Avtomobil almaq istəyənlərə mühüm xəbər: “1 ay, ay yarım gözləsinlər çünki...”

“Azərbaycana gələn avtomobillərin qiymətinin artırılması əvvəlcədən proqnozlaşdırılırdı. Çünki hər il bununla bağlı sərtləşmə gedir, 10 ildən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsinə müəyyən qadağalar qoyuldu. Eləcə də 5 ildən yuxarı Asiya istehsalı olan avtomobillərin ölkəyə gətirilməsi qadağan edildi”. Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, Qırmızı dəniz vasitəsilə daşınılan avtomobillərin sayının azalmasından sonra ölkədəki avtomobil bazarında qeydə alınan qiymət artımından söz açıb. Xatırladaq ki, qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub. N. Cəfərlinin sözlərinə görə, onsuz da son vaxtlar işlənmiş avtomobillərin qiymətlərinin artımı müşahidə olunurdu: “İndi isə dünyada konteynerlər və yükdaşımalarla bağlı problemlər yarandığına görə ölkədə avtomobillərin qiymətində artım hiss olunur. Lakin bu, müvəqqəti xarakter daşıyır və qalıcı olmayacaq. Qiymətlərin artmasına səbəb isə bu idi ki, konteynerlərin icarə qiymətində artım müşahidə olunub. Əvvəllər bir konteyner 3.400 dollar idisə, hazırda qiymətlər 7 min dollar civarındadır”. Mütəxəssis əlavə edib ki, bunun müvəqqəti olaraq təsirləri olacaq, amma bu, o demək deyildi ki, konteyner qiymətləri artan kimi ölkənin maşın bazarında kəskin şəkildə qiymət artımı olmalı idi: “Əgər söhbət yeni avtomobillərdən gedirsə, avtodilerlərin çoxu ölkəyə gətirilən avtomobil sayını öncədən müəyyənləşdirir ki, hansı markadan nə qədər avtomobil Azərbaycana gətiriləcək. Ona görə də qiymət artımı növbəti partiya gətiriləcək avtomobillərə şamil oluna bilərdi. Çünki yeni konteyner qiymətləri ölkəyə yenicə gələn avtomobillərin üzərinə gəlməyib. Sadəcə olaraq, bu, fürsətdən istifadə etməkdir. Yəni “dünyada belə qiymət dəyişikliyi varsa, bizdə niyə olmasın” düşüncəsi ilə qiymətlər artırılıb”. Müsahibimiz aydınlaşdıırb ki, Azərbaycanın avtomobil bazarında olan maşınlar 2/3-dən çoxu Gürcüstandan gətirilən avtomobillərdir: “Gürcüstan gətirilən avtomobillər isə daha çox ikinci əl kimi Avropadan Gürcüstana idxal olunur. Burada isə avtomobillərin Qırmızı dənizlə konteyner vasitəsilə gətirilməsi məsələsi, ümumiyyətlə, yoxdur. Çünki həmin avtomobillər Qara dəniz vasitəsilə idxal olunur və onlar Bolqarıstanla Rumıniyadakı portlara daxil olur. Oradan isə Gürcüstan və Azərbaycana gətirilir”. İqtisadçının fikrincə, konteyner qiymətlərinin artırılması məsələsinin birbaşa Azərbaycandakı avtomobil bazarına təsiri olmamalı idi: “Amma bazarın özünün qaydaları var və avtomobil qiymətlərini daim artırmaq mümkün deyil. Çünki insanların alıcılıq qabiliyyəti məsələsi burada özünü büruzə verir. Əgər insanların alıcılıq qabiliyyəti ilə bazar arasında uyğunsuzluq yaransa, qiymətlər bir müddətdən sonra azalmağa doğru gedəcək. Ona görə ki, gətirdiyi avtomobili sata bilməyən iş adamı pul qazana da bilməyəcək. Məncə, hazırkı təlatümlü dövrdə avtomobil almaq istəyənlər 1 ay, ay yarım gözləsinlər ki, bazarda tənzimləmə işə düşsün”.

