"Bizim bu müharibədə qalib gəlmək barədə vahid mövqeyimiz var..."

Biz daha ağıllı, daha kreativ olmalı, düşmənlərimizə fürsət verməməliyik..." Zelenski Zalujnını işdən çıxaracaqmı? Son zamanlar Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı arasında ixtilafların yaranması və bununla bağlı onun işdən azad ediləcəyi barədə söz-söhbətlər üzə çıxıb. Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri yazıb. Məlumatda deyilir ki, Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bu məsələyə aydınlıq gətirib. O, jurnalist Natalya Moseyçuka müsahibəsində deyib: "Mən bu barədə eşitməmişəm, belə məlumata malik deyiləm". Yermak həmçinin Zelenski ilə Zalujnı arasında qarşılıqlı münasibətlərdə birliyin olması barədə sualı da cavablandırıb. "Başqa cür necə ola bilər ki? Bizim bu müharibədə qalib gəlmək barədə vahid mövqeyimiz var. Bu gün daimi dialoq gedir, həftənin bütün sutkaları ərzində daimi iş gedir. Biz daha da ağıllı, daha da kreativ olmalı, düşmənlərimizə fürsət verməməliyik", - Ofis rəhbəri deyib. Nədən Zelenski-Zalujnı münasibətləri diqqət mərkəzindədir? "The Economist" nəşrində   Ukraynanın Rusiya ilə müharibəsinin mövqe savaşına çevrilməsi barədə Valeri Zalujnının məqaləsi işıq üzü görəndən sonra USQ Baş Komandanı ilə Vladimir Zelenski arasında parçalanma barədə şayiələr dolaşmağa başlayıb. Noyabrın 7-də "Avropa həmrəyliyi" fraksiyasından xalq deputatı Vladimir Aryev yazıb ki, müdafiə naziri Rüstəm Ömərov, guya, "Ali Baş Komandanın Stavkasına Zalujnının işdən azad edilməsi barədə" təqdimat yazıb. Bu məlumat rusiyalı təbliğatçılar tərəfindən yayılmağa başlayıb. Sonradan deputat məlumatı ləğv edib, çünki "bir çox başqa mənbələr" bu məlumatı təkzib edib. Daha sonra Ömərovun özü bunun dezimformasiya olduğunu bəyan edib.

Rusiya bir ay ərzində 10 minə yaxın itki verdi

Donetsk vilayətinin Avdeyevka bölgəsində bir ay ərzində rus işğalçıları on minə yaxın əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib. Zalujnın sözlərinə görə, bu müddət ərzində Ukrayna əsgərləri Rusiyanın 100-dən çox tankını, 250 digər zirehli texnikasını, 50-yə yaxın artilleriya sistemini və 7 Su-25 təyyarəsini məhv edib.

“Bakı razılaşmaları təsdiqləsə, sülh sazişi 70 faiz razılaşdırılmış sayıla bilər” – Paşinyan

“Azərbaycan əvvəllər əldə edilmiş razılaşmaları təsdiqləsə, Ermənistanla Azərbaycan arasında sülh sazişi 70% razılaşdırılmış sayıla bilər”. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda çıxışı zamanı deyib. “İndi çoxları Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması şanslarının nə olduğunu qiymətləndirməyə çalışır. Mübaliğə olmaz ki, Azərbaycan artıq razılaşdırılmış şeyləri təsdiqləsə, işin 70%-ini artıq görülmüş saymaq olar”, - Paşinyan bildirib. Paşinyan izah edib ki, burada söhbət, ilk növbədə, Ermənistanın ərazi bütövlüyünün təsdiqindən gedir.

Paşinyan ordunu döyüşə hazırlayır: Hədəf Rusiyadır, yoxsa Azərbaycan?

