Vəd edilən sosial yardımlar gecikdi - Nazirlik susur

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı. Sozcu.az xəbər verir ki, məlumatda ünvanlı sosial yardımların 22 dekabra kimi ödəniləcəyi deyilsə də, ödənişlər hələ də yekunlaşmayıb. Dövlət Sosial Müdafiə Fondundan saytımıza bildirilib ki, əlavə məlumat veriləcək. Qeyd edək ki, ünvanlı sosial yardımın ödənilməsi adətən hər ayın 25 və 26-da tamamlanırdı. Belə çıxır ki, vəd edilən “tez ödənilmə” baş tutmadı.axar)

Yağış, güclü külək, qar - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-ü saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Qərb küləyi bəzi yerlərdə arabir güclü olub. Xidmətdən Sozcu.az-a bildirilib ki, qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 12 sm, Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm, Kişçayda (Şəki) 1 sm olub. Düşən yağıntının miqdarı: Ordubadda 12 mm, Daşkəsən, Şəkidə 7 mm, Gədəbəydə 6 mm, Gəncə, Şəmkir, Göygöl, Balakən, Tovuz, Qax, Ordubad, Şahbuz, Mingəçevir, Yevlax, Naftalan, Ceyrançöl, Ağstafa, Zaqatala, Culfa, Sədərək, Naxçıvan, Şərurda 5 mm-dək olub. Külək: Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, Ağstafa, Kəlvəzdə 25 m/s, Göyçay, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Zərdabda 22 m/s, Cəfərxan, Neftçala, Şahdağ, Şəki, Culfada 20 m/s, Şəmkir, Göytəpə, Lənkəran, Beyləqan, Cocuqmərcanlı, Naxçıvanda 18 m/s, Sabirabad, Altıağac, Ceyrançöldə 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Kürdəmirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 1-6 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.

Bu şəxslər müəllim ola bilməyəcək

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Sürücülərin NƏZƏRİNƏ: Buna görə də pul ödəyəcəksiniz

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib. Sozcu.az-ın məlumatına görə, bunun bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb. Qərara əsasən, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qeyd edək ki, qərar gələn ilin fevralın 1-dən qüvvəyə minəcək.

Müğənnilərə ev bağışlayanlar niyə şəhid ailələrinə bu xeyirxahlığı göstərmir?

“Mən ev və maşınların telekanallarda kimlərə hədiyyə olunduğunu bilmirəm, amma, qoy, olunsun. Çünki elə sənətkarlarımız var ki, onlar sözün əsl mənasında, sənətkardır. Ehtiyacı olanlar ev də vermək olar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib. O, şou-biznes nümayəndələrinin bəzilərinə canlı efir zamanı maşın və mənzil hədiyyə edilməsinə münasibət bildirib. Sosial şəbəkələrdə istifadəçiləri bu kampaniyanın ehtiyacı olan insanlar, daha dəqiq desək, şəhid və qazi ailələri üçün tətbiq edilməli olduğunu bildirirlər. R. Kərimoğlu da eyni fikri bölüşüb: “Əslində, bunlar insanların səviyyə və əxlaq məsələsi ilə bağlıdır. Bəlkə də elə bir şey yoxdur və sadəcə müğənnilər şou yaradırlar. Lakin mən kifayət qədər iş adamı tanıyıram ki, istər birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsinin şəhid və qazi ailələrinə maddi-mənəvi dəstəklərini göstərib. Elə iş adamları var ki, bu qəbildən olan şəxslərə, hətta 10-15 ev də verib”. Onun sözlərinə görə, belə hallar olub, sadəcə olaraq, həmin şəxslər bunu mətbuata təqdim etmək istəməyiblər: “Amma bəzi xəbərlər bu haqda mətbuatda gedib. İndiyə qədər dövlət haradasa 14.500 şəhid ailəsi, müharibə əlili və onlara bərabər tutulan şəxslərə pulsuz ev verib. Lakin onların sayı daha çoxdur, növbədə olanlar var. Eləsi də var ki, hazırda mənzil növbəsinə dura bilmir. Doğrudur, Sosial Müdafiə Nazirliyi ehtiyacı olanlara dəstək olur, amma, məncə, bu, yenə də azdır. Arzu edərdim ki, şou-biznes adamlarına ev verənlər o evlərdən birini də şəhid və qazi ailəsinə versinlər. Nəinki şəhid ailəsi, Qarabağ əlili və qazilər, elə vətəndaşlarımız da var ki, onlar bir tikə çörəyə möhtacdır, evi yoxdur, amma onlara verilmir deyə, ala bilmirlər. Fəxrlə danışdığımız Qarabağ müharibəsinin qəhrəman oğlanlarıdır onlar. Onların dəstəyə ciddi ehtiyacı var. Tövsiyə edərdik ki, bu tədbirləri şou-biznes əhlindən çox şəhid ailələrə, qazilərə və veteranlara yönəltsinlər. O cümlədən də sənətdə tər-tökmüş, əziyyət çəkmiş və can qoymuş sənətçilərimizə də dəstək olsunlar”.

