Türk Ədəmi-Mərkəziyyəti Müsavat Partiyasının ikinci qurultayının öz işinə başlamasından 105 il ötür

1919-cu il 2 dekabr tarixində indiki Konstitusiya məhkəməsinin binasında Türk Ədəmi-Mərkəziyyəti Müsavat'ın ikinci qurultayı öz işinə başlamışdı. Qurultay dekabr ayının 12-nə qədər davam etmişdi. Bu partiya tarixində iqtidarda olduğu ilk qurultay idi. Həmin zaman hökümətə partiyanı təmsil edən Nəsib bəy Yusifbəyli rəhbərlik edirdi. Kanuni–əvvəlin 2-si saət 7-də Türk Ədəmi-Mərkəziyyət “Musavat” firqəsinin 2-ci qurultayı açılmışdır. Hələ saət 5-dən qabaq nümayəndələr və tamaşaçılar toplanırlardı. Hamı qurultayın açılmasını ayrıca bir maraq və intizar ilə gözliyordu. Saət 7 tamamda böyük salon və xanımlar lojası nümayəndə və tamaşaçılarla dolu ikən rəisi-vükəla Yusifbəyli Nəsib bəy və Rəsulzadə Məhəmməd Əmin cənabları şiddətli və sürəkli alqışlar altında salona daxil oluyorlar. Salon milli və dövləti bayraqlarla bəzənmiş, Hürriyyət, Ədalət, Üxüvvət tələbedici zəhmətkeşlərin hüquq və azadlığının müdafiə təmini istəyici bir çox lövhələrlə bəzənmişdir. Rəsulzadə Məhəmməd Əmin-Mərkəzi Komitə rəisi sifətilə gurultulu alqışlar altında müstədi–sədarətə keçərək qurultayı şu nitqi–iftitahilə açıyor: – Yoldaşlar! Azərbaycan türk bayrağını ilk dəfə qaldırmaq şərəfi ilə məsud olan Türk Ədəmi-Mərkəziyyət “Musavat” firqəsinin ikinci qurultayının müstəqil Azərbaycan paytaxtında açılması ilə Sizi təbrik və kəndimi bəxtiyar ədd ediyorum (uzun alqış). Bədə Turanın qızıl alma əfsanəsi və türklügün qurtuluşu fəqərəsini nəql edərək diyor ki, bu surətlə qızıl alma əfsanəsinin türk millətində yuxcalarda uzaqlarda pünhan amalı olduğunu və islamlıq həsbilə bədəlmövt olduqdan sonra dirilib cənnət həyatı keçməgə etimadımız olduğunu nəzərə aldıqda yüz illərdən bəri imtidad edən istibdad dövrünün bizim üçün siyasi bir ölüm və istiqlalımızı bir qızıl alma kibi tələqqi etdikdə haman kərə qafdan ibarət rus istibdadından yol tapıb da bu alma əlimizə irişəcək olduğumuzu ümidlə gözliyorduq və bu gün 2-ci qurultayın müstəqil cümhuriyyətli türk paytaxtında açılması başlarımız üzərində 3 boyalı Türk İslam Xəlq Cümhuriyyəti bayrağının ehtizaz etməsi haman qızıl alma və bədəlmövtün əfsanə degil, birər həqiqət olduğunu isbat edər. Sonra istibdad və inqilab zamanındaki hökumətlərin bizə qarşı rəftarından bəhslə diyor ki: əvət, istiqlal degil, muxtariyyat tələb etməmizə qarşı vətənimizi xarabazara döndərməklə təhdid ediyordular. Fəqət ancaq böyük arzular bəslədigimiz Məclisi Məbusan açmaq istədigimiz “İsmailiyyə”yə bir neçə sair binalarımızı yandıra bildilər. Fəqət əfəndilər binaları, daşları yaqmaq bildisə də, qızıl alma və bəst bədəülmövt həqiqətini yox edəmmədilər. Əfəndilər! Bizim amalımız yalnız muxtariyyat və cümhuriyyət olmuyub, burası türk milli amal silsiləsinin ancaq bir həlqəsini təşkil edər. Biz dünyanın milli əsaslar üzrə qurulacaq olduğunu, bütün millətlərin ancaq milli istiqlal və cümhuriyyət ilə məsud yaşaya biləcəginə iman ediriz. Bu sıradan olaraq türk millətinin də tamamilə müstəqil və hüquqi-ixtiyarına nail olmasını istəriz. Bizim etiqadımıza görə bəşəriyyət ancaq müstəqil millətlərin kəndi arzuları ilə birləşib böyük bir federasyon qurmaq ilə xoşbəxt yaşaya bilər. Şimdi biz kəndi hürriyyət və istiqlalımızı qazandıq. Fəqət bununla mütərəddid olmamalı, o hürriyyət və istiqlalı saxlamaya çalışmalıyız. Bu ümumazərbaycanlıların vəzifəsidir. Fəqət Azərbaycan şüarını ilk dəfə meydana atıb Azərbaycan bayrağını ilk dəfə qaldırmış bir firqə olmaq hesabilə bu vəzifə hamıdan ziyadə biz musavatçıların öhdəsinə düşür. Bən burada vəzifə olaraq qüvveyi-əskəriyyəyi təhkim edəlim demərəm. Zira nə qədər fəsih və təbii nitq söylərsəm, o əsgərlərin qəhrəmananə yürüşləri qədər fəsahətlə anlatamaram. Bən bunu deyəcəyəm ki, biz musavatçılarda yalnız firqə fikir və əməli degil, bir də vətən və istiqlal amalı da var. Binaənileyh bən sizi ittihad və ittifaqla səflərinizi sıxlaşdıraraq bir kərə qaldırmış olduğumuz bayrağı daima hamının başı üzərində ehtizaz etdirmək və onu müdafiə etmək əzmində olduğunuzu hamıya göstərməgə dəvət ediyoram (alqış). Həsən bəy Ağayev-sürəkli alqışlar altında öz adından və Məclisi-Məbusan rəisi sifətilə məclis namindən qurultayı təbrik ediyor və “Musavat”ın bu vəqtədək qazandığı müvəffəqiyyəti onun amal və şuarlarının bütün türk milləti fikir və amalına uyğun olmasına isnad verərək iləridə müvəffəqiyyətlər diliyor. Yusifbəyli Nəsibbəy – (sürəkli alqışlar içərisində kürsi-xitabətə gəliyor. Hazırun ayağa qalxaraq uzun müddət alqışlıyor) 1917 sənəsində ümumqafqasiya qurultayı əsnasında Azərbaycan muxtariyyatından belə bəhs edilməsindən qorxulduğunu və şimdi 2 il yarım sonra 3 rəngli bayrağını heç qorxmadan (alqış) dünyaya elan etdigini qeydlə diyor ki:  – Azərbaycan amalı yalnız “Musavat”ındır demək yanlışdır. Bu ümumi bir amal və arzu idi. Ancaq onu ilk dəfə “Musavat” üzə çıxardı. Kül örtülü bir od idi, “Musavat” üfürüb alovlandırdı. Şimdi