Ermənistan və Hindistan ZADS antidron sisteminin alınması üçün müqavilə bağlayıb. Müqavilənin məbləği 41,5 milyon dollar qiymətləndirilir. “Zen Technologies” nəinki sistemləri Ermənistana ötürəcək, həm də operatorlara onlarla işləməyi öyrədəcək. Qeyd olunur ki, hazırda sistemdən istifadə imkanları Hindistanın quru qoşunları tərəfindən öyrənilir. Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, görünür Ermənistan surətli şəkildə silahlanır və bu ilk belə hal deyil: “Ermənistan bundan öncə də Fransadan qısamənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almışdı. Məhz indi Ermənistanın dron əleyhinə sistemlər alması ondan xəbər verir ki, İrəvan müharibəyə hazırlaşır. Ermənistanın aldığı son silah və qurğular həm də onu deməyə əsas verir ki, rəsmi İrəvan hava məkanını qorumağa çalışır. Məsələ ondadır ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu açıq-aşkar hava üstünlüyünə malik idi. Görünür, Ermənistan bu üstünlüyü bərabərləşdirmək istəyir. Amma onu da demək lazımdır ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ritorikasında son zamanlar Azərbaycana qarşı ərazi iddiaları səslənmir. Bu baxımdan demək olar ki, Ermənistan həm də Rusiyaya qarşı silahlanır. Yəni Kremlin ehtimal Ermənistana müdaxiləsi zamanı ordu hazır olmalıdır. Paşinyan açıq şəkildə rus ordusunun Ermənistanı tərk etməsini tələb edir. Hətta bu yaxınlarda dedi ki, Ermənistan sərhədlərini rus ordusu qoruya bilməz. Bu baxımdan mümkündür ki, bu hazırlıqlar Rusiyaya qarşı görülür”.

"Brüsseldə son nöqtəni qoymağa hazırıq" - Qriqoryan

“ Ermənistan Brüsseldə keçiriləcək üçtərəfli görüşə və sülhə hazırdır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında görüş mümkün olacaq”. Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Sülh müqaviləsi üçün mandat almışıq. Sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında sərhədin dəqiqləşdirilməsi, ərazi bütövlüyünün açıq şəkildə təsdiqlənməsi və nəqliyyat xətlərinin blokadadan çıxarılmasını da ehtiva edən dörd prinsip əsasında həyata keçirilməsini istəyirik. Bunlar bizim danışıqları yekunlaşdırmağa, eləcə də mövcud olan bütün humanitar problemləri həll etməyə hazır olduğumuz mühüm prinsiplərdir. Ermənistan bu gündəmlə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə gəlib sülh müqaviləsini imzalamağa hazırdır”, – o bildirib. News24.az

Bu ölkələrdə ət Azərbaycandan 2 dəfə ucuzdur: “Bizdə monopoliyadır”