Əsirlikdən azad olunmuş əsgərlərin problemləri var: “Harasına əl vurursa, ağrıyır”

Dekabrın 7-də Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad tədbiri kimi saxlanılan hərbçilərin azad edilməsi barədə razılıq əldə olundu. Dekabrın 13-də isə Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində hərbi qulluqçuların qarşılıqlı şəkildə dəyişdirilməsi prosesi həyata keçirildi. Nəticədə Azərbaycan Ordusunun Ermənistanda saxlanılan hərbi qulluqçuları - Hüseyn Axundov və Aqşin Bəbirov ölkəmizə təhvil veridli. Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü. Məlum məsələdir ki, hərbçilərimiz əsirlikdə olanda müxtəlif işgəncələr görüb. Bəs indi onların sağlıq durumu necədir? Modern.az saytı bununla əlaqədar hərbçilərimizin valideynləri ilə əlaqə saxlayıb. Hüseyn Axundovun anası Şəlalə Axundova oğlunun sağlıq durumunun yaxşı olduğunu bildirib: "Maşallah hələ ki Hüseynin sağlamlıq vəziyyəti normaldır. Hökumət özü onun müayinə və müalicəsilə maraqlanır. Müayinələr davam edir. Proses tam yekunlaşdıqdan sonra dəqiq nəsə demək mümükün olacaq".  Aqşin Bəbirovun anası Dürdanə Bəbirova isə oğlunun psixoloji durumunun normal olmadığını söyləyib: "Oğlumu dövlət qurumları müalicə edəcək. Göndəriblər ki, get, kompüter tomoqrafiyası çəkdir, sənədini gətir. Aqşinin qabırğaları, ayaqları ağrıyır. Ümumiyyətlə, harasına əl vurursa, ağrıyır. KT-dən sonra dəqiq durumunun nə olduğu bilinəcək. Amma halı normal deyil. Sağlamlığı sıfırdır".

Əhaliyə üzücü xəbər - Bu evlərə çıxarış VERİLMƏYƏCƏK

Sosial şəbəkələrdə Bakıda daşınmaz əmlak ticarəti ilə məşğul olanların reklam etdikləri fərdi yaşayış evlərinin çoxunu məhz belə adlandırmaq olar. Ekspertlər deyirlər ki, daha çox makler evləri kimi tanınan bu evlərin sənədləşdirilməsi mümkün olmayacaq, çünki belə evlər ərazinin tikinti sıxlığı əmsalı qaydalarına zidd inşa edilir. Bir çox hallarda vətəndaşlar da çox kiçik sahədə evləri inşa edirlər. Sozcu.az xəbər verir ki, bu barədə ATV-yə danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşlar kiçik torpaq sahəsi alıb, onun üzərində fərdi yaşayış evləri inşa edirlər və sonra onun sənədləşmə prosesində problem yaşanır. O problemlər onunla bağlı olur ki, qonşu evlərlə məsafə saxlanılmır və həyətyanı sahəsi olmur. Ekspert deyir ki, tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları Nazirlər Kabinetinin qərarına əsasən təsdiqlənib. Qaydalara görə, tikintinin həcmi və ölçülərinə müəyyən məhdudiyyət qoyulur. Qaydalara əməl etməyən şəxslər sənədləşmədə də çətinlik çəkəcəklər: torpaq sahəsini alsalar da, çıxarış əldə edə bilməyəcəklər. Qaydalara görə, torpaq sahəsinin 40 faizi qədər tikinti altı sahəyə icazə verilir. Tikintinin ümumi sahəsi isə torpağın 60 faizindən çox ola bilməz. Məsələn 2 sot, və ya 200 kv.m torpaqda neçə kv.m ev tikmək olar? “200 kv.m torpaq sahəsində 80 kvadratdan artıq tikinti altı sahə götürə bilmərik. Ümümi sahəsi isə, 200 kv.m torpaq sahəsinin 60 faizi 120 kv.m edir. 2 mərtəbə tikə bilərik və onun mərtəbələrinin də ümumi sahəsi 60 kvadratdan artıq olmamalıdır”, – deyə Nüsrət İbrahimov qaydaları izah edib. Ekspert onu da qeyd edir ki, kiçik torpaqda tikilən həyət evlərini sığortalamaq da imkansızdır, çünki sığorta şirkətləri tikinti normalarına cavab verməyən evləri sığortalamır. Buna səbəb isə tikinti zamanı qonşu evlərlə ara məsafəsinin saxlanılmamasıdır. Onun sözlərinə görə, əgər bir evdə yanğın baş verərsə, digər evlərə də keçə bilər. Bu baxımdan belə evləri sığortalamaq şirkətlər sərfəli deyil.

