"Qurudan gəlsəniz, məhv edəcəyik" - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

HƏMAS İsrail hərbçilərinin qurudan Qəzzaya girəcəyi təqdirdə onları öldürməklə və əsir götürməklə hədələyib. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin İslami Müqavimət Hərəkatı bəyanat yayıb. Qeyd edək ki, İsrail ordusunun sözçüsü demişdi ki, quru qüvvələri Qəzzada silahlı döyüşçülərin məhv edilməsi və girovların axtarışı üçün məhdud reydlər keçirib.

Türkiyə son hazırlıqlarını görür: "Vaxt yetişdi" - ŞOK

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) yaxınlığı ilə seçilən və tanınmış simalardan olan Abdurrahman Uzun yeni iddia ilə çıxış edib. Sozcu.az xəbər verir ki, İsraillə Fələstin arasındakı qarşıdurmaların şiddətləndiyi və Türkiyə Silahlı Qüvvələrinin vəziyyətə müdaxilə edib-etməyəcəyi ilə bağlı sualların gündəmə gəldiyi bir vaxtda Uzunun sosial şəbəkədəki paylaşımı maraq doğurub. O, Türkiyə Silahlı Qüvvələrinin meydanda olacağını açıq şəkildə iddia edib: “Hər kəs hazır olsun, həsrətlə gözlənən Türk son hazırlıqlarını görür. Zaman yetişir... Bütün dünyada sülh, mərhəmət, ədalət, insanlıq naminə Türk Sülh Qüvvələrinin əsgərləri yenidən meydanda enəcək".musavat.com)

Hayklar Qarabağa qayıtsın, yoxsa qayıtmasın?..-Ekspert rəyi

“Biz nəzərə almalıyıq ki, əgər erməni icması yenidən Azərbaycanın daxilində mövcud olacaqsa, mütləq onlardan istifadə zamanı gələcək...” “Heç kəs məni inandıra bilməz ki,  bu gün reallıqla hesablaşıb geri qayıdan Azərbaycan vətəndaşlığını qəbul edən, Azərbaycan qanunlarına hörmət edəcəyini, onlara əməl edəcəyini deyən ermənilər 10-20-30 ildən sonra yenidən 1905, 1918, 1920 və nəhayət, 1988-1994-cü illərdə törətdiklərini törətməyəcəklər...” “Azərbaycan müəyyən dövrdə ermənilərin mülkiyyətə görə tələblərini Azərbaycan əmlak bazarının qiymətlərinə görə ödəyə bilər. Çünki bu daha az ziyandır, nəinki gələcəkdə hansısa yeni bir erməni separatizmi dalğasının Azərbaycan üçün törədəcəyi fəsadlar...” “Ermənilərin Qarabağa qayıtmasıyla bağlı məsələ, düşündüyümüz qədər də sadə deyil. Azərbaycan cəmiyyətində, təəssüf ki, hər zaman biz sadə və çox birmənalı yanaşmaların şahidi oluruq”.  Bunu Moderator.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu son günlər ictimaiyyətdə geniş müzakirə olunan “Qarabağdan köçmüş ermənilər geri qayıtsın, yoxsa qayıtmasın?” mövzusunu təhlil edərkən söyləyib. “Deməli, bir tərəf deyir ki, gediblər, vəssəlam, mövzu bağlandı, qurtardı. Amma bir şeyi nəzərə almırlar ki, bu məsələnin bizim üçün çıxarları da var. Şübhəsiz, ermənilər bütün güclərini yönəldəcəklər ki, indi Azərbaycanı soyqırımında, deportasiyada, etnik təmizləmədə, erməni əhalinin mülkiyyətini mənimsəməkdə, onları yaşayış hüququndan mərhum etməkdə və s. ittiham etsinlər. Üstəlik də ki, bilirsiz, qondarma “soyqırımı”nı tanıdandan sonra erməni diasporunun bu dəqiqə ətrafında birləşəcəyi bir mövzu yoxdur və bu mövzunu onlar bir narrativə- gündəm mövzuya, özlərinin  bir ideoloji platformasına  çevirəcəklər. Və ən azı, mülkiyyət mövzusunu qaldıracaq, Qarabağdan köçmüş neçə minsə erməninin mülkiyyət davasını açacaqlar. Və həmin proses on illərlə davam edə bilər ki, bundan da Azərbaycan başağrısı çəkəcək. Bu, məsələnin bir tərəfi... “Ermənilər Qarabağa qayıtmasın” deyənlər bunları nəzərə alırlarmı – bilmirəm. Hələ dediyim başqa ittihamları(etnik təmizləmə, deportasiya və s.) nəzərdə tutmuram. Gördünüz ki, Avropa Parlamenti özünün o riyakar qətnaməsində hətta “soyqırımı” ifadəsini də işlətdi.  Ermənilər yalanı bacarırlar, işləməyi bacarırlar- bunu etiraf etməliyik və rəqibi, düşməni güclü qiymətləndirməliyik”,- deyə davamında analitik bildirib. “İndi gələk “ermənilər Qarabağa qayıdıb gəlsinlər” yanaşmasına... Məsələ burasındadır ki, Azərbaycanda artıq 120-yə yaxın təcrübəmiz var. Bu təcrübə göstərir ki, Azərbaycanda yaşayan digər bütün xalqlardan fərqli olaraq ermənilər hər zaman separatçılıqla məşğul olublar, hər zaman Azərbaycan mədəniyyətinə, tarixinə, tarixi mədəni irsinə iddialı çıxıblar. Və heç kəs məni inandıra bilməz ki,  bu gün reallıqla hesablaşıb geri qayıdan Azərbaycan vətəndaşlığını qəbul edən, Azərbaycan qanunlarına hörmət edəcəyini, onlara əməl edəcəyini deyən ermənilər 10-20-30 ildən sonra yenidən 1905, 1918, 1920 və nəhayət, 1988-1994-cü illərdə törətdiklərini törətməyəcəklər. Sizə adi bir misal gətirəcəm. Bu yaxınlarda erməni kanallarından birində bir erməni tarixçi çıxış edir və adam deyir ki,  Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və s. rayonlarındakı xarabazar vəziyyət Azərbaycan ordusunun 2020-ci ilin payızında etdiyi hücumdan sonra yaranıb. Yəni dünyada belə bir yalanı heç bir dövlətdən, heç  bir tarixçidən, heç bir digər xalqın nümayəndəsindən eşidə bilməzsiniz. Ona görə də biz nəzərə almalıyıq ki, əgər erməni icması yenidən Azərbaycanın daxilində mövcud olacaqsa, mütləq onlardan istifadə zamanı gələcək.  Mən hələlik yalnız erməni ideoloqlarını deyirəm, onlardan istifadə etmək istəyən böyük dövlətlərin hansısa planlarının, niyyətlərinin ola biləcəyini demirəm. Bütün bu deyilənlər baxımından bu mövzuda birmənalı fikir söyləmək olduqca çətindir. Bununla belə, mən hesab edirəm ki, Azərbaycan erməniləri deportasiya etməyib, zorla köçürməyibdi; özləri çıxıb gediblər -getsinlər. Azərbaycan müəyyən dövrdə ermənilərin mülkiyyətə görə tələblərini Azərbaycan əmlak bazarının qiymətlərinə görə ödəyə bilər. Çünki bu daha az ziyandır, nəinki gələcəkdə hansısa yeni bir erməni separatizmi dalğasının Azərbaycan üçün törədəcəyi fəsadlar... Fəsadlar isə budur: Azərbaycan dövlətinə 100 milyard dollardan artıq ziyan dəyibdir. Həmin o separatçıların son 30-35 il ərzində Azərbaycan şəhərlərini xaraba qoyması sayəsində. Ona görə də elə o ziyanla bəri başdan hesablaşıb məsələni bağlamaq lazımdır. Şəxsən mən başqa çıxış yolu görmürəm. Bir daha deyirəm ki, biz böyüklük etməyə, dünyaya xoş gəlməyə çalışırıq. Təəssüf edirəm... Çünki biz dünyaya göründüyümüz kimi görünməyəcəyik heç zaman, dünya bizi görmək istədiyi kimi görəcək... Görmək istədikləri də nədir - artıq bəllidir. Ona görə də “dünya nə deyəcək, beynəlxalq ictimaiyyət nə deyəcək” kimi məsələləri xüsusən də geo-siyasətin  indiki qaynar dönəmində arxa plana atmaq lazımdır. Həm də ona görə ki, biz nə “HƏMAS”-ın İsraildə, nə də əksinə, İsrailin Qəzzada, Fələstində törətdiyi vəhşilikləri törətmişik. Odur ki, bizim dilimiz uzundur. Və bu halda biz bütün gücümüzü dövlətimizin inkişafına yönəltməliyik. Onun  hüquqi, iqtisadi, sosal inkişafına, ölkədə qanunçuluun bərpasına... Biz güclü olanda deyilən ittihamlar da olmayacaqdır. Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, bizə hər zaman ehtiyac olacaq. Ancaq  nəzərə almaq lazımdır ki, biz zəif olduqca həmin ehtiyacı ödəmək üçün bizə təzyiq edəcəklər, biz güclənəndə isə oturub bizimlə danışmağa məcbur olacaqlar. Onda erməni söhbəti, separatçılıq da, nə bilim, etnik təmizləmə söhbətləri də arxa plana keçəcək. Çünki önə maraqlar çıxacaq və hər zaman da öndə maraqlar olubdur. Bu baxımdan hesab edirəm ki, problem hansı istiqamətdə çözülməyə başlayıbsa,  həmin istiqamətdə də onu çözmək gərəkdir. Nə qədər çətin olsa da, bundan keçməliyik”- ekspert bu cür düşünür.  “Məhz bütün bunlara görə mən hər zaman deyirdim ki, Qarabağda antiterror əməliyyatı, oradakı separatçıların zərərsizləşdirilməsindən öncə sülh müqaviləsini imzalamaq lazımdır. Sülh müqaviləsini imzalamaq və dünyanı, o cümlədən də Ermənistanın özünü fakt qarşısında qoymaq gərək idi ki, artıq bu ölkənin Azərbaycana qarşı heç bir ərazi iddiaları yoxdur. Qaldı ermənilərin Qarabağdan, yəni Azərbaycan torpaqlarından çıxıb getməsinə, biz onları qovmamışıq, BMT də təsdiq edib bunu. Bizim əlimizdə BMT-nin müşahidə missiyasının rəyi var. Həmin rəydə açıq-aydın bildirilir ki, Azərbaycan erməni əhalini zorla deportasiya etməyibdir. Nöqtə... Bu artıq bir, belə deyək, tam təsirli hüquqi sənəd olmasa da, nüfuzlu beynəlxalq təşkilatın rəyidir. Və biz bunu əlimizdə əsas tutaraq bu gün də, gələcəkdə də öz müdafiəmiz üçün istifadə etməliyik... Bütün hallarda, bir daha deyirəm, bu gün çalışıb Ermənistanla sülh müqaviləsi imzalamaq lazımdır. Onu mütləq imzalamaq lazımdır. Və mütləq buna nail olmaq lazımdrı ki, Ermənistan bizim, biz də onun ərazi bütövlüyümüzü tanıyırıq. Nəticədə sülh müqaviləsi imzalanandan sonra, sizi əmin edirəm ki, bütün bu ittihamlar, sərsəm uydurma-filanlar üçün hüquqi baza zəifləyəcək. Yəni bundan sonra erməni dövləti istəsə belə, həmin Qarabağdan köçüb gedənlərin maksimum hüquqlarını müdafiə edə bilər. Azərbaycana qarşı iddialar irəli sürə bilməz. Bu və digər səbəblərdən də dediyim kimi, sülh müqaviləsi mütləq imzalanmalıdır”- deyə Ərəstun Oruclu vurğulayıb.

"Bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır" - Paşinyan

Cənubi Qafqazda sülhə ehtiyac var. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabında yazıb. O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır: “İqtisadi, siyasi, mədəni əlaqələri və bütün məsələləri diplomatik və dialoq yolu ilə həll edə biləcəyimiz regiona ehtiyacımız var”.

"Mən şəhid olacağam" - Xeybər Göyyallının hekayəsi

Birinci Qarabağ Müharibəsində şəhid olmuş həmkəndlilərimin ruhuna bağışlayıram. Bədirlənmiş ayın işığı sanki gecəni gündüz etmişdi.. Göy üzündən qara torpağın üzərinə işıq süzülürdü. Adamın gecə olduğuna inamı gəlmirdi. Təpədə qazılmış səngərdə uzanmış əsgərlərin sifəti ayın işığında parıldayırdı. Gecəyarısı olmasına baxmayaraq, ətrafda olan hər şey əl içi kimi görünürdü. Səngərdə üzüqoylu uzanmış əsgərlərdən biri yaxınlıqdakı kirpinin neçə ot qırpdığını belə sayırdı. Önər isə avtomatını sağ böyürünə qoyub arxası üstə uzanıb xeyli vaxt idi ki, göylərə baxırdı. Göy üzündə bir ulduz belə gözə dəymirdi. Önər qəfildən dedi: -Bu axşam ölən olmayacaq. -Hardan bildin?,- deyə səngər yoldaşı Umud dilləndi. Önər indiyə qədər onda görünməmiş bir təmkinlə danışırdı: -Görmürsən, elə bil gündüzdü, göydən axan işıqda kitab oxumaq olar. Səngər yoldaşı Önərin sözlərini ciddiyə almadığından ona sözünü bitirməyə imkan vermədi: -Deyəsən, göy üzündə fala baxırsan. İndicə dedin ki, aylı gecələrdə adam ölmür. Önər səngər yoldaşının sözündən təmkinini pozmadı: - Eşitməmisən, deyirlər ki, göydə hərənin bir ulduzu var, insan öldüyü vaxt ulduzu da yerindən oynayır, harasa axıb gedir. Bu axşam heç kəs ölməyəcək, çünki göy üzündə bircə ulduz belə görünmür. Umud özünü çoxbilmiş göstərərək: - Burda nə var ki, bilmirsən, deyim. Ayın gur işığında ulduzlar görünmür, bu gün göydə ulduz görünmür, səhər axşam görünər. Önər yoldaşının dediyinə gülümsəyərək ,-İndi sən deyirsən ki, insan ömür-gününü kitablarda yazılan kimi qurmalıdı, kitabda nə yazılıbsa ona inanmalıdı ?- deyə sual etdi. Səngər yoldaşı Önərin bu sözündən sanki bir az da cəsarətlənərək: -Kitabda yazılan elmdir, hər şey elmi sübutlara söykənir. Sən elmə inanmırsan?- ritorikasını bir qədər dəyişərək dedi. Önər üzünü Umuda tərəf çevirərək -Mən elmin əleyhinə deyiləm, elm artıq göyləri də fəth edib, ancaq...- fikrini tamamlaya bilmədi. Umud tələsik onun sözünü kəsdi: -Amması, ancağı yoxdur, elm dəqiqdir, dürüstdür, iki vur ikidir. Sən dediyin isə nağıldır. Umud səhərdən irəli-geri, sağa-sola var-gəl etsə də, Önər hələ də arxası üstə uzanıb göylərə baxırdı. -Sən deyən kimi olsun, mən deyənləri nağıl say. Ancaq bu nağıl saydıqlarında da nəsə var, ya yox? Heç sənin ürəyinə nəsə əvvəlcədən dammır? Mən ölümümü bilirəm. Mən şəhid olacağam.Mən neçə ildir ki, bunu gözləyirəm. Gözləyirəm deyəndə, bunu istəyirəm. Önərin sözləri Umudun əhvalını tamam alt-üst etdi: -Gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən danışmağa,-Umud qəhərlənərək dilləndi. Umud birtəhər olmuşdu: -Ə, dur ayağa, deyəsən, gözünü göyə zilləyib fala baxırsan. Önər üzü göyə baxa-baxa danışırdı: -Eşitdin, o günü şəhid olanları Sumqayıtda dəfn ediblər... Umud əsəbiləşərək yenə onun sözünü kəsdi: -Bəs harda dəfn etməli idilər, yəqin, valideynləri orada yaşayır,- həyəcanla dedi. Umudun əhvalı Önərə təvafüt etmirdi: -Mən gecə-gündüz Göydağda şəhid olmaq barədə düşünürdüm. Həmişə fikirləşirdim ki, şəhid olacam, qapımizdakı dağdağanın dibində qara çırağın işığında, kəndimizin bulağının suyunda yuyulacam , elə öz qəbiristanlığımızda da dəfn olunacam. Belə baxıram qismət olmayacaq, qəlbimə damıb ki, uzaqlarda şəhid olacağam, məni də Sumqayıtda dəfn edəcəklər. Umud -Ə, sən nə qorxaq adamsan, nə başlamısan şəhid olacam, öləcəm. Nə olub sənə, niyə belə edirsən? Bizim işimiz hələ çoxdu. Biz döyüşüb kəndimizi almalıyıq, sən də başlamısan vay-şüvənə ,- əsəbi halda dedi. -Umud, sən heç ölümün barədə fikirləşmirsən?-Önər soruşdu. -Elə belə də. Hərdən fikirləşirəm ki, ermənilər uzaqdan nəsə atar, gəlib dəyər,- Umud bir qədər soyuqqanlı halda cavab verdi. Umudun belə soyuqqanlı danışması Önərin heç ürəyincə olmadı: -Bəs harada dəfn olunmaq istərdin?,- dedi. Umud əlini havada yelləyərək,- nə fərqi var, öləndən sonra harada dəfn olunmağın,- deyə dilucu cavab verdi. -Umud, sən öz canın, Sumqayıtda dəniz qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq bırdir?- Önər səsini bir qədər qaldıraraq soruşdu. Umud Önərin sözlərindən dilxor olmuşdu. -Ə, nə fərqi, öldün, qurtardı. Göydağda dəfn olunsan, nə dəyişəcəkdi?- Umud sanki üzülmüş halda dedi. -Fərqi yerdən göyə, Sumqayıtdan Göydağa qədərdi. Bu fərqi bilmirsənsə, sən onda heç göydağlı deyilsən. A kişi, dənizin qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq birdir? Sumqayıtın küləyi ilə Göydağın küləyi eynidir, yağış yağanda Sumqayıtda olmusan? Sumqayıtda külək əsəndə evin içində durmaq olmur. Göydağda külək olmur, Göydağda meh əsir. Sumqayıtda külək əsəndə dənizin suyu hara qalxır, su asfalta qədər gəlir... Yenə sayım fərqini...- Önər səsi titrəyərək dedi. -Önər, gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən, başqa söz bilmirsən danışmağa,- Umud məyus halda dedi. Önər üzünü Umuda tərəf tutaraq-Umud, səndən bir şey də soruşum, görüm biləcəksən? - dedi. Umud mızıldanarq – onsuz da, dayanmırsan ki, səhərdən elə danışırsan... Önər: -Heç fikirləşmisən ki, Göydağda niyə güclü külək əsmirdi? Umud tərəddüdlə cavab verdi: -Yəqin, dəniz yox idi, ona görə. Önər: -Dənizin küləyə nə dəxli, dənizin özünü külək oynadır. Umud bir qədər ürəklənərək- heç özün də bilmirsən,- dedi. Önər dedi: -Ona görə ki Göydağ dağların arasında idi. Külək düzən yerdə cövlan edir. Önərin sözünün qabağında söz deyə bilmədiyindən Umud kirimişcə gözlərini uzağa zilləmişdi.Umudun susduğunu görən Önər söhbətinə davam etdi: - Umud, bax sənə bir söz deyirəm, bunu yadında yaxşı saxla. İndi sənə dediyim bu sözü məqam düşəndə göydağlıların hamısına deyərsən. İnsan başqa bir yerdə, yad bir torpaqda var-dövlət, pul-para qazanar, lap milyarder ola bilər, ancaq xoşbəxt ola bilməz. Çünki hara getsən, yad sayılacaqsan, başıaşağı, gözüqıpıq olacaqsan. Dədə-babamız elə belə deməyib ki, daş düşdüyü yerdə ağır olar. Bizim kənddə də belə olub. Kənardan gələnlərə gəlmə deyiblər.Yadında olar, qarğış edəndə deyirdilər ki, yurdun gəlmə Məmmədin yurdu kimi boş qalsın. Bizim dərd-bəlamız hələ bundan sonra gələcək Önərin danışmağa sözü çox idi. Ancaq Umud bu sözlərdən yorulmuşdu. Baxdı ki, Önər söhbətin mövzusunu dəyişmir, özü səngərdən bir qədər aralanıb irəliyə getdi. Beş-on dəqiqədən sonra qayıdan Umud, Önərin yuxuladığını görüb, asta addımlarla səhərdən gözünü düşmən səngərinə zilləyən əsgər yoldaşlarının yanına getdi. Balacaboy, ancaq həmişə səliqəli geyimi ilə yoldaşlarından seçilən əsgər Umudu görən kimi pıçıltı ilə-tayqulaqlar neçə gündür ki, dayanmırlar, nəsə edirlər, aparırlar-gətirirlər, nəsə hazırlaşırlar,-astadan dedi. Umud sanki onun nə dediyini eşitmirdi, bu səbəbdən ağzını açıb bir kəlmə demədi. Gözünü düşmən tərəfə zilləmiş əsgərlər bayaqdan yuxulamış Önərin səsinə diksinib onun uzadığı yerə sarı qaçdılar.Önər uzandığı yerdən qəflətən sıçrayaraq-nə baxırsınız, görmürsünüz evimiz yanır, -hövlanək dedi. Balacaboy əsgər Önərin bu halından qorxaraq- buna nə oldu, yəqin, yatdığına soyuq oldu, xəstələndi,- Önərə yaxınlaşaraq dedi. Umud Önərin əlindən tutub məyus halda dilləndi: -Yuxu-zad görməmisən, niyə belə edirsən? Önərin üz-gözünü soyuq tər basmışdı, bədəni titrəyirdi, dodaqları əsirdi. Umud onun gözünün içinə baxaraq,- Özünü ələ al görək, yekə kişisən, nə olub sənə, burda nə var ki, -dedi. Önər bir qədər toxtayaraq-yuxuda gördüm ki, evimiz yanır, kənddə heç kim yoxdur, camaat da yığışıb Hacıyurdundan tüstüsü ərşə qalxan evimizə tamaşa edirlər.Yadımdadır, kənddə arvadlar deyirdilər ki, yuxuda evin yanmasını görmək yaxşı şeydən xəbər vermir. Elə ən ağır qarğış da evlə bağlı olardı. Biri birinin pis gününü istəyəndə deyərdi:”Allah sənin evini yıxsın!”. Umud, yəqin, bu günlərdə şəhid olacağam,- duruxa-duruxa dedi. ...1994-cü ilin apreli idi. Lələtəpədə şiddətli döyüşlər başlamışdı.Önərin ağlına gələnlər başına gəldi. O, Göydağdan uzaqlarda- Lələtəpə döyüşlərində şəhid oldu. Özü də səngərdə yox, qızğın və şiddətli döyüşdə. Hiyləgər düşmənin mövqeyinə hücum etdi. Düşmənlə otuz-qırx metr məsafədə üzbəüz vuruşdu. Səngərdən başını qaldırıb avtomatın güllələrini ətrafa səpələyən iki nəfəri qanına qəltan etdi. Hündür təpənin başında marıxda dayanaraq döyüşü izləyən məkrli düşmən Önəri hədəf almışdı. Uzaq məsafədən Önərin döyüşə-döyüşə səngərə yaxınlaşdığını izləyən düşmən snayperçiləri onu vurdular. Önər Sumqayıtda, dəniz sahilindəki Şəhidlər Xiyabanında dəfn olundu. 23.10.2023. Xeybər Göyyallı

Ağsulu idmançılar Avropanı fəth etdi - Foto + VİDEO

20 - 22 oktyabr 2023 - cü il tarixlərdə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən taekvondo idman növü üzrə kiçik yaşlı yeniyetmələrin Avropa birinciliyinə 4 nəfər idmançıyla qatılan Ağsu taekvondoçuları bir qızıl və bir  gümüş medal qazanıblar. Belə ki, Mehman Qənbərov 27 kq çəki dərəcəsində  qızıl, Ülvi Məmmədov isə 36 kq çəki dərəcəsində  gümüş medal qazanıb.  Komandamız komanda hesabında da II yerə layiq görülərək kubokla təltif olunub.Bu uğur münasibətilə idmançılarımızı və onların məşqçiləri Vüqar Kərimovu təbrik edir, onlara daha yüksək naliyyətlər arzu edirik.

