8 min tələbə universitetdən niyə qovulub? - “Gözlərini həmin pula dikiblər”

2022-ci ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı açıqlanıb.  Belə ki, ötən il təhsil müəssisəsindən xaric edilən tələbələrin sayı 7855 nəfər olub. Onlardan 4280-i bakalavriat, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.  Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etbar Əliyev Yenisabah.az-a danışıb.  Onun sözlərinə görə, tələbələr əsasən, təhsil haqlarını ödəyə bilmədikləri üçün universitetlərdən xaric olunurlar: "Ali məktəblər özlərinin internet portallarında xaric olunmaların səbəblərini qeyd etməlidir. Bu gün ali məktəblərin əksəriyyətinin saytı normal işləmir, baxırsan, heç hiss eləmirsən ki, bu, ali məktəbin saytıdır. Ancaq rektorun fəaliyyəti barədə xəbərlər dərc edilir. Rektorun fəaliyyəti cəmiyyət üçün, orada təhsil alanlar üçün nə dərəcədə əhəmiyyətlidir?  Mənim təcrübəmə görə, universitetdən xaric edilənlər əsasən, təhsil haqqına görə xaric olunurlar. Universitetlər xüsusilə son kurslarda tələbələrə təhsilhaqqı ilə bağlı heç bir güzəşt etmirlər. Bakalavr yaxud magistratura pilləsini bitirənlər yekun qiymətləndirmədə təhsil haqqını ödəyə bilmirlərsə, onları imtahanlara buraxmırlar. Amma tələbələrə bəzi imkanlar yaradılmalıdır, indiki şəraitdə kimisə narazı salmaq doğru deyil. Tələbə imtahanı verəcəksə, nə vaxtsa gəlib diplomunu götürəndə şübhəsiz ki, həmin vəsaiti tapıb ödəyəcək".  Deputat qeyd edib ki, tələbələrə bu məsələdə mütləq güzəşt etmək, onlara möhlət vermək lazımdır:  "Dünyanın əksər ölkələrində - İsveçrədə, Almaniyada çox kiçik təhsil haqları, simvolik rəqəmlər müəyyənləşdirilir, yaxud təhsil pulsuz olur. Ancaq bizdə ali məktəblərin indiki vəziyyəti, özlərini saxlaya bilməmələri, kənar gəlirlərinin olmaması bunu etməyə imkan vermir. Onlar gözlərini tələbə vəsaitlərinə dikiblər. Həmin tələbə vəsaitləri hesabına müəllimlərin əməkhaqqları ödənilir. Mən düşünürəm ki, bu gün təhsil haqqına görə tələbənin universitetdən xaric edilməsi doğru deyil. Tələbəyə imkanlar yaratmaq lazımdır, o nə zamansa, bu məbləği tapıb hissə-hissə olsa da ödəyə bilər. Xarici ölkələrdə banklar, aidiyyəti strukturlar tələbəyə 1-3 faizli kreditlər verirlər, tələbə bunu 20-30 il müddətində qaytara bilir. Amma təəssüf ki, bizdə belə institusional fəaliyyət yoxdur. Tələbə əgər bu adı qazanıbsa, onu həyatda arzuları, istəkləri var, valideynləri də çalışır ki, nəyin bahasına olursa olsun, övladları ali məktəbi bitirsin. Ona görə hər şeyi maddiyata yükləmək doğru deyil. Elə tələbə var ki, gələcəkdə magistratura, doktorantura pilləsini də davam etdirmək istəyir, o tələbəni təhsil haqqına görə universitetdən xaric etmək doğru deyil, mütləq vətəndaşa möhlət vermək lazımdır ki, o, ali təhsilini başa çatdırsın".

Bulvarda dekorativ ağaca zədə vuran qadın SAXLANILDI

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sozcu.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Zəlzələ neçə bal olub? Rəqəmlər niyə düz gəlmir?

Bu gün saat 00:01-də Xəzər dənizinin Azərbaycan sektorunda (şimal ərazisində) baş verən zəlzələ ilə bağlı məlumatların üst-üstə düşməməsi diqqət çəkir. Sozcu.az xəbər verir ki, Respublika Seysmoloji Mərkəzi zəlzələnin Quba yaxınlığında, Xəzər dənizində 41.47 N və 49.08 E koordinatında, 65 km dərinlikdə, 5,5 maqnitudada olduğunu bildirir. Mərkəz qeyd edir ki, zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan İdarəsi bildirib ki, zəlzələ Dərbənddən 100 km cənubda, Xəzər dənizinin Azərbaycan hissəsində baş verib: dərinlik 10 km, maqnitudada isə 5,9 bal. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin açıqlamasında isə Xaçmazın 46 km şimal-şərqində, Xəzər dənizində baş verən zəlzələnin maqnitudasının 5,4 bal olduğu açıqlanıb. Zəlzələ ocağının 35 km dərinlikdə yerləşdiyi qeyd edilib. Göründüyü kimi, zəlzələnin gücü və baş vermə dərinliyi ilə bağlı məlumatlar üst-üstə düşmür.

