Rusiyanın Ukraynadakı itkiləri 365 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 440 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 365 170 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 14 zirehli döyüş maşını, 13 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Rus qırıcıları Türkiyə sərhədində: gərginlik yaşandı - Təcili

Rusiya qırıcıları bu gün Suriya və Türkiyə hava sərhədində təhlükəli manevrlər icra edib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Qeyd olunur ki, Türkiyə tərəfinin xəbərdarlıqlarına rəğmən rus qırıcıları hava məkanından geri çəkilməyib. Türkiyə komandanlığının əmri ilə İdlib istiqamətində iki F-16 təyyarəsi havaya qaldırılıb. Məlumata görə, Suriyada dislokasiya edilən Rusiya hava hücumundan müdafiə qüvvələri Türkiyə qırıcılarına müdaxilə etməyib. Hava məkanı gərginliyindən sonra Moskva və Ankara arasında mövzu ilə bağlı təmaslar olub.

"Heyf səndən, qızım"

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev dünən vəfat edən Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, Aygünü ilk dəfə səhnəyə gətirən bəstəkar yazıb: “Səni yağışlı bir gün Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirərkən, nə biləydim, uzun sürməyəcək həyatın… Heyf səndən, qızım…”.

ŞƏMKİR ŞÜHƏDASINI XATIRLAYALIM (1918-ci il)

