Nikahların sayı azaldı

Azərbaycanda ötən ilin 11 ayında nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 min 146 nikah və 19 min 597 boşanma halı qeydə alınıb. Məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşü keçirilib. Komissiyanın qərarına əsasən, hansı xəritələrə və yanaşmalara üstünlük veriləcəyi görüşlərin nəticəsində müəyyənləşəcək. Mübahisəli ərazilər üzrə isə əlavə müzakirələr və yanaşmalar tətbiq olunacaq. Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, sonuncu görüş Azərbaycan anklavlarının qaytarılacağına dair müzakirələrə də meydan açıb: “Bu proses çərçivəsində Azərbaycanın anklavlarının qaytarılması məsələsi də gündəmdədir və demarkasiya və delimitasiyanın tərkib hissəsi kimi müzakirə olunur. Hər iki tərəfin mövqeyi əsasən sahədə, yəni sərhəd bölgələrində araşdırılır. Elə istiqamətlər mövcuddur ki, orada sərhədlərin müəyyən edilməsi ya gecikdirilə, ya da müəyyən bir müddət sonra həyata keçirilə bilər. Ermənistanın sülh sazişi ilə bağlı yanaşması, fərqli xarici güclərin regiona və sərhədə toplaşması üzərindən məsələlərə təsiri birmənalı fikir yürütməyi çətinləşdirir. Buna görə də yaxın zamanlarda tam razılaşma əldə ediləcəyini gözləmək mümkün deyil. Məsələ ilə bağlı mübahisəli məqamlar mövcuddur. Tərəflər arasında aparılan danışıqların nəticələri zamanla daha aydın şəkildə ortaya çıxacaq”.

Tələbə faciəli şəkildə öldü

Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Malik qızı Məmmədova faciəli şəkildə həyatını itirib. Sozcu.az xəbər verir ki, o, universitetin "Filologiya və ibtidai təhsil" fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi idi. A.Məmmədovanı Masallı rayonunda yolu keçərkən avtomobil vuraraq öldürüb.

"Dqr"çilərin məhkəməsi: İttihamı 6 prokuror müdafiə edir

Bu gün Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimirinin və Vardanyan Ruben Karlenoviçin məhkəməsidir. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. Sozcu.az-ın məlumatına görə, məhkəmədə dövlət ittihamını aşağıdakılar müdafiə edir: Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev; Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli; Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov; Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev; Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev; Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.

“Qırmızı Körpü” ilə gediş-gəliş bərpa edilib? - RƏSMİ

Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunun açılması ilə bağlı sosial şəbəkədə video yayılıb. Sozcu.az xəbər verir ki, videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı Körpü" gömrük postunun açıldığını iddia edib. Oxu.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu informasiya əsassızdır, "Qırmızı Körpü" gömrük postu hələ də qapalıdır. Postun açılması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Ölkə ərazisindən çıxan əcnəbi şəxslərin öz ölkələrinə getməsinə qadağa yoxdur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur. Modern.az məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidməti (DSX) ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. "Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur", - açıqlamada qeyd olunur. Qeyd edək ki, quru sərhədləri 2020-ci ildən bağlıdır. Sonuncu dəfə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin aprelin ayının 1-i saat 06:00-dək uzadılıb.

Yanvarın 20-də güclü külək əsəcək, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, həmin gün şimal-qərb küləyi 7-12 m/s, gecə və səhər arabir 15-17 m/s-dək güclənəcək. Qeyd olunub ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq.

Niyam Salami dələduzluqda ittiham olunur

Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqustunda Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb, pulunu verməməsini bildirib. Faktla bağlı araşdırma aparılır.

"Mançester Siti" bu transferi bitirdi

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib. Sozcu.az xəbər verir ki, “şəhərlilər” “Ayntraxt”dan Omar Marmuşun transferini həll edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İngiltərə klubu misirli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Omar Marmuş bu mövsüm bütün turnirlərdə 26 oyuna 20 qol vurub, 14 məhsuldar ötürmə edib. Transfermarkt portalı misirlinin dəyərini 60 milyon avro qiymətləndirir.

5 Azərbaycan vətəndaşı Rusiyadan deportasiya olunur

Rusiyanın Stavropol diyarının Predqornı rayon məhkəməsi Rusiya miqrasiya qanunvericiliyini pozan 6 əcnəbiyə qarşı inzibati işlərə baxıb. Sozcu.az yerli mediaya istinadla bildirir ki, onların arasında beş Azərbaycan və bir Özbəkistan vətəndaşı da var. Qeyd olunur ki, miqrantlar ölkədə icazə verilən qalma müddətini keçib və xarici vətəndaşların hüquqi statusu haqqında federal qanunu pozaraq, Rusiya Federasiyasının ərazisini vaxtında tərk etməyiblər. Məhkəmə iclası zamanı bütün təqsirləndirilən şəxslər Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci hissəsinin tələblərini pozmaqda təqsirli olduqlarını bildiriblər. Məhkəmə onları cərimələyib və barələrində Rusiyadan deportasiya qərarı çıxarıb. Məhkəmə qərarları hələ qanuni qüvvəyə minməyib.

