İlham Əliyev Xocalının Dağdağan kəndində oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub. Sozcu.az bildirir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Türkiyədə oğul atasını öldürüb sobada yandırdı - VİDEO

Türkiyənin Çankırı şəhərində dəhşətli qətl hadisəsi baş verib.  BAKU.WS İHA-ya istinadən xəbər verir ki, İsmayıl Dəmirçi adlı şəxs atası Həsən Dəmirçi ilə naməlum səbəbdən mübahisə edib. Mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib. Dava zamanı İsmayıl Dəmirçi atası Həsən Dəmirçini öldürüb. Həsən Dəmirçidən xəbər ala bilməyən yaxınları polisə məlumat veriblər. Atanın yanmış cəsədini polis əməkdaşları sobada tapıblar. Polis atasını qətlə yeriən şəxsi həbs edib.

“Heç vaxt sülh olmayacaq, müharibə yenidən başlayacaq!”

Qarabağdan İrəvana qaçan keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Azərbaycanla sülh sazişi imzalamaq istəyən Ermənistan hakimiyyətinə qarşı çıxıb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Babayan indi sülh bağlansa da, müharibənin yenidən başlanacağını iddia edir. “Ermənistan hökuməti sülh müqaviləsini elə hazırlayır ki, 20-25 ildən sonra nəvələrim müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə gedirlər, lakin bu sülh yox, müharibədir, sadəcə olaraq, onu nəsildən-nəsilə ötürürsən. 100 il əvvəl olmuş hadisələrə görə bu gün də Türkiyə ilə münasibətlər qurmaq istəyənlər satqın adlandırılır. Hazırda diaspor mövcud hakimiyyəti qəbul etmir”, - o iddia edib. Babayan Azərbaycanı dolayısı ilə hədələməyə cəhd göstərib. Bildirib ki, Qarabağda ermənilərə “muxtariyyət” verilməsə, heç vaxt sülh olmayacaq, müharibə yenidən başlanacaq. O, yeni müharibənin 20 il sonra başlayacağını iddia edin. Qeyd edək ki, Babayan Paşinyana yaxınlığı ilə seçilir. Erməni baş nazir ondan separatçıları parçalamaq, ümumiyyətlə, qondarma “artsax” ideyasını nəzarətə götürmək üçün istifadə edir. İstisna deyil ki, Babayanın Paşinyan hökumətini tənqid edən bu çıxışı məhz separatçılar arasında özünü “Qarabağda erməni gələcəyini düşünən” şəxs kimi göstərmək məqsədi daşıyır.

Rusiyanın itkiləri 350 mni ÖTDÜ

Ukrayna müharibənin 666-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 350 270 hərbçi, 5 828 ədəd tank, 10 825 ədəd zirehli döyüş maşını, 8 226 ədəd artilleriya sistemi, 932 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 919 ədəd avtomobil texnikası, 6342 ədəd PUA, 1 613 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 208 xüsusi avadanlıq itirib.

İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu ": Elmi konfransın materialları kitab şəklində cap olunub