bu odu yandırdıq. Fəqət buna güvənərək rahət oturmamalıdır. Bu hürriyyət və istiqlalı şimdi təhkim etmək lazımdır. Biliyorsunuz ki, bu saət yenə Azərbaycan amalı təhlükə altındadır. Bu təhlükə məlumunuzdur ki, ən artıq şimaldandır. Və bir günlük degil, bəlkə uzun müddətlər çəkə bilər. Binaənileyh qazandığınız istiqlalı əldə saxlamaq üçün daima təhlükə qarşısına hazırlanmalısınız. Saniyən sizin böyük vəzifənizdən birisi də kəndinizi bütün dünyaya tanıtdırmaqdır. Bunun üçün də hər yerdə qeyrətlə çalışmalı, hətta hökumət içərisindəki nümayəndələrinizə yol göstərməlisiniz. Bir də “Musavat” demokratik bir firqə olduğu üçün yalnız Azərbaycan degil, ümummillətlərin həqq və hüququnun təmin edilməsini istər. Bunun təfərrüatını, əlbəttə, müzakirə və müvafiq qərarlar qəbul edərsiniz. Ancaq əzcümlə ümum millətlərlə hüsni-münasibat əmələ gətirmək, xüsusən qonşu millətlərlə münasibətimizi yaxşılaşdıraraq gələcəkdə bəlkə ümumi bir Qafqasiya vətəni də təşkil etməgə çalışmalıdır (alqış). Qardaşlar! “Musavat”ın yaxın proqramı ilə bərabər əqsayi-amalı da vardır. Buna da irişmək üçün yollar düşünməlisiniz. Biz azərbaycanlı olmaqla bərabər məəliftixar türk və müsəlmanıq. Şübhəsiz böylə olunca müəyyən fikir və amallarımız da var. İştə bu xüsusları da düşünmək, müəyyən qərarlar çıxarmaq lazım gəliyor. Bir də biliyorsunuz ki, bizim çox bədxahlarımız da var ki, hər yol ilə hürriyyət və istiqlalımıza zərər yetirməklə çalışıyorlar. Əzcümlə şaiə nəşr ediyorlar ki, azərbaycanlılar müstəqil bir millət kibi yaşamaq istəmiyib başqa bir dövlətə mülhəq olmaq istiyorlar. Fəqət bu doğru degildir. Azərbaycan müstəqildir və müstəqil olacaqdır. Biz istəriz Azərbaycan ilə bərabər Osmanlı, Türküstan, Qırğızıstan, Başqırdıstan müstəqil olsunlar və bunların arasında bir rabitə olsun (alqış). Biz həmişə demişik, bütün aləmi-islamı bir mərkəzdən idarə etmək baştutmaz bir xəyaldır. Həmçinin bütün türk aləmini bir mərkəzdən idarə etmək çox müşküldür. Ona görə də adımızı ədəmi-mərkəzçi qoymuşuz. Qoy bunu bədxahlarımız da əməlimizdə görsünlər və yanıldıqlarını kəndiləri etiraf etsinlər. Şimdi hökumət naminə sizi təbrik edərək ümidvar oluyorum ki, millət sayəsində fələyin köməgilə bayrağımızı yüksək saxlaya biləcəgiz (şiddətli alqış). Əfəndilər! İstiqlalımız uğrunda mücahidə edib Bakı alınanda şəhid düşmüş türk qardaşlarımızın ruhuna salam və ehtiram olmaq üzrə ayağa qalxmağınızı təklif ediyoram. (Hamı qalxır). Şimdi mart hadisəsi qurbanlarının tərhim-ruhu üçün ayağa durmağınızı rica edirəm. (Hamı qalxır). Məhəmmədxan Sədulazadə-alqışlar altında İran naminə qurultayı təbriklə Musavatın istiqlal uğrundakı zəhmət və xidmətlərini qeyd ediyor və sui-təhfim nəticəsi olaraq bu vəqtədək iranlıların Azərbaycandan şübhələndiklərini etiraf etməklə bərabər şu vəqtədək Musavatın fəaliyyətini təqiblə təhsin və təqdis etdiklərini göstəriyor və diyor ki: – İnanırız ki, ümummillətlərin hüsni-münasibati və İran ilə ittifaq və qardaşlıq hüsulu ilə istiqlalınızı təhkim edərsiniz (gurultulu alqış). Ümidvaram ki, qardaş və dindaşların köməgi ilə bir dəfə qaldırmış olduğunuz bayraq həmişə yüksək olar. Məlikaslanov Xudadad bəy-alqışlar altında qurultayı təbriklə diyor ki, buraya çıxıb təbrik etməkdən məqsudim və məclis hüzurunda bəyan etmək idi ki, əgər Musavat nümayəndələri olmasaydı, Azərbaycan bu hala gəlməzdi. Fətəlixan Xoyski-gurultulu alqış içərisində qurultayı təbriklə diyor ki: – Bən müxtəlif səbəblərə görə heç bir firqəyə girməmişəm. Amma hamısı ilə çalışmışam. Ona görə də hər firqənin fəaliyyətini bitərəfanə təhqiq edə bilmişəm. Bən bu gün qurultay hüzurunda təsdiq etməliyəm ki, millət uğrunda, Azərbaycan yolunda Musavatın xidməti ifrat dərəcədir. Bu da fəzlə millətçilikdən degil, ondandır ki, həmişə vətən və millət mənafeini firqə mənafeindən yuxarı tutub əvvəl öz millət və vətəninin mənfəətini axtarmışdır, sonra firqəsinin. Şimdi vətən yenə təhlükədədir. Ümidvaram yenə və həmişə vətən mənafeini firqədən uca tutarsınız. Əli Səbri Qasımov-Cənubi-qərbi azərbaycanlılar naminə təbriklə 3 ildən bəri qan axıtdıqlarını və faciələrinin nəhayətini gördüklərini qeydlə qaranlıq yollarına firqədən işıq gözlədiklərini bəyan ediyor. Sonra Kiçikxanov – parlaman Əhrar fraksiyonu, Malxazyan – parlaman erməni heyəti; Hacıbəyli Üzeyir bəy mətbuat; Bəhrəm bəy Axundov – qarabağlılar; həm vilayətlər ittifaqı; Mustafa Mahmudov – mərkəzi müəllimlər bürosu; Rza Zaki – teatro heyəti; Ağazadə Məhəmməd – tələbələr ittifaqı; Məhəmmədzadə Mirzəbala – “Bəsirət”, Əli Yusif – Yaşıl Qələm Cəmiyyəti tərəfindən və bir çox natiqlər fəhlə, köylü və müxtəlif təşkilat naminə təbrik ediyorlar. “Azərbaycan” qəzeti, 4 dekabr 1919, № 337  kanuni-əvvəl –dekabr bədəlmövt-öləndən sonra məşhərdə dirilmə 2-ci iclas Kanuni-əvvəlin 3-ü səhər saət 11-də qurultayın 2-ci iclası Rüstəmbəyli Şəfibəyin sədarətilə açılıyor. Mərkəzi Komitə və fraksiyanın birinci qurultaydan bəriki müddətdə fəaliyyəti həqqində məruzədə