Yeni üsul ilə kanuni-saninin [yanvarın] 22-si, əski üsul ilə yanvarın 9-u Azərbaycan istiqlalı tarixinin ən birinci səhifələrini işıqladacaq, həm də günəş kimi parladacaq bir gün!  Azərbaycan türklərinin əsla unuda  bilməyəcəkləri bir gün!  Bu gündə, ərsəyə gələcək azad və müstəqil Azərbaycanın qüvayi-əsgəriyyəsinin [hǝrbi qüvvǝlǝrinin] ləvazimati hərbiyyəsi tədarükatına [hərbi ləvazimat  tədarükünə] başlanıdı. Həm də qövlən  [sözdə] deyil, feilən [işdə] başlanıldı. Qəhrəmanlıqlar göstərməklə, qanlar tökməklə və qurbanlar verməklə başlanıldı!  Həmin bu günlərdə idi ki, Kutaisdə,  Tiflisdə, Qarsda, Gümrüdə, İrəvanda və başqa yerdəki cəbbəxanalarda mövcud  olan ləvazimati-hərbiyyələri əllərinə aldıqdan sonra, cəbhədən ricət edən [qayə- dan] qitəati-əsgəriyyənin [hǝrbi hissǝlǝrin] ən mülayimlərinin, ləvazimati-hərbiyyəni buraxaraq, sənələrcə didarana [üzünǝ] həsrət qaldıqları ailələrinə qovuşmaq arzu və iştiyaqında [istǝyindǝ] olanlarının  ləvazimati-hərbiyyələrini təslim alan  qonşularımız; həman qitəati-əsgəriyyənin pək sərt, ən cəngi [döyüşkǝn], əsla silahından ayrılmaq istəməyən bir neçə qayəsinin ləvazimati-hərbiyyələrini bizim hissəmiz ədd [hesab] edərək təslim  almağa Azərbaycanlılara mühəvvəl etmişdilər [tapşırmışdılar]!  Olsun... Hər vaxt hǝr bir işdə qonşuları ilə hüsn-müamilədə [yaxşı rǝftarda] bulunmağa [çalışan], ixtilaf və nizaya [çəkişməyə] meyl və məhəbbəti olmayan  Azərbaycan türkləri sadədilanə [sadǝlövh] olaraq bu təqsimə [bölgüyǝ], bu  əmri icraya dəxi razı oldular. Bunun üçün  də Şəmkir istasyonu vasitəsilə Gəncəyə tərəf gəlməkdə olan qitəati-əsgəriyyə ilə 3 müxabirəyə girişdilər [ǝlaqǝ saxladılar].  Qitəati-əsgəriyyənin ən ciddi və qəti imtina cavabını alan gəncəlilər, knyaz Abxazinin zirehli qatarı ilə Şəmkir istasyonuna yola düşdü. Sonra adi trenlər ilə mücəhhəz [tǝchiz edilmiş], müntəzəm [nizami] qitəati-əsgəriyyə qarşısına fəqət [sadəcə] tüfəng və revolverdən başqa silaha  malik olmayan mübarizlər peydərpey  [dalbadal] göndərilməyə davam etməkdə idi. Gedənlərin arasında məşhur gəncəli  insan və qeyrət müməyyizi bir şəxsin  mehrinə layiq olanlar var isə də, həqiqi  millət və vətən qəhrəmanları dəxi pək  çox idi.  Həman qəhrəmanların başında miralay [polkovnik] həzrətləri ilə bərabər,  onun təhti-komandasındakı [komandası altındakı] cavanlardan və “Yaşıl qvardiya”  təsmiyə edilən [adlanan] qəhrəmanlar  dəxi ilələbəd unudulammaz və unudulmayacaqlar.  Əski üsul ilə kanuni-saninin [yanvarın] 9-cu günü, saat 10 radələrində qitəati -əsgəriyyə ilə Şəmkir istasyonunun qərb  tərəfində 100-150 çağırmlıq bir məsafədə pişəzvəqt [qabaqcadan] tədarük edilmiş sipərlər önündə qarşı-qarşıya gəlib  vəziyyəti-hərb alınaraq sonuncu dəfə olmaq üçün bir daha müxabirəyə başlanıldı. Qitəati-əsgəriyyənin müqəddimətülceyşi [öncü qüvvǝlǝri] məqamında olan  ön sıradakı trenlər, tərəfi-müqabili hərbə mühəyya [hazır] və hərb edəcəklərini qəti surətdə qərara almış gördükdə, ləvazimati-hərbiyyələrini təslimə qərar verdilər. Təslim başlanıldı. Silahları təslim alan  knyaz Abxazinin zirehli qatarında və ən  birinci sipərin önündə duran, başlarında  komandanları olmaq üzrə məsum və özləri kimi gənc, yeniyetmə “Yaşıl qvardiya” idi.  Birinci, ikinci və üçüncü trenlərin əslihələri [silahları] təslim alınaraq zirehli  qatara toplanldı. Trenlər salamat ötürüldü.  Dördüncü, beşinci və altıncı trenlər  yetişdilər. Bunlar əvvəlcə əslihələrini təslimə razı olmayaraq müharibə başladılar.  Bir az tələfat verməməksizin müharibə etdikdən sonra tərəf-müqabili əzmində sabit, qüvvətli və həm də zirehli qatarı görərək təslim işarəsi olan ağ bayraqları- nı qaldırdılar. Həman saat bunlara aman  və əslihələrini təslim üçün zirehli qatarın  yanına gəlməyə yol verildi. Məgər bunların ağ bayraq qaldırışı bir müharibə hiyləsindən ibarət imiş. Zira zirehli qatarın  bərabərində öz planları mövcibincə [planlarlna ǝsasǝn] durduqda zirehli qatar  lokomotivinin çarxını top qumbarası ilə hədəfə alan kimi topun dəhşətli partıldısı ilə bərabər lokomotivdən məhrum  olan zirehli qatar iki parçaya təqsim edilərək [bölünərək] həm-digərindən aralandı. Tam bu sırada idi ki, yeddinci, səkkizinci, doqquz, on və on birinci trenlər dəxi arxadan yetişərək qənətən şiddətli və dəhşətli müharibəyə başladılar. Topların,  pulemyotların, əl bombalarının və tüfənglərin cəhənnəmnümun [cǝhǝnnǝmi  andıran] atəşlərindən Şəmkir səhrası titrəməyə başladı. Azərbaycan-türk qəhrəmanları əsla etidallarını pozmayaraq və özlərini itirməyərək əlfövr [dərhal] sipərlərdə saxlanaraq yalnız bir tüfənglə bu  qədər top, pulemyot, əl bombaları və tüfənglə mücəhhəz 8 tren dolusu müntəzəm bir qüvveyi-əsgəriyyə ilə müharibəyə davam etdi. Öylədən [günortadan] təxminən 5  saat keçmişdən gecənin yarısı keçənədək müharibə tam şiddət və dəhşətini  artırmaqda idi. Gecə yarıdan sonra qələbə işarələri hər bir tərəfdən verilməyə başladı. Qalib gələn Azərbaycan-türk  qəhrəmanları bütün qüvveyi-əsgəriyyənin ləvazimati-hərbiyyələrini [əsgərlərin hərbi sursatlarını] təslim deyil, iğtinam  etdilər [qənimət aldılar]. Fəqət, eyni vaxtda kəndlərdən gələrək ətrafda saxlanıb  fürsət bəkləyən bir para namussuzlar,  tüfənglərdən və qeyri şeylərdən çoxunu  qarğaşalıqdan istifadə edərək qaçırdılar.  Ertəsi günü sübh tezdən miralay [polkovnik] bəy cənabları düşdükdə əzilən qolunu ağ məndil ilə döşündən asmış olduğu halda və doktorla bərabər, təşkil ediləcək müstəqil Azərbaycan qüvayi-əsgəriyyəsi [ordusu] üçün tədarük edilən topları, pulemyotları və sair qənimətləri  toplamaqda və Gəncə istasyonundan şəhərə göndərməkdə idi. Tülu etməkdə [doğmaqda] olan günəş dəxi Şəmkir şühədası Gəncə Zükur edadisinin [Gǝncǝ Oğlanlar gimnaziyasının] 8-ci sinif mütəəllimi [şagirdi] Məhəmməd Rəfiyev, 7-ci sinif mütəəllimi İsfəndiyar Quluzadə və Gəncə Ali-ibtidai məktəbinin son sinif mütəəllimi Yaqub Mehdiyevin qəhrəmanlıq, fədakarlıq və şəhadətlərinə şəhadət [şǝhid olmaqlarına şahidlik] etməkdə idi. Bəli, bu müharibədə məcruhlardan [yaralılardan] başqa mədəniyyət və maarif bağçasında yeni açılmaqda olan  üç dənə çiçək şəhid verdik. Rəhmətullahi  ǝleyhim rəhmətən vasia!  Şəmkir ordusu Gəncəyə övdət etdi  [qayıtdı]. Qalib qəhrəmanlar vəsfə gəlməyən bir təntənə və şəşəə [dǝbdǝbǝ] ilə şəhərə girdilər. Şühədanın cənazələri  cümləni [hamını] ağlatmaqda idi. O vaxtın hökuməti və bu müharibənin baş ərkani-hərbi [qərargah] olan Gəncə Milli  Komitəsi iğtinam edilən qənimətləri təhvil götürdü. Qəhrəmanları, fədakarları təqdir etdi, oxşadı, şühədanın ibkayinamları [adlarını əbədiləşdirmək] üçün vəsilələr aramağa iclaslar qurdu, şuralar etdi. Bir çox qərarlar məzbətələrə [protokollara] yazıldı Lakin məəttəəssüf [təəssüf ki], başqa qərarlar kimi bu qərarlardan dəxi məzbətələrdə yazılan bir neçə quru sətirlə, bir də bəzi aid olan mövqelərə göndərilən bir neçə övraqi-rəsmiyyədən [rəsmi sənəddən] başqa meydana  bir şey çıxarılmadı. Əgər həman hökumətin xələl olan indiki müstəqil və azad  Azərbaycan Hökuməti həmən övraqı,  məzbətələri bir daha mütaliə edərək o  qərarları qövldən feilə [sözdǝn işǝ] gətirərsə, heç şübhə yoxdur, vəzifələrindən  birini, daha doğrusu ən birincisini, əmələ gətirmiş olar. Bizlər isə bu gün vətənin,  millətin, istiqlalın ən birinci qurbanı olan  şühədanı birinci səneyi-dövriyyələri [il  dönümləri] münasibətilə xatırlayaraq ruhi-pürfütuhlarına [fateh, qalib ruhlarına] “Fatihə” oxuyalım. O[n]ların məsum və müqəddəs ruhlarına xitabən: “Ey istiqlalın birinci qurbanları, əmin olunuz!  Sizi tarixin parlaq və münəvvər səhifələri  ilələbəd [əbədiyyən] unutmadığı kimi,  bizlər dəxi unuda bilməriz!” - deyə sözümüzü bitirəlim.  Səid  Mənbə: ADA tərəfindən çap edilmiş Azərbaycan qəzetinin tam külliyyatının 4-cü cildi, səh: 361-363 TRANSLİTERASİYA EDƏNLƏR : Mehdi Genceli - Filologiya üzrə fəlsəfə doktoru,  Azad Ağaoğlu - Filoloq, tərcüməçi