Sabah Azərbaycan İlahiyyat İnstitutunda "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" kitabının təqdimat mərasimi keçiriləcək.  Sherg.az xəbər verir ki, tədbir İnstitutun Akt Zalında saat 15:00-da baş tutacaq.  Məlumat üçün bildirək ki, "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" adlı elmi toplu 3 iyul 2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Türk Ocağı İctimai Birliyinin birgə keçirdiyi "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" mövzusunda elmi konfransın materialları əsasında hazırlanıb. Azərbaycan Cümhuriyyətinin iki dəfə baş naziri olan istiqlal fədaisi Nəsib bəy Yusifbəylinin (1881-1920) anadan olmasının 140 illiyinə həsr olunan elmi konfransda müxtəlif ali məktəblərin alimləri və müstəqil araşdırıcıların məruzələri dinlənilib. Kitabda da həmin məruzələr çap olunub. Toplunun elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlıdır. Ön sözün müəllifi isə ilahiyyat üzrə fəlsəfə doktoru, dossent, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovdur. Müəllif ön sözdə vurğulayıb ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Vətəninin taleyüklü məsələlərinin həlli və xalqının mənafeyinin qorunması ilə bağlı çiyinləri üzərinə ciddi məsuliyyət yükü düşən görkəmli dövlət xadimlərimiz arasında Nəsib bəy Yusifbəylinin xüsusi yeri var: "Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri olmuş Nəsib bəy Yusifbəyli vəzifə tutduğu dövrlərdə milli şüurun formalaşması, xalqın maarifləndirilməsi yolunda əvəzsiz xidmətlər göstərib. Oxucuların diqqətinə təqdim olunan toplu görkəmli dövlət və ictimai-siyasi xadimin həyat və fəaliyyətinin tədqiq olunmamış tərəflərini qismən də olsa işıqlandıracaq".  Topluda Türk Ocaqları başqanı, professor Mehmet Özün, İstanbul Türk Ocağı başqanı, professor Cezmi Bayramın Nəsib bəy Yusifbəyli barədə maraqlı çıxışları, tarixçi-alim Firdovsiyyə Əhmədovanın "İstiqlal tarixində yazılan Nəsib bəy ömrü", professor Nəsiman Yaqublunun "Nəsib bəy Yusifbəylinin parlament fəaliyyəti", Yusifbəyli ocağının varisi Rəfat Cuvarlının ""Nəsib bəy Yusifbəylinin həyat yolu", o cümlədən digər tarixçi alimlərin, araşdırmaçıların dəyərli elmi məqalələri əks olunub. Kitabda vurğulanıb ki, Nəsib bəy Yusifbəyli tutduğu bütün vəzifələrdə öz işlərinin öhdəsindən səmiyyətlə, məsuliyyətlə gəlməyə çalışıb və bu uğurda şəhadətə ucalıb.

Paşinyandan Putinə SƏRT CAVAB: “Qırmızı xətti keçdi”

“2020-ci ilin noyabr və dekabr aylarında Rusiya prezidenti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib. N.Paşinyan Putinin iddialarına cavab olaraq Moskva rəsmilərinin müharibədən sonra hər regiona səfərində sərhəddə gərginlik yaşandığını bildirib: “Vladimir Putinin Qarabağdan Rusiyanın deyil, Ermənistanın imtina etdiyinə dair bəyanatı 9 noyabr sənədi ilə ziddiyyət təşkil edir. Bizim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə ayrı, Rusiya ilə ayrı hüquqi bazamız var. 2021-ci ildə sərhəddə gərginlik yaşananda hər ikisinə müraciət etdik, lakin cavab almadıq. O zaman mən istefa verdim, parlament buraxıldı, seçki tarixi müəyyənləşdirildi. Həmin günlərdə Rusiyanın xarici işlər naziri Ermənistana səfər etdi, buradan Bakıya keçdi, daha sonra Moskvaya qayıtdı. Bir neçə gün sonra isə Zod istiqamətində gərginlik yaşandı. Çalışılırdı ki, İrəvan hakimiyyəti qarşıdurmaya fərqli reaksiya versin və təyin edilən seçkilər ləğv olunsun. Lakin bu istəkləri baş tutmadı. Onlar Ermənistan Respublikasının ləğvini istəyirdilər. Həmçinin daha sonra Qarabağda həyata keçirilən hərbi əməliyyatlara da rus sülhməramlıları reaksiya vermədi”. Nikol Paşinyan sonra bildirib: “2022-ci ilin oktyabrında biz Alma-Ata Bəyannaməsinə (1991-ci ildə qəbul edilib-red.) uyğun olaraq Azərbaycanla sülhə hazır olduğumuzu bildirdik. Bu, Ermənistan Respublikasının ərazi bütövlüyünü bir daha təsdiq etməyin yeganə yolu idi. KTMT deyirdi, müşahidəçilər gəlsin, biz qəbul edirdik, sonra rədd cavabı verilirdi. Ermənistan bu təşkilatın üzvüdür. Bizim ərazi bütövlüyümüz KTMT və Rusiya üçün qırmızı xətdir. Deyirik ki, bu xətt pozulub, deyirlər, yox, pozulmayıb. Bu kağız, bu qələm, çəkin o xətti,  görək haradan keçir. Cavab veririk ki, bizim fikrimizlə razı deyilsinizsə, siz çəkin, biz də haradan keçdiyini anlayaq. Deyirlər, yox, biz edə bilmərik. Bu o deməkdir ki, Ermənistanda onların heç bir qırmızı xətti yoxdur”.

