BDU-nun hüquq fakültəsinin tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev vəfat edib.  Bu barədə Sozcu.az-a BDU-dan məlumat verilib.  Qeyd edək ki, Elçin Əliyev BDU-ya 600-dən yuxarı balla qəbul olunub, Universitetin təhsil göstəricilərinə görə fərqlənən tələbələrindən olub. 

DƏHŞƏT! Şir 14 yaşlı qıza hücum etdi

Ruisyanın Saratov şəhərində şir 14 yaşlı qıza hücum edib.  Bakupost.az xəbər verir ki, şəhərdə müəssisələrdən birinin ərazisində saxlanılan şir 14 yaşlı qıza hücum edib və üzünü tutan yeniyetmənin hər iki əlini yaralayıb.  Xəsart alan qız xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırılmaya başlanılıb. Əyalət prokurorluğu təhlükəsizlik tədbirlərinin pozulması və hadisənin bütün detallarını araşdırır. Vəhşi heyvanın saxlanması ilə bağlı qanunvericiliyin tələblərinin poulub-pozulmadığı aydınlaşdırılacaq.

Gəncədə nə baş verir? – Yüksək vəzifəli şəxslər...

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində korrupsiya faktları ilə əlaqədar güc orqanlarının əməliyyatı başlayıb. Bu barədə bəzi qeyri-rəsmi mənbələr bildiriblər. Günün ikinci yarısında Baş Prokurorluq KİV-i yoxlanılmış məlumatları dərc etməyə çağırıb. Eyni zamanda, Gəncə əməliyyatı barədə məlumat təkzib edilməyib. “Turan” İnformasiya Agentliyi isə bildirib ki, qeyri-rəsmi məlumatlara görə, güc qurumları ölkənin ikinci böyük şəhərinin İcra Hakimiyyətinin ən azı iki yüksək vəzifəli məmurunu saxlayıblar.

“İldə bir-iki dəfə müayinə olunuram” - Ramiz Mehdiyev

Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb. Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır: “Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.

Rusiyada dəmiryolu körpüsü partladılıb

Rusiyada dəmiryolu körpüsündə partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb. Hadisə Samara vilayətində qeydə alınıb. Naməlum şəxslər bu gün səhər saatlarında dəmiryolunin Zvezda-Çapayevsk hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib. Moskvadan hərəkət edən üç sərnişin və bir elektrik qatarının hərəkəti dayandırılıb. Partlayış baş verən ərazidə xüsusi xidmət orqanları və istehkamçılar çalışır. Ölən və yaralananlar barədə məlumat yoxdur. Yolda hərəkətin nə vaxt bərpa olunacağı bildirilmir.

NATO-nun genişmiqyaslı təlimi keçirilir

Bu gün Şimali Atlantika Alyansının (NATO) "Skandinaviyalıların cavabı 24" (“Nordic Response 24”) adlı genişmiqyaslı hərbi təlimləri başlayır. Sozcu.az xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçiriləcək. Təlim martın 15-dək davam edəcək. Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur. “Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.

Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi - YENİLƏNİB - FOTO

09:22 Göyçay rayonunun Müskürlü kəndi ərazisində "Kia" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Sozcu.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb. ---------- 07:57 Göyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Bildirilir ki, "Kia" markalı avtomobil idarəetməni itirərək kanala düşüb. Əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. 

Rusiya Ukraynada daha 1150 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1150 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 417 950 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 21 zirehli döyüş maşını, 22 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Ramiz Mehdiyevin vəziyyəti ağırlaşdı, İsrailə aparıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb. Sozcu.az Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb. Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan R.Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.

