Zaman Kiyev və müttəfiqlərinin tərəfindədir - Britaniya XİN rəhbəri

Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı bədbin bəyanatlardan çəkinməlidir, çünki zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir. Sozcu.az “The Sunday Times” qəzetinə istinadən xəbər verir ki, bu fikri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib. “Biz durğunluqdan və zamanın Ukraynanın tərəfində olmadığından danışmağı dayandırmalıyıq. İqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür və biz vaxtın tərəfimizdə olduğunu nümayiş etdirmək iqtidarındayıq”, - deyən nazir, Rusiyanın münaqişəyə girməklə artıq “böyük strateji məğlubiyyət”ə düçar olduğunu bəyan edib. Onun sözlərinə görə, bu fikri noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrinə görə Ağ Evə qayıdacağı təqdirdə Donald Trampa çatdırmaq niyyətindədir: “Şəxsi müstəvidə Trampla qarşılıqlı əlaqə ABŞ-nin hazırkı prezidenti Co Baydendən fərqli şəkildə qurulmalı olacaq. Bununla belə, ABŞ və Britaniyanın hərbi və kəşfiyyat rəsmiləri birlikdə işləməyə öyrəşiblər. İki ölkənin dəyərləri və bir çox problemlərə yanaşmaları da çox oxşardır. Nə ilə məşğul olmağımızdan asılı olmayaraq, biz bunun öhdəsindən gələ bilərik”.

AB Macarıstanı cəzalandırmağa hazırlaşır

AB Budapeşt Kiyevə hərbi yardımın ayrılması ilə bağlı razılığa gəlmədiyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” AB-nin daxili sənədlərinin birinə istinadən bildirib. “Brüssel Macarıstan iqtisadiyyatında iş yerlərinə və onun artımına zərər vurmaq üçün ölkənin milli valyuta məzənnəsini (Macarıstan forinti - red.) endirmək və investisiya cəlbediciliyini azaltmaq niyyətindədir. AB bazarları qorxutmaq niyyəti ilə Budapeştə maliyyələşməni tamamilə dayandırdığını elan edə bilər”, - məlumatda deyilir. Qeyd edək ki, 2023-cü ilin dekabrında Macarıstanın Baş naziri Orban AB-nin qərarına veto qoyaraq Ukraynaya yardım paketini əngəlləyib.

Britaniya Qəzzada müharibəyə son qoymaq üçün plan hazırladı... - "Financial Times"

London artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb... Britaniya, rəsmi Londonun fikrincə, İsrail və "HƏMAS" yaraqlıları arasında müharibəyə son qoyacaq beş bəndlik plan təklif edib. Sozcu.az xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb. Məlumatda bildirilir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron regiona səfəri zamanı İsrail və Fələstin liderləri ilə bu təşəbbüsü müzakirə edib. Bundan əlavə, Kemeron səfəri zamanı tərəfləri “döyüş əməliyyatlarını dərhal dayandırmağa” çağırıb. Britaniya rəsmisi əmin olduğunu bildirib ki, döyüşlərin dayandırılması sonda Qəzzada girovların azad edilməsinə, daha sonra isə daimi atəşkəs üçün danışıqlara gətirib çıxaracaq. "Bizim etməyə çalışdığımız şey o fikri gücləndirməkdir ki, siz bu fasiləni əldə etdikdən sonra onu davamlı atəşkəsə çevirmək üçün çox çalışmalı və həqiqətən də atəşkəsi daimi və davamlı edə biləcək real və əldə edilə bilən şeylərə diqqət yetirməlisiniz", - Kemeron belə deyib. Britaniya artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb. Bununla belə, nəşrin yazdığına görə, baş nazir Benyamin Netanyahu Fələstin dövlətinin yaradılması və ya Fələstin Muxtariyyəti ilə əməkdaşlıq istiqamətində hər hansı addımı istisna edib, həmçinin girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi kimi hər hansı daimi atəşkəsi də rədd edib.

Bu üç ölkə Rusiyaya qarşı birləşdi

Estoniya, Latviya və Litva Rusiya ilə sərhəddə müdafiə xətti yaratmaq barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb. "Baltikyanı ölkələr şərq sərhədi boyunca Baltikyanı müdafiə xəttinin yaradılması ilə bağlı razılığa gəliblər. Müdafiə hazırlığını artırmaq üçün vaxtdan düzgün istifadə etmək mütləqdir", - nazirliyin məlumatında deyilir.