Güneyli Nobel mükafatçısı məhkəməyə getməkdən imtina etdi

Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus və Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi bu gün keçirilməsi planlaşdırılan məhkəməyə getməkdən imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə onun adına olan sosial media kanalı məlumat yayıb. "İnqilab Məhkəməsi ölkənin gənclərinin qətliamı barədə qərarlar çıxardığı, məhkəmə hakimləri isə təhlükəsizlik mərkəzlərinin və hakimiyyətin sifarişlərini yerinə yetirdikləri üçün etibarsızdırlar", - məlumatda qeyd olunub. Qeyd edək ki, bu, hüquq müdafiəçisinin həbsxanadakı fəaliyyətləri ilə əlaqədar ona qarşı əlavə cinayət işlərinə görə keçirilən üçüncü məhkəmədir. Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

SEPAH-ın hərbi maşınına hücum edildi: ölənlər var

Sistan və Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında SEPAH-ın hərbi avtomobili yol kənarında quraşdırılan mina ilə partladılıb. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində bir SEPAH üzvü həlak olub, biri isə yaralanıb. Hücumun məsuliyyətini bəlucların “Ənsar ül-Fürqan” silahlı qruplaşması öz üzərinə götürüb.

Şirvanda 10 yaşlı məktəblini maşın vurdu

Şirvanda 10 yaşlı məktəblinin avtomobil vuraraq ağır yaralayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2013-cü il təvəllüdlü məktəbli məktəbdən çıxıb yolu keçərkən avtomobil vurub. Azyaşlı ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

“Onların qarşımıza yeni bir oyunla çıxacağı istisna edilmir...”

Paşinyan Qarabağ separatçılarını Ermənistan dövlətçiliyinin altına qoyulmuş dinamit  hesab edir...” “İlin sonunda tamamilə ortadan qaldırılması nəzərdə tutulan qondarma qurumun “prezident aparatı”, “parlamenti”, “höküməti” və başqa qurumları artıq olmayacaq. Demək,  bu səhifə bağlanacaq. Amma onların yeni bir “oyunla” qarşımıza çıxacağı istisna edilmir” Ermənişünas alim Qafar Çaxmaqlı moderator.az-a açıqlamasında  3 ay öncə Qarabağda gorbagor(!) edilmiş separatçı-terrorçu rejimin İrəvana sığına bilmiş tör-töküntülərinin  hazırkı fəaliyyəti haqda danışarkən belə deyib. Şərhçinin fikirlərindən belə çıxır ki, hansısa beynəlxalq güclər separatçı-terrorçu rejimin Ermənistanda öz fəaliyətini davam etdirməsində maraqlıdır. “2024-cü il yanvarın 1-ə az qalıb. İndi Ermənistanda  Dağlıq Qarabağın separatçı qurumunun sonuncu rəhbəri Samvel Şahramanyanın sentyabrın 28-də separatçı qurumun bütün institutlarının ləğvi ilə bağlı imzaladığı sənəd daha çox müzakirə edilir.  İddia edənlər var ki, Şahramanyan bu sənədi basqı və təzyiq altında imzalayıb, Azərbaycan qarşısında müəyyən “öhdəliyi” olub və ona görə də azadlıqdadır, o biri “liderlər” kimi Bakı həbsxanalarında deyil. Şahramanyan deyilən bu şəxsin imzaladığı sənədlə bağlı  o fikir də səsləndirilir ki, İrəvana gələndən sonra o həmin sənəddən imtina edib, belə bir imza atmadığını deyib  və hətta Qarabağ erməniləri ilə görüşlərinin birində  Qarabağda olan separatçı institutların fəaliyyətini davam etdirdiyini bildirib. Və Azərbaycanın bu bölgəsi ilə bağlı Ermənistanda fəaliyyət göstərən 150  ictimai, siyasi, qeyri- hökümət və digər  təşkilatlarının dekabrın 9-da keçirilən toplantısında Qarabağa geri dönüşün təşkili haqda bəyanatın altına imza atıb”.  Həmin görüşdə qəbul olunan bəyanatda deyilir ki, Qarabağın səhifəsi hələ bağlanmayıb və Ermənistana gələn əhalinin beynəlxalq  haqları qalmaqdadır və onların geri dönüşü üçün təhlükəsizlik mexanizmləri yaradılmalıdır və onlar beynəlxalq güvənlik alaraq yenidən Qarabağa qayıtmalıdırlar”- deyə şərhçi bildirib.  “Ermənilərin guya  Azərbaycanın əhalini zorla  köç etdirməsi barədə fikirlərinin yalan olduğu hər an ortaya çıxır. Hamı bilir ki, onlara heç bir təzyiq edilməmişdir və özləri könüllü şəkildə Ermənistanın yolunu tutmuşlar.  Azərbaycan buna manemi olmalıydı?     Separatçı təşkilatların yarıgizli-yarıaçıq 9 dekabr görüşündən sonra  Ermənistan hakimiyyətin münasibətini  təhlil etsək, bu nəticəyə gələ bilərik ki,   Paşinyan və onun komandası Qarabağ separatçılarının  bu şəkildə  Ermənistanda fəaliyyətini məqbul hesab etmir və bunu Ermənistanın gələcəyinə təhlükə sayır, Ermənistan dövlətçiliyinin altına qoyulmuş iç dinamit  hesab edir”-  Qafar Çaxmaqlı açıqlamasının davamında belə deyib.    Azərbaycan rəhbərinin dəfələrlə vurğuladığı Ermənistanda revanşizmin qalması anlamında  bu, müəyyən əsaslar yaradır və  təşkilatların bir araya gəlib bəyanatlar verməsi Ermənistan – Azərbaycan sülh danışıqlarına mane olur. Paşinyan da əlavə başağrısı istəmir.  Bəziləri Qarabağ separatçılarının təşkilatlarının Ermənistandan çıxarılması və hansısa neytral ölkədə fəaliyyət göstərməsini təklif edirlər. Bütün bunlar göstərir ki, Qarabağ ermənilərinin bu şəkildə Ermənistanda qalması gələcəkdə ciddi və gərgin siyasi situasiya yarada bilər. İlin sonunda tamamilə ortadan qaldırılması nəzərdə tutulan qondarma qurumun “prezident aparatı”, “parlamenti”, “höküməti” və başqa qurumları artıq olmayacaq. Demək,  bu səhifə bağlanacaq. Amma onların yeni bir “oyunla” qarşımıza çıxacağı istisna edilmir”- deyə ermənişünas alim diqqətə çatdırıb.