Azərbaycanın taleyinin əzablarına qatlaşan qadın : HELENA HOFFMANN

Helena Hoffman haqqında danışarkən nəvəsi Nilgün Saryal onu Alman doğulub, türk kimi ölən qadın adlandırmışdı. Həyat hekayəsi Almaniyadan başlayıb Azərbaycan, İran və Türkiyədə davam edib. Sıxıntılar, qorxu, cəlbedici məqamlarla dolu bu yaşam sovet zülmləri ilə üz-üzə qalan bir Azərbaycan insanını simvolizə edirdi. Sevgilisi ilə qorxmadan xalqlar həbsxanasına qədər gəldi, buraların hər an ölümlə qaynayan mənzərəsi onu geriyə yox, öz sevgilisi İsmayıl Saryalın alın yazısının parçasına çevirdi. Alman zadəganlığının və aristokratyasının özünəməxsus dəyərlərini özündə canlandıran Helana adınıda, dininidə, dilinidə dəyişərək özünəməxus və kültürlü Azərbaycan türkü bir qadına çevrildi. Onu dəyişən səbəblərin başında Azərbaycan türklərinin səmimiyyəti, sayğıdəyərliliyi, təmiz sevgiləri, müsəlman olaraq başqa kültürlərə qarşı nifrət dolu hisslərdən uzaq olması idi. O fərd olaraq İsmayıl Saryalın vurğunu idi, Azərbaycana gəlişi isə onu Azərbaycan, türk vurğununa çevirdi.     Helena Hoffmann Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri Mir İsmayıl Seyidzadənin Almaniyada oxuyarkən tanış olub, evləndiyi alman bir xanımdır. Mir İsmayıl Seyidzadə Azərbaycan Cümhuriyyəti baş naziri olmuş Nəsib bəy Yusifbəylinin xalası Minaxanımın oğludur.     Helena Hoffmann 9 may 1900-cu ildə Obornikdə doğulub. Mir İsmayıl Seyidzadə yazmış olduğu “Bakı Rüzgarı” kitabında onunla tanışlığı, sevgi həyatı, Azərbaycana gəlişləri, burada onların başına gələnlər və sovet rejimindən xilas olmaqları haqqında maraqlı məlumatlar verib. Mir İsmayıl Seyidzadə Türkiyədə soyad qanuna uyğun olaraq “Saryal” soyadını götürüb. O Türkiyədə mühacirətdə olarkən İsmayıl Saryal adı ilə tanınıb. Saryal Gəncə yaxınlığında bir dağın adı idi. Yurda, onun təbiətinə bağlılıq rəmzi olaraq bu dağın adını soyadı götürmüşdülər. Helena Hoffmann isə Azərbaycana gəldikdən sonra ona Leyla adını vermişdilər. Soyadı isə Seyidzadə olmuşdu. Türkiyədə isə o Leyla Saryal adı ilə tanınırdı. Bütün bu adlar onların yaşamları boyu rəsmi adları olmuşdu. “Bakı Rüzgarı” kitabında isə İsmayıl Saryal özünü Oğuz adı ilə, Helenanı isə ilk dövrlər Helena, sonra isə Alya adı ilə təqdim etmişdi. Bütün bunlar o dönəm üçün gizlilik məqsədi daşıyırdı.     “Bakı Rüzgarı” kitabında İsmayıl Saryal Helena ilə tanışlığı ilə bağlı yazır : Gəzintilərinin birində Elzanı görmək məqsədi ilə Hospisə getdi. Elza onu sevinclə qarşıladı. Söhbət əsnasında Elza bir təklifdə bulundu :     Mən sabah günortadan sonra, bir dostumun doğum gününə dəvətliyəm. İstəyirsiniz, sizdə mənimlə gələ bilərsiniz. Məktəbdən bəri tanışlıq etdiyim Helena yaxşı bir qızdı, görəcəksiniz.     Oğuzun cavabını almadan, tez dostuna zəng etdi, Oğuzunda onunla birlikdə gələcəyini bildirdi.     Ertəsi gün Helenanın doğum günü masası başında toplanan qonaqlar arasında Oğuzda var idi. Qıraq olması səbəbi ilə, bütün qonaqlar kimi, evin xanımı onada xidmət etməkdə idi. Burada Oğuz Helenanın anası və biricik qardaşı ilə tanışdı. Ataları bir neçə il öncə rəhmətə getmişdi.     Yaxın küçədə yaşayan Helena Oğuzun xoşuna gəlmişdi. Onun axtardığı xüsusiyyətlər Helenada var idi: ortaboy, girdəsifət, gülərüz, dizlərinə çatan şabalıdı rəngli saçlar, ölçülü-biçili danışıq. Oğuz onunla dostluq eləmək fikrinə düşdü. Helenanın xüsusi piano dərsi aldığını, həftənin iki günü dərsə getdiyini öyrənmişdi. Bir gün dərsə gedəndə onun qarşısına çıxıb soruşdu :     Gedəcəyiniz yerəcən sizinlə yol yoldaşı olmağıma icazə verərsinizmi ?     Görüş Helenanı həm çaşdırmış, həmdə sevindirmişdi. Yanaşı addımladılar. Getdiyi yer uzaq deyilmiş, söhbətləri uzun sürmədi, ayrıldılar. Oğuz bundan razı qalmadı. Küçədə gəzişib Helenanın çıxmasını gözlədi və onu evlərinəcən ötürdü.     Bu cür başlayan dostluq get-gedə möykəmləndi. Helenanın ailəsi bu vəziyyətlə barışdı və onların dostluğu Oğuz məktəbi bitirənəcən davam elədi. Demək olar ki, gənclər hər gün görüşürdülər. Oğuz bəzən dərsə hazırlığından qalmasın deyə, onun evində məşğul olurdu. Arada Oğuz Helenaya evlənmə təklif etdi, ancaq qızın anası bu məsələni oğlanın təhsilini bitirənəcən təxirə salmasını məsləhət gördü.    Oğuz təhsilini başa vurdu. Gənclər evlənmək barədə öz aralarında qərar qəbul etdilər. Helena Azərbaycana getməyin əleyhinə çıxmadı, heç bir şərt də irəli sürmədi :    Həyatımızı birləşdirmək istəyirik, - dedi, - vahid vücud kimi eyni yolla gedəcək, sevincimizi-kədərimizi bölüşəcəyik. Səni səndən yaxşı tanıyıram. Sənə tamam inanıram. İrəlidə nələrlə rastlaşacağımız barədə indidən düşünmək tezdir. Azərbaycan mənə yad görünə bilər, amma alışaram. Nə qədər ki, sən yanımda olacaqsan, heç nə məni qorxuda bilməz.     