Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə əlaqədar Azərbaycanın bütün ərazisində 1 dəqiqəlik sükut olub. Sozcu.az-ın məlumatına görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb. Bakı metrosunda 1 dəqiqəlik sükutla əlaqədar qatarların fit səsi eşidilib.

Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rusiya 2024-cü ildə nə qədər əsgər itirib? - Sırski

2024-cü ildə Rusiya ordusu Ukraynada 434 mindən çox əsgərini itirib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. O qeyd edib ki, rus ordusu keçən il genişmiqyaslı işğalın ilk iki ilinə nisbətən daha çox əsgər itirib: "Hesablamalarımıza görə, ümumi itkilər 434 mindən çoxdur. Bunlardan təxminən 140 mini ölüb, qalanları yaralanıb", - o bildirib.

Türkiyə səfiri Şəhidlər xiyabanını ziyarət etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib. Sozcu.az xəbər verir ki, o bu barədə özünün "X" sosial media hesabında paylaşım edib. "20 Yanvar qırğını qardaş Azərbaycan xalqının müstəqillik məşəlini alovlandırdığı, böyük oyanışın, qələbəyə doğru mübarək yolun başladığı gündür! Müqəddəs şəhidlərimizin ruhu şad olsun. Bayrağı bayraq edən qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir", - paylaşımda qeyd olunub.

Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi...-FOTO+VİDEO

Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın oğlu Levon Köçəryan Rusiya xaçpərəstlərinin İsanın xaç suyuna çəkilməsi bayramını xüsusi ayinlə qeyd edib. Sozcu.az xəbər verir ki, civic.am nəşrinin yaydığı məlumata görə, L.Köçəryan donmuş Göyçə gölünə baş vurub və bir dəqiqəyə yaxın su altında qalıb. Qeyd edək ki, Levon Köçəryan hazırda Ermənistan parlamentinin ən fəal müxalif deputatlarındandır. Bəzi məlumatlara görə, o, atasının dostu, Rusiya diktatoru V.Putin tərəfindən Paşinyanın devrilməsindən sonra Ermənistan liderliyinə məhz L.Köçəryanı hazırlayır... Xatırladaq ki, 2018-ci ilədək V.Putin də hər il İsanın xaç suyuna çəkilməsi bayramını buzlu suya girməklə qeyd edirdi.moderator)

Ukrayna ordusu bir neçə məntəqədə öz mövqelərini bərpa etdi...- Kazan və Ryazandakı hərbi obyektlər vuruldu...

Ukrayna Müdafiə Qüvvələri bir neçə yaşayış məntəqəsində öz mövqelərini bərpa edib. Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə "DeepState" monitorinq layihəsi məlumat yayıb. Xüsusilə, söhbət Rusiya Federasiyasının Kursk vilayətindəki Maxnovka və Donetsk vilayətindəki Zelenovkadan gedir. Bu arada, işğalçılar Ternı, Dvureçnaya, Kolodyazı və Slavyanka yaxınlığında irəliləməyə nail olublar. Eyni zamanda yanvarın 19-dan 20-ə keçən gecə Ukrayna PUA-ları  Rusiyanın Kazan şəhəri yaxınlığındakı hərbi aerodrom  və aviasiya zavoduna, həmçinin Ryazan vilayətindəki hərbi aerodroma sarsıdıcı zərbələr endirib...