Müğənnilərə ev bağışlayanlar niyə şəhid ailələrinə bu xeyirxahlığı göstərmir?

“Mən ev və maşınların telekanallarda kimlərə hədiyyə olunduğunu bilmirəm, amma, qoy, olunsun. Çünki elə sənətkarlarımız var ki, onlar sözün əsl mənasında, sənətkardır. Ehtiyacı olanlar ev də vermək olar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib. O, şou-biznes nümayəndələrinin bəzilərinə canlı efir zamanı maşın və mənzil hədiyyə edilməsinə münasibət bildirib. Sosial şəbəkələrdə istifadəçiləri bu kampaniyanın ehtiyacı olan insanlar, daha dəqiq desək, şəhid və qazi ailələri üçün tətbiq edilməli olduğunu bildirirlər. R. Kərimoğlu da eyni fikri bölüşüb: “Əslində, bunlar insanların səviyyə və əxlaq məsələsi ilə bağlıdır. Bəlkə də elə bir şey yoxdur və sadəcə müğənnilər şou yaradırlar. Lakin mən kifayət qədər iş adamı tanıyıram ki, istər birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsinin şəhid və qazi ailələrinə maddi-mənəvi dəstəklərini göstərib. Elə iş adamları var ki, bu qəbildən olan şəxslərə, hətta 10-15 ev də verib”. Onun sözlərinə görə, belə hallar olub, sadəcə olaraq, həmin şəxslər bunu mətbuata təqdim etmək istəməyiblər: “Amma bəzi xəbərlər bu haqda mətbuatda gedib. İndiyə qədər dövlət haradasa 14.500 şəhid ailəsi, müharibə əlili və onlara bərabər tutulan şəxslərə pulsuz ev verib. Lakin onların sayı daha çoxdur, növbədə olanlar var. Eləsi də var ki, hazırda mənzil növbəsinə dura bilmir. Doğrudur, Sosial Müdafiə Nazirliyi ehtiyacı olanlara dəstək olur, amma, məncə, bu, yenə də azdır. Arzu edərdim ki, şou-biznes adamlarına ev verənlər o evlərdən birini də şəhid və qazi ailəsinə versinlər. Nəinki şəhid ailəsi, Qarabağ əlili və qazilər, elə vətəndaşlarımız da var ki, onlar bir tikə çörəyə möhtacdır, evi yoxdur, amma onlara verilmir deyə, ala bilmirlər. Fəxrlə danışdığımız Qarabağ müharibəsinin qəhrəman oğlanlarıdır onlar. Onların dəstəyə ciddi ehtiyacı var. Tövsiyə edərdik ki, bu tədbirləri şou-biznes əhlindən çox şəhid ailələrə, qazilərə və veteranlara yönəltsinlər. O cümlədən də sənətdə tər-tökmüş, əziyyət çəkmiş və can qoymuş sənətçilərimizə də dəstək olsunlar”.