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - I hissə

Mən Gəncə vilayətinin Samux qəzasının Tomulu kəndindəki Arıxlı soyundanam. Atamın adı Məhəmməd, anamın adı Ağa Soltan, Ağabəyimin adı Şirin, qardaşlarımın adı Əsəd və Ələsdir. Doğulduğum kənddə mənə Arıxlının cəsuru Məmməd Qasım deyirdilər. 1897-ci ildə Tomuluda anadan olmuşam.     Çar Rusiyası zamanı bizləri məktəbə oxumağa qoymazdılar. Əsgərliyə də aparmırdılar. Ona görədə mədrəsədə mollalardan oxuyub yazmağı öyrənirdik. O zaman Qafqazda hamı at minib, silah gəzdirərdi. Fəqət əsgərliyə aparılanlar çox az idi. Birinci dünya müharibəsində ruslar bizdən də könüllü əsgər toplamağa başladılar. Bu səbəbdən 1915-ci ildə 16 yaşım tamam olduğuna görə mən də könüllü əsgərliyə yazıldım.     Bizi Gəncəyə gətirdilər. Topçu alayında üç ay təlim keçməyə başladıq. Alayın komandiri Qarabağlı Səlim Sultanzadə idi. II Dünya müharibəsində İranı işğal edən Rus qoşunları tərəfindən orada öldürülən Sultanzadənin komandirliyi ilə alayımız döyüşmək üçün cəbhəyə yollandı. Biz Kiyevi də keçdik. Avropada əslən Borçalıdan olan İsrafil Yadigarlının alayı ilə birləşdik. Bizim alaydan başqa gürcü, çərkəz, Dağıstan bölükləri də vardı. Gəldiyimiz Proskozevdə zabit həmyerlilərimizlə də rastlaşdıq. Səməd bəy və Qabaqtəpəli Nəbi dayının oğlu İsrafil də orada “ Yüzbaşı” rütbəsindəydi. Gürcü əsilzadələrindən olan general Makalov iki il müharibədə bizə komandirlik etdi. Israfil isə II Dünya Müharibəsində almanlar tərəfinə keçdiyi üçün ruslar tərəfindən öldürüldü. Karpat dağlarında Avstriyalılarla döyüşərkən aldığımız əsirlər arasında türk dilində danışanlar da var idi. Onlar Yaqub Şövqü paşanın əsgərləriydilər. Alman təyyarələri isə hər gün Dunay ətrafını bombalayırdı. Ruslar isə onlara qarşı heç nə edə bilmirdilər. 1917-ci ildə Rusiyada ixtilaf baş verdi, bu hadisə cəbhə xətlərinə də təsirini göstərdi. Cana gəlmiş əsgərlər hər yerdə sülh və hürriyyət deyib bağırırdılar. Üç yüz il hökmdarlıq etmiş Romanovlar taxtdan salınmış yerinə Kerinski keçib müvvəqəti hökümət qurmuşdu. Çar Nikolayın qohumlarının və qızının Avropada olduğu söylənirdi. Bizdə cəbhədən Proskozevə dönmüşdük. O vaxt Kerinski də öz adamları ilə Proskozevə gəldi. Vağzalda bizlə görüşdü və mühafizə dəstəsinə qəbul etdiyini anlatdı. Beləliklə, biz də onunla Peterburqa gəldik. Xarici müharibə bitsə də vətəndaş müharibəsi başlamışdı. Çar Nikolayın mühafizə dəstəsi də yoxa çıxmışdı. Daxili müharibə davam edir, hər gün on minlərlə insan öldürürdü. Əsgərlər yeni inqlab mahnıları oxuyurdular. Qalan əsgərlər isə evlərinə qayıdırdılar. Biz türklər, gürcülər, şimali qafqazlılar və dağıstanlılar da evlərimizə qayıtmaq üçün hazırlıq görməyə başladıq. Yol idarələri fəaliyyət göstərmirdi. Ona görə də biz üstü açıq vaqonlar tapa bildik. Vaqonları qum torbaları ilə doldurduq, topları və iri çaplı tüfəngləri torbalar arxasında gizlədə bildik və yola çıxdıq. Kiyev yaxınlığında qatarımız dayandı. Bizim əsgərlərdən biri qarpız almaq üçün yerə enərkən onu seyr edən bir erməni əsgəri güllə ilə vurmuşdu. Qafqazdakı erməni-müsəlman davası on ildən çox idi ki, davam edirdi. Buna hirslənən əsgərlərimiz vaqonlardan düşüb stansiyadakı bütün erməni və rus əsgərlərini məhv etdi, sonra yolumuza davam etdik. Öz nefti ilə zəngin olan Qroznuda da relslər sökülmüşdü. Çeçenlər bizi tanıyıb yolu düzəltdilər, onlar bizə toxunmadılar. Biz 4 vaqon silah-sursatla doğma vətənimizə gəlib Bakıya çatdıq. Bir-iki gün Bakıda qaldıqdan sonra komandirimiz Şahverdi xan Ziyadxanlının komandanlığıyla alayımızla birlikdə Gəncəyə üz tutduq. Şahverdi xan Gəncə xanı Cavad xanın nəslindəndi.Cavad xan 1804-cü ildə oğlu Hüseynqulu xanla şəhid edildikdən sonra düşmənlər şəhəri tuta bilmişdi. O zaman Azərbaycanın və Qafqaz ölkələrinin Rusiya ilə bağlı heç bir məsələsi qalmamışdı. Mən Karpatda vuruşandan baş çavuş idim. Ona görə də məni Morul Lemsəsi deyilən yerə baş çavuş təyin etdilər. Orada bir az işlədikdən sonra öz xahişimlə azad oldum və mənim yerimə Adıgözəlli Qədir bəyi təyin etdilər. 1917-ci ilin sonlarıydı. Rusiyada vətəndaş müharibəsi davam etdiyi vaxt Batumdan hərəkət edən qatarlar Gürcüstandan keçib Gəncə yolu ilə Bakıya və Rusiyaya getməliydilər. Vaqonlarda rus əsgərləri daşınırdı. Onların içərisində ermənilər də az deyildi. Qatarlar azərbaycanlılar yaşayan kəndləri, stansiyaları keçəndə ətrafdakı günahsız insanlara toplardan və iri çaplı tüfənglərdən atəş açır, günahsız həmyerlilərimizi öldürürdülər. Bu xəbər bütün Gəncə və Gəncə ətrafını sarsıtmışdı. Sonralar Azərbaycan Cümhuriyyəti dövründə Gəncə valisi işləmiş doktor Xudadat bəyin başçılığı ilə Şəmkir və Gəncə arasında vaqonları saxlayıb onları tərksilah edə bildilər. İyirmi günədək davam edən döyüşlərdə düşmənləri tamam tərksilah etmək mümkün oldu. Ondan sonra gələn əsgərlər ağ bayraq qaldırıb silahlarını təhvil verərək yollarına davam edirdilər.     