bulunuyor. Məruzəçi əfəndi firqənin bu son müddətdəki fəaliyyətini 5 dövrə ayıraraq ətraflı məlumat veriyor. Birinci dövr olmaq üzrə birinci qurultaydan elani-istiqlal zamanınadək Seym dövrünü götürüyor: bu dövrdə firqə mərkəzi böyük bir faciə keçirmişdir-diyor. Çünki bütün sabiq Rusiya və Qafqasiyayı çulğamış anarşi Azərbaycana da siraət ediyor, Bakıda bolşevizm xürucu başlanaraq get-gedə dairəsini artırıyor. Millət fəryad və istimdad ediyor; teleqraflar yağdırıyor. Bu tərəfdən də Seym daxilindəki böyük firqələrdən bir kömək göstərilmiyor. Digər tərəfdən də birdən-birə Seymdən çıxaraq fəna nətayiçinin məsuliyyətini götürmək mümkün olmuyor. Digər tərəfdən də millət özü Seymin bu fəaliyyətsizligini kəndi nümayəndələrinə isnad verərək soğuqluğa başlıyor. İkinci dövr: Zaqafqasiyanın Rusiyadan ayrılması ilə başlanaraq elani-istiqlal və türklərin dəvəti zamanıni təsvir ediyor. Firqəmizin ən böyük müşkülatı da buradan başlıyor. Bir tərəfdən başqa-başqa firqələr “Musavat”ı Türkiyənin ajanı kibi göstərərək ittiham ediyorlar ki, Musavat Zaqafqasiyayı Rusiyadan ayırıb Türkiyəyə mülhəq etmək və Zaqafqasiya demokratiyasını türk istibdadi əlinə verməgə çalışıyor, digər tərəfdən də öz Azərbaycanımızda bəzi adamlar, qruplar millətin ağır halından, dar günün vəziyyətindən istifadə edərək “musavatçılar türklərin Qafqasiyaya gəlmələrinə razı olmuyor, onları qoymuyorlar” –deyə firqəyi cəmaətin nəzərindən salıyorlar. Firqə böyük bir böhran içərisində qalır. Fəqət özünü itirmiyib işində dəvam ediyor. Nəhayət, gürcülərin ittifaqdan çıxması üzərinə bütün müsəlman firqələr nümayəndələri müttəhidən Azərbaycan istiqlalını elan ediyorlar. Fəqət yeni bir faciə Milli Şuramız özgələrin paytaxtında, paytaxtımız düşmən əlində istirdadi üçün lazım olan qüvvəmiz də yoxdur. Binaənileyhə, türk qardaşlarımızın yardımına müraciət etmək lazım gəliyor, Türkiyəyə müraciət ediliyor. Kömək alınıyor. Firqə və fraksiya həyatının 3-cü dövri burada başlanıyor. Adətən bir dövri-inhitat, bir dövri-infisal açılıyor. Türk komandanlığının Gəncəyə vürüdindən Zaqafqasiyadan qayıtmasınadək firqənin çalışmasına imkan olmuyor. Hətta Bakı alınandan sonra firqəmiz yarı “Türk ocağı” kibi sırf ictimai bir təşkilat qurmaya təşəbbüs ediyor. Buna da min dürlü əngəl çıxıyor. Siyasi məsələdən bəhs etmək mən olunuyor. Bu surətlə üçüncü dövr firqə fəaliyyətinin demək olar ki, dayandırılması və təşkilatın yatmasından ibarət olub qalıyor. Nəhayət, parlaman açılıyor. Firqə həyatı tazələniyor. Birinci qədəmdə “Musavat” firqəsi millət arasındaki fikirlərin yanlış olması, o vəqtədək görmüş olduğu işlərin həpsini həqq bilib məsuliyyətini də etiraf etdigini bir kərə nümayiş etdirmək qəsdilə, həm də bundan böylə artıq Musavat firqəsinin sözdən işə keçib tədricən proqramına əməl etmək fikrinə düşdügünü aydın göstərmək üçün o vəqtədək müttəfiqən çalışmaqda olduğu bitərəflərdən ayrılır və sırf “Musavat” fraksiyası açıyor. Bundan sonra Musavatın firqə məsləki uğrunda mübarizə və məsaisi təzkar edilərək nəhayət, əksəriyyəti-mütləqəyə malik olmadığı halda, bir dövlət firqəsi mahiyyəti aldığını, hökumət uğrunda nə surətlə çalışdığını, parlaman həyatında nə qədər müşkülatə uğradığını təsvir ediyor. Məruzə iki saətdən ziyadə vəqt apararaq bundan sonra 3 saətlik tənəffüs elan ediliyor.  Saət 7 radələrində iclas açılaraq məruzə ətrafında müzakirələr başlanıyor. Gecə saət 12-yədək imtidad edən müzakirat əsnasında bütün natiqlər firqənin xarici və siyasi məsələlərdə tutmuş olduğu xətti-hərəkəti təsvib və təqdir ediyorlar. Fəqət daxili işlər barəsində natiqlər iki qismə ayrılıyorlar. Birinci qism natiqlər: (Xəlil İbrahim, Məhəmmədzadə Mirzəbala, Cabbarzadə Cəfər, Axundzadə Cavad, Məhəmmədzadə Əbdülvahab, Seyid Həsən Münsif və sairləri) xarici və siyasi məsələlərdə firqə mərkəzindən və fraksiyanın fəaliyyətini təqdirlə daxili, xüsusən təşkilat məsələsindəki işlərini tənqid ediyorlar, daha doğrusu az hesab ediyorlar. Digər qism isə (Rəsulzadə Məhəmmədəli, Kazımzadə Abbasqulu, Mürsəlzadə Piri və qeyriləri) bütün fəaliyyəti təqdir ediyorlar. Məruzəçi bu natiqlərə ətraflı cavab verərək axırda məclisə iki təklif varid olaraq, nəhayət, birləşdirilərək 6 adam səs verməmək üzrə 6 səs əleyhinə əksəriyyət ara ilə şu formul qəbul olunur: Türk Ədəmi-Mərkəziyyət firqəsi “Musavat”ın ikinci qurultayı Mərkəzi Komitə və fraksiya sədri Məhəmməd Əmin Rəsulzadə həzrətlərinin firqə mərkəzi idarəsi və parlaman fraksiyonunun fəaliyyəti həqqində olan 3 kanuni-əvvəldəki məruzəsini dinləyib, gərək Mərkəzi Komitə, gərəksə parlamanın Musavat fraksiyası üzvlərinə göstərdikləri fədakarlıq, əzm və səbat üçün ürəkdən razılıq edib tutduqları hər bir işdə məmləkət mənfəətini hər bir şeydən yüksək gördüklərinə təşəkkür ediyor. İstiqlalımız uğrunda bu qədər fədakarlıq göstərən yoldaşlarımızdan qurultay amalımızın yolunda və təşkilat işlərində daha çox çalışmalarını arzu ediyor. “Azərbaycan” qəzeti, 5 dekabr 1919, № 338 Sözcü.az