Partlayan mebel sexi haqda şok fakt: Qazlaşdırılmayan binada qazsızması necə olub? – “Azəriqaz”dan AÇIQLAMA

15 yanvar 2024-cü il tarixində Bakıda mebel sexində, elə həmin gün Sumqayıtda yataqxanada ölümlə müşayiət edilən partlayışlar baş verdi. Partlayışlar zamanı onlarla insan xəsarət aldı. Sirr deyil ki, istər Sumqayıt, istərsə də paytaxtda belə “ölüm məhəllələri” çoxdur. İlkin məlumata görə, yataqxanadakı partlayışa məhz kanalizasiyadakı qaz sızması səbəb olub. Abay Kunanbayev küçəsində yerləşən və partlayışın baş verdiyi sexin isə qaz borusunun üzərində tikildiyi iddia edilir. Bəs bu tikintilərə kimlər icazə verir? “Azəriqaz” İstehsalat Birliyindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, hadisə baş verən yataqxanaya qaz verilməyib: “Sadəcə, yataqxanaya yaxın bir zavod var, ora qazlaşdırılıb. İlkin ehtimala görə, həmin yeraltı boru xəttindən sızma olub. Orada istintaq işi aparılır, hər şey aydın şəkildə ortaya çıxacaq. Hüquq mühafizə orqanlarının əməkdaşları ilə bərabər bizim də əməkdaşlarımız hadisə baş verən ərazidədirlər. Nəticə haqda ictimaiyyətə açıqlama veriləcək”. E.Vəliyev mebel sexinin qaz borusu üzərində tikilməsinə aydınlıq gətirib: “Mebel sexinin dəqiq qaz xəttinin üzərində tikilməsi də araşdırılacaq. Əslində, hər hansı bina, obyekt tikilən zaman “Azəriqaz”dan da icazə alınmalıdır. Lakin bir çoxları buna əməl etmirlər. Bəzən çoxmərtəbəli bina tikildikdən sonra yada düşür ki, infrastruktur nəzərə alınmayıb. Yəni bina tikildikdən sonra kommunal xətlərinin haradan çəkiləcəyini düşünürlər. Normalda qaydalara riayət edilməlidir. Tikinti aparılması üçün icazənin olub-olmaması yoxlanılmalı, icazə verilərsə, tikilməli, verilməzsə, tikinti dayandırılmalıdır. Abay Kunanbayev küçəsində baş verən partlayışın səbəbi də araşdırılır”.

ABŞ SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ SEPAH və husilərlə əlaqəli olan Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki gəmiçilik şirkətinə və onlara məxsus dörd gəmiyə qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu şirkətlər SEPAH-ın Qüds Qüvvələri adından İran məhsulları daşıyıb və gəlirlər husiləri maliyyələşdirmək üçün istifadə olunub. “Xammal satışından əldə olunan gəlirlər husiləri və onların Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmiçiliyə hücumlarına sərf olunub",- Maliyyə Nazirliyinin məlumatında bildirilib. ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ-ın İranın husiləri maliyyələşdirən və onların hücumlarını asanlaşdıran qeyri-qanuni maliyyə şəbəkələrinə qarşı fəaliyyətini davam etdirəcəyini deyib.

İsrailin "erməni soyqırımı" iddialarına kəskin cavab

İsrailin hökumət üzvlərinin törətdikləri cinayətlərdən diqqəti yayındırmaq cəhdləri nəticə verməyəcək. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin xarici işlər naziri İsrail Katzın qondarma erməni soyqırımı iddialarına cavabında bildirib. Qeyd edək ki, Katz Ərdoğanı “keçmişində "erməni soyqırımı" olan bir ölkənin prezidenti” adlandırıb.

Türkiyə tədricən şəriət qaydalarının hakim olduğu sistemə keçir

Türkiyədə dini senzura Türkiyəyə hakim olmağa başlayan radikal dini təriqqət və cemmatları hədəf alan “Kızıl Goncalar” serialının yayımlanması öncə RTÜK (Radio və Televiziya Ali Şurası) tərəfindən dayandırıldı. Ardınca da məhkəmə RTÜK-ün qərarını təsdiqlədi və filmin yaradıcılarını“cəmiyyətin milli-mənəvi dəyərlərini” pozduğuna görə 9 milyon lirə cərimələdi.  “Kızıl Goncalar” serialının yayımının dayandırılmasının arxasında əsasən “Menzil cemmaat” dayandığı güman edilir. Türkiyədə məhkəmə və prokurorluq orqanlarında əsas söz “Menzil cemmatı”dır. Türkiyədə nüfuzlu qələm sahibləri “Menzil cemmatı”nı talibandan daha radikal dini qrup hesab edir. Adını yarandığı kəndin, Adıyamanın Menzil kəndindən alan “Menzil cemmatı” hazırda Türkiyədə ən çoxsaylı tərəfdarı olan dini birlikdir. Üç milyon müridi olduğu iddia edilən “Menzil cemmatı”nın dövlət idarəçiliyinə ən çox təsiri olan dini birlikdir. İddialara görə, hazırkı nazirlərin ən azı üçü “Menzil cemmatı”n təmsil edir.  Türkiyədə qeyri-rəsmi olaraq dini senzuranın mövcudluğu illər öncə məlum idi. İndi isə bu dini senzura öz hakimiyyətini rəsmiləşdirir və Türkiyə tədricən şəriət qaydalarının hakim olduğu sistemə keçir. Türkiyənin sürətlə Avropa dəyərlərindən uzaqlaşaraq Yaxın Şərq dövlətinə çevrilir. Türkiyədə baş verən qorxunc proses Azərbaycan üçün də ciddi risklər yaradır. FETO çirkabından tam təmizlənməmiş Azərbaycan daha böyük təhlükə ilə üz-üzədir. Xəqani Cəfərli, politoloq

"Yeni Konstitusiya ilə mən sizin prezidentiniz olmayacağam. Ona görə də sakitləşin, buna rahat yanaşın"

"Sabiq prezidentə toxunulmazlıq, dövlət mühafizəsi, ömürlük aylıq müavinət, dövlətin daşınmaz əmlakından istifadə hüququ veriləcək..." Aleksandr Lukaşenko ölkə Konstitusiyasını özünə uyğunlaşdırıb Belarus hakimi Aleksandr Lukaşenko ölkə Konstitusiyasına dəyişiklikləri təsdiq edib.  Sozcu.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb. Bu dəyişikliklər istefaya gedəcəyi təqdirdə onun toxunulmazlığı, ömürlük mühafizəsi və dövlət daşınmaz əmlakı hüququna zəmanət verir.  Düzəlişlərə əsasən, istirahətə yollanacaq Belarus prezidenti "prezident səlahiyyətlərinin icra edilməsi ilə əlaqədar olaraq törətdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilə, habelə bununla bağlı saxlanıla, başqa yolla şəxsi azadlıqdan məhrum edilə, istintaq və digər prosessual hərəkətlərə məruz qala bilməz".  Toxunulmazlıq sabiq dövlət başçısının ailə üzvlərinə də şamil edilir. Həmçinin dəyişdirilən qanunda yazılıb ki, prezident vəzifəsini tərk edən şəxs Ümumbelarus Xalq Məclisinin nümayəndəsi və Respublika Şurasının ömürlük üzvü olur. Bundan başqa, sabiq prezidentə dövlət mühafizəsi, ömürlük aylıq müavinət və dövlətin daşınmaz əmlakından istifadə etmək hüququ verilir. "Bir çoxları deyir ki, Lukaşenko Konstitusiyanı özünə görə uyğunlaşdırıb. Məni bağışlayın, bunu mən etməmişəm. Mənim dövrüm sona çatır, heç bir konstitusiyanı özümə uyğunlaşdırmaq fikrində deyiləm", - bunu Lukaşenko ötən yazda vəd edib və əmin edib ki, onun övladları prezident olmayacaq. Onun fikrincə, Qərb ölkələrində bir çoxları onun istefaya getməsini istəyir, deməli, bunun əksini etmək lazımdır.  "Amma bu, o demək deyil ki, mən bu vəzifədən yapışıb qalacağam. Yox, bu, belə olmayacaq. Mən gələcək barəsində düşünürəm", - o, izah edib. Qeyd edək ki, Belarus Konstitusiyasına dəyişikliklər haqqında referendum 2022-ci il martın 4-də keçirilib, Lukaşenko onun nəticələrini təsdiq edib.  2020-ci ilin noyabrında Lukaşenko yeni Konstitusiyanın qəbulundan sonra prezident olmayacağını vəd edib: "Yeni Konstitusiya ilə mən sizin prezidentiniz olmayacağam. Ona görə də sakitləşin, buna rahat yanaşın". Xatırladaq ki, bir sıra oxşar qanunlar Qazaxıstanın ilk prezidenti Elbası (millətin lideri) Nursultan Nazarbayev 2019-cu ildə dövlət başçısı postundan getməzdən öncə imzalayıb. Lakin 2023-cü ildə Nazarbayev bütün təsdiq edilən imtiyazlardan, o cümlədən Təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən və fəxri senator adından məhrum edilib.