Azərbaycan Cümhuriyyəti yarananda iyun ayında 1918-ci ildə mərhum Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Osmanlı türk ordusu Gəncəyə gəldi. O zaman Azərbaycanın baş şəhəri Bakı erməni və rusların əlindəydi. Yerli əhalini bolşeviklər sorğusuz-sualsız məhv edirdilər. Mart soyqırımı da o zaman baş vermişdi. 1918-ci il 28 mayda Azərbaycanda Cümhuriyyət quruldu. Azəri və türk əsgərləri Bakını azad etmək üçün hücuma keçdilər. Bolşeviklər sovet höküməti qurmaq adı ilə xalqın başına min cür fəlakətlər açır, müsəlmanları məhv edirdilər. Türk və əzərbaycanlı qoşun birləşmələrinin səyilə Bakı azad olundu və tarixdə ilk türk cümhuriyyəti quruldu.     Yüksək və qarlı dağları, yalçın qayalıqları, dağ şəlalələri, ormanları və ovalıqları, rəngarəng təbiəti olan vətənimin insanları da çox cəsurdur. Onlar həmişə işğalçılarla mübarizə aparmışlar. Azəri xalqının bu cəsurluğu da nəsildən-nəsilə keçmişdir. Adət etmədiyi bir şey varsa o da xəyanət və yalandır. Bu da onların saf niyyətli, təmiz qəlbli olmasından irəli gəlir. İstiqlal sevincilə yaşayan Azərbaycan türkləri o zaman türk ordusunun yardımını unutmamış, onların şəninə şeirlər qoşmuş, şərqilər mahnılara dönmüşdür. Onların bir-ikisi hələdə yadımdadır:                     Şalon gəlir baş-başa                     İçində Nuru Paşa.                     Paşaların Paşası                     Yaşasın Ənvər paşa.                     Şalon gəlir yan verir                     Gəncəyə nişan verir.                     İçindəki zabitlər                     Azərbaycan deyə can verir.     Türk ordusu işini bitirib Anadoluya döndükdən sonra mən də Samuxdakı kəndimə qayıtdım. Azərbaycan ordusu yenicə yaranmağa başlayırdı. Biz isə yenə də silahlı dolaşırdıq. Bir gün məni Gəncə şəhər valisi Xudadat bəy yanına çağırtdırdı. Rəfibəylilərlə səmimi münasibətimiz olduğu üçün dərhal yanına getdim. Gəncə şəhəri ortasından çay axan qədim bir şəhərdi. Batı tərəfdə türklər, doğuda isə ermənilər yaşayırdı. Ermənilər tərəfə dəmir bir körpü ilə keçib getmək olurdu. Vilayət binasının erməni tərəfdə 4 mərtəbəli saray olduğunu öyrəndim. Doktor Xudadat bəyi iş otağında tapdım. Uzun boylu, enli kürəkli, qüvvətli bir kişiydi. Sərt baxışları ilə məni süzdükdən sonra barmaqları arasındakı qələmi saçlarına dayayıb – “xoş gəldin Qasım, buyur əyləş” – dedi.     Oturdum. Bir az sükutdan sonra sözünə davam etdi:     Qasım, nə vaxtadək dağda-daşda dolaşacaqsan. Azərbaycan hökümətini qurduq. Fəqət hərəmiz bir tərəfə çəkilirik. Siz, gəlib vəzifə alıb işə başlamalısınız. Əsgərlikdə, müharibədə olmusunuz. Bizə belə adamlar çox lazımdı. Sonra ağır və qalın səslə : Qaracaəmirlidən Ramazan oğlu Rüstəm, Dəllərdən Kərbəlayı Hacılar, Ayıblıdan Abdulla Quşbazoğlu, Hacı Həsən hamısı gəlməli və birlikdə bizə yardımçı olmalısız. Qardaşın isə Dövlət Dəmir Yolunda işləyəcək. Dövləti, höküməti bir yerdə quracağıq. Başqa yolumuz yoxdu – deyib sözünü bitirdi. Vali bəyin sözlərini diqqətlə dinləyib dərindən düşünürdüm. Bu vaxtadək heç kəs bu sözləri bizə deməmişdi. Yeni bir aləmdəydim. Məsuliyyətli bir vəzifə təklif olunurdu.     Bir Qafqazlı kimi belimdə qılınc, arxamda tüfəng at belində böyümüşdüm. Yeyib-içib kef edərdim. Hər kəs özü-özünə hökümət idi. Elə hiss etdim ki, vəziyyət dəyişib. Xudadat bəy də mənə ehtiramla yanaşdığına görə çağırıb bu məsuliyyətli vəzifəni təklif edirdi. Valini doğma atam kimi sevirdim. O, Gəncənin bəylərindən idi. Onlara Rəfibəyzadələr deyərdilər. Həmişə dövlət yanında xalqın haqq və hüququnu müdaifə edərdilər. Xudadat bəy Ələkbər bəyin oğlu idi. O da xalqı müdafiə etdiyə görə sürgün olunmuşdu. Rəfibəylilər xalqın təhsil, sənaye, ticarət işləri ilə də məşğul idilər. Onlar cəhalətə qarşı da mübarizə aparırdılar.     Çar zamanı Sibirdən Gəncəyə rus əsgərləri gətirilmişdi. Onlar çeşməyə gedən çarşablı qadınlara söz atıb həyasızlıq edirdilər. Bundan mütəəssir olan xalq Ələkbər bəyin yanına şikayətə gedir. Bizim də dəliqanlı vaxtlarımız idi. Ələkbər bəy 15 nəfər dəliqanlı topladı və dedi :  – Hamınız qadın paltarı geyib üstündən çarşab bürünəcəksiniz. Kişi olduğunuz bilinməyəcək. Silahınız da çarşab altda olmalıdı qucağınızdakı teşt paltarla dolu çaya gedəcəksiniz. Rus əsgərləri həyasızlığa başlayanda atəş atacaqsınız. Onun tapşırığını yerinə yetirdik və nəticədə rus əgərləri rədd olub getdilər. Mərhum Ələkbər bəyi öldürmək üçün ermənilər və ruslar nə qədər hiylə qursada, xalq onu qorudu.     Azərbaycan Cümhuriyyəti mənə Eldar, Alazan nəhri arasında Gürcüstan sərhədlərini qorumaq üçün komandanlıq vəzifəsi verdi. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

