Nazim Bəydəmirlinin səhhəti PİSLƏŞDİ

Həbsdə olan iş adamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətində problemlər yarandığı bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli bildirib. Onun sözlərinə görə, bu gün, fevralın 21-də N.Bəydəmirli ilə telefonla danışıb:  "Dedi ki, özümü çox pis hiss edirəm, səhhətimdə problemlər yaranıb". F.Bəydəmirli qeyd edib ki, fevralın 19-da həyat yoldaşını Penitensiar Xidmətin tibb məntəqəsinə gətiriblər: "Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, qan təzyiqini ölçüblər. Qan təzyiqi çox yüksək olub, halbuki heç vaxt onun qan təzyiqi olmayıb. Bir də laboratoriya analizini məsləhət görüblər, Nazim razı olmayıb". İş adamının həyat yoldaşı vurğulayıb ki, o öz inandığı həkimlərin saxlandığı təcridxanaya gəlməsini istəyir: "Bunun üçün rəsmi müraciət edəcəyik". N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ötən il sentyabrın 1-də N.Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, hər iki ittihamı qəbul etmir və özünü ekologiya məhbusu sayır N.Bəydəmirlinin həbs müddəti bir neçə dəfə artırılıb.

Anası tərəfindən xəsarət yetirilən azyaşlı ilə bağlı araşdırma aparıldı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri tərəfindən Ağstafada azyaşlının anası tərəfindən xəsarət yetirilməsi ilə bağlı mediada yayımlanmış məlumatla əlaqədar yerində araşdırma aparılıb. Ombudsman Aparatından Sozcu.az-a verilən xəbərə görə, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri ilə birlikdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında uşaqla görüşərək, onun müalicəsi və səhhəti ilə maraqlanıb, hazırkı vəziyyətinin qənaətbəxş olduğu məlum olub. Bununla yanaşı, uşağın anası və babası ilə də fərdi qaydada görüş keçirilib. Regional Mərkəzin əməkdaşları, eyni zamanda, uşağın məktəbdən kənarlaşdırılması məsələsinin araşdırılması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialının və Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin nümayəndələri ilə də görüş keçirib. Görüşlər zamanı azyaşlının hüquqlarının, o cümlədən təhsil hüququnun bərpası ilə bağlı müvafiq tövsiyələr verilib. Məsələnin nəzarətdə saxlanılması üçün səlahiyyətli orqanlara müraciətlər ünvanlanıb. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncamda deyilir: Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

“İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb”

“İrəvan Bakıdan sülh müqaviləsi layihəsi ilə bağlı daha bir təkliflər paketi alıb”. Sozcu.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib. Armen Qriqoryan həmçinin bildirib ki, Nikol Paşinyan və İlham Əliyev arasında Münxendə keçirilən görüşdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü barədə razılıq əldə olunub. “Hazırda tarixlər müzakirə olunur, lakin tarixlər, yer və format barədə dəqiq məlumat yoxdur”, - Qriqoryan əlavə edib. “Biz işi davam etdiririk, düşünürəm ki, xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsi müzakirə olunacaq”, - Təhlükəsizlik Şurasının katibi bildirib. Ölkə liderləri səviyyəsində görüşün mümkünlüyünə gəlincə, Qriqoryan qeyd edib ki, müzakirələr gedir, lakin yekun qərar yoxdur.

Ermənistan DİN Kamil Zeynallı ilə bağlı açıqlama yaydı - Təcili

Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.​ “Sözügedən şəxs barəsində qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa başlanılıb”, -məlumatda deyilir. Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

