Təqaüd verməmək üçün əlaçıları imtahandan kəsirlər - Açıqlama

"Əlaçı təqaüdü alan tələbələrin qiymətini kəsərək onları əlaçılıqdan salmaq universitetlərə sərf edir. Bu zaman onlar büdcəyə qənaət etmiş olurlar". Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bəzi ali təhsil müəssisələrində semestr imtahanları zamanı əlaçı təqaüdü alan tələbələrin qiymətlərinin kəsildiyi haqda xəbərləri şərh edərkən bildirib. O qeyd edib ki, universitet tələbələrə əlaçı təqaüdü verməyəndə həmin vəsait büdcədə qalır: "Təbii ki, bu,universitetə sərf edir”. Ekspert hesab edir ki, universitetlərdə təhsil alan tələbələrin müəyyən hissəsi öz hüquq və haqlarını tələb etməkdən çəkinirlər: “Əgər doğurdan da imtahan sessiyası zamanı tələbənin biliyi düzgün qiymətləndirilməyibsə, müəllim haqsızlıq edib onun qiymətini kəsibsə, o, buna öz etirazını bildirməlidir. İlk olaraq məsələ ilə bağlı təhsil aldığı universitetin rektoruna müraciət etməlidir. Rektor tərəfindən tələbənin müraciətinə baxılmasa, birbaşa Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə üz tutulmalıdır. Agentlikdən də bir cavab çıxmasa, tələbə daha yuxarı qurumlara üz tutub sona kimi öz haqqını tələb etməli, məsələ ilə bağlı ədalətli qərarın verilməsinə nail olmalıdır. Tələbələr heç kimdəm, heç nədən çəkinməməlidir. Əgər tələbə gecə-gündüz əziyyət çəkib imtahanlara hazırlaşıb və imtahanda yüksək nəticə göstərdiyi halda ona aşağı qiymət yazılıbsa, o, mütləq bu ədalətsizliyə öz etirazını bildirməlidir. Heç bir müəllimin bilikli, savadlı, imtahanlarda yüksək nəticə göstərən tələbəyə məqsədli şəkildə aşağı qiymət yazmağa haqqı yoxdur”.

BDU-nun 4-cü kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev vəfat edib. Bu barədə Bakupost.az -a universitetdən məlumat verilib. Qeyd olunub ki, 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricilərinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Azərbaycanda sürət qatarları niyə sürünür?

Azərbaycanda son günlər sürət qatarlarının hərəkət sürəti tənqid hədəfinə çevirilib. Bu günlərdə tanınmış vəkil Elçin Sadıqov Bakı-Gəncə qatarının videosunu paylaşaraq “Bakı-Gəncə sürət qatarı çox yüksək sürətlə hərəkət edir” – deyə sarkazmla qeyd əlavə edib. Bundan əvvəl də bir neçə oxşar videolar yayılmışdı. Bütün dünyada sürət qatarları yüksək sürətlə hərəkət etdiyi halda, bu ad Azərbaycanda özünü niyə doğrultmur? Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, ölkəmizdə dəmiryolu relsləri müasir infrastruktura cavab vermir: “Sürət qatarlarının ölkəmizdə tətbiqi prinsip etibarı ilə yaxşıdır. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində bu nəqliyyat növündən istifadə olunur.  Amma digər tərəfdən bizdə sürət qatarlarının lazımi yol infrastruktur sistemi demək olar ki, yoxdur. Sürət qatarlarının istifadəyə verilməsindən öncə tələb olunan infrastruktur hazırlanmalı idi. Xüsusən, dəmiryolu relsləri Avropa ölkələrinin texnologiyasına əsaslanmalıydı.  Eyni zamanda tələb olunan sürəti yığa biləcək müasir qatarlar təəssüf ki, bizdə yoxdur. Dünyada artıq tam elektronlaşmış sürət qatarları var ki, onlar saatda 500-600 kilometr sürət həddinə qədər qalxa bilir.  Bu məsələlər bizdə təəssüflər olsun ki, nəzərə alınmayıb. Dəmiryolu xətləri, relslər hamısı demək olar ki, sovet dövründən qalmadır, çox köhnədir. Bu mövzuda çatışmazlıqlar olduqca çoxdur”. Ekspert bu məsələdə dünya təcrübəsindən istifadə olunmalı olduğunu qeyd edib. “Hazırda sürət qatarlarının digər nəqliyyat vasitələrindən fərqli tək üstünlüyü təhlükəsiz olmasıdır. Bu nəqliyyat növündə qəza riski çox aşağı olur.  Amma əgər hansısa bir avtobus, taksi sürət qatarından daha tez lazımi ünvana çatırsa, sərnişinlər vaxt amilinə görə bunlara üz tutur. Yaxın gələcəkdə sürət qatarları üçün lazımi infrastrukturun yaradılması üçün çalışmaq lazımdır.  İstər Bakı-Gəncə, istərsə də Bakı-Qax-Zaqatala istiqamətində tətbiq olunan sürət qatarları yaxşı təşəbbüsdür. Amma hər şeydən öncə biz bu infrastrukturu müasirləşdirməliyik. Çində, Yaponiyada elə sürət qatarları var ki, hətta binaların içərisindən hərəkət edir. Gəlin unutmayaq ki, dəmiryolu nəqliyyatı ən ucuz nəqliyyat növüdür”.

Fevralın havası: Bakıda 4 dərəcə şaxta olacaq

Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm). Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, dağlarda 6-11 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 8ğ mm).

Bakıda sənədsiz evlərə çıxarış veriləcək - Bu ərazilər istisna olmaqla...

İllərdir həllini tapmayan sənədsiz ev problemi yenidən gündəmdədir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev açıqlama verib. O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir. Mətin Eynullayev bu məsələ ilə bağlı qanun layihəsinin hazırlandığını bildirib.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, tikinti qadağası olan xüsusi ərazilərdə tikilənlər istisna olmaqla, digər sənədsiz evlərə mərhələli formada çıxarış veriləcək: “Bu prosesə 2019-cu ildən başlanılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidməti hələ o vaxt komissiya yaratmışdı və həmin komissiya öz profilinə uyğun olaraq hər bir rayonun ərazisində olan sənədsiz-qeydiyyatsız evlərin qeydiyyat uçotunu aparmağa başlamışdı. Lakin 2020-ci ildə pandemiya başlandığı üçün bu proses yarımçıq qaldı. Təcrübə göstərdi ki, bu qeydiyyataalma prosesi icra hakimiyyətləri tərəfindən özünəməxsus formada aparılıb. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, təyin olunmuş xüsusi zonalar istisna olmaqla, digər yaşayış evlərinə çıxarışların verilməsinə mərhələli formada amnistiya veriləcək”.  Ekspert amnisitiyaya düşməyəcək əraziləri də qeyd edib. “Xüsusi zonalar dedikdə, elektrik xətlərin keçdiyi, neft əraziləri və kənd təsərrüfatı təyinatlı torpaqlar nəzərdə tutulur ki, bunların sənədləşdirilməsi qanunvericiliyə ziddir. Sənədləşdirmə ilə bağlı müvafiq dövlət qurumlarının rəyi hazırlanır. Bu proses mərhələli formada həyata keçiriləcək. Çünki hazırda sənədsiz evlərin sayı olduqca çoxdur və bunlar müxtəlif təyinatlı torpaqlarda tikilib”. 

Sənədsiz evlərdə yaşayanlara MÜHÜM XƏBƏR - VİDEO

İllərdir həllini tapmayan sənədsiz evlər məsələsi yenidən gündəmdədir. Sozcu.az Xəzər TV-yə istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bu barədə açıqlama verib. O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, "sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil". Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir. Dövlət Xidmətinin rəisi Mətin Eynullayev həmçinin fevral ayı ərzində Xankəndidə 40-a yaxın ictimai obyektin açılacağını bildirdi. Qeyd edək ki, Qarabağda ümumilikdə torpaq sahəsinin ayrılması ilə bağlı 11 min hektar yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib.

Avtomobillərin utilizasiya haqqının məbləği barədə qərar veriləcək

Avtomobillərin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcminin müəyyənləşdirilməsi ilə bağlı əsas prosedurlar başa çatıb, proses son mərhələdədir. Sozcu.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. İbrahim Məmmədov qeyd edib ki. yaxın günlərdə Nazirlər Kabinetinin bununla bağlı qərarı olacaq. Qeyd edək ki, fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək. nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi də tələb ediləcək. Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 1 fevraldan qüvvəyə minən sərəncamda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqının ödənilməsi qeyd edilib. Həmçinin qeyd edilib ki, avtomobil istismara yararsız vəziyyətə çatdıqda, o utilizasiyaya veriləcək və buna görə avtomobil sahibinə birdəfəlik ödəniş veriləcək və yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər avtomobil sahibi yerli avtomobil almağı nəzərdə tutmursa, o müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq.(Trend.az)

Əlillik təyinatı bu formada aparılacaq

Əlilliklə bağlı müraciətlərin 43 faizi doğru çıxır, öz təsdiqini tapır. Sozcu.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib. “Əlillik üçün saxta rəylər hələ də mövcuddur. Bu kimi halların qarşısının alınması üçün əlillik təyinatı videomüşahidə ilə aparılacaq”, - sədr bildirib.

Sentyabrda yaralanan hərbçimiz şəhid oldu

Sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Hacıəli Tahir oğlu Qasımov dünən şəhid olub. Sozcu.az Unikal.az-a istinadla xəbər verir ki, bu barədə Tovuz rayonu İcra Hakimiyyətinin Qaraxanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib. 2002 ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu Tovuz rayon Qaraxanlı kəndində anadan oldub. O, bu gün kənd qəbristanlığında dəfn olunacağı nəzərdə tutulub. Allah rəhmət eləsin.

Qar yağacaq - Xəbərdarlıq

Yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. ETSN-dən Sozcu.az-a verilən xəbərə görə, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Bu ərazidə qəbirlər və ziyarətgah köçürüldü

Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra köçürülmələr olub. Sozcu.az xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib. Qeyd olunub ki, yolun layihələndirilməsi zamanı bir neçə məzarlıq tikintinin altına düşüb. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparılıb, 61 məzar, XVII əsrə aid olan Yaxşının qəbri və Seyid Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb.

Məktəbdəki kütləvi dava ilə bağlı AÇIQLAMA

Bakı şəhəri 188 saylı məktəbin şagirdləri arasında baş vermiş kütləvi davaya aydınlıq gətirilib. 188 nömrəli tam orta məktəbdən APA-nın soruğuna cavab olaraq bildirilib ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub. Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.