Narkotikin bir dəfə qəbulu ilə asılılıq arasında bir addım var

"Narkotik maddələrin bir dəfə qəbulu ilə narkotik asılılıq arasında yalnız bir addım var". Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova deyib. O bildirib ki, yeniyetmələr arasında narkomaniyanın yayılma səbəbi narkotik maddənin zərərləri haqda məlumatın az olmasıdır: “Həmçinin yeniyetmələr daha çox eksperiment aparmaq istəyindən, çox vaxt sadə marağın olmasından narkotik istifadə etməyə başlayırlar. Təəssüf ki, bəzi yeniyetmələri formalaşmamış psixika ilə və düzgün məlumat əldə etmədiklərinə görə, onları bu yola çəkmək daha asan olur. İlkin olaraq narkotik vasitələrin törətdiyi fəsadlar haqda maarifləndirici tədbirlər yeniyetmələr və gənclər arasında aparılmalıdır. Gənclər və yeniyetmələr bilməlidirlər ki, narkotik maddələrdən istifadə etmək, oyun əyləncə deyil, bu, çox ağır xəstəlikdir". “Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar. Narkotikləri vena daxilinə yeridən xəstələr arasında İnsanın İmmunçatışmazlığı Virusu (İİV), sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur", - həkim-narkoloq vurğulayıb.

Bu gün geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması gözlənilir. Bu barədə Sozcu.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib. Bildirilib ki, kosmik hava durumuna görə, hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub. M (R1-R2) və C sinif alışmalar baş verib. Günəşin səthində ləkələrin sayı artıb. Hal-hazırda 12 ləkə qrupu və 197 ləkə müşahidə olunur. Günəşin səthində Tac dəliyi müşahidə olunur. Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1.67). Günəş küləyinin sürətinə 11 iyulda müsbət qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri gözlənilir. Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

Toyda zəhərlənənlərdən birinin vəziyyəti ağırdır - TƏBİB

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.  TƏBİB-dən Sozcu.az-a verilən məlumata görə, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib. 09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb.  Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır. 

Bakıda insident: bibisi oğlunu bıçaqladı

Bakıda 37 yaşlı şəxs bibisi oğlunu bıçaqlayıb. Sozcu.az xəbər verir ki, hadisə iyulun 10-u saat 03 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaq xəsarəti yetirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Şabranda ağır yol qəzası: Ölən və yaralananlar var

Şabran rayonunda ağır yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Səfərov Əli Sərvan oğlu və 1980-ci il təvəllüdlü Talışınski Kamil Davud oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı ölmüş daha 3 nəfərin kimliyi müəyyənləşdirilir. Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bərdədə əlil arabasında olan şəxsi vuraraq qaçan sürücü tutuldu

Daxili İşlər Nazirliyi Bərdədə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, iyulun 6-da saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonunun ərazisindən keçən hissəsində sürücü - 1987-ci il təvəllüdlü, Bərdə rayon sakini Sadiq Sadıqov "VAZ-2107" markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 1951-ci il təvəllüdlü, Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub. Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

“Bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki müəllimlərə”

“Müəllim peşəsini seçən adam “mən gedib ölkənin harasında olsa, azərbaycanlı uşaqlara dərs keçəcəyəm” düşüncəsində olmalıdır. Evimin yanında işləyəcəyəm deyə düşünməməlidir”. Sozcu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin  Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə bildirib. Nazir qeyd edib ki, sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar: “Çalışırıq ki sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar. Savadsız müəllim bütün cəmiyyətin problemidir. Savadsız adamın məktəbdə işi yoxdur, onların məsələsinə sonra baxmaq olar. Ola bilər ki, sertifikasiyadan keçə bilməyən nüəllimlər qeyri-tədris sahəsində işləyə bilsinlər. Mənim bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki həmin adamlara”.

Naxçıvan aeroportunda biabırçılıq: "Pilot "uçamayacam" dedi..." — Türk jurnalist video paylaşdı

Dünən Naxçıvandan Bakıya təyyarə reysi təxirə salınıb və onlarla insan hava limanında gecələmili olub.  Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə türk jurnalist Cabbar Şıktaş məlumat verib.  O, hava limanındakı vəziyyətdən yazıb: "Belə rəzalət heç vaxt görməmişdim. Bakıya getmək üçün saat 23:45-də Naxçıvan Hava Limanında təyyarəyə mindim və həmin vaxt uçmalı idik. Təyyarə boş yer olduğundan bir saata yaxın gözləməli olduq. Yəni bu saat ərzində sərnişinlərin gəlişini izlədik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik, lakin Naxçıvandan Bakıya uçan sərnişinlər bu vəziyyətə etiraz etdilər.  Sərnişinlərin etirazını görən pilot anons verərək, "Uçmayacağam, təyyarədən enib evinizə gedin” dediyi üçün saatlarla təyyarədə gözləməli olduq. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədi. Nə rəsmi şəxs qarşımıza çıxıb nəsə dedi, nə də vətəndaşa başa salan olmadı ki, reys niyə təxirə salındı? Körpələr, uşaqlar, qadınlar, qocalar acınacaqlı şəkildə taleyin ümidinə buraxılıb, hava limanında gecələməli oldular. Hazırda hava limanının gözləmə zonasındayıq. Nə gələn var, nə də gedən”. "Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova Qaynarinfo-ya bildirib ki, məsələ ilə bağlı açıqlama verə bilməyəcəklər:  "Çünki Naxçıvan Hava Limanı bizim tabeçiliyimizdə deyil. Ona görə də, sözügedən limanla əlaqə saxlamağınız tövsiyyə edilir”.

Azərbaycanın məşhur aparıcısının vəziyyəti pisləşdi - Durumu ağırdır

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib. Sozcu.az Gununsesi.info-ya istinadla bildirir ki, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib. Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.

Layihə də, şirkət də EYNİ... – Ağstafa İcra Hakimiyyətinin 200 minlik ŞÜBHƏLİ TENDERİ

Ağstafa Rayon İcra Hakimiyyətinin mayın 17-də “Ağstafa rayonunda abadlıq işlərinin satınalınması” üçün elan etdiyi tenderin nəticələri və qalibi açıqlanıb. Sozcu.az bizim media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 195 880 manat olan tenderin qalibi “Topxana Layihə İnşaat” MMC (VÖEN - 2000157981) olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən şirkət Ağstafa rayonu ərazisində təmir və bərpa işlərini həyata keçirəcək. Bu işlər sırasına 410 metr sahədə beton-bort daşlarının quraşdırılması, 14,1 kubmetr sahədə qum-çınqıl qatışığından ibarət əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, və təbii qum-çınqıl qatışığının tökülməsi, 1 883 kvmetr sahədə sıx iri-dənəvər AB və ABV tipli asfalt-beton qatışığından qalınlığı 4 sm olan örtüyün qurulması, eləcə də örtüyün qalınlığı 0,5 sm dəyişdikdə əlavə etmək və ya çıxmaq və digər 76 adda təmir-tikinti işləri daxildir. Qeyd edək ki, Əli Bayramovun rəhbərlik etdiyi "Topxana Layihə İnşaat" MMC 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb. Araşdırmalarımız zamanı məlum oldu ki, şirkət yarandığı vaxtdan bu günə qədər qalmaqallı tender layihələrində iştirak edib və hər dəfə dövlətə vergi borcunun olduğu ortaya çıxıb. Belə ki, 2022-ci ilin oktyabr ayında 26 186.25 manat vergi borcunun olmasına baxmayaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsinin 228 478 manatlıq tenderində qalib olub. Təkcə bu fakt sübut edir ki, həm şirkət, həm də ASC tender qanunvericiliyinin müddəalarını kobud şəkildə pozub. Yəni, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Həmin ilin dekabr ayının sonlarına yaxın şirkət ilk dəfə Ağstafa RİH başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Abadlıq işlərinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi olub və tərəflər arasında 434 min 695 manat məbləğində müqavilə imzalanıb. Bu fakt və yeni açıqlanan tender sübut edir ki, rayon ərazisində ötən ilin dekabr ayından başlayan abadlıq işləri hələ də başa çatmayıb və şirkətin bu işlərə davam etməsi üçün yeni maliyyə mənbələrinə ehtiyacı yaranıb. Qeyd edək ki, şirkət ötən il ərzində Xızı Rayonu İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 349 min 516 manat dəyərində “Xızı şəhərində yolların əsaslı təmiri” (15.09.2020), “Bakı Konqres Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin elan etdiyi 696 min 200 manat dəyərində “”Bakı Konqres Mərkəzi” MMC-nin 2022-ci il üçün mexanika, elektrik, santexnika, yanğından mühafizə sistemləri üçün texniki xidmətin, təmir işlərinin və bu sistemlər üçün ehtiyat hissələrinin satınalınması” (13.06.2022) və "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin 298 min 540 AZN dəyərində “Müxtəlif obyektlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınması” (23.02.2022) tenderlərinin də qalibi olub. Bu tenderlərin ümumi dəyəri iki milyon manatdan artıqdır. "Topxana Layihə İnşaat" MMC cari ilin yanvar və və mart aylarında Biləsuvar şəhər, Mübariz İbrahimov küçəsində iki dəfə asfaltlanma işlərini həyat keçirib. Belə ki, yanvar ayında döşənən asfalt yolunu mart ayında sökərək yenidən təmir ediblər. Çünki həmin yolun müəyyən hissələrində dağılmalar əmələ gəlib.

400-dən çox məktəbdə direktor vəzifəsi boşdur

Hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur. Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O bildirib ki, vakant yerlərin yaranması əsasən həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır: “Daha bir səbəb isə nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə bəzi direktorların əmək müqavilələrinə xitam verilməsidir”. Şöbə müdiri xatırladıb ki, 2021-ci ildə pandemiya səbəbindən məktəblərdə vakant direktor yerlərinin sayı çoxalmışdı: “Bu say təxminən 900-ə yaxınlaşırdı. Son illər keçirilən müsabiqələr zamanı bu yerlərin sayı kəskin aşağı düşmüşdü”.

Məktəb direktoru olmaq istəyən 20 namizəd imtahan nəticələrindən narazı qalıb

“Direktorların işə qəbulu müsabiqəsində iki mərhələdən birində uğur qazanmayan və apelyasiyaya müraciət edənlərin sayı elə də çox deyil. Təxminən 20-yə yaxın belə namizəd var”. Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. “Həmin namizədlərin diqqətinə çatdırıram ki, növbəti həftələrdə həmin şəxslər üçün müsahibə mərhələsi təşkil ediləcək. Təbii ki, prosesin özündə də nəzarət və əlavə yoxlamalar vacibdir. İstənilən şəkildə nəticələrindən narazı qalan namizədlərin apelyasiyaya müraciət etmək hüquqları var”, - o vurğulayıb.