Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR

Bir çox yeməyə dad verən və sağlamlığa müsbət təsiri olan sarımsağın çoxsaylı faydalarını bilirik. Amma araşdırmalar zamanı közlənmiş sarımsağın inanılmaz müsbət təsirləri ortaya çıxıb. Araşdırmaların nəticəsinə əsasən, gündə 2-3 diş közlənmiş, ya da qızardılmış sarımsaq yedikdə 24 saat ərzində orqanizminizdə bu dəyişikliklər meydana gəlir. 2-4 saat: Orqanizminizin həzm etdiyi qidalar xərçəngli hüceyrələrlə savaşmağa başlayır. 4-6 saat: Metabolizmanız sürətlənir. Yığılan yağlar yanmağa və orqanizminizdəki artıq yağlar atılmağa başlayır. 6-7 saat: Sarımsağın antibakterial özəlliyi bədənə yayılır və qan dövranınızı düzənləyir. Sarımsaq bakteriyalarla savaşmağa başlayır. 6-10 saat: Sarımsaqdakı maddələr hüceyrələri qoruyur. 10-24 saat: Sarımsaq aşağıdakıları gerçəkləşdirir: - Xolesterolun səviyyəsini aşağı salır - Damarları təmizləyir və ürək problemlərinə qarşı qoruyur - Təzyiqi normallaşdırır - Sinir sistemini gücləndirir - Bədənə ağır metalların girməsini əngəlləyir - Sümükləri və oynaqları gücləndirir - Yorğunluğu önləyir - Hüceyrələrin ömrünü uzadır.

“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ

“Aşağı Güzdək qəsəbəsində Güzdək stansiyasına yaxın ərazidə yaşayırıq. Təxminən 50 metr aralıda. Çirkabdan, kanalizasiya sularından yaranan süni göl xəstəlik mənbəyidir. Yoluxucu xəstəliklərin tüğyan etdiyi bir vaxtda bu göl sakinlər üçün həqiqətən də təhlükə yaradır. Xüsusilə də uşaqlar üçün. Vəhşi heyvanlar gölə yığışır. Mən gölün şəkillərini cəsarət edib yaxından çəkib sizə yollaya bilmədim. Bilirsiniz niyə? Çünki bu çirkabın ətrafı zəhərli ilanlarla doludur. Nəzərə alsaq ki, qarşıdan yay ayı gəlir və ilanlar ərazidə daha da çoxalacaq bu ikiqat təhlükəyə çevrilir. Gölün üfunət qoxan iyini heç demirəm. Sahibsiz itlər də çoxdur. Stansiyanın binası da uçuq vəziyyətdədir. Aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik, amma bir nəticəsi yoxdur. Belə getsə yeni bir xəstəliyin başlanğıcı elə burada qoyulacaq. Bu göl və çirkab, antisantar vəziyyət biləvasitə buna səbəbdir” Bunu Moderator.az-a açıqlamasında Aşağı Güzdək sakini Məhəmməd Yusifli deyib. Mövzu ilə bağlı Abşeron rayonu Aşağı Güzdək Bələdiyyəsinə müraciət etdik. Özünü təqdim etməyən Bələdiyyə işçisi saytımıza bunları bildirdi: “Birincisi sualı niyə telefonla verirsiniz? Bizim burada Bələdiyyə sədrimiz var, yaxınlaşın, sualı yerində ünvanlayın, cavabı da alın. İkincisi də o çirkab sular Binəqədi rayonundan ora axır. Bu problemi həll etməyə yalnız “Azərsu” ASC-nin gücü çatar. Onu bələdiyyə etməyib ki! Bələdiyyənin özünün də neçə hektarlarla torpağı suyun altında qalıb. Kimin xoşu gəlir ki, orada belə göl olsun?! Kənd camaatı da, biz də bu çirkab sulardan əziyyət çəkirik” deyə bildirib. Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə etdiyimiz müraciətimizə isə “Sədr müavini Ruhiyyə xanım yerində deyil, 15 dəqiqəyə zəng edərsiniz” cavabı verildi. 15 dəqiqə sonra etdiyimiz zəng də cavabsız qaldı. Ümid edirik ki, aidiyyatı qurumlar yay ayı gəlmədən problemin həllinə çalışacaqlar.