“Müdafiə Nazirliyi yaxasını kənara çəkib, məlumatı ruslardan alırıq. Belə olmaz!”

“Rusların Qarabağdakı ərazi adlarını erməni toponimləri kimi səsləndirməsi onların sabahına hesablanmış addımdır. Təəssüflər olsun ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağla bağlı məsələləri, nədənsə, Rusiyanın himayəsinə verib. Hətta biz Rusiya sülhməramlıları ilə hansısa birgə postların yaradılması haqqında məlumatları da eşidirik”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.  O Qarabağda müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarının gündəlik bülletenində bölgədəki yaşayış məntəqələrinin adlarında erməni toponimlərindən istifadə edilməsinin pərdəarxası məqamlarına toxunub.  Polkovnik bildirib ki, bu gün sülhməramlılar Qarabağda yol polisi funksiyasını yerinə yetirirlər, guya hərəkətin təhlükəsizliyi, nəzarət və s. məsələlərlə bağlı absurd məlumatlar verirlər:  “Azərbaycan Müdafiə Nazirliyi də buna sakit reaksiya göstərir. Əlbəttə ki, belə davam edəcəyi təqdirdə, onlar çox şeylər edəcəklər. Açıq demək lazımdır ki, bu gün Rusiya sülhməramlıları əvvəlki qaydada hərəkətlərini davam etdirir. Onlar guya hansısa postları söküb birgə postlar yaradırlar və s.  Bunlar hansı postlardır ki, silahlardan, yaraqlılardan xəbər yoxdur, eləcə də Qarabağdakı yaşayış məntəqələri xəritədə yenə də erməni toponimləri kimi göstərilir. Axı nə qədər demək olar bunlara? Ümumiyyətlə, Azərbaycan Müdafiə Nazirliyi son vaxtlar Qarabağ məsələsi həll olunub deyə sanki qırağa çəkilib. Belə olmamalıdır, çünki sən bu torpağın yiyəsisən. Mən niyə Rusiya sülhməramlılarından məlumat almalıyam ki, mənim ordum onlarla hansısa postlar qurub patrul xidməti yerinə yetirir? Belə olmaz!”  Ü.Cəfərov əmindir ki, baş verənlər xoşagəlməz bir hadisədir:  “Ruslar bu adları göstərməklə bu gün ermənilərə faktiki olaraq deyirlər ki, biz sizin yaşadığınız evləri saxlayarıq, qayıdıb gəlin, biz hələ sizin yanınızda olacağıq. Bu, başqa anlama gəlmir. Əgər Rusiya oranı Azərbaycan ərazisi kimi qəbul etsəydi, onda yaşayış məntəqələrinin adını Azərbaycan dilində yazardı, Xankəndi deyərdir və “Stepanakert” ifadəsini birdəfəlik unudardı. Amma Rusiya tərəfi bunu yazmır, xəritədə vermir və göstərmir”.  “Bunlar ermənilərə işarədir ki, sizi oraya qaytaracağıq və qaytaracaqlar da. Bu gün İranda “3+3” platforması üzrə görüşlər keçirilir. Nə “3+3”?! Rusiya Qarabağla bağlı planlarını 2 gün bundan qabaq bu ölkənin Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə bir daha elan etdi. Rusların məqsədi konkret şəkildə aydındır: Ermənistan onlardan qopmaq istəsə də, ruslar onlar üçün “səni sevəcəyəm, sən sevməsən də” mahnısı oxuyurlar. Hesab edirəm ki, Rusiya sülhməramlıları çoxdan çıxarılmalıydı. İndi ruslar deyirlər ki, Azərbaycanla birlikdə müəyyən fəaliyyətlər həyata keçiriləcək və s. Qoy, keçirsinlər, baxaq-görək, nəticəsi nə olacaq?” 

