Yağış, dolu, qar... - Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 70-80% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-3° şaxta, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

İlham Əliyev onu Naxçıvana başçı təyin etdi

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu çayda suyun səviyyəsi 67 sm artdı

Azərbaycan ərazisinə yağan intensiv yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. O qeyd edib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 67, Təngərüdçayda 50, Viləşçayda 17, Şərətükçayda 4, Böyük Qafqazın ərazisindən axan Əyriçayda 21, Qarasuçayda 4, Qudiyalçayda 1, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 4, Gəncəçayda 3, Əsrikçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Oxçuçayda 9, Bəsitçayda 6, Quruçayda və Tutqunçayda 4, Tərtərçayda 3, Bərgüşadçayda 2, Həkəriçayda isə 1 sm artm qeydə alınıb.

985-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 985-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 700 390 hərbçi, 9 193 ədəd tank, 18 538 ədəd zirehli döyüş maşını, 20 121 ədəd artilleriya sistemi, 1 245 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 994 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 28 237 ədəd avtomobil texnikası, 18 280 ədəd PUA, 2 629 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 587 xüsusi avadanlıq itirib.

“Moldova, sən qalib gəldin!” - Prezident seçkisinin qalibindən ilk AÇIQLAMA

Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda 55,04 faiz səslə liderdir, onun rəqibi Aleksandr Stojanoqlo isə 44,96 faiz səs toplayıb. Sozcu.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatda bildirilib. Seçki protokollarının 98,92% faizinin sayıldığı qeyd edilib. “Moldova, bu gün qalib gəldin. Biz birliyə, demokratiyaya və ləyaqətli gələcəyə sadiqliyimizin gücünü göstərdik. Sağ olun, əziz moldovalılar!”, - Sandu özünün X səhifəsində yazıb. Moldovada prezident seçkilərinin noyabrın 3-də baş tutan ikinci turu zamanı ölkənin hazırkı Prezidenti Maya Sandu ilə keçmiş Baş prokuror, rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo mübarizə aparıb. Maya Sandu Avropaya inteqrasiya siyasətini rəhbər tutur. O, 2020-ci ilin dekabrından Moldova prezidenti idi.

Bakıda dəhşətli qətl: Anasının boynunu sındıraraq öldürdü

Bakıda dəhşətli cinayət törədilib.  Sozcu.az “Lent.az”a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.  Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 40 yaşlı Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.  Daha sonra anasının tanışı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib. Həmin şəxs saxlanılıb və prokurorluğa təhvil verilib.

İranda təyyarə qəzaya uğradı: general həlak oldu

İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Quru Qoşunlarına məxsus “Gayrokopter” tipli ultra yüngül təyyarə qəzaya uğrayıb. Sozcu.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAh-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin açıqlamasında bildirilib. Məlumata görə, təyyarə ölkənin cənub-şərqindəki “Sirkan” sərhəd bölgəsində döyüş əməliyyatları apararkən qəzaya uğrayıb. Qəza nəticəsində briqada generalı Həmid Mazenderani və İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının döyüşçülərindən Hamed Candaghi həlak olub.

Aliment ödəməyən 66 nəfər HƏBS EDİLDİ

2024-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının icraatına aliment tələbinə dair 765 icra sənədi daxil olub, icraatda olan aliment tələbinə dair 580 icra sənədi icraatdan çıxarılıb. Sozcu.az xəbər verir ki, bunu nazirliyin icra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev deyib. O bildirib ki, 2024-cü ilin müvafiq dövrü ərzində icraatda olmuş 3699 aliment tələbinə dair icra sənədi üzrə 6243 yetkinlik yaşına çatmayan uşağı saxlanılması üçün ümumilikdə tələbkarlara 3.385.326 manat aliment ödətdirilib. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini üzrsüz səbəbdən icra etmədiyinə görə 66 nəfər borclu inzibati qaydada həbs edilib, 1 nəfər borclu inzibati qaydada cərimə edilib, həmçinin 107 nəfər borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini qərəzli olaraq ödəmədiyindən 1 nəfər borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi başlanılıb. Hazırda icrası davam etdirilin 3179 icra sənədi üzrə ümumilikdə 5025 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tələbkarlara alimentin ödənilməsi davam etdirilir.