Arif Hacılının oğlu azadlığa buraxıldı

Müsavat başqanı Arif Hacılının həbsdə olan oğlu azadlığa buraxılıb. Bu barədə Arif Hacılı özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, oğlu Orxan Hacılı bu gün azadlığa çıxıb.

Türkiyənin vitse-prezidenti Bakıya GƏLİR

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Sozcu.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.

BMT Baş katibi Azərbaycana GƏLƏCƏK

COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Sozcu.az xəbər verir ki, bunu “Report”a müsahibəsində BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib. Onun sözlərinə görə, bunun BMT üçün də çox böyük əhəmiyyəti var. “Biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsini, əsirlərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi”, - o deyib. Onun sözlərinə görə, Ermənistanın COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəkləməsi gərginliyin azalmasının əlamətidir. “İqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir. Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik. İqlim dəyişikliyi ilə mübarizə Baş katibin həqiqətən ürəkdən davam etdirdiyi mübarizədir və düşünürəm ki, heç bir dünya lideri bu məsələdə onun qədər daha açıq və tutarlı olmayıb. Baş katib bu mübarizəni davam etdirəcək və o növbəti dəfə Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bəli, heç şübhəsiz ki, Baş katib COP29-da Azərbaycanda olacaq və ümid edirəm ki, mən də onunla gedəcəm və Azərbaycanı görəcəm (gülür). Mən bunu səbirsizliklə gözləyirəm.

Əsirlikdən azad olunmuş əsgərlərin problemləri var: “Harasına əl vurursa, ağrıyır”

Dekabrın 7-də Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad tədbiri kimi saxlanılan hərbçilərin azad edilməsi barədə razılıq əldə olundu. Dekabrın 13-də isə Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində hərbi qulluqçuların qarşılıqlı şəkildə dəyişdirilməsi prosesi həyata keçirildi. Nəticədə Azərbaycan Ordusunun Ermənistanda saxlanılan hərbi qulluqçuları - Hüseyn Axundov və Aqşin Bəbirov ölkəmizə təhvil veridli. Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü. Məlum məsələdir ki, hərbçilərimiz əsirlikdə olanda müxtəlif işgəncələr görüb. Bəs indi onların sağlıq durumu necədir? Modern.az saytı bununla əlaqədar hərbçilərimizin valideynləri ilə əlaqə saxlayıb. Hüseyn Axundovun anası Şəlalə Axundova oğlunun sağlıq durumunun yaxşı olduğunu bildirib: "Maşallah hələ ki Hüseynin sağlamlıq vəziyyəti normaldır. Hökumət özü onun müayinə və müalicəsilə maraqlanır. Müayinələr davam edir. Proses tam yekunlaşdıqdan sonra dəqiq nəsə demək mümükün olacaq".  Aqşin Bəbirovun anası Dürdanə Bəbirova isə oğlunun psixoloji durumunun normal olmadığını söyləyib: "Oğlumu dövlət qurumları müalicə edəcək. Göndəriblər ki, get, kompüter tomoqrafiyası çəkdir, sənədini gətir. Aqşinin qabırğaları, ayaqları ağrıyır. Ümumiyyətlə, harasına əl vurursa, ağrıyır. KT-dən sonra dəqiq durumunun nə olduğu bilinəcək. Amma halı normal deyil. Sağlamlığı sıfırdır".