Oğuz Helenanın dediklərindən razı qalmışdı. Onu qucaqlayıb öpməkdən özünü saxlaya bilmədi və dedi :     Sənə hər dəfə Azərbaycandan danışanda tünd rənglər qatırdım. Sözlərindən belə başa düşdüm ki, yaranan mənzərə heç də səni qorxutmayıb. İndi həmin mənzərəyə çəhrayı və ağ rənglər vuraq. Xalqımız qonaqsevərdi. Əcnəbi olanda hörmət daha artır. Ora getsək, əyləncəmiz əskik olmayacaq, həftələrlə davam edən gəzintilərdə iştirak eləyəcək, çoxlu dostlar qazanacaq, onlarla yaxşı vaxtlar keçirəcəyik. Hələ çox şeyləri demirəm. Sovetlərdəki aclıqdan söz açırlar. Bunun müvəqqəti olduğuna inanıram. Əlbəttə, belə bir vəziyyət uzun sürməyəcək.     Helena bir neçə gün ərzində anasından razılıq aldı. Amma anası Azərbaycana getmələri barədə eşitmək belə istəmirdi. Amma axırda ailəsi onun Azərbaycana getməsinə razılaşdılar. Onlar çətinlikə Berlindəki Sovet səfirliyindən Azərbaycana gəlmək üçün icazə kağızı ala bildilər. İndi onları min kilometrlərlə yol gözləyirdi.     Berlinin Postdamer Bahnof vağzalından başlayan yolculuq Riqa, Moskva, Gəncəyə qədər davam etdi. Artıq O Gəncədə idi. Almaniyadan Mirismayıl Seyidzadələr ailəsinə alman gəlin gətirmişdi. İlk 3 gün qonaqlar evdə aşıb-daşırdı. Əhval-ruhiyəsi düzəlmiş Helena öz ərinə dedi :     Belə ziyarətçi axınını nə görmüş, nədə eşitmişəm. Həyətdə, otaqlarda adamlarla dolmuşdu. İri samovar onlara güclə çatırdı. Sənə bir həqiqəti deyəcəyəm, amma incimə. Gələn qadınlar arasında bir gözəlinə də rast gəlmədim. Hamısı kök, sifətlərində yara izləri, qısa boylu, əyri ayaqlı idilər. Elə hey mənə baxır, nəsə danışırdılar. Məndə öz aləmimə qapılmşıdım.     Həyat yoldaşının bu cür danışması Oğuzun kefini açdı. Ucadan gülüb dilləndi :     Azərbaycan gözəl qızları ilə öyünür. Sən gördüyün qoca arvadlara baxma, onların işi peşəsi qapı-qapı gəzib, dedi-qodu eləməkdi. Qızlarımız evdən bayıra az çıxırlar. Hələ vaxtımız var. Gözəl, zərif qızlarımızıda görərsən.     Gəncəni gəzdikdən sonra onlar evə döndülər. Onları Oğuzun bacısı qarşıladı. Helenada şəhəri bəyənib, bəyənmədiyini soruşdu. Aldığı cavab belə oldu :     Oğuzun ruhunu oxşayan Gəncənin bağı-bağçası, dağı, meşəsi və adamlarıdır. Burda onun xatirələri qalıb. Oğuzu sevən bağını-bağçasını, dağını, meşəsini və xatirələrinidə sevər.     Helena xanım Gəncəyə gəldikdən sonra ona Leyla adını verirlər. Həmçinin həyat yoldaşının soyadı Seyidzadə soyadını qəbul edir. O Azərbaycanda Leyla Seyidzadə kimi tanınacaqdı. Ad dəyişikliyi ilə bağlı həyat yoldaşı İsmayıl bəy “Bakı Rüzgarı” kitabında işarə edir. Xatirədə ad gizli qalsın deyə Leyla yox, Alya qeyd edilib. İsmayıl bəy xatirələrində bir çox adları öz adları ilə yox, şərti ad altında qeyd etdiyindən Leyla xamında adını belə qeyd etmişdi.     Artıq Leyla Seyidzadə adı ilə tanınan Helena yoldaşı İsmayıl bəy ilə Gəncədə qaldıqdan bir müddət sonra Bakıya köçürlər və beləliklə onların ağır və keşməkeşli həyatı başlayır.     Leyla və həyat yoldaşı Bakıda olarkən Gizli Müsvatın rəhbəri Dadaş Həsənzadə və onun ailəsi ilə yaxın münasibətlərə malik idilər. Dadaş Həsənzadə və İsmayıl bəy gənclik dostları idilər. Bakıya döndükdən sonra bu münasibətləri yenə də saxlayırdılar. Amma sonradan Dadaş Həsənzadə Gizli Müsavat işinə görə həbsxanaya salınır və onun ailəsi ilə sadəcə Leylaxanımgil maraqlanırdı. O həbsxanada olarkən Leyla və Dadaş Həsənzadənin bacısı (Pəri Həsənzadə, C.N) ziyarətə getmişdilər. Bu o zaman çox təhlükəli bir addım idi. Amma Leyla xanım etmişdi. İsmayıl bəy “Bakı rüzgarı” kitabında həmin hadisə ilə bağlı qeyd edir :     Hazırladığı tortu Dadaşın böyük bacısıyla ürəklərini qorxu bürümüş halda ÇEKA-ya apardılar. Girdikləri yeganə pəncərəli və içində boğanaq hava olan gözləmə otağı tünlük idi. Dustaqları bir-bir gələnlərin qarşısına gətirirdilər, səssiz ağlayıb-sızlamaqdan başqa heç nə eşidilmirdi. Hərbi geyimli ÇEKA əməkdaşları kimsənin üzünə baxmadan ora-bura qaçırdılar. Ağlayıb-sızıldayanlara öyrəşmişdilər. İki silahlı əsgər künclərdə keşik çəkirdi.     Dadaşın gətirilmə növbəsi çatmışdı. Bir əməkdaş Alyanın(Leyla, C.N) çiyələkli tortuna süngü sancıb yoxladı. Dəlik-deşik olunmuş tortu Dadaşa vermək fikrindən daşındılar. Alya onu bir tərəfə qoydu. Dadaş digər dustaqlar kimi iki əsgərin arasında gətirildi. Bacısı göz yaşlarını saxlaya bilmədi, əllərilə üzünü örtüb ağlamağa başladı. Dadaş isə əhvalının yaxşı olduğunu göstərməyə çalışırdı. Hətta zarafat eləməyə çalışdı, bir gözünü yumub dedi :     Baxın Alya xanım, gözümün biri yatıb dincəlir, o birisə keşik çəkir oyaqdı.     Bu sözlərdə şübhələnən əsgərlərdən biri dilləndi :     Yerli özünə gəl. Burda eyhamla danışmaq qadağandır. Əsgərlər dərhal da Dadaşı geri apardılar. Qadınlar oradan kədər içində çıxdılar. Alya ərinə şad xəbər apara bilmədi.     Əfsanəvi, Sovet rejiminin sındıra bilmədiyi Dadaş Həsənzadə həbsdə olarkən Leyla Seyidzadəyə onunla görüşmək qismət olmuşdu. Bu faktın özüdə böyük tarixi əhəmiyyətə malik məlumatdır.     Leyla xanım həyat yoldaşı İsmayıl ilə birlikdə sovet ÇEKA-sının izləmələrindən və təqiblərindən özlərini qorumaq üçün tək yolu Azərbaycandan çıxmaqda görürdülər. İran yolu ilə ayrı-ayrılıqda onlar müxtəlif yollarla Azərbaycanı tərk edirlər. İrana keçməklə orada bir müddət qaldıqdan sonra Türkiyəyə mühacirət edirlər. Artıq onların sonuna qədər vətən seçəcəkləri sonuncu dayanacaq Türkiyə idi. Son dayanacaq Türkiyədə onun soyadı da dəyişərək Leyla Saryal adı ilə tanınır. Getdikləri yerlərdə çətinliklər və əzablar həmişə onları izləyib.     Leyla xanımın Türkiyə həyatıda çox maraqlıdır. Türkiyədə onun ən yaxın dostları Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadə və Əziz Alpoutun xanımı Aytən xanım idi. Türkiyədə onun Azərbaycan sevgisinə yeni bir sevgidə əlavə olunmuşdu, bu Türkiyə və Atatürk sevgisi idi.      Belə bir möhtəşəm qadın idi Helena Hoffmann, Leyla Seyidzadə, Leyla Saryal.     Yazını onun şəxsiyyətini bizə anlatmaqda yardımçı olan Nilgün xanım Saryalın sözləri ilə bitirmək istəyirəm :     “ Nənəm çox varlı bir ailənin, çox yaxşı təhsil almış, 4 dil bilən, 4 yaşından başlayraq piano və şan dərsləri almış tək qız idi.     3 yaşında atasını itirmişdi. Varlı bir dost ailənin oğlu ilə beşik kəsdirmişdilər. Amma 18 yaşında Azərbaycan türkünə aşiq oldu. Ailəsini razı salmaq üçün müyyən zaman lazım oldu. 7 dayını qəbul etdirmək üçün çaba göstərmişdi.     1924-cü ildə ürəyinin izində, Azərbaycana getdi. Berlinin lüks məhəlləsindəki böyük evdən, Bakıdakı 1 otağa....     Stalin dönminə qədər pis-yaxşı idarə etdilər.     Bir qızı oldu... 1 yaşında öldü...     Stalin dönəminin zülmü başlamışdı... Bakının küçələrində anasını, atasını öldürdükləri və ya sürdükləri kimsəsiz uşaqlar, pərişan halda qaçır, gecələri küçələrdə dalan maşınlarda enən Çeka polisləri binalara dalıb, insanları tutub aparırdı. Dədəmin dostlarını güllələdilər...     9 aylıq hamiləykən, babamı univeristetdə dərs verdiyi tələbələrdən ikisi Çeka-ya xəbərlədi. Babam, atamın doğulduğu gecə İrana qaçdı.     Qucağında 1 həftəlik atamla, Xəzər dənizi vasitəsi ilə oda İrana qaçdı.1 ilə yaxın İranda yaşadılar. 1 il sonra öncə dəvə, sonra at üstündə Türkiyəyə qaçdılar...     Gənc Türkiyə Cümhuriyyətinə, özgürlüyə, bağımsızlığa, ümidə....     Sərhəddə türk əsgəri, dağda qaçaqlara aid olduğunu düşündükləri bir çadırı açıb, içində yatan bir gənc, sarışın gözəl qadın, bir uşaq tapanda heyrətlənib qaldı. Ondan sonrası həmişə gözəl keçdi həyatımız, Atatürk və türk milləti sayəsində. “Varlığını buna borclusun” həmişə dedi mənə.     Yeriməyə başladığım gündən, məktəbə başladığım günə qədər, hər səhər Anıtqəbirin ilk ziyarətçiləri olduq ikimiz. Çıxarkən xatirələrini, Atatürkü və cümhuriyyətin ilk illərini danışdı. Enərkən danışdı, bıkmadan, usanmadan hər gün.     Əsgərlər “Nilgün gəlmiş” deyə gülərək qarşıladı. Evim kimi gəlirdi Anıtqəbir...    Atamın evi..    Son illərini daha çox danışırdı...    Hər danışdıqca sonda deyərdi:     Əsla ağlama arxamdan, mən çox gözəl bir həyat yaşadım. Babala bir-birimizi çox sevdik. Çox xoşbəxt yaşadıq. Çox rəngli həyat yaşadım, onunla evləndiyim üçün. Almaniyada qalsam, yada 2-ci dünya müharibəsində bir bomba ilə öləcəkdim, yada həyatda qalsam da tək həyat yaşayacaqdım. Mənim həyatım bir film kimi həyacanlı keçdi. Yaxşı ki, Atatürk və qurduğu Türkiyə Cümhuriyyəti vardı. O sayədə varıq. Vətənini sev. Heç bir zaman pes etmə, hər şey düzələr.     Anama gümüş çərçivəli balaca bir Atatürk rəsmi vermişdi, divarıma asmışdıq.Səhərlər qalxanda, yuyunub geyindikdə sonra, öncə and içdirirdi qarşısında, daha məktəbə başlamamışdım :     Türküm, doğruyum, çalışqanam....      Arxamdan sakın ağlama, sevin ki, nənən çox rəngli və xoşbəxt bir həyat yaşadı. 1. Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli – Azərbaycan Cümhuriyyətinin Tələbələri (Tarixi arayış, bəlgələr, yaşamlar), Bakı, 2016. 2. İsmail Saryal – “Bakü Rüzgarı”, Ankara 1998. 3. Fotolar və bir çox şəxsi məlumatlar İsmayıl Saryalın və Helena Hoffmanın nəvəsi Nilgün Saryalın şəxsi arxivindəndir. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Zaurların, kamillərin, baboşların ümidinə qalanlar…