Bəzi rayonlara qar yağdı – Faktiki hava

Yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, bəzi yerlərdə arabir 31 m/s, Daşkəsəndə 23 m/s, Altıağac, Göyçayda 21 m/s, Göygöldə 20 m/s, Goranboyda 19 m/s, Şəmkir, Şamaxı, Yevlax, Şabran, Naftalan, Tərtər, Mingəçevir, Ağdamda 18 m/s, Lerikdə 17 m/s, Yardımlı, Bərdədə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb. Qar örtüyünün hündürlüyü Lerikdə 7 sm, Ordubadda 4 sm, Sarıbaş (Qax), Şahdağda 2 sm, Əlibəydə (Zaqatala) 1 sm olub. Düşən yağıntının miqdarı Ordubadda 17 mm, Lerikdə 15 mm, Naxçıvanda 12 mm, Biləsuvar, Culfada 10 mm, Şahbuzda 8 mm, Yardımlı, Sarıbaş(Qax), Şərur, Balakən, Astara, Şəki, Zaqatala, Gədəbəy, Lənkəran, Sədərək, Şahdağ, Tovuz, Ceyrançöl, Gəncə, Oğuzda 6 mm-dək olub. Qəbələ, Qrız, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Sumqayıtda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 1-5 dərəcə isti, dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta, aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək. 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Dövlət Turizm Agentliyi 150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş verir - Adama 20 litr düşür - ŞOK

Dövlət Turizm Agentliyi "Qərbi Azərbaycan Mətbəxinin təqdimi" adlı tədbir keçirmək niyyətindədir. Açıq tenderin məlumatlarına əsasən təxmin edə bilərik ki, tədbir üç gün davam edəcək, amma əsas tədbir 12 saatlıq banket olacaq. Banketdə 150 nəfər qonağın iştirakı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Vəliyev məlumat yayıb. "Bununla belə, Agentlik 150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş vermək niyyətindədir", - o qeyd edib. Beləliklə, hər adama 20 litr araq düşür. 

Kəlbəcərdə şaxta nəfəsi kəsir: Şəlalələr dondu - Fotolar

Qış fəsli ölkəmizdə sərt üzünü göstərməyə başlayıb. Təbiətin soyuq nəfəsini ən çox hiss edən bölgə isə Kəlbəcər rayonudur.  Sozcu.az xəbər verir ki, son günlər Kəlbəcərdə havanın temperaturu kəskin enib, qar yağıb, şaxta güclənib. Soyuq hava şəraiti ilə əlaqədar olaraq çaylar donub, şəlalələr buz bağlayıb.  Kəlbəcərdən çəkilən şəkillər sosial şəbəkələrdə maraqla qarşılanıb.  Kəlbəcərin soyuq qışının nişanəsi olan həmin fotoları təqdim edirik: 

“O yıxılan uşaq Azərbaycan xalqıdır, gəlməyən təcili yardım isə Azərbaycan səhiyyəsidir”

Xəbər verdiyimiz kimi, Masazır qəsəbəsində 15 yaşlı yeniyetmə 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Sosial şəbəkələrdə yeniyetmə üçün çağırılan təcili tibbi yardımın gəlməməsi geniş müzakirə olunur. Hadisə ilə bağlı tanınmış həkim-radioloq Aydın Əliyev də yazıb. Sozcu.az xəbər verir ki, A.Əliyev sosial şəbəkə hesabında ölkə səhiyyəsini tənqid edib: “Abşeron rayonu Masazır qəsəbəsində 15 yaşlı uşaq 2-ci mərtəbədən yıxılaraq yerə düşüb, ağır dərəcəli bədən xəsarəti alıb, çoxsaylı sınıqları, travmaları olub. Hadisə yerinə çağırılan təcili tibbi yardım heyəti 1,5 saat ərzində xəsarət alana çatmayıb, valideynləri məcbur qalaraq özləri uşağı xəstəxanaya aparıblar, uşaq çox miqdarda qan itirib, hal-hazırda vəziyyəti ağırdır. O yıxılan uşaq Azərbaycan xalqıdır, gəlməyən təcili tibbi yardım isə azərbaycan səhiyyəsidir. Biz dəfələrlə ölkədəki tibbi xidmətin düzgün təşkil edilmədiyini işıqlandıranda bəziləri bizi qınayır. İndi baxın və qiymət verin, o yıxılan uşaq hər birimizin övladı ola bilər. Həkimlərin, tibb işçilərinin fəaliyyətinə düzgün qiymət verilmədikcə belə halların sayı artacaq. Əhalinin sağlamlığına cavabdeh olan tibb məmurları tibb işçilərinə dəyər vermədikcə tibbi böhran dərinləşəcək. Yalandan bir neçə örnək klinika və örnək həkim göstərməklə bu problem həll olmayacaq. Ölkədə açıq-aşkar getdikcə dərinləşən tibbi böhran var, gənc həkimlərin xarici ölkələrə beyin axını sürətlənir, yuxarı ranq tibb məmurları isə komfort həyat sürür. Biz deyirik, ancaq gözardı edilir, bunun sonu yaxşı olmayacaq!”