DSX-nin hərbi qulluqçusu vəfat etdi

Dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xəyal Əzim oğlu Həsrətovun səhhəti qəfil pisləşib. Sozcu.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb. Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Azərbaycanda taksi qiymətləri görün NEÇƏYƏ OLDU

Bu gündən "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. Bu barədə "Bolt"taksi şirkətinin sürücüləri məlumat veriblər. Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib. "Bolt" taksi şirkətinin Zülfiqar adlı sürücüsü bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gediş haqqının artırılması daha sərfəlidir. "Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən bildirlib ki, hal-hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir. Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir. (Sputnik)

ABŞ səfirliyi Tofiq Yaqubludan yazdı

“Tofiq Yaqublunun həbsi və saxlanması bizi çox narahat edir”. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında yazıb. “Biz Tofiq Yaqublunu və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olanların hamısını azad etməyə çağırırıq”, - məlumatda deyilir. Qeyd edək ki, dekabrın 14-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb. Dekabrın 15-də isə Nərimanov Rayon Məhkəməsi T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib. 

Əhaliyə üzücü xəbər - Bu evlərə çıxarış VERİLMƏYƏCƏK

Sosial şəbəkələrdə Bakıda daşınmaz əmlak ticarəti ilə məşğul olanların reklam etdikləri fərdi yaşayış evlərinin çoxunu məhz belə adlandırmaq olar. Ekspertlər deyirlər ki, daha çox makler evləri kimi tanınan bu evlərin sənədləşdirilməsi mümkün olmayacaq, çünki belə evlər ərazinin tikinti sıxlığı əmsalı qaydalarına zidd inşa edilir. Bir çox hallarda vətəndaşlar da çox kiçik sahədə evləri inşa edirlər. Sozcu.az xəbər verir ki, bu barədə ATV-yə danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşlar kiçik torpaq sahəsi alıb, onun üzərində fərdi yaşayış evləri inşa edirlər və sonra onun sənədləşmə prosesində problem yaşanır. O problemlər onunla bağlı olur ki, qonşu evlərlə məsafə saxlanılmır və həyətyanı sahəsi olmur. Ekspert deyir ki, tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları Nazirlər Kabinetinin qərarına əsasən təsdiqlənib. Qaydalara görə, tikintinin həcmi və ölçülərinə müəyyən məhdudiyyət qoyulur. Qaydalara əməl etməyən şəxslər sənədləşmədə də çətinlik çəkəcəklər: torpaq sahəsini alsalar da, çıxarış əldə edə bilməyəcəklər. Qaydalara görə, torpaq sahəsinin 40 faizi qədər tikinti altı sahəyə icazə verilir. Tikintinin ümumi sahəsi isə torpağın 60 faizindən çox ola bilməz. Məsələn 2 sot, və ya 200 kv.m torpaqda neçə kv.m ev tikmək olar? “200 kv.m torpaq sahəsində 80 kvadratdan artıq tikinti altı sahə götürə bilmərik. Ümümi sahəsi isə, 200 kv.m torpaq sahəsinin 60 faizi 120 kv.m edir. 2 mərtəbə tikə bilərik və onun mərtəbələrinin də ümumi sahəsi 60 kvadratdan artıq olmamalıdır”, – deyə Nüsrət İbrahimov qaydaları izah edib. Ekspert onu da qeyd edir ki, kiçik torpaqda tikilən həyət evlərini sığortalamaq da imkansızdır, çünki sığorta şirkətləri tikinti normalarına cavab verməyən evləri sığortalamır. Buna səbəb isə tikinti zamanı qonşu evlərlə ara məsafəsinin saxlanılmamasıdır. Onun sözlərinə görə, əgər bir evdə yanğın baş verərsə, digər evlərə də keçə bilər. Bu baxımdan belə evləri sığortalamaq şirkətlər sərfəli deyil.

Azərbaycanla üç prinsip əsasında... - Paşinyan

Biz Azərbaycanla artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalırıq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. "Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir", - Paşinyan qeyd edib.

Ukrayna qoşunları rusların 22 hücumunu dəf etdi

Ukrayna Silahlı Qüvvələri Avdeyev rayonu istiqamətində Rusiya qoşunlarının doqquz, Tonenke, Pervomayski və Nevelski istiqamətlərində isə 13 hücumunu dəf edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Qərargahının məlumatında deyilir. Bildirilib ki, gün ərzində 92 döyüş toqquşması baş verib: “Ukraynanın şərq və cənubunda vəziyyət ağır olaraq qalır”.

Türkiyədə növbəti zəlzələ baş verdi

Türkiyənin Gümüşxanə şəhərinin Kelkit ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin 15,68 km dərinlikdə meydana gəldiyi bildirilib. Bundan əlavə, Ərzincanın mərkəzində də 3,7 maqnitudalı təkanlar qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qafqazda müsəlman qadınlar

Qafqazda müsəlman qadınları cəhalət dənizində boğulmaqdadır. Ümumiyyətlə elm yox, maarifə həvəs yox, millətə xidmət heç yox. İşləri xalça toxumaq, corab hörmək, paltar tikmək, aşbazlıq, qulluqçuluq və yaxud işsiz-gücsüz yaşamaqdır. Evladlarını tərbiyə edə bilməzlər, işləri çığırmaq, bağırmaq, qarğış, söyüşdür. Nizam-intizam nədir bilməzlər, nəzakət nədir onuda bilməzlər, nəzafət(təmizlik) onu heç bilməzlər. Qafqazlı müsəlman qadınların bildikləri qızıl zinətlər, qumaş paltarlardı. Ayaqyalın gəzərlər, rütubətli, qaranlıq yerdə oturarlar. Buna görə xəstə olarlar. Bir çoxları baş ağrısına, bəziləri romatizmə düçar olarlar. Əcayib-qərayib bəlalara rast gəlirlər, qorxunc yaralar çıxarırlar. Gəncikən həyatları boşa gedər. Yeyib-içmək üsulunu bilməzlər, buna görə bənizləri saralmış, qaralmış halda olar, bəd rəng halına düşərlər. Yazıqların məişət və həyatları fəna olduğu halda bunlarına halına baxan yox, çarə axtaran yox. Bunların əhvalına hərkəsdən əvvəl özləri arasında yetişmiş nüfuzlu, məlumatlı, maarifli xanımlar qalmalıdır. Heyhat !... Belələrini tapmaq ikinci müşkül bir məsələdir. Bizdə elə xanımlar yoxda deyil. Rusca bildikləri halda öz dillərində yazmaq, oxumaq dursun, hətta elələri var ki, danışmağı bilməzlər. Adları da bütün əcnəbi adlar kimi. Bunlardan bir neçəsi Bakıdadır: Təbibə Batırşinadır ki, Bakıya gəldikdən sonra müsəlmanlar "Bahadır şahzadə" demişlər. Biri daha vardır ki, həqiqi adı olan Kəbə deyilməyə razı deyilmiş. Ana Tamara demək lazım gəlirmiş. Bir neçəsini də bilirəm ki, müəllimdirlər türkçə bilmirlər, müslimədir müsəlmanca bilmirlər. Bilmək də istəməzlər.   Öz aralarında söhbət edərkən rusca danışırlar. Türkçəyə rəğbət etmək istəmirlər, istəsə idilər bilərdilər, öyrənərdilər. Məramın əlindən bir şey qurtulmaq... İnsan hər istədiyinə nail ola bilər. "İstəyirəm, amma vaxtım yoxdur" boş sözlərdi. Hərgah bizim ziyalı, maarifli xanımlarımız bizim əhvalımıza yansa idilər, əvvəlcə öz ana dillərini öyrənməyə, oxuyub-yazmağa səy göstərərdilər. Ondan sonra bütün növ yaxşılıqları görə bilərdik. Yoxsa bu hal üzrə həm analar, həmdə bizlər davam edərsək qorxuram sonumuz fənadır. İşlər belə gedərsə bir tərəfdən millətimizin mədəni və maarifli olmasına bizim cahil, qafil, tərbiyəsiz bacılarımız maniyə olacaqlar, digər tərəfdən də maarifli xanımlarımız bu gün ki, halətləri, məişətləri, millət və şəriətə etinatsızlıqları, uzaqdan baxan atalarıda qız evladlarını məktəblərə verməməyə, tərbiyəli və maarifli analar yetişdirməməyə vadar edəcəkdir. O zaman vay halımıza... Aləmi Nisvan jurnalı 1906, Say 4, səh: 49-50 Təqdim etdi: Ceyhun Nəbi

Müsavat başqanı ATƏT müşahidə missiyasının nümayəndələri ilə görüşdü

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ATƏT-in DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) müşahidə missiyasının nümayəndələri doktor Martina Barker Tsiqanikova və Qoran Petrov ilə görüşüb. Görüşdə Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində ölkədəki durum müzakirə edilib. Arif Hacılı Müsavat Partiyasının seçkilərdə iştirakdan imtinasının səbəbləri barədə məlumat verib. Qeyd edək ki, Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığınını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.