Bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Britaniyalı politoloq Neil Uatson Naxçıvanın vurulmasını Modern.az-a şərh edib.
Politoloq saytımıza açıqlamasında İranın Azərbaycanı qəsdən hədəf almağının ona qazanc gətirmədiyini bildirib:
"Nəzərə almalıyıq ki, müharibənin ilk qurbanı həqiqətdir. Bunun İrandan, yoxsa ABŞ və müttəfiqlərinin Azərbaycanı öz tərəfinə çəkməyə çalışması olub-olmadığını dəqiq bilmirik, çünki Prezident Əliyev müharibəni və İran liderinin öldürülməsini pisləyib. İranın Azərbaycanı qəsdən hədəf almaqdan İsrail-Azərbaycan münasibətlərini və ya Trampın idarə etdiyi sülh danışıqlarını dəstəkləməməsi istisna olmaqla qazancı yoxdur. Müharibədə, həmişə olduğu kimi, hadisələrə üzdən yanaşmamalı və silahların insanların idarə etdiyi mexaniki əşyalar olduğunu və səhvlərin baş verə biləcəyini nəzərə almalıyıq".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.