Laçında həlak olan hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub. Sozcu.az-ın məlumatına görə, onlardan biri Axundov Səxavət Fərasət oğludur. Qeyd edək ki, həlak olan hərbçilərə şəhid statusu veriləcək.

Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti qalxıb. “Yeni Sabah” paytaxtdakı satış mərkəzlərindən siqaretlərin yeni qiymət siyahısını əldə edib. Bütün növ siqaretlərin qiymətində 0.20-0.50 qəpik bahalaşma qeydə alınıb.  Qiymət artımı, əsasən, aşağıdakı markalarda baş verib. Həmin markaların həm əvvəlki, həm də yeni qiymətlərini təqdim edirik: “Winston” – 3.80/4; “Winchester” – 2.90/3.10; “LD” – 3.20/3.40; “Pall Mall” – 2.90/3.10; “Kent” – 4/4.20; “Rothmans” – 2.90/3.10; “Sobranie” – 4.30/4.50; “Keno” – 2.40/2.60; “Argo” – 2.20/2.40; “West” – 2.70/2.90; “Prima” – 2.40/2.60; “Bakı” – 2.20/2.40; “Kingston” – 2.30/2.50;

Adı şagirdlərin zəhərlənməsində keçən şirkət nazirliyə 14 milyonluq ərzaq satacaq

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub. Sozcu.az xəbər verir ki, “TAİS-İKF” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək. Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 14 milyon 311 min 289 manat 65 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC - 30.06.1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur. Məlumat üçün bildirək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir-sıra qalmaqallarda hallanıb. Ötən ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub. “TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət yayaraq bildirib ki, o “Bakı Metropoliten” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin  təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub.(yeniavaz.com)

Bu xəstəxanada rentgen fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən Sozcu.az-a verilən məlumata görə, bu çərçivədə, agentlik tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 2 saylı Klinik Psixiatriya Xəstəxanasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlanması TƏSDİQLƏNDİ – RƏSMİ

Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması günlərdir ki, ictimaiyyətdə ciddi rezonans doğurub. Bununla bağlı ötən gün “Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Belə ki, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişinin nişanlanması öz təsdiqini tapıb. Cütlük arasında 20 yaş fərqinin olması, eləcə də azyaşlının hələ yeniyetmə çağına yeni daxil olması müzakirələrə səbəb olub.  Məsələ ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçib və azyaşlının özündən 20 yaş böyük kişi ilə izdivacı ərtələnib.  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun rəsmisi Nizam Həmidov Bizim.Media-ya açıqlamasında bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub: “Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

Sumqayıtda 4 aylıq körpə “şurup”u necə UDUB? – ÖZƏL TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Sumqayıtda 4 aylıq körpənin mədəsində yad cisim tapılıb.  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında əməliyyat olunan körpənin həyatı xilas olunub.  4 aylıq uşağın, əsasən, mebellərin düzəldilməsində istifadə olunan “şurup”u necə udması hamını təəccübləndirib.  Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Kəmalə Hüseynova hadisənin təfərrüatları barədə Bizim.Media-ya danışıb. O, körpəyə yad cismin evdəki digər uşağın verdiyini deyib: “Ailədə iki uşaqdılar, biri 4 aylıq, digəri isə 1 yaş 3 aylıqdır. Kiçik qardaşı ağlayanda digər uşaq şrupu ağzına qoyub. Valideynin heç bir günahı yoxdur, yaş yarımlıq uşağı da günahlandıra bilmərik. Valideyn də həmin an, görən kimi uşağı öz avtomobili ilə bizim təcili yardım şöbəsinə gətirib. Bir saat ərzində körpə əməliyyat olunaraq yad cisim götürülüb. Əgər bir saat gecikmə olsaydı, daxili qanaxma ilə ölüm halı ola bilərdi. Əməliyyat bütün hüquqi və tibbi qaydalara uyğun həyata keçirilib”.

Talassemiyalı xəstələrin valideynlərinə 900 min manatlıq DƏLƏDUZLUQ

Talassemiyalı xəstələrin valideynlərinə 900 min manatdan çox dələduzluq edən qadın həbs edilib. Sozcu.az xəbər verir ki, bunu Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki canlı yayımda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib. O bildirib ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı bu ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub: “Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talasimiya xəstəsəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manat dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir”.