Qardaşının həyətinə qumbara atan şəxsdən xəbər var

Bakıda qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 18-nə təyin edilib. Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi  Ramin İsakovun şikayətini təmin etməyib.  Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, Ramin İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Rəşad İsakzadənin Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat yoldaşı olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ramin İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Dumanlı hava neçə gün davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub. Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 89,51 dollara, yüngül neftin bir barreli isə 84,78 dollara təklif olunur.

ÇL: “Mançetser Siti” “Real”a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Sozcu.az xəbər verir ki, “Mançetser Siti” İspaniya nəhəngi “Real”ı qəbul edəcək. “Bavariya”-“Arsenal” matçı da gecənin növbəti dueli olacaq. Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar. UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları 17 aprel 23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) Baş hakim: Daniele Orsato (İtaliya). Mançester, “Etihad” stadionu. İlk oyun – 3:3. 23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) Baş hakim: Danni Makkeli (Niderland). Münhen, “Alyans Arena”. İlk oyun – 2:2.

784-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 784-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 456 050 hərbçi, 7 193 ədəd tank, 13 827 ədəd zirehli döyüş maşını, 11 624 ədəd artilleriya sistemi, 1 046 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 760 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 587 ədəd avtomobil texnikası, 9 279 ədəd PUA, 2 093 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 910 xüsusi avadanlıq itirib.

Prezident Kayrat Sarıbayı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Aytən Səfərovanın düşdüyü qəzada ölən var

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.  Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Şəhid anası vəfat etdi - FOTO

2023-cü il sentyabr ayında Antiterror əməliyyatları zamanı şəhid olan Mais Məhərrəmovun anası Mahirə xanım vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd edək ki, Mais Məhərrəmov 20 sentyabr 2023-cü ildə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəşad Dağlı tək adi bir meyxanaçını deyil, şer xəzinəsinə əvəzsiz tövhələr verə biləcək çox qiymətli şair-qəzəlxanımızı idi. Vətəndaşların kifayət qədər sevgisini və dərin hörmətini qazanan söz ustadının azadlığa çıxmasını istəyən kifayət qədər insan var. Yaxın vaxtlarda Azərbaycan Prezidentinin növbəti “əfv sərəncamını” verəcəyi gözlənilir. Prezident yanında Əfv Komissiyasının iclasları artıq başlasa da, əfv üçün müraciətlər davam edir. Bəs, görəsən, “əfv sərəncamı” ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər? Məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, cəzadan və cinayət məsuliyyətindən azad etməyin bir neçə forması var: “Cəzadan və cinayət məsuliyyətindən azad etməyin əsas növləri amnistiya və əfvetmədir. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində, yəni kütləvi şəkildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Bunun nəticəsində cinayət törətmiş şəxslər, cinayət məsuliyyətindən azad oluna bilər, onların cəzalarının müddəti azaldıla bilər və ya daha yüngül cəza növü ilə əvəz oluna bilər, o cümlədən həmin şəxslərin üzərindən məhkumluqları götürülə bilər”. Hüquqşünas qeyd edir ki, “əfvetmə” birbaşa fərdi qaydada təyin olunmuş şəxslər barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən bir sənəddir. (Referans.az)

Bakıdakı Uşaq evində qollarını doğrayan qız qaçdı - Polis onu axtarır

Bakıda uşaq evində intihara cəhd olub. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb. Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb. Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb. Təcili yardım briqadası və polis uşaq evinə daxil olarkən qız oradan qaçıb. Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

“İsrail İranı Azərbaycandan vura bilər” - Şaan Qantaaryan

“Nəzəri olaraq, İsrail İranı bazaları olan Azərbaycan ərazisindən vura bilər”. Sozcu.az xəbər verir ki, bunu Livanda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaaryan “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində deyib. O xatırladıb ki, İsrailin 44 günlük müharibədə bilavasitə iştirakı və İsrail bazalarının İranla sərhədə yaxın yerləşdirilməsi Tehran tərəfindən sakitliklə qəbul edilə bilməzdi və bu, İranla Azərbaycan arasında münasibətlərə təsir edib. “Azərbaycanın anti-İran müharibəsində mümkün iştirakı Azərbaycan tərəfi üçün risklərlə doludur, ona görə də Bakı bu riskləri ölçməlidir. Bu halda Azərbaycan təkbaşına qərar qəbul etməyəcək və hər şey Ankara ilə razılaşdırılacaq”, – Qantaaryan qeyd edib. O əlavə edib ki, Türkiyədə yerli seçkilərdən sonra Ankaranın ABŞ-dan asılılığı artıb. “Bu o deməkdir ki, ABŞ-nin razılığı olmadan Türkiyə Azərbaycana belə icazə verə bilməyəcək. Əgər biz İranla ABŞ arasında münasibətlərin gərginliyin pik həddə olduğu bir vəziyyətdən danışırdıqsa, o zaman güman etmək olardı ki, Azərbaycana öz ərazisini İrana hücumlar üçün əlverişli etmək tapşırığı veriləcək. Amma bu gərginlik azalıb”, – Qantaaryan vurğulayıb. Onun sözlərinə görə, bu zəifləmə hazırda Qərbin əsas rəqibi olan Rusiyanın təcrid olunması ilə bağlıdır: “Fransa səfiri xatırladıb ki, Paris və Tehran Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və ölkələr müəyyən əməkdaşlıq haqqında danışıblar. Bu həm də İranla Qərb arasında münasibətlərin dəyişməsinin göstəricisidir. İran üçün strateji əhəmiyyətli bir fenomen var – Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa layihəsi. Bir neçə ay əvvəl İranın Ermənistanın cənubunda layihənin həyata keçirilməsi ilə bağlı əməli addımlar atmağa hazır olduğu barədə məlumatlar yayılıb. Əgər İranla Qərb arasında razılıq olmasaydı, onun Gürcüstana təsirini nəzərə almaq şərtilə bu layihənin nəticəsi olmazdı”.

Azərbaycanda şagirdlər arasında dava - xəsarət alan var

Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var. Sozcu.az xəbər verir ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib. "Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, məsələyə hüquqi qiymət veriləcək.

Qanun dəyişdi: Azərbaycanda siqaretin qiyməti yenidən qalxacaq

Milli Məclisdə “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edilib. Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir. Qanunda tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması öz əksini tapıb.  Qeyd edilənləri nəzərə alanda, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Bəs görəsən bu dəyişiklik tütün məmulatlarının qiymətinə təsir göstərəcəkmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu dəyişiklik qiymətlərin bahalaşmasına gətirib çıxacaq:  “Onsuz da tütün və alkoqol məmulatlarını satmaq üçün lisenziya şərti var idi. Bu ona gətirib çıxaracaq ki, xırda ticarət məntəqələrində artıq tütün və spirtli içki məhsulları satıla bilməyəcək. Hazırda məlum olduğu kimi, qəzet köşklərində belə istənilən siqaret satılır. Yəqin ki, onlar yığışdırılacaq. Təkcə böyük ticarət şəbəkələri bu lisenziyanı ala biləcək. Bu da təbii ki, qiymətlərin bahalaşmasına səbəb olacaq. Ancaq bu qiymət artımı ilə həll olunacaq məsələ deyil. Əksinə, elə bir şərait yaranar ki, xarici ölkələrdən gətirilən siqaret və spirtli içkilərin bazarda sayı arta bilər”.  Ekpsertin fikrincə, qanunda edilən dəyişiklik bazarda kustar üsulla hazırlanmış spirtli içkilərin artması ilə nəticələnə bilər:  “Belə dəyişiklər zamanı qonşu ölkələrdəki eyni məhsulla bağlı qiymət göstəriciləri mütləq nəzərə alınır. Qonşu ölkələrdə qiymətlər aşağı olacaqsa, xaricdən ixracın qarşısını almaq mümkün olmayacaq. Alkaqollu içkilərdə isə vəziyyət daha pis ola bilər. Çünki belə olan təqdirdə kustar üsulla hazırlanan içkilərin sayı bazarda arta bilər. Bu isə insan sağlamlığına daha pis təsir edir. Rusiyada bununla bağlı mənfi nümunənin şahidi olmuşuq. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır. Əks effektlər mütləq nəzərə alınmalıdır”. 

Azərbaycanda qız atasının səsini yazıb anasına göndərdi, kişini həbs etdilər

Azərbaycanda daha bir dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soyad şərtidir) 16 il həbs cəzası verilib. Məlum olub ki, Samir 2009-cu il təvəllüdlü qızı Naziləyə (ad şərtidir) 2020-ci ildən 2023-cü ilədək əxlaqsız hərəkətlər edib. Bundan başqa, qızına pornoqrafik videolar göstərərək eynisini ondan tələb edib. Yeniyetmə isə bu durumu heç kimə açıqlaya bilməyib. Belə ki, Nazilə ona heç kimin inanmayacağını düşünüb. Atasının əxlaqsız davranışlarından təngə gələn yeniyetmə, özünü sübut etmək üçün sonda valideyninin səsini telefona yazıb. Daha sonra isə səsyazmanı vatsapda anasına göndərib. Qızın anasının ilk müraciət etdiyi ünvan isə DİN-in “102” xidməti olub. Bütün bunlara baxmayaraq, Nazilə məhkəmədə atasından şikayətçi olmadığını, onunla barışdığını bildirib və valideyninə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib. Məhkəməyə sədrlik edən Bilal Məmmədov isə qanuna uyğun davranaraq, məhkumun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin vacibliyi ilə bağlı qərar verib. (qafqazinfo)

Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı

Ötən gün Bakıda baş verən intiharla bağlı yeni faktlar üzə çıxıb.  Lent.az-ın əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Habil Sulduz oğlu Abbasov Nərimanov rayonu, Aşıq Alı küçəsi, 2B saylı 12 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən evin yataq otağının pəncərəsindən özünü ataraq öldürüb. İlkin araşdırma zamanı müəyyən edilib ki, Habil Abbasov 30 ildən çox müddət əsəb xəstəliyindən əziyyət çəkib, bununla əlaqədar 2 nömrəli Klinik Psixiatrik Xəstəxanasında müalicə də olunub. Lakin müalicələr nəticə verməyib. Evdə heç kim olmayan vaxt o özünü binadan atıb.

MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"

Yeni avtomobillərin qiyməti o qədər bahadır ki, alıcıların çoxu işlənmiş maşın almağa üstünlük verir. İşlənmiş avtomobillərin isə yaxşısını tapmaq biraz çətindir. İkinci əl avtomobil almaq istəyənləri ən çox narahat edən məsələ seçimdə aldanmamaqdır. Çünki, bazarda kifayət qədər aşmış, problemli, yürüşü çəkilmiş avtomobil "bezkraska", "ideal", "otur sür" adıyla alverçilər tərəfindən təqdim edilir. Bəs ikinci əl avtomobil alarkən nələrə diqqət etməliyik? Avtomobil ustası Vüqar İmanov Moderator.az vasitəsilə bəzi məqamlara toxunub. “Avtomobildə ən önəmli amil onun ili və yürüşüdür. Yürüş burada böyük rol oynayır. Çünki mühərrikin çalışma saatı, sürətlər qutusu, ötürücü körpü və s. bunlar hamısı yürüşdən asılıdır. Təbii ki, ikinci əl avtomobildə hissələrinin rənglənməsi varsa deməli bu avtomobil qəza keçirib. Əsas fikir verirlər ki, avtomobil rəngi dəyişməmiş olsun. Avtomobilə hansı servisdə necə qulluq olunubsa, onun servis kitabçası olmalıdır. Baxımlı avtomobillərin servis kitabçası olur. Orada nə iş görülübsə qeyd yerində yazılır. Servis kitabçası avtomobilin içərisində olarsa, o yaxşı hesab olunur” deyə usta bildirib. Usta Vüqar İmanov insanları dəyərindən ucuz avtomobilləri almamağa çağırıb. “Bəzən hansısa avtomobilləri dəyərindən ucuz qiymətə alırlar. Hansı ki, istismar müddəti də bitib. Ucuz qiymətə auksiona çıxarırlar. Bəzən həvəskar sürücülər olur ki, belə avtomobilləri alır. Maşını ustaya gətirəndə əsas məsələ orada üzə çıxır. Əlimizi hansı detala vururuqsa, dərhal sıradan çıxır. Köhnə avtomobil alan sahibkar düşünməlidir ki, ona külli miqdarda pul xərcləməlidir. Məsəl üçün 6 minlik maşın almısansa, üstünə 6 min də qoymalısan ki, onu normal sürə biləsən. Bu cür maşın almaqdansa bahalı velosiped alıb sürmək ondan yaxşıdır” deyə usta bildirib. Son günlər avtomobillərin dayandığı yerdə yandığını bildirən usta bunun səbəbini bəzi sürücülərin məsuliyyətsiz hərəkətlərində görür. “Avtomobillərdə adətən alışma əlavə avadanlıqların quraşdırılmasına görə baş verir. Əlavə avadanlıqlar deyəndə işıq sistemində güclü lampaları nəzərdə tuturuq. Hesablanmamış lampalar qoyulanda məftillərin müqaviməti dəyişir, isinmə gedir və alışma baş verir. Xaricetmə sistemində, yəni avtomobilin səsboğuzucusuna müdaxilə olunduqda yanğın olur. Avtomobilin yanacaq sistemində nasazlıq, hansısa sızıntı olduğu halda da avtomobildə yanğın baş verə bilər” deyə usta bildirib.

Bu rayonda anadan olan uşaqların yarısı nikahdankənar doğulub – Rəsmi

Azərbaycanda il ərzində doğulan 122 min 846 körpədən 15,3%-i və ya 18 min 814-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Sozcu.az açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 14 min 401-i hər iki valideyinin ərizəsi əsasında, 4 min 413-ü isə tək ananın ərizəsi əsasında qeydə alınıb.  Onu da bildirək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı son bir ildə 7,1% artıb Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 11 min 630-u kənd yerlərində, 7 min 184-ü şəhərlərdə doğulub. Qeyd edək ki, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən çox 2011-ci ildə olub - 30 min 983 nəfər. Məlumat üçün onu da qeyd edək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən çox Cəlilabad rayonunda qeydə alınıb. Bu rayonda il ərzində dünyaya gələn uşaqların 47,9%-i və ya 1 815-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Cəlilabad rayonun kəndlərində doğulan körpələrin isə yarıdan çoxu – 51,6%-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən az Şahbuz rayonunda qeydə alınıb. Şahbuzda il ərzində dünyaya gələn uşaqların cəmi 1,5%-i və ya 3-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Lənkəranda “Rənc Rover” yandı

Lənkəranda “Rənc Rover” markalı avtomobil yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, “Rənc Rover” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müsavatda namizədlərin irəli sürülməsinə start verildi