XƏRÇƏNG

Bu mənzili səninlə birgə bəyənib almışdıq. Nə qədər arzularımız vardı. Xöş günlər yaşamaq; bu evə gəlin gətirmək, bu evdən qız köçürtmək, nələr, nələr…Heyif, arzu olaraq qaldı… Oğul da evlənəcək, qız da gəlin köçəcək. Təəssüf ki, sən bir də qayıtmayacaqsan. Hər dəfə qapının kilidini açıb içəri girərkən gözlərim səni axtarır. Kaş möcüzə olardı, yenə əvvəlki kimi sən məni qarşılayardın…  Amma artıq hər dəfə qarşıma divardan asılmış şəklindən gülümsəyərək çıxmağına öyrəşmişəm – insan nələrə öyrəşmir ki?! Vaxt gedir, mən dəyişirəm...                                                                           * O çoxdan idi ki, qanadlarını açmırdı. Dimdiyini uzadıb, yuvanın kənarındakı incə, quru söyüd budağını dimdiyinə aldı. Gözlərini budağa zilləyib quru söyüd budağını soyuq günəşə doğru qaldırdı. Baxdı, baxdı və bir qıy vurub budağı yerə tulladı. Bu xəstə leyləyin son qıyıltısı idi. Qanadlarının altındakı zərif tüklərdən boylanan körpə leyləklər, analarının xəstəliyindən xəbərsiz idilər... Körpə leyləklərdən biri, anasının qanadındakı tükləri dimdiklədi. Balaca dimdiyini aralayıb, yemək istədi anasından. Leylək heç qımıldanmadı da.  Sabah qar yağacaq. Soyuqdur. Leylək başını azacıq sağ qanadının altına uzadıb, bir az əvvəl onu didişdirən balasının dimdiyinə uzatdı dimdiyini. Ağzını açan kimi dili havada qaldı ağzında. Bala leylək anasının dilini bir az dimdikləyib, sakitləşdi...                                                                             *   Otaqlarda nəyi hara qoymusansa elə də qalıb. Heç kimi qoymuram əşyaların yerini dəyişsin. Sənli günlərim məni tək qalmağa qoymur. İllər  səni  məndən uzaqlaşdırdıqca mən sənə daha da yaxınlaşıram.  …O gün heç yadımdan çıxmaz: İşdə idim. Qəfil evdən zəng gəldi: "Ata, balaca qaqaşımız bayaqdan ağlayır. Tez gəl, nə olar!" – qızımız ağlayaraq, dedi. Mən evə necə gəldiyimi bilmirəm. Uşağı qucağıma alıb sənə tərəf gəldim. Uşaqların üçü də ağlayırdı...Birdən gözüm pəncərədən dəmir yolları dişinə alıb uzaqlaşan qatara sataşdı. Bu sonuncu qatardı. Qismət olsa bu qatarı bir də sabah görəcəm. Bəs səni nə vaxt görəcəm? – Özüm, içimdəki öz səsimə diksindim – Mən nə danışıram? Bir də bilirsən nə gördüm? Dəmir yolunun dirəyi üstə özünə yuva quran leylək artıq yox idi. Həmişə birgə yatdığımız çarpayıya yaxınlaşanda, gündüz vaxtı pərdəni azacıq aralayıb leyləyin yuvasına baxardım. Leyləyin öz yuvasında qanadlarını açıb şahlanması məni bir başqa xoşbəxt edərdi. İndi o leylək gözümə dəymədi. Yadındadı, bir dəfə bu pəncərədən o leyləyə baxanda nə görmüşdük? O leylək yuvasında yenə şahlanıb dimdiyində yekə bir xərçəng tutmuşdu...İndi mən sənin soyuq əllərindən tutub bunu sənə xatırlatmaq istədim. Niyə? Axı bu xərçəng o xərçəngdən deyil?! - Ata, anam yatıb? Qaqaşla nə balacanın səsini kəsə, nə də ananı oyada bildik.  - Hə, yatıb. Gəlin, ananızı oyatmayaq. İmkan verin yatsın, yorulub axı?! Əbil Həsən

Tramp Çinə səfər edəcək

Donald Tramp ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan sonra Çinə səfər etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Trampın səfəri andiçmə mərasimindən sonra 100 gün ərzində baş tuta bilər. Qeyd edək ki, bir neçə gün öncə Donald Trampla Çin lideri Si Szinpin arasında telefon danışığı baş tutmuşdu.