“Bazara müdaxilə etmək doğru deyil. Əksinə, hökumət çalışmalıdır ki, ölkədə ərzaq bolluğu yaransın, daha ucuz məhsul istehsal olunsun və digər qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda ətin qiyməti əhali üçün əlçatan və münasib olsun”. Bu sözləri Yenisabah.az-ala söhbətində kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. O, ətin qiymətinin 1-2 AZN aşağı salınması bağlı yayılan xəbərlərdən sonra paytaxtın ət bazarlarındakı hazırkı vəziyyəti şərh edib. Xatırladaq ki, hazırda qiymət azalması deyiləndən daha azdır və bir çox ət dükanlarında ətin kilosu 14 manata müştərilərə təklif olunur. Bildirək ki, əvvəllər bu qiymət 14 manat 50 qəpik civarında qərarlaşmışdı. Öz növbəsində, V. Məhərrəmov qeyd edib ki, aparılan araşdırmalar onu göstərir ki, əksər ölkələr illik adambaşına beynəlxalq normaya uyğun ət istehsal edir: “Ona görə də bu ölkələrdə ətin qiyməti Azərbaycanla müqayisədə 2 dəfə ucuzdur. Məsələn, Rusiya, Qazaxıstan və digər ölkələri buna misal göstərmək olar. Hətta Gürcüstanda belə ətin qiyməti Azərbaycana nisbətən xeyli aşağıdır. Əsas odur ki, ölkədə normaya uyğun məhsul istehsal olunsun. Belə olan zaman qiymətlər uyğun olacaq”. “O ki qaldı hansısa ticarət obyektlərində ətin qiymətinin 50 qəpik-1 manat düşməsinə, bu, normal haldır. Çünki hər bir ticarət obyektinin özünün xərcləri var. İkincisi isə ümumiyyətlə, bazar iqtisadiyyatında yuxarıdan göstəriş verib qiymətləri inzibati qaydada aşağı salmaq düzgün deyil. Burada hökumətin işi ondan ibarət olmalıdır ki, o, monopoliyanı aradan götürsün. Əgər istehsalı lazımi səviyyəyə qaldıra, o cümlədən normaya uyğun olaraq ölkə əhalisinin ətlə təminatını təşkil edə bilmiriksə, deməli, bazardan monopoliya götürülməlidir. Monopoliya ümumiyyətlə, aradan qaldırılmalıdır”, – mütəxəssis əlavə edib. Ekspert nümunə olaraq onu da vurğulayıb ki, azərbaycanlılar il ərzində 40 kiloqram ət istehlak edir:  “Bizdə idxalda monopoliya mövcuddur, indi də kəsimi ələ alıblar. Əgər əvvəllər hər bir qəssab kəsimi özü həyata keçirirdisə, indi bu, mərkəzləşib. Hətta rayonlarda da bu tendensiya özünü büruzə verir. Bu da ətin hər kiloqramına təxminən 1 manat əlavə edir”. “Hökumət bu kimi süni baryerlər yaratmaq özü qiymət artımında bir vasitəçiyə çevrilib. İndi isə qiymətin aşağı salınması ilə bağlı elan edirlər. Yaxşı, bəs aşağı nə qədər salınmalıdır? Bu barədə hökumət bir qiymət deyə bilmir. Məsələn, 1 manat, yaxud manat yarım aşağı salınsın – bu, yoxdur. Ola bilər ki, hökumət kimlərəsə tapşırıq verir ki, bu şəxslər də qəssablara və ət satışı ilə bağlı sahibkarla tapşırıq versin ki, qiymətlər düşsün. Amma hər sahibkar bu məsələdə öz xərcinə uyğun yanaşır və qiyməti ona uyğun elan edir”, – müsahibimiz fikirlərini tamamlayıb.

DƏHŞƏT: Qəzzada ölənlərin 4506-ı uşaq, 3027-i isə qadındır

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında İsrailin aviazərbələri nəticəsində ölənlərin ümumi sayı 11 078 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Qurbanlar arasında 4506-ı uşaq, 3027-i isə qadındır.

Astarada tibb bacısı evində qətlə yetirildi

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Bəstəkar, əməkdar incəsənət xadimi, Nəsib bəy Yusifbəylinin xalası nəvəsi Mobil Babayev vəfat edib

M.Babayev 1945-ci il dekabrın 23-də Gəncə şəhərində anadan olub. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olub, təqribən, 5-6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlayıb. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olub və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olub. 1972-ci ildə Konservatoriyadan məzun olub və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səsləndirib. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. Azərbaycan bəstəkarları arasında Mobil Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada orkestri üçün konsert janrıdır. Bəstəkar həmçinin 100-ə yaxın film, o cümlədən bədii-sənədli, elmi-kütləvi və animasiya filmləri üçün də musiqi yazıb. Ruhu şad olsun ! Sözcü.az

Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov

Qərb mediası bildirir ki, guya tərəfdaşlar Rusiya ilə sülh danışıqlarının başlaması üçün Ukraynaya təzyiqlər edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. Danilov bildirib ki, sülh danışıqları müharibənin yeni mərhələsi üçün qüvvə toplamaq məqsədilə ilk növbədə Rusiyaya lazımdır: "Rusiya həqiqətən də güc toplamaq və müharibənin növbəti mərhələsinə keçmək üçün ölkəsinin xeyrinə sülh sazişləri imzalamaq istəyir".