“7 bal gücündə zəlzələ gözlənilir” - Qorxulu PROQNOZ

Alimlər yaza qədər Türkiyədə güclü zəlzələ olacağını proqnozlaşdırıblar. Sozcu.az news24.az-a istinadən xəbər verir ki, bu barədə professor Ahmet Ercan məlumat verib. Onun sözlərinə görə, Anadoluda çox gərgin vəziyyət hökm sürür: "Yeraltı təkanların dəqiq yerini müəyyənləşdirmək çətindir. 2011-ci ildə Van zəlzələsi zamanı gərginliyik Hatay bölgəsinə, Bitlis zonasından isə Hakkariyə doğru gedib. Yer qabığını qırmaq üçün kifayət qədər gərginlik toplanarsa, təxminən 7 bal gücündə zəlzələ gözlənilir".

Avtomobil almaq istəyənlərə mühüm xəbər: “1 ay, ay yarım gözləsinlər çünki...”

“Azərbaycana gələn avtomobillərin qiymətinin artırılması əvvəlcədən proqnozlaşdırılırdı. Çünki hər il bununla bağlı sərtləşmə gedir, 10 ildən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsinə müəyyən qadağalar qoyuldu. Eləcə də 5 ildən yuxarı Asiya istehsalı olan avtomobillərin ölkəyə gətirilməsi qadağan edildi”. Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, Qırmızı dəniz vasitəsilə daşınılan avtomobillərin sayının azalmasından sonra ölkədəki avtomobil bazarında qeydə alınan qiymət artımından söz açıb. Xatırladaq ki, qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub. N. Cəfərlinin sözlərinə görə, onsuz da son vaxtlar işlənmiş avtomobillərin qiymətlərinin artımı müşahidə olunurdu: “İndi isə dünyada konteynerlər və yükdaşımalarla bağlı problemlər yarandığına görə ölkədə avtomobillərin qiymətində artım hiss olunur. Lakin bu, müvəqqəti xarakter daşıyır və qalıcı olmayacaq. Qiymətlərin artmasına səbəb isə bu idi ki, konteynerlərin icarə qiymətində artım müşahidə olunub. Əvvəllər bir konteyner 3.400 dollar idisə, hazırda qiymətlər 7 min dollar civarındadır”. Mütəxəssis əlavə edib ki, bunun müvəqqəti olaraq təsirləri olacaq, amma bu, o demək deyildi ki, konteyner qiymətləri artan kimi ölkənin maşın bazarında kəskin şəkildə qiymət artımı olmalı idi: “Əgər söhbət yeni avtomobillərdən gedirsə, avtodilerlərin çoxu ölkəyə gətirilən avtomobil sayını öncədən müəyyənləşdirir ki, hansı markadan nə qədər avtomobil Azərbaycana gətiriləcək. Ona görə də qiymət artımı növbəti partiya gətiriləcək avtomobillərə şamil oluna bilərdi. Çünki yeni konteyner qiymətləri ölkəyə yenicə gələn avtomobillərin üzərinə gəlməyib. Sadəcə olaraq, bu, fürsətdən istifadə etməkdir. Yəni “dünyada belə qiymət dəyişikliyi varsa, bizdə niyə olmasın” düşüncəsi ilə qiymətlər artırılıb”. Müsahibimiz aydınlaşdıırb ki, Azərbaycanın avtomobil bazarında olan maşınlar 2/3-dən çoxu Gürcüstandan gətirilən avtomobillərdir: “Gürcüstan gətirilən avtomobillər isə daha çox ikinci əl kimi Avropadan Gürcüstana idxal olunur. Burada isə avtomobillərin Qırmızı dənizlə konteyner vasitəsilə gətirilməsi məsələsi, ümumiyyətlə, yoxdur. Çünki həmin avtomobillər Qara dəniz vasitəsilə idxal olunur və onlar Bolqarıstanla Rumıniyadakı portlara daxil olur. Oradan isə Gürcüstan və Azərbaycana gətirilir”. İqtisadçının fikrincə, konteyner qiymətlərinin artırılması məsələsinin birbaşa Azərbaycandakı avtomobil bazarına təsiri olmamalı idi: “Amma bazarın özünün qaydaları var və avtomobil qiymətlərini daim artırmaq mümkün deyil. Çünki insanların alıcılıq qabiliyyəti məsələsi burada özünü büruzə verir. Əgər insanların alıcılıq qabiliyyəti ilə bazar arasında uyğunsuzluq yaransa, qiymətlər bir müddətdən sonra azalmağa doğru gedəcək. Ona görə ki, gətirdiyi avtomobili sata bilməyən iş adamı pul qazana da bilməyəcək. Məncə, hazırkı təlatümlü dövrdə avtomobil almaq istəyənlər 1 ay, ay yarım gözləsinlər ki, bazarda tənzimləmə işə düşsün”.

