Rus sərhədçilər İrəvan aeroportundan çıxarılır

Ermənistan hakimiyyəti Zvartnots hava limanında Rusiya sərhədçilərinin varlığını müzakirə edir. Sozcu.az xəbər verir ki, bunu Mülki Müqavilə Partiyasından olan deputat Artur Ovannisyan deyib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizi narahat edir. Partiyamız daxilində müzakirələr gedir, hələ ki, bir qərar yoxdur”, - Ovannisyan bildirib. Mülki Müqavilə Partiyasından olan digər deputat Vladimir Vardanyan da deyib ki, ölkənin hava sərhədlərini ermənilər qorumalıdır. Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyan rus sərhədçilərin Zvardnotsda qalmasının heç bir hüquqi əsası olmadığını bildirmişdilər.

Bakı gözləyir ki, İrəvan bu iddialara aydınlıq gətirsin

Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalyada keçirilən III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.

Zelenskinin Ermənistana səfəri ləğv edildi

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri baş tutmayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hakimiyyətinə yaxın olan teleqram kanalları məlumat yayıb. Bildirilir ki, onun regiona səfəri ləğv olunub. Qeyd edək ki, erməni mətbuatında Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfər edəcəyi barədə məlumat yayılmışdı. Səfərin martın 4-də baş tutacağı deyilirdi.

Məşhur aparıcı ilə ailə quran icra başçısı toyda qonaqlara qadağa qoydu

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparıcı Alidə Mustafayevanın ötən gün toyu baş tutub. Sozcu.az Axşam.az-a istinadən xəbər verir ki, şəhər restoranlarının birində keçirilən məclisdə aparıcılar, şou-biznes nümayəndələri, incəsənət xadimləri iştirak ediblər. Məclisdən qonaqlar fotolar videolar paylaşıblar. Amma gəlin və bəylə foto çəkdirən olmayıb. Belə ki, toyda qonaqlara gəlin və bəyin fotosunun paylaşılmaması ciddi şəkildə tapşırılıb. Hətta bunun üçün xüsusi mühafizəçilər də tutulub. Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onun bu nikahdan dörd övladı var. Cütlük iki il əvvəl boşanıb. Alidə Mustafayeva ATV, ANS TV və İTV-də çalışıb. Hazırda isə “AzTV”də aparıcıdır, eyni zamanda “Aztelekom” MMC və “Baktelecom” MMC-nin mətbuat katibi vəzifəsində çalışır.

İcra başçısının birinci müavini işdən çıxarıldı

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev vəzifədən azad olunub. Sozcu.az cənublu.az-a istinadən xəbər verir ki, Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib. Hazırda Lənkəran ŞİH başçısının birinci müavini ilə yanaşı başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi də boşdur. Qeyd edək ki, M.Babayev 2017-ci ildə icra başçısının birinci müavini təyin edilmişdi.

"Mən deyəndə, 60 faiz adam eşitdiyini başa düşmür, qınayırsınız"

İbtidai siniflərdə dərs yükünün çox olduğunu düşünmürük. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycanda dərs saatı, illəri azdır. "İndi uşaqlar daha az məktəbə gedir, daha az saat tədris olunur. İndiki tədris məzmunu dünya təcrübəsinə uyğundur. Bizim dərsliklərimiz oxu yönümlüdür. İstəyirik ki, oxuduqlarını anlama bacarığı olsun. Mən deyəndə 60 faiz adam eşitdiyini başa düşmür, siz məni qınayırsınız”,- deyə nazir bildirib.

Şagirdlərə şad xəbər

Hesab edirəm ki, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir.