Faktiki hava: Bu ərazilərə qar yağdı

Yanvarın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti arabir yağıntılı olub. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 20 sm, Şahdağda 18 sm, Zaqatalada (Əlibəy) 8 sm, Qaxda (Sarıbaş) 5 sm, Qusar (Laza), Xınalıqda 3 sm, Xaçmaz, Şəkidə (Kişçay) 1 sm-dir. Belə ki, düşən yağıntının miqdarı Şabranda 4 mm, Qubada (Qımıl) 3 mm, Zaqatala, Xınalıq, Altıağac, Şəkidə 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s, Kəlbəcərdə 15 m/s-yə çatıb. Sumqayıt, Quba, Qusar, Qrız, Lerik, Qaxda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1061-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 818 740 hərbçi, 9 811 ədəd tank, 20 412 ədəd zirehli döyüş maşını, 22 055 ədəd artilleriya sistemi, 1 262 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1046 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 34 401 ədəd avtomobil texnikası, 22 615 ədəd PUA, 3051 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 700 xüsusi avadanlıq itirib.

ABŞ-da Tiktokun fəaliyyəti dayandırıldı

Tiktok tətbiq olunan qadağa səbəbindən ABŞ-da fəaliyyətini dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, ABŞ-da mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar: “ABŞ-da Tiktokun qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də Tiktokdan istifadə edə bilməzsiniz”. Məlumata görə, xidmət “Əpp Stor”da axtarış nəticələrində görünmür, “Quql Pley”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir. Qeyd edək ki, bir müddət öncə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Tiktok sosial şəbəkəsi ilə bağlı qərarı yaxın vaxtlarda verəcəyini açıqlamışdı.

Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi

Ukrayna döyüşçüləri cəbhənin Liman istiqamətində uğurlu əks-hücuma keçiblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Xortitsa əməliyyat-strateji qrupunun nümayəndəsi Viktor Trequbov məlumat yayıb. O bildirib ki, Ukrayna ordusu ruslara həm canlı qüvvə və texnika itikisi yaşadır, həm də ələ keçirilən Ukrayna əraziləri geri alınır. Trequbov digər detalları açıqlamayıb, yalnız Ukrayna qüvvələrinin aktiv müdafiədə olduğunu təsdiqləyib.

Kartlardan oğurluğa görə kim günahkardı: üçüncü tərəf də var...

ABŞ-nin ən böyük banklarından birində çalışan Vəli Səməndərli ödəniş kartlarından oğurluqlara münasibət bildirib. Modern.az-ın məlumatına görə, o bildirib ki, kartlardan oğurluğa görə günahın bank, yoxsa vətəndaşda olması məsələsi sadə göründüyü qədər də mürəkkəb sualdır. "Sistematik olaraq hər iki tərəf və üstəlik, ölkədə fəaliyyət göstərən bəzi satış platformalarının da burada günahı var. Vətəndaşlar arasında scamlara, phishing/vishingə reaksiya zəifdir. Hətta o səviyyədədirki, Avropada maliyyə cinayətkarları daha kompleks yollara əl atsa da, bizdə hələ də ən sadə yolla böyük məbləğlər ələ keçirməyə nail olurlar. Banklar nə qədər müştərilərə günah atsa da, bir şeyi qəbullanmalıdırlar ki, sadəcə 3DS təhlükəsizlik koduyla qorunmaq mümkün deyil və indiki müasir bank sferasında daha böyük həllər var. Bu həllərsə nisbətən böyük maliyyə xərcləri tələb edir ki, banklar öz reputasiyaları üçün bu tədbirləri görməlidirlər. (Təbii ki 100% təhlükəsizlik yenə də təmin oluna bilməz) Digər problem satış platformaları saytlarının təhlükəsizliyinin zəif olmasıyla müştəri kart detallarının oğurlanmasıdır".

Qəzzada atəşkəs nə vaxt qüvvəyə minir?

Qəzza zolağında atəşkəs yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək. Sozcu.az-ın məlumatına görə, İsrail Baş Nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İsrail Müdafiə Qüvvələri girovların qaytarılması ilə bağlı razılaşmanı həyata keçirməyə hazırlaşır. “İsrail ordusu qüvvələri sazişdə təsdiq edilmiş əməliyyat planına uyğun fəaliyyət göstərəcək. İsrail HƏMAS terror təşkilatı tərəfindən əsirlikdən geri qaytarılan azad edilmiş girovları qəbul etməyə hazırlaşır”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, yanvarın 17-də İsrail və HƏMAS ABŞ və Qətərin köməyi ilə girovların azad edilməsi ilə bağlı saziş imzalayıb.

Hərbi xidmətə çağırış yaşı 21-ə qaldırılır? – Açıqlama

Hər ölkədə hərbi xidmətə çağırış yaşı, xidmət müddəti və qaydaları fərqlidir. Azərbaycanda hərbi xidmətə çağırış yaşı 18 yaş müəyyən edilib. Zaman-zaman 18 yaşın az olduğu, 20-21 yaşa qədər artırılması ilə bağlı təkliflər irəli sürülür. Məsələn, Türkiyədə hərbi xidmətə çağırış yaşı 21-dir. Bizdə də bu yaşın qaldırılması mümkündürmü? Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov gələcəkdə bu məsələyə baxıla biləcəyini deyib. Onun sözlərinə görə, bizdə də hərbi xidmətə çağırış yaşının artırılması mümkündür: “Azərbaycanın xidmətkeçmə haqqında öz qanunu var. Onun əsasında 18 yaşlı oğlanlar əsgərliyə çağırılır. Təbii ki, gələcəkdə Azərbaycan artıq peşəkar orduya keçəcək. O zaman isə 18 yaşlı əsgərin xidmətinə demək olar ki, ehtiyac olmayacaq. Çünki bizdə bu gün 22-25 yaşlı gənclər var, hansı ki, onlar çox böyük həvəslə orduda xidmət etmək istəyirlər. Çox güman onlara üstünlük veriləcək. Müharibə bitib, hər şey qaydasındadır. Artıq peşəkar orduya üstünlük vermək lazımdır”.

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

Aidiyyəti dövlət orqanları sağ olsunlar, bank kartımdan pulu oğurlayanları vaxtında müəyyən etdi. Sozcu.az xəbər verir ki, bu fikirləri APA-ya Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib. ”Dünən Gəncə şəhərindən evimizə gəlirdim. Kəndə çatanda mənə zəng gəldi. Bildirdilər ki, "Kapital Bank"ın işçiləridir və dedilər ki, kartımın şifrəsini xakerlər görüblər, kartımdan pulumu oğurlamaq istəyirlər. Mənə kömək etmək istədiklərini dedilər. Bunun üçün isə kartda olan pulun başqa karta köçürmək lazım olduğunu qeyd etdilər. Mən də bunlara inanaraq vəsaiti digər karta köçürdüm. Necə elədilərsə, kartımdakı 100 993 manatdan 80 509 manatını mənimsədilər. Bundan sonra tez bir zamanda "Kapital Bank"a yaxınlaşdım, hadisəni olduğu kimi söylədim. Araşdırdılar ki, xakerlər pulu öz hesablarına köçürüblər. Eyni zamanda, DİN-in 102 xidmətinə zəng vurdum. Həmin dəqiqə Samux Rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Baş verən hadisəni araşdırdılar", - Cəlil Əliyev vurğulayıb. O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda cinayətkarı saxlayıb: "80 509 manatı geri qaytardı. Dövlətimiz sağ olsun, bir daha hər kəsə təşəkkür edirəm". Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev bank kartından 80 min manat oğurlandığını bildirib. DİN pul vəsaitini oğurlayan şəxslərin müəyyən edildiyini, zərərin ödənildiyini açıqlayıb.

Konqresdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri - Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər. Sozcu.az Report-a istinadən xəbər verir ki, 20 Yanvar faciəsindən bəhs edən S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar hadisələrini andığını bildirib. Konqres üzvü 20 Yanvar gecəsində minlərlə sovet hərbçisinin paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar, qadınlar da daxil olmaqla günahsız insanlara, dinc etirazçılara atəş açdığını, nəticədə 147 nəfərin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını, yüzlərlə etirazçının həbs edildiyini, bir neçə nəfərinsə itkin düşdüyünü bildirib. Bəyanatda həmçinin “Human Rights Watch”ın "Azərbaycanda Qara Yanvar" adlı hesabatına istinad edilərək, Bakıya hücum zamanı insan haqlarının ən amansız şəkildə pozulması, tibb işçilərinə, təcili yardım maşınlarına və hətta xəstəxanalara çoxsaylı hücumların olduğu bildirilib. Konqresmen qurbanların ailələrinə başsağlığını ifadə edib. Bununla yanaşı, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələrin qurulduğu qeyd olunub. Eyni zamanda ABŞ və Azərbaycanın hələ də strateji müttəfiq olduğu, dünyada ortaq maraqları bölüşdükləri vurğulanıb. S.Kohen İşçi Qrupun həmsədri kimi həmkarlarına Azərbaycan xalqının müstəqillik yolunda canlarını qurban verən vətəndaşlarını tanımağa və bir çox azərbaycanlıların həyatlarını qurban verdikləri demokratik dəyərlərə sadiq qalmağa dair çağırış edib. 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt da bəyanatında dost və tərəfdaş olan Azərbaycan Respublikasında Qara Yanvarın 35-ci ildönümünün anıldığını bildirib. Konqres üzvü həmin dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcını, XX əsrin çox hissəsində davam edən işğalı simvollaşdırdığını, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı ilin 19 yanvarında Azərbaycanın paytaxtı Bakıda SSRİ qoşunları tərəfindən 100-dən çox azərbaycanlı etirazçının öldürülməsi, yüzlərlə insanın yaralanmasını, zorakılıqların baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 18 oktyabr 1991-ci ildə müstəqillik qazanana qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb. R.Aderholt bəyanatda həmkarlarından, Azərbaycanda Qara Yanvar hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin, ABŞ-nin Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini vurğulayıb.

“Ağlıma gəlməzdi ki, məni aldadarlar” - Milli Qəhrəmanın ATASI

Xəbər verdiyimiz kimi, AZAL-ın təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kibercinayətkarların hücumuna məruz qalıb. Modern.az hadisə ilə bağlı Hökumə Əliyevanın atası Cəlil Alıyevlə danışıb. Milli Qəhrəmanın atası qeyd edib ki, hadisə ötən gün baş verib və faktla əlaqədar  Daxili İşlər Nazirliyinə məlumat verilib.  "Mənə xarici nömrədən zəng gəldi. Götürdüm. Ağlıma gəlməzdi ki, məni aldadarlar. Bütün qurumlara xəbər vermişik, indi Daxili İşlər Nazirliyindən cavab gözləyirik" - deyə o qeyd edib.  Xatırladaq ki, Cəlil Alıyevin Kapitalbanka məxsus kartından ümumilikdə 80 507 manat pul çəkilib. 

Hökumənin ailəsinin aldadılmasına “Kapitalbank”dan CAVAB - 80 minlik fırıldaq

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Məsələ ilə əlaqədar “Kapitalbank”-dan Sozcu.az-a bildirilib ki, dələduzluq faktı ilə bağlı araşdırma başladılıb: “Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı mətubata məlumat veriləcək”. Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı öldü

İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə 10 gün öncə qonşu ölkənin Culfa şəhərinə yaxın ərazidə baş vermişdi. Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 1986-cı il təvəllüdlü Nəvai Yasin oğlu Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən avtomobil onu vurmuşdu. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb. Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.

Azərbaycanda meymunçiçəyinə yoluxma faktı aşkarlandı

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib. Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. "Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda qeyd olunub.

Hakan Fidan Bakıya gəldi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Hakan Fidanın ölkəmizə səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Hökumənin atasının 80 mini oğurlandı - DİN-dən reaksiya

Bakı-Qroznı reysini həyata keçirən və Aktauda qəzaya uğrayan təyyarədə həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Cəlil Əliyev mətbuata açıqlamasında kartından 80 507 manat pul çəkildiyini bildirib.

Hökumənin vəfatına görə verilmiş pul oğurlandı

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Sozcu.az xəbər verir ki, bu barədə Ölkə.az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital Bank”ın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər". C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.