Müsavat bələdiyyə seçkilərilə bağlı qərar verdi

Dekabrın 2-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub. Məclisin komissiya sədrlərinin iştirakı ilə keçirilən toplantılar barədə məlumat verilib. Partiyanın Nizami rayon təşkilatının yığıncağı və keçirilən seçkilər haqda məlumat dinlənilib. Yanvarın 29-na təyin olunan bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparılıb. Divan Müsavat Məclisinin son sessiyada ona verdiyi səlahiyyətləri rəhbər tutaraq seçkilərdə öz namizədləri ilə iştirak etmək, namizədlərin irəli sürülməsi səlahiyyətlərini partiyanın rayon təşkilatlarına həvalə etmək haqqında qərar qəbul edib. Prosesə ümumi nəzarət Divan tərəfindən həyata keçiriləcək. Dekabrın 7-də saat 11:00-da Məclisin sessiyasının keçirilməsi qərara alınıb. Müsavat Partiyası AXCP sədri Əli Kərimliyə qarşı qurulan əsassız məhkəmə prosesinə gələn müxalifət fəallarının saxlanmasını, onun özünün 1500 manat cərimələnməsini insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirir. İclasda həmçinin müxalif siyasətçi Azər Qasımlı və jurnalist Samirə Qasımlının ölkədən çıxışına qanunsuz qadağa qoyulması, həbsdə olan AbzasMedia əməkdaşlarına qarşı təzyiqlər pislənilib. Müsavat Partiyası ölkədə represiyalara son qoyulmasını və bütün siyasi məhbusların azad olunmasını bir daha tələb edib. İclasda həmçinin Gürcüstanda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Müsavat Partiyası gürcü xalqının demokratiya və avrointeqrasiya uğrunda mübarizəsini dəstəkləyir, dinc etirazçılara qarşı zorakılıqları qətiyyətlə pisləyir. Sonda cari məsələlər müzakirə olunub.