Göbələk yeyən ana və iki övladı zəhərləndi

Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib. Sozcu.az xəbər verir ki, şəhərin Məhəmməd Əsədov küçəsində yaşayan 44 yaşlı Samirə Nəzərova, onun 15 yaşlı qızı və 23 yaşlı oğlu dünən səhər saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər. Onlar zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidmətinə müraciət ediblər. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Arvadının qohumunu armaturla döyən şəxsə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Elgün Malıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, üç il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. İttihama görə, hadisə 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində İmişli rayonu, Yalavac kəndində qeydə alınıb. Belə ki, Elgün Malıyev yaşadığı evin küçə qapısı qarşısında həmyerlisinin idarə etdiyi “Nissan Sunny” markalı avtomobili saxlayıb, qohumu, zərərçəkmiş Elman Səfərovla (soyadı şərti) söhbət etdiklərini görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşaraq, avtomobilə minib sürüb çıxıb getmələrini tələb edib. Sonra onun zərərçəkmiş şəxslə arasında mübahisə yaranıb. Nəticədə Elgün əsəbiləşərək həyətinə keçib, küçə darvazasının arxasında yerə sancılmış armatur parçasını əlinə götürüb. O, yenidən  küçəyə çıxaraq Elmanın qarın nahiyəsinə armatur parçası ilə bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib. Hadisədən sonra Elgün Malıyev cinayət məsuliyyətinə cəlb edilib. Qeyd edək ki, zərərçəkmiş Elman Səfərov təqsirləndirilən Elgün Malıyevin qayınatasının əmisi nəvəsidir.(Pravda.az)

Rusiyanın daha bir qırıcısı məhv edildi

Ukrayna ordusu Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 qırıcısını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat verib. Qeyd edək ki, Rusiya 1 həftə ərzində Ukraynada 7 təyyarə itirib.

Erməni mətbuatından şok: Kamil bu "qətlə" görə tutulub

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb. Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. “Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, - xəbərdə iddia olunur. Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıb. Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir.

İrəvandan Kamil Zeynallı ilə bağlı rəsmi açıqlama

Ermənistan Baş Prokurorluğunda Kamil Zeynallının həbsi ilə bağlı məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğudan “Sputnik Ermənistan”a açıqlamada bildirilib. Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. İdmançının iddiasına görə, Rusiyada saxlanılmasının səbəbi Ermənistan tərəfindən axtarışa verilməsidir.

Qızına şiddət göstərən ata həbs edildi

Qızına şiddət göstərən Elnur Məmmədov həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Bildirilib k, Xəzər rayon Məhkəməsinin qərarı ilə Elnur Məmmədov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma başlayıb.

Belə təhsil olan ölkədə bulinq də görəcəksiz, əxlaqsızlıq da... - Sevinc Telmanqızı -VİDEO

Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən olunan zorakılıqdan danışıb. Sozcu.az xəbər verir ki, 156 saylı məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda, 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.  Sevinc Telmanqızı bildirib ki, bu qudurğanlıq, zorakılıq, tərbiyəsizlikdir.  Ətraflı videoda:

"Vecimə də deyil" - Həmcinsini təhqir edən məktəbli

Həmcinsiniə qarşı təhqiramiz hərəkətlər edən 156 saylı məktəbin şagirdi əməlindən peşman olmadığını bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. "Elədiyim şeyi bilirəm. Polis zad görsə, cinayət işi sayılır. Uje eləmişəm. Nəsə də olsa, vecimə deyil. Bir-iki şey var, öyrənim qızdan, atama deyəcəm, zatən qonşumuzdur. Qızın ailəsi ilə də danışılacaq" - deyə o qeyd edib.

Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı?