Aprelin 15-də Müsavat Partiyasının 11-ci qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. İclasda bildirilib ki, mayın 4-nə təyin olunan qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət olunub. Müraciətdə qurultayın Rəşid Behbudov adına Mahnı Teatrının binasında, Nizami kinoteatrında, Səttar Bəhlulzadə adına mədəniyyət sarayında, yaxud uyğun tutumu olan başqa binada keçirilə biləcəyi qeyd oedilib. Təşkilat Komitəsi  qurultaya hazırlıqla bağlı müvafiq prosedurları təsdiqləyib. Prosedurlara əsasən partiyanın seçkili orqanlarına namizədlərin irəli sürülməsinə aprelin 16-dan start verilir. Partiyanın başqanı vəzifəsinə, eləcə də MNTK və Məclis üzvlüyünə namizəd olmaq istəyən şəxslər müvafiq ərizə yazaraq aprelin 30-u, saat 18:00-dək Təşkilat Komitəsinə təqdim etməlidirlər.  Təşkilat Komitəsi qurultayın fəaliyyətini işıqlandırmaq istəyən media orqanlarını qabqcadan partiyaya müraciət edərək akreditasiyadan keçməyi təklif edib.  1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub. Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb. 2014 və 2019-cu illərin qurultaylarında Arif Hacılı başqan seçilib.  Foto: Müsavatın 13 sentyabr 2019-cu il tarixli 9-cu qurultayında səslərin sayılması prosesi Basta

RƏQS EDƏ BİLMƏYƏNLƏRİN ZAMANI...

