Təhdid dili ilə danışmaq qəbuledilməzdir - XİN-dən Borelə CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə cavab verib. Sozcu.az-ın məlumatına görə, XİN-in Borrellin Azərbaycan əleyhinə əsassız ittihamları ilə bağlı şərhində deyilir ki, 13 noyabr 2023-cü il tarixində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir. Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib. Bununla yanaşı, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir. Bir daha xatırladırıq ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib. Aİ üzv ölkələri aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir. Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır.

Nəcməddin Sadıkovun yaxın adamının həbs müddəti uzadıldı

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin 42 milyon manatdan çox zərərvurma faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq davam edir. İş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib. Səbail Rayon Məhkəməsində keçirilən iclasda DTX-nin müstəntiqi tərəfindən verilmiş vəsatət əsaslı hesab edilib. Qərara əsasən Z.Niftəliyevin həbsdə saxlama müddəti 35 gün uzadılıb. Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. İttihama görə, Zahid Gülsəfa oğlu Niftəliyev kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaradıb, təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim edib, 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Xatırladaq ki, Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.(Qafqazinfo) 

Rus əsgərləri mövqelərini atıb qaçırlar

Rusiyanın Bryansk vilayətinin Suzemski rayonunun Kommuna kəndi yaxınlığında avtomat tüfənglə təchiz edilmiş 6 Tuva əsgəri öz mövqelərindən qaçıblar. Sozcu.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 13-də günorta saatlarında baş verib. Bir neçə saat sonra tapılan əsgərlərin taleyi məlum deyil.

Rusiyanın itkiləri 313 MİNİ ötdü

Ukrayna müharibənin 629-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 313 470 hərbçi, 5362 ədəd tank, 10086 ədəd zirehli döyüş maşını, 7589 ədəd artilleriya sistemi, 882 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 580 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9973 ədəd avtomobil texnikası, 5649 ədəd PUA, 1561 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1081 xüsusi avadanlıq itirib.

İrəvan təsdiqlədi: Nikol bu iclasa getməyəcək

Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitinə getməyəcək. Sozcu.az xəbər verir ki, Paşinyan bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib. “Paşinyan görüşdə iştirak edə bilməyəcəyini deyib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib”, - baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib.

“HƏMAS Qəzzaya nəzarəti itirib” - İsrailin müdafiə naziri Qalant

“HƏMAS Qəzzaya nəzarəti itirib”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib. “Terrorçular cənuba qaçır. Mülki şəxslər HƏMAS bazalarını talayırlar. İsrail qoşunları planlara uyğun olaraq irəliləyir və tapşırıqları dəqiq şəkildə yerinə yetirir”, – deyə Qalant qeyd edib.

İsrail hərbçiləri HƏMAS-ın parlament binasını ələ keçirdi - Təcili

İsrail Müdafiə Ordusunun hərbçiləri HƏMAS-ın “qanunverici şurasının” binasına daxil olub. Hadisənin görüntüləri İsrail KİV-də yayılıb.

"TikTok" qadağan edilir

Nepal "TikTok" sosial şəbəkəsinə qadağa qoyacaq. Sozcu.az xəbər verir ki, hökumət proqrama qadağa qoymağa hazırlaşır. Rəsmilər bildirir ki, "Tiktok" ölkədə ictimai harmoniyanı pozur. Yerli medianın məlumatına görə, Nepalda son dörd il ərzində "TikTok" ilə bağlı 1600-dən çox kibercinayət hadisəsi qeydə alınıb.