Azərbaycan hər gün daha da yaşanmaz, dəhşətli bir hal alır. İnsanlar bir-birinə münasibətdə amansızlaşıb, vəhşiləşməkdədir.  Məktəblinin digər məktəblilər tərəfindən təhqir olunması, aşağılanaraq video çəkilməsi göstərdi ki, Azərbaycanda insani duyğuları, dəyərləri vəhşilik əvəz edib və etməkdədir. Başqasını aşağılamaqdan, təhqir etməkdən, söyməkdən, tikə-tikə doğramaqdan və yaxud da kəsici alətlərlə deşik-deşik etməkdən zövq alanların sayı durmadan artır.  Öz anasını, atasını, bacısını, qardaşını amansızca qətlə yetirən, öz qızını, hamilə həyat yoldaşını kəsici alətlə deşik-deşik edən, ulu nənəsi yaşında qadını məsğərəyə qoyan, öz həmyaşıdını aşağılayaraq təhqir edənlər bu məmləkətdə birdən-birə necə peyda oldu?  Bəli, hər biri öz fərdi olaraq cəzalarını alacaqlar və hüquq çərçivəsində nə lazımdırsa onlarla bağlı həyata keçiriləcəkdir.  Bəs yaxşı, bu yetərli olacaqmı ?  Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı?  Dəhşətli hadisələrin psixoloji, sosioloji, ictimai-siyasi səbəblərini kimsə araşdıracaqmı?  Azərbaycan kimi məsuliyyətsizliyin hökm sürdüyü ölkələrdə belə bir dəhşətli hadisələrin törəyici səbəbləri heç kəsə maraqlı olmadığı bəllidir. Amma gəlin düşünək, bu hallar daha da dərinləşsə heç kəs özünü sığortalaya bilməz ki, bu hadisələr bizim ailəmizdə, qohum-əqrabamızda, qonşumuzda baş verə bilməz. Təhsilin ayaqlar altında olduğu ictimai düzəndə, öz işindən başqa bir şey düşünməyən "müəllimlərin" seçki saxtakarlığında baş rolda ifaçılıq etdiyi mühitdə, insanları sağaltmaq əvəzinə xəstəliklərə düçar edən səhiyyənin, həkimlərin canımıza daraşdığı dövrdə, Hüquq-Ədliyyə-Məhkəmə sisteminin cinayətlə iç-içə olduğu məmləkətdə insanı dəhşətə gətirən hadisələrin baş verməsinə heyrətlənməyə dəyməz. Bir-biri ilə bağlı olan və məsuliyyətdən uzaq bu mühit korrupsiyanın nəticəsində ortaya çıxıb.  Vətəndaş məsuliyyətinin olmadığı, hüququn şüar olduğu, təhsili məktəb binalarında toplaşmaqdan və dağılışmaqdan ibarət olan ölkələrdə bundan başqa bir nəticəni gözləmək sadəlövhlükdür. Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

Mənəvi çöküş

Azərbaycan hər gün dahada yaşanmaz, dəhşətli bir hal alır. İnsanlar bir-birinə münasibətdə amansızlaşıb, vəhşiləşməkdədir. Məktəblinin digər məktəblilər tərəfindən təhqir olunması, aşağılanaraq video çəkilməsi göstərdi ki, Azərbaycanda insani duyğuları, dəyərləri vəhşilik əvəz edib və etməkdədir. Başqasını aşağılamaqdan, təhqir etməkdən, söyməkdən, tikə-tikə doğramaqdan və yaxud da kəsici alətlərlə deşik-deşik etməkdən zövq alanların sayı durmadan artır.  Öz anasını, atasını, bacısını, qardaşını amansızca qətlə yetirən, öz qızını, hamilə həyat yoldaşını kəsici alətlə deşik-deşik edən, ulu nənəsi yaşında qadını məsğərəyə qoyan, öz həmyaşıdını aşağılayaraq təhqir edənlər bu məmləkətdə birdən-birə necə peyda oldu ?  Bəli hər biri öz fərdi olaraq cəzalarını alacaqlar və hüquq çərçivəsində nə lazımdırsa onlarla bağlı həyata keçiriləcəkdir.  Bəs yaxşı bu yetərli olacaqmı ?  Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı?  Dəhşətli hadisələrin psixoloji, sosioloji, ictimai-siyasi səbəblərini kimsə araşdıracaqmı ?  Azərbaycan kimi məsuliyyətsizliyin hökm sürdüyü ölkələrdə belə bir dəhşətli hadisələrin törəyici səbəbləri heç kəsə maraqlı olmadığı bəllidir. Amma gəlin düşünək bu hallar dahada dərinləşsə heç kəs özünü sığortalaya bilməz ki, bu hadisələr bizim ailəmizdə, qohum-əqrabamızda, qonşumuzda baş verə bilməz. Təhsilin ayaqlar altında olduğu ictimai düzəndə, öz işindən başqa bir şey düşünməyən "müəllimlərin" seçki saxtakarlığında baş rolda ifaçılıq etdiyi mühitdə, insanları sağaltmaq əvəzinə xəstəliklərə düçar edən səhiyyənin, həkimlərin canımıza daraşdığı dövrdə, Hüquq-Ədliyyə-Məhkəmə sisteminin cinayətlə iç-içə olduğu məmləkətdə insanı dəhşətə gətirən hadisələrin baş verməsinə heyrətlənməyə dəyməz. Bir-biri ilə bağlı olan və məsuliyyətdən uzaq bu mühit korrupsiyanın nəticəsində ortaya çıxıb.  Vətəndaş məsuliyyətinin olmadığı, hüququn şüar olduğu, təhsili məktəb binalarında toplaşmaqdan və dağılışmaqdan ibarət olan ölkələrdə bundan başqa bir nəticəni gözləmək sadəlövhlükdür. Ceyhun Nəbi

