstünlük verildiyi müəyyən olunmuşdur ki, bu da son nəticədə icra prosesində 1(bir) şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olmuşdur. Funksional fəaliyyəti əhatə edən müqavilələr çərçivəsində şərtlərin düzgün formalaşdırılmaması və öhdəliklərin icrasına nəzarətin təmin edilməməsi bəzi hallarda yerinə yetirilməmiş işlər və xidmətlər üzrə 696,8 min manat məbləğində ödənişə şərait yaratmışdır ki, bu artıq vəsait icrası ilə nəticələnməklə yanaşı məqsəd-nəticə uyğunluğunun təmin edilməsi vəziyyətinin ədalətli qiymətləndirilməsinə şərait yaratmamışdır. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı nəzarət mexanizmlərinin tətbiq edilməməsi 92,0 mln. manat məbləğində 11 müqavilənin vaxtında icra olunmaması ilə nəticələnməklə yanaşı, satınalmaların nəticəliliyinin tam təmin edilməməsinə, cərimələrin hesablanmamasına şərait yaratmışdır. Bir sıra hallarda avans ödənişləri ilin sonunda həyata keçirilməklə istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılmaması məqsədini daşımış, əsaslandırıcı sənədlər tələb olunmadan ödənişlər həyata keçirilmişdir. Həyata keçirilmiş funksiyalar əsasında formalaşan maliyyə vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində avans ödənişi ilə bağlı müəyyən edilmiş hədlər gözlənilməmiş, istifadə olunmayan vəsaitlərin büdcəyə qaytarılmasından yayınmaq məqsədilə akkreditiv ödənişlər həyata keçirilmiş, bu isə ödənişlər və görülmüş işlər arasında uyğunluğun ədalətli qiymətləndirilməsinin məhdudlaşdırmasına səbəb olmuşdur. Auditin nəticələri üzrə 2022-ci ilin sonunda akkreditiv hesablara yönəldilmiş vəsaitlərdən nəzarət tədbirinin sonuna qədər 12,9 mln. manat tam məbləğdə bağlanılmış, 4,2 mln. manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilmiş və işlər yerinə yetirilmiş, qəbul olunmuş Kollegiya Qərarında 102,4 min manatın bərpasının təmin edilməsi ilə bağlı bənd əks olunmuşdur.

Sığınacaqda 40-a yaxın uşaq qızılcaya YOLUXDU

Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında yaşayan 40-a yaxın uşaq qızılcaya yoluxub. Bu barədə Sozcu.az-a Birliyin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib. O deyib ki, yoluxanlardan 15-i artıq sağalıb, digərləri müalicə üçün xəstəxanaya yerləşdirilib. "Uşaqlardan 40-a yaxını virusa yoluxub. Onlardan 15-ə yaxını artıq sağalıb. Uşaqlarımız hazırda 1 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında müalicə olunur. Yoluxan uşaqlar qızılcaya görə peyvənd olunmayıb. Baxımsız şəraitdən gəldiklərinə görə peyvəndlərlər bağlı məlumatımız olmur. Çünki sığınacaqda olan uşaqların əksəriyyəti sənədsizdir", - Rüfət Zəkizadə bildirib.

İranla sərhəddə əməliyyat - Tutulanlar var

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi İrandan Azərbaycana 40 kiloqramdan çox narkotik keçirilməsinin qarşısını alıb. Bu barədə Sozcu.az-a DSX-dan məlumat verilib. Bildirilib ki, dekabr ayının 5-də saat 11:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 40 kiloqram 158 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycana qəti şəkildə qarantiya lazımdır - Əliyev

Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun”.

Saakaşvili Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili  Ermənistanın baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib. Sozcu.az xəbər verir ki, bu barədə eks prezident Facebook səhifəsində paylaşım edib. “Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Yaxşı, Kreml rəhbərliyində erməni konyakını sevənlər özlərini necə məhdudlaşdıracaqlar. Amma bu qadağa Paşinyana siqnal olmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır, – deyə Saakaşvili qeyd edib. O, həmçinin Paşinyana Rusiyadan üz döndərməyi və Avropaya tərəf baxmağı məsləhət bilib. “Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol – qaç, daha sürətli qaç, canını qurtar, KTMT-dən, Avrasiya İqtisadi  Birliyindən arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə tərəf get. Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin bulldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün uzaqlaşın. Əminəm ki, hələ də gec deyil. Və tərəddüd etməyi və yırğalanmağı dayandırın. Gecikmə ölüm kimidir!” – deyə Saakaşvili yazıb.