Zelenski Mustafa Cəmilova Ukrayna Qəhrəmanı adı verdi - Fotolar

Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatar xalqının lideri Mustafa Cəmilovu (Qırımoğlu) təltif edib. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesabında yazıb. O, "Ukrayna Qəhrəmanı" adına layiq görülüb “Güclü, layiqli, cəsur insan. Millətlərin azadlığını müdafiə etməyə həsr olunmuş bir həyat”, - Zelenski yazıb. Ukrayna Prezidenti Mustafa Cəmilovu 80 illik yubileyi münasibətilə təbrik edib, Ukraynanın və Krım tatar xalqının azadlığını qoruduğuna görə ona təşəkkür edib.  "Ömrümün sonuna çox yaxınam, amma bu yer üzündə daha bir arzum var - vətənimə qayıdıb öz torpağımda dəfn olunmaq", - Krım Tatar lideri mükafatı alarkən deyib. Mustafa Cəmilov Krım tatar milli hərəkatının lideri, Krım tatar xalqı Məclisinin sədri ( 1991-2013-cü illərdə), Ali Radanın deputatıdır. Siyasi baxışlarına görə o, 15 ildən çox SSRİ həbsxanalarında və düşərgələrində yatıb, buna etiraz olaraq 303 gün aclıq aksiyası keçirib.

Ermənilər Ordumuzun tutduğu terrorçular üçün hərəkətə keçir

Ermənistan Qarabağda Azərbaycan ordusu tərəfindən saxlanılan terrorçu muzdlular üçün hərəkətə keçməyə hazırlaşır. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, 44 günlük müharibədə ölkəmizə qarşı terror törədən, daha sonra saxlanılan iki Livan vətəndaşı erməni üçün diaspora müraciət edilib. Livan erməniləri Maral Nacaryan və Vigen Euljekyanın 2020-ci ildə döyüşlər zamanı Laçında ələ keçirildiyi bildirilir. V.Euljekyanın həyat yoldaşı ərinin “azadlığı” üçün müəyyən addımlar atıldığını, lakin təfərrüatları açıqlamayacağını deyib. İddia edilir ki, bu iki erməni müharibədən bir müddət öncə Livandan Şuşaya köçüb və burada çalışmağa başlayıb. Qısa müddət sonra isə separatçılar tərəfdən döyüşlərə qatılıb. Qeyd edək ki, bu, ermənilərin Qarabağın işğalda olduğu müddətdə buraya qanunsuz köç həyata keçirməsi və 44 günlük müharibədə muzdlu döyüşçülərdən istifadə etməsinin növbəti sübutudur.

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?

Son günlər Azərbaycanın müxtəlif ərazilərində ard-arda əhali tərəfindən hiss edilən zəlzələlər baş verir. Belə ki, noyabrın 11-də İsmayıllı rayonu ərazisində bir neçə saat fasilə ilə 3,0 və 2,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Maraqlıdır ki, cəmi iki gün sonra, noyabrın 13-də İsmayıllıda 3,0 bal gücündə daha bir zəlzələ baş verib. Ardıcıl təkanların qeydə alınması cəmiyyətdə panikanın yaranmasına səbəb olub. Xüsusilə də, bu ilin fevral ayında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələlər ölkəmizdə də yeraltı təkanlarla bağlı həyəcanın birə-beş artmasına səbəb olub. Bəs Azərbaycanda daha güclü təkanlar gözlənilirmi? Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Bizim.media-ya açıqlamasında bildirib ki, zəlzələ hər gün baş verir, sadəcə onlardan bir neçəsi 3,0 bal gücündə və yuxarı olduqda hiss olunur:  “Amma bu da seysmogen bölgə üçün normal haldır. Tarixən Azərbaycanda çox güclü zəlzələlər baş verib. Buna Şamaxı, Gəncə, Ağsu, Göyçayda baş verən zəlzələləri misal göstərə bilərik. Belə ki, bu ərazilərdə vaxtilə 8-9 bal gücündə zəlzələlər olub. Hətta Göygöl məhz güclü zəlzələ nəticəsində yaranıb. Lakin yaxın günlərdə heç bir bölgədə dağıdıcı zəlzələ baş verməsi gözlənilmir. 4-6, hətta 7 bal gücündəki zəlzələ qorxuducu deyil”.  