Cəlilabadda məktəbdə qanunsuzluq: cinayət işi açıldı

Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Cəlilabad rayon prokurorluğundan Sozcu.az-a bildirilib ki, araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və ya israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cəlilabad rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu məktəblər LƏĞV EDİLƏCƏK

"2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub". Bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib. O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".

Paytaxtın kanalizasiya dərdi: Bakı niyə yağışa məğlub olur?

Paytaxtın illərdir bitməyən “xəstəliyi” var. Söhbət Bakının kanalizasiya problemindən gedir.  Məhəmməd peyğəmbərin bu mövzuda dillər əzbəri olan bir hədisi var: “Təmizlik imandan gəlir...” Belə çıxır ki, biz dildə imanlıyıq, əməldə yox?  İllərdir ki, Bakıya üç-beş damcı yağış düşən kimi şəhər Venesiyanı xatırladır. Əksər qəsəbələrdə və Bakıətrafı ərazilərdə yağışlı havalarda hərəkət çətinləşir, gölməçələrin sayı artır.  Bəs problemin əsl səbəbi nədir? Bizim.media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikrincə, Bakının kanalizasiya ilə bağlı problemi SSRİ dövründən bizə miras qalıb: “SSRİ-yə daxil olan digər böyük paytaxt şəhərlərinə baxsaq, görərik ki, ənənəvi problem hər bir ərazidə var. Bakı şəhərinin kanalizasiya problemi XIX-cu əsrin əvvəllərində yaradılmış sistemə əsaslanır. Bütün qoşulmalar bu sistem üzərindən aparılır.  İkinci Dünya müharibəsinin əvvəlində genişləndirilmiş sistem qurmaq ideyası var idi. Müharibə başladıqdan sonra bu ideya arxa plana keçdi. Daha sonra Bakı şəhərində metro çəkilişi, yeni xətlərin açılması ön plana keçdi, artıq sözügedən məsələ unuduldu”.  Ekspertin sözlərinə görə, böyük vəsaiti yağış sularının axıdılmasına yönəltmək iqtisadi cəhətdən səmərəli deyil: “İllər ərzində bu problem Bakıətrafı qəsəbələri əhatə etsə də, şəhərin mərkəzə yaxın ərazilərində və 1960-1970-ci illərdə salınmış küçə və prospektlərdə özünü qabarıq göstərir. Kanalizasiya sistemi olan ərazilər də yükü götürə bilmir. Çünki zəruri yük limiti var”.  Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev isə əks fikirdədir:  “Bakının məişət kanalizasiyası sistemi tam şəhəri əhatə etmir. Yağış sularını idarəetmə sistemi isə 17-22 faiz şəhər ərazisini əhatə edir. Bütün küçə və prospektlərdə bu sistem yoxdur, ancaq olmalıdır. Yağış sularını idarəetmə sistemini əhatə edən küçə və prospektlər də məişət kanalizasiyasını təmin edir, yağış sularını yox...  Hər bir yolun hərəkət hissəsinə sahəsinə əsasən, orada yığılacaq suyun miqdarına uyğun bu sistem hesablanır. Amma bizdə son illərdə yolun hərəkət hissəsi genişləndirildiyi halda altındakı yağış sularını idarəetmə sistemi yenilənməyib və genişlənməyib. Bu da başqa bir fəsaddır.  Bu sistemin qurulması bahalı olsa da, vacibdir. Bunu etmək lazımdır, çünki gələcəkdə başqa bir fəsada yol aça bilər. Düşünürəm ki, investisiya cəlb edib, bu işləri icra etmək lazımdır”.

Ələt-Astara yolunda qəza: ölən var

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, minik avtomobili yük avtomobilinə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Kamil Vəli Nərimanoğlu vəfat etdi

AXCP sədrinin müavini, Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Sozcu.az xəbər verir ki, alim bu gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Allah rəhmət eləsin