“Azərbaycanda ziyalı yoxdur”, “Kimi dinləyək, kimə baxaq?”, “Nəyi oxuyaq?” formatında tükənməz sualların elə bir o qədər də cavabı var. Əlbəttə, bu və bu kimi sualların hər birinin həqiqət payı da yox deyil. Bu cür suallar verən hər kəsin qarşısına alternativ qoymaq olmursa, yaxşısı susmaqdır. Fəqət, elə suala sualla da cavab vermək olar. Bəs xalq son dəfə hansı ziyalını dinləyib, eşidib? Kimə baxıb? Nəyi oxuyub? Etiraf edək ki, bu məsələlərin kökündə şablonlaşmış sosial şəbəkə söhbətləri də dayanır. Hər məlumatı artıq sosial dünyadan alan adamların qarşısına ziyalı mövqeyi qoymaq, ciddi fikir söyləmək o qədər də asan məsələ deyil. Nəzərə alsaq ki, xüsusi ilə də “sosial şəbəkə xalqı” artıq ziyalının mövqeyinə həm də “bu da iki kitab oxuyub, özünü ağıllı sayır” janrında ironiyalar edir. Məhz bu yerə boş səbəblərdən gəlib çıxılmayıb. Çünki xalq özü də Elçin Lənbəranskilərin çağırışına, Kamil Zeynallıların yaxşı oğlanlılığına, Baboşların, Bayramların, jeton qarşılığında soyunan, oynayan həyadankəm gənc qızların hay-küyünə baxır. Özü də səbəbsiz, əsassız yerə. Məsələn, Baboşu söyür, Bayramdan zəhləsi gedir, amma adını “əyləncə” qoyub baxır. Fərqində deyil ki, bütün bunlar onun şəxsiyyət kimi formalaşmasına necə təsir edir. Bütün bunları həm də onlara təqdim elədilər. Özü də təkcə sosial şəbəkələrlə yox, elə televiziyalarla. Mavi ekranlardan Zaur Baxışəliyevlər, Xoşqədəm Hidayətqızılar insanların ən məhrəm məsələlərini açıb tökdülər. Ekspert qismində dəvət olunan “alimlər”, “professorlar” da gəlin-qayınana davalarına uzun-uzun anlatmaqla məşğul oldular. Dedilər, bu gəlin evdən çıxanda uşağı da özüylə götürübmü? Qərar verdilər ki, filan hadisədə qayınana “əfi ilanlıq” edib. Üstəlik, müvəqqəti pafos qəhrəmanları - Rəşid Mahmudovlar da “Ayə, lotusanmı, ayə? Sana dedim, kənt qızı al, kənt çolpası yeiynən” janrında ziyalı çıxışları etdi, xalqı danladı. Sözsüz, bu prosesdə, məsələn, internet saytların da rolu danılmazdır. Alovu bir az da onlar yellədi. Ən adi xəbərləri ən uyğunsuz başlıqlarla təqdim edib, oxucunu baxşəliyevlərin izləyicisinə çevirdilər. İnternetdə kiçik bir axtarış edən zaman 80-ların, 90-cı illərin əvvəllərində ən azı televiziya verilişlərinə baxırsan, görürsən ki, şairə, yazıçıya, alimə hansı yerlər verilib, tribunalar kimin əlindədir, xalqa sözünü kim deyir. Bəs hanı onlar? Hara getdilər? Onları kim uzaqlaşdırdı? İndi gözünü açıb tiktoker görən uşağa sabah hansı ziyalını, alimi tanıda biləcəksən? Ona necə deyəcəksən ki, ziyalı filankəsdir, sənətkar bu deyil, odur? Heç cür. Proses nəzarət altından çoxdan çıxıb. İndi isə qalır həll yollarını tapmaq. Sözsüz ki, bu məsələlər üç-beş nəfərin emosional deyinməyi ilə də düzəlməyəcək. Görünür, bu prosesdə günahkar həm də hamıdır. Belə bir məqamda Azərbaycan ziyalısı isə mirzəcəlilliyi davam etdirməyə bilməz. Xalq da xalq olub özünü düzəltməli, ən pis halda daxili senzura ilə bayağılığı boykot etməli, özündə dirilik tapıb, səviyyə tələb etməyi bacarmalıdır. Yoxsa, “axırımız necə olacaq” sualının cavabı “onu axıra qalan biləcək” olacaq.(axar) Orxan Saffari

Türkiyə Ordusunun yeni gücü – "Çakır"

Türkiyədə Bayraktar Akıncı Hücum Pilotsuz Uçuş Aparatı milli istehsalı olan “Çakır” naviqasiya pilotsuz uçan raketi ilə həyata keçirdiyi sınaq atəşində dənizdəki hədəfi 100 kilometr uzaqdan dəqiqliklə vurub. Sozcu.az CNN Türk-ə istinadən xəbər verir ki, quru, dəniz və hava platformalarından buraxıla bilən “Çakır” ən müasir xüsusiyyətləri və təsirli döyüş başlığı ilə Türkiyə Silahlı Qüvvələri üçün yeni güc mövqeyidir. “Çakır” stasionar və fırlanan qanadlı təyyarələrdən, hücum pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz dəniz nəqliyyat vasitələrindən, taktiki təkərli quru maşınlarından və yerüstü platformalardan buraxıla bilər. 150 kilometrdən çox diapazona malik “Çakır”ın hədəfləri arasında; Sahilə yaxın yerüstü hədəflər, quru və yerüstü hədəflər, strateji quru hədəfləri, ərazi hədəfləri və mağaralar var. Yerli və milli KTJ-1750 turbo-reaktiv mühərrikə sahib olan “Çakır” dizaynının gətirdiyi çeviklik sayəsində missiyanın planlaşdırılması zamanı müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilər. Qeyd edək ki, “Çakır” hava hücumundan müdafiə sistemləri ilə çətin aşkarlanmaq qabiliyyəti ilə də diqqət çəkir.