Seçkiyə 1 gün qalmış sorğu: Kim öndədir?

ABŞ prezidentliyi uğrunda mübarizə aparan respublikaçı Donald Tramp və demokrat Kamala Harrisin reytinqi açıqlanıb. Sozcu.az xəbər verir ki, NBC-nin keçirdiyi son sorğuda namizədlərin eyni səs aldıqları üzə çıxıb. Belə ki, Tramp kişilər arasında daha populyardır – 58% onu dəstəkləyir, cəmi 40% Harrisə səs verəcəyini bildirib. Qadınlar arasında isə Harris 57%, Tramp 41% səs toplayıb. Qaradərili seçicilər böyük çoxluqla Harrisin tərəfindədir – 87%; Tramp isə qaradərililərin cəmi 9%-dən müsbət cavab alıb. Harris həmçinin 30 yaşdan kiçik seçicilər (57%; Tramp - 41%) və ağdərili kollec təhsilli seçicilər arasında (55%; Tramp 43%) Trampdan öndədir. Tramp isə əyalət seçiciləri (75%; Harris 23%), ağdərili seçicilər (56%; Harris 42%) və kollec diplomu olmayan ağdərili seçicilər (64%; Harris 34%) arasında liderlik edir. Qeyd edək ki, ABŞ-da prezident seçkisi 5 noyabrda keçiriləcək.