Hacı Şahin, Qənirə və Aygünün ölümündə şok detal

Azərbaycanda son bir ildə vəfat edən üç tanınmış sima – Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli, deputat Qənirə Paşayeva və əməkdar artist Aygün Bəylərin ölümündə qəribə məqam üzə çıxıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, ictimaiyyətdə kifayət qədər tanınan hər üç şəxs ömrünün 48-ci ilində vəfat edib. Belə ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli və 1975-ci il təvəllüdlü deputat Qənirə Paşayeva 2023-cü ildə – 48 yaşlarını tamamladıqdan sonra dünyalarını dəyişiblər. Ötən gün isə Əməkdar artist Aygün Bəylər 48 yaşında həyatını itirib. Üç məşhur şəxsin eyni yaşda vəfat etməsi diqqət çəkib. Allah rəhmət eləsin!

İrandan qayıtmaq istəyən tələbə şərlənib HƏBS OLUNDU

İranda dini təhsil alan Səfərov Davud Səfər oğlu İranda qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bezərək Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən saxlanılıb və nəzarət buraxılış məntəqəsindən buraxılmayıb. Davud Səfərov İranda qalmağa məcbur edilir və ona terrorçu “Hüseyniyyun” təşkilatına qoşulması üçün təzyiqlər göstərilir. Sozcu.az xəbər verir ki, etibarlı mənbələrdən Musavat.com-a daxil olan məlumata görə, 2021-ci ildən İranın Qum şəhərində “İmam Xomeyni” mədrəsəsində dini təhsil alan Səfərov Davud Səfər oğlu təhsilini yarımçıq saxlayaraq Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən sənədlərinin düzgün olmadığı bəhanəsi altında saxlanıb və sərhəd buraxılış məntəqəsindən buraxılmayıb. Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də tələbələrin sosial durumu pis vəziyyətdə olduğundan Davud İranda oxumağa davam etmək istəməmiş və Azərbaycana qayıtmaq niyyətində olub. Hətta İranda hüquq-mühafizə orqanları tərəfindən Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” təşkilatına qoşulması üçün təzyiqlər göstərilib. Buna görə Davudun xarici pasportu əlindən alınmış və azadlığı məhdudlaşdırılıb. Ümumiyyətlə, son zamanlar İranda dini təhsil alan tələbələrin Azərbaycana qayıtmasına maneələr yaradılır, onlar hədə-qorxu ilə İranda qalmağa və oradan sosial şəbəkələr və KİV-lər üzərindən Azərbaycan əleyhinə radikal dini fəaliyyət aparmağa məcbur edilirlər.

Zaurun verilişi bağlanır, ölkədən gedir – Təsdiqləndi

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi. Bunu Zaurun “bayram zarafatı” kimi qəbul edənlər də olub. Sozcu.az Kult.az -a istinadən xəbər verir ki, ATV-də məsul vəzifə tutan şəxslərdən biri Yenisabah.az-a açıqlamasında bu xəbəri təsdiq edib. Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq. ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil. Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır. Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.

Aygün Bəylərin nəşi bu saatda Bakıya gətirilir - Açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər ötən gün Ankarada vəfat edib. Sozcu.az bildirir ki, Aygün Bəylərin prodüserinin qardaşı Zahid bəy Teleqraf.com-a açıqlamasında əməkdar artistin nəşinin bu gün ölkəmizə gətiriləcəyini bildirib: "Aygün Bəylərin nəşi saat 16:00-da Ankaradan Bakıya gətiriləcək". Qeyd edək ki, Aygün Bəylər uzun sürən xəstəlikdən vəfat edib.

Azərbaycanda şok bahalaşma: Aprel ayına qədər qiymət artımı olacaq!

Artıq 2024-cü ilin birinci həftəsi başa çatıb. Mağaza və bazarlarda bir sıra məhsullarda bahalaşmalar müşahidə olunur. Bu bahalaşmaların süni qiymət artımı yoxsa təbii artım olduğu məlum deyil. Xüsusilə ət və ət məhsullarında, eləcə də tərəvəzlərdə bahalaşmaların olduğu bildirilir. Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, kəskin qiymət artımları aprel ayına qədər davam edəcək: "Son 10-15 ili monitorinq etsək, ərzaq məhsullarında bahalaşma həmişə noyabr-dekabr aylarından mart ayına qədər davam edir. Bu, Yeni İl, Novruz kimi bayramlarla əlaqədar tələbin artması ilə bağlıdır. İndi buna spesifik xüsusiyyətlər də əlavə olunub. Çünki bu illər ərzində özümüzü ərzaqla təmin etmək istiqamətində ciddi irəliləyiş əldə olunmayıb. Bu istiqamətdə xaricdən təxminən 70-75 faiz civarında asılıyıq". Ekspertin sözlərinə görə, son illər xaricdə də qiymətlərin artması ölkəmizə idxal olunan məhsulların qiymətinin daha kəskin bahalaşması ilə müşahidə olunub. "Eyni prosesləri görürük. Yeni il, eləcə də yerli məhsulların mövsümlə əlaqədar bazardan çəkilməsi ilə paralel olaraq qiymətlərin kəskin artdığının şahidi oluruq. Təəssüf ki, bu hal təxminən aprel ayına qədər belə davam edəcək. Aprel ayından sonra müəyyən səngimələr ola bilər. Payızın ilk aylarına qədər qiymət artımında sürət azalacaq. Lakin bu, proseslər son illərin təcrübəsinə əsaslansa, təqribən noyabr ayının ortalarından daha kəskin qiymət artımını müşahidə edəcəyik. Təəssüf ki, bu pradiqmadan ölkə uzun illərdir çıxa bilmir", - o vurğulayıb. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yanvarından 1-dən bu yana ciddi bahalaşma meyillərinin müşahidə edilmədiyini söyləyib: "Ötən ilin son 20 günündə bütün ərzaq məhsullarında bahalaşma müşahidə edildi. Vətəndaşlarımız bayram hazırlığı ilə bağlı olaraq daha çox ərzaq məhsulları alıblar. Ərzaq məhsullarının dövriyyəsi artdığı üçün  sahibkarlarımız da bundan daha çox qazanmağa çalışıb. Beləliklə, bayram gününə kimi müəyyən qədər bahalaşma öz işini gördü. Yeni ilin ilk həftəsini yenicə geridə qoyuruq. Yanvarın  birindən bu yana hələlik ciddi bahalaşma meyilləri müşahidə edilmir. Hazırda qiymətlərdə müəyyən sabitlik var. Hətta bəzi məhsullarda müəyyən ucuzlaşmalar olub. Mətbuatda iki gün əvvəl belə ehtimallar irəli sürüldü ki, balıq əti ucuzlaşacaq. Əsasları da ondan ibarət idi ki, ölkəyə balıq idxalı genişlənib. Bu inandırıcı görünmür". A.Nəsirli qiymətlərlə bağlı durumun hökumətin atacağı addımlardan asılı olacağını vurğulayıb: "Qiymətlərin bahalaşması, özünü bazarda aparması hökumətin qarşıdakı və ondan sonrakı həftədə verəcəyi qərarlardan çox asılıdır. Gözləyək. Vəziyyəti dəyərləndirmək üçün ən azı bir iş həftəsini geridə qoymalıyıq".

Ukrayna ordusu Rusiyadan Krıma gedən dəmir yolunu bombaladı

Yanvarın 6-da Ukrayna Silahlı Qüvvələri Rusiya ilə Krım arasını birləşdirən dəmir yolunu bombalayıb. Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko “Telegram”da məlumat verib. O bildirib ki, nəticədə dəmir yolu marşrutunun bir hissəsinə çevrilməli olan yarı tikilmiş dəmir yolu körpüsü dağıdılıb. “Dünən Ukrayna Silahlı Qüvvələri Qranitnoye kəndi ərazisində yarı tikilmiş dəmir yolu körpüsünü, yanacaq çənlərini və mühəndis maşınlarını məqsədyönlü zərbə ilə dağıdıblar”, - Andryuşenko yazıb.