"Ürəyiniz rahat olsun deyə uşağınızı rentgen müayinəsindən keçirtməyin" - həkimdən SOS çağırış

"Bilərək ki, rentgen şüaları zərərlidir "ürəyim rahat olsun deyə apardım" deyən valideynlər çoxdur. Ürəyiniz rahat olsun deyə uşağınızı rentgen müayinəsindən keçirtməyin". Musavat.com bildirir ki, bu barədə tanınmış pediatr həkim Aytən İsmayılzadə deyib. Pediatr rentgen şüalarının sağlamlığa çox zərərli olduğunu vurğulayıb: "Rentgen müayinəsi ultrasəs deyil ki, hər istədiyinizdə edəsiniz. Rentgen şüaları da radioaktiv şüalardır.  Necə ki, o, hamilə üçün çox ehtiyatla, dölü şüalanmadan qoruyan xüsusi önlüklə aparılır, eləcə də körpələri də maksimum bu şüalardan qorumağa çalışmalıyıq. Çünki uşaq orqanizmi böyüyən orqanizmdir. Burada hələ hüceyrələrin bölünərək çoxalması davam edir.  Belə hüceyrələr radiasiyaya daha həssas olur. Məsələn, sümük iliyi. Burada həmişə qan hüceyrələri yaranır.  Şüa xəstəliyi zamanı ( orqanizmin yüksək doz radioaktiv şüalanmaya məruz qalması) sümük iliyi  zədələnir. Rentgen şüalarının dozası  müayinəyə görə seçilir. Yəni nəyə baxılacaqsa ona uyğun seçilir, amma biz bilmirik ki, uşaq üçün nə dərəcədə düzgün icra edilir". Pediatr qeyd edib ki, köhnə rentgen aparatlarında şüalanma daha çox olur: "Şüalanma xərçəng riskini artırır. Ona görə də nə vaxt vacibdirsə onda etməliyik. Ətraf mühitdən də şüa alırıq. Amma artığı bizə lazımdırmı? Və ya ehtiyac olmadıqca niyə edək? Bəlkə bu gün öskürən uşaq iki gün sonra yıxıldı bir yeri sındı, rentgen müayinə vacib oldu. Hətta travmatoloji problemlərdə təkrarı rentgen müayinələri lazım olur.  Ona görə də konkret olaraq zərərli bildiyimiz hər şeydən maksimum uzaq olmalıyıq". Aytən İsmayılzadə rentgen müayinəsi ilə bağlı tövsiyələrini də bildirib:  "- Həkimə əlinizdə döş qəfəsinin rentgen müayinəsi ilə gəlməyin. - Həkim müayinə etmədən birbaşa rentgenə yönlədirirsə onu dəyişin. - Evdə müalicə ala biləcək uşağı xəstəxanaya yatırmayın. Orda rentgen müayinə mütləq ki olunacaq. - Yad cisim udan uşağı dərhal rentgen etdirməyin. Sabahı gözləyirik. Ən azından hələ də mədədə ya bağırsaqda olduğunu bilmək uçun vaxt qazanırıq. - Burun axıntısı olduğu zaman adenoidə görə rentgen etmirik, çünki nəticə yalançı pozitiv ola bilər. - Uşağın bud - çanaq müayinəsini 6 aya kimi USM ilə müayinə etmək varkən ertələyib rentgenə saxlamayın. - Bir yerində sınıq-çıxıq şübhəniz olduğunda travmatoloqa getmədən rentgen çəkdirməyin".

Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

Martın 2-si saat 00:40 radələrində Xaçmaz rayon sakini 1990-cı il təvəllüdlü Kamran Niftəliyevə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  Bu barədə Sozcu.az-a Xaçmaz rayon prokurorluğundan məlumat verilib.  Araşdırma zamanı 1986-cı il təvəllüdlü Faiq Cəbrayılovun martın 1-i saat 23 radələrində rayonun Qaraqurdlu kəndi ərazisində yerləşən kafelərdən birinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Faiq Cəbrayılov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. 

Ağdamda mina partladı: xəsarət alan var

2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb. 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib. DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!

Qriqoryan: Ermənistan və Azərbaycan XİN başçıları danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəliblər

 Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Berlində keçirilən görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O qeyd edib ki, hazırda yalnız ilkin nəticələr var və tezliklə sülh sazişinin imzalanması məqsədi ilə onların daha da uyğunlaşdırılması istiqamətində iş aparılır.

Rusları daha da geri çəkilməsinə çalışmalıyıq - Zelenski

Rus qoşunlarını geri çəkə bilməsək, Xarkovu müdafiə etməyimiz çətin olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Niderland Baş naziri Mark Rutte ilə media konfransında çıxışında deyib. "Siz və mən anlayırıq ki, rusları daha da geri çəkilməsinə çalışmalıyıq. Xarkovu başqa yolla tamamilə qorumaq çox çətin olacaq”, - deyə dövlət başçısı bildirib.