Bu avtomobilləri alanlara bəd xəbər: YOLDA QALA BİLƏRSİNİZ

Elektrikli avtomobillər son illərdə texnologiya və avtomobil sənayesində ən sürətlə inkişaf edən sahələrdən biridir. Onlar daxili yanma mühərrikləri ilə işləyən avtomobillərdən fərqli olaraq, enerji mənbəyi kimi elektrik akkumulyatorlarından istifadə edir. Elektrikli avtomobillər karbon emissiyasını azaldır, çünki onlar birbaşa olaraq yanacaq yandırmır. Bu, havanın çirklənməsinin və qlobal istiləşmənin qarşısını almaqda mühüm rol oynayır. Bu cəhətdən faydalı sayılan elektromobillərin zərərli tərəfinin olduğu da iddia edilir. Bu səbəbdən elektromobil almaq istəyənlər üçün sözügedən məsələ sual doğurur. Bəs bu avtomobillərin mənfi cəhətləri nədir? Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu “Yeni Sabah”a şərh edərkən bir sıra məqamları diqqətə çatdırıb: “Elektrikli avtomobillərlə bağlı dünyada müxtəlif proseslər gedir. Əsas üstünlük alıcılardadır. Onlar həmişə qənaət rejiminə üstünlük verir, daha az xərcləmək istəyirlər. Ancaq bir müddət keçdikdən sonra elektrikli avtomobillərin elə bir detalı sıradan çıxır ki, onu tapmaq, almaq, təmir etdirmək müşkülə çevrilir. Bu cür maşın alan adam artıq suallarla yaşamalı olur.  Çünki elektromobillər yenilikdir. Onların yaxşı cəhətləri ilə yanaşı, mənfiləri də mövcuddur. Belə ki, bu avtomobillərdə alışma riski var, ehtiyat hissələri bahadır, servis, usta xidməti tapmaq çətindir. Elektromobillərin ustası hər yerdə tapılmır. Alıcılar fikirləşməsin ki, ucqar bir yerdə, dağ başında avtomobilə nə isə olarsa, ona dərhal usta tapılsın”. Ekspert elektromobillərin digər bir problemindən də söz açıb: “Elektromobillər tam şarj olunduğu təqdirdə 400 kilometr yol getməlidir. Soyuq havalarda isə bu rəqəm 200 kilometrə qədər enir. Bu cür risklər var və insanlar buna hazır olmalıdır. Sözügedən problem keçən il ölkəmizdə özünü büruzə verdi. Çünki bu vasitələrdən istifadə edən dostlarımız həmin məsələdən şikayətlənirdilər. Bu cür durumlara öyrəşməliyik, çünki illər lazımdır ki, həmin avtomobillərlə bağlı bütün detallar yerinə otursun”. E.Muradlı qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, ənənəvi avtomobillərdən elektromobillərə keçid də lazımdır: “Biz dünyamızı qorumalıyıq, ətraf mühitin qayğısına qalmalıyıq. Qlobal istiləşmə ilə bağlı problemlər artıq qapımızdadır. Bu avtomobillərin yayılmasından danışmaq daha yaxşıdır. Ancaq reallıq baxımından da qüsurları gözardı etmək mümkün deyil”.

Astarada yeniyetmənin meyiti tapıldı

Astarada axtarılan yeniyetmənin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü Namiq Şamil oğlu Həsənov ötən gecədən qohumları tərəfindən axtarılıb. Nənəsi ilə qalan Namiqin meyiti bu gün qaldığı evin həyətində asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(APA)

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 7. Zərifə Əliyeva küçəsində; 8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 13. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 14. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində; 15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 16. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Polis nəfəri xəstəxanada vəfat etdi

Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Sozcu.az apa-ya istinadla xəbər verir ki, xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Yeni il hədiyyəsi: “Qutuları qəsdən elə bağlayırlar ki, müştəri aça bilməsin”

“Yeni il ərəfəsində uşaqlar üçün marketlərdə hədiyyə qutuları təqdim edilir. Müştərinin bu qutuları açıb içindəki məhsul barədə məlumat öyrənmək şansı sıfıra bərabərdir". Bunu “Yeni Sabah”a qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib. Artıq neçə gündür ki, müxtəlif ticarət obyektlərində Yeni il ab-havası hiss edilir. Market vitrinlərini bayram hədiyyələri bəzəməyə başlayıb. Görünüşü cəlbedici olsa da, hədiyyə bağlamalarının içindəki məhsullar köhnə və yararsız olduğunu iddia edənlər var.  Qida eksperti bu rəyi bölüşür: “Bu qutuları qəsdən elə bağlayırlar ki, müştəri asanlıqla aça bilməsin. Sadəcə alıb evinə aparsın. Bəzi işbazlar insan sağlamığını nəzərə almır və hədiyyə qutularının içinə yararlılıq müddətinin bitməsinə 10-15 gün qalan məhsullar yerləşdirir. Qutularda isə ən çox kremli məhsullar, şirniyyatlar və s. olur”. İ. Şirinov alıcılara çağırış edib: “Müştərilər özləri hədiyyə qutunu alıb istədiyi məhsulla bayram hədiyyəsi hazırlaya bilər. Bu daha məqsədəuyğun olar. Şirkətlərin hazırladığı hədiyyələri müştərilər mütləq açmalı və içindəki məhsulları bir-bir yoxlayıb, onların tərkibi haqqında məlumatlarla tanış olmalıdırlar. Bu haqda müştərilərə heç kim qadağa qoya bilməz. Əsas məsələ uşaqların sağlamlığıdır.  Valideynlər burada son dərəcə diqqətli olmalıdırlar”.  