CHP-nin yeni sədri Azərbaycana gəlir

Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özəl ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ardınca Azərbaycana edəcəyini bildirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə partiya sədri “Sabah” qəzetinin köşə yazarı Donat Özələ deyib. CHP sədri ilə bağlı silsilə məqalələr dərc etdiyini bildirən müəllif yazır ki, bu məqalələrdən sonra partiya sədri ona zəng edib. D.Özəl qeyd edib ki, partiya sədri əvvəlcə onunla Azərbaycanla bağlı yazdığı məqalələrdən danışıb. “Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Yanlış yolda olmuşuq. Bu, bizim səhvimizdir”, - deyə qəzet əməkdaşı CHP sədrindən sitat gətirib. Onun sözlərinə görə, illərdir CHP-dən belə bir səs, səhvini etiraf edən olmayıb. “Sevindik”, - deyə qəzet əməkdaşı vurğulayıb. Müəllif xatırladır ki, Türkiyədə hər prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğan ilk səfərini məhz ŞKTC və Azərbaycana etməsi ənənə halını alıb. “İndi də CHP sədri “bu səhvlər tamamilə bizdən qaynaqlanan xətalardır” deyib. CHP sədrinin “Can Azərbaycanın könlünü alacağını” deyən qəzet əməkdaşı Özelin bu açıqlamasını ən düzgün seçim adlandırıb. “Hazırlıqlara başladıq”, - partiya sədri bildirib. Qeyd edək ki, CHP-nin əvvəlki rəhbəri Kamal Kılıçdaroğlu Azərbaycanla bağlı qərəzli açıqlamaları ilə yadda qalıb. Onun müşaviri Ünal Çevikköz isə hətta Türkiyəni İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana muzdlu döyüşçülər göndərməkdə ittiham edib. Noyabrın 5-də Türkiyənin Cumhuriyyət Xalq Partiyasının 38-ci növbədənkənar qurultayında Manisadan olan millət vəkili Özgür Özəl yeni sədr seçilib. Seçkilərin ikinci turunda partiya sədri Kamal Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb. CHP 1923-cü ildə Türkiyənin ilk dövlət başçısı Mustafa Kamal Atatürk tərəfindən yaradılıb.

Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidə ucaldılacaq. Sozcu.az Report-a istinadən xəbər verir ki, abidə Xocalı şəhərində qoyulacaq. Hazırda abidə ucaldılacaq ərazidə hazırlıq işləri və təmizləmə əməliyyatları həyata keçirilir. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən orada azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Yol polisi birinci qrup əlilə bir gündə iki dəfə cərimə yazdı - Şikayət - FOTO

Ordubad rayonu, Kələki kənd sakini, birinci qrup əlil Qafqaz Hüseynov Dövlət Yol Polisi əməkdaşları tərəfindən bir gündə iki dəfə qanunsuz olaraq cərimələnib. O, bu barədə Bakupost.az -a şikayətində bildirib. Q.Hüseynovun sözlərinə görə, avtomobili özünün idarə etməsinə fiziki imkanı yoxdur: "Birinci qrup əliləm. Avtomobili dost-tanış pul yağıb alıb ki, harasa gedəndə əlil arabası ilə gedə bilim. Maşın elə düzəldilib ki, əlil arabası salona yerləşir. Özüm anadangəlmə əlil olduğum üçün maşını sürə bilmirəm. Ona görə də arada harasa getmək lazım olanda həmkəndlim Səmədi çağırıram ki, gəl, maşını sür gedək. Yəni avtomobil ancaq mən içində olanda hərəkət edir. Səmədin də sürücülük vəsiqəsi var. Ona görə də ona etibarnamə verməyə ehtiyac görməmişəm". Q.Hüseynov deyir ki, DYP əməkdaşları "Sürücülük hüququ olmadan avtomobil idarə etmək" maddəsi ilə ona bir gündə iki dəfə cərimə yazıblar: "Cərimələrdən birinin məbləği 300, digərininki isə 100 manatdır. Düşünürlər ki, maşın mənim adınadır, başqa adama etibarnamə verməmişəm deyə, yəqin özüm sürürəm. Ancaq mən hər dəfə maşın hərəkətdə olanda onun içində oluramsa, Səmədə etibarnamə verib-verməməyin nə mənası var? Üstəlik Azərbaycanda üztanıma kamerası yoxdur ki, bunlar kameradan baxıb maşını sürənin kim olduğunu təyin etsinlər. Bu halı ancaq və ancaq DYP işçisi aşkar edə bilər. Amma buna baxmayaraq, mənə bir gündə iki dəfə cərimə yazıblar. Bu, tamamilə qanunsuzdur".