Şəhid anası: Arzum var ki, Qarabağ Universitetində magistratura oxuyum

Kürdəmir rayon sakini 52 yaşlı Simuzər Bağıyeva orta məktəbi bitirdikdən 35 il sonra, bu il ali məktəbə qəbul olub. Sozcu.az xəbər verir ki, hazırda Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan Simuzər xanım uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacısı işləyib. Bununla kifayətlənməyərək ötən il fərdi qaydada hazırlaşaraq imtahanlarda iştirak edib, keçid balını toplayaraq tələbə adını qazanıb. “Özümə inanırdım, qarşıma məqsəd qoydum və hədəfə çatdım. Düzdür, bu, o qədər də asan olmadı, həm işləmək, həm də uzun illər məktəbdən ayrılandan sonra yenidən dərs vəsaitləri ilə məşğul olmaq... Bir neçə müəllim yanına getməklə, müxtəlif fənlərdən hazırlaşdım, sonra da imtahanlardan uğurla keçdim”, - deyə o bildirib. Simuzər Bağıyeva ilk dərs günündən də söz açaraq deyib ki, əvvəl bir qədər həyəcanlı olsa da, sonradan öyrəşib: “Düzdür, auditoriyaya girəndə bir az qəribə oldum, çünki hamısı uşaq idi, ən yaşlısı mən idim. Onlar mənim kiçik oğlumdan da balacadırlar. Amma bu, məndə kompleks yaratmadı, əslində onlardan güc aldım, kiçik olmaqlarına baxmayaraq, mənə mənəvi dəstək verdilər”. Simuzər ananın 3 oğulu İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Böyük və kiçik övladı müharibədən sağ-salamat qayıtsa da, ortancıl oğlu gizir Cəmil Həşimli şəhidlik zirvəsinə ucalıb. Oğlunun şəhidlik zirvəsinə yüksəlməsindən bir müddət sonra özünü toparlayaraq yenidən ayaqları üstə durmağı bacaran ana, övladının arzularını reallaşdırmağa qərar verib. “Oxumaq arzum həmişə olsa da, bunu əsasən şəhid oğlumun istəyinə görə reallaşdırdım. Mən həmişə təhsilə, savada üstünlük vermişəm, öz zəhmətimlə övladlarımın ali təhsil almasına dəstək olmuşam. Düşünürdüm ki, nə vaxtsa mən də ali təhsil alacağam, görünür, bu günə qismət imiş. Bütün şəhid analarına da deyirəm ki, bu hadisələr artıq bizim başımıza gəlib, balalarımız şəhid olub. Ona köklənib həyatımızı məhv etməməliyik, yaşamalıyıq ki, onları da yaşadaq. Çünki ağlamaqla, sızlamaqla şəhidlərimizi narahat edirik. Bu səbəbdən də bir şeylə məşğul olmalıyıq, ona görə də mən elə bu yolu seçdim”, - deyə o vurğulayıb. Günün bir neçə saatını dərslərinə ayıran Simuzər xanım qarşıdan gələn imtahanlara hazırlaşır. Əsas hədəfi və planları isə hələ irəlidədir: “Mən şəhid anasıyam, dərsimi oxumayım deyə bir şey yoxdur. Dərslərimi oxuyuram. Hələ bundan sonra arzum var ki, Qarabağ Universitetində magistraturanı oxuyum. Allahdan mən ömür yox, möhlət istəyirəm”. Bu payız tələbə adı ilə bərabər nənə adını da qazanan qəhrəmanımız, asudə vaxtlarını nəvəsi ilə keçirir. Vaxtı olanda ev işlərində gəlininə də kömək etməyi unutmur. (AZƏRTAC)

Qızılca Azərbaycanda daha bir uşağın həyatına son qoydu

Şəkidə altı yaşlı uşaq xəstəxanada ölüb. Yanvarın beşindən altısına keçən gecə rayonun Sarıca kənd sakini, altı yaşlı Yusif müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib. Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir. Qeyd edək ki, son bir ay ərzində ölkədə qızılca xəstəliyindən 10-dək uşaq dünyasını dəyişib.

Bəzi rayonlara qar yağdı – Faktiki hava

Yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, bəzi yerlərdə arabir 31 m/s, Daşkəsəndə 23 m/s, Altıağac, Göyçayda 21 m/s, Göygöldə 20 m/s, Goranboyda 19 m/s, Şəmkir, Şamaxı, Yevlax, Şabran, Naftalan, Tərtər, Mingəçevir, Ağdamda 18 m/s, Lerikdə 17 m/s, Yardımlı, Bərdədə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb. Qar örtüyünün hündürlüyü Lerikdə 7 sm, Ordubadda 4 sm, Sarıbaş (Qax), Şahdağda 2 sm, Əlibəydə (Zaqatala) 1 sm olub. Düşən yağıntının miqdarı Ordubadda 17 mm, Lerikdə 15 mm, Naxçıvanda 12 mm, Biləsuvar, Culfada 10 mm, Şahbuzda 8 mm, Yardımlı, Sarıbaş(Qax), Şərur, Balakən, Astara, Şəki, Zaqatala, Gədəbəy, Lənkəran, Sədərək, Şahdağ, Tovuz, Ceyrançöl, Gəncə, Oğuzda 6 mm-dək olub. Qəbələ, Qrız, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Sumqayıtda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 1-5 dərəcə isti, dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta, aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək. 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək.