Canavarın hiyləsi qoyunun əcəli - hekayə

Canavar qocalıb əldən düşmüşdü. Daha əvvəlki gücü də yox idi. Gözlərinin işığı da azalırdı. Gücü azaldığına görə ov edə bilmirdi. O, hərdən qarnını doyuzdurmaq üçün dağın ətəyində otlayan qoyun sürüsünə hücum edir, ancaq əlinə bir şey keçmirdi. Qoyunlar əvvəlki cəldliyi qalmayan canavarı görəndə, mələşib bir-birlərini və çoban itlərini xəbərdar edirdilər. Bu isə onun asan olmayan işini bir qədər də çətinləşdirirdi. Bir tərəfdən də çobanın itləri canavarı taqətdən salırdı. Canavar başa düşürdü ki, belə davam edərsə bir gün çobanın itləri onu parça-parça edəcəklər.  İtlərin əlindən xilas olsa belə yaxında aclıq onun axırına çıxacaqdı. Canavar bunun üçün uzun-uzun fikirləşir, çıxış yolu axtarırdı. Günlərin bir günündə onun ağlına dahiyanə bir fikir gəldi və o dərhal bunu həyata keçirməyə başladı. Belə ki, o gizli şəkildə birtəhər sürünün yaxınlığındakı qayaların yanına qədər gələ bildi və planını icra etmək üçün əlverişli fürsətin gəlməsini gözlədi. Tezliklə onun gözlədiyi fürsət ələ düşdü. Budur e.e.e bir qoç otlaya-otlaya qayaya yaxınlaşır. Canavar qoçun qarşısına keçərək ədəb-ərkanla: “Salam canavar, necəsən?” - dedi. Özünü itirmiş qoç nə edəcəyini bilməyib donub qaldı. Canavar bu fürsətdən istifadə edərək şirin dilini işə saldı və “Bəli, sən də mənim kimi canavarsan. Ancaq çoban səni qoyun kimi sürüyə qatıb otarır. Həm də bilirsənmi, mən canavar əti yemirəm, qoyun əti yeyirəm sən məndən niyə qorxursan ki? Sən mənim əsl dostumsan. Sənin əsas düşmənin elə o çobandır. O, səni qoyun kimi otarır, axırda da ətini kəsib kabab edib, yeyir. Dərini isə soyub əlinə keçəni yığır dərinin içinə”- dedi. Canavarın sözləri qoçun yaman xoşuna gəlmişdi. O, kefi kök halda otlamağa davam etdi. Canavar planının işə yaradığını görüb bunu sürüdəki digər heyvanların üzərində də sınaqdan keçirtməyə başladı. O, qoyunlardan bəzilərini şir, pələng adlandırır, digər birinə “ayı” deyə müraciət edir, hamısına da oxşar sözlər deyir, çobanı əsas düşmənləri olaraq qələmə verirdi. Maraqlısı orasındadır ki, qoyunlar bu sözlərə inanır, özlərini bənzədildikləri heyvanlar kimi güclü hiss edirdilər. Bunun nəticəsidir ki, onlar artıq canavardan qaçmır, itləri köməyə çağırmırdılar. İndi onların əsas düşməni və nifrət etdikləri çoban idi.   Canavarın işləri düzəlmişdi. Artıq onun qoyunları tutub yeməsi üçün xüsusi əziyyət çəkməsinə ehtiyac qalmamışdı. İndi o, yemək istədiyi qoyunu çağırır, gəzmək və söhbətləşmək adı ilə sürüdən uzaqlaşdırır və yeyirdi. İş o yerə gəlmişdi ki, bəzən bu işdə ona qoyunların elə özləri kömək edirdilər. Bununla belə bəzən sürüdəki hansısa qoyun bundan duyuq düşür, digərlərinə də bunu izah etməyə çalışırdısa da, bunun faydası olmamışdı. Qoyunlar həmcinsinə inanmır, onu canavara elə özləri təslim edirdilər. Onlar əlbəttə sıranın bir gün onlara da gəlib çatacağını anlamırdılar. Özlərini “şir”, “pələng”, “canavar” adlandırsalar da qoyun kimi davranmaqdan əl çəkmirdilər. İndi gəlib çatdıq məsələnin əsas məğzinə! Bir gün, bir qoyun canavarın hiyləsini yerli-yataqlı dərk edib, qoyunların arasında gəzib, öz fəlsəfi fikirlərini yaymağa başlayır. Onun fikirlərinin əsasını “Özünü tanımaq” anlayışı təşkil edirdi. O qoyun həmcinslərinə deyirdi ki: - “Özünüzü tanıyın, həqiqəti dərk edin. Mən sizə heç nə öyrədə bilmərəm, sizləri yalnız düşündürə bilərəm”.  Filosof qoyunun fikirləri heç də digər qoyunların xoşuna gəlmirdi. Bir çoxları hətta onu dəli hesab edirdilər. Filosof qoyun, canavarla mübarizəni daha da sərtləşdirmək qərarına gəlir və canavarın izinə düşür. Canavar da boş dayanmır. Öz qoyun tərəfdarlarına filosof qoyunu izləməyi tapşırır. Hiyləgər canavar, həmən bu qoyunu tələyə salmaq üçün, bir neçə dəfə aldadıcı fənn işlədərək, güya hansısa qoyunu yenə parçalayırmış görüntüsü yaradır. Hər dəfəsində də, həmən bu filosof qoyun mələşərək, cobanı köməyə çağırır. Coban hadisə yerinə çatanda heç nə baş vermədiyini görüb, filosof qoyunu kötəkləyir.  Bu hal bir neçə dəfə baş verir və bir gün, qoyunlar öz aralarında sözləşib, hamısı bir ağızdan susur. Canavar da yenə iş başındadır. Canavar öz hiyləgər planını təkrarlayır. Çoban görür ki, bütün qoyunlar susub, köpəklərdən də səs gəlmir. Ayağa qalxıb atına tərəf getmir, çomağını əlinə almır. Yumuru qarnını sığallayan çoban öz-özünə deyinir: - Qoyunun əcəli çatanda başını çobanın çomağına sürtər! Əminəm ki, indi bu hekayəni oxuyan kəslərdən bir neçəsi, qoyun ətinin necə dadlı olduğunu çox yaxşı bilir... Əbil Həsən

