Azərbaycanda 2 ailə qəzaya düşdü: 3 ölü, 4 yaralı

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Babək rayon Vayxır kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada Niva" markalı avtomobillə "Hunday Santafe" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Lada Niva"da olan Zərifə İbrahim qızı Əliyeva, Məhəmməd Mehdixan oğlu Əhmədov və Mütəllim Xanış oğlu Əliyev ölüb. Pərvin Məhəmməd oğlu Əhmədov isə ağır bədən xəsarətləri alıb. "Hunday Santafe"də olan 3 sərnişin - Qüdrət Mehdi oğlu Mahmudov, Qəşəm Əbülfəz oğlu Mahmudov və Seyfəli Mehdi oğlu Mahmudov ağır yaralanıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduqları bildirilir. Faktla bağlı araşdırma aparılır.

7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu

Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilova hökm oxunub. Sozcu.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə müttəhim son söz deyib. Daha sonra hakimlər müşavirəyə gedib və qayıdaraq hökmü elan ediblər. Hökmə əsasən, M.Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ermənilər Qazaxın kəndində müharibəyə hazırlaşır - Silahlanma başladı

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın Əskipara kəndində məskunlaşan ermənilərlə görüşündə Azərbaycana məxsus olan kəndlərin qaytarılacağını deyib və bu ssenariyə hazırlaşmaq tapşırığı verib. Kənddə məskunlaşan ermənilər isə bununla razılaşmır, onlar hətta döyüşəcəklərini bildirirlər. Ermənistan mediası ermənilərin Paşinyanla görüşdən sonra silahlanmağa başladığını yazır. Kənddə yaşayan ermənilər silaha sarılacaqlarını bildirirlər. “Buradan çıxmayacağıq, ya öləcəyik, ya yaşayacağıq. Kənddə hər kəs belə düşünür. Sona qədər döyüşəcəyik”, - ermənilər bildirib. “Pastinfo” yazır ki, erməni əhalisi Paşinyanla görüşdən narazı qalıb. “Orada məskunlaşan ermənilərin əksəriyyəti görüşə gəlməyiblər, çünki nə deyiləcəyini bilirdilər. Kənddə əhval-ruhiyyə yoxdur, getmək istəmirlər, silahlanaraq, döyüşəcəklərini, çıxmayacaqlarını deyirlər”, - sayt yazır.//Publika.az

“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”