İsrail HƏMAS-a yox, bütün Fələstinə qarşı savaşır - Ştaye

İsrail hazırda təkcə HƏMAS hərəkatı yox, bütün Fələstin xalqına qarşı müharibə aparır. Sozcu.az xəbər verir ki, bu sözləri Fələstin Baş naziri Məhəmməd Ştaye deyib. “Heç birimiz bu və ya digər tərəfdən dinc əhalinin öldürülməsini dəstəkləmirik. Halbuki İsrailin indi etdiyi HƏMAS-a qarşı yox, bütün Fələstin xalqına qarşı müharibədir”, - Ştaye bildirib. Ştayenin sözlərinə görə, İordan çayının qərb sahilində bu il azı 350, oktyabrın 7-dən isə 147 nəfər ölüb: “Üstəlik, israilli nazirlərdən biri məskunlaşanlara silah paylanması əmrini verib. Bu, fələstinlilərin öldürülməsinə icazə verilməsi deyilsə, bəs nədir? İndi bizim həqiqətən ehtiyacımız olan şey müharibənin dayandırılmasıdır. Çünki humanitar yardımın ehtiyacı olanlara çatdırılması üçün bu lazımdır”.

Rusiyanın itkiləri 310 minə yaxınlaşır

Ukrayna müharibənin 625-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 309 520 hərbçi, 5317 ədəd tank, 10017 ədəd zirehli döyüş maşını, 7489 ədəd artilleriya sistemi, 877 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 578 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9876 ədəd avtomobil texnikası, 5595 ədəd PUA, 1558 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1060 xüsusi avadanlıq itirib.

Bakı metrosunda ölüm

Bu gün səhər Bakı Metropoliteni QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 6:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib. Qurumdan Sozcu.az-a verilən məlumata görə, dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.

“Tiktok Azərbaycanda bağlanmalı, onlar cəzalandırımalıdır”

“Biz hazırda sosial şəbəkələrin köləsinə çevrilmişik”. Bu sözləri “Yeni Sabah”a tanınmış aparıcı Yusif Ağayev bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yalnız qalmaqallı paylaşımlar gündəmə çevrilir: “Mən bütün dünya ölkələrini gəzmiş adamam. Həmin səyahətlərdən çoxlu fotoşəkillərimi sosial şəbəkə hesablarımda paylaşmışam. Ancaq bu paylaşımlar heç kəsin diqqətini cəlb etmir. Qalmaqallı məlumat paylaşsam, əksinə, çoxlu izlənmə və bəyənmə gələr. İnsanlar da bunu istəyir. Bu hal isə onu sübut edir ki, biz artıq sosial şəbəkələrin köləsinə çevrilmişik. Dünyanın istənilən yerində reallıq bundan ibarətdir. Paylaşımları yalnız bəyənmə, şərh, izləyici xətrinə edirlər. Artıq sosial şəbəkələr cəmiyyətə hökm edir”. Tanınmış aparıcı qətiyyətli şəkildə qeyd edib ki, Tiktok sosial platformasının ölkəmizdəki fəaliyyətinə son verilməlidir: “Birmənalı şəkildə bildirirəm ki, Tiktok Azərbaycanda bağlanmalıdır. Biz bu platformada nələr-nələr görürük? Burada nələr yoxdur? Bu sosial şəbəkəyə ciddi nəzarət lazımdır. Sərgilənən bəzi davranışlar cəzalandırılmalıdır. Tiktoka əncam çəkilməlidir. Orada nümayiş edilənlər bizim cəmiyyətimizi təbliğ edir. Bu o deməkdir ki, biz ancaq bundan ibarətik? Axı bizim millətimizin o qədər gözəl xüsusiyyətləri, paylaşılıb-göstərilməli adət-ənənələrimiz, təbliğ olunmalı davranışlarımız çoxdur”.

Mustafa Kamal Atatürkün vəfatından 85 İL ÖTDÜ

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür. Sozcu.az xəbər verir ki, 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”lardan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub. 1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub. 1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib. Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtkabirə köçürülüb.