Goranboyda ermənilərin basdırdığı mina partladı

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki hadisə rayon Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb. Kənd sakini 1968-ci il təvəllüdlü M. Cümşüdov özünə məxsus qoyunları əkin sahəsində otaran zaman heyvanlar minaya düşüb. Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Qusarda ağır qəza: bir nəfər öldü, üçü yaralandı

Qusar rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində “Şevrolet Kruz” markalı minik avtomobili ilə “VAZ-2107” markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə zamanı Qusar rayon sakinləri – 2001-ci il təvəllüdlü Savziyev Fərrux Kamran oğlu, 1989-cu il təvəllüdlü Şəkərxanov Orxan Əjdər oğlu və 1999-cu il təvəllüdlü Hasəliyev Amik Nazim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar. Hadisə ilə bağlı araşdırma başlanıb.

Rahat yatmaq istəyirsinizsə bunu için

Çobanyastığının müalicəvi xüsusiyyətindən əsrlər boyu geniş istifadə edilib. Sozcu.az xəbər verir ki, ağrıkəsici və iltihabəleyhinə istifadə edilən bu bitki eyni zamanda sakitləşdiricidir. Bundan başqa çobanyastığı ağır, yağlı qıdaların qaraciyərə olan ziyanını azaldır, sidik yollarını açır, orqanizmi ziyanlı maddələrdən təmizləyir. Çobanyastığı çayını dəmləmək üçün 1 ç.q quru çobanyastığı 1 fincan qaynar suda adi çay kimi dəmləyin, 15 dəqiqədən sonra süzün və bal əlavə edib yatmazdan qabaq için.

"İlhamə Quliyeva üçün ağlamağa dəyməz"

Əməkdar artist Elza Seyidcahan "Bir gün" verilişində qonaq olub. Sozcu.az xəbər verir ki, E.Seyidcahan illərlə küsülü olduğu mərhum Xalq artisti İlhamə Quliyevanın məzarını ziyarət edib. Müğənni proqramda müzakirələrə səbəb olacaq açıqlama verib. O bildirib ki, İlhamə Quliyeva üçün ağlamağa dəyməz.

Tələbə hərəkatı fəalı təkadamlıq kamerada döyülüb

Təbriz həbsxanasında saxlanılan tələbə hərəkatı fəalı Armita Pavir təkadamlıq kameraya salınıb. Bu barədə güney azərbaycanlı vəkil Qasım Bodi məlumat yayıb. Onun sözlərinə görə, həbsxana məmurları tələbə xanımı döyüb, baş və boyun nahiyəsindən yaralayıblar. Qeyd edək ki, Armita Pavir son dəfə 21 sentyabr 2023-cü ildə saxlanılıb, "rəhbəri təhqir etmək və hökumətə qarşı təbliğat" ittihamına görə 22 ay 17 gün azadlıqdan məhrum edilib. O, barəsində çıxarılan hökmü ədalətsiz adlandırıb və buna etiraz olaraq həbsxanada bir neçə dəfə aclıq aksiyası keçirib.GünazTV

Şahin Diniyev istefa verdi

“Səbail"in baş məşqçisi Şahin Diniyev istefa verib. Sozcu.az xəbər verir ki, o, bu haqda qərarını Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə qarşı matçdan (0:1) sonra açıqlayıb. Diniyev keçirdiyi mətbuat konfransında rəhbərliklə görüşdüyünü və öz xahişi ilə istefa verdidiyini söləyib. Ş.Diniyev deyib ki, “Səbail”də bundan sonra nəyisə dəyişmək üçün özündə güc görmür. Qeyd edək ki, "Səbail" hazırda Misli Premyer Liqasında 12 oyundan 7 xalla 9-cu yeri tutur (10 komanda arasında).

