Dənizdə boğulanların sayı artır: Çimərliklər bağlanır? - Mühüm açıqlama

“Azərbaycan Respublikasının hər bir vətəndaşı fərdi istirahət və idman məqsədilə çimərliklərdən istifadə etmək hüququna malikdir. Çimərliklərdən istifadə zamanı insanlar şəxsi təhlükəsizlik qaydalarına riayət etməli, çimərlikləri və onun sahələrini məişət və digər tullantılarla çirkləndirməməli, yanğın təhlükəsizlik qaydalarının tələblərinə əməl etməlidirlər. Çimərliklərdən istifadə zamanı qadağan olunmuş davranış və hərəkətlər barədə insanlar məlumatlı olmalıdırlar”. 

Bu sözləri Yenisabah.az-a təhlükəsizlik eksperti Orxan Musayev deyib. Ekspert deyir ki, çimərliklərdə boğulma halları tez-tez baş verir. Müsahibimiz bu cür vəziyyətlərdə insanların hansı təlimatları yerinə yetirməli olduğu barədə məlumat verib:

 “Belə ki, çimmək üçün ayrılmamış yerlərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, su axınlarında sahildən 20 metrdən artıq məsafədən uzaqlaşmaq, müxtəlif növ gəmi, qayıq və texniki qurğulara üzüb yanaşmaq və ya toxunmaq, texniki qurğuların, xəbərdarlıq nişanlarının üstünə dırmaşmaq və oradan suya atlanmaq, körpü, qayıq, bərə və digər texniki qurğular vasitəsilə suya tullanmaq, çimərliyə spirtli içkilər gətirmək, sərxoş halda çimərlik ərazisində gəzmək və çimərlikdən istifadə etmək, suda kobud hərəkətlərə və qarşı tərəfdə olan insanlarla zarafatlar yol vermək, sahil hissəsini və suyun dibini müxtəlif cisimlərlə çirkləndirmək və zədələmək, çimmə zonasında balıq və digər bioresursları ovlamaq kimi hərəkətlər və davranışlar çimərlikdən istifadə zamanı qadağan olunmuş hərəkətlər sırasına daxil edilmişdir. Çimərliklərdən istifadə zamanı xüsusilə də, uşaqlar valideyn nəzarəti altında çimərlik ərazisində istirahət etməli və suya daxil olmalıdırlar. Uşaqları və azyaşlıları valideyn nəzarətindən kənar saxlamaq qadağandır. Çimərliklərdən istifadə zamanı mütləq fikir verilməlidir ki, xilasedicilərin mövcud olduğu vaxt aralığında çimərliklərdən istifadə olunsun. Çünki xilasedicilərin çimərliklərdə olmadığı vaxtlar əsasəndə, axşam saatlarında çimərliklərdən istifadə etmək həyat üçün təhlükəlidir. Bir daha insanlarımızı  təhlükəsizlik qaydalarına riayət etməyə və qaydaların tələblərinə əməl etməyə dəvət edirik”.

 Ekspert çimərliklərdə baş verən boğulma hallarının böyük əksəriyyəti çimmək üçün nəzərdə tutulmamış və qadağan olunan yerlərdə baş verdiyini bildirib:

“Bəzən lövhələrin və xəbərdarlıqların qeyd olunmasına baxmayaraq hələ də, çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə insanlar tərəfindən suda çimmə halları, yəni çimərlik kimi istifadə halları qeydə alınır. Qeyd edim ki, bu cür qeyri-çimərliklərdə boğulma halları baş verərsə orada xilasetmə xidməti daimi olaraq olmadığından insanların həyatı təhlükə altında olur. Yəni insanların vaxtlı-vaxtında xilas edilməsi mümkün olmur. Ona görə də çimərliklərdən istifadə edərkən mütləq xilasedicilərin mövcud olduğu çimərliklərdə və xilasedicilərin orada mövcud olduğu vaxt aralığında çimərliklərdən istifadə olunmalıdır. Belə ki, səhər 9-dan axşam saat 8-ə qədər çimmək üçün nəzərdə tutulmuş çimərliklərdə daimi olaraq Fövqaladə Hallar Nazirliyi əməkdaşları tərəfindən xüsusi xilasedicilər təşkil olunur. Bu xilasedicilər tərəfindən çimmə sərhədinə yaxınlaşan və yaxud keçən şəxslərə dərhal xəbərdarlıqlar edilir. Hər hansı bir boğulma halının baş verdiyi an müdaxilə olunur və insanların həyatının xilas edilməsi istiqamətində işlər aparılır. Çimmək üçün nəzərdə tutulmayan çimərliklərdə isə nəzarət olmadığından hər hansı bir fövqaladə hal baş verərsə müdaxilə etmək dərhal mümkün olmur.

Xüsusən də çimərliklərdən kənar su kanallarında, su hövzələrində boğulma hallarının çoxalmasının şahidi oluruq. Bu qeyri-çimərliklərdən istifadə edən şəxslərin də azyaşlıların, məktəblilərin olmasını görürük. Bununla bağlı maarifləndirici təbliğat işlərinin daha geniş aparılmasına ehtiyac var. Bundan əlavə olaraq valideynlərin bu barədə xüsusi məsuliyyəti ondan ibarətdir ki, övladlarına xüsusi olaraq yay mövsümündə çimərliklərlə bağlı məlumat verməlidirlər”.

Share on Facebook