Yolu süpürən qadını maşın vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb. Bildirilib ki, bulvar ərazisində yolu süpürən 1985-ci il təvəllüdlü Səriyyə Tofiq qızı Zeynalovanı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Hüseyn Əsgərov 12 il 8 ay azadlıqdan məhrum edildi

"Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi il keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hüseyn Əsgərov 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Hüseyn Əsgərovun həmin vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Bu ərazilərimizə qar yağır

09:45 Azərbaycanda noyabrın 26-sı saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Lənkəran-Astara zonasında 10-30 mm, əksər rayonlarda 7 mm, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək yağış qeydə alınıb. Şahdağda isə qar örtüyünün hündürlüyü 1 sm-dir. Qeyd edilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ağstafa, Qax, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Beyləqan, Lerik, Balakən, Şamaxı, Sumqayıtda duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 12, Aran rayonlarında 10, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb. *** Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 26-sı saat 17:00-a olan məlumata əsasən, həmçinin Daşkəsən, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Qusar, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Kürdəmir, Xaçmaz, Ağdam, İsmayıllı, Neftçala, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada yağış yağır, Xınalıq, Şahdağda arabir qar yağır. Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 19, Aran rayonlarında 12, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

Umerov silah almaq üçün Seula gedir

Ukraynanın müdafiə naziri Rustem Umerov silah tədarükü xahişi ilə Cənubi Koreyaya getmək niyyətindədir. Sozcu.az xəbər verir ki, məlumatı “South China Morninq Post” mənbəyə istinadən yazıb. Bildirilib ki, Ukrayna Seuldan zenit raketləri və artilleriya qurğuları almaq istəyir. Yerli ekspertlər hesab edirlər ki, müdafiə nazirinin məqsədinə çatacağı ümidverici görünmür. Ola bilsin ki, Cənubi Koreya Rusiyanın Şimali Koreya ilə hərbi əməkdaşlığını və Trampın hərəkətlərini müşahidə edərək gözləmə mövqeyi nümayiş etdirəcək.

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda fasilələrlə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.

2025-ci ildən maaşlar bu qədər artacaq... - Minimum əməkhaqqı 400 manat olacaq?

Gələn ildən ölkədə minimum əməkhaqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirmişdi. Bəs artım nə qədər olacaq? İqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bu sualları cavablandırıb. “Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Bu məbləğin 400 manat olması gözlənilir. Minimum əməkhaqqının artması avtomatik olaraq büdcə təşkilatlarında çalışanlara təsir göstərir. Eyni zamanda biznes sahəsində çalışanlar da minimum əməkhaqqından aşağı maaş ala bilməzlər. Amma özəl sektorda çalışanlar üçün digər maaşların indeksləşdirilməsinə aidiyyatı yoxdur. Buna özəl sektor özü qərar verir. Sadəcə minimum əməkhaqqı özəl müəssisələrdə verilə biləcək ən aşağı maaş həddini müəyyən edir”. Ekspert bildirib ki, büdcədən maaş alan şəxslərdə isə müəyyən indeksasiyalar gözlənilir. Ümumi olaraq maaşlarda 8-10 faiz artım gözlənilir.

Sabah MSK bələdiyyə seçkilərinin vaxtını elan edəcək

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. Sozcu.az xəbər verir ki, iclasda bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılacaq.

İşdən 70 min manat ələ keçirib, Tiktokda hədiyyə göndərib...

Bakıda işlədiyi univermağın 70 min manata yaxın pulunu ələ keçirməkdə təqsirləndirilən və həmin pulun müəyyən hissəsini Tiktok sosial şəbəkəsində tanışlarına hədiyyə kimi göndərən Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Nicat Abbasov altı il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, o, əvvəl univermaqda operator, daha sonra isə qeyri-rəsmi mühasib vəzifəsində işləyib. Təqsirləndirilən şəxs univermağın mal aldığı firmalara, fərdi sahibkarlara və təchizatçılara ödəniş edilməli olan 69 min 800 manat pulu mənimsəməkdə ittiham olunub. Nicat Abbasov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinib.

Vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edildi - Adlar

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam edir. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat yayıb. Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işlərinin ibtidai istintaqı aparılır. İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Belə ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “SOİL BOONS” MMC tərəfindən ümumilikdə 6.9 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 11.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Cahangir Alim oğlu, Hacıyev Elyar Taryel oğlu, Mirzəmədov Mehman Əjdər oğlu, Qəbilov Saleh Rza oğlu və Əliyev Alı Cahangir oglu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə fiziki şəxs Qurbanov Elxan Sabir oğlu tərəfindən ümumilikdə 3.8 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 6.5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Qurbanov Elxan Sabir oğlu və Xalıqov Fuad Elşad oğlu iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “Roksa” və “Betta Advertising Media” MMC-lərin direktorları Nəcəfov Samir Afət oğlu və Qasımov Rəfayıl Qasım oğlu tərəfindən ümumilikdə 69 min ABŞ dolları (müvafiq dövrün məzənnəsi ilə 118 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən S.Nəcəfov və və R.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində axtarış elan edilib. Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə xaricə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edən fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 3.8 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən B.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Rusiya Federasiyasına meyvə və tərəvəz ixrac edən (fiziki şəxs) Məmmədzadə Qurban Nüsrət oğlu tərəfindən ümumilikdə 516 min ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 878 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Q.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi

Təbrizin Baharistan kollecinin tələbəsi olan 17 yaşlı Nigar Dabbağı saxlanılaraq, Təbriz həbsxanasına köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, gənc “vətəndaşları ölkənin milli təhlükəsizliyinə qarşı çıxmağa təhrik etmək”, “islam respublikasına qarşı təbliğat aparmaq” və “islam inqilabının banisi və İranın rəhbərini təhqir etmək”də günahlandırılır. Nigar Dabbağının Təbriz Dövlət və İnqilab Prokurorluğunun 10-cu şöbəsinin verdiyi qərar əsasında saxlanıldığı bildirilib. Qeyd edək ki, təbrizli yeniyetmə noyabrın 13-də həbs olunsa da, bu barədə məlumat ötən gün yayılıb.

Bayden Trampın andiçmə mərasiminə qatılacaq

Ağ Ev ABŞ Prezidenti Co Bayden və xanımı Cill Baydenin yanvarın 20-də yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimində iştirak edəcəyini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts deyib. “Prezident söz verdi ki, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, andiçmə mərasimində iştirak edəcək, o, birinci xanımla bu vədi yerinə yetirəcək və andiçmə mərasimində iştirak edəcək”, - o bildirib.

Rusiyanın itkiləri 733 mini ötdü

Ukrayna müharibənin 1007-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 733 830 hərbçi, 9 435 ədəd tank, 19 256 ədəd zirehli döyüş maşını, 20 806 ədəd artilleriya sistemi, 1 254 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 042 ədəd avtomobil texnikası, 19 552 ədəd PUA, 2 765 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 683 xüsusi avadanlıq itirib.

Britaniya Ukraynaya “Storm Shadow” raketlərinin yeni partiyasını verib

Böyük Britaniya bu yaxınlarda Ukraynaya “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərin yeni partiyasını təhvil verib. Sozcu.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, çatdırılma Britaniya hökumətinin Ukrayna Silahlı Qüvvələri üçün bu silahların istifadəsinə qoyulan məhdudiyyətləri götürməzdən əvvəl baş tutub. Mənbənin məlumatına görə, söhbət onlarla “Storm Shadow” qanadlı raketlərindən gedir. Qeyd edildiyi kimi, “Storm Shadow” raketlərinin yeni partiyasının Ukraynaya ötürülməsi ilk dəfə Böyük Britaniyanın baş naziri Key Starmerin dövründə baş tutub və o, Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı özünümüdafiəsinə dəstək verməyə davam edəcəyinə söz verib. “İctimaiyyətə açıqlanmayan tədarüklər bir neçə həftə əvvəl həyata keçirilib və Kiyevin uzaqmənzilli raketləri tükəndikdən sonra sifariş verilib”, - mənbə bildirib. Bəzi Qərb mənbələri hesab edir ki, “Storm Shadow” raketləri və onlardan Rusiya ərazisinə zərbələr endirmək üçün istifadəyə icazə verilməsi Ukraynadakı müharibənin gedişatını dəyişməyəcək.

Azərbaycanda hazırlanan kolbasaya nələr qatılır? - Şok detallar

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan laborator yoxlamalar da sübut edir ki, ölkənin əmtəə bazarındakı kolbasaların çox hissəsinin tərkibində ətdən başqa nə desən var. Kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya, heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr də əlavə olunur”. Bunu Bakupost.az -a Azad İstehlakçılar Birliyinin (AYB) sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, kolbasa və sosiska məhsullarına əlavə olunan nitratlar məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır. Kolbasa-sosiska məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır ki, orqanizmdə kalsium və fosforun balansını pozur. Son zamanlar kolbasa və sosislərin hazırlanmasında protein tozundan istifadə edilir. Bu toz heyvan tullantılarından və soyadan hazırlanır: “Kiloqramı 7 manata olan qocalmış heyvan ətləri var ki, yalnız kolbasa üçün yarayır. Lakin kolbasa istehsal edən müəssisələrin çoxu bu ətdən yox, xaricdən gətirilmiş mənşəyi məlum olmayan keyfiyyətsiz ətdən istifadə edirlər. Görünən odur ki, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satılan kolbasa və sosiska məhsullarının çoxunun tərkibi orqanizm üçün zərərli olan məhsul və maddələrdən hazırlanıb”.

Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...

Xəbər verdiyimiz kimi, noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub. Ə.Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə əsasən, əməli sübuta yetirilən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə, 308.2-ci maddəyə əsasən isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xatırladaq ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib."Unikal"

Etibarnamə ilə bağlı YENİLİK – Avtomobili bu şəxslərə...

Ölkəmizdə etibarnamə ilə avtomobil almaq alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu, alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən ciddi risklər daşıyır. Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər. Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ortada etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var: “Vətəndaşlar birinci növbədə bilməlidirlər ki, etibarnamə ilə avtomobil almaq və yaxud satmaq anlayışı qanunvericilikdə yoxdur. Avtomobil yalnız notariat kontorlarda bağlanmış alğı-satqı müqaviləsi və ya Dövlət Yol Polisi İdarəsində bağlanmış alğı-satqı müqavilələri ilə xüsusi mülkiyyət hüququ kimi rəsmiləşdirilir və texniki şəhadətnamə təqdim olunur. Nəqliyyat vasitəsi barədə hər kəs etibarnamə verə bilər. Sadəcə etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var. Ötürülən hüquqlarda əgər şəxs, özünün mülkiyyətində olan etibarnaməni yalnız sürmək hüquqi kimi verirsə, bu həmin etibarnamədə qeyd olunur və sürmək hüquqları təsbit olunur”.  Hüquqşünas qeyd edib ki, artıq ər-arvad öz mülkiyyətlərində olan avtomobili idarə etmək üçün də etibarnamə təqdim etməlidir. “Ümumiyyətlə, istifadə, sərəncam və qeydiyyatla bağlı hüquqlar ötürüldükdə, onlar da etibarnamədə qeyd olunur. Bu hər kəsin bildiyi baş etibarnamə (generalni davernus) anlayışı kimi qəbul edilir. Nəticə etibarı ilə, həmin baş etibarnamə anlayışı qanunvericilikdə olmasa da, şəxsin adından hüquqları digər bir şəxsi ötürə bilir. Yaxın qohumlarla bağlı isə, yaxın zamanlarda Konstitusiya məhkəməsinin qərarı oldu. Ərlə-arvadın birgə və ya paylı mülkiyyəti olmasına rəğmən, onların etibarnamə tələb olunmaqla avtomobili idarə etmə məsələsi gündəmə çıxarılmışdı. Məhkəmənin mövqeyi bundan ibarət oldu ki, paylı mülkiyyət olmasına baxmayaraq, ər-arvad mülkiyyətlərində olan avtomobili idarə etmək üçün etibarnamə təqdim etməlidirlər”.