İranda həbs edilən Fəridin anasından xahişi…

Fərid bayramda zəng etmişdi. Yeni ilimi təbrik etdi. Dedim ki, mənim bayramım sən gələndə olacaq. Xahiş etdi ki, bacısının xətri üçün bayramı keçirdim. Bu sözləri Axar.az-a İranda həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. D.Əsgərova bildirib ki, Fərid onunla türmədə görüşmək istəmir: “İrana gedib, oğlumla görüşmək üçün SEPAH-dan icazə almaq lazımdır. Oğlum bunu istəmir. Vəziyyətinin yaxşı olduğunu deyir”. Onun sözlərinə görə, oğlu istədiyi kitabla təmin edilmir: “Yalnız fars dilində kitablar oxumaga icazə verirlər. Onları da yaxsı başa düşmür. İngilis, alman dilində kitablara isə qadağa qoyublar”. Qeyd edək ki, F.Səfərli ötən il fevralın 20-də Yena Universitetində təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Sonradan bəlli olub ki, Fərid “casusluq” iddiası ilə saxlanılıb. İran məhkəməsi daha sonra “casusluq” ittihamını “casusluğa cəhd” ilə əvəzləyib və ona 2 il həbs cəzası verilib.

682-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 682-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 363 870 hərbçi, 6 018 ədəd tank, 11 158 ədəd zirehli döyüş maşını, 8 617 ədəd artilleriya sistemi, 950 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 633 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 478 ədəd avtomobil texnikası, 6 787 ədəd PUA, 1 786 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 317 xüsusi avadanlıq itirib.

Dövlət Turizm Agentliyi 150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş verir - Adama 20 litr düşür - ŞOK

Dövlət Turizm Agentliyi "Qərbi Azərbaycan Mətbəxinin təqdimi" adlı tədbir keçirmək niyyətindədir. Açıq tenderin məlumatlarına əsasən təxmin edə bilərik ki, tədbir üç gün davam edəcək, amma əsas tədbir 12 saatlıq banket olacaq. Banketdə 150 nəfər qonağın iştirakı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Vəliyev məlumat yayıb. "Bununla belə, Agentlik 150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş vermək niyyətindədir", - o qeyd edib. Beləliklə, hər adama 20 litr araq düşür. 

Əməkdar artist Gülbahar Şükürlü VƏFAT ETDİ

Əməkdar artist Gülbahar Şükürlü vəfat edib. Bu barədə aparıcı Nuran Hüseynov (Hacı Nuran) instaqramda bildirib. Qeyd edək ki, 62 yaşlı qarmon ustası uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkirdi.

10 və 11-ci siniflər nə üçün lazımdır - Emin Əmrullayev açıqladı

Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür? Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib. "Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik", - nazir vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə müəyyən ilkin çalışmalar var, lakin nazir detalları açıqlamayıb. "Amma inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır", - Emin Əmrullayev bildirib.

Gerasimovun öldürülməsi xəbəri yayıldı - Təcili

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dünən Krıma edilən hücum nəticəsində öldürülməsi barədə məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xəbər verib. Ukraynanın “Cənub” könüllü ordusunun sözçüsü Sergey Bratçuk bildirib ki, Gerasimovla bağlı məlumat alıb: “Orada kimin hədəfə alına biləcəyi ilə bağlı bir çox versiyalar var, hətta Gerasimovun soyadını da eşitmişəm. Bu, yaxşı xəbər olardı, amma məncə, doğru olma ehtimalı azdır, lakin Rusiya ordusunun həmin komanda məntəqəsində bir neçə yüksək rütbəli zabit və ya generalın öldürülməsi faktı realdır”. Qeyd edək ki, V.Gerasimovun ölümü ilə bağlı məlumat təsdiqlənməyib. Ukrayna Təhlükəsizlik Xidməti isə Gerasimovun mümkün ölümü ilə bağlı məlumatı şərh edə bilməyəcəklərini bildirib.

Bakıda güclü külək əsəcək, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir, günün ikinci yarısından zəifləyəcək. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var. Yanvarın 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30 -32 m/s-dək güclənəcəyi gözlənilir.

Ukrayna ordusu Krıma PUA-larla zərbə endirib

Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına və Rusiyanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təkcə Krım səmasında Ukraynanın 36 PUA-sı vurulub. Yarımadaya hücum zamanı ölən və dağıntı olub-olmadığı açıqlanmayıb. Rusiyanın Belqorod vilayətində isə 10 PUA zərərsizləşdirilib. Hücum nəticəsində dağıntılar əmələ gəlib, avtomobillər zədələnib, azı 2 nəfər yaralanıb. Daha bir PUA isə Novorossiysk vilayətində vurulub.

Rusiyanın Ukraynadakı itkiləri 363 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 790 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 363 070 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 14 zirehli döyüş maşını, 30 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.