Putinin ürəyi dayandı - Təcili

Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin iqamətgahlarından birində vəziyyəti pisləşib. O, yataq otağında yıxılıb. Sozcu.az xəbər verir ki, bu barədə “General SVR” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, mühafizəçiləri Putini döşəmədə yıxılmış vəziyyətdə tapıblar və dərhal həkim çağırılıb. “Dünən saat 21:05 radələrində (Bakı vaxtı ilə 22:05) Təhlükəsizlik Xidmətinin əməkdaşları prezidentin yataq otağından yıxılmaq səsi eşidiblər. Təhlükəsizlik Xidmətinin iki əməkdaşı dərhal prezidentin yataq otağına daxil olub və Putini çarpayının yanında yerdə uzanmış vəziyyətdə, yemək və içkilər olan masanı isə aşmış görüblər. Yəqin ki, yıxılan zaman prezident masaya, qab-qacaqlara toxunub”, - kanal bildirib. Qeyd edilib ki, iqamətgahda olan növbətçi həkimlər hadisə yerinə gəliblər. “Həkimlər prezidentin ürəyinin dayandığını müəyyən edərək onu reanimasiya ediblər. Vaxtında yardım edilib, ürəyi işə salınıb və Putin özünə gəlib”.

HƏMAS üzvünün etirafı: Özləri evlərində oturublar, amma bizi burada tək qoydular

HƏMAS bizi aldatdı. Özləri evlərində oturublar, amma bizi burada tək qoydular. Sozcu.az xəbər verir ki, bunu Qəzzanın cənubundakı Əş-Şabur yaşayış məntəqəsindən olan HƏMAS üzvü Muaned Yasir Zeyd Əbu Rizek İsrail xüsusi xidmət orqanlarına verdiyi ifadəsində deyib. “Tapşırığımız Sufa məntəqəsini nəzarətə götürmək, orda insanları öldürmək idi. HƏMAS rəhbərliyi bizi aldatdı. Onlar Qətərdə, Türkiyədə oturub Əl-Əqsanın, bütün müsəlmanların adından danışırlar. Özləri orda qalıb, bizi isə burada atıblar. HƏMAS liderləri İsmayıl Haniyə, Xalid Meşal hamısı oradadırlar, amma bizim ailələrimiz Qəzzada partlayır”, - terrorçu bildirib.

"Putin “sülhməramlı”ların torpaqlarımızda qalması üçün bu arqumentləri ortaya ata bilər...”

“Amma Azərbaycan artıq Qarabağda nəzarəti bərpa etdiyindən ermənilərlə bağlı bu inam və təhlükəsizlik məsələlərini də özü asanlıqla həll etmək iqtidarında olacaq...” Allaha şükürlər olsun ki, Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və s. dövlət bayrağımız ucaldıldı. Ermənilərin kütləvi şəkildə köç etməsi ilə separatizm də yox oldu o torpaqlarımızdan... Amma cəmiyyətdə də müzakirə olunan bəzi “əmma”lar var.  Məsələn:  “44 günlük savaşdan bəri biz işğalçı Ermənistanı və onun ordusunun qalıqlarını da, separatçıları da Qarabağ torpağımızdan qovduq. Fəqət, təəssüf ki, XIX əsrin əvvəllərindən bəri həmin separatizmin də, işğalçılığın da əsasını qoymuş baş işğalçı – Rusiya imperiyasının qoşunları və bayrağı hələ də Xankəndində, Xocalıdadır... Və  nə qədər ki, “sülhməramlı” adlı o qoşunlar oradadır, “təhlükə tam sovuşub” demək olmaz. Sizcə, Azərbaycan dövləti asanlıqla, heç olmasa, 2025-ci ildə Rusiya hərbi qüvvəsini suveren ərazimizdən çıxarmağa nail olacağıqmı? Məsələn, Moldova artıq 30 ildən çoxdur, çalışır, Dnestryanıdakı Rusiya “sülhməramlı”larını öz suveren ərazisindən çıxara bilmir...” Politoloq Elxan Mehdiyev Moderator.az-a açıqlamasında məsələyə belə izahat verib: “Belə şübhələrə əsaslar vardır. Çünki ortada Gürcüstan, Moldova nümunələri mövcuddur. Rusiyanın Ukraynada apardığı müharibə isə Kremlin hər hansı gələcək addımlarına rasional düşüncə ilə cavab verməyi daha da çətinləşdirir. İndiyə kimi apardığımız müşahidələr, hələ ki, Rusiyanın geniş diapazonda Azərbaycanın maraqlarına zidd addımlar atmadığını göstərir.  Azərbaycanın Rusiya ilə bağlı apardığı diplomatiyanın uğurlu olduğu sahədəki vəziyyətə görə ölçülməlidir və bu baxımdan Azərbaycanın da Rusiya-Ermənistan arasındakı gərginlikdən ustalıqla istifadə etdiyi görünür...  İkincisi, burada Turkiyənin varlığı və Azərbaycan Silahlı Qüvvələrinin Qarabağa tam nəzarət etməsi Rusiya qüvvələrinin 2025-ci ildən sonra Azərbaycanda hansısa funksiyada qalması ehtimalını ən aşağı səviyyəyə düşürür. Rusiya hərbi gücünün Qarabağda qalması ehtimalının ancaq nəzəri əsasları ola bilər. Belə bir “əsas”ın isə Ermənistana köçmüş erməni əhalisinin Qarabağa qayıtması ilə yaranması mümkündür. Və bu halda Rusiya “sülhməramlı” qüvvələrinin yenidən “burada sülh və inam yaratmaq üçün bir müddət də qalması” arqumentləri Putin tərəfindən ortaya atıla bilər. Amma Azərbaycan artıq Qarabağda nəzarəti bərpa etdiyindən ermənilərlə bağlı bu inam və təhlükəsizlik məsələlərini də özü asanlıqla həll etmək iqtidarında olacaq...”

Xankəndiyə köçü sürətləndirməsək, ruslar Qarabağdan ÇIXMAYACAQ!

Hərbi ekspert Üzeyir Cəfərov TV Müsavat-ın canlı efirinin qonağı olub. Sozcu.az xəbər verir ki, Üzeyir Cəfərov verilişdə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsindən danışıb. Beləliklə, buyurun dinləyin:

Rusiyanın itkiləri 295 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 607-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 294 700 hərbçi, 5093 ədəd tank, 9653 ədəd zirehli döyüş maşını, 7057 ədəd artilleriya sistemi, 825 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 551 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9419 ədəd avtomobil texnikası, 5345 ədəd PUA, 1536 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 998 xüsusi avadanlıq itirib.