Pakistanda toqquşma: İslamabada ordu yeridildi

Pakistan Daxili İşlər Nazirliyi müxalif “Təhrik-e-İnsaf” partiyasının tərəfdarlarının rəhbərlik etdiyi polislə etirazçılar arasında ilkin toqquşmalardan sonra İslamabada ordu qüvvələrinin göndərildiyini elan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb. “Daxili İşlər Nazirliyi Pakistan ordusunun İslamabada yeridildiyini açıqlayıb. Təhlükəsizlik qüvvələrinə iğtişaşçıları yerindəcə güllələmək də daxil olmaqla, ekstremal tədbirlər görməyə və təşviqatçılara, eləcə də iğtişaşçılara qarşı qətiyyətlə hərəkət etmək üçün ciddi göstəriş verilib”, - məlumatda deyilir. Nazirlik həmçinin Pakistan ordusuna asayişi qorumaq üçün lazım bildiyi təqdirdə istənilən bölgədə komendant saatı tətbiq etmək səlahiyyəti verib. Qeyd edək ki, Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın təsis etdiyi “Təhrik-e-İnsaf” partiyası noyabrın 24-də ölkə hakimiyyətini parlament seçkisinin nəticələrinə yenidən baxmağa və siyasi məhbusları, o cümlədən, Xanın özünü də azad etməyə məcbur etmək məqsədilə ümummilli etiraz aksiyası keçirib.

Türkiyədə əməliyyat: 50 nəfər saxlanıldı

Türkiyə xüsusi xidmət orqanları 54 nəfəri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib. “İŞİD terror qruplaşmasına qarşı 18 əyalətdə keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb”, - o bildirib. Yerliqaya qeyd edib ki, saxlanılan şəxslər İŞİD-ə üzv olmaqda, terror təşkilatının yaraqlılarına yardım və sığınacaq verməkdə, eləcə də sosial şəbəkələrdə təbliğat aparmaqda şübhəli bilinirlər. Prokurorluq həbslərlə bağlı cinayət işi açıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib.

Qız qaçıran evli şəxs maşının baqajında ölü tapıldı

Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bir müddət əvvəl evli olan,1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad soyad şərtidir) qaçırıb. Ötən gün qızın qardaşları bacıların arxasıyca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər. Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər. Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.