Ramazan ayı bu tarixdə başlayır - TƏQVİM

Ramazan ayının ilk günü martın 11-nə təsadüf edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin təqvimində qeyd edilib. Bildirilib ki, Qədr gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edəcək. Ramazan bayramı isə aprelin 10-11-də olacaq.

"ABŞ Ukraynaya uzaq mənzilli ATACMS raketləri verə bilər" - "NBC News"

"Belə raketlər Ukraynaya Rusiyanın nəzarət etdiyi Krım yarımadasından daha uzaqlara zərbələr endirməyə imkan verəcək..." "İndiyədək Birləşmiş Ştatlar münaqişənin eskalasiyasına yol verməmək üçün Kiyevə orta mənzilli köhnə ATACMS sistemləri tədarük edib..." Co Bayden administrasiyası Ukraynaya uzaq mənzilli yeni güclü ballistik raketlərin verilməsi üzərində işləyir. Moderator.az xəbər verir ki, bu barədə "NBC News" nəşru iki amerikalı məmura istinadən məlumat yayıb. "Ötən ilin sonunda ABŞ Ukraynaya ATACMS adlanan ordu taktiki raket sistemlərinin tədarükünə başlayıb. Lakin indiyədək onlar yalnız orta mənzilli ATACMS köhnə sistemlərini tədarük edib. Bunların köməyilə buraxılış yerindən 160 km-dən uzaq olmayan hədəfləri vurmaq olar. Məmurların sözlərinə görə, hazırda ABŞ uzaq mənzilli raketlərin yeni versiyasını göndərməyə meyllənir, bu da Ukraynaya Rusiyanın nəzarət etdiyi Krım yarımadasından daha uzaqlara zərbələr endirməyə imkan verəcək", - məlumatda deyilir. Bununla birlikdə, Müdafiə Nazirliyi nümayəndələri nəşrə məlumat verib ki, ABŞ-da ATACMS raketlərinin ehtiyatı məhduddur və onlar ABŞ ehtiyatlarının doldurulması üçün pullar olmadan çətin ki, onları Ukraynaya göndərsin. Amerikalı məmurların sözlərinə görə, əgər Konqres Ukraynaya maliyyələşməni təsdiq etməzsə, ABŞ uzaq mənzilli ATACMS sistemlərini ilk hərbi yardım paketinə daxil edə bilər. Məmurlar əlavə edib ki, ABŞ-ın Ukraynaya göndərmək üçün həmçinin hazır artilleriya döyüş sursatları var. Bundan başqa, məmurlar hərbi yardımın bundan sonra da əngəlləşəcəyi tədqirdə ABŞ müttəfiqlərinin Ukraynaya raketlər verməsini və ATACMS ehtiyatlarının doldurulmasını xahiş edə biləcəyini istisna etmir. Nəşr xatırladır ki, Bayden adninistrasiyası son iki il ərzində Ukraynaya uzaq mənzilli raket göndərməkdən imtina edib. Çünki rəsmi şəxslər USQ-nin onlardan Krıma və ya Rusiyaya zərbələr endirmək üçün istifadə edəcəyi, bununla da münaqişənin eskalasiyasına sövq edə biləcəyindən ehtiyat edib. Lakin indi onların fikri dəyişib. Ukrayna XİN rəhbəri Dmitri Kuleba Münhen Təhlükəsizlik Konfransında deyib ki, amerikalı həmkarı Entoni Blinkendən uzaq mənzilli ATACMS raketlərinin verilməsini xahiş edib.  Onun fikrincə, belə döyüş sursatları Rusiyanın hərbi potensialını məhv etməyə kömək edəcək və ukraynalılar üçün "mühüm rəmz" olacaq. Ukrayna üçün ATACMS raketləri - son xəbərlər Xatırladaq ki, ABŞ yararlılıq müddəti bitən yüzlərlə  ATACMS qurğuları və onlar üçün "Lockheed Martin" şirkətinin istehsalı olan raketləri utilizasiya etmək istəyir. Qeyd edilir ki, buna vergi ödəyicilərinin xeyli pulları xərclənəcək. Lakin Pentaqon bu məlumatı təkzib edib. "Mən bu məlumatlara mətbuatda rast gəlmişəm. Bu, həqiqətə uyğun deyil. Belə məlumatlar yanlışdır", - bunu Pentaqon nümayəndəsi general Patrik Rayder bəyan edib.