Gürcüstanda banklar, şirkətlər etirazları DƏSTƏKLƏDİ

Gürcüstanın iki ən böyük bankı – “Bank of Georgia” və “TBC Bank”, telekommunikasiya operatorları “Magticom” və “Silknet”, developer “ORBI Group”, eləcə də ölkənin ən böyük avtomobil dileri şirkəti “Tegeta” hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarına qarşı çıxıb və etirazçıları dəstəkləyib. Sozcu.az xəbər verir ki, bu haqda məlumatı “The Bell” nəşri yayıb. “Gürcüstanın Avropa və Avroalantik gələcəyi xalqımızın mütləq əksəriyyətinin tarixi seçimidir və bu, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində təsbit olunub. Biz qəti şəkildə əminik ki, Avropaya inteqrasiyanın müvəqqəti dayandırılması gürcü xalqının iradəsinə və Gürcüstan Konstitusiyasına ziddir. TBC həmişə Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasının qeyd-şərtsiz tərəfdarı olub və belə də qalır”, - “TBC Bank”ın bəyanatında deyilir. “Magticom” telekommunikasiya operatoru isə təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün su şırnaqları, gözyaradıcı qaz və gücdən istifadə etməsini pisləyib. “Tegeta” şirkəti qeyd edib ki, mövcud böhran vəziyyəti ölkənin gələcəyi üçün zərərlidir, inkişaf və ümumi məqsədləri təhdid edir. Məlumatlara görə, Gürcüstanın müxtəlif ölkələrdəki səfirləri hakimiyyətin hərəkətləri və etirazçılaa güc tətbiqi səbəbindən kütləvi şəkildə istefaya gedirlər. Gürcüstanın ABŞ, Niderland, Bolqarıstan, İtaliya və Litvadakı diplomatlar öz vəzifələrini tərk ediblər. İlk istefa verənlərdən biri Gürcüstanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Otar Berdzenişvili olub. “Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, - səfir David Solomonia deyib. “Newsgeorgia”nın məlumatına görə, Gürcüstanın Müdafiə Nazirliyinin onlarla əməkdaşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının ardınca Aİ və NATO-ya üzvlük kursuna sadiq olduqlarını bildiriblər. Gürcüstan Konstitusiya Məhkəməsinin bəzi əməkdaşları da hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dondurulması qərarına yenidən baxmağa çağırıblar. Onlar hesab edirlər ki, hökumətin bu qərarı “Gürcüstan vətəndaşlarının konstitusiya iradəsinə məhəl qoymur” və əsas qanunun maddəsinə ziddir, ona görə konstitusiya orqanları Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidir. Bundan əvvəl ABŞ Dövlət Departamenti hakim “Gürcü arzusu” partiyasının Avropa İttifaqına üzvlüyünü dayandırmaq qərarına görə Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlamışdı. Dövlət Departamenti öz hakimiyyətinin hərəkətlərinə etiraz edən nümayişçiləri dağıtmaq üçün polisin gücdən həddən artıq istifadə etməsini pisləyib. Vaşinqton həmçinin bütün tərəfləri etirazların dinc xarakter daşımasını təmin etməyə çağırıb. Departament qeyd edib ki, Gürcüstan hökuməti parlament seçkilərində baş verən pozuntularla bağlı şəffaf araşdırma aparmalı və antidemokratik qanunları ləğv etməlidir.

İşsizlər üçün nəzərdə tutulan 17 milyon manat kimlərə veriləcək? - AÇIQLAMA

İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bəs bu vəsaiti kimlər ala biləcək? Sozcu.az-ın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov məsələyə aydınlıq gətirib. “Bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir. Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir. Müraciət edən şəxs əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər”, - V.Bayramov deyib.

Bu ərazilərimizə qar yağdı: 14 dərəcə şaxta...

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-si saat 9:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Xidmətdən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3, Lənkəran-Astara bölgəsində 17, Balakən-Şəki zonasında 7, Quba-Qusar və Mərkəzi-Aran rayonlarında 4, Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə 3 mm-dək olub. Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Altıağacda 2 sm olub. Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Quba, Qəbələ, Şamaxı, Qusar, Qrız, Göyçay, Ağdam, Beyləqan, Tərtərdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 6, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.

Abşeronda məktəbdə yanğın: 4 nəfər təxliyə edildi

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a bildirilib ki, yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şolts Kiyevə gəldi

Almaniya kansleri Olaf Şolts Kiyevə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Məlumata görə, Şolts Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Tiflisdə müxalifət liderlərindən biri saxlanıldı

Müxalif Qirçi Partiyasının sədri Zurab Caparidze Tiflisdə etiraz aksiyaları zamanı saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Bildirilib ki, Caparidze parlament binası yaxınlığında etiraz aksiyası dağıdılandan sonra bir neçə həmkarı ilə birlikdə qaldığı Vake rayonunda saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.

Azərbaycanda yeni xəstəlik: Dərmanı tapılmır

Azərbaycanda venirikatanuriya xəstəliyinin dərmanı tapılmır. Sozcu.az xəbər verir ki, sözügedən xəstəliyin müalicəsi üçün xüsusi qidalar və dərmanlar tələb olunur. Azərbaycanda satışı olmayan bu vasitələr ciddi problemə yol aça bilər. Xəstəlikdən əziyyət çəkən gəncin valideyni "İTV Xəbər"ə müahibəsində bildirib ki, həmin insanlar 2 gün adi rejimdə qidalansalar, 3-4 aylıq müalicələri heç olacaq. Onlara ömürlərinin sonuna kimi mal və toyuq əti yemək qadağandır. Xəstəliyin aylıq müalicə xərci isə 1500-2000 manat arasındadır. Xəstəlik dünyada 1960-cı ildən mövcuddur. Azərbaycanda isə son 10 ildə yaranıb və getdikcə artır. Bunun səbəbini daha çox genetik faktorlarla bağlayırlar.

1500 məktəbin bağlanması xəbəri haradan qaynaqlanır?