17 yaşlı oğlan anasını bıçaqladı, sonra xəstəxanaya apardı

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb. Sozcu.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası 1981-ci il təvəllüdlü Sevil Heybətovanı yaşadıqların evin mətbəxində bıçaqla 1 dəfə xəsarət yetirib. K.Heybətli yaralı anasını xəstəxanaya aparıb. Faktla bağlı araşdırma aparılır. *** Ağdaş rayonunda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

İranın daha bir naziri Ermənistana gəldi

İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş danışıqlar aparmaq üçün Ermənistana gəlib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, İran nümayəndə heyəti İrəvana oktyabrın 23-də gəlib. İran tərəfi erməni tərəfdaşları ilə infrastruktur sahəsində əməkdaşlığın inkişafı ilə bağlı görüşlər keçirəcək.

Azərbaycan və Türkiyə Qarabağda təlimə başladı - Video

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Belə getsə, Azərbaycanlılar Ermənistana işləməyə gedəcək - Fuad Qəhrəmanlı yazır

Bundan sonra müxalifətçiliyə ehtiyac varmı? Bu gedişlə ermənilərdən iş istəyəcəyikmi?  Sual çox sadədir, niyə Ermənistanda orta aylıq əmək haqqı 682 , Gürcüstanda 484, Azərbaycanda isə 374 dollardır?  Hakimiyyət çıxıb bu sualın cavabını verməlidir.  Hanı bəs Qafqazın lider ölkəsi idik, nə oldu? Bəs bizim uğurlu neft strategiyamız vardı, nə oldu? Deyirdiniz qeyri neft sektorunu inkişaf etdiririk, nə oldu, hanı o strategiyanın iqtisadi nəticələri ? Necə olur ki, nefti, qazı olmayan bu ölkələrin vətəndaşları neftin, qazın hesabına 200 milyard gəlir əldə edən ölkənin insanından daha çox qazanırlar? Avropa ölkələri bir yana qalsın, dövlət siyasətinə çevrilmiş acgözlüyün , hüdudsuz korrupsiya üzündən Ermənistandan, Gürcüstandan, Qazaxıstandan Belarusdan belə geri qalırıq.  Bu gedişlə 10, 20.. ildən sonra bu ölkələr harda olacaqlar biz harda? Belə getsə 15-20 ildən sonra azərbaycanlılar gedib Ermənistanda iş axtarmayacaqlarmı? Əgər bu gedişat dəyişməsə, bir zaman gələcək ki, öz ölkəsində iş tapa bilməyən, tapanda da az qazanc üzündən ailəsini dolandıra bilməyən azərbaycanlılar gedib ermənilərin hüzurunda boynunu büküb iş istəyəcək.   Ölkədə müxalifətə gərək yoxdur deyənlər, xalq bundan sonra Xankəndi yeməyəcək, insanlara normal yaşamaq üçün iş yeri, yaxşı qazanc, ədalət, hüquq lazımdır. Yoxsa, Xankəndi var deyə, azərbaycanlılar Ermənistan əhalisindən kasıb, hüquqsuz halda yaşamağa görə şükr etməlidirlər?  Bu başqa bir mövzu ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə inkişafın göstəricilərindən və demokratiyanın işləmə mexanizmlərindən bir də elə məhz müxalifətin olmasıdır.  Bizə gəldikdə isə belə səriştəsiz, korrupsiyalaşmış idarəçiliyə , ölkəni milli tənəzzüllə, başqa xalqlar qarşısında geridəqalmış vəziyyətə salan bir hökumətə qarşı mübarizə aparmaq üçün indi həmişəkindən daha çox müxalifətçiliyə ehtiyac var. Fuad Qəhrəmanlı 

Gürcüstan "3+3"ə YOX dedi - Təcili

Gürcüstan oktyabrın 23-də Tehranda keçirilməsi planlaşdırılan “3+3” iclasında iştirak etməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir”, - məlumatda bildirilir. Xatırladaq ki, sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək. Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. "Irna"nın məlumatına görə, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətidən də danışılacaq. Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.

ABŞ Bağdad və Ərbil nümayəndələrinə “ölkəni tərk etmələri” əmrini verdi

ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına İraqa səfər etməmələri barədə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, Bağdad səfirliyi və Ərbil konsulluğunda işçilərə və onların ailələrinə ölkəni tərk etmələri barədə göstəriş verilib. İsrail və HƏMAS arasında qarşıdurmalar davam etsə də, İraqda ABŞ əsgərlərinin olduğu bazalar hədəfə alınmağa davam edir. ABŞ Dövlət Departamentindən edilən açıqlamada İraqa səyahət xəbərdarlığının 4-cü səviyyəyə qaldırıldığı və ABŞ vətəndaşlarına İraqa səfər etməmələri ilə bağlı xəbərdarlıq edilib. Açıqlamada, səyahət xəbərdarlığının terror, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və İraq Missiyasının ABŞ vətəndaşlarına dəstək vermək imkanlarının məhdud olması səbəbindən edildiyi bildirilib. (Haber Global)

BMT sülhməramlıları ATƏŞƏ TUTULDU

BMT sülhməramlıları Malinin şimal-şərqindəki Tesalit şəhərindəki bazasını sürətlə tərk ediblər. Bu barədə BMT-nin Malidəki sülhməramlı qüvvələrinin (MINUSMA) qərargahı məlumat yayıb. “MINUSMA qüvvələrinin Tesalit bazasından sürətlə çıxarılması həddindən artıq gərginlik və missiyanın həyatını riskə atan təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda tamamlanıb”, - deyə məlumatda vurğulanıb. Tessalit bazasının bağlanması missiyanın mandatını sona çatdıran BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra MINUSMA qoşunlarının Kidal bölgəsindən ilk və Malidəki altıncı bazasından çıxarılmasını göstərir. Kontingentin Tesalitdən çıxarılması sülhməramlıların atəşə tutulması ilə müşayiət olunub. Qeyd olunub ki, sülhməramılların bir hissəsi olan Çad bölmələri artıq evə uçub. Missiya komandanlığı, həmçinin nəqliyyat vasitələri, generatorlar və döyüş sursatları da daxil olmaqla, çıxarıla bilməyən avadanlıqları məhv etmək və ya sıradan çıxarmaq qərarına gəlib. İyunun 30-da BMT Təhlükəsizlik Şurası Mali hökumətinin tələbi ilə bu ölkədən sülhməramlı missiyanı dayandırmaq barədə qətnaməni yekdilliklə qəbul edib. Sülhməramlıların çıxarılması 31 dekabr 2023-cü ilə qədər tamamlanmalıdır.//Report

Qəzzada sonuncu əməliyyatı keçiririk - Qallant

Qəzza zolağında hazırkı hərbi əməliyyat sonuncu olmalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant deyib. O bildirib ki, bu əməliyyat HƏMAS-ın tamamən məhv edilməsi ilə nəticələnməlidir. Qallant eyni zamanda qeyd edib ki, İsrailin bəyan etdiyi məqsədlərinə çatması üçün əməliyyat daha bir neçə ay davam edə bilər.

Peyğəmbərin missiyası təslimolma informasiyasını yeniləməkdən ibarət olmuşdur - Nəriman Qasımoğlu

Harvard Universitetində çalışdığım zaman tanınmış ilahiyyatçılardan biri məni maraqlı bir tapıntı ilə tanış etdi. Onun bir həmkarı Məhəmməd peyğəmbər dövründən etibarən, yəni 7-ci əsrdən başlayaraq 9-cu əsrədək təxminən 25 min sayda ərəbcə yazılan mətnlərin sadəcə başlıqlarının monitorinqini keçirmiş və müəyyən etmişdir ki, həmin başlıqlarda "islam" sözünün sayı zaman keçdikcə artmağa, başlıqlarda "Allah", "iman" sözləri isə xeyli azalmağa başlayır.  Bu say azalması kifayət qədər ironikdir, çünki peyğəmbərdən sonrakı müsəlmanlar “İslam”ı daha çox ideoloji baxımdan qavradıqlarına görə, diqqətin "Allah"dan və "iman"dan siyasi məzmun səmtinə yayındığını göstərir. Gəlinən nəticə və tarixən də təsdiqlənən həqiqət ortaya çıxarmış olur ki, "İslam" ilkin yayılmağa başladığı dövrdə xüsusi bir dinin adı deyilmiş. Çünkü Oxu informasiyasına görə, Yazı əhli - yəhudilər, xristianlar faktiki olaraq ümumilikdə İslamın - tərcümədə "təslimolma" deyilən bu dinin içindədirlər. Peyğəmbərin missiyası təslimolma informasiyasını yeniləməkdən ibarət olmuşdur. Əslində, ənənəvi müsəlmanların İslamı tarixi-siyasi qəliblərə salaraq və fərqli din anlamında mütləq həqiqətlərə iddiaçı bir sistemə çevirərək üstün mahiyyətdə təqdim etməsi bəlli tarixi-siyasi səbəblər üzündən baş vermişdir. Nəriman Qasımoğlu 