Küçənin ortasında rəqs edən adam düşünün. Musiqisiz filansız. Musiqi var. Ancaq rəqs edənin qulaqlarındadır, yalnız özü eşidir. İlk baxışda nədi ki, adam rəqs edir də. Nə olsun ki, əvvəlki kimi toyda, şənlikdə, konsert salonlarında yox, küçədə, həm də təkbaşına rəqs edir. Ürəyi istəyir, rəqs edir. Bu da bir şənlikdir. Lap elə olsun fərdi şənlik. Ya iki nəfərin şənliyi. Haradan baxsan şənlikdir. Həm də incəsənət. Axı pis rəqs etmir(lər). Amma heç baxan da yoxdur. Ətrafda hamı öz işindədir. Kimi gedir, kimi gəlir, kimiləri dayanıb söhbət edir, tək-tük başını çevirib baxanlar da instiktiv diqqət kəsilir. O da ani. Çünki artıq küçənin ortasında, parkda-filanda fərdin və ya kiçik qrupun qəfil durub rəqs etməsi yeni bir şey deyil. İşini buraxıb qoşulan olur, təəccüblənən, narazı qalan yox. Hətta yolu kəsilmiş maşın dayanıb, işıqforun qırmızı işığındaymış kimi sbrlə gözləyir ki, “rəqqas” ya işini bitirsin, ya da bəlkə oynaya-oynaya yoldan çəkilər. Dediyim kimi, heç kim təəccüblənmir, hirslənmir, çünki artıq belədir.   30 il əvvəl bu hərəkətə dərhal tutulub aparılacaq adam indi belə şeyi ağlına da gətirmir. İndi 30 il sonranı düşünək. Artıq küçədə-filanda rəqs etməyən adam cəmiyyətə yad görünür. Çünki hamı atılıb-düşür, rəqs edir, ən azı “rəqs meydançası”ndan keçən ani də olsa prosesə qoşulur, ərazini atılıb-düşə, əl-qol oynadaraq keçir. Yoxsa, bəlkə də tutulub aparılar. Niyə? Çünki artıq bu bir norma, həyat tərzidir və o (rqsə qoşulmayan), növcud normaları pozur.  Həmin vaxt artıq küçədə lüt gəzən adamlara heç kim fikir verməyəcək (Indi rəqs edənə fikir verən olmadığı kimi). Ətrafda hərə öz işində olacaq. Çevrilib çılpağa baxan da olsa, instiktiv və ani edəcək bunu. Nədir ki, adam(lar)dı də, nə olsun lütdü(lə)r. Göstərdiyi də hamıda olndandır. Haradan baxsan, Allahın yaratdığıdır. Hələ bəlkə bir az da mədəniyyətdir. Olsun yeni mədəniyyət. Amma mədəniyyətdir. Hamı görür, heç kim heç nə demir, nəsə deməyi ağlına gətirən də yoxdur, nəsə demək də olmaz, amma soyunub qoşulmaq olar. 30 il əvvəl bu hərəkətə görə dərhal tutulardı, aparılardı. Amma 30 il sonrakı adam bunu heç ağlına da gətirmir.  İndi daha 30-40 il sonranı düşünürük. Artıq küçədə lüt gəzməyən yoxdur. Təsadüfən paltarlı gəzən olsa, cəmiyyətə yad görünür.  Daha 40-50 il sonra havalar daima istidir, küçədə-bayırda yenə hamı lütdür, orada-burada cütləşənlər gözə dəyir, ərazidən keçənlərdən cütləşənlərə qoşulanlar da olur. Parkda-xiyabanda uşaq dünyaya gətirənlər var. Bir yanda kimsə təbii ifrazatını küçənin ortasına boşaldır, o biri yanda biri başqasının yediyini əlindən qapıb öz ağzına basır. İtələşirlər, dalaşırlar, güclü qalib gəlir, ya da söyüşməklə kifayətlənib, ayrılırlar. Fərqli cinslər, arientasiyalardırsa, bəlkə hələ ayrılmazdan əvvəl cütləşirlər də.  Daha 50-60 il sonra hamı bir-birinə hürür. Çöldə-bayırdı uşaq gözə dəymir. Orada-burada güclülər cumub gücsüzləri yeyir. Hər yan qara, qırmızı qan ləkələri, təzə-köhnə insan sümükləridir. Hardasa bir qadın ağacın başındadır, iki kişi ağacın altında savaşır. Başqa bir tərəfdə bir qrup qadın, bir kişini didib, parçalayıb yeyir və s... Bu nəsil artıq rəqs edə bilmir. Onun heç xəbəri də yoxdur ki, bir vaxtlar hamı paltar geyinib, hərə öz yeməyini yeyib, insanlar yataqda, mübhəm yerlərdə sevişib, uşaqlar doğum evində dünyaya gəlib, təbii ehtiyacların ödənməsi üçün ayaqyolu deyilən guşələr varmış və bütün bunlar insanın həyat tərzi olub. O həyat tərzi ki, insanlar sevinəndə, xoşbəxt olanda yığışıb rəqs edirmişlər. Hələ rəqs etmək üçün ayrıca meydançalar, salonlar da varmış. Adamların rəqs eləməsi üçün “ansambl” deyilən qrup çox maraqlı, həvəsləndirici nələrsə ifa edirmiş. Adına da musiqi deyirlərmiş. Özü də dünyada uşaqdan böyüyə hamı rəqs edə bilirmiş. Və insanların bir-birini rəqsə dəvət etmək kimi gözəl ənənəsi varmış...   İlqar Rəsul

İbtidai siniflər üçün 5 günlük yaz tətili olacaq — Bu tarixlərdə

Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayır. Sozcu.az xəbər verir ki, 1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil ediləcək. Əlavə yaz tətili 5 gün davam edəcək. Qeyd edək ki, 2023/24 tədris ili ötən ilin 15 sentybrında başlayıb və 2024-cü ilin 14 iyununda bitəcək. 

Ukrayna ordusu rus zabitlərinin olduğu komanda məntəqəsini vurdu

Ukrayna ordusu Krımda Rusiyanın yüksək rütbəli zabitlərinin yerləşdiyi komanda məntəqəsinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xüsusi xidmət orqanlarındakı mənbə bildirib. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.