Hidayət Allahverdi, Müsavat Partiyası Təhsil Komissiyasının sədri Parlamentin son iclasında bəzi deputatlar sosial yönümlü çıxışlar etdilər və onlardan biri ölkədə 4000 məktəbdən 1500-nün bağlanacağı barədə də məlumat verdi. Dedi ki, rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır: “Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”. Bunun ardınca Elm və Təhsil naziri E.Əmirullayev sosial şəbəkə hesabında bu çıxışa və cəmiyyətdə yaranan rezonansa cavab verdi: “”Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün ANLAŞILMAMASIDIR” (fərqləndirmə bizimdir—müəllif). Ardınca ANLAŞILMAYAN fikirləri sadalayır. Bu sadalamadan belə qənaətə gəlmək olar: 1.Ölkədə 4400 məktəbdən 1500-də 100-dən az şagird təhsil alır. 2.Bu məktəblərə çəkilən xərc böyükdür ki, bəzi hallarda özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur və tədrisin keyfiyyəti aşağıdır. 3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq. Bu üç fikri ümumiləşdirən nazir ANLADIR ki, həmin fikirlərdən çıxış edərək “Ölkədə 1500 məktəb bağlanacaq” qənaətinə gəlmək düzgün deyil. Daha sonra sadalanan fikirlərdə işlədilən “RASİONALLAŞMA” sözünün açıqlamasını verərək görüləcək işlərdən qısaca danışır. Anlada bildi, ya bilmədi, bu qalsın hər iki şəxsin insafına. Hesabla gərək anlaşa biliblərsə, deməli,  söhbətə son qoyulmalıdır. Amma onların anlaşa bilməsi hələ təhsildə uzunömürlü problemlərin bitməsi anlamına gəlməməlidir. Elə buna görə də mətbuat və sosial şəbəkələrdə müzakirələr davam etməkdədir. Səbəb?.. …Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk əsaslı dəyişikliklərdən biri TQDK tərəfindən test üsulu ilə imtahan götürülməsi oldu və bu hadisə təhsilin qarayarası olan qəbul imtahanlarında rüşvət amilini aradan qaldırdı. Müstəqil Azərbaycanın ilk “Təhsil haqqında” Qanunu 1992-ci ilin 7 oktyabrında qəbul edildi. Bu qanun Azərbaycanın müstəqillik əldə etməsindən sonra təhsil sahəsində hüquqi əsasları olan ilk sənəd idi. Qanun, təhsilin demokratik prinsiplər əsasında qurulması, milli maraqlara və standartlara uyğunlaşdırılmasına uyğun olaraq hazırlanmışdı. 1992-ci il qanunu təhsil sisteminin bütün pillələri (ümumi, ali, peşə, əlavə təhsil və s.) əhatə edir və Azərbaycanın təhsil siyasətinin formalaşdırılmasında mühüm rol oynayırdı. Amma cəmiyyət dəyişdikcə, dünyaya inteqrasiya prosesi gücləndikcə təhsil sistemində islahatlar zərurətə çevrilirdi. 1992-ci il Qanunu üzərində aparılan dəyişikliklər (1995-ci və 1999-cu il dəyişiklikləri) daha sonra yeni Qanunun qəbuluna gətirib çıxarsa da (2009_cu il) sistemdə köklü dəyişiklik nəzərə çarpmadı. Daim yenilənmə tələb edən təhsil sistemi2006-cı ildə ümumi təhsil pilləsində “Milli Kurikulum”un tətbiqinə başlasa da, bu sahədə görülən işlər kosmetik xarakter daşıyırdı. Əslində bu sahədə külli miqdarda vəsait xərclənirdi, lakin görülən işlərin effekti çox da hiss edilmirdi. Çünki kadr hazırlığı sahəsində görülən işlər gözlənilən dəyişikliklərə uyğun deyildi. Həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də Təhsil haqqında Qanunda qeyd edilən vətəndaşın təhsilə əlçatanlığı (özü də keyfiyyətli təhsilə), təhsil sisteminin ayrı-ayrı pillə və səviyyələri arasında güclü rabitənin olması, təhsil sisteminin əmək bazarına uyğun qurulması, təhsil verənlərin əməyinin qiymətləndirilməsi, təhsilalanların biliyinin qiymətləndirilməsi və s. bu kimi istiqamətlərdə görülməli olan işlərin ləngiməsi təhsil sisteminin yüklənməsinə gətirib çıxardı. 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş beş istiqamət üzrə tədbirlərin həyata keçirilməsinin ləngiməsi də vaxtilə ləngiyən islahat prosesi və eyni zamanda pedaqoji kadr hazırlığının keyfiyyətinin tələblərə uyğun olmaması ilə də sıx bağlıdır. Təhsilverənlərin hazırlanması ilə məşğul olan orta ixtisas təhsili müəssisələrinin hələ də mövcudluğu, ali məktəblərin hazırladığı kadrların sayı ilə ehtiyacın uzlaşmaması, təhsili başa vurduqdan sonra iş yeri tapmaq istiqamətində yaranan çətinliklər günün problemlərindəndir. Sadalananların hər biri ayrıca müzakirə mövzusu ola bilərdi. Amma problemlərin bolluğunda rasionallaşma və optimallaşma prosesini məktəblərin kütləvi bağlanması kimi dəyərləndirib gündəmdə qalmaq da olar. Amma çıxış yolu göstərmək hər bir vətəndaşın hüququ olsa da, hamının vəzifəsi deyil. Çıxış yolu isə vətəndaşın təhsilə əlçatanlığının təmin edilməsinə qulluq etməli, hüquqi bazaya istinad etməlidir. Rəsmilərin dediklərinə inansaq, bağlanmaq zərurəti qaçılmaz olan məktəblərin şagirdlərin yaxın məktəblərə daşınması təmin ediləcək. Daşınmanın davamlılığı gözləniləcəkmi və bu işə kim nəzarət edəcək? Təhsil sektorları və ya məktəb rəhbərliyinin daşınmaya nəzarət mexanizmi olacaqmı? Elə buradaca xatırladaq ki, təhsil müəssisələrinə bir sıra səlahiyyətlər vermək idarəetmədə təmərküzləşmə yükünün azaldılmasına da yardımçı olardı. Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, distant təhsil sisteminin, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin imkanlarından yararlanmaqla zərərləri minimuma endirmək olar. 2023-2024-cü tədris ilindən əhatə dairəsi genişləndiriləcək peşə təmayüllü siniflərin, Regional Model Peşə Təhsil Mərkəzi və Regional Peşə Kompetensiya Mərkəzi tipli mərkəzlərinin sayını artırmaqla da təhsilə əlçatanlıq imkanlarını reallaşdırmaq olar.