Ali Məhkəmə İmran Xanı azad etdi

Pakistanın Ali Məhkəməsi “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham edilərək həbsdə olan keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin zaminə buraxılmasını təsdiqləyib. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Pakistan Ədalət Uğrunda Hərəkat partiyasının liderlərinə hər biri 1 milyon Pakistan rupisi girov qoymaq barədə hökm çıxarıb. Qeyd edək ki, bu ilin oktyabr ayında Pakistanın Xüsusi Məhkəməsi Xan və Qureyşi Rəsmi Sirrlər Qanununu pozmaqda ittiham edib. Lakin pakistanlı siyasətçilər ittihamları qəbul etməyiblər. Noyabr ayında Pakistanın Ədalət Uğrunda Hərəkat Partiyası Ali Məhkəməyə müraciət edərək Xan və Qureşinin zaminə buraxılmasını istəyib. Avqustun 5-də Pakistanın keçmiş baş naziri Xan korrupsiya işi üzrə 3 il müddətinə azadlıqdan məhrum edilib. Avqustun 29-da Pakistan məhkəməsi Xanın üç illik həbs cəzasını təxirə salıb və onun girov müqabilində azadlığa buraxılmasına qərar verib. Lakin avqustun 30-da Xan yenidən “dövlət sirrini yaymaq” ittihamı ilə həbs olunub.

Donald Tusk Ukraynadakı vəziyyətdən yorulduğunu deyən siyasətçilərə qulaq asmayacaq

Yenidən Polşa Baş naziri seçilmiş Donald Tusk inaqurasiya nitqində Qərbi Ukrayna dəstəyi artırmağa təhrik edəcəyini deyib. Sozcu.az xəbər verir ki, Tusk bundan sonra Ukraynadakı vəziyyətdən yorulduğunu deyən siyasətçilərə qulaq asmayacağını vurğulayıb. “Biz Qərbin Ukraynaya yardım üçün tam səfərbərliyini tələb edəcəyik. Mən bundan sonra Ukraynadakı vəziyyətdən yorulduğunu bildirən siyasətçilərə qulaq asmayacağam. Ukraynaya hücum bizim hamımıza hücumdur. Biz Ukrayna ilə bağlı vahid mövqedən çıxış etməliyik. Bu bizi birləşdirməlidir… Biz müharibənin nə üçün olduğunu xatırlamalıyıq. Ukraynalılar son dərəcə vacib bir məsələ uğrunda mübarizə aparırlar, onların mübarizəsi Maydanda başladı, onlar Qərb ictimaiyyətinə qoşulmaq uğrunda döyüşürlər”, - Baş nazir deyib. Tusk Polşanın Ukraynaya dəstəyinin vacib olduğunu, bununla belə fermerlərin qorunması kim öz milli maraqları ilə bağlı məsələlərdə mühafizəkar mövqe sərgiləməli olduğunu əlavə edib.apa

Qəzzada girovlarla bağlı danışıqlar bərpa oluna bilər?

Humanitar atəşkəsin bərpası və Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovların qaytarılması ilə bağlı rəsmi danışıqların tezliklə bərpa olunacağı ehtimalı yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, danışıqlar dalana dirənib, rəsmilərin sözlərinə görə, yaxın gələcəkdə müzakirələrin bərpası perspektivi yoxdur. ABŞ prezidenti Co Bayden administrasiyasının da amerikalıların azad edilməsi ilə bağlı ayrıca danışıqlar apara bilməsi çətin prosesdir. Telekanalın sözlərinə görə, HƏMAS-ın Vaşinqtona hər hansı xüsusi xidmət göstərəcəyinə inanmaq üçün heç bir əsas yoxdur.