Azərbaycan hər gün daha da yaşanmaz, dəhşətli bir hal alır. İnsanlar bir-birinə münasibətdə amansızlaşıb, vəhşiləşməkdədir. Məktəblinin digər məktəblilər tərəfindən təhqir olunması, aşağılanaraq video çəkilməsi göstərdi ki, Azərbaycanda insani duyğuları, dəyərləri vəhşilik əvəz edib və etməkdədir. Başqasını aşağılamaqdan, təhqir etməkdən, söyməkdən, tikə-tikə doğramaqdan və yaxud da kəsici alətlərlə deşik-deşik etməkdən zövq alanların sayı durmadan artır.
Öz anasını, atasını, bacısını, qardaşını amansızca qətlə yetirən, öz qızını, hamilə həyat yoldaşını kəsici alətlə deşik-deşik edən, ulu nənəsi yaşında qadını məsğərəyə qoyan, öz həmyaşıdını aşağılayaraq təhqir edənlər bu məmləkətdə birdən-birə necə peyda oldu?
Bəli, hər biri öz fərdi olaraq cəzalarını alacaqlar və hüquq çərçivəsində nə lazımdırsa onlarla bağlı həyata keçiriləcəkdir.
Bəs yaxşı, bu yetərli olacaqmı ?
Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı?
Dəhşətli hadisələrin psixoloji, sosioloji, ictimai-siyasi səbəblərini kimsə araşdıracaqmı?
Azərbaycan kimi məsuliyyətsizliyin hökm sürdüyü ölkələrdə belə bir dəhşətli hadisələrin törəyici səbəbləri heç kəsə maraqlı olmadığı bəllidir. Amma gəlin düşünək, bu hallar daha da dərinləşsə heç kəs özünü sığortalaya bilməz ki, bu hadisələr bizim ailəmizdə, qohum-əqrabamızda, qonşumuzda baş verə bilməz.
Təhsilin ayaqlar altında olduğu ictimai düzəndə, öz işindən başqa bir şey düşünməyən "müəllimlərin" seçki saxtakarlığında baş rolda ifaçılıq etdiyi mühitdə, insanları sağaltmaq əvəzinə xəstəliklərə düçar edən səhiyyənin, həkimlərin canımıza daraşdığı dövrdə, Hüquq-Ədliyyə-Məhkəmə sisteminin cinayətlə iç-içə olduğu məmləkətdə insanı dəhşətə gətirən hadisələrin baş verməsinə heyrətlənməyə dəyməz. Bir-biri ilə bağlı olan və məsuliyyətdən uzaq bu mühit korrupsiyanın nəticəsində ortaya çıxıb.
Vətəndaş məsuliyyətinin olmadığı, hüququn şüar olduğu, təhsili məktəb binalarında toplaşmaqdan və dağılışmaqdan ibarət olan ölkələrdə bundan başqa bir nəticəni gözləmək sadəlövhlükdür.
Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri