Bəzi çaylardan sel keçib - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı belə olub: Sarıbaşda 120.4 mm (aylıq normanın 67%-i), Şahdağda 55.2 mm (aylıq normanın 116%-i), Qusarda 51 mm (aylıq normanın 107%-i), Şəkidə 38 mm (aylıq normanın 38%-i), Yevlaxda 28 mm (aylıq normanın 57%-i), Tərtər, Bərdədə 27 mm (aylıq normanın 54%-i), Oğuzda 26 mm (aylıq normanın 22%-i), Qəbələdə 21 mm (aylıq normanın 19%-i), Mingəçevirdə 14.2 mm (aylıq normanın 32%-i), Yardımlı 12.4 mm (aylıq normanın 27%-i), Göyçayda 12 mm (aylıq normanın 26%-i), Naftalanda 9 mm, Qrız, Ordubadda 8 mm, Goranboy, Lənkəran, Ağdam, Zərdab, Gədəbəy, Zaqatala, Balakən, Xaltan, Daşkəsən, Tovuz, Gəncə, Sabirabad, Göygöl, Ceyrançöl, Quba, Naxçıvan, Şahbuzda 1-7 mm-dək olub. Bundan başqa, 08:00 radələrində Quba rayonu ərazisindən keçən Qudiyalçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Qax rayonu ərazisindən keçən Kürmükçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan və Qusar rayonu ərazisindən keçən Qusarçaydan qısamüddətli sel keçib.

Bakıda yataqxanada yanğın: 52 nəfər təxliyə edildi

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb. Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Evdən 10 min manatlıq oğurluq

Abşeronda evdə oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə,Hökməli qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ariz Əzimov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Yaralanan hərbçimizin son durumu açıqlandı

Bu gün səhər saatlarında Ermənistanın təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun son durumu açıqlanıb. Sozcu.az xəbər verir ki, Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bəzi yerlərdə şimşək çaxdı, leysan yağdı

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 17 mm, Qusarda 9 mm, Qrızda 8 mm, Lerikdə 7 mm, Şabran, Yardımlı, Daşkəsən, Lənkəran, Altıağac, Culfa, Sabirabad, Astara, Gədəbəy, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Ağdam, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Şahdağ, Tərtər, İmişli, Biləsuvar, Kürdəmir, Neftçala, Xaçmazda 5 mm-dək, Abşeron yarımadasında 1 mm-dək olub. Havanın maksimal temperaturu iyunun 13-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 23 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.

Xaçmazda fəhlələri daşıyan avtomobil qəzaya düşdü

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb. Belə ki, "Ford" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub. Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Güloğlan qızı Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Əliağa qızı Tağıyeva , 1974-cü il təvəllüdlü Vəsilə Məlikməmməd qızı İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların rayonda yerləşən bağlardan birində fəhlə kimi işləməyə getdikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan məktəblərində “Son zəng” çalındı

Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. Sozcu.az xəbər verir ki, "Son zəng" tədbirlərində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirib. Qeyd edək ki, bəzi məktəblərdə “Son zəng” tədbirləri davam edir.

Sumqayıtda zavodda yanğın nəticəsində atmosfer havası kəskin çirklənməyə məruz qalıb

Ötən gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda havaya qatı tüstü yayılması ilə müşayiət olunan yanğından sonra ətraf ərazilərdə atmosfer havasının keyfiyyətini müəyyən etmək üçün müxtəlif saatlarda ölçmə işləri aparılıb, nəticələr təhlil edilib. Sozcu.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzinin mütəxəssisləri tərəfindən ərazidə 6 istiqamətdə həyata keçirilən monitorinqlərin nəticələrinə görə, yanğın müddətində cənub-şərq istiqamətli küləklərin təsiri nəticəsində çirklənmə daha çox şimal (dəniz) istiqamətində qeydə alınıb. Belə ki, atmosfer havasına yayılan qaz qarışıqlarından dəm qazının miqdarı normadan 3.6, azot oksid və kükürd qazı 4.2, hidrogen-sulfid isə 3.8 dəfə yüksək olub. Yanğın söndürüldükdən sonra ərazinin şimal istiqamətində dəm qazının miqdarı 1.1 dəfə yol verilən qatılıq həddini keçib, digər göstəricilər isə norma daxilində müəyyən edilib. Bu gün səhər saatlarında isə ərazidə havanın keyfiyyət göstəriciləri norma daxilində olub.

Bu rayonlarımıza güclü yağış yağdı

İyunun 14-ü saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 25 mm, Gəncədə 19 mm, Daşkəsən, Göygöl, Zaqatala, Culfa, Şahbuz, Gədəbəy, Sədərək, Naxçıvan, Ordubad, Naftalan, Ceyrançöl, Şəmkir, Ağstafa, Balakən, Şəki, Qusar, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Lənkəran, Astara, Yardımlı, Kəlvəzdə 7.0 mm-dək olub. Cənub-şərq küləyi arabir Zaqatalada 20 m/s, Gəncədə 18 m/s-dək güclənib. İyunun 13-ü saat 23:22 radələrində Gəncə şəhəri ərazisinə diametri 10 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35 dərəcəyədək isti, Naxçıvan MR-da 34 dərəcəyədək isti, dağlıq rayonlarda 24 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.

Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edildi

Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 9-da M.Həsənov küçəsində 74 yaşlı bir qadının içərisində pulu, sənəd və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elşən Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təkər partladı: şirkət əməkdaşı qolunu itirdi

İmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı sol qolunu itirib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən Türkaz MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Bulvarda kaktusları yandıran şəxs saxlanıldı

Dənizkənarı Bulvar ərazisində kaktusları kəsərək yandıran şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin ərazidə kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb. Əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. "Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir", - məlumatda qeyd edilib.