Qurban Yetirmişlidən daha bir açıqlama: “Hamı evində rahat yata bilər”

"Sosial şəbəkələrdə yenidən zəlzələ olacağı ilə bağlı yayılan məlumatlar tamamilə yalandır. Hamısı təxribat xarakterlidir, xalqı çaşdırmaq üçündür. Xırda təknalar var, üçü-dördü olub, heç biri də hiss olunmayıb. Afterşoklar olmalıdır, amma güclü təkan gözlənilmir. Bu məlumatları hansı əsasa görə verirlər?” Sozcu.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. "Heç kim narahat olmasın. Hamı evində rahat yata bilər", - o bildirib.

20 faizlə kredit razılaşması etdi, 25 faizlə hesabladı - "AccessBank" Kəlbəcər köçkününü necə aldadıb?

Mingəçevir şəhərində məskunlaşan Kəlbəcər köçkünü İslam Bəşirov “AccessBank”ın bu şəhərdəki filialından şikayətçidir. Gununsesi.info–ya müraciət yollayan İslam Bəşirov bildirib ki, bankla illik 20 faizlə kredit razılaşması əldə edib. Ancaq krediti çəkdikdən sonra bəlli olub ki, bank ona verdiyi vədə ziddi olaraq, illik 25 faizlə verib. Ancaq krediti götürdüyü tarixin ertəsi günü onu qaytarmaq üçün banka yaxınlaşsa da bank bundan imtina edib.

Kəlbəcər sakinləri 35 minlik mal-qara oğurladı

Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34800 manat olan 109 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini İlqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda qadınların pensiya yaşı artdı

İyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aya çatdırılıb. Sozcu.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2023-cü ilin iyul ayının 1-dən 2024-cü ilin 30 iyun tarixinədək qadınların yaşa görə pensiya əldə etmək hüququ 63 yaş 6 ay təşkil edəcək.

Bakıda keçmiş arvadını və oğlunu güllələyən 67 yaşlı kişiyə hökm oxunub

Bakıda keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndirilən Eldar Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Eldar Dadaşov 9 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə noyabrın 13-ü paytaxtın Suraxanı rayonu ərazisində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onlara xəsarət yetirib. E.Dadaşova qarşı Cinayət Məcəlləsinin 29.120.2.4-cü ( öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Özünə xəsarət yetirən Göyçay sakini ölüb

Göyçay sakini gecə saatlarında özünə bıçaqla xəsarət yetirib. Sozcu.az xəbər verir ki, Göyçay sakini 1996-ci il təvəllüdlü İsmayılov Nuru Ədalət oğlu gecə saatlarında kəsilmiş-deşilmiş yaralarla rayon mərkəzi xəstəxanasına çatdırılib. Lakin şəxsin vəziyyəti ağır olduğundan həkimlərin səyi nəticə verməyib. Ilkin məlumatlara əsasən dünyasını dəyişən səxsin özünə bıçaqla xəsarət yetirdidiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.apa

Goranboyda yanğın: qadın öldü

Goranboy rayonunun Nizami kəndindəki ikimərtəbəli evlərdən birində yanğın olub, 1 nəfər ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Maya Abduləli qızı Yusibova tüstüdən boğularaq dünyasını dəyişib. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Bayram namazının vaxtı açıqlandı

İyun ayının 28-də məscidlərdə Bayram namazı qılınacaq. Sozcu.az xəbər verir ki, bu barədə QMİ-nin Qurban bayramı ilə bağlı fitvasında deyilir. Qeyd edilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. "Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq", - fitvada bildirilir.

Zaqataladan sel keçdi

İyunun 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Göygöl, Balakən, Beyləqan, Daşkəsən, Gədəbəy, İmişli, Cəfərxan, Sabirabad rayonlarında və Abşeron yarımadasında 4 mm – dək olub. Yağan leysan xarakterli yağış nəticəsində bu gün saat 08:00 radələrində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib. İyunun 22-də saat 08:18-də Daşkəsən rayonuna diametri 13 mm olan dolu düşüb. Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu iyunun 21-də iqlim normasından 1 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 15, Aran rayonlarında 31 dərəcəyədək isti təşkil edib.