Məni bu günə salanlar utansın - hekayə

Sən Nadir haqqında nə eşitmisən? Bilirəm, indi deyəcəksən ki, Nadir yaxşı müəllim idi. Bu doğrudur. Başqa nə eşitmisən? Nadir çörək pulunu güclə tapırdı. Bu da doğrudur. Yəqin bir də eşitmisən ki, Nadir zəmanə adamı deyil. Ətrafda elə insan tapılmazdı ki, onun haqda pis nəsə danışsın. O, bu hörməti həm xarakterinə, həm də savadına görə qazanmışdı. Təbii ki o, dolanmaqda çətinlik çəkirdi. Axı mən bir az əvvəl bu barədə sənə dedim?! Yazığın aylıq məvacibi növbəti aya çatmırdı. Üstəlik oğlu da xəstə idi. Səhv etmirəmsə bundan da xəbərin var. Nadirin oğlu müharibəyə sağlam gedib yarımcan qayıtmışdı. Düzdür, güllə yarası almamışdı. Ancaq günlərlə ac qalmaqdan, soyuq və nəm səngərdə yatmaqdan mədəsi və digər orqanları sıradan çıxmışdı. Bütün bunlara görə Nadir müəllim ailəsini dolandırmaq üçün dərsdən sonra müxtəlif işlər görürdü. Gah bənnalıq edir, gah da dənizkənarı bağlarda fəhləliklə məşğul olurdu. Çətinliklə də olsa birtəhər ailəsini dolandırırdı. Bir dəfə Saray bağlarındakı villalardan birinin həyətində zibilləri maşına yükləyirdi. Villanın sahibi zəhlətökən adama oxşayırdı. Elə bil Nadir müəllimi incitməkdən xüsusi bir zövq alırdı. Villanın eyvanında oturb Nadir müəllimin üstünə qışqırırdı. Nadir müəllim isə "bir tikə" çörək xatirinə bütün bunlara dözürdü. Nəhayət qaranlıq düşənə yaxın o, işini bitirdi. “Xozeyin” həyətə düşüb Nadir müəllimi yanına çağırdı: -“Ə.ə.ə, bir bəri gəl! Məni tanıdınmı?” – Nadir müəllim diqqətlə ona baxıb tanıdı. Qarşısında duran Qasım idi. İllər öncə Nadir müəllimin şagirdi olmuşdu. Qasım dərslərini yaxşı oxumurdu, avara və tərbiyəsiz uşaq idi. Nadir müəllim onun qapısının zibilini təmizlədiyi üçün pis oldu. Belə bir görüşü heç arzulamırdı. Birdən Qasım burnunu qurdalaya-qurdalaya dedi:  - “Ə.ə.ə, müəllim, yadındadı mənə deyirdin ki, səndən bir şey çıxmayacaq. Görürsən, indi rayonda böyük bir idarənin rəhbəriyəm. Bilirəm utanırsan, utanma müəllim, yaxına gəlib zəhməthaqqını al. Burada sənin bir illik məvacibin var”-deyib, hırıldaya-hırıldaya əlini cibinə saldı. Bir ovuc pul çıxardıb Nadir müəllimə tərəf uzatdı. Nadir müəllim isə ona: – “Mən qəbəhahətli bir iş görməmişəm ki, utanım. Halal çörək qazanmaq nə vaxtdan utanmalı iş olub? Mənim kimi müəllimləri bir parça çərəkpulu üçün sənin kimi parazitlərin qapısında zibil təmizləməyə vadar edənlər utansınlar. Mən niyə utanım?” – deyib pulu da götürmədən qapını Qasımın üzünə çırpıb getdi. Nadir müəllimin sözləri keçmiş şagirdinin sifətinə sillə kimi dəydi. Qasımın atası, Qasıma hər şey vermişdi, pul, maşın, villa, bir sözlə hər şey. Bircə tərbiyə verməmişdi.Çünki özü də tərbiyəsiizin biri idi. Villadan ayrılan Nadir müəllimi isə bir sual düşündürürdü. Görəsən, millətin gələcəyinin qarantı olan müəllimlər nə vaxtadək dərsdən sonra fəhləlik etməyə məcbur olacaqlar?!… Əbil Həsən