Xəstəxanaya gedən qadın qəfil vəfat etdi

Bakıda xəstəxanada qadın qəfil vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib. Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Şirkət rəhbərinin xəsarət aldığı qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

"16 yanvar saat 10:30-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub". Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib. "Onlardan 1959-cu il təvəllüdlü şəxsə sinə nahiyəsinin küt travması diaqnozu təyin edilib. O, öz istəyilə stasionar tibbi xidmətdən imtina edib. 1993-cü il təvəllüdlü şəxsə isə sağ diz nahiyəsinin sınığı, sol əlin və çənənin açıq yarası diaqnozu təyin edilib. Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub", -deyə məlumatda bildirilir. Xatırladaq ki, ötən gün Beyləqan rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində, iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər - Çavuş Göçər Yunus və Mircəlal Miri oğlu Həbibov xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamıdır. O, Türkiyədə tanınmış "Eu-Turan" Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O, azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.

İmran Xan və arvadına hökm oxundu

Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Pakistan məhkəməsi eyni zamanda, onun həyat yoldaşı Buşra Bibini 7 il müddətinə azadlıqdan məhrum edib.

MN-dən xəbərdarlıq: Partlayış səslərindən təşvişə düşməyin!

Plana uyğun olaraq, yanvarın 17-də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", MN-in məlumatında deyilir.

Banklarda dollara tələb artdı: məzənnə isə...

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Sozcu.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 71,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib. Bundan öncəki valyuta hərracında bankların dollar tələbi 68,3 milyon ABŞ dollar olub. Bu il yanvar ayında keçirilən 4 valyuta hərracında isə 285,8 milyon ABŞ dollar satılıb.

Sumqayıtda dəhşətli qəza - 2 ölü, 3 YARALI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Kia Cadenza" markalı minik avtomobili ilə "Hyundai Elantra” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən "Kia Cadenza" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Qəza nəticəsində iki nəfər aldıqları bədən xəsarətlərindən vəfat edib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** 22:03 Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb. "Hyundai" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.

İsraillə HƏMAS atəşkəs sazişi İMZALADI

HƏMAS və İsrail Qəzza zolağında atəşkəs sazişi imzalayıblar. Sozcu.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekekanalı məlumat yayıb. Kanalın mənbələri qeyd edib ki, bütün tərəflər Qəzza zolağı ilə bağlı sazişi imzalayıblar. Məlumata görə, sənədə yekun düzəlişlər edilib.  Bildirilir ki, İsrail cümə axşamından etibarən Qəzza zolağına hücumları azaltmağa söz verib. Müqavilə üç mərhələdə həyata keçiriləcək. Altı həftə davam edəcək birinci mərhələdə İsrail qoşunların anklavdan tədricən çıxarılmasına başlayacaq. HƏMAS bütün qadınlar, uşaqlar, 55 yaşdan yuxarı kişilər və iki ABŞ vətəndaşı da daxil olmaqla 33 nəfəri azad edəcək. Birinci mərhələnin başlamasından sonra on altıncı gündə sazişin ikinci mərhələsinin həyata keçirilməsi üzrə danışıqlara başlanılacaq. Onun çərçivəsində qalan israilli məhbusların azad edilməsi və daimi atəşkəs nəzərdə tutulur. İsrail qoşunlarını tamamilə çıxaracaq, həmçinin mindən çox fələstinli məhbusu azad edəcək. Üçüncü mərhələdə tərəflər ölənlərin cəsədlərini dəyişdirəcək, Misir, Qətər və BMT-nin nəzarəti altında olan Qəzza zolağında yenidənqurma işlərinə başlanacaq.

MN-dəki mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinə hökm oxundu

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub. Dövlət ittihamçısı ona 11 il həbs cəzası verilməsini istəmişdi. Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi. Qeyd edək ki, Cəbrayıl Orucov 2024-cü ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub. Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub.

Azərbaycanda nazir müavini vəzifəsindən azad edildi

Gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunub. Sozcu.az xəbər verir ki, Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib. SUPER40 endirim kodu - Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək! Qeyd edək ki, Mariana Vasileva 2021-ci ildən nazir müavini kimi fəaliyyət göstərib.