“Min illərdir biz Novruza bahar, yaz bayramı demişik, yazın gəlişini qeyd etmişik. Klassiklərimiz baharın gəlişinə gözəl şeirlər yazıb, təbiətin oyanışını vəsf ediblər. Amma azərbaycanlılar üçün milli atribut sayılan papağı aparıb onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər. Bu ənənəni bizə kim gətirib?!”  Bu sözləri Yenisabah.az-a Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib. Novruz adətlərindən danışan sənətçi deyir ki, əvvəllər Novruz şənliklərində papaq atmaq ənənəsi olmayıb. Bayram payının istənilməsi üçün papaq atılması sonradan yaranıb.  Onun sözlərinə görə, türk kişisi üçün papaq həmişə qeyrət rəmzi sayılıb: “Türk kişisinin 3 meyarı olub: arvadı (halalı), papağı və atı. Hər kəsə məlumdur ki, o vaxt bir kişini el içində rüsvay etmək üçün onun atının quyğunu, yalını kəsərdilər. Bu, ən böyük təhir sayılardı. Bu gün atımız yoxdur, evlənib 3 aydan sonra boşanırıq, kəbinimiz yoxdur, arvadı 1 uşaqla atırıq küçəyə, papağımızı da aparıb atırıq kiminsə qapısına.  Qapıya papaq atmaq faktiki olaraq dilənməkdir. Biz tərəflərdə o vaxt qurşaq atardılar. Siz papağınızı atmaq istəyirsinizsə, atın, istəyirsinizsə, lap tuman-köynəyinizi də çıxarıb qapılara atın, amma bunu adət-ənənə adı altında millətə sırımayın! Bizdə bu cür adət olmayıb. Bu nə ənənədir, bu nə iyrənc şeydir?!  Bunu haradan götürüblər? Keçəl, kosa nədir?”  Şeyx Əbdül  bayramın rəmzləri olan, Novruz şənliklərində yer alan Kosa ilə Keçəlin pay yığmasını dilənçilik adlandırıb: “Bu bayram təbiətin oyanışı ilə bağlıdır, təqvim yenilənir. Bu Allahın insanlara verdiyi lütfdür, insanları qışın soyuğundan, əzabından qurtarır, səxavətini göstərib yenidən təbiəti oyadır, ruzimiz-bərəkətimiz artır, enerjimiz çoxalır. Biz yeganə millətik ki, “S” xərfi ilə başlayan 7 neməti bayram süfrəsinə düzürük, bu başqa xalqlarda yoxdur. Biz isə israfçılıq edirik, qədir-qiymət bilmirik, dəyərlərimizi, tariximizi qorumuruq. Biz bütün bunları bir kənara atmışıq, qorumuruq.  Çıxıb efirlərdə də deyirlər ki, uzun illər əvvəl də papaq atmışıq. Bir daha qeyd edirəm, belə şey olmayıb! Sizin dədəniz papağını atıbsa, Allah işini avand eləsin, lakin mənim babam, dədəm öz papağını qapılara atmayıb! Xahiş edirəm, bunu ümumiləşdirməyək.  Keçəl-kosa düşüb ortaya oynayır, deyir “çömçəni doldursana” və dilənçilik edir. Rusun şaxta babası isə xəz geyimdə qapılara gedib hədiyyə paylayır. Bizi bu ruhda tərbiyə edirlər. Bu persaonajlar gözəldir, amma onları bir qədər dəyişmək, bahar bayramı ilə uyğunlaşdırmaq lazımdır, dilənçiliklə yox. Bizdə nə gözəl şey varsa, ona qara yaxırıq, gözdən salırıq, ədrabadi hala salıb dilənçi, ələbaxan edirik. Sonra da həmin personajları televiziyaya, küçələrə çıxarıb təbliğ edirik.  Bu cür eybəcər təbliğatın nəticəsi də bu gün göz önündədir...” 

“Beşiktaş” Qurban Qurbanovu istəyir

“Beşiktaş”ın baş məşqçisi Fernando Santoşun ardıcıl məğlubiyyətlərindən sonra klub yeni çalışdırıcı axtarışındadır.  Sozcu.az xəbər verir ki, İstanbul təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır. Bu barədə məlumatı “Fotospor” saytı yayıb. Bildirilib ki, uğursuz olan F.Santoşun yerinə ən real namizəd Qurban Qurbanov göstərilir. İstanbul klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın “Bayer”ə (Leverkuzen) qarşı keçirdiyi oyunu canlı izlədikdən sonra rəhbərliyə Qurban Qurbanov haqqında müsbət fikirlər bildirib. S.Aybaba həmçinin Azərbaycan təmsilçisinin oyunçuları Abdullah Zubir və Olavio Juninyonu da bəyənib.

İsmayıllı sakinini öldürüb meyitini yandıranlardan xəbər var

İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən Elvin Əliyev və Ümidvar İbişovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası martın 18-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ümidvar İbişov 17 il 6 ay, Elvin Əliyev isə 17 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Qeyd: 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub. Aparılan istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilən naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən olunub. Həmçinin, müəyyən edilib ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hyundai” markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürdükdən sonra cinayətin izini gizlətmək məqsədilə sonuncunun meyitini İsmayıllı rayonunun Tubu kəndinə apararaq orada yandırıblar. Toplanan sübutlar əsasında Ümidvar İbişov və Elvin Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Ukrayna tərəfdə vuruşan rus könüllülər Rusiyanın daha 2 məntəqəsini tutdu...-FOTO

Dünən - bazar günü, martın 17-də Rusiya Federasiyasında Kreml rejiminə qarşı döyüşən Rusiya Könüllülər Korpusu(RKK) və "Sibir batalyonu"nun döyüşçüləri Rusiyanın Belqorod vilayətinin Qrayvoronski rayonunun Kozinka kəndinin azad edildiyini bəyan ediblər. Sozcu.az “TSN” kanalına istinadla xəbər verir ki, bu barədə "Sibir batalyonu"nun telegram-kanalında məlumat paylaşılıb. "Rusiya Federasiyası ərazisində könüllü qüvvələrin məhdud xüsusi əməliyyatı davam edir. Rusiya Federasiyasının Kozinka kəndində “Sibir batalyonu”nun və RKK-nın bayraqları qaldırılıb", - deyə rus könüllülər foto dərc edərək bildiriblər. Qeyd edilir ki, həmin gün səhər saatlarında Sibir batalyonunun döyüşçüləri İçkeriya Çeçenistan Respublikasının könüllüləri ilə birlikdə Belqorod vilayətinin Qorki yaşayış məntəqəsinə daxil olduqlarını və yerli administrasiyanın binalarını ələ keçirdiklərini elan ediblər. Könüllülər öz bəyanatlarını təsdiqləmək üçün əllərində “Qorki kənd qəsəbəsinin administrasiyası” yazılmış lövhə və ayaqlarının altında  üçrəngli Rusiya  bayrağı olan olan foto-şəkil dərc ediblər... O da xatırladılır ki, “Rusiyanın Azadlığı” legionunun bölmələri, Rusiya Könüllülər Korpusu və “Sibir batalyonu” martın 12-də səhər saatlarında Ukrayna-Rusiya sərhədini keçərək Rusiyanın Belqorod və Kursk vilayətlərinin ərazisinə daxil olublar. Onların azadlıq reydi davam edir... Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryovun sözlərinə görə, Putin rejiminə qarşı döyüşmək üçün Rusiya Federasiyası ərazisinə qayıdan rusiyalı könüllülər azad edilmiş rayonlarda alternativ hökumət elan etmək niyyətindədirlər...

Maşın bazarında nə baş verir? – Nazirlik rəsmi açıqlama yaydı

Minik avtomobillərinin satışı zamanı müştərilərlə bağlanan müqavilələrə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi ilə digər bazar subyektlərinə qarşı haqsız rəqabətə yolvermə əlamətləri aşkar olunub. Sozcu.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, 2023-cü il üzrə Dövlət Xidmətinin təsdiq edilmiş monitorinq planına əsasən, minik avtomobilləri bazarında satış zamanı bağlanan müqavilələrdə şərtlərin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb: "Araşdırmalar nəticəsində əsas bazar subyektləri tərəfindən müştərilərlə bağlanan müqavilələlərə və zəmanət şərtlərinə məhdudlaşdırıcı şərtlərin əlavə edildiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı müəyyən edilib. Aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ötən ilin dekabr ayında fəaliyyətlərində pozuntu aşkar edilən bazar subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bazar subyektləri tərəfindən bağlanan müqavilə və zəmanət şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu məsələsi müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib. Nəticədə, bir sıra bazar subyektləri tərəfindən müqavilə şərtlərinə müvafiq dəyişikliklər olunub. Məlumat üçün bildiririk ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir. Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən minik avtomobilləri satışı ilə məşğul olan 1 bazar subyektinə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb, digər bazar subyektləri barəsində də qanunamüvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər".

6-cı sinif şagirdi onkoloji xəstəlikdən vəfat etdi

Balakən rayonunda şagird vəfat edib.  Sozcu.az xəbər verir ki, Uğur Vasif oğlu Qarayev Balakən rayonu Surağat Qurbanov adına Katex 1 nömrəli tam orta məktəbin altıncı sinfində təhsil alıb.  Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 

Vladimir Putin Haaqa mühakimə kürsüsünə getməlidir - Zelenski

Rusiyada keçirilən saxta prezident seçkisinin legitimliyi yoxdur və diktator Vladimir Putin Haaqa mühakimə kürsüsünə getməlidir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Bu günlərdə Rusiya diktatoru növbəti seçkini simulyasiya edir. Hamı başa düşür ki, bu şəxs sadəcə olaraq hakimiyyət xəstəliyinə tutulub və ömürlük hökm sürmək üçün hər şeyi edir. Şəxsi hakimiyyətini uzatmaq üçün etməyəcəyi pislik yoxdur", - o bildirib.

Sülhə heç vaxt olmadığımız qədər yaxınıq - İlham Əliyev

Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”.

Cəmiyyət olaraq nə istədiyimizi bilirikmi?

Diqqət edirəm, hansı mövzu mediada danışılırsa, qabardılırsa, ona mız qoyan insanlar tapılır. Hətta ağıl da verməyə çalışırlar ki, " öz problemlərimiz qalıb bir yanda, gör nələrdən danışırsız, bir az da özümüzdən danışın". Əslində insanların narahatlığını başa düşürəm, daxili problemlər en qədərdir. Ancaq həmin problemlərə maraq nə qədərdir görəsən, insanlar bu problemlərə necə reaksiya verir?  Küçədə sorğu edəndə 50 adamdan 10-u danışar, ya danışmaz. Hamı deyir bizlik deyil, mən filan yerdə işləyirəm, məni çəkmə. Sosial problemlərlə bağlı veriliş hazırlayırsan, baxan olmur, qiymət artımından danışırsan, reaksiya verən olmur. Sonra da deyirlər "öz dərdimizdən danışın". O dərd nədir görəsən, biz, nə istəyirik? Azad Nurulu, jurnalist

RUSİYA İSLAM ÖLKƏLƏRİ İLƏ QARŞILIQLI FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR VƏ REGİONLAR ÜÇÜN YENİ İMKANLAR AÇIR

.Tərəfdaş dövlətlər halal standartlarına uyğun olan Rusiya məhsullarının ixracını artıra bilər və Rusiya Federasiyasının bölgələrində tikintiyə sərfəli investisiya edə bilər. Martın 5-də İslam əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səfirləri ilə görüşdə "Rusiya – İslam dünyası" Strateji Baxış qrupunun rəhbəri Rüstəm Minnixanov yeni əməkdaşlıq imkanlarından danışıb. "Rusiyanın aparıcı regionlarından biri olan Tatarıstan Respublikasının timsalında Rusiyanın İslam dünyası ilə qarşılıqlı fəaliyyətini necə genişləndirdiyinin şahidi olmaq olar. Respublikamız Rusiyada İslam bankçılığı və maliyyələşdirmə prinsiplərinin tətbiqi üzrə pilot regionlardan biridir, Halal sənayesinin inkişafı istiqamətində fəal işlər görülür, İslam təhsilinə böyük diqqət yetirilir", — deyə Rüstəm Minnixanov əməkdaşlığın perspektivli istiqamətləri barədə məlumat verib. Bu il Forumun proqramında hökumətlərarası komissiyaların, həmçinin "Rusiya-Azərbaycan", "Rusiya — Malayziya", "Rusiya-Qətər" ayrı-ayrı dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. İqtisadi nailiyyətlər sərgisində Azərbaycan, İran, Misir, Türkiyə Respublikası, İndoneziya, Malayziya, Türkmənistan və s. stendləri təqdim olunacaq. Əsas mövzular halal sənaye, İslam maliyyəsi, nəqliyyat dəhlizlərinin inkişafı və təhsil sahəsini əhatə edəcək. Turizm, o cümlədən müalicə turizmi mövzusu da ətraflı müzakirə olunacaq. Mədəniyyət məsələləri üzrə proqram da genişləndirilib: rəqəmsal İslam incəsənəti, yaradıcı iqtisadiyyat və kino sənayesi üzrə ayrı-ayrı tədbirlər keçiriləcək. Vacib mövzu idmanın inkişafı olacaq. Ticarət və Sənaye Palatasının beynəlxalq forumu İslam ölkələrinin biznes nümayəndələrini bir araya gətirəcək.