Ermənistana silah tədarükündə Rusiyanın payı 10%-dən aşağı düşüb

Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı sazişlərdəki payı 2020-ci ildəki 96%-dən hazırda 10%-dən aşağı düşüb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərinə görə, 2020-ci ildə Ermənistanın hərbi-texniki əməkdaşlığının 96%-i Rusiya ilə ölub. “2021-ci ilin yanvarından bu günə kimi müxtəlif ölkələrlə bir neçə milyard dollarlıq müqavilələr bağlamışıq. Bu müqavilələrdə Rusiyanın payı 10%-dən azdır”, - Qriqoryan bildirib. O, həmçinin bəyan edib ki, 2021-ci ildən Ermənistan tərəfi Rusiyadan silah almağa çalışır, həmçinin Rusiya Federasiyası ilə birlikdə Ermənistan Silahlı Qüvvələrində birgə həyata keçirilməsi planlaşdırılan kompleks islahatlar proqramını hazırlayıb.

"Real"ın bəzi futbolçuları Ançelottidən narazıdırlar

"Real"ın bəzi futbolçuları komandanın baş məşqçisi Karlo Ançelottidən narazıdır.  Sozcu.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Madrid klubunun bir neçə futbolçusu komandada oyun müddətinin azaldılmasından narazıdır. Xüsusilə, bu mövsüm daha çox oyun vaxtı alacağını gözləyən Luka Modriç "Real"dan mövqeyindən məmnun deyil. Arda Güler, Naço Fernandes, Nikolas Pas və Kepa Arrisabalaqa da özlərini klubda narahat hiss edirlər. "Real" hazırda La Liqada 26 turdan sonra 65 xalla liderdir.

"Bunu etdim ki, 30-50 il sonra kiməsə ağız açmayım"

Əməkdar artist Bəsti Bəkirova "7 canlı" proqramında qonaq olub. Sozcu.az xəbər verir ki, toylardan danışan sənətçi bir ildən çoxdur el şənliklərinə getmədiyini bildirib: "Çox nadir hallarda əzizlərimin, mötəbər insanların toyuna yarımsaatlıq gedirəm. Əvvəlki zamanlardakı kimi deyil, vaxt var idi hər gün el şənliklərinə gedirdim. İndi ümumiyyətlə toyların mövsümü deyil. Ayaq problemlərimdən və koronavirusdan sonra çox az hallarda toya gedirəm. Bir ildən çoxdur məclislərdə iştirak etmirəm. Vaxtında qazandığımı elə etmişəm ki, bundan sonra 30-50 il ömrüm qalsa, kiməsə ağız açmayım. İşimi əvvəldən elə qurdum ki, özümü o vaxta kimi idarə edə bilim. Bunların hamısını səmərəli və planlı şəkildə etmişəm". Qeyd edək ki, sənətçinin həyat yoldaşının Nabranda otel biznesi var.

İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu

İsveçrə Avropa Birliyinin (AB) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub. Sozcu.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb. “29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə AB-nin 13-cü sanksiyalar paketinə qoşulub”, - məlumatda diqqətə çatdırılıb. Xatırladaq ki, fevralın 21-də AB Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

"Bayraqdar" PUA-ları Avropa ölkəsinə göndərildi

Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının (PUA) partiyası Albaniyaya gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi bildirib. “Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraqdar” PUA-ları artıq Albaniyadadır! İki gündür montaj və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır. Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”, - N.Peleşi Feysbuk səhifəsində yazıb.

Fransa komandosları Ukraynaya göndərir? - Monde

Fransa Rusiya Federasiyasını “strateji dilemma” qarşısında qoymaq üçün xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukrayna sərhədini keçməsinə icazə verməyi nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə “Monde” qəzeti mənbələrə istinadən yazıb. Qeyd edək ki, Fransa Prezidenti Makron Ukraynaya Avropa qoşunlarının göndərilə biləcəyini istisna etməyib. Avropa ölkələrinin əksəriyyəti, o cümlədən Fransa XİN başçısı Sejurne isə belə bir niyyət olmadığını açıqlayıb. Buna baxmayaraq, Makron sözlərinin “ölçülüb-biçilmiş, düşünülmüş və təsdiqlənmiş” olduğunu xüsusi vurğulayıb.

Operativ Qərargah MƏLUMAT YAYDI

Azərbaycanda son 1 ayda koronavirus infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 513 nəfər sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son ayda COVID-19-dan 28 nəfər vəfat edib. Aktiv xəstə sayı 114-dir. Qeyd edək ki, dekabr-yanvar ayı ərzində 325 nəfər koronavirusa yoluxmuş, 217 nəfər sağalmış, 21 nəfər isə COVİD-19-un qurbanı olmuşdu.