Samvel Şahramanyanla bağlı SON DƏQİQƏ məlumatı

Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə istintaq komissiyası qondarma rejimin keçmiş “rəhbər”i Samvel Şahramanyanı dindirməyə çağırıb. Sozcu.az xəbər verir ki, musavat.com-un erməni mətbuatına istinadən xəbərinə görə, dindirmə barədə məktub Ermənistandakı “Artsax” nümayəndəliyinə göndərilib. Məlumata görə, komissiya Şahramanyanın cavabını gözləyir.

Rusiya MN məlumat yaydı, dərhal sildi: Nə baş verir? - Təcili

Rusiya Müdafiə Nazirliyinin Dneprdəki qoşunların mövqeyi ilə bağlı yaydığı məlumat dərhal silinib. Sozcu.az glbalinfo.az-a istinadən xəbər verir ki, məlumatda buradakı qrupun komandanlığının qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarı verdiyi vurğulanıb. Sözügedən məlumatın RİA Novosti və TASS İnformasiya Agentliyinin veb səhifələri və sosial şəbəkə hesablarından dərhal silinməsi ölkədə ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın nəzarətində olan Dnepr çayının sol sahilində bəzi ərazilərə nəzarəti ələ keçirdiyi iddia edilir. Rusiyanın məhz bu istiqamətdə yeni hücuma hazırlaşdığı deyilir.

“Dedi ki, ağzını dağıdaram, anama nə deyirsən?” – Aşıq Namiq döyülməsindən DANIŞDI

Xəbər verdiyimiz kimi, tanınmış aşıq Namiq Fərhadoğlu Zabitlər parkında gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib. Sozcu.az xəbər verir ki, Aşıq Namiq Fərhadoğlu ATV-nin efirində yayımlanan "Rəngarəng səhər" proqramına qoşularaq məsələ ilə bağlı danışıb. Ətrafı:

Azərbaycanda arxiv sənədlərinin verilməsinə görə dövlət rüsumu ləğv edilib

Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilir. Bu barədə Azərbaycan Prezidentinin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunda göstərilib. Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edillib. Qeyd edək ki, mövcud qanuna görə, Milli Arxiv İdarəsi tərəfindən hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü ərzində verilməsinə görə 20 manat, 5 iş günü ərzində verilməsinə görə 10 manat rüsum hesablanırdı. Bundan əlavə eyni xidmətlər fiziki şəxslərə 3 gün ərzində göstərildikdə 10 manat, 5 gün ərzində göstərildikdə isə 5 manat rüsum ödənilirdi. Daha uzun müddətə göstərilən xidmət üçün isə heç bir rüsum tələbi yoxdur.

"İsrail Qəzzada bütöv ailələri məhv edir" - "Amnesty İnternational"

"İsrail hakimiyyəti fələstinlilərin insansızlaşdırma siyasətini davam etdirir..." "Hüquq müdafiəçiləri girovların taleyindən narahatdır, raket zərbələri onlara təhlükə törədir..." "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatının İsrailin "Qəzzada bütöv aillələri məhv etməkdə" ittiham edən petisiyasını bir milyondan artıq adam imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb. "İsrail hakimiyyəti fələstinlilərin dehumanizasiyası siyasətini (insansızlaşdırma, yəni subyektin insan nəslinə aid olmasının inkar edilməsinə yönələn hərəkətlər və onun insani hüquqlarının pozulması) davam etdirir, - petisiyada deyilir. İsrail insanlarla dolu qaçqınlar düşərgələri, xəstəxanalar və BMT-nin rəhbərliyi altında olan məktəbləri bombalayır. Zərbələr məscidlərə, çörəkxanalara, yollara və digər infrastruktur obyektlərinə endirilir. İsrail tərəfdən raket atəşləri dinc sakinlərə təhlükə törədir.  Bundan başqa, HƏMAS və digər hərbi birləşmələrin saxladıqları girovlar da İsrailin bombardmanları səbəbindən təhlükə altındadır", - "Amnesty İnternational" öz narahatlığını ifadə edib. Nəhayət, petisiyada bölgədə atəşin dərhal dayandırılmasına çağırış yer alıb. Bu, hüquq-müdafiə təşkilatının İsrailin ünvanına yəhudi dövlətinin fələstinlilərə qarşı törətdiyi insanlığa qarşı ağır cinayətlərdə ilk  ittihamı deyil. Noyabrın 11-də "Amnesty İnternational" İsraili fələstinli  məhkumları alçaldıcı şəraitdə saxlamaqda ittiham edib.  "İsrail həbsxanalarında saxlanılan fələstinli məhkumlar işgəncələrə və alçaldıcı davranışa məruz qalır, - məlumatda deyilir. İsrail İordan çayının Qərb sahilində fələstinlilərin inzibati həbslərindən geniş istifadə etməyə başlayıb. Onların hüquqları güclü döyülmələr və alçaltmalar, məsələn, başı aşağı saxlamaq, diz çökmək və İsrail mahnlarını oxumaq öhdəliyi qoyulmaqla pozulur". 20 oktyabr 2023-cü ildə təşkilat İsraildə HƏMAS-a dəstək nümayişlərinə qadağa qoyulmasından qəzəblənib. Hüquq müdafiəçilərinin fikrincə, bu, demokratiyanın əsaslarına qəsd deməkdir. Təşkilat belə aksiyaları "Fələstində insan hüquqlarınım müdafiəsinə yönələn etirazlar" adlandırır. Təşkilat bəyan edib ki, "nümayişlərin qadağan edilməsi yalnız son tədbir kimi nəzərdən keçirilə bilər".

İlham Əliyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir"

"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən deyib. Prezident bildirib ki, hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. Dövlət başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib.

Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Bəndəliyev Elsun Habil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş məlumat əsasında Tərtər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Tərtər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti uzadılır

Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılır.  Sozcu.az xəbər verir ki, bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib.  Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ərzində məsələ ilə bağlı qanun layihəsini parlamentə göndərəcək.  Layihə daha sonra Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.  Qanunverici orqan türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasına razılıq versə, qərar rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.  Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.  2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb. 

Azərbaycanda bu məhsullar bahalaşdı - Düyü, ət, pomidor... - SİYAHI

2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.  Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.  2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil etmişdir.  2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.  Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində müşahidə olunub.  Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.  2023-cü ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104,7 faiz təşkil edib.  Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən paltaryuyan maşınların, sementin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.  2023-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104,5 faiz təşkil edib. 

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

Ukraynanın ərazi-bütövlüyü və azadlığı uğrunda daha bir azərbaycanlı həlak olub. Sozcu.az xəbər verir ki, bununla bağlı Odessa Azərbaycanlıları Birliyinin sədr müavini Anar Natiqoğlu məlumat yayıb. O, Ruslan İsmayıl oğlu Abdullayevin davam edən döyüşlərdə həlak olduğunu bildirib.