Qəzzada ölən fələstinlilərin sayı 31 645 nəfərə çatıb

Qəzzada ölən fələstinlilərin sayı 31 645 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın səhiyyə qurumu məlumat yayıb. Ötən sutka ərzində İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatları nəticəsində 92 nəfər həlak olub, 130 nəfər yaralanıb. Bununla da ötən ilin 7 oktyabr tarixindən indiyə qədər Qəzzada ölən fələstinlilərin ümumi sayı 31 645 nəfərə çatıb. Ötən dövr ərzində 73 676 nəfər yaralanıb. Xatırladaq ki, 2023-cü il 7 oktyabrda HAMAS İsrailn cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib. İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslər olub. HAMAS silahlıları həmin hücumda 240-dan çox israillini girov götürüb. İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı "Dəmir Qılınclar" (“İron Swords”) əməliyyatına başlayıb, Qəzzaya hava zərbələri endirib. 24 oktyabrdan isə İsrail ordusu Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.

Rusiyanın daha bir neft zavodu VURULDU

Martın 17-nə keçən gecə Rusiya Krasnodar diyarının Slavyansk-na-Kuban şəhərində yerləşən zavodlardan birində yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yayıb. Bildirilir ki, zavoda pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. “Baza” kanalanın məlumatına görə, ən azı bir nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib. Məlumata görə, zavod neft emalı ilə məşğul olan müəssisədir. Burada ildə 4 milyon neft emal olunur. Qeyd edək ki, Ukrayna son həftələrdə Rusiyanın neft infrastrukturunu ciddi şəkildə hədəfə alıb və Rusiyasının Avropa hissəsindəki neftayırma zavodlarını vurub.

Azərbaycanlı şagird MIT-yə qəbul oldu

Azərbaycanlı şagird ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Sozcu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesablarında məlumat dərc edib. “Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbi olan ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Fidan məktəbli olduğu dövrdə bir sıra yerli və beynəlxalq olimpiadalarda qazandığı uğurları ilə seçilib. Fidanı təbrik edir və təhsilində uğurlar arzulayıram”, - Nazir bildirib.

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Həmin ərazidən keçən kollektorda elektriklə balıq ovlamaq istəyən Babayev Orxan Baba oğlunu cərəyan vurub. O, ağır vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.

Meteoroloqlardan XƏBƏRDARLIQ: Külək, yağış, dolu...

Milli Hidrometeorolgiya Xidməti martın 18-nə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Sozcu.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi Şimal-qərb küləyi 19-u gündüz, 20-də 15-20 m/s, 20-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında martın 18-i səhər şimal və qərb rayonlarından başlayaraq 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 19-u gündüz, 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Martın 17-si axşamdan 21-dək Böyük və Kiçik Qafqazın, 19-dan 21-dək isə Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylarında sululuğun artacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.

Kəndləri verib, əvəzində Bakıdan bunu tələb edək – Oskanyan sərsəmlədi

“Erməni kəndlərini (Qazaxın işğaldakı kəndləri – red.) Azərbaycana verməyə hazırsınızsa, o zaman Bakıdan Qarabağın muxtar statusunun bərpasını tələb edin”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. O, ölkənin baş naziri Nikol Paşinyanın kəndləri təhvil verməyə hazırlaşdığını iddia edib. “Bunu edirsinizsə, Qarabağla bağlı tələb irəli sürməyə borclusunuz. Ermənistanın bu məsələni gündəmə gətirmək hüququ var”, – diplomat bildirib. V.Oskanyan xüsusi vurğulayıb ki, rəsmi İrəvan Qarabağ ermənilərinin geri qayıtması üçün iş aparmalıdır, lakin bu istiqamətdə hər hansı fəaliyyət yoxdur.Globalinfo)

Makron: “Fransa Ukraynada Rusiyaya qarşı əməliyyat keçirə bilər”

Fransa Prezidenti Emmanuel Makron Ukraynada Rusiya qoşunlarına qarşı durmaq üçün quruda əməliyyat keçirə biləcəyini istisna etməyib. Sozcu.az xəbər verir ki, bu barədə “Le Parisien yazıb”. “Mən bu təşəbbüslə çıxış etmirəm və etməyəcəm də, amma ola bilsin ki, nə vaxtsa Rusiya Silahlı Qüvvələrinə qarşı durmaq üçün quruda əməliyyatlar aparmaq lazım gələcək”, deyə fransalı lider qeyd edib. Makron əlavə edib ki, Fransanın gücü ondan ibarətdir ki, Fransa bunu etmək iqtidarındadır.

Gəncədəki avtomobil sexində 5 boks və bir avtomobil yanıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat yayıb. Bu barədə “Report”a “FHN”dən məlumat verilib. Qeyd olunub ki, yanğınla bağlı məlumat “112” qaynar telefon xəttinə daxil olduqdan sonra dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17 boksdan ibarət ümumi sahəsi 2500m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təmir sexinin 5 boksunun yanar konstruksiyaları ümumilikdə 220m² sahədə və içərisində təmirə dayanmış "OPEL ASTRA" markalı minik avtomobili yanıb. FHN-in qüvvələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində 12 boks, təmirə dayanmış 5 ədəd minik avtomobili, hər birinin həcmi 200 litr olan 3 ədəd yağ çəlləyi və hər birinin həcmi 15 litr olan 6 ədəd oksigen balonu yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. 2024-03-16-22:55 Gəncədə avtomobil təmiri sexində baş verən yanğının qarşısı alınıb. "Report"un Qərb bürosunun məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir. Yanğının səbəbləri araşdırılır. 22:35 Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil təmiri sexlərinin birində yanğın başlayıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 220 kvadratmetr sahədə olan 5 avtomobil təmir sexində olan yanğının qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Yanğın zamanı vətəndaşa məxsus 1 avtomobilin yandığı deyilir. Faktla bağlı araşdırma aparılır.

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək. Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə baş tutacaq. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından çap edib götürə bilirlər. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb. İmtahanda 46 min 741 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ağdaşda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ağdaşda 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, iki “Ford” markalı yük maşını ilə “ATEGO” markalı yük avtomobili toqquşub. Nəticədə Qarayev Yaşar Maarif oğlu, Qəbələ rayon sakinləri Əliyev Rəşad Ədalət oğlu və 1980-ci il təvəllüdlü Ağammədov Yasin Sədiyar oğlu dünyasını dəyişib, 1989-cu il təvəllüdlü Ağəmmədov Teymur Yarəməd oğlu isə ağır bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır. Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var. ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Hadisənin tam təfərrüatları barədə məlumat veriləcək.

Qurban Qurbanov Almaniya Bundesliqası klubundan təklif aldı - Təcili

Azərbaycanın məşhur futbol mütəxəssisi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniya Bundesliqasında mübarizə aparan klubdan təklif alıb.  Sozcu.az xəbər verir ki, Supersport.az-ın məlumatına görə, söhbət "Union Berlin" klubundan gedir. Məlumata görə, alman komandasının rəhbərliyi Leverkuzendə "Bayer"lə qarşılaşan "Qarabağ"ın baş məşqçisiylə görüşüb.  "Bayer"in baş məşqçisi Xabi Alonso Berlin klubunun prezidenti Dirk Zinglerə yeni baş məşqçi olaraq Qurban Qurbanovu məsləhət görüb. "Union"un 20 ildir ki, rəhbəri olan Zingler Leverkuzendə "Qarabağ"ın 52 yaşlı baş məşqçisiylə görüşərək istəyini çatdırıb. Azərbaycanın məşhur məşqçisi Qurban Qurbanov Almaniya klubunun rəhbərliyinə təşəkkür edib, lakin təklifi qəbul etməyib. 117 yaşa malik "Union Berlin" komandasını hazırda 52 yaşlı Nenad Belitsa çalışdırır. Xorvat mütəxəssis ötən ilin noyabrında gətirilsə də, müqavilənin müddəti göstərilməyib. Berlin klubu ötən mövsüm Bundesliqada 4-cü olsa da, hazırda çempionatda zəif çıxış edir. "Union" 18 klub sırasında 25 turdan 25 xalla 14-cü pilləni tutur. Bundesliqada 5 ildir yarışan Berlin komandasının futbolçularının qiyməti 149.95 milyon avrodur.   UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer"in baş məşqçisi Xabi Alonso Azərbaycan klubunun Bundesliqada mübarizə aparmağa layiq olduğunu bildirmişdi. Xabi Alonso ilə Qurban Qurbanov arasında dostluq münasibətləri də var.