Azərbaycanla Ermənistan razılığa gəldi - RƏSMİ

2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. Sozcu.az xəbər verir ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq Həmçinin Tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupu ilə görüşündə çıxış edib. Sozcu.az xəbər verir ki, Ərdoğan Suriyadakı vəziyyətə xüsusi diqqət yetirməklə yanaşı, dekabrın 8-də Suriya hökumətinin gedişi ilə bağlı bəzi hadisələrə də toxunub. Türkiyə prezidenti Suriyanın keçmiş lideri Bəşər Əsədin yürütdüyü siyasətdən danışıb, onu ölkənin daxili problemlərini zorakılıq, qan tökmək, təzyiq yolu ilə həll etməkdə suçlayıb. Ərdoğanın sözlərinə görə, Əsədlə onun arasında keçirilən görüşlərdə Suriyanın keçmiş prezidenti heç vaxt reallığa çevrilməyən islahatların həyata keçirilməsindən danışıb. “Onunla keçirdiyimiz bütün görüşlərdə Əsəd bizə islahatlar vəd etdi, lakin heç vaxt sözünün üstündə durmadı”, - o əlavə edib. Bundan başqa, o, Suriyadakı mövcud vəziyyətə toxunaraq, terrorçu “Suriya Kürd Özünümüdafiə Qüvvələri”ni (YPG) Suriyanın ən böyük problemi adlandırıb. Ərdoğan daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın səsləndirdiyi oxşar cümləni təkrarlayaraq, YPG-nin dağılmayacağı təqdirdə Suriyada əməliyyata başlayacaqlarını bildirib. “Suriyanın təbii sərvətlərini ələ keçirən YPG terror təşkilatı dağılıb silahlarını yerə qoymasa, acı taleyindən xilas ola bilməyəcək”. “Suriyalı qardaşlarımızla birlikdə həm İŞİD və YPG, həm də digər terror təşkilatlarını ən qısa zamanda məğlub edəcəyik", - Ərdoğan xəbərdarlıq edib.

Qarabağdan qaçan ermənilərin komandirinə iş kəsiləcək

Qondarma “artsax ordusu”nun keçmiş “komandiri” Cəlal Arutyunyan təqsirli bilinib. Sozcu.az xəbər verir ki, hakim Qarik Abelyanın sədrliyi ilə Sünik (Zəngəzur) vilayətinin ümumi yurisdiksiya məhkəməsi Arutyunyanı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilib. İttihama görə, o, 12 oktyabr 2020-ci il tarixində elan edilmiş hərbi vəziyyət dövründə komandir kimi xidmətə səhlənkar münasibət göstərib. O, xidməti vəzifələrini lazımınca yerinə yetirməməkdə, onlara qarşı vicdansız və səhlənkar münasibətdə, səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olmaqda ittiham olunur. Cinayət işinin materiallarına görə, Azərbaycan ordusunun D-20 diviziyasına hücumu zamanı komandanlıq Cəlal Arutyunyanın müavini, artilleriya rəisi Gennadi Baqdasaryanla əlaqə saxlayıb və bu barədə məlumat verib, lakin Cəlal hadisəyə laqeyd yanaşıb.

Məktəblərdə 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçiriləcək

17-18 yanvar tarixlərində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib. Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur.

TDT ölkələri gömrükdə bu sistemləri tətbiq edəcək

Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin XI iclası Qazaxıstanda keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən TDT-nin Gömrük Xidməti Rəhbərlərinin X iclasının protokolunda bildirilib. Qeyd edilib ki, bu il üçün planlaşdırılan tədbirlər sırasında pilot layihənin icrası məqsədilə texniki işçi qrupun yaradılması və fevral ayında ilk görüşün təşkili daxildir. Bununla yanaşı, gömrük laboratoriyaları və risklərin idarə edilməsi üzrə əməkdaşlıq haqqında sazişlərin imzalanması, İpək Yolu Təşəbbüsü və Karvansaray Layihəsi üzrə fəaliyyətlərin planlaşdırılması nəzərdə tutulur. İclasda, TDT hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin həyata keçirilməsinə dair razılıq əldə olunub. Pilot layihənin texnologiyalarının hazırlanması və məlumat mübadiləsi məsələləri müzakirə edilib. Tərəflər, Azərbaycanın təqdim etdiyi “Transxəzər Gömrük Tranzit Portalı”nın tətbiqini dəstəkləyiblər. Bu platformanın regionun tranzit potensialını artıracağı və ticarət iştirakçılarına əlverişli şərait yaradacağı vurğulanıb. Gömrük-sərhəd məntəqələrində prosedurların sadələşdirilməsi üçün qabaqcıl texnologiyaların - “bir pəncərə” və “bir dayanacaq” sistemlərinin tətbiqi müzakirə edilib. Türkiyənin təcrübəsi əsasında üzv dövlətlər arasında təlim və sahə səfərləri təşkil olunacağına dair qərar qəbul olunub. Üzv dövlətlərin tranzit tənzimləmələrində istifadə etdikləri müasir izləmə texnologiyalarının genişləndirilməsi də görüləcək işlər siyahısına daxil edilib. Bildirilib ki, gömrük idarələri arasında Milli Səlahiyyətli İqtisadi Operator (SIO) proqramlarının uyğunlaşdırılması və qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə əməkdaşlıq genişləndiriləcək. Xatırladaq ki, yanvarın 16-da Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər. İclasın sonunda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.

Su Ehtiyatları Agentliyində yeni təyinat

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yeni təyinatla bağlı əmr verib. Sozcu.az xəbər verir ki, əmrə əsasən Su Ehtiyatları Agentliyi Yanında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 3 saylı Dağlıq Şirvan Regional Bölməsinə yeni rəis təyin olunub. Belə ki, əmrlə Səfər Sərdar oğlu Məmmədov sözügedən qurumun rəisi təyin edilib. Qeyd edək ki, Səfər Məmmədov Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışıb.