Təyyarə eniş zolağından kənara çıxdı

Rusiyada Moskvadan Norilskə (Krasnoyarsk diyarı) gələn "Sibir Hava Yolları"na məxsus "Airbus 321A" təyyarəsi hava limanına endikdən sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb. Sozcu.az xəbər verir ki, təyyarənin göyərtəsində 79 sərnişin olub.

Tovuzda yanğın: ev sahibinin qardaşının meyiti tapıldı

Tovuzda evdə yanğın olub, 71 yaşlı kişi yanaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Həmin ərazidə yerləşən evdə baş verən yanğın söndürüldükdən sonra ev sahibi Rafiq Hüseynovun qardaşı 1954-cü il təvəllüdlü Fazil Hüseynovun yanmış meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.

Yuxuladı, sükanı oğluna verdi, o da yuxuladı qəza törətdi

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 31-də Hacıqabul-Bakı istiqamətində qeydə alınıb. "Hunday Sonata" markalı, 90 OF 344 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində bir nəfərin ağır xəsarət aldığı deyilir. Məlumata görə, avtomobilin sürücüsü yuxuladığı üçün onu idarə etməyi oğluna həvalə edib. Oğlu da yuxulayıb və qəza baş verib.

Bu ərazilərdə 10 dərəcə şaxta oldu

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə 2-də Şahdağda zəif qar yağıb. Pirallahı, Neft Daşları, Sabirabad, Cəfərxanda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Zərdabda Kürdə batan qızın meyiti Kürdəmirdə tapıldı

Ötən il dekabr ayının 24-də səhər saatlarında Zərdabda Kür çayında batan 2011-ci il təvəllüdlü Saray Sərvan qızı Kərimlinin meyiti tapılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, meyit batdığı yerdən təqribən 15-16 km aralıda Kür çayının Kürdəmir rayon Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Sozcu.az-ın məmulatına görə, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib. O, Sumqayıtda orta məktəbi bitirib. Heydər Əliyev adına ali məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib. Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib. General-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. Şəhid general iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

ABŞ-da terror: Şübhəlinin kimliyi müəyyənləşib

Yeni il gecəsi Luiziana ştatının Nyu-Orlean şəhərinin mərkəzində terror aktı törədən şəxs hadisədən 2 gün əvvəl Meksika sərhədindən keçərək ABŞ-a daxil olub. Sozcu.az “Fox News”a itinadla xəbər verir ki, şübhəlinin adı Şəmsuddin Cabbardır. Bu məlumatı iki federal məmur telekanala təsdiqləyib. Hüquq-mühafizə orqanları şübhəlinin xarici terror təşkilatları ilə əlaqəsi olub-olmadığını araşdırır. Nyu-Orlean şəhərində Yeni il gecəsi şəhərin mərkəzində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində 10 nəfər həlak olub, yaralananların sayı 35-ə yüksəlib.

52 yaşlı usta hündürlükdən yıxılıb öldü

Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs müalicə aldığı xəstəxanada keçinib. Sozcu.az “Report”a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü İ.Baxışov ağır xəsarətdən müalicə aldığı xəstəxanada vəfat edib. Yaxınlarının bildirdiyinə görə, mərhum usta kimi çalışdığı məkanda hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya

İrandakı terror rejiminin NATO müttəfiqimiz Türkiyə və Azərbaycana qarşı böhtan xarakterli bəyanatlarını pisləyirəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının Yaxın Şərq, Şimali Afrika və Orta Asiya Komitəsinin sədri Co Vilson sosial media hesabında yazıb. Qeyd edək ki, İranın Ərdəbil şəhərində dövlət rəsmilərinin iştirak etdiyi rəsmi mərasim İan dövlət televiziyası tərəfindən canlı yayımlanıb. Mərasimdə Türkiyə və Azərbaycan, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz ifadələr işlədilib. Bununla bağlı İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilini XİN-ə çağırılıb.

Şamaxıda dava: bir nəfər öldü, ikisi yaralandı

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər. Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.

Sırski Kursk istiqamətinə getdi, rusların itkilərini açıqladı

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Kursk istiqamətinə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Sırski Teleqram hesabında paylaşım edib. O qeyd edib ki, Rusiyanın Kursk vilayətindəki itkiləri 38 mindən çox şəxsi heyət və min ədəddən çox texnika təşkil edib.

Milanda küçədə siqaret çəkmək qadağan edildi

İtaliyanın dəb və maliyyə paytaxtı sayılan Milan şəhərində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib. Sozcu.az xəbər verir ki, 2020-ci ildə qəbul edilmiş qərar yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, bütün ictimai yerlərdə, o cümlədən küçədə siqaret çəkmək qadağandır. Qərarda məqsəd havanın keyfiyyətinin yaxşılaşdırılmasıdır. Qərarda 2 istisna mövcuddur: Milanda yalnız xüsusi ayrılmış ərazilərdə, insanlar arasında minimum 10 metr məsafə gözlənilməklə siqaret çəkmək mümkündür. Elektron siqaretə isə əhalinin kütləvi toplaşdığı yerlər xaricində icazə verilir. Qanunu pozanları 40-240 avro arası cərimə gözləyir. İtaliya Avropada ən çox siqaret çəkilən ölkələrdəndir. Hər 5 italiyalıdan biri siqaret çəkir. Rəsmi statistikaya görə, 2023-cü ildə 93 000 italiyalı siqaretin səbəb olduğu xəstəlikdən ölüb.

İstanbulda minlərlə insan Fələstinə dəstək yürüşünə başlayıb

İstanbulun mərkəzində Fələstinə dəstək yürüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. On minlərlə insan Ayasofya məscidinin qarşısında toplaşır. Yürüşlə əlaqədar şəhərin əsas küçələrində nəqliyyatın hərəkəti çətinləşib. Türkiyə Gənclər Vəqfinin (TÜGVA) himayəsi altında təşkil edilən yürüşün iştirakçıları Ayasofya, Sultan Əhməd, Fatih, Süleymaniyə və Eminönü məscidlərində sübh namazı qılıblar. Namazdan sonra aksiya iştirakçıları yürüşə qoşulmaq üçün əllərində Türkiyə və Fələstin bayraqları ilə Qalata körpüsünə doğru hərəkət edəcəklər.

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

Yanvarın 1-i saat 10:30-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin dekabrın 31-də Lənkəran-Astara zonasında intensiv xarakterli yağış yağıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, düşən yağıntının miqdarı Astarada 40 mm, Lənkəranda 18 mm-dək olub. Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

Rus qazının nəqli tamamilə dayandırıldı

Ukrayna tərəfinin Rusiya qazının öz ərazisindən Avropaya tranzitinə dair sazişin müddətini uzatmaqdan imtina etməsi “Qazprom”u bu marşrutla yanacaq tədarükü üçün texniki və hüquqi imkandan məhrum etdi və buna görə də yanvarın 1-də Moskva vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 09:00) qazın nəqli dayandırıldı. Sozcu.az xəbər verir ki, bu barədə “Qazprom”dan məlumat verilib. “Kiyevin bu sazişləri yeniləməkdən dəfələrlə və açıq şəkildə imtina etməsi səbəbindən “Qazprom” 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən tranzit üçün qaz tədarükü ilə bağlı texniki və hüquqi imkandan məhrum edilib. Moskva vaxtı ilə saat 08:00-dan etibarən Rusiya qazının Ukrayna ərazisindən nəqli həyata keçirilmir”, - qurumdan bildirilib. Qeyd edək ki, "Qazprom" və "Naftoqaz" arasında Rusiya qazının Ukrayna ərazisindən nəqlinin təşkili ilə bağlı beşillik saziş yanvarın 1-də başa çatıb.

Rusiyanın itkiləri 790 mini ötdü

Ukrayna müharibənin 1043-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 790 800 hərbçi, 9 672 ədəd tank, 20 043 ədəd zirehli döyüş maşını, 21 532 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1032 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 330 ədəd helikopter, 32 675 ədəd avtomobil texnikası, 21 131 ədəd PUA, 3003 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 672 xüsusi avadanlıq itirib.

Qazi anası Prezidentə MÜRACİƏT ETDİ - Övladımın gələcəyi üçün mənə köməklik göstərin

Azərbaycan Respublikasının Prezidenti Zati ailələri İlham Əliyev Cənablarına Füzuli rayonu, Gecəgözlü kənd sakini  Hüseynova Gülşən Rafael qızı  (AZE 1234567, FİN-kod, mobil tel: (051 - 418 - 21 - 26) tərəfindən ŞİKAYƏT ƏRİZƏSİ Hörmətli cənab Prezident! Bildirmək istəyirəm ki, mən Füzuli rayonu Gecəgözlü kənd sakini Hüseynova Gülşən Rafael qızı, 27.07.2001-ci il tarixdə anadan olmuş 44 günlük Vətən Müharibəsi iştirakçısı qazi Həsənli Cəsarət Elçin oğlunun anasıyam.  Övladım Cəsarət Həsənli 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Goranboy-Tərtər N saylı hərbi  hissələrdə qulluq etmişdir. 10.10.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə atılmış düşmən mərmisindən ağır güllə (qəlpə) yarası almışdır. Travmalardan ilkin tibbi yardım Naftalan şəhərində göstərildikdən sora Yevlax mərkəzi xəstəxanasında sağ budun orta 3/1-nin açıq, qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayyət olunan,dəlib keçən odlu silah yarası kimi 1-ci dəfə 10.10.2020-ci il tarixdə və 2-ci dəfə  14.10.2020-ci il il tarixlərdə,  Q.A.İlizarov üsulu ilə cərrahi əməliyyat olmuşdur.  Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 №li qərarı ilə təsdiq olunmuş xəstəliklər cədvəlinin 86-cı maddəsinin ikinci qrafasına əsasən hərbi xidməti yararsız hesab edilmişdir. Vətən Müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən övladım ”Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Ttibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyasının 29 noyabr 2021-ci il tarixli rəyi ona əlillik dərəcəsinin verilməsindən imtina edilməsinə səbəb olmuşdur.  Övladım dəfələrlə tibbi sosial ekspertizadan keçməsinə baxmayaraq, müvafiq orqanlara, Şirvan Rayon İnzibati Məhkəməsinə dəfələrlə müraciət etməyimizə baxmayaraq müraciətimiz cavabsız qalmışdır və məsələ hələ də öz həllini tapmır.  Cənab Prezident! Dəfələrlə Sizə, Birinci xanım, Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Füzuli rayonu deputatı Vüqar Bayramlıya, kənd icra nümayəndəliyinə yazdığınız məktublar heç bir nəticə verməmişdir. Cənab Prezident! Bir ana kimi sizdən çox-çox xahiş edirəm ki, övladımın gələcəyi üçün mənə köməklik göstərəsiniz.  Heç yerdə işləmirəm, övladımın səhhətindən dolayı sağlamlıq haqqında sənəd ala bilmədiyimdən heç yerdə işə götürülmür. Sizə müraciət edərək aidiyyatı qurumlara lazımi tapşırıqlarınızı verməyinizi, şikayətimə qanunauyğun baxılmas, övladımın tapdanmış hüquqlarının bərpası üçün mənə köməklik göstərməyinizi və əllilik dərəcəsinin verilməsini xahiş edirəm.

Yun Sok Yol barəsində həbs qərarı verildi

Cənubi Koreya məhkəməsi dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış ölkə Prezidenti Yun Sok Yol barəsində həbs və axtarış qərarı verib. Sozcu.az xəbər verir ki, bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb. İdarə həbs və axtarış qərarının dekabr ayının 31-də çıxarıldığını təsdiqləyib.

Aktaudakı qəza sübut edir ki, Rusiya... - Şolts

Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi getdikcə daha çox günahsız insana təsir edir. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Aktauda AZAL təyyarəsinin qəzaya uğramasına münasibət bildirərkən X hesabında yazıb. “Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi getdikcə daha çox günahsız insana - hətta Ukraynadan kənarda da təsir edir. Bunu Aktauda baş verən təyyarə qəzası sübut edir və bu, tam araşdırılmalıdır. Düşüncələrimiz həlak olanların ailələri ilədir və yaralananlara tezliklə şəfa diləyirik”, - Şolts bildirib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Dekabrın 28-də Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə zəng edərək, hadisənin Rusiya hava məkanında baş verməsinə görə üzr istəyib. 29 dekabrda Putin yenidən Əliyevə zəng edərək, bu mövzuda müzakirəni davam etdirib.

Xəzər dənizində ard-arda zəlzələ oldu

Yerli vaxtla saat 6:40-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib. Bundan başqa, yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı ikinci zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib. Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.

Ermənistanda zəlzələ: bu ərazilərdə hiss edildi

Ermənistanda 3,2 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, yerli vaxtla saat 00:50-də baş verən zəlzələnin ocağı Qeqarkunik rayonunun Şohakat kəndindən 5 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bal, Çəmbərək, Şohakat, Ağberk və Ərtanış kəndlərində isə 3 bal hiss edilib.

Azərbaycana 14 sm qar yağdı

Azərbaycanda dekabrın 31-i saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub, əsasən Lənkəran-Astara zonasında intensiv xarakterli olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Astarada 44 mm, Lənkəranda 10 mm, Şamaxı, Oğuzda 5 mm, Neftçalada 4 mm, Qəbələ, Qobustan, Şəki, Xaçmaz, Altıağac, Cəlilabad, Sabirabad, Quba, Zaqatalada 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Qarın hündürlüyü Zaqatalada (Əlibəy) 14 sm, Qrızda 6 sm, Şahbuzda 5 sm, Qusarda 1 sm-dir. Sumqayıt, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qəbələ, Qobustan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   "Əziz  həmvətənlərim!  Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə  təbrik edir, sizə qarşıdan gələn 2025-ci ildə uğurlar arzulayıram.  31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı  məftillərin sökülməsi Azərbaycan  xalq hərəkatının mühüm mərhələsi oldu.  Bu hadisə Bütöv Azərbaycan ideyasının soydaşlarımız arasında yenidən və daha böyük miqyasda yaylmasına təkan verdi.  Həmin gün xalqımız üçün əziz bayramlardan birinə çevrildi.  1992-ci ildə prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanun əsasında 31 dekabr Dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi.  Ərazilərimizin işğalına qarşı apardığımız mübarizə, istiqlal, azadlıq, Bütöv Azərbaycan şüarlarının 70 illik fasilədən sonra yenidən açıq şəkildə irəli sürülməsi bütün dünyada geniş əks-səda doğurdu.  Şimali Azərbaycanda vüsət alan ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı. Qarşıdan həm də Yeni İl bayramı gəlir. Təssüf ki, yola saldığımız ildə demokratiya, azad cəmiyyətin qurulması istiqamətində ciddi addımlar atılmadı. Qarabağda qazandığımız qələbədən, ərazi bütövlüyümüzün təmin olunmasından və dövlət  suverenliyimizin bərpa edilməsindən sonra hakimiyyət milli birlik naminə yaranmış tarixi  fürsətdən istifadə etmədi. İlk dəfə bütün ərazilərimizdə keçirilən seçkilər yenidən saxtalaşdırıldı. Xalqın iradəsinin gerçəkləşdirilməsinə imkan verilmədi. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı (COP-29) kimi əhəmiyyətli beynəlxalq   tədbir ərəfəsində  siyasi məhbuslar azad edilmədi. Əksinə siyasi həbslər həyata keçirildi.Tanınmış jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi fəallar qondarma ittihamlarla həbs edildilər. Bu da ciddi narahatlıq doğurur. Ölkəmizinin maraqlarına ciddi zərbə vurur. Belə idarəçəlik nəticəsində cəmiyyətdə təbəqələşmə daha da dərinləşir. Amma bütün çətinliklərə baxmayaraq 2024-cü ildə Qazax rayonunun dörd kəndinin işğaldan azad edilməsi mühüm tarixi hadisədir. Əldə etdiyimiz qələbələr xalqımızın ordu və milli ideya ətrafında birliyinin təzahürüdür.  İlin sonunda mülki təyyarəmizin Qroznı yaxınlığında Rusiya silahlı qüvvələrinin açdığı atəş nəticəsində zədələnməsi, təyyarənin yaxın hava alanlarında təcili eniş gerçəkləşdirməsinə imkan verilməməsi, Xəzər dənizini keçib Aktau şəhərində eniş zamanı partlaması, onlarla vətəndaşımızın həlak olması ağır faciə oldu. Bu ağır günlərdə də yenə xalqımızın həmrəylik nümayiş etdirməsini qürurla qeyd edirəm. Bayram günündə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizlə yanaşı təyyarə faciəsində həlak olanları sevgi, sayğı ilə anır və onlara Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa diləyirəm. Qarşıdan gələn 2025-ci ildə ümummili problemlərin həlli üçün ciddi addımlar atılmalıdır. Azərbaycanın həqiqi inkişaf etmiş, firavan bir dövlətə çevrilməsi yolunda,ciddi işlər görülməlidir. Ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, həm iqtisadi, həm də siyasi sahədə bərabər imkanlar yaradılmalıdır. Bütün siyasi məhbuslar azad edilməli, mili birliyə nail olunmalıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması sürətləndirilməli, İşğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin öz doğma torpaqlarında yenidən məskunlaşması ilə bağlı ciddi addımlar atılmalıdı. Əziz  həmvətənlər!  Sizi bir daha qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, sizə uğurlu, xoşbəxt illər arzulayır, hamınızı layiqli gələcəyimiz naminə birliyə, həmrəyliyə çağırıram.

Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla TUTULDU

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb. Sayt yazır ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır. Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.