16 dərəcəyədək şaxta olub - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 25-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində yanvarın 24-ü axşam saatlarından yağıntılar tədricən kəsilib, şaxtalı hava şəraiti davam edib. ETSN-dən Sozcu.az -a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Laçında 60 sm, Xocavənddə 40 sm, Kəlbəcər, Füzulidə 35 sm, Lerik, Biçənəkdə (Ordubad) 30 sm, Daşkəsən, Yardımlıda 29 sm, Kişçayda (Şəki) 28 sm, Şuşada 25 sm, Cəlilabadda 21 sm, Biləsuvarda 20 sm, Gədəbəydə 18 sm, Xankəndi, Qəbələ, Göygöldə 15 sm, Şahbuzda 14 sm, İmişlidə 13 sm, Qrız , Xaltan, Oğuz, Şəki, Naxçıvan, Şərur, Altıağac, Sədərək, Qusar, Göyçay, Quba, Tərtər, Şabranda 12 sm-dək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcə şaxta, Naxçıvan MR-da 4-6 dərəcə şaxta (dağlıq ərazilərdə 12 dərəcə şaxta), Aran rayonlarında 1-3 dərəcə şaxta, dağlıq rayonlarda 9-12, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta olub. Yanvarın 25-26-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Şagird müəllimdən “ştuçnı” siqaret istəyir” - “Belə təhsil olmaz!”

Uşaqların tərbiyəsi ilə valideyn məşğul olmalıdır. Çünki hər şey ailədən başlayır. Məgər uşaq anadan olanda məktəbdə dünyaya göz açır?! Tərbiyə evdən başlayır”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.  O, ötən gün Gəncədə 8-ci sinif şagirdinin qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan müzakirələrə münasibət bildirib.  Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M. P. Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı F. Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Məsələyə münasibət bildirən A. İslamzadə söyləyib ki, bu gün valideynlər uşaqlarına nəzarət etmirlər: “Bunun üçün isə vaxt olmalıdır. Ya valideynlərin özlərinə başları qarışıb və uşaqların başını buraxıb, ya da ki, çörəkpulu dalınca qaçırlar deyə axırda da belə olur. Bizim vaxtımızda uşağı məktəbə qoyanda müəllimə deyirdilər ki, “əti sənin, sümüyü mənim”. Uşaq da o təlim-tərbiyəni görüb böyüyürdü. İndi isə Avropada olan axmaq-axmaq nələr varsa, bizimkilər də baxıb təkrar edirlər. Ümumiyyətlə, təhsil sistemi bütövlükdə dəyişilməlidir. Çünki ata-anamızdan sonra bizim üçün ən müqəddəs obraz müəllim olub. Bir peşəni hörmətdən salmaq üçün onu adiləşdirmək lazımdır. Bu gün biz bir-birimizə “müəllim” deyirik, müəllimlərin cibinə pul basırıq. Ən dəhşətlisi isə budur ki, yuxarı sinif şagirdləri müəllimdən “ştuçnı” siqaret istəyirlər ki, ver, çəkim”. Onun sözlərinə görə, bunun kökündə dayanan problem isə birdir: “Təhsil sistemi dəyişdirilməlidir. Bizdəki təhsil sistemi Qərb təhsil sistemidir. Əvvəllər ruslara, onlardan da bizə keçib. Ona görə də bu təhsil sistemi kökündən dəyişilməlidir. Mən uşağı vurmağın tərəfdarı deyiləm, lakin, tutaq ki, müəllim uşağın qulağını burubsa, bunu problem etmək nəyə lazımdır? Yenə deyirəm, bütün təhsil sistemi dəyişilməlidir. Belə təhsil sistemi olmaz. Təlim-tərbiyə isə ailə və mühitdən başlayır”.  “Bu barədə bir misal çəkmək istəyirəm. Bir həftənin hadisəsidir. Dostumgilə gedirik, liftin qabağında gözləyirik. Bir nəfər 20-21 yaşında oğlan durub liftin qarşısında. Orada da 2-3 lift kabinəsi var. Oğlanın basdığı düymədə lift tez gəldi. Özü də başa düşdü ki, biz ona tərəf gedirik, hətta bizi də gördü. O, lifti saxlaya bilərdi, amma qalxdı yuxarı. İndi sual edirəm ki, bunun günahı kimdədir? Valideyn və məktəbdə. Bu cavan uşaqların belə günahlarının bir ucu gəlib bizə çıxır.  Bu problem bütün dünyada var. Bu dövrün adı da axır-zamandır. Bəşər tarixində bir Nuh peyğəmbərin dövründə belə mənəviyyatsızlıq olub, bir də indi. Allah o vaxtı bizi su ilə imtahana çəkdi, indi də, inşallah, odla imtahana çəkər. Çünki bu bəşər özünü doğrultmadı”, - deyə müsahibimiz fikirləriniz yekunlaşdırıb.

Sosial ödənişlər bu tarixdə TAM ÖDƏNİLƏCƏK

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Sozcu.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

6-cı sinif şagirdi qəzada öldü

Ötən gün Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Talışlı kəndi ərazisində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü Murad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, M.Əliyev Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olub.

Sosioloq məktəblərdə baş verən zorakılıqların səbəbini açdı

“Bu gün məktəblərdə yaşanan xoşagəlməz hadisələrin əsas səbəbi ilk növbədə cəmiyyətin özündə baş verən gərginləşmədir”. Bu sözləri Globalinfo.az-a sosioloq Əhməd Qəşəmoğlu məktəblərdə şagirdlər arasında baş verən zorakılıqlarla bağlı danişarkən deyib. Onun sözlərinə görə, cəmiyyət çox mürəkkəb və həssas olub: “Cəmiyyətdə olan həmin o gərginlik məktəbə daşınır. Əvvəl belə məsələlərin qarşısını təhsil ocaqlarında direktorlar, müəllimlər, sinif rəhbərləri alardı, bu cür prosesləri onlar tənzimləyərdi, amma indi cəmiyyətdən məktəbə daşınan mürəkkəblik o qədər dərinləşib ki, artıq onu əvvəlki şəkildə idarə etmək mümkün deyil”. Sosioloq deyib ki, mütləq məktəblərdə “Sosial iş xidməti” yaradılmalıdır: “Bununla bağlı artıq 3 ildir ki, Elm və Təhsil Nazirliyinə layihələr təqdim edirəm. Hələ də bir məlumat yoxdur. “Sosial iş xidməti” ondan ötrüdür ki, məktəblərdə olan mühitə, şagirdlərin davranışına nəzərət olunsun, onların təlim-tərbiyə, təbliğat işlərinə kömək edilsin, məktəblə valideynlər arasında əlaqə gücləndirilsin. “Sosial iş xidməti” olsa, problemlər öz həllini tapar. Təssüf ki, bu xidməti yaratmaq istəmirlər. Deyəndə də “Məktəblinin dostu” və psixoloqları nümunə göstərirlər. Axı onların işi tam deyil. “Sosial iş xidməti” tamamilə fundamental olaraq sistemli şəkildə baş verən hadisələrlə məğul olur. Nə qədər ki, bu xidmət yoxdur, problemlər öz həllini tapmayacaq. Uşaqlar da bir-birlərinə qarşı xoşagəlməz hadisələr törədəcəklər”. Qeyd edək ki, 6 saylı məktəbdə 2-ci sinif şagirdinin 7-ci sinfin şagirdləri tərəfindən seksual hərəkətlərə təhrik edildiyi iddia olunur. Bundan başqa isə yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Azərbaycanda zəlzələ fəsadlar törətdi: Evlər çatladı

Şirvanda zəlzələ nəticəsində bir neçə evdə çatlar əmələ gəlib. Sozcu.az “Report”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında baş vermiş zəlzələ zamanı köhnə şəhər adlanan ərazidə bir neçə fərdi yaşayış evində xırda çatlar yaranıb. Qeyd edək ki, ötən gün axşam saat 22:05 radələrində ölkə ərazisində 5.1 maqnitulalı zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.

Məktəbliləri ölümə aparan yol - Valideynlərə ciddi xəbərdarlıq

Dünyada ən çox istehlak edilən tütün məmulatları arasında birinci yerdə olan siqaret, hər il 5 milyondan çox insanın ölümünə səbəb olan son dərəcə zərərli vərdişlərdən biridir. Ən qorxuducu məqam isə, hazırda bu pis vərdişin məktəblilər arasında tüğyan etməsidir. Bəs şagirdləri bu bəladan necə qorumaq olar? Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlama verib. Onun sözlərinə görə, bəzi şagirdlər siqaret çəkməyi özünə fəxr hesab edir: “İlk növbədə qeyd edim ki, siqaret çəkən insanın ən az 18 yaşı olmalıdır. Amma hazırda müxtəlif yaş kateqoriyasına mənsub olan, xüsusilə azyaşlılar, şagirdlər, uşaqlar buna əməl etmir. Onlar hətta bəzi nəzarətsiz məktəblərin həyətlərində siqaret çəkirlər. Uşaqlar bunu əsasən qrup halında edirlər. Tək halda siqaret çəkən azyaşlı birisini görmək çətindir. Uşaqların siqaret çəkməyə başlamasının əsas səbəbi bunu qrup şəklində etmələridir. Onlara baxıb bu pis vərdişdən istifadə etməyənlər də siqaret çəkməyə meyl edir. Aşağı siniflərdə oxuyanlar yuxarı siniflərin siqaretdən istifadə etdiyini görüb, onları təkrarlamağa başlayırlar. Hətta bəziləri bunu özləri üçün fəxr hesab edir. Uşaqlar siqaretin necə zərərli bir vasitə olduğunu başa düşmür. Onlar siqaretin tərkibi və zərərlərindən xəbərsizdirlər. Çünki uşaqlara siqaretin proflaktikası haqda məlumat verilməyib. Məktəbdə müəlimlər şagirdləri "həyat bilgisi” kimi dərslərdə siqaretin zərərlərindən, onun tərkibindən, siqaretdən istifadə, etdikləri halda gələcəkdə onları nəyin gözləməsindən xəbərdar etməlidirlər”. Ekspert bildirir ki, burada cərimə ilə nəyəsə nail olmaq çətindir, maarifləndirmə işlərinə daha çox yer vermək lazımdır: “Mütəmadi məktəblərdə şagirdlərə mövzu ilə bağlı təbliğatlar aparılmalıdır. Yalnız bu yolla məktəblilər siqaretdən uzaq dura bilərlər. Mən bir neçə dəfə məktəb şagirdlərinə bunun proflaktikasını keçmişəm. Bu zaman müşahidə etmişəm ki, şagirdlər siqaretin zərərlərindən xəbərsizdir. Uşaqlar məktəb yaxınlığında və digər onlara yaxın ərazilərdə yerləşən mağazalardan siqareti asanlıqla əldə edirlər. Bu da onlara daha bir rahatlıq yaradır. Məktəblilər siqaretdən imtina etməyi, sağlam yaşamağı düşünə bilmirlər. Çünki bu sahədə onların təcrübələri azdır. Şagirdlər arasında passiv siqaret çəkmə halları da yaşanır. Bu hal əsasən qrup halında siqaret çəkdikdə olur. Orada siqaret cəkənlər aktiv formada, çəkməyənlər isə siqaretin tüstüsunü qəbul edərək passiv formada bundan istifadə edirlər. Onların yanlarında siqaretin çəkilməsi, onların siqaret almağa göndərilməsi uşaqların bu pis vərdişə olan marağını oyadır. Bəzi ailələr siqaretin zərərlərindən uşaqlarına bəhs etmirlər və ya bəhs etsələr də, buna qarşı təbliğatı düzgün qura bilmirlər. Nəticə etibarı ilə uşaqlar bu arzuolunmaz vərdişin aludəçisinə cevrilir. İstər valideynər, istərsə də müəlimlər uşaqlara siqaretin praflaktikasını keçməlidir. Onları uşaq yaşlarından bu xoşagəlməz vərdişdən uzaq tutmalıdırlar. Bir neçə ildir ki, 30-dan çox orta məktəbdə “Məktəblinin dostu” layhiəsi var. Layihə ilə əhatə edilən 80% məktəblərdə siqaret çəkilməsi kəskin azalıb”.

Evini müqaviləsiz kirayə verənləri hansı cəza gözləyir? - Açıqlandı

Ölkədə evi olmayan minlərlə insan var və onlar adətən başqasının evində kirayəçi kimi yaşayırlar.  Odur ki, Azərbaycanda stabil kirayə bazarının formalaşdığını deyə bilərik. Amma bu bazarda sövdələşmələrin demək olar ki, hamısı xaotik formada - şifahi razılıq əsında baş tutur. Yəni, evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir qayda olaraq müqavilə bağlamırlar. Bəs görəsən, bunun hansı təhlükələri var?  Mövzu ilə bağlı Yenisabah.az-a “Azərbaycan Rieltorlar Assosiasiyası”nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov danışıb.  Ekspert bildirib ki, müqavilənin olmaması həm ev sahibinin, həm də kirayəçilərin hüquqları baxımından risk yaradır:  “Bizim cəmiyyətdə hüquqi xidmətlərdən istifadə etməklə bağlı təcrübə azdır. Biz hələ də sovet hökumətinin qalıqlarıyıq və hüquqi xidmətlərdən istifadə etmir, buna vəsait ayırmırıq. Ona görə də bizi addımbaşı aldadırlar, özümüz də qanunları bilmirik. Ev sahibləri düşünür ki, mən müqavilə imzalasam, vergi ödəyəcəyəm və qazancımı itirəcəyəm. Bizdə hələ də bu stereotip hökm sürür.  Xaricdə isə belə deyil. İnsanlar daşınmaz əmlakla bağlı məsələlərdə kifayət qədər əliaçıq olurlar, risklərdən qaçmaq üçün bu işi peşəkar əmlakçılara həvalə edirlər. Həmin əmlak şirkətlərinin çoxunun hüquqşünasları olur və hazır müqaviləni, kompleks xidmətləri hazırlayırlar, evə müştəri də tapırlar.  Bizdə isə insanların ağlına gəlmir ki, hər hansı əhd bağlayanda, danışıqlara gedəndə özü ilə hüquqşünas aparsın”.  E.Azadovun sözlərinə görə, ev sahibi müqavilə bağladıqda vergi məbləği heç də düşünüldüyü kimi böyük olmur:  “Vergi məbləği 14 faiz təşkil edir. Hər 100 manata 14 manat vergi ödənməlidir, bu isə çox böyük məbləğ deyil.  Bəzi vətəndaşlar primitiv müqavilə imzalayırlar. Bunu əmlakçılar edirlər, sadə bir vərəqə ünvanı, ev yiyəsinin ad, soyadını, kirayəşinin ad, soyadını və kirayə məbləği yazırlar. Bu “sənəd”in hüquqi tərəfi yoxdur, çünki notariusda qeydiyyatdan keçmir. Lakin hər hansı məsələ məhkəmə predmeti olarsa, sübut olaraq keçərli olur.  Qanunla müqavilə bağlanmalıdır, çünki qanunlarımızda qeyd olunur ki, Azərbaycan vətəndaşı istənilən gəlirdən vergi ödəməlidir. Hər hansı formada qazanc əldə etmisənsə, o qazancdan vergi ödəməlisən. Bu qanunvericilikdə nəzərdə tutulub”.  Məsələ ilə bağlı danışan hüquqşünas Ələsgər Əhmədoğlu isə qeyd edib ki, ev sahibləri vergidən yayınmaq üçün rəsmi müqavilə bağlamaqdan boyun qaçırırlar:  “Evini kirayə verən şəxs mütləq şəkildə kirayə haqqının müəyyən faizini vergi olaraq ödəməlidir. Bu gün isə daşınmaz əmlakı olanlar bu vergidən yayınmaq üçün həmin rəsmi müqaviləni imzalamırlar. Evin kirayə verildiyi rəsmiləşdirilmədiyi zaman vergidən yayınmanı sübut etmək bir az çətin olur. Sabah ev sahibi çıxıb deyə bilər ki, mən evimi əvəzsiz vermişəm və heç bir pul almamışam. Bu səbəbdən adətən kirayəşinlə ev sahibi arasında sözlü razılaşma olur.  Burada bir məsələ də var. Ev sahibi rəsmi müqaviləyə görə, kirayəşini qeydiyyata salmalıdır. Ev sahibləri isə bunu istəmir. Qeydiyyat müvəqqəti olsa da, ev sahibləri düşünür ki, sonradan bu problem yarada bilər”. 

Bakıda sexdə partlayışda ölənlərin adları - Siyahı

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda ölənlərin adları açıqlanıb. Sozcu.az xəbər verir ki, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına əsasən, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib: Həmin şəxslər aşağıdakılardır: 1. Solmaz Paşabəy qızı Abbasova (1983) 2. Aydın Mirzəmahmud oğlu Atakişiyev (1964) 3. Zaur Qulu oğlu Cəfərov (1980) 4. Ülviyyə Hümbət qızı Dadaşova (1969) 5. Elvin Qəfər oğlu Məmmədov (1993) 6. İlqar Habil oğlu Məmmədov (1964) 7. Fərid Hüseyn oğlu Qubadov (1983) 8. Əsmayə Cümşüd qızı Quliyeva (1977) 9. Saraj Oruc oğlu Yusubov (1985, Gürcüstan Respublikası vətəndaşı) Birgə məlumata əsasən, partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb. Məlumata görə, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb. "Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - birgə məlumatda bildirilib.

Partlayış baş verən mebel sexi kimlərə məxsusdur?

Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sözügedən mebel sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur. Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yeləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da dünyasını dəyişib. Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.

Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı – FOTO

Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mebel sexində baş vermiş hadisə nəticəsində Cəfərov Zaur Qulu oğlu dünyasını dəyişib. Bundan başqa, onun qardaşı Cəfərov Şahin və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb. Mərhum sabah Binə qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, mebel sexində baş vermiş partlayış nəticəsində ümumilikdə 9 nəfər həlak olub.

Jurnalist Şahin Rzayev azadlığa buraxılıb - FOTO

Dünən saxlanılan jurnalist Şahin Rzayev azadlığa buraxılıb. Bu barədə Şahin Rzayev özü sosial şəbəkədə məlumat yayıb. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb. Qeyd edək ki, Şahin Rzayev dünən məhkəmənin qərarı ilə 15 gün inzibati qaydada həbs edilib. Bakı Apellyasiya Məhkəməsi qərardan verilən şikayətə baxıb, həbs qərarı cərimə ilə əvəzlənib.