Bakı və Abşeronda külək GÜCLƏNİB

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib. Qurumdan Sozcu.az-a bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır. Noyabrın 4-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 4-ü gecəyə doğru və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Sabiq icra başçısının oğlunun meyiti tapıldı

Füzuli rayonunun sabiq icra başçısı Kazım İbişovun oğlunun meyiti kanaldan tapılıb. Yenisabah.az-ın əldə etdiyi eksklüziv məlumata görə, icra başçısının oğlu Yaşar İbişov bir neçə gün öncə itkin düşüb. Bu gün rayonun Qayıdış qəsəbəsi ərazisində yerləşən beton kanal deyilən yerdən Kazım İbişovun oğlunun meyiti tapılıb. Meyit ailəsinə təhvil verilib.  Faktla bağlı araşdırma aparılır.

Türkiyədə partlayış: Ölən və çox sayda yaralanan var

Türkiyənin Çorum şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində azı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə eyniadlı vilayətin qubernatoru Əli Çalqan məlumat verib. "Bizdə olan məlumatlara görə, məişətdə qazın partlaması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb", o "TRT Haber" telekanalına açıqlamasında bildirib. Partlayış nəticəsində evin bir neçə mərtəbəsi, demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə zərər dəyib.oxu)

Ərdoğan Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gələcək. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin noyabr ayında nəzərdə tutulan səfərlərinin proqramında bildirilir. Məlumata əsasən, Türkiyə Prezidenti 11-12 noyabr tarixlərində COP29-da iştirak etmək üçün Bakıda olacaq. Qeyd edilir ki, konfransda Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır Tullantı Layihəsi” çərçivəsində bəzi tədbirlərin təşkili də nəzərdə tutulur. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

İspaniya kralı hücuma məruz qaldı

İspaniya kralı VI Filipp və həyat yoldaşı Letisiya Valensiyada daşqından əziyyət çəkənlərin hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə TVE kanalı məlumat yayıb. Məlumata görə, kral və kraliça Valensiyaya, daşqınlardan çox zərər çəkmiş Paiporta və Çiva rayonlarına yollanıb. Toplaşanlardan bəziləri onlara tərəf palçıq atmağa başlayıblar. Etirazçılar VI Filipp və Letisiyanı “qatil” adlandırıblar.

Bakıdan mülk almayın! - Ekspert

"Bakıda mülk almayın! O cümlədən gələcəkdə daha baha satmaq məqsədilə. Əvvəla, uzunmüddətli perspektivdə qiymətlər düşəcək. Ekologiyası bərbaddır, xəstəlik məkanıdır. İnfrastrukturu ondan da bərbaddır: hələlik dövlətin bir az pulu var deyə total korrupsiyaya baxmayaraq bir təhər problemlər yola verilir, amma yekunda elə günə düşəcək ki, yaşanası məkan olmayacaq, 90-cı illərin işıq, su və s. problemi bunun qarşısında heç nə kimi görünəcək". Sozcu.az xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib: "Ən əsası isə, bizdə mülkiyyət hüququna təminat yoxdur. Hər an əlinizdən alına bilər (məhkəmələr də buna qanuni don geyindirəcək). Gələcəkdə isə mütləq alınacaq! Çünki görünən odur ki, bizdə kapitalizm eksperimenti uğursuz oldu: çox dar dairədəki insanların xeyrinə oldu, onlar saysız-hesabsız əmlaka sahib oldu, əksəriyyət isə get-gedə daha da kasıblaşır. Buna görə də əvvəl-axır bu və ya digər şəkildə milliləşmə (özəl mülkiyyətin dövlətə keçməsi) və hər kəsə sahib ola biləcəyi daşınmaz əmlak həcminə məhdudiyyətin tətbiqi qaçılmazdır..."

Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ

Ukrayna cəbhəsində tutulan əsgərlərdən birinin Şimali Koreya vətəndaşı olduğu bildirilib. Bu hadisə, Rusiya-Ukrayna müharibəsində iştirak edən xarici qüvvələr mövzusunu yenidən gündəmə gətirib. Məlum olub ki, Ukrayna qüvvələri tərəfindən əsir götürülən bu şəxs, Şimali Koreyanın Rusiya tərəfdən müharibədə iştirak etdiyi iddialarının əyani sübutu ola bilər. Musavat.com-un əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan fotolarda Ukrayna əsgərləri, Şimali Koreya ordusuna aid hərbi şəxsiyyət vəsiqəsi tutaraq görüntülənir. Əgər bu fakt təsdiqlənərsə, bu, Ukrayna tərəfindən tutulan ilk Şimali Koreyalı əsgər olacaq və uzun müddətdir dünya mediasında müzakirə edilən iddiaları gücləndirəcək. Qeyd edək ki, bu iddialara görə, Şimali Koreya, Rusiya ilə olan yaxın münasibətləri çərçivəsində ona gizli hərbi dəstək verir. Şimali Koreya əsgərlərinin Rusiya tərəfində döyüşdüyü iddiaları artıq dünya mediasında dəfələrlə gündəmə gətirilib. Əvvəllər əsasən fərziyyələrə və kəşfiyyat məlumatlarına əsaslanan bu iddialar, indi faktlarla təsdiqlənmiş ola bilər. Bu vəziyyət, Rusiya və Şimali Koreya arasında güclənən hərbi əməkdaşlıq fonunda, regionda və beynəlxalq miqyasda yeni təhdidlər doğurur. Analitiklər hesab edir ki, bu inkişaf müharibənin miqyasını daha da genişləndirə bilər. Rusiya tərəfdən döyüşən xarici qüvvələrin iştirakının sübut olunması, Qərb dövlətlərinin Ukrayna ilə bağlı siyasətinə və regional təhlükəsizlik strategiyalarına təsir edə bilər. Eyni zamanda, Cənubi Koreya və ABŞ da bu xəbərlərə reaksiya verərək, bölgədəki təhlükəsizlik tədbirlərini sərtləşdirə bilər. Bu hadisə, Ukraynanın müharibədə daha çox dəstək və müdafiə resursları tələb etməsi üçün yeni bir arqument kimi istifadə oluna bilər. Ukrayna tərəfi, Rusiya ilə mübarizədə yalnız təkbaşına deyil, həm də potensial müttəfiqlərin və onların gətirdiyi təhdidlərə qarşı mübarizə apardığını göstərmək istəyir. Gələcəkdə Şimali Koreyanın müharibədəki rolu ilə bağlı daha çox məlumatın ortaya çıxması, regionun güc balansını dəyişə və müharibənin nəticələrinə ciddi təsir göstərə bilər.

"Bələdiyyə seçkilərinin gecikdirilməsi seçki Məcəlləsinə ziddir" - Arif Hacılı

Bələdiyyə seçkilərinin bu günə qədər təyin edilməməsi Seçki Məcəlləsinə ziddir.  "Növbəti bələdiyyə seçkiləri ən geci oktyabr ayının 24 dək təyin edilməli idi" . Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. Arif Hacılı qeyd edib ki, mövcud bələdiyyələrin səlahiyyətləri bu ilin dekabr ayının 23-də başa çatır: "Seçki Məcəlləsinə görə hər 5 ildən bir keçirilməli olan bələdiyyə seçkiləri seçkilərə 60 gün qalmış Mərkəzi  Seçki Komissiyası tərəfindın təyin edilir.  Onsuz da seçkiləri xalqa aidiyyatı olmayan, formal bir prosedura çevirmək istəyən Azərbaycan hakimiyyəti nəinki zaman-zaman mürtəceləşdirdiyi qanunlara əməl etmir, üstəlik bu qanunların kobud surətdə pozulmasının səbəbləri barədə cəmiyyətə izahat verməyi belə lazım bilmir".