Şuşadakı dəhşətli qəzada ölənlərin sayı 6 nəfərə çatdı

Şuşanın Daşaltı kəndində ağır yol qəzasında xəsarət alan sürücü də ölüb. Sozcu.az-ın report-a istinadən məlumatına görə, qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad rayonunun Əlilləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb. Belə ki, Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil axşam saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

İrəvandan Kremlə cavab: Bu, heç bir sənəddə yoxdur!

Ermənistan hökuməti bu yaxınlarda “Dünyanın kəsişməsi” layihəsini elan edib. Onun əsasında regional kommunikasiyaların açılacağı təqdirdə Ermənistanın öz ərazisində dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməsi dayanır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatı ilə bağlı şərhində deyilir. “Bundan əlavə, bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi şöbə yaradılıb, onun vəzifəsi regional kommunikasiyaların açılacağı təqdirdə bu rabitələrin, eləcə də malların, yüklərin, nəqliyyat vasitələri və onların vasitəsilə daşınan insanların təhlükəsizliyini təmin etməkdir. Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti bərqərar oluna bilməz”, - bəyanatda bildirilib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü açıqlamasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin həyata keçirməsinin qəbul edildiyini bildirib. Zaxarova bu sözlərində 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə əsaslanıb.

Ağsuda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub. Sozcu.az xəbər verir ki, bunlar Ağsu sakinləri – VAZ-2107-nin sürücüsü, 32 yaşlı Abdıyev Malik Səlim oğlu, hər iki avtomobilin (digər avtomobil "Mercedes"dir - red) sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyev Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır. Fakt araşdırılır. 18:48 Ağsu rayonunun Qaraqoyunlu kəndində ağır yol qəzası olub. Sozcu.az-ın məlumatına görə, VAZ-2107 və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir. Ağsu rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədir. Fakt araşdırılır.(report)

"Müharibə Rusiya qoşunlarının Ukraynanın ərazilərindən çıxarılması ilə bitməlidir"

"İstənilən ərazi güzəşti nəticəsində bir çox ölkələrin ərazi bütövlüyü dərhal təhlükə altına düşəcək, çünki "Rusiyanın uğuru" təcavüzkarın gözləri önündə canlanacaq..." Zelenski Rusiya ilə danışıqların başlaması üçün yeganə şərtini açıqlayıb Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Ukrayna istənilən ölkənin sülh təşəbbüslərinə açıqdır, amma bu təşəbbüslər Rusiya qoşunlarının Ukraynanın suveren ərazilərindən tamamilə çıxarılmasına əsaslanmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə o, Reuters NEXT konfransında bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb. O, bəyan edib ki, Ukrayna təcavüzün qurbanı kimi nədən hansısa güzəştlərə getməli olduğunu anlamır. O, əmindir ki, istənilən ərazi güzəşti o demək olacaq ki, bir çox başqa ölkələrin ərazi bütövlüyü dərhal təhlükə altına düşəcək, çünki "Rusiyanın uğuru" təcavüzkarların gözləri qarşısında canlanacaq. Zelenski iddia edir ki, müharibə Rusiya qoşunlarının Ukraynanın bütün ərazilərindən çıxarılması ilə bitməlidir. "Rusiya əsgərləri öz torpaqlarına çəkilməlidir. Bu, müharibənin dayanması nöqtəsi olacaq və onu bitirmək üçün diplomatik platformanın yaradılması başlanacaq", - prezident deyib.. Onun sözlərinə görə, ən başlıcası "rusiyalıların getməli olduğudur". Zelenski deyib ki, o, Çin, Afrika liderləri və başqaları ilə vasitəçilik barədə danışıqlar aparıb. "Biz Rusiyadan başqa, istənilən səsləri, o cümlədən Braziliya, ABŞ, Çin, Afrikanən səsini dinləməyə hazırıq. Biz onları öz sülh düsturumuza cəlb edirik. Buzim 10 bəndimiz qüvvədə qalmaq şərtilə onlar da təkliflər verə bilər. Lakin bütün bunlar həmin başlıca ideyaya əsaslanmalıdır", - o, əlavə edib. Rusiya ilə danışıqların detalları Bundan öncə xəbər verilib ki, ABŞ və Avropa İttifaqı nümayəndələri Ukrayna ilə sülh danışıqlarının aparılmasının mümkünlüyünü müzakirə etməyə başlayıb. Qeyd edilib ki, sülh danışıqları haqqında aktiv və təcili diskusiyaların başlanmasınadək Ukraynanın, ehtimal ki, ilin sonuna və ya bir qədər çox zamanı olacaq. ABŞ Dövlət Departamenti bəyan edib ki, Rusiya ilə istənilən sülh danışıqları üzrə Ukrayna ilə danışıqların aparılması barədə məlumatı yoxdur və istənilən danışıqların Ukraynanın işi olduğu vurğulanıb.