Bakıda ilkin olaraq bu ərazilərdəki evlər sənədləşdiriləcək - AÇIQLANDI

Sənədsiz evlərin inventarlaşdırılması təklif edilir. Bu məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.  Məruzədə qeyd edilirbki, Ombudsman əvvəlki illik məruzələrində ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən, birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsini təklif edib.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, sənədsiz evlərin yerləşdiyi ərazilərə ilk öncə ünvanların təyin olunması olduqca vacib məsələdir.  “Bəzi ərazilər var ki, oradakı evlərə sənəd verilə bilməz. Lakin uzun illərdir ki, həmin ərazilərdə insanlar ev tikib yaşayır. Hansısa müəssisənin balansında olmasından və təyinatından dolayı oradakı evlərin sənədləşməsi qeyri-mümkündür. Buna görə də həmin evlərə qeydiyyata düşmək problemi yaranır. Hazırda çox sayıda ölkə vətəndaşı qeydiyyatsız yaşayır. Bu səbəbdən həmin ərazilərdəki məhəllələrə ünvan da verilmir. Belə olduqda isə hansısa vətəndaşa məktub, çağırış gəldikdə faktiki yaşadığı ünvana deyil, qeydiyyatda olduğu yerə göndərilir. Digər tərəfdən fövqəladə hal zamanı çağırılan təcili yardım, yanğınsöndürən və digər maşınların ünvana çatması müşkülə dönür. Çünki qeydiyyat olmadığı üçün ünvan təyin olunmur, buna görə də insanlar olduqları yeri düzgün izah edə bilmir. Əvvəlcə ünvan təyin olunmalı, daha sonra ona uyğun formada evlərin sənədləşdirilməsinə başlanmalıdır”.  Ekspert Bakıda ilkin mərhələdə bu ərazidə tikilmi. evlərin sənədləşdirilməsinin vacib olduğunu deyib:  “Yaxın dövrdə ilkin formada hansı ərazilərin sənədləşdirilməsi ilə bağlı konkret nəsə demək çətindir. Sənədləşmə ilə bağlı illərlə hansısa qanun layihəsinin təsdiqlənəcəyi, hansısa qərarın veriləcəyi deyilsə də, görünən odur ki, ortada ciddi nəsə yoxdur. Ancaq Bakının mərkəzində yerləşən Yasamal, "Papanin", Alatava və digər ərazilər 100 ildən artıqdır ki, yaşayış massivləri kimi fəaliyyət göstərir. Buralar neft ərazisi və digər təyinatlı torpaq deyil. Bu massivlər sovet dövründə mənzil kommunal istismar sahələri tərəfindən ayrılmış yaşayış məntəqələridir. Qanunvericiliyə əsasən hansısa vətəndaş bir ünvanda 30 ildən artıq yaşayırsa və başqa bir şəxsin bu ünvanla bağlı iddiası yoxdursa, məhkəmə qaydasında həmin əmlakı öz mülkiyyətinə çevirə bilər”. 

Veteranların müavinəti artırılsın - Ombudsman

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. Sozcu.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Sənədsiz evlərlə bağlı açıqlama

İstifadələrində qanunla müəyyən edilmiş qaydada sənədləşdirilməmiş yaşayış sahəsi olan şəxslərin həmin yaşayış yerləri üzrə qeydiyyata alınmaları ilə bağlı problemlərin aradan qaldırılması məqsədilə qanunvericiliklə müvafiq mexanizmin hazırlanması məqsədəmüvafiqdir. Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Təklif edilib ki, ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınsın, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilsin.

Prokuror “Nikosayağı”ya bu qədər cəza istədi

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə istintaqı tamamlanıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror N.Şakirlinin sərxoş vəziyyətdə yol qəzası törətməkdə təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il azadlıqdan məhrum edilməsini tələb edib. Çıxışda qeyd edilib ki, sərbəst mühakimə edilən bloqer məhkəmə zalında dərhal həbs edilməlidir. Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib. Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Hərbçimiz Ermənistanda həbs edildi

Fevralın 28-i səhər saatlarında Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan, daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılan Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat dərc olunub. Bildirilib ki, Ruslan Pənahova qarşı cinayət işi açılıb. News.am Ermənistan İstintaq Komitəsinə istinadla yazır ki, o, təxribata cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur.

Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyət verilə bilər

Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir. Sozcu.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.oxu)

Zurabişvili eyham vurdu: Mişanı əfv edəcək - Təcili

Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərar Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir və buna heç kim təsir edə bilməz. Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. “Mən bu məsələyə münasibət bildirmirəm. Bu, özümün verəcəyim və buna görə də özümə cavabdeh olacağım mənəvi qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi bir məsələ deyil”, - Zurabişvili bildirib. Prezident bununla yanaşı bildirib ki, Saakaşvili real səbəblərdən həbs edilib: “Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Razıyam ki, reputasiya baxımından onun başqa yerdə yerləşməsi daha yaxşı olardı. Bu, hökumətin verməli olduğu bir qərardır. Digər ölkələrin istifadə etdiyi bir çox imkanlar var - ev dustaqlığı, ekstradisiya. Ukrayna ekstradisiyaya hazır olduğunu bildirdi, amma bunun nə dərəcədə rəsmi olduğunu bilmirəm. Beləliklə, imkanlar var”. Qeyd edək ki, bir müddət öncə Ukrayna parlamenti Saakaşvilinin azad edilməsi ilə bağlı Prezident Salome Zurabişviliyə müraciət ünvanlamışdı.

Paşinyan KTMT-dən çıxmaqla hədələdi

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin dondurulması Ermənistanın burada KTMT-də daimi nümayəndəsinin olmaması, yüksək səviyyəli tədbirlərdə iştirak etməməsi deməkdir”. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. Paşinyan bildirib ki, təşkilat öz öhdəliklərini yerinə yetirməsə, Ermənistan KTMT-yə üzvlüyünü hüquqi olaraq donduracaq.

Fərdi evlərlərlə bağlı yeni xəbər: “Qiymətlər kəskin artacaq”

2024-cü ildə Azərbaycanda fərdi evlərin qiyməti artacaq. Sozcu.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya əmlak ekspert Elnur Əsədov məlumat verib. Ekspert hesab edir ki, fərdi evlərin tikintisi ilə bağlı təkliflər az olan ərazilərdə qiymət artımı qaçılmazdır. Elnur Əsədovun sözlərinə görə, turistlərin aktiv axını olan rayonlarda çıxarışla təmin olunmuş torpaq sahələrinin sayı məhduddur: “Həmçinin oktyabr ayında qanunda müəyyən dəyişikliklər olunub. Sənədsiz və qanunvericiliyin tələblərinə uyğun olmayan torpaq sahələrində artıq fərdi evlərin tikintisi mümkün olmayacaq. Çıxarışla təmin olunmuş torpaqların qiymətində isə artım qaçılmazdır”. Elnur Əsədovun fikirincə, ilin sonuna kimi fərdi evlərin qiymətində 15% artım gözlənilir.

5 aya yaxın sürən sabitliyin pozulması... - Bayramov

5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulması sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşündə deyib. Nazir ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirib. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.

Bakı ilə bu müddətdə reqlament layihəsini hazırlayacağıq - İrəvan

Birinci mərhələdə biz iş prosedurunu müzakirə etdik və təsdiqlədik, burada təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili üsulunu təsvir etdik. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentində hökumət saatında baş nazirin müavini Mqer Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiyası prosesindən danışarkən deyib. "Bu mərhələdə biz daha çox metodoloji təsviri özündə əks etdirən birgə fəaliyyətin reqlamentini müzakirə edirik. Biz bu işi başa çatdırandan sonra sənəd məzmunundan, nələrin təsvir olunacağından və hansı konsensusa nail olacağımızdan asılı olaraq çox güman ki, qanun layihəsi şəklində yayılacaq", - o deyib. Mülki Müqavilə Partiyasından olan deputat Sergey Baqratyanın demarkasiya və delimitasiya prosesi ilə bağlı sualı cavablandıran Qriqoryan deyib: “Hesab edirəm ki, əgər biz öz prinsipial mövqelərimiz çərçivəsində qalsaq və layihə ətrafında işlər Almatı bəyannaməsi əsasında aparılarsa, sonra iki-üç ay ərzində reqlament layihəsini hazırlaya biləcəyik, burada da işin metodologiyası əks olunacaq. Metodologiya təsdiq edildikdən sonra həm delimitasiya, həm də demarkasiya prosesi çox vaxt aparacaq, lakin buna baxmayaraq, konkret olaraq nə ilə məşğul olduğumuz hamımıza aydın olacaq".

"İcra başçısının vəzifəsi əlindən alınsaydı, aparıcı xanım ona ərə gedərdimi?"

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toy xəbəri cəmiyyətdə böyük ajiotaj yaradıb və müzakirələrə səbəb olub. Mövzu ilə bağlı yenisabah.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 4 övladı olan icra başçısının dəbdəbəli toy məclisi keçirməsini sərt şəkildə qınayıb: “Hər kəs ailə qura  bilər, bu hamının haqqıdır, lakin sözügedən icra başçısının 4 övladı var. 4 uşağın gözünün qabağında dəbdəbəli toy etmək, özünü göstərmək kimə lazımdır?!  Başqa bir məmurumuz da bir müddət əvvəl aparıcılardan biri ilə ailə qurdu, onun 20-25 yaşında övladları vardı, buna baxmayaraq ikinci evliliyindən olan övladının doğum anlarını sosial şəbəkələrdə paylaşdı. Bu kimi hallar bizim mentalitetimizə, ailə dəyərlərimizə ziddir, bu bizə xas olan addımlar deyil. Evlənirsən, evlən, toy etmək nədir?! 4 uşağın qarşısında toy etmək vacibdir?! Bu onun üçün çoxmu vacib idi?!  Mən hökumətin yerinə olsaydım, gedib həmin icra başçısının fəaliyyətini yoxlayardım. Görək o işini ədalətləmi görür, rayonda hansı işlərlə məşğuldur?”  Hüquq müdafiəçisi bu gün ərə gedən aparıcı Alidə Mustafayevanın sevgisinin saflığına inanmadığını bildirib:  “Görəsən, icra başçısının vəzifəsi əlindən alınsaydı, həmin aparıcı xanım ona ərə gedərdimi?  Onun ərə getdiyi şəxsin 4 övladı var! Mən demirəm evlənməsinlər, amma evlənirlərsə, bunu bu qədər ictimailəşdirib bütün saytlarda, sosial şəbəkələrdə yaymasınlar. Özləri yığışıb aralarında kiçik bir qonaqlıq edə bilərdilər, dəbdəbəli toy vacibdir?! Əgər iki insan bir-birini həqiqətən sevirsə, qarşısındakı qadın da onu başa düşürsə, belə bir şeyə heç vaxt razı olmazdı. Xanımın ilk evliliyinin olmasının bu məsələyə dəxli yoxdur, 37 yox, lap 25 yaşı olsun, əgər o, başa düşən qadın olsaydı, bunu etməzdi. 4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? Mən qətiyyən inanmıram ki, onlar böyük bir sevgi ilə ailə qururlar. İcra başçısı ilə evlənən qız özü bunları düşünməli idi, o 4 övladın qarşısında bu həyatı necə quracaq? Gözəllik bu gün var, sabah gedəcək, həmçinin pul da bu gün var, sonra yoxdur. Açığı, bu məsələdən sonra həmin adamın vəzifədə qalacağına da inanmıram”. 

Ermənistana hücum etmək planımız... - Prezident

Prezident İlham Əliyev Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Borrellin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib. “Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrell bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrell bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, - Prezident deyib. İlham Əliyev qeyd edib ki, bütün bunlar cənab Makronun insinuasiyalarıdır. “Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan antiazərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrell və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. “Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!”

Bayramov Berbokla görüşdü: Normallaşma prosesi...

16:58 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya xarici işlər naziri Annalena Berbok ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub. Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib. Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Berlində üçtərəfli görüş başladı - Foto

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Berlində erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X hesabında bildirb.

Ölkədə devalvasiya həyəcanı: Vətəndaşlar banklara axışdı - Manatın aqibəti necə olacaq?

Azərbaycanda devalvasiyanın olması ilə bağlı bir sıra iddialar vətəndaşlar arasında təşvişə səbəb olub. İnsanların manata olan inamı günü-gündən zəifləyir. Vətəndaşlar banklarda olan vəsaitlərini dollara çevirməklə özlərini mövcud risklərdən qorumağa çalışır, ya da bankdakı əmanətlərini geri çəkirlər. Ekspertlər isə bu barədə narahatlığa əsas olmadığını diqqətə çatdırırlar.  Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu mövzuda sürprizlərin olması istisna deyil:  “Bu kimi hallar mümkündür. Müəyyən dövrlərdə depozitlərin valyuta strukturunda dəyişmələr baş verə bilər. Bu, bazarda yaranan meyllərdən qaynaqlanır. Yaxud valyuta depozitlərinin həcmində müxtəlif səbəblərdən bir neçə dəyişiklik baş verir. Ənənəvi hal daha çox yay aylarında, turizm mövsümü dövrlərində müşahidə olunur.  İndiki şərtlər daxilində düşünmürəm ki, müvafiq təzyiqlər devalvasiya yarada biləcək səviyyədədir. Hazırda Azərbaycanda bütün iqtisadi faktorlar onu göstərir ki, hökümət əgər üzən məzənnə rejiminə keçərsə, manat möhkəmlənəcək. Ola bilər ki, bazarda bir neçə həftə fərqli nəticələr görülsün. Amma sonrakı mərhələlərdə manat möhkəmlənəcəkdir.  İqtisadi faktorlar, neftin qiyməti, tədiyyə balansı, ticarət saldosu, strateji valyuta ehtiyatlarının həcmi kimi faktorlar faktiki olaraq, eyni zamanda hökümətin verdiyi mesajlar onu deməyə əsas verir ki, hökümətin də fikri manatın məzənnəsini sabit saxlamaqdır. Bütün bunlar hazırda devalvasiya üçün heç bir risk olmadığını sübut edir. Devalvasiya yalnız Mərkəzi Bankın qəbul etdiyi və yaxud hökümətin hansısa dairələrinin təsiri ilə qəbul edilən qərar nəticəsində mümkündür. Sosial təsisatlar da kifayət qədər böyükdür. Son iki ildə ciddi infilyasiya göstəriciləri ilə bazarda qiymətlər bahalaşdı. Bu il şans yaranıb ki, infilyasiyaı müəyyən qədər nəzarət olunan çərçivəyə endirilsin. Bu şərtlər daxilində diktə edilən devalvasiya qərarı infilyasiyaya mənfi təsir edib, onu artıra bilər. Bu da arzuolunmazdır. Biznes və maliyyə sektoru, vətəndaş, hətta dövlətin özü belə buna hazır deyil. Devalvasiya Azərbaycana indiki şərtlər daxilində böyük iqtisadi dividentlər vəd etmir. Bütün bunlarla yanaşı, sürprizlərin olma ehtimalı da var. 90 faiz gözlənti ondan ibarətdir ki, ümumiyyətlə bu il ərzində ciddi təzyiq yaranmasa, kənar faktorların təsiri ortaya çıxmasa devalvasiya olmayacaq”.  İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, devalvasiyanın olması üçün ölkədə heç bir zərurət yoxdur: “Dollara olan tələbin artması düşünürəm ki, hazırkı məqamda daha çox psixoloji faktorlardan qaynaqlanır. İdxalın artmasını səbəb kimi göstərilməsi və birbaşa onunla əlaqələndirilməsi tam özünü doğrultmaya bilər. Buna səbəb idxal üzrə olan göstəricilərlə dollara olan tələb arasında düzmütənasiblik yoxdur. Psixoloji təsirlərdən dolayı, insanların bəzi hallarda öz əmlaklarını sataraq, həmçinin, bəzi hallarda manatla olan depozitlərini dollara çevirməsi kimi hallar yaşanır.  Burada Mərkəzi Bank tərəfindən qeyd etdiyim kimi, valyuta intervensiyası həyata keçirilə bilər. Amma birbaşa yox, verbal intervensiya metodu olar ki, bunu da psixoloji gərginliyin azaldılması üçün atılan addım kimi qiymətləndirmək mümkündür. Devalvasiyanın olub-olmayacağı ilə bağlı rəsmi açıqlama dollara olan indiki tələbi və yaranmış gərginliyi azalda bilər. Ancaq bu barədə dəqiq məlumat vermək olduqca çətindir. Əgər üzən məzənnə olsa idi, həmin sualı cavablamaq üçün ehtimal yuxarı səviyyədə olardı. Ancaq bu vəziyyətdə manatın məzənnəsi Mərkəzi Bankdan birbaşa asılıdır. Belə bir durumda onların hansı qərarı verəcəyi barədə öncədən proqnoz vermək çox çətindir. Bir məsələni də qeyd edim ki, hazırda ölkədə devalvasiyanın olması üçün zərurət yoxdur”.  

Hərbçimiz Ermənistana keçib? - MN

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, erməni mənbələr Azərbaycanın iki hərbçisinin Ermənistan sərhədinə keçdiyi, birinin saxlanıldığı, digərinin isə axtarıldığı haqda iddia yayıb.