İmamoğlu daha şanslıdır, Yavaş rahat seçiləcək - Erbakanın oğlu

"Bizim dəyərləndirməmiz İstanbulda Ekrem bəyin daha şanslı olduğu, qazana biləcəyi yönündədir". Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu mərhum siyasətçi Necmettin Erbakanın oğlu, Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan deyib. "Xüsusilə Fatih, Üsküdar, Eyüp kimi rayonlarda sürpriz edə bilərlər. Ankarada isə Mansur Yavaşın rahat seçilə biləcəyini təxmin edirəm". Qeyd edək ki, F.Erbakanın partiyası prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyib. Yerli seçkilərdə isə hakim partiya ilə aparılan müzakirələr uğursuzluqla nəticələnib. Yenidən Rifah Partiyası öz namizədlərini çıxarıb.

Şarl Mişel Paşinyanla sülhdən DANIŞDI

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Mişel özünün "X" hesabında yazıb. Telefon danışığı zamanı Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunub. “Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, - Mişel bildirib.

Gənclərin sevimli əyləncəsi: Ağ ciyəri, ürəyi sıradan çıxarır - XƏBƏRDARLIQ

Son vaxtlar insanlar arasında elektron siqaretlərdən istifadə xeyli populiyarlaşıb. Bir çoxları elektron siqaretlərin adi siqareti əvəz etdiyini və zərərsiz olduğunu düşünür. Elektron siqaretlərin artımını statistik göstəricilər də əsaslandırır.  Təkcə 2023-cü ildə ölkəyə 1.16 mln. ədəd bir dəfə istifadə edilən elektron siqaret və 1.55 mln. ədəd elektron siqaret mayeləri idxal edilib. Bu isə öncə ildən 61 faiz daha çoxdur. Bəs görəsən elektron siqaretlər insanların düşündüyü kimi həqiqətən zərərsizdirmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev elektron siqaretlərin insan orqanizmində olduqca ciddi fəsadlar törətdiyini qeyd edib:  “Siqaret özü günümüzdə yetərincə ciddi bir bəla olaraq qalır. Digər tərəfdən elektron siqaretlər də insan səhhətində ciddi fəsadlar törədir. Bildiyimiz adi siqaretlərin tərkibində tüstü var və bu tüstünün tərkibində qətran və nikotin mövcuddur. Nikotin asılılıq yaradır, tüstü isə özlüyündə insan bədəninə ziyan vurur. Elektron siqaretlərin də tərkibində nikotin və tüstü olur. Yəni məntiq olaraq eyni şeydir. Ağciyərlər sadəcə təmiz hava qəbul etmək üçün yaradılıb. Tüstü və digər maddələr ağciyərlərin funksiyasına zərərlidir. Elektron siqaretlər yeni-yeni yarandığından zərərlərin tam forması hələki naməlumdur. Bunu tam müəyyən etmək üçün bir müddət müşahidə aparmaq lazəmdır. Ancaq son araşdırmalarda elektron siqaretlərin meydana gətirdiyi xüsusi xəstəlik qrupu aşkarlanıb. Bu onu göstərir ki, elektron siqaretlər adi siqaretlərdən heç də təhlükəsiz deyil. Hətta bəlkə də daha təhlükəlidir. Məsələn, asma və buna bənzər xəstəlikdən əziyyət çəkən insanların elektron siqaretlərdən istifadəsi qətiyyən yolverilməzdir. Elektron siqaretlərin ağciyər və tənəffüs sistemində müxtəlif xəstəlikləri olanlara ciddi dərəcədə yan təsirləri var. Elektron siqaretin zərərsiz olduğunu bildirənlər sadəcə marketinq məsqədləri güdür və bütün deyilənlər yalandır".  Həkim elektron siqaretin ağciyərlərdə su yığılmasına səbəb olması ilə bağlı iddialara da aydınlıq gətirib:  “Siqaret və elektron siqaretlər ağ ciyərlərdə birbaşa su əmələ gətirmir. Ümumiyyətlə, götürdükdə ağ ciyərlərdə su yığılmasının səbəbləri olduqca çoxdur. Bunların başında ağciyər xərçəngi durur. Digər tərəfdən, ürəyin normal işləməməsi də ağ ciyərlərə su yığılmasına gətirib çıxarır. Ürəyin normal işləməməsinin əsas səbəblərindən biri də məhz siqaretlə bağlıdır. Bu səbəbdən siqaret, o cümlədən elektron siqaretlər bu xəstəliyin yaranmasında da yan təsir göstərir”. 

"Nəvəmin başına yumurta vurublar, saçlarını kəsiblər” - Təhqir olunan qızın nənəsi - Video

“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”. Sozcu.az xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.  O əlavə edib ki, nəvəsi hadisədən sonra evə qayıdanda heç kimə heç nə deməyib: “Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gəlib-gedib. İki övladı var, ərköyün və firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızın bibisi Qala məktəbində direktor işləyib. Həmin qız çox fironluq edir, onunla bacarmırlar”. Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.

Məktəblilərin qeyri-etik davranışı: cinayət işi qaldırıldı

156 nömrəli məktəbin XI sinif şagirdinin 2023-cü il, yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə cinayət işi qaldırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. O bildirib ki, hazırda istintaq hərəkətləri davam etdirilir.

Qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur - ƏHMƏD ƏHMƏDOV TƏCRİDXANA REJİMİNİ POZUR

Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Gununsesi.info-nun xəbərinə görə, təcridxanada 1 nəfərlik kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir. Bu isə Əhmədovun saxlanıldığı II korpusdakı digər məhbusların rejiminə mənfi təsir  edir. Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir. Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur.

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Elçin Süleymanovun atası dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, şəhidin atası Tehran Süleymanov uzunsürən xəstəlikdən vəfat edib. Mərhum Füzuli rayonunda dəfn edilib. Qeyd edək ki, 1991-ci il təvəllüdlü Elçin Süleymanov 30 sentyabr 2020-ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. O, ailəli olub, bir qız övladı yadigar qalıb.