Azərbaycanda bu işsizlərə hər ay pul veriləcək - RƏSMİ

"İşsizlikdən sığorta ödənişi hər bir kəsə şamil edilmir. Müəyyən qaydalar var. "İşsizlikdən sığorta haqqında Qanun"un müvafiq maddəsində nəzərdə tutulan hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərə ödənişlərə şamil olunur". İşsizlikdən sığorta ödənişi şöbəsinin müdiri Eldar Əliyev bildirib. Onun sözlərinə görə, işsizikdən sığorta ödənişi ümumiyyətlə şəxslərin itirdikləri əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş olan bir tədbir formasıdır və şəxsin öz iradəsindən asılı olmadan işsiz qaldıqları təqdirdə onlara ödənilir.: "Yəni işsizlik müavinəti adı altında bir sosial təminat forması yoxdur. İşsiz müraciət edən şəxsin sığorta stajından və xitam olunduğu maddədən asılı olaraq şəxslərə ya itirdikləri orta aylıq əmək haqqının 50 faizi məbləğində və ya minimum sığorta ödənişi məbləğində təyinat aparılır. Bildiyiniz kimi, minimum sığorta ödənişi ölkə üzrə qəbul edilmiş minimum aylıq əmək haqqı məbləğinə bərabər tutulur. Bu, sığorta ödənişinin minimum həddidir. Maksimum həddi isə ötən ildə ölkə üzrə orta aylıq əmək haqqının məbləğinə bərabər tutulur. Bu da hal hazırda 933 manat 80 qəpik təşkil edir".

Yağış yağır, duman var – FAKTİKİ HAVA

Saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Gəncə, Şəki, Oğuz, Qəbələ, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, Sabirabad, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Astara, Ağdamda duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10, dağlıq rayonlarda 1 dərəcəyədək isti qeydə alınıb.

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və 1 ədəd məişət avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, yüksək temperaturdan 2 ədəd məişət avadanlığı qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tbilisidə etirazlar davam edir - Ərazidə tonqal qalanıb

Tbilisidə etiraz aksiyası davam edir. Sozcu.az xəbər verir ki, şəhərin mərkəzi Çavçavadze küçəsini bloklayan etirazçılar ərazidə tonqal qalayıblar. Mitinq iştirakçıları aksiyanın davam etməsi üçün bir-birlərini yeməklə təmin edirlər. Aksiyanın keçirildiyi əraziyə təkərlər gətirilib. Etirazla əlaqədar prospektdə nəqliyyatın hərəkəti dayanıb, bir sıra mərkəzi küçələrdə tıxac yaranıb. Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. 10:20 Gürcüstanın paytaxtında xüsusi təyinatlı qüvvələr tərəfindən Ş.Rustaveli prospektindən uzaqlaşdırılan etiraz aksiyasının iştirakçıları Tbilisi Dövlət Universitetinin binasının yaxınlığındakı Çavçavadze prospektinə gedərək nəqliyyatın hərəkətini dayandırıblar. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, mitinqçilərin Rustaveli prospektindən dağıdılması yerli vaxtla saat 7:00 radələrində baş verib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları yüzlərlə aksiyaçını parlamentin yerləşdiyi prospektdən kənarlaşdırıb. Ancaq etirazçılar həmişəkindən fərqli olaraq səhər qovulduqdan sonra evlərinə dağılmayıblar, əksinə, Melikişvili prospekti ilə daha da irəliləyiblər və universitet binasının yaxınlığında kəsişmədə yerləşiblər. Polis etirazçıları təqib etməyib. Aksiya iştirakçıları yolun hərəkət hissəsində yerləşirlər.

Rusiyanın itkiləri 742 mini ötdü

Ukrayna müharibənin 1012-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 742 130 hərbçi, 9 469 ədəd tank, 19 369 ədəd zirehli döyüş maşını, 20 923 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1019 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 507 ədəd avtomobil texnikası, 19 803 ədəd PUA, 2 852 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 619 xüsusi avadanlıq itirib.

Tramp onu FTB direktoru təyin edir

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keş Pateli Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb. "Keş Patelin FTB-nin növbəti direktoru olacağını elan etməkdən qürur duyuram. Keş karyerasını korrupsiya ilə mübarizəyə, ədaləti və Amerika xalqını müdafiə etməyə sərf edən mükəmməl hüquqşünas, müstəntiq və “Amerika hər şeydən öncə” ideyasının çempionudur", - Tramp yazıb. Trampın sözlərinə görə, Patel Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsini ifşa etməkdə kritik rol oynayıb. Tramp FTB-nin yeni direktorunun Amerikada cinayət epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar dəstələri məhv edəcəyinə, ABŞ-ın sərhədindən keçən narkotik və insan alverinə son qoyacağına əmin olduğunu bildirib. Qeyd edək ki, Keş ABŞ-da dərin dövlət nümayəndələrinin siyahısını dərc edən şəxsdir.

Yaponiya baş naziri qəzaya düşdü

Yaponiya Baş naziri Şiqeru İşibanın olduğu avtomobil Tottori prefekturasında kortejdəki avtomobillərdən biri ilə toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Məlumata görə, baş nazirin olduğu avtomobil mühafizənin öndə olan avtomobili ilə toqquşub. Qəza kortejin qısa müddət dayanmasına səbəb olub. Daha sonra avtomobillər hərəkət edib. Baş nazir heç bir xəsarət almayıb.

NATO Rusiya ilə sərhəddə desant təlim mərkəzi yaradır

Arktikada Rusiyaya qarşı mübarizə aparmaq üçün Norveçdə NATO-nun dəniz desantı təlim mərkəzi yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyusvik” nəşri yazıb. Nəşrin məlumatına görə, ABŞ, Böyük Britaniya və Niderlanddan olan hərbi qulluqçular üçün nəzərdə tutulan təlim bazası ölkənin şimalında yerləşir. Bildirilib ki, Norveçin özünün dəniz desantı yoxdur, lakin onun xüsusi təyinatlı qüvvələrinin bir hissəsi bu bölgədə yerləşir. “Böhran və ya müharibə zamanı Norveçi, şimali regionunu və NATO-nu qorumaq üçün birlikdə təlim keçməliyik”, - Norveçin müdafiə naziri Byorn Arild Qram deyib.

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı DAYANDIRDI - Təcili

ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib. “ABŞ Avropa İttifaqı ilə (birlikdə) “Gürcü Arzusunun” Aİ-yə üzvlüyü dayandırmaq qərarına təəssüf edir. Biz öz konstitusiyalarına xəyanətə qanuni etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiq edilməsini qınayırıq – Aİ Kremlə qarşı istehkamdır. Ona görə də biz Gürcüstanla Strateji Tərəfdaşlığı dayandırdıq”, - deyə Metyu Miller brifinqdə bildirib.