Sanki yaltaqlara bir şans qapısı açılıb - Mehriban Vəzir

Baxıram, sanki öhdəlikləri var... yəqin ki var... yaşam şərtləridi... çörək ağaclarıdı...  Hər gün hər yandaş qəzetdə eyni mövzulu yazılar gedir... yerlərdə olan səviyyə ilə "... hə, bəs nə oldu, deyirdiniz olmayacaq, almayacaq, filan..." "kölgə düşürürdünüz, filan..."  Sanki yaltaqlara bir şans qapısı açılıb, növbəti parlament kresloları uğrunda yarış gedir... marafondu... kim kimi ötdü...  Çox çirkinsiniz haa...  A kişi, almamışdı, 30 il alınmamışdı, Avropaların qapılarında sürünmüşdük... alçaq satılıqlar bizə "tövsiyələr" verirdilər. Bəs nə deməliydilər?  Bunu bütün xalq deyirdi. Çıxın, bir sorğu aparın, küçədə, Şuşanın alınacağına, Xankəndinə bayraq sancılacağına hər yüz nəfərdən neçəsi inanırmış, soruşun. Bəlkə də heç neçəsi. Şuşa qələbəsi üçün dünya boyu axan göz yaşları həmin inamsızlığın, gözlənilməzliyin, şokun tərcümanı idi. Gözlənilən üçün gözyaşı axmaz ki! Gözləmirdik. Məhz bu tarix üçün gözləmirdik. Çünkü Qarabağda bizimlə düşük hay tayfası deyil, dünya gücləri savaşırdı. Və savaşır... Aşıq gördüyün çağırar: 90-larda Qarabağın verilməməsi üçün bu ölkədə neçə hərəkat qurulub? Unutdunuzmu? Mən özüm o hərəkatlardan birinin, Milli Müqavimət Hərəkatının rəhbərlərindən olmuşam. Qapı-qapı gəzib imza toplamışam. Dərmanım olsa getməyəcəyim qapıları döymüşəm. 1999-da İstanbul sammitində baş verəcəklərin qarşısını bu partiyalar, təşkilatlar, ictimaiyyət, nəhayət xalq necə aldı... hansı itkilərin hesabına aldı... bir kitab yazmaq olar... bəlkə də yazacam...  Satılıq dünya, iqtidarların yaxasından yapışıb "Qarabağı erməniyə ver" deyirdi. Nə tez unutdunuz! "Qarabağı ver" deyə ABŞ prezidentinin yazdıqları məktubları, bu məqsədlə ölkəyə səfər edən yüksək missiyaları nə tez unutdunuz?!  Bu vətəndaş bu ölkədə illərdir nə gördü ki... korrupsiya, orduda qətllər, mətbuatın məhvi, seçki saxtakarlığı... sərvət oğurluğu... və çox müsibətlər... ailələrin içinə qədər girmiş ictimai faciələr... Eləcə də Qarabağla bağlı hərəkətsizlik. Bataqlıq! Təpənsən batmaq qorxusu. Düz 30 il!!! Hərəkət olub deyə bilərsiniz. Haqsız da olmazsınız. Ancaq bağlı qapılar arxasında olanları xalq görmür. Görünən yalnız ümidsizlik və məyusluq idi, Qarabağ camaatının yavaş-yavaş qırılması idi... O zaman nə deməliydi bu camaat?  Qərəzlilərlə işim yoxdur. O da onların yolu. Onlar da olmalıdır. Onların varlığı təhrikdir. Stimuldur. Sövq etməkdir. Dava çəkməkdir.  Ölkəni xor oxuyan görmək istəyirsinizsə, yanlış yoldasız. Sovetizm bitmiş artıq. Evinizə boylanın, evlərinizdə belə nəğmələr xorla oxunmur, 3 nəfəriksə, 5 nəfəriksə, hər nəfərin öz havası, dünyaya öz baxışı var.  Bu anda sözüm utanmaz yaltaqlaradır. Və "bitirin bu çirkinliyi" deyə biləcək bir iradəyədir. "Bitirin bu rəzaləti, xalqımın əxlağına ziyan vurursuz, mənəvi ekologiyaya zərər verirsiniz" deyəcək bir gücə! Çünkü xəyalımda olan o sorğu anketində olacaq suallardan birinin cavabı ən yaxşı halda belə olar bilərdi. Əmin idim Qarabağı alacağıq, amma o günü görəcəyimə əmin deyildim.  Xalqın əhvalı bu idi, amma iradəsi yenilməz idi. Vicdanı olan etiraf edər. Lakin yağlı əppəyə yaltaqlıqla çatanlar, sərvət toplayanlar, yaxud yeni revanş götürüb irəlidə gedən zəncirlilərdən örnək alanlar boyunlarına almaz, üzə durarlar... A yazıqlar, "öhdəlikləriniz" - içinizdənmi gəlir, dışınızdanmı gəlir, bilmirəm - bu öhdəlik qələminizlə birlikdə sizi gündən-günə daha çirkin hala salmaqdadır. Hər rəzalətin bir bədəli var, əmin olun... ağır ödəyəcəksiniz...  Əlbəttə, haqlının haqqını verməmək başqa... verməyənlər var, olacaq. Amma ona bu qədər fokslanmaq qədər zəifliyin adı nə?   Gün kimi aydındı ki, xalq inanmırdı. Ürəklər bu ağıl inamsızlıqları ilə barışmasa da inanmırdı. Regionun siyasi durumu da inanmamağa sövq edirdi. Heç kəsin ağlına gəlmirdi ki, şərtlər dəyişə bilər.  Amma bu iş oldu. Mübarək bir iş oldu. Xankəndinə dövlət idarələrinin lövhələri asılır. Çox şükür! Hər kəs "bu günü də gördük" deyir. Demək, görməməyin, görə bilməyəcəyinin qorxusunu yaşamış bu xalq. Və istisnasız hər kəs bu faciəvi qorxu hissini qəlbində 30 il daşıdı. Bu hiss nə qədər insanımızın ömrünü çürütdü, nə qədərimizi məzara gömdü... Hətta iqtidarla canbir olanlar belə hər yanını canavarlar bürümüş, içi Kremlin təyin etdiyi quldurlarla dolu bir dövlətin bu müsibətdən sıyrılacağını ağlına gətirmirdi. Ən yaxşı halda gələcək nəsillər üçün əlverişli şəraitin buraxılmasını böyük qazanc hesab edirdi. Amma bu iş oldu! Oldu! Oldu!  Niyə bunun sevincini yaşaya bilmirsiniz?  Kiçik qəlbinizə böyük duyğular sığmırmı? Bəlkə də mövcudluq üçün başqa yolunuz yoxdur.  Allah sizi bu çəkilməz yükdən azad etsin! Mehriban Vəzir 

ŞOK İDDİA: Həmas yaraqlılarında bu ölkənin silahları tapıldı

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra yaraqlılarda gizli hərbi sənədlər və müxtəlif növ silahlar aşkarlanıb. Sozcu.az xəbər verir ki, “Washington Post” qəzeti yaraqlılardan tapılan sənədləri nəzərdən keçirib. Silahların üzərində olan təlimatlarda onların Şimali Koreya istehsalı olduğunu dair sübutlar var. Söhbət Şimali Koreyanın F-7 reaktiv yaylım atəşi sistemlərindən gedir. Pxenyan isə öz növbəsində HƏMAS-a silah tədarükünü rədd edib.