Azərbaycanla Naxçıvanı birləşdirən yola Rusiya nəzarət etməlidir! - Zaxarova

İrəvanın təşəbbüsləri bir çox cəhətdən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində müzakirə edilmiş layihələrlə uzlaşır.  Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib. Onun sözlərinə görə, üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğuldur: “Biz qəti inanırıq ki, bu proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır, stabilləşməyə və tranzitin açıqlanmasına töhfə verir və bütün Cənubi Qafqazın logistik potensialını gücləndiri.  Üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan bir neçə ay sonra məhz bu işçi qrupunu yaratmaq qərarına gəliblər. Artıq bu qrupun 12 iclası keçirilib, çox böyük işlər görülüb və biz bütün tərəflər üçün faydalı olan paket həllinə çox yaxınlaşa bilmişik. Təəssüf ki, hələ də bu məsələlərə son qoymaq mümkün olmayıb. Bəli, bəzi insanların bunu etmək üçün siyasi iradəsi yoxdur və bu, biz deyilik. Biz regional kommunikasiyaların açılması proseslərinə lazımi yardımı göstərməyə davam etməyə hazırıq”.  Ermənistan Milli Təhlükəsizlik Xidmətində regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən bölmənin yaradılmasına münasibət bildirən Zaxarova qeyd edib:   “Diqqəti cəlb etmək istərdim ki, qeyd olunan üçtərəfli qaydada Sazişlərə əsasən, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiyanın FTX-nin sərhəd xidməti orqanları həyata keçirməlidir”. O, həmçinin izah edib ki, Rusiya həm də Ermənistanın blokadasını açmaq vəzifəsini, o cümlədən İrəvan və Ankara arasında dialoqun yenidən başlamasına töhfə verərkən, onu rəhbər tutur. Zaxarova xatırladıb ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə ilk görüşü 2021-ci il yanvarın 14-də Moskvada baş tutub.  "Rusiya həmçinin ölkələr arasında qarşılıqlı fəaliyyət üçün daha bir yaxşı platforma olan "3+3”ü məsləhətçi regional platforma hesab edir. Platformanın 2024-cü ildə Türkiyədə keçiriləcək növbəti iclasında nəqliyyat mövzuları da nəzərdən keçiriləcək. Bu format çərçivəsində mən əminəm ki, İrəvanın konstruktiv təklifi tələb olunacaq”, - deyə Zaxarova yekunlaşdırıb. 

Müsavat rəhbərliyi Avropaya getdi: Mühüm tədbir var

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı və MSDM- in rəhbəri İsa Qəmbər Varşava və Brüsseldə keçiriləcək Beynəlxalq tədbirlərdə iştirak etmək üçün Avropaya səfər ediblər  Sozcu.az- ın xəbərinə görə, bu səfər haqqında məlumatı Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı özünün Feysbuk səhifəsində paylaşıb. 

Rəsmi Brüssel: İsrailə qarşı sanksiyaların vaxtıdır

Belçika baş nazirinin müavini hökuməti Qəzzada mülki hədəflərə edilən hücumları araşdırmağa və İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə Reuters məlumat yayıb. Baş nazirin müavini Petra De Sutter deyib: "İsrailə qarşı sanksiyaların vaxtı çatıb. Bomba yağışı qeyri-insani hərəkətdir. İsrailin atəşkəslə bağlı beynəlxalq tələblərə əhəmiyyət vermədiyi aydındır". De Sutter deyib ki, Avropa İttifaqı İsraillə iki tərəf arasında iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək üçün bağlanmış assosiasiya sazişini dərhal dayandırmalıdır. De Sutter həmçinin İsrailə qarşı iki yeni məhdudiyyət təklif edib. Birinci məhdudiyyət işğal olunmuş Fələstin ərazilərindən məhsulların idxalına qadağa qoyulmasıdır. İkincisi, silahlıların, siyasətçilərin və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan əsgərlərin Aİ-yə daxil olmasını qadağan etməkdir.

“Hərbiçilərin xeyli hissəsi kreditə girib” – Maaş artımı nəyi dəyişəcək?

2024-cü il yanvarın 1-dən Azərbaycan Müdafiə Nazirliyinin, daxili qoşunların, sərhəd xidmətinin, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşları 20 faiz artırılır. Bununla bağlı noyabrın 7-də prezident İlham Əliyev fərman imzalayıb. Həmin tarixdə başqa fərmanla Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq xidmət çəkən hərbi qulluqçularının isə maaşları 2.1 dəfə artırılıb. Amma Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinə dair rəyindən belə çıxır ki, müharibə veteranlarının müavinətləri artmayacaq. Hazırda müavinətin məbləği 80 manat təşkil edir. Bu ilin əvvəlində ölkədə bir sıra sahələr üzrə müavinətlər artsa da, onda veteranlar diqqətdən kənarda qalmışdı. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Turan-a bildirib ki, gələn il büdcəsinin əsas istiqamətləri məhz təhlükəsizlik, Qarabağ və sosial məsələlərdir: "Ona görə də orduda məvaciblərin artması çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Kifayət edib-etmir məsələsi isə bir az nisbidir. Bəzi adamlar var ki, 1 milyon versən də, deyəcək azdır". Komitə üzvünün fikrincə, artımlar davam edəcək: "2024-cü ilin büdcəsində də müəyyən artımlar nəzərdə tutulub". Veteranlara verilən müavinətə gəlincə, Nağıyev qeyd edib ki, həmin 80 manat, əsasən, veteranların kommunal xərcləri üçün nəzərdə tutulub: "Milli Məclisin komitə iclasında da belə bir təklif olundu ki, kommunal xərclər artdıqca, bu 80 manat da indeksasiya edilsin". Rəsmi qurumlar bildirirlər ki, həmin 80 manat müavinət olduğundan onların hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı gündəmə gətirilməsi düzgün deyil. Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, maaşlarda son artım da yetərincə deyil: "Çünki bizim hərbi qulluqçularımızın xeyli hissəsi bu gün də kreditə girmiş şəxslərdir və bundan xeyli əziyyət çəkirlər". Ekspertin təxmininə görə, artım 20-40 faiz arası gözlənilirdi, amma 20 faiz artırıldı: "Görək bunu da bir neçə il əvvəlki kimi etməyəcəklər ki? Yəni, artım hərbçilərin bütöv aldıqları maaşa, yoxsa vəzifə maaşına tətbiq olunacaq? (fərmanlarda söhbət vəzifə maaşından gedir) Hər halda bu, orduya bir diqqət, qayğıdır, amma daha çox olsa, yaxşı olar". Ü.Cəfərov deyir ki, ehtiyatda və istefada olan hərbçilərə bu artımlar şamil olunmayacaq: "Ona görə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özbaşına "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunu dəyişdirdi, biz olduq mülki şəxslər və əmək pensiyası alırıq". Onun sözlərinə görə, veteranların aldığı 80 manat müavinətin məbləğinin gələn il artması gözlənilir: "Hər halda təklif verilib, nə qərar veriləcək - yaxın günlərdə biləcəyik".

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda 4,8 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 8,28 km dərinliyində meydana gəlib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.