Kəndlərə 100 Mbit/s sürət zorla verilir” - Ekspert nazirliyi tənqid etdi

“Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilir ki, ölkə internet sürətinə görə bir sıra beynəlxalq reytinqlərdə yüksəlib. Amma reallıqda demək olar ki, kənd sakinlərinə 100 Mbit/s internet sürəti zorla verilir. İctimai əhəmiyyət kəsb edən məsələ internetin sürəti deyil, provayderlərin sövdələşməsi və minimum tarifi qaldırması səbəbindən məhdud olan seçimdir”. Bunu Bakupost.az -a “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, nazirlik insanların narazılığının və yüzlərlə müraciətin yüksəksürətli internetə çıxışla yox, seçim imkanının olmaması ilə bağlı olduğunu görmür. Dağ kəndinin sakini yüksəksürətli internetlə təmin olunub, lakin onun üçün bu, lazımsız bahalı xidmətdir. Problem sürətdə deyil: “Bu məsələ bağlanıb. Müvafiq idarələrin işi sayəsində nəhayət ki, uzun müddətdir davam edən problemi həll edə bildik. Yenə deyirəm, bu sahədə xeyli işlər görülüb və indi yüksək sürətə ehtiyacı olan abonentlər onları ala bilər. Digər provayderlər hətta 1 Gbit/s-ə qədər yüksək sürətli şəbəkə təklifləri göndərir. Ona görə də tələbi ödəyən sürətlərin mövcudluğunu müəyyən etmək üçün qonşu ölkələrdə və dünyada qiymətlərin müqayisəli təhlilini aparmaq daha məntiqli və faydalı olardı. Rəsmi qurum abonentlərin ehtiyaclarını anlamalı, tələbin strukturunu araşdırmalıdır, ona görə də ümid var ki, onun sonrakı fəaliyyəti aktual problemlərin həllinə yönəldiləcək”.

Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..

Gəncə Dövlət Tibb Kollecinin Tibb bacısı fakültəsinin şöbə müdiri tələbələrdən rüşvət tələb etməkdə ittiham olunub. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, tələbələrdən birinin valideyninin sosial şəbəkədə paylaşdığı bu iddia geniş müzakirə mövzusu olub. İddiada qeyd olunub ki, fakültənin şöbə müdiri Yeganə Abbasova kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb edir. "Tələbələr nəzəri biliklər ala bilmirlər, şöbə müdiri deyir, havayı yerə oxumayın, pul verməsəniz, keçməyəcəksiniz. Artıq pul çatdıra bilmirik", - deyə valideyn qeyd edib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şikayətlə bağlı kollec rəhbərliyinə müraciət daxil olmayıb. "Bildiririk ki, tibb kollecləri tərəfindən imtahan sessiyaları payız və yaz semestrinin sonunda keçirilir. Gəncə Tibb Kolleci tərəfindən imtahanlar beş nəfərdən ibarət İmtahan Attestasiya Komissiyası tərəfindən aparılır. Bundan əlavə, kollecin xüsusi komissiyası fəaliyyət göstərir ki, bu da valideynlər və tələbələr tərəfindən daxil olan şikayətləri araşdırır və müvafiq tədbir görür. Qeyd olunan şikayətlə bağlı isə Gəncə Tibb Kollecinə müraciət edilməyib. Şikayətçi anonim olduğundan ittihamların kimə aid olduğunu müəyyənləşdirmək mümkün deyil, buna baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır. Əlavə olaraq qeyd etmək istərdik ki, anonim şikayətçinin əlində sübutlu faktlar varsa, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edə bilər", - deyə açıqlamada vurğulanır

Trampın komandası Ukraynaya görə Bayden administrasiyası ilə çalışacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası bu il Ukraynadakı vəziyyəti həll etmək üçün hazırkı Amerika administrasiyası ilə birgə çalışacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı, Trampın milli təhlükəsizlik məsələləri üzrə gələcək köməkçisi Mayk Vals bildirib. “Tramp açıq şəkildə bildirib ki, bu münaqişəyə ya razılaşma, ya da atəşkəs yolu ilə son qoymaq lazımdır. Hər iki tərəfin danışıqlar masası arxasına necə gətiriləcəyi və sövdələşmənin parametrləri müzakirə olunmalıdır. Bu, yanvar ayına qədər və ondan sonra bu administrasiya ilə işləyəcəyimiz şeydir", - Mayk Vals “Fox News”a müsahibəsində deyib. O əlavə edib ki, artıq hzırkı milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivanla görüşüb və ABŞ rəqiblərinin keçid dövründən